Azərbaycan-Vyetnam Dostluq Forumu keçirilib
Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti 2-ci Azərbaycan-Vyetnam Dostluq Forumunda iştirak etmək məqsədilə Vyetnam Sosialist Respublikasında səfərdədir. Nümayəndə heyətinə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı və digər şəxslər daxildir. Səfərin ilk günü nümayəndə heyəti Vyetnam Sosialist Respublikasının təhsil və təlim nazirinin müavini Fam Man Hunq ilə görüşüb. Görüş zamanı Firudin Qurbanov iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin digər sahələrlə yanaşı təhsil sahəsində də əməkdaşlıq imkanları üçün əlverişli zəmin yaratdığını bildirib. Firudin Qurbanov görüşdə həmçinin ölkəmizdə təhsil sahəsində aparılan islahatlar haqqında geniş məlumat verib. Fam Man Hunq vyetnamlı mütəxəssislərin hazırlanmasında Azərbaycan ali təhsil müəssisələrinin müstəsna rol oynadığını, 4000-dən çox vyetnamlının ölkəmizdə təhsil aldığını, həmin məzunların hazırda Vyetnamın müxtəlif dövlət və özəl qurumlarında çalışdığını qeyd edib. Vyetnam tərəfi Azərbaycana sözügedən dəstəyinə görə minnətdarlığını bildirib və bu kadrların Vyetnamın inkişafında böyük rol oynadığını nəzərə çatdırıb. Fam Man Hunq ali təhsil müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlı olduğunu qeyd edib. Ölkəmizin nümayəndə heyəti Vyetnam Sosialist Respublikasının Vunq Tau şəhərində keçirilən Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilən 2-ci Azərbaycan-Vyetnam Dostluq Forumunda iştirak edib. Forumda çıxış edən Firudin Qurbanov bildirib ki, 19 may 2014-cü il tarixində Azərbaycan Respublikası Prezidenti Vyetnama rəsmi səfəri çərçivəsində Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Həmin görüş zamanı Prezident tərəfindən irəli sürülən təşəbbüsə və müvafiq tapşırığa uyğun olaraq, 1-ci Azərbaycan-Vyetnam Dostluq Forumu 7 may 2015-ci il tarixində Bakıda vyetnamlı məzunların iştirakı ilə yüksək səviyyədə təşkil olunub. Firudin Qurbanov Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2017-ci il tarixli müvafiq sərəncamları ilə Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə Vyetnam Sosialist Respublikası Milli Assambleyasının üzvü, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının prezidenti Nghiem Vu Khai və Vyetnam Sosialist Respublikası Prezident Administrasiyasının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nguyen Vu Ha Lenin “Tərəqqi” medalları ilə təltif edildiyini bildirib və medalları təqdim edib. Forumda Vyetnam Hökuməti adından çıxış edən Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Hərbi Dəniz Qüvvələrinin Komandanı Fam Hoai Nam özünün də vaxtilə Azərbaycanda təhsil aldığını qeyd edib, Azərbaycan Hökumətinə vyetnamlı tələbələrə yaratdığı bu imkana və dəstəyə görə təşəkkürünü bildirib. Fam Hoai Nam vyetnamlı mütəxəssislərin hazırlanmasında fəal rol oynamış Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Bakı Dövlət Universiteti və Azərbaycan Neft və Sənaye Universitetinə Vyetnam Sosialist Respublikasının Prezidenti tərəfindən təltif olunan Vyetnamın “Dostluq” ordenini təqdim edib. Daha sonra Vyetnam Sosialist Respublikası Milli Assambleyasının üzvü, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının prezidenti Nghiem Vu Khai və “Vietsovpetro” şirkətinin direktoru Do Man Hung, sabiq vitse-prezident Nguyen Ti Doan çıxış edərək Azərbaycanla olan tarixi bağların, xüsusən təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib, bu əlaqələrin inkişafının vacibliyini vurğulayıblar.
22/09/2017 15:40
Ümumi təhsil sistemində yeni mərhələnin başlanğıcı
2017-2018-ci dərs ilindən ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşməsinin miqyası genişlənib. Ölkənin bir sıra ümumtəhsil məktəblərində təmayülləşmənin tətbiqi üzrə təşkilati işlər yekunlaşıb. Ötən dərs ilində IX sinfi bitirən şagirdlərin təxminən 40 faizə qədəri təmayüllü X siniflərdə yeni tədris planı və proqramlarla tədrisə başlayıblar. Təmayülləşmənin tətbiqi heç də sadə proses deyil. Burada hər bir məqamı, yəni IX sinfi bitirən şagirdlərin meyil-maraqlarına görə düzgün seçimi, peşəkar səviyyəli pedaqoji heyətin formalaşdırılması, məktəblərdə lazımi təlim-tərbiyə şəraitinin yaradılması, təhsilin məzmununun müasir çağırışlara uyğun optimal müəyyənləşdirilməsi diqqətlə ölçülüb-biçilməlidir. İcbari ümumi orta təhsil səviyyəsində fənlər üzrə zəruri minimum bilik və bacarıqlara yiyələnən şagirdlər üçün tam orta təhsilin marağa uyğun təşkili ümumi təhsil sistemində yeni mərhələnin başlanğıcıdır. Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, tam orta təhsil səviyyəsində təmayül siniflərinə seçilən şagirdlərə maraq göstərdikləri fənn sahələri - texniki, riyaziyyat-iqtisadiyyat, humanitar və təbiət üzrə keyfiyyətli bilik verilməsi, onların rəqabətqabiliyyətli şəxslər kimi formalaşdırılması ümdə vəzifələrdən hesab olunur. Təhsilin təmayüllər üzrə təşkilinə valideynlərin də münasibətini önəmli sayan A.Əhmədovun fikrincə, gözlənilən nəticələrin uğurlu alınmasında bu amil mühüm əhəmiyyətə malikdir: “Burada maraqların vəhdəti, yəni həm məktəbin, həm şagirdlərin, həm də valideynlərin marağı üst-üstə düşərsə, qoyulan hədəfə çatmaq daha asan olar”. Bununla belə, seçim prosesində çox diqqətli olmaq lazımdır: “Şagirdlərin maraq göstərdiyi sahələri, istedadı ilə fərqlənənləri müəllimlər daha obyektiv müəyyənləşdirir. Valideynlərin istəyindən asılı olmayaraq, meyil-marağı, istedadı olmayanları məcburən təmayülləşməyə cəlb etmək düzgün olmaz”. Bir neçə məktəbdən bir sinif A.Əhmədov həmçinin qeyd edib ki, təmayüllü siniflərin təşkilində müəyyən çətinliklər də meydana çıxıb: “Məsələn, bir çox kənd məktəbi var ki, bunlarda paralel siniflər yoxdur. Hətta bir sıra siniflərdə şagirdlərin sayı çox azdır. Halbuki belə siniflərdə də istedadı və marağı ilə seçilən şagirdlər var. Çalışdıq ki, mümkün olduğu qədər onlar kənarda qalmasın. Ona görə də bir-birinə yaxın məsafədə yerləşən məktəblərdən qabiliyyətli uşaqları seçməklə şəraiti və maddi tədris bazası normal vəziyyətdə olan məktəbdə təmayüllü sinif təşkil edirik”. Lisey və gimnaziyalarda da əlavə təmayüllü siniflər təşkil edilir Təmayül siniflərin təşkilində və şəbəkəsinin genişləndirilməsində nazirliyin birbaşa tabeliyindəki lisey və gimnaziyaların mövcud imkanlarından istifadə etmək nəzərdə tutulub. Belə ki, həmin təhsil müəssisələrində əvvəldən təmayüllü siniflər olsa da, maddi-texniki baza imkan verirsə, əlavə siniflərin də açılması, belə siniflərin əhatəliliyinin artmasına, təmayül təşkil edilməyən kənar məktəblərdən də uşaqların orada oxumasına imkan yaradır. Bakıda buna o qədər də ehtiyac yoxdur, lakin digər şəhər və rayonlar üçün bu, zəruridir. Qoşa təmayüllü siniflərin təşkili çətinlik yaratmır Qeyd olunduğu kimi, təmayülləşmənin təşkilində siniflərin paralelliyi vacib amillərdən sayılır. Belə ki, təmayülləşmənin hər hansı məktəbdə uğurla tətbiqi üçün orada ən azı 3 paralel sinif olmalıdır ki, seçim keyfiyyətli aparılsın. Ancaq bu, heç də həmişə mümkün olmur: “Ona görə də uşaqların sayı, meyil-maraqları nəzərə alınmaqla bir sinifdə iki təmayülün tətbiqi təcrübəsindən yararlanmağı qərara almışıq. Tədris planları da bunun əsasında hazırlanıb. Məqsəd ondan ibarətdir ki, marağı və hər hansı fənn sahəsi üzrə təlim göstəriciləri yüksək olan uşaqlar kənarda qalmasınlar”. Təmayül siniflərinin tədris planları fərqlənir Təmayülləşmə təhsilin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edən məsələdir. Uşaq artıq icbari təhsildən çıxaraq özünün seçdiyi və sevdiyi istiqamət üzrə tam orta təhsil alır. Əsas məsələ bundadır ki, təmayül istiqamətləri üzrə təsdiq edilən tədris planlarında fənlərin sayı ənənəvi tədris planlarındakı saydan xeyli artır. Burada 9-10 fənn əhatə olunur. Təmayül fənlərinə ayrılan saatlar da fərqlidir. Qeyd edək ki, hər bir təmayül istiqaməti üzrə ayrıca tədris planları və proqramları hazırlanıb. Tədris planlarında həftəlik dərs yükü 30 saat müəyyən olunub, əlavə bir neçə saat dərsdənkənar məşğələlərə ayrılıb. Həmin əlavə saatlar hesabına şagirdlərə nitq mədəniyyəti və iqtisadi məsələlər tədris edilir. Təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarına “Azərbaycan tarixi”, “Azərbaycan dili”, “Ədəbiyyat”, “Fiziki tərbiyə”, “Xarici dil”, “Riyaziyyat”, “Çağırışaqədərki hazırlıq” fənləri də daxil edilib. Bu, şagirdin ümumi inkişafı, dünyagörüşünün formalaşması üçün vacib hesab edilir. Lakin əsas diqqət təmayül fənlərinə verilir. Tutaq ki, adi siniflərdə riyaziyyata həftədə 5 saat verilirsə, həmin təmayül üzrə siniflərdə 8 saat ayrılır və s. A.Əhmədovun sözlərinə görə, Təhsil Nazirliyi təhsilin məzmununun təkmilləşdirilməsinə xüsusi diqqət yetirir: “Ötən dərs ilində təmayül siniflərinin proqramları təkrar işlənib təsdiq edilmişdi. Yeni dərs ili ərəfəsində proqramlara yenidən baxılıb və xeyli təkmilləşdirmə işləri aparılıb. Bu dərs ilində təmayüllü siniflər həmin proqramlar əsasında dərs keçir”. Müəllimlər seçilir A.Əhmədovun fikrincə, təmayüllü siniflərdən uğurlu nəticələrin qazanılmasında peşəkar səviyyəli müəllim kadrlarının olması mühüm əhəmiyyət daşıyır: “Yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinə göstəriş verilib ki, təmayül siniflərə məhz nüfuzlu, savadlı müəllimləri cəlb etsinlər. Elə müəllim ola bilər ki, onun dərs dediyi məktəbdə təmayül sinif təşkil olunmasın. Həmin müəllimlərə imkan daxilində təmayüllü siniflərin təşkil olunduğu məktəblərdə dərs saatı təklif ediləcək”. Təmayül sinifləri ilə yanaşı, adi siniflər də olacaq A.Əhmədov deyir ki, təmayülləşmənin kütləviliyi o demək deyil ki, bu proses bütün ölkədə tətbiq ediləcək. Müəyyən olunmuş tələblərə cavab verə bilməyənlər təmayüllü siniflərlə yanaşı təşkil edilən adi siniflərdə təhsilini davam etdirə bilər: “Hamının təhsil hüququnun qorunması məqsədi ilə təmayülləşməyən siniflər də təşkil olunub. Əsas məqsəd bundan ibarətdir ki, təhsilini davam etdirmək istəyənlərin hamısı təhsillə əhatə olunsun”. IX siniflərin 35-40 faizi təmayül siniflərinə qəbul edilib A.Əhmədov təmayülləşmə ilə bağlı aparılan işlərdən də danışıb: “Ötən dərs ilinin əvvəlindən yerlərdə araşdırmalar və təhlillər aparılıb, rayon və şəhərlər üzrə hər bir məktəbin imkanları, yol infrastrukturu, maddi-tədris bazası, kadr potensialı nəzərdən keçirilib. Könüllülük əsasında ümumtəhsil məktəblərinin adi siniflərində, yaxud ilk peşə və orta ixtisas təhsili müəssisələrində təhsilini davam etdirmək istəyən şagirdlər haqqında məlumatlar toplanıb. Təhlil və araşdırmalardan sonra rayon və şəhərlərimizdə olan uşaq sayına görə təşkil edilə biləcək siniflərin siyahısı tərtib edilib. Nəzərdə tutulduğu kimi, bu dərs ilində IX sinfi bitirən məzunların təqribən 35-40 faizi təmayül siniflərində oxuyur”. Beləliklə, ölkədə yenidən sınaqdan çıxarılsa da, əslində, özünü çoxdan doğruldan təmayülləşməyə böyük ümidlər var. Aztəminatlı, repetitor hazırlığına gücü çatmayacağını düşünən valideynlər bu yeniliyin tətbiqinə həvəslə dəstək verir, prosesi maraqla izləyirlər. Nəinki valideynlər, eləcə də təhsil ictimaiyyəti bu dərs ilindən bütün ölkə ərazisində tətbiqi genişləndirilən təmayülləşmənin müsbət nəticə verəcəyinə şübhə etmirlər. "Azərbaycan müəllimi" qəzeti
22/09/2017 15:26
Təhsil nazirinin müavini Vyetnamda səfərdədir
Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti 21-23 sentyabr tarixlərində 2-ci Azərbaycan-Vyetnam Dostluq Forumunda iştirak etmək məqsədilə Vyetnam Sosialist Respublikasına səfər edib. Səfərin ilk günü nümayəndə heyəti Vyetnam Sosialist Respublikasının təhsil və təlim nazirinin müavini Fam Man Hunq ilə görüşüb. Görüş zamanı ölkələrimiz arasında yüksək səviyyəli və tarixi əlaqələrə toxunan Firudin Qurbanov 2014-cü ilin may ayında Azərbaycan Respublikası Prezidentinin Vyetnama, 2015-ci ilin may ayında isə Vyetnam Sosialist Respublikası Prezidentinin Azərbaycana rəsmi səfərlərinin digər sahələrlə yanaşı təhsil sahəsində də əməkdaşlıq imkanları üçün əlverişli zəmin yaratdığını bildirib. Firudin Qurbanov görüşdə həmçinin ölkəmizdə təhsil sahəsində aparılan islahatlar haqqında geniş məlumat verib, ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün konkret təklifləri qarşı tərəfə çatdırıb. Fam Hunq vyetnamlı mütəxəssislərin hazırlanmasında Azərbaycan ali təhsil müəssisələrinin müstəsna rol oynadığını, 4000-dən çox vyetnamlının ölkəmizdə təhsil aldığını, həmin məzunların hazırda Vyetnamın müxtəlif dövlət və özəl qurumlarında çalışdığını qeyd edib. Vyetnam tərəfi Azərbaycana sözügedən dəstəyinə görə minnətdarlığını bildirib və bu kadrların Vyetnamın inkişafında böyük rol oynadığını nəzərə çatdırıb. Fam Hunq ali təhsil müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlı olduğunu qeyd edib.
21/09/2017 20:26
Tələbə və Gənclər üzrə Daimi Şuranın ilk iclası keçirilib
Təhsil Nazirliyi yanında Tələbə və Gənclər üzrə Daimi Şuranın ilk iclası keçirilib. Görüşdə Daimi Şuranın yaradılmasının məqsədi, əhəmiyyəti, beynəlxalq təcrübə və gözləntilər haqqında təqdimat olub. Şura üzvləri tələbə və gənclərlə iş sahəsində yeni çağırış və yanaşmalar, mövcud imkanlar, eləcə də Daimi Şuranın fəaliyyətinin əsas prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin könüllülük, təşviqat kampaniyalarının aparılması, tələbələr üçün təcrübə proqramlarının dəstəklənməsi kimi mövzular müzakirə edilib. Tələbə və gənclərin istəklərinin daha yaxından öyrənilməsi üçün növbəti görüşün ali təhsil müəssisələrinin birində keçirilməsi qərara alınıb. Qeyd edək ki, təhsil siyasətinin cəmiyyətdə hər bir vətəndaşın həyatına təsir etdiyini və ölkəmizdə insan kapitalının formalaşdırılmasında mühüm rol oynadığını nəzərə alaraq, bu sahədə həyata keçirilən islahatların səmərəliliyini və nəticəyönümlülüyünü artırmaq məqsədilə Təhsil Nazirliyi yanında “Təhsilin məzmunu və dərsliklər”, “Təhsil və məşğulluq” üzrə Daimi Şuralar da fəaliyyət göstərir. Daimi Şuralar dövlət qurumlarının nümayəndələri, özəl sektor, təhsil mütəxəssislərinin və digər aidiyyəti tərəflərin təmsil olunduğu məşvərətçi orqan kimi fəaliyyət göstərəcək. Şuralar təhsil sahəsi üzrə həyata keçirilən proqram və layihələrin təhsil siyasəti, strategiyası ilə uyğunlaşdırılmasına dair, təklif və tövsiyələrin hazırlanması, təhsilin inkişafı ilə bağlı qərarların müzakirəsini əlaqələndirəcək.
21/09/2017 16:13
Modul tipli məktəblərlə tanışlıq üçün mediaturdan foto anlar
Qəbələ rayonunun Seyidqışlaq kəndində inşa olunan modul tipli ümumi orta, Aydınqışlaq kəndində əsaslı təmir edilən tam orta və Oğuz rayonunun Yemişənli kəndindəki modul tipli məktəblərlə tanışlıq üçün mediaturdan fotoanlar
21/09/2017 11:36
Modul tipli məktəblərə mediatur
Sentyabrın 20-də Qəbələ və Oğuz rayonlarına mediatur təşkil edilib. Mediaturda 25-dən çox KİV nümayəndəsi və təhsil ekspertləri iştirak edib. Mediaturun məqsədi bu bölgələrdə inşa edilən modul tipli məktəblər haqqında media nümayəndələrinə məlumat vermək və onları həmin məktəblərlə tanış etmək olub. Əvvəlcə media nümayəndələri Qəbələ rayonunun Seyidqışlaq kənd ümumi orta məktəbində olublar. Bildirilib ki, 80 şagird yerlik məktəb 10 sinif otağı, 1 müəllimlər otağı və kitabxanadan ibarətdir. Hazırda 79 şagirdin təhsil aldığı məktəbdə 20 müəllim çalışır. Səfər çərçivəsində media nümayəndələri Qəbələ rayonunun Aydınqışlaq kəndində əsaslı təmir olunan yeni məktəb binasının açılış mərasimində iştirak ediblər. Açılış mərasimində Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova, məktəbin direktoru Sevil Nəbiyeva, rayon ağsaqqalı Ələddin İsgəndərov çıxış edərək təhsil sahəsinə göstərilən dövlət qayğısından danışıb, təhsil ocağının yüksək səviyyədə təmir edilərək istifadəyə verilməsini bu qayğının bariz nümunəsi olduğunu bildiriblər. Qeyd olunub ki, 1978-ci ildə tikilən və bu il əsaslı təmir olunan məktəbdə 24 sinif otağı, 2 laboratoriya və müəllimlər otağı istifadəyə verilib. Təhsil ocağında 364 şagirdin təlim-tərbiyəsi ilə 52 müəllim məşğul olur. Sonra media nümayəndələri Oğuz rayonunun Yemişənli kəndində istifadəyə verilən modul tipli məktəbə baş çəkiblər. Media nümayəndələrinə məlumat verilib ki, 80 şagird yerlik məktəb 10 sinif otağı, kitabxana və müəllimlər otağından ibarətdir. Hazırda məktəbdə 73 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 18 müəllim məşğul olur. Məktəbdə həmçinin 1 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək ki, burada 12 uşaq təhsil alacaq. Qeyd edək ki, ilin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur. Modul tipli məktəblər Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz, Göygöl, Tərtər ,Göyçay, Qəbələ, Oğuz və digər rayonlarda inşa olunub. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarında istifadə edilir.
20/09/2017 18:04
Akademik Rəfiqə Əliyevanın 85 illik yubileyi qeyd olunub
Sentyabrın 20-də Bakı Dövlət Universitetində görkəmli kimyaçı alim, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək akademik Rəfiqə xanım Əliyevanın xatirəsini anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar. Sonra tədbir iştirakçıları ümummilli lideri Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Akademik Rəfiqə Əliyevanın yaradıcısı olduğu və rəhbərlik etdiyi ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının qarşısında alimin xatirə barelyefinin açılışından sonra tədbir universitetin Böyük akt zalında davam edib. Rektor, akademik Abel Məhərrəmov ömrünün böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edən Rəfiqə xanım Əliyevanın pedaqoji xidmətlərindən danışıb. Bildirib ki, yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan Rəfiqə xanımın yetirmələri Azərbaycanda, həmçinin dünyanın bir çox ölkələrində fəaliyyət göstərərək böyük alimdən əldə etdikləri bilikləri bəşəriyyətin tərəqqisinə sərf ediblər. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə görkəmli alim Rəfiqə Əliyevanın səmərəli elmi fəaliyyətindən, respublikamızda kimya elminin inkişafına verdiyi töhfələrdən danışıb. Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Rəfiqə xanım Əliyeva yüksək ixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf edib, öz dərin biliyini və zəngin təcrübəsini gələcək nəsillərə ötürərək böyük elmi məktəb yaradıb. Sonda ailə üzvləri adından alimin qızı, BDU-nun Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva çıxış edərək tədbir təşkilatçılarına təşəkkür edib.
20/09/2017 16:58
İKT avadanlıqlarının təhvil verilməsi barədə akt imzalanıb
Sentyabrın 19-da Bakı şəhəri T.Həsənov adına 23 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi ilə Çin Xalq Respublikasının İqtisadi Texniki Mübadilə üzrə Beynəlxalq Mərkəzi arasında İKT avadanlıqlarının təhvil verilməsi barədə aktın imzalanma mərasimi keçirilib. İKT avadanlıqlarının təhvil verilməsi barədə aktı Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, kənd təsərrüfatı naziri Heydər Əsədov və Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinxua imzalayıb. Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu gün Azərbaycan və Çin arasında əməkdaşlıq daha geniş şəkildə inkişaf edir. İki ölkə arasında təhsil sahəsində anlaşma memorandumu əsasında son iki ildə 43 Azərbaycan vətəndaşının Çində, 41 Çin Xalq Respublikası vətəndaşının Azərbaycanda qarşılıqlı təqaüd əsasında təhsil aldığını bildirən nazir qeyd edib ki, bu tələbələr təhsil almaqla yanaşı hər iki ölkənin tarixinin, mədəniyyətinin öyrənilməsində və xalqlar arasında dostluğun güclənməsində mühüm rol oynayacaqlar. Nazir bildirib ki, 2016-cı ilin dekabr ayında bağlanmış müqaviləyə əsasən Çin Xalq Respublikası hökumətinin texniki yardımı hesabına tədris prosesində istifadə olunması məqsədilə Təhsil Nazirliyinə və Kənd Təsərrüfatı Nazirliyinə 20 min ədəd noutbuk, elektron lövhə, proyektor, printer və digər İKT avadanlıqları təqdim edilib. Daha sonra çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, İKT avadanlıqlarının verilməsi təkcə münasibətlərin inkişafı üçün deyil, eyni zamanda aqrar sahədə, təhsil sistemində bacarıqların təkmilləşdirilməsində, institutlarda elmi-tədqiqat işlərinin gücləndirilməsində, eləcə də informasiya-məsləhət xidmətinin genişləndirilməsində mühüm rol oynayacaq. Çinin Azərbaycandakı səfiri Vey Cinxua Azərbaycanla bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığa hazır olduqlarını söyləyib. Nazirlər Kabinetinin şöbə müdiri Nail Fətəliyev ölkədə təhsil sahəsində kifayət qədər bilik və bacarığa malik olan gənclər hazırlandığını qeyd edərək yaxın zamanlarda peşə təhsili üzrə müasir avadanlıqların təhsil müəssisələrinə veriləcəyini diqqətə çatdırıb. Qeyd edək ki, təhsil müəssisələri üçün nəzərdə tutulan avadanlıqların verilməsinin əsas məqsədi təhsil sistemini müasirləşdirmək, beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək, İKT-nin tətbiqini genişləndirmək və region məktəblərinin İKT avadanlıqlarına olan ehtiyacını təmin edərək əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanını yaratmaqdır.
19/09/2017 18:05
Tələbələrin köçürülməsinin nəticələri elan olunub
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlumdur. Bu il portal vasitəsilə 805 tələbə yerli, 21 tələbə isə xarici universitetlərdən köçürülüb. Həmçinin orta-ixtisas təhsili müəssisəsində təhsil alan 107 nəfər, magistratura səviyyəsində təhsil alan 4 tələbə də bu portalın imkanlarından yararlanıb. Transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə istifadəyə verilib. Qeyd edək ki, tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar” bu il daha da təkmilləşdirilib.
18/09/2017 17:38
“Maarifçi” Tələbə Kredit Fondundan faizsiz təhsil kreditləri
“Maarifçi” Tələbə Kredit Fondu təhsil krediti almaq istəyən tələbələr üçün növbəti elan sessiyasına start verib. Dördüncü sessiyada aztəminatlı ailələrdən olan tələbələrə təhsil haqqı üzrə faizsiz kreditlər təqdim olunur. Bu elan 2017-2018-ci tədris ili üzrə təhsil alan və aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub. Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər. Təhsil kreditlərinin növləri və şərtləri, seçim meyarları və müraciət forması ilə bağlı ətraflı məlumat fondun rəsmi saytında (http://maarifci.az) qeyd olunub. Kreditin alınması şərtləri və tələbələrin seçim meyarları bu dəfə də dəyişməz qalıb. Elan sessiyasının ən üstün cəhəti faizsiz kreditin əvvəlki təhsil krediti müqavilələrinə də şamil olunmasındadır. “Maarifçi” Tələbə Kredit Fondu fəaliyyətə başladığı vaxtdan indiyədək 3 elan sessiyası keçirıb. Bu müddət ərzində fonda daxil olan 212 elektron müraciət əsasında universitetlər tərəfindən təqdim edilən yerlərin sayına əsasən seçim meyarlarına uyğun gələn 118 tələbə ilə ümumilikdə 135 təhsil krediti müqaviləsi imzalanıb. Tələbələr oktyabrın 13-dək kredit almaq üçün müraciət edə bilərlər.
18/09/2017 11:35
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı