Təhsil naziri Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru ilə görüşüb
Oktyabrın 3-də Cenevrəyə səfər çərçivəsində təhsil naziri Mikayıl Cabbarov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktoru cənab Fransis Qarry ilə görüşüb. Görüşdə həmçinin Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsı Vaqif Sadıqov iştirak edib. Görüşdə Azərbaycan-ÜƏMT arasında gələcək tərəfdaşlıq, ali təhsil müəssisələrində əqli mülkiyyət siyasətinin formalaşdırılması və inkişafının təşviqi, ali təhsil müəssisələrinin əqli mülkiyyət sistemindən istifadə imkanlarının gücləndirilməsi məsələləri müzakirə olunub. Görüşün sonunda təhsil naziri Mikayıl Cabbarov və ÜƏMT-in Baş direktoru cənab Fransis Qarry Birgə bəyanat imzalayıb. ÜƏMT ilə əməkdaşlıq ali təhsil müəssisələrinin iqtisadi sahə ilə sıx inteqrasiyasına, o cümlədən “start-up”ların inkişafına yönəlmiş ekosistemin qurulmasına yeni imkanlar yaradacaqdır.
04/10/2017 12:36
Ali təhsil müəssisələrində keyfiyyətin təminatı məsələləri müzakirə olunub
Oktyabrın 3-də Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin təşkilatçılığı ilə Avropa İttifaqının TAİEX proqramı çərçivəsində “Ali təhsil müəssisələrində daxili keyfiyyət təminatı sisteminin yaradılmasına dəstək” adlı seminar keçirilib. Seminarda Akkreditasiya və Nostrifikasiya İdarəsinin, ali təhsil müəssisələrinin əməkdaşları iştirak edib. Seminarı xarici ekspert qismində Finlandiyanın Lapland Universitetindən Hannele Keranen və Merja Forest, Estoniyanın Tallin Universitetindən isə Katlin Vanari aparıblar. Seminarda xarici ekspertlərin ali təhsil müəssisələrində keyfiyyətin təminatına dair təcrübələri dinlənilib və bu istiqamətdə Avropa ali təhsil məkanında tətbiq edilən mexanizmlərə dair müzakirələr aparılıb. Həmçinin iştirakçılar ali təhsildə keyfiyyət standartları və göstəriciləri, eləcə də onların Azərbaycan ali təhsil məkanında tətbiqi zamanı qarşılaşa biləcəkləri mümkün çətinliklərin aradan qaldırılmasına dair fikirlərini bölüşüblər. Tədbirin keçirilməsində məqsəd həm Azərbaycanın ali təhsil müəssisələri, həm də yerli və xarici müəssisələr arasında əməkdaşlıq şəbəkəsinin möhkəmləndirilməsi və beynəlxalq təcrübənin Azərbaycanın ali təhsil sistemində tətbiqinin genişləndirilməsidir. Seminar öz işini oktyabrın 4-də başa çatdıracaq.
04/10/2017 11:30
"Peşə təhsili mərkəzlərinin müasirləşdirilməsi üçün fəaliyyət qrantları” mövzusunda seminar
Oktyabrın 3-də “Peşə təhsili və təlimində dövlət-özəl sektor əməkdaşlığı və Avropa İttifaqının Azərbaycanda Təhsilə dəstək proqramı - peşə təhsili mərkəzlərinin müasirləşdirilməsi üçün fəaliyyət qrantları” mövzusunda seminar öz işinə başlayıb. Seminar Avropa İttifaqı (Aİ), Avropa Təlim Fondu və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub. Seminarın əsas məqsədi “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafı üzrə Strateji Yol Xəritəsi”nin hədəflərinə uyğun olaraq sosial tərəfdaşların, eləcə də işəgötürənlərin peşə təhsili sisteminin inkişafında oynadığı vacib rolu vurğulamaq, onların peşə təhsil və təlimi sisteminə inteqrasiyasını təmin etmək üçün dövlət-özəl tərəfdaşlığı çərçivəsində yaradılacaq yeni peşə təhsil mərkəzləri barədə məlumat vermək və bu istiqamətdə Avropa İttifaqının “Peşə təhsili mərkəzlərinin müasirləşdirilməsi üçün Fəaliyyət Qrantları” layihəsinin həyata keçirilməsi ilə bağlı müzakirələrin aparılmasından ibarətdir. Seminarda Milli Məclisin üzvləri, dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər və işəgötürənlər iştirak ediblər. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev çıxış edərək bildirib ki, son illər ərzində Azərbaycanda peşə təhsili və təlimi sistemi prioritet istiqamət kimi müəyyən olunub. Famil Mustafayev ölkənin mövcud iqtisadi potensialının inkişaf etdirilməsi üçün peşə təhsilinin müasir standartlara cavab verməsinin mühüm şərt olduğunu qeyd edib, Avropa İttifaqının Təhsilə dəstək proqramı çərçivəsində həyata keçirdiyi texniki yardımın aparılan islahatlara öz töhfəsini verdiyini deyib. Sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli müvafiq istiqamətdə aparılan islahatlardan danışıb, ölkəmizdə ilk dəfə olaraq “Peşə təhsili haqqında” qanunun hazırlandığını diqqətə çatdırıb. Aİ-nin Azərbaycan nümayəndəliyi üzrə əməkdaşlıq rəhbəri Ceroen Uilyams peşə təhsili sahəsində islahatların həyata keçirilməsi və bununla bağlı beynəlxalq təcrübənin öyrənilməsində təmsil olunduğu qurumun dəstəklədiyi layihə barədə iştirakçılara məlumat verib. Tədbirdə müxtəlif təşkilatlar tərəfindən Gəncə şəhərində, Qəbələ, İsmayıllı, Qax, Cəlilabad və Bərdə rayonlarındakı ilk peşə-ixtisas təhsili müəssisələrində kənd təsərrüfatı, turizm, eləcə də digər iqtisadi sektorlar üzrə həyata keçiriləcək pilot layihələr təqdim olunub. Eyni zamanda beynəlxalq ekspertlər Finlandiyanın və Estoniyanın kənd təsərrüfatı sektoru üzrə peşə təhsili təcrübəsini bölüşüblər. Seminar 20-24 noyabr 2017-ci il tarixlərində Avropada peşə təhsilinin təşviqi və peşəyönümü məqsədi ilə "Öz istedadını kəşf et" devizi altında keçirilən Avropa Peşə Bacarıqları Həftəsi tədbirləri çərçivəsində təşkil olunub. Seminar öz işini oktyabrın 4-də davam etdirəcək. Finlandiya və Estoniyadan dəvət edilmiş peşə təhsili müəssisələri nümayəndələrinin bu ölkələrdə müvafiq sahədə aparılan islahatlar və işəgötürənlərin peşə təhsili sisteminə inteqrasiyası ilə bağlı təqdimatları dinləniləcək. 5-6 oktyabr 2017-ci il tarixlərində isə tədbirin davamı olaraq İsmayıllı və Qəbələ şəhərlərinə səfərlərin həyata keçirilməsi, burada yerli işəgötürənlər və digər sosial tərəfdaşlarla əlaqələrin qurulması məqsədilə məsləhətləşmələrin aparılması planlaşdırılıb.
03/10/2017 13:16
ABŞ-ın yardımı ilə inşa olunmuş Laçın rayon Çıraqlı kənd orta məktəbinin açılışı olub
ABŞ Müdafiə Departamentinin (Pentaqon) Humanitar Yardım Proqramı və Hərbi Mühəndislər Korpusu vasitəsilə Abşeron rayonunun Masazır qəsəbəsində yeni tikilmiş Laçın rayon Çıraqlı kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. Açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Nazirlər Kabinetinin Qaçqın və məcburi köçkünlərin məsələləri üzrə şöbə rəhbəri Qurban Sadıqov, Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov iştirak edib. Tədbirdə çıxış edən ABŞ səfiri Robert Sekuta deyib ki, yeni inşa edilən bu məktəb Laçın rayonundan olan məcburi köçkün uşaqlarının daha yaxşı təhsil almasına kömək edəcək. Səfir qeyd edib ki, bu layihə ABŞ-ın Müdafiə Departamentinin Humanitar Yardım Proqramı vasitəsilə həyata keçirdiyi 16-cı məktəb layihəsidir: “On yeddinci məktəbin gələn il Bərdənin Güloğlular kəndində tikilməsi planlaşdırılır. Laçın rayon məktəbi və digər məktəb layihələri ABŞ səfirliyinin Müdafiə Əməkdaşlığı İdarəsi vasitəsilə ABŞ-ın Avropa Komandanlığı və Hərbi Mühəndislər Korpusu ilə birgə həyata keçirilib. 2003-cü ildən etibarən ABŞ Müdafiə Departamenti Azərbaycanda məcburi köçkünlərə yardım məqsədilə məktəb tikintisi və su ilə təminat layihələri də daxil olmaqla, 22 humanitar yardım layihəsi üçün 5 milyon dollar ayırıb”. Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli isə çıxışında 350 nəfərlik yeni məktəbin inşasında göstərdiyi yardıma görə ABŞ-ın Azərbaycandakı səfəri Robert Sekutaya xüsusi təşəkkürünü ifadə edib: “İnanıram ki, Azərbaycanın davam etdirdiyi sülh siyasətində xarici dövlətlər bizə yardım edəcək və işğal altında olan torpaqlarımızı geri qaytara biləcəyik”. APA
03/10/2017 12:50
Məktəbəhazırlıq qruplarında məşğələlərə başlanılıb
Oktyabrın 2-də dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə başlanılıb. Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır. Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil edilib. Məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunub və təhsil dövlət hesabına həyata keçirilir. Həftədə 4 gün, gün ərzində 3 məşğələ tədris olunacaq qruplarda bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə isə 10 dəqiqə müəyyənləşdirilib. Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur. Bu qruplarda dərs ili iki yarımilə bölünür və məşğələlər mayın 31-də başa çatır. Məktəbəhazırlıq qrupları ilə bağlı məlumat: http://edu.gov.az/az/page/520 http://edu.gov.az/az/page/520/14044 http://edu.gov.az/az/page/412/14152
02/10/2017 14:08
11-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçiriləcək
6-8 oktyabr 2017-ci il tarixlərində Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisi keçiriləcək. Sərgi “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil ediləcək. Sərgidə son illərdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunacaq. Ötən illərlə müqayisədə Təhsil Nazirliyinin stendləri bu il daha geniş sahəni əhatə edəcək. Sərgi iştirakçılarına “SABAH qrupları”, “Azərbaycan üçün öyrət”, “Bir” Tələbə-Könüllü Proqramı”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Sağlam təhsil ̶ sağlam millət”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Təhsildə informasiya və kommunikasiya texnologiyaları”, “Məktəbəhazırlıq”, “Kitabxana”, “Təhsil” Respublika İdman Mərkəzi”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi” və “Uşaq-Gənclər İnkişaf Mərkəzi” stendləri təqdim ediləcək. Burada fəaliyyət göstərəcək lektoriyada mühazirələr oxunacaq, startapçılar çıxış edəcək və təqdimatlar nümayiş olunacaq. Səhnədə isə respublika və beynəlxalq yarışların qalibləri, müsabiqə laureatları öz bacarıqlarını təqdim edəcək və milli rəqslər ifa olunacaq. Sərgidə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fransız-Azərbaycan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dillər Universiteti və ümumilikdə 14 ali təhsil müəssisəsinin stendləri yer alacaq. Sərgi çərçivəsində Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, kollec, ümumi təhsil müəssisələri və təhsil mərkəzlərini təqdim edəcəklər. Bu il Təhsil sərgisi geniş işgüzar proqramı ilə fərqlənəcək, həmçinin sərgi çərçivəsində “Mənim gələcək peşəm və ona gedən yol” adlı seminar təşkil olunacaq. Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavriatura, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim ediləcək. Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər. Sərgi haqqında ətraflı məlumatı, eləcə də elektron dəvətnaməni www.eduexpo.az saytından əldə etmək mümkündür. Sərginin baş sponsoru Respublika fənn olimpiadalarının təşkilinə və “Azərbaycan üçün öyrət” proqramının həyata keçirilməsinə dəstək göstərən “Kapital Bank”dır. Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən də dəstəklənir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” (“CEO”) şirkətidir.
02/10/2017 09:47
Təhsil naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edib
Sentyabrın 30-da təhsil naziri Mikayıl Cabbarov Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Abşeron, Qubadlı, Zəngilan, Kəlbəcər rayon və Sumqayıt şəhər sakinlərini qəbul edib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Abşeron rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edib. Vətəndaşlar müəllimlərin yerdəyişməsi və işə qəbulu, inklüziv təhsil, diaqnostik qiymətləndirmədə iştirak, diplomların verilməsi, təhsil sənədlərinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq struktur bölmələrinə və yerli təhsili idarəetmə qurumlarına tapşırıqlar verilib, əksər məsələlər isə yerindəcə həllini tapıb.
30/09/2017 17:07
“Təhsil və məşğulluq” üzrə Daimi Şuranın iclası keçirilib
Sentyabrın 29-da Təhsil Nazirliyi yanında “Təhsil və məşğulluq” üzrə Daimi Şuranın iclası keçirilib. Daimi Şuranın sədri, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev ölkəmizdə rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması və bu sahədə həyata keçirilən islahatların, o cümlədən əmək bazarının dəyişən tələblərinə uyğun kadr hazırlığının vacibliyini qeyd edib, Daimi Şuranın yaranmasının və fəaliyyətinin əhəmiyyəti barədə məlumat verib. İclasda şuranın fəaliyyətinin əsas prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə edilib. Qeyd edək ki, təhsil siyasətinin cəmiyyətdə hər bir vətəndaşın həyatında mühüm rolunu nəzərə alaraq, aparılan islahatların səmərəliliyinin və nəticəyönümlülüyünün artırılması, təhsilin bütün pillələrində əmək bazarına uyğun rəqabətqabiliyyətli kadr hazırlığının təmin olunması sahəsində təklif və tövsiyələrin verilməsi məqsədilə Təhsil Nazirliyi yanında “Təhsil və məşğulluq” üzrə Daimi Şura yaradılıb. Daimi Şurada müvafiq nazirliklərin, aparıcı ali təhsil müəssisələrinin, ictimai təşkilatların, özəl sektorun nümayəndələri və müstəqil ekspertlər fəaliyyət göstərir.
29/09/2017 16:51
Oxumağı vərdişə çevirək!
Və yaxud #hərgünoxu Kitab oxumağın, mütaliə ilə məşğul olmağın insanın dünyagörüşünün artmasında, yüksək intellektə malik olmasında, bədii-estetik zövqünün formalaşmasında müstəsna əhəmiyyət kəsb etdiyini yaxşı bilirik. Kitab oxumaqdan, mütaliə etməkdən söz düşəndə yaşlı nəsil yaşadığı uşaqlıq, gənclik dövrünü belə xatırlayır: “Bir vaxtlar kitab əlimizdən düşməzdi. Hara gedərdiksə, yanımızda mütləq oxumaq üçün kitab olardı”. Xüsusən ictimai nəqliyyatda, metrolarda, avtobuslarda, parklarda mütaliə edən çoxlu sayda insan var idi. Onların arasında böyüklərlə yanaşı, uşaqlara da rast gəlinirdi. O zaman bu bir ənənəyə çevrilmişdi və hansı sahədə işləməsindən asılı olmayaraq hər bir kəsin evində kitabxana olardı, burada müxtəlif mövzularda kitablar saxlanılardı. Hamı mütaliə edir, düşüncə tərzini, bədii təfəkkürünü formalaşdırırdı, özünü oxuduğu əsərin müsbət qəhrəmanına oxşatmaq istəyirdi. İnsanlarda mütaliə mədəniyyəti formalaşmışdı. Nostalji hisslər yaşayan yaşlı nəslin xatirələri və yaşadığımız müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı... Təbii ki, yaşananlar, mövcud olmuş ənənə və hazırkı zamanın tələbləri heç də bir-biri ilə uzlaşmır. İKT bizim artıq bir həyat tərzimizə çevrilib. Bu, danılmaz faktdır. Təbii ki, bugünkü yeniyetmə və gənclər informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə sələflərindən tamamilə fərqli tərzdə, fərqli ortamda böyüyürlər. Çox təəssüf ki, yeniyetmə və gənclərimiz bəzən vaxtlarını müxtəlif sosial şəbəkələrdə, sözün həqiqi mənasında, səmərəsiz keçirməklə məşğul olurlar. Əslində isə həmin vaxtını onlar daha maraqlı bir işlə -əlinə kitab götürüb oxuya və ya mütaliə etdiyi hər hansı bir əsəri öz yoldaşları ilə müzakirə edə bilər. Və yuxarıda qeyd etdiyimiz bu tendensiya təkcə bizdə deyil, əksər ölkələrdə də mövcuddur. Elmi-texniki tərəqqinin sürətli inkişafı ilə əlaqədar insanların məşğulluq və maraq dairəsi, ildən-ilə təkmilləşən informasiya vasitələrindən istifadə, eyni zamanda buradan məlumatlanmaq imkanları genişlənsə də, mütaliə özünüinkişaf üçün ən klassik və səmərəli vərdiş olaraq qalmaqdadır. Çünki ölkənin inkişafı və çiçəklənməsi məhz ilk növbədə onun oxumuş və müvafiq olaraq inkişaf etmiş erudisiyalı əhalisindən asılıdır. Məsələnin aktuallığını nəzərə alan Təhsil Nazirliyi öz fəaliyyətində bunu xüsusi diqqətdə saxlayır. Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” 16 dekabr 2014-cü il tarixli əmrindən sonra bu istiqamətdə mühüm addımlar atıldı, bir-birindən maraqlı layihələrin icrasına başlanıldı. 2015-2016-cı dərs ilindən başlayaraq ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsinə start verildi ki, burada da əsas məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdir. Şagirdlərdə mütaliə həvəsini daha da gücləndirmək məqsədilə hazırlanan digər maraqlı bir layihə “Məktəblilər üçün oxu”dur. Qeyd edək ki, Təhsil TV layihə çərçivəsində tanınmış şəxslərin iştirakı ilə dərsliklərdə yer alan, eləcə də sinifdənxaric oxu üçün nəzərdə tutulan onlarla əsərin video formatını hazırlayıb. Adıçəkilən layihədə millət vəkilləri, tanınmış ictimai xadimlər, yazıçılar, mədəniyyət işçiləri, jurnalistlər iştirak edərək Azərbaycan və dünya ədəbiyyatından müxtəlif əsərləri oxuyurlar. Mütaliə vərdişlərini daha da inkişaf etdirmək məqsədilə Təhsil TV-nin bu mövzuda hazırladığı digər veriliş isə “Qiraətçi” adlanır. Bu verilişdə şagirdlər müəllimlərinin, eləcə də mütəxəssislərin iştirakı ilə mütaliə etdikləri bədii əsər barədə fikir mübadiləsi aparırlar. Qeyd edək ki, bu verilişlər Təhsil TV ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın ilk uşaq televiziya kanalı “Günəş” ARB-də yayımlanır. Təhsil Nazirliyinin yeni tədris ilindən - sentyabrın 22-dən reallaşdırdığı “Oxumağı vərdişə çevirək!” şüarı altında keçirilən növbəti layihəsi isə çox qısa bir zamanda sosial şəbəkə istifadəçiləri tərəfindən marağa səbəb olub. Şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına yönələn bu layihədə hər bir kəs oxuduğu kitabın fotosunu çəkərək #hərgünoxu haşteqi ilə sosial şəbəkələrdə paylaşım etməklə və dostlarını da oxumağa dəvət etməklə bizim cəmiyyətdə də kitab oxumaq mədəniyyətini göstərmiş olacaq. Sosial şəbəkələrdə layihəyə ilk dəstək verən müxtəlif sənət sahibləri - aktyor Kamran Ağabalayev, “Kim? Harada? Nə vaxt?” elitar klubunun tanınmış oyunçusu Balaş Qasımov, “Voice of Azerbaijan” televiziya agentliyinin rəhbəri Şakir Eminbəyli, model, bloqer Natella Kərimova, radioaparıcı İlahə Şıxlinskaya, Lənkərandan tarix müəllimi Həbib Əlizadə və adlarını çəkmədiyimiz neçə-neçə insan bu layihədə iştirakdan böyük zövq aldıqlarını bildiriblər. Oxuduqları kitabların fotolarını paylaşan bu ilklərin şərhləri də orijinal və maraqlıdır. Fərqli yanaşma, zövq müxtəlifliyi olsa da, məqsəd birdir: yeniyetmə və gənclərə nümunə, eyni zamanda dəstək olmaq. Onlar öz şərhləri, oxuduqları kitabla bağlı fikir və mülahizələri ilə şagirdlərdə elə zövq formalaşdırırlar ki, artıq kitab oxumaq istəyənlər seçim etməkdə də çətinlik çəkmirlər. Bir nüansı da unutmayaq ki, uşağın kitaba nə dərəcədə marağı olması birinci növbədə onun tərbiyə aldığı ailədən qaynaqlanır. Bunun üçün isə təkcə məktəblərdə deyil, evdə də valideynlər tərəfindən uşaqda kitaba maraq yaradılmalı, onlarda lap erkən yaşlarından mütaliəyə alışdırmaq mədəniyyəti formalaşdırılmalıdır. Sonda... “Hər kim kitab oxumursa düzgün fikirləşə bilməz”. Bu fikir fransız maarifçilərinin görkəmli nümayəndəsi olan Deni Didroya aiddir. Çalışaq ki, düzgün fikirləşmək üçün kitab oxuyaq və bunu vərdişə çevirək. Təhsil Nazirliyi növbəti uğurlu layihənin başlanğıcını qoymaqla, əslində, yaşlı nəslin indi nostalji hisslərlə xatırladığı gözəl bir ənənənin - bir zamanlar mövcud olmuş mütaliə mədəniyyətini, oxumaq həvəsini, kitaba marağı yenidən bizlərə qaytarır. “Azərbaycan müəllimi” qəzeti
29/09/2017 14:36
Məktəbəhazırlıq qruplarının müəllimləri üçün təlimlər
2017-2018-ci tədris ilində Bakı şəhərindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimləri üçün təşkil olunan ixtisasartırma təlimləri davam edir. “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə keçirilən təlimlər YUNİSEF-in elmi-metodik dəstəyi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun rəhbərliyi ilə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən təşkil olunub. Təlimlərin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında məşğələlər keçəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdır. Məktəbəhazırlıq qruplarında dərs deyəcək 870 ibtidai sinif müəllimi üçün təşkil olunan ixtisasartırma təlimlərinin oktyabrın 1-dək yekunlaşdırılması planlaşdırılır. İxtisasartırma təlimlərinin müdavimlərinə TİPİİ tərəfindən təşkil ediləcək yekun qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq sertifikatlar veriləcək. Həmin müəllimlər oktyabrın 2-dən fəaliyyətə başlayacaq məktəbəhazırlıq qruplarında məşğələlər keçəcəklər. Qeyd edək ki, 2017-2018-ci tədris ilində ilk dəfə olaraq paytaxt məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər mentor xidmətindən yararlana biləcəklər. Belə ki, xüsusi hazırlıq keçmiş mentorlar məşğələlərə qatılacaq, müəllimlərə elmi-metodik və təcrübi dəstək göstərəcək, onlar üçün qrup müzakirələri təşkil edəcəklər.
29/09/2017 11:56
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı