Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsili müəssisələrinə ümumtəhsil fənn müəllimlərinin işə qəbulu üzrə müsahibə

Təhsil Nazirliyi sisteminə daxil olan ilk peşə-ixtisas təhsili müəssisələrinə ümumtəhsil fənn müəllimlərinin işə qəbulunun müsahibə mərhələsi üzrə ərizələrin qeydiyyatına başlanılır. İşə qəbul üzrə müsahibədə bu il və ya ötən il test mərhələsindən müvafiq keçid balını toplamış, ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər iştirak edə bilərlər. Qeyd edək ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə ümumtəhsil fənn müəllimlərinin işə qəbulu Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən həyata keçirilir. Namizədlər oktyabr 3-dək ərizəsini və müvafiq sənədləri (müraciət etdiyi rayon (şəhər), test mərhələsində topladığı bal, şəxsiyyət vəsiqəsinin surəti, təhsil sənədinin surəti) Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə və ya  office@vet.edu.gov.az elektron ünvanına təqdim etməlidirlər.   2017-2018-ci tədris ilində respublikanın şəhər və rayonlarında yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrinə ümumtəhsil fənn müəllimlərinin işə qəbulu üzrə vakant yerlər barədə məlumat  

Direktor, direktor müavinləri və müəllimlər üçün təlimlər

Təhsil Nazirliyi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə elan edir. Təlimlər yalnız Təhsil Nazirliyinin birbaşa tabeliyində olan və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyalarının direktorlarını, direktor müavinlərini və müəllimlərini əhatə edəcək. Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ümumi təhsil müəssisəsi direktorlarını təkmilləşdirmək və yetişdirməkdir. Təlim prosesində müdavimlər təhsildə keyfiyyətin idarəedilməsi, təhsili idarəetmənin hüquqi əsasları, təhsildə statistika və təhlil, təhsildə maliyyənin idarəolunması və digər mövzular üzrə bilik və bacarıqlarını artırmaq imkanı əldə edəcəklər. Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə qənaətbəxş nəticə göstərmiş və hazırda direktor vəzifəsində çalışmayan şəxslər bu vəzifə üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.   Təhsil Nazirliyinin birbaşa tabeliyində olan və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elanı

Məktəb idarəetməsi mövzusunda beynəlxalq seminar

Sentyabrın 28-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində “Məktəb idarəetməsi” mövzusunda beynəlxalq seminar işə başlayıb. Seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Rumıniya, Sloveniya, Çexiya Təhsil nazirliklərinin nümayəndələri Serban Losifescu, Barbara Kresal Sternisa, İvo Jupa, İngiltərənin Durham Universitetinin əməkdaşı Mark Frazer, Rumıniyanın Babes Bolyai Universitetinin əməkdaşı Cristina Dobrota, paytaxtın ümumi təhsil müəssisələrinin direktorları və direktor müavinləri iştirak ediblər. İkigünlük seminarın keçirilməsində əsas məqsəd təhsil sahəsində beynəlxalq əlaqələri genişləndirmək və qarşılıqlı əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafını daha da sürətləndirməkdən ibarətdir.  BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva çıxışı zamanı qonaqları salamlayıb, beynəlxalq əməkdaşlıq  çərçivəsində ümumi təhsilin inkişafına dair görüşlərin, seminarların təşkilinin əhəmiyyətindən bəhs edib. M.Vəliyeva təhsilin inkişafı üçün təcrübə mübadiləsinin vacib olduğunu vurğulayıb. İdarə müdiri onu da bildirib ki, səmərəli məktəb idarəetməsi modelinin yaradılması istiqamətində tədrisin keyfiyyətinə təsir edən işlərin həyata keçirilməsi vacib amillərdəndir. Təhsildə yeniliyə, islahatlara geniş yer verildiyini söyləyən BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov İKT-nin təhsildə tətbiqi və istedadlı şagirdlərlə işin təşkili məsələləri barədə fikirlərini bildirib.  Seminar iştirakçıları liderlik, layihələrin təşkili, şagirdlərin idarə olunması, insan resursları, qiymətləndirmə, valideynlərlə işin təşkili, verilənlərin analizi və monitorinqi, effektiv kommunikasiya, media və məktəb, sənədləşdirmə kimi mövzular barədə beynəlxalq təcrübə ilə tanış olmaq imkanı qazanıblar.  Seminar zamanı qonaqlar məktəb idarəetməsinə dair təqdimatla çıxış edib, BŞTİ ilə əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər. Təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığı da qeyd olunub. Seminar sentyabrın 29-da öz işini başa çatdıracaq.  

Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinə yekun vurulub

Sentyabrın 28-də Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin yekunu ilə bağlı brifinq keçirilib. Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev qeyd edib ki, müsabiqə dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilib. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə 76, fərdi kateqoriya üzrə isə 206 layihə təklifi daxil olub. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 38, fərdi kateqoriya üzrə 84 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Barələrində müsbət qərar qəbul olunmuş 122 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Brifinqdə bildirilib ki, müsabiqə üzrə layihə təklifləri avqustun 15-dən sentyabrın 10-dək qəbul edilib. Müsabiqədə layihəsi qalib olmayan müraciətçilər 5 oktyabr saat 18:00-dək apellyasiya müraciəti edə bilərlər. Bunun üçün müraciətçilər grants@edu.gov.az elektron poçt ünvanına layihənin kateroqiyası, adı, layihə rəhbərinin adı və əlaqə nömrələrini göndərməlidir. Apellyasiya müraciətlərinə baxılma tarixi ilə bağlı əlavə məlumat veriləcək. Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. Müsabiqə müasir tələblər baxımından məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləşdirilməsi, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəb-icma (valideyn) münasibətlərinin təşəkkülü və inkişaf etdirilməsi, keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması, istedadlı uşaqlarla işin təşkili və ümumilikdə 10 mövzu üzrə keçirilib. Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.   Hər iki kateqoriya üzrə müsabiqə qaliblərinin siyahısı: Ümumi təhsil müəssisələri kateqoriyası üzrə müsabiqə çərçivəsində qalib gəlmiş layihələr haqqında məlumat Fərdi kateqoriya üzrə müsabiqə çərçivəsində qalib gəlmiş layihələr haqqında məlumat

Uşaq və Gənclərin İntellektual festivalına yekun vurulacaq

“Aİ-Robot” Uşaq və Gənclərin Respublika İntellektual festivalının final mərhələsi keçiriləcək. İlk dəfədir ki, keçirilən festivalın əsas məqsədi məktəblilərin müasir elmi-texniki biliklərinin artırılması və nailiyyətlər barədə məlumatlandırılması, intellektual elmi-texniki yaradıcılığın inkişafı, yüksək texnologiyalar sahəsinə marağın artırılması və təşəbbüskarlığın inkişaf etdirilməsidir. Festivalda informatika, proqramlaşdırma və robot texnikası, fizika, astronomiya, riyaziyyat, biologiya, kimya, ekologiya elmləri strateji istiqamətlər olaraq müəyyən edilib. Proqram çərçivəsində ümumi və məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri  komanda şəklində  I-IV, V-VII və VIII-X sinif şagirdləri üzrə bölünüb. İştirakçılara müasir elm sahələri üzrə “Nə? Harada? Nə Zaman?” formatında intellektual oyun,  robot texnikası və proqramlaşdırma üzrə yarışlar, elmi-kütləvi yaradıcılıq və kreativlik üzrə müsabiqələr olmaqla 3 nominasiya təklif olunur. Cari ilin aprel ayından etibarən festivalda ümumilikdə 1736 iştirakçı olmaqla 217 komanda qeydiyyatdan keçib. May-iyul aylarında bütün komandalara test tapşırıqları üzrə izahat, məsləhət və tövsiyələr təqdim edilib, avqust ayı ərzində regional görüşlər keçirilib. Eyni zamanda Gəncə, Mingəçevir, Qəbələ zonaları üzrə komandaların yarışlara hazırlığının təmin edilməsi, praktik fəaliyyət üzrə bilik və bacarıqların formalaşdırılması məqsədilə mütəxəssislərin, komanda rəhbərlərinin və kapitanların iştirakı ilə təlim seminarları təşkil edilib. Sentyabrın 15-dən 21-dək isə Bakı şəhərində komandaların kapitanları ilə görüş keçirilib. Regional seçim turlarının nəticəsi olaraq hər 3 yaş qrupundan 10 komanda olmaqla 30 komanda arasında cari ilin dekabr ayında festivalın yekun mərhələsi keçiriləcək. Festival Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Təhsil naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək

  Abşeron, Qubadlı, Zəngilan, Kəlbəcər rayon və Sumqayıt şəhər sakinlərinin nəzərinə!   Təhsil naziri Mikayıl Cabbarov 30 sentyabr 2017-ci il tarixində saat 11:00-da Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Abşeron, Qubadlı, Zəngilan, Kəlbəcər rayon və Sumqayıt şəhər sakinlərini qəbul edəcək. Qəbulda Abşeron rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 26-27 sentyabr 2017-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

“Əlaçı”nın seçim turu keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin şagirdləri “Əlaçı” televiziya layihəsinin seçim turunda iştirak edib. Seçim turunda paytaxtın hər bir rayonundan 30 nəfər (15 qız, 15 oğlan) XI sinif şagirdi mübarizəyə qoşulub. Bundan başqa, bilik yarışında könüllü kimi qeydiyyatdan keçən şagirdlər də iştirak ediblər. BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəbləri ilə yanaşı, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki liseylərin, Zəngilan, Şuşa, Laçın və Cəbrayılın ümumi təhsil məktəblərinin şagirdləri də daxil olmaqla, ümumilikdə 800 nəfərə yaxın XI sinif şagirdi Bakıda keçirilən seçim turuna qatılıb. Test üsulu ilə keçirilən müsabiqədə şagirdlərə bütün fənləri əhatə edən 50 açıq sual verilib. Qeyd edək ki, paytaxtla yanaşı Gəncə, Mingəçevir, Şirvan, Lənkəran, Sumqayıt, Quba və Şəkidə də bölgələr üzrə seçim turu keçirilib. Müsabiqənin yekunlarına görə, ən yüksək nəticə göstərən şagirdlər 5-8 oktyabr tarixində “Əlaçı” televiziya layihəsinin V mövsümünün çəkilişlərində iştirak edəcək.

Prezident İlham Əliyev 1200 şagird yerlik Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi. Təhsildəki nailiyyətlər hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca məqsəd seçib. Bununla da neft gəlirləri Azərbaycanda həm də təhsilin və elmin inkişafına yönəlib. Birləşmiş Millətlər Təşkilatı da XXI əsri “Təhsil əsri” elan edib. Odur ki, yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu indiki qədər heç vaxt aktual olmayıb. Təhsilin inkişafına xüsusi önəm verən Azərbaycan da əhalisinin savadlılığı baxımından dünyanın bir çox inkişaf etmiş ölkələri ilə müqayisə olunur. Dövlətin təhsillə bağlı strategiyasının həyata keçirilməsində ölkənin ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə diqqət çəkir. Təhsil sahəsində Fondun ən böyük və irimiqyaslı işi olan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi uğurla davam etdirilir. Onu da deyək ki, 2003-cü ildən indiyə qədər ölkədə 3000-dən çox məktəb tikilib, Azərbaycanda heç vaxt olmayan qədər geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Bununla da ölkədə təhsilə qayğı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi işi ümummilli səviyyəyə qaldırılıb. Dövlətimizin başçısına Salyan şəhər 2 saylı tam orta məktəbdə yaradılan şəraitlə bağlı məlumat verildi. Bildirildi ki, 1954-cü ildən ümumtəhsil məktəbi kimi fəaliyyət göstərən Salyan şəhər 2 saylı tam orta məktəb 1937-ci ildə tikilmiş ikimərtəbəli uyğunlaşdırılmış binada yerləşirdi. 2003-cü ilədək məktəb binası 26 sinif otağından ibarət idi və tədris iki növbədə aparılırdı. 2003-cü ildə əlavə 14 sinif otağı tikildi və həmin ildən etibarən tədris birnövbəli sistemə keçdi. 2016-2017-ci tədris ilində məktəbin 556 şagirdi müvəqqəti olaraq 3 saylı tam orta məktəbin binasında yerləşdirilmişdi. Dövlətimizin başçısının ötən il imzaladığı Sərəncamla məktəb üçün yeni bina tikildi və bu, bir çox problemləri aradan qaldırdı. İlk növbədə, digər təhsil ocaqlarında yerləşdirilən şagirdlər öz doğma məktəblərinə qayıtdılar. İndi onlar müasir, zəruri avadanlıqla təchiz olunmuş məktəbdə təhsillərini davam etdirirlər. Üç mərtəbədən ibarət yeni məktəb binasında 48 sinif otağı, 6 laboratoriya, əmək təlimi otaqları, tibb məntəqəsi, kitabxana, 380 yerlik akt zalı, idman və atıcılıq zalları fəaliyyət göstərir. Burada yaradılan şərait bir daha təsdiqləyir ki, son illərdə təhsil sahəsində qazanılan uğurların təməlində Azərbaycanın yeni təhsil modeli dayanır. Artıq ölkədə yeni təhsil konsepsiyası formalaşıb və həyata keçirilməyə başlanıb. Azərbaycanda yüzlərlə məktəbin tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi nəhəng təhsil infrastrukturunun formalaşmasına geniş imkanlar açıb. Prezident İlham Əliyev məktəbin sinif otaqlarında, laboratoriyalarında, idman və atıcılıq zallarında yaradılan şəraitlə tanış oldu. Atıcılıq otağında şagirdlər pnevmatik silahdan hədəfə atəş açmaq məharətlərini nümayiş etdirdilər. Dövlətimizin başçısı məktəbin müəllim və şagird kollektivinə uğurlar arzuladı.

Təhsil naziri Dünya Bankının missiya üzvlərini qəbul edib

Sentyabrın 22-də təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan Dünya Bankının Təhsil və Əmək bazarının diaqnostikası üzrə missiya üzvlərini qəbul edib. Görüşdə ali təhsil və biznes inkubatorları üzrə məsləhət proqramı, erkən uşaq inkişafı siyasətinin SABER (Daha Yaxşı Təhsil Nəticələri üçün Sistem Yanaşma) təhlili və əmək bazarının diaqnostikası mövzuları müzakirə edilib. Sonra tərəflər arasında qeyd olunan mövzular üzrə Azərbaycandakı gələcək fəaliyyət barədə ətraflı fikir mübadiləsi aparılıb. Mikayıl Cabbarov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın hədəflərinə uyğun olaraq təhsil sahəsində aparılan islahatlar barədə missiya üzvlərinə məlumat verib. Görüşdə eyni zamanda təhsilin inkişafı üzrə dünya təcrübəsi, Azərbaycanda təhsil sahəsində islahatlarla bağlı gələcək addımlar müzakirə olunub.

Təhsil naziri Macarıstanın yeni fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Sentyabrın 22-də təhsil naziri Mikayıl Cabbarov Macarıstanın Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi ilə görüşüb. Görüşdə Azərbaycan və Macarıstan arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib. Mikayıl Cabbarov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar barədə səfirə məlumat verib.  Həmçinin görüşdə Azərbaycan vətəndaşlarının Macarıstanda təhsilini nəzərdə tutan  “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı”nın uğurlu nəticələri müzakirə edilib. Təhsil naziri  səfirə ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı