I sinfə qəbul üzrə 12 mindən çox sorğu yerləşdirilib
Martın 12-dən start verilən 2018-2019-cu tədris ili üçün elektron sistem vasitəsilə Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu davam edir. Martın 15-nə olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə bu bölgələr üzrə I sinfə qəbul üçün 12 mindən çox sorğu yerləşdirilib. Belə ki, Abşeron rayonu üzrə 4366, Gəncə şəhəri üzrə 3220, Sumqayıt şəhəri üzrə 4342 nəfərin sorğusu qeydə alınıb. Bu bölgələr üzrə I sinfə gedəcək şagirdlərin sayı 17 873 nəfər olacağı proqnozlaşdırılır. I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin www.mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Belə ki, məktəbəhazırlıq qruplarındakı 8000-dən çox uşaq avtomatik I sinfə qəbul üzrə qeydə alınıb. Bu da həmin şəhər və rayonlar üzrə I sinfə gedəcək şagirdlərin 60 faizi deməkdir. Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə ərizələrin onlayn qeydiyyatı 15 sentyabr 2018-ci il tarixədək davam edəcək. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər. Eyni zamanda Gəncə şəhəri üzrə 1, Sumqayıt şəhəri üzrə 1 və Abşeron rayonu üzrə 1 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşkil olunacaq. Qeyd edək ki, fevralın 22-dən Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların, eləcə də Bakı şəhərindəki dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib. 2018-2019-cu tədris ilində elektron sistem vasitəsilə uşaqların I sinfə qəbulu barədə ətraflı məlumatı videotəlimatdan almaq mümkündür (https://www.youtube.com/watch?v=KRMGV9hTHq8). I sinfə elektron sistem vasitəsilə şagird qəbulu haqqında məlumatlar: http://edu.gov.az/az/page/522
15/03/2018 17:23
Beynəlxalq proqramın iştirakçıları üçün seminar-dərslər
Paytaxt məktəblərində PİSA-2018 beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək şagirdlər üçün seminar-dərslər təşkil olunur. Seminar-dərslərin keçirilməsində əsas məqsəd məktəbliləri PİSA-2018 beynəlxalq qiymətləndirmə tədqiqatı, həmçinin, qiymətləndirmə zamanı tətbiq edilən qayda və üsullar barədə məlumatlandırmaq, eləcə də şagirdlərdə müvafiq mətnlər üzrə işləmək vərdişləri formalaşdırmaqdan ibarətdir. Seminar-dərslərdə 2017-ci ilin iyun və dekabr aylarında təşkil olunmuş sınaq qiymətləndirmələrdə yüksək nəticə göstərmiş 2002-ci il təvəllüdlü şagirdlər iştirak edir. Beynəlxalq qiymətləndirmə üzrə koordinatorlar tərəfindən keçirilən seminar-dərslərin aprelin ilk ongünlüyündə yekunlaşdırılması nəzərdə tutulur. Beynəlxalq qiymətləndirmə tədqiqatının elektron əsaslı olması nəzərə alınaraq məktəblilərin istifadəsi üçün www.istedad.edu.az saytı da yaradılıb. Saytda Azərbaycan dili, kimya, fizika, biologiya, coğrafiya və riyaziyyat fənləri üzrə simulyativ tapşırıqlar yerləşdirilib. Qeyd edək ki, paytaxt məktəbliləri bu ilin aprel və mayında PİSA beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək.
15/03/2018 15:40
1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Novruz şənliyi
Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Novruz bayramı münasibəti ilə şənlik keçirilib. Tədbirin keçirilməsində məqsəd Azərbaycanda yaşayan çoxsaylı xalqların nümayəndələrinə milli adət-ənənələrimizi, mədəniyyət və incəsənətimizi, xalq folklorumuzu, mətbəximizi tanıtmaq, məktəbdənkənar dərnək üzvlərinin asudə vaxtının səmərəli təşkil olunmasından ibarət olub. Tədbirdə Novruz bayramının milli bayramlar kimi qeyd olunduğu İran, Əfqanıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Pakistan, Qazaxıstan, Misir, Dubay, Hindistan, Qətər və Türkiyədən nümayəndələr də iştirak edib. Tədbir zamanı mərkəzin həyətində milli adət-ənənələrimizi özündə əks etdirən dekorasiyalar, Novruz bayramına həsr edilmiş rəsm və əl işlərindən ibarət sərgi nümayiş olunub. Qonaqlar mərkəzin dərnək üzvlərinin iştirakı ilə bir-birindən maraqlı səhnələrə, oyunlara, rəqslərə tamaşa edib, uşaqların ifasında musiqi, şeir, mövsum və mərasim nəğmələrini dinləyiblər. Şənlikdə Dədə Qorqud, Novruz personajları Bahar qızı, Kosa və Keçəl, Azərbaycan nağıl qəhrəmanları iştirak edib, novruz tonqalı alovlandırılıb.
15/03/2018 12:03
“Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri 11 medal qazanıb
Türkiyənin İstanbul şəhərində karate idman növü üzrə beynəlxalq turnir keçirilib. 26 ölkədən 1682 idmançının qatıldığı turnirdə “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası 20 idmançı ilə təmsil olunub. Mərkəzin yetirmələri 4 qızıl, 2 gümüş, 4 bürünc medal qazanıb, 14-15 yaşlı idmançılar 16 komanda arasında komanda hesabında II yerə layiq görülüb.
14/03/2018 10:41
İnternat məktəbində bayram şənliyi
Martın 13-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbində Novruz şənliyi keçirilib. Şənlikdə Təhsil Nazirliyinin, Xəzər Rayon İcra Hakimiyyətinin, YAP-ın Xəzər rayon təşkilatının əməkdaşları və KİV nümayəndələri iştirak edib. Əvvəlcə qonaqlar “Köhnə və yeni Bakı” dekorasiyaları, qədim xalq sənəti nümunələri ilə bəzədilən internat məktəbinin həyətində dekorativ sənət, rəsm və toxuculuq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sonra məktəbin dram dərnəyinin üzvlərinin iştirakı ilə “Keçəlin saqqalı və Kosanın saçı” adlı tamaşa nümayiş olunub. Uşaqların ifasında Novruz bayramının adət-ənənələrini özündə əks etdirən səhnəciklər təqdim edilib, milli rəqslərimiz ifa olunub, uşaqlar Kosa və Keçəl ilə birgə rəqs edib, mahnı oxuyublar. Qeyd edək ki, 1979-cu ildə yaradılan internat məktəbi 2005-ci ildən ümumi orta təhsili təmin edən təhsil müəssisəsi kimi fəaliyyət göstərir. İnternat məktəbi 2014-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub və müasir tələblərə cavab verən avadanlıqla təchiz edilib. Hazırda müəssisədə 154 şagird təhsil alır, onlardan 69 nəfəri burada gecələyir. Uşaqların təlim tərbiyəsi ilə 60 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. İnternat məktəbində “Xalçaçılıq texnologiyası” fənni tədris edilir. Şagirdlər ümumi təhsil almaqla yanaşı xalçaçılıq sənətinə də yiyələnirlər. Təhsil müəssisəsində şahmat dərnəyi də fəaliyyət göstərir. Məktəbin şagirdlərindən ibarət futbol komandası mütəmadi olaraq respublika daxilində keçirilən idman yarışlarında iştirak edir. İnternat məktəbi 2016-2017-ci tədris ilindən “Sağlam təhsil-sağlam millət” layihəsinə cəlb edilib.
13/03/2018 16:16
Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib
Martın 12-dən 2018-2019-cu tədris ili üçün elektron sistem vasitəsilə Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib. I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin www.mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Belə ki, məktəbəhazırlıq qruplarındakı 8000-dən çox uşaq avtomatik I sinfə qəbul üzrə qeydə alınıb. Bu da həmin şəhər və rayonlar üzrə I sinfə gedəcək şagirdlərin 60 faizi deməkdir. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bu qayda 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur. Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə ərizələrin onlayn qeydiyyatı 12 mart 2018-ci il tarixindən 15 sentyabr 2018-ci il tarixədək həyata keçirilir. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər. Eyni zamanda Gəncə şəhəri üzrə 1, Sumqayıt şəhəri üzrə 1 və Abşeron rayonu üzrə 1 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşkil olunacaq. Qeyd edək ki, fevralın 22-dən Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların, eləcə də Bakı şəhərindəki dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib. 2018-2019-cu tədris ilində elektron sistem vasitəsilə uşaqların I sinfə qəbulu barədə ətraflı məlumatı videotəlimatdan almaq mümkündür (https://www.youtube.com/watch?v=KRMGV9hTHq8). I sinfə elektron sistem vasitəsilə şagird qəbulu haqqında məlumatlar: http://edu.gov.az/az/page/522
12/03/2018 11:18
Məntiq olimpiadasının qalibləri mükafatlandırılıb
Martın 9-da Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva, İSTƏK liseyinin direktoru Samir Şəmiyev, BŞTİ-nin struktur bölmə rəhbərləri, məktəb direktorları, təhsil ictimaiyyətinin nümayəndələri, valideynlər, şagirdlər və KİV nümayəndələri iştirak ediblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 20 nömrəli məktəb-liseydə təşkil olunan tədbirdə öncə olimpiadanın gedişi və qaliblərdən bəhs edən videoçarx nümayiş olunub, olimpiada haqqında qısa hesabat nəzərə çatdırılıb. Təhsil nazirinin müavini Firudin Qurbanov bilik yarışının qaliblərini təbrik edib, olimpiadanın istedadlı məktəblilərin formalaşdırılmasındakı müstəsna rolundan danışıb. F.Qurbanov son illərdə təhsil sahəsində şagirdlərin bilik və bacarıqlarının inkişafı istiqamətində böyük işlər görüldüyünü bildirib. İstedadlı şagirdlərin seçilib inkişaf etdirilməsində Olimpiadalara Hazırlıq Mərkəzlərinin fəaliyyətini xüsusi vurğulayan nazir müavini gələcəkdə məntiq olimpiadasının coğrafiyasının daha da genişləndirilməsinin mümkünlüyünü nəzərə çatdırıb. BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onları həvəsləndirmək, məktəblilər arasında məntiqə olan marağı artırmaq istiqamətində müvafiq addımlar atıldığını bildirib. M.Vəliyeva artıq 2-ci ildir ki, V-VI sinif şagirdləri arasında təşkil olunan Lütfi Zadə adına Məntiq Olimpiadasının məktəblilər tərəfindən maraqla qarşılandığını söyləyib. II Məntiq Olimpiadasının final mərhələsində 1859 şagirdin iştirak etdiyini deyən İdarə müdiri onlardan 59 nəfərin finalda 80 faiz həddi keçərək mükafatçılar siyahısına düşdüyünü, 842 şagirdin isə 50-80 faiz arasında nəticə göstərərək olimpiadanın final turunda fəal iştirakına görə sertifikata layiq görüldüyünü qeyd edib. İSTƏK liseyinin direktoru Samir Şəmiyev Məntiq Olimpiadasının Azərbaycanda məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdlərin istedadlarının erkən yaşlarda aşkarlanması və onların dünya olimpiadalarında ölkəmizi layiqincə təmsil etməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmri əsasında BŞTİ və İSTƏK liseyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir. Sonda olimpiadada yüksək nəticələr əldə etmiş şagirdlərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunub. Onu da qeyd edək ki, martın 15-i Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadasına start veriləcək.
10/03/2018 10:17
Sevimli fənnə çevrilən informatika
Yeni formatda tədris müəllim və şagirdlərlə yanaşı, valideynlər üçün də böyük dəyişikliklər gətirib Bakı Avropa Liseyi. Təlim otağında V sinif şagirdlərinə informatika dərsi keçilir. Amma bu dərs bildiyimiz ənənəvi dərslərdən deyil. Uşaqlar kompüter arxasında yerini alıb. Hər kəsin diqqəti tapşırığındadır. Rahilə Əlyarzadənin dərsidir. Bu tapşırığı kim tez yerinə yetirəcək? Kim yanlış yoldadır? Kim tələsməlidir? Müəllim ekranda hər şeyi görür. Uşaqların başının üstünü kəsdirmədən onları izləyə bilir. Tədris olunan informatika fənnidir, ancaq tam fərqli formatda. Özü də sadəcə Bakı Avropa Liseyində deyil. Bakı şəhərindəki ümumilikdə 45 məktəbdə V siniflərdə informatikanın yeni formatda tədrisinə başlanılıb. Nəticədə informatikanın tədrisi proqramı tamamilə dəyişib. Təhsildə keyfiyyətə doğru bir addım Təhsildə keyfiyyətə nail olmaq üçün Təhsil Nazirliyi böyük araşdırmalara əsaslanan islahatları davam etdirir. Hər tədris ilinin başlanğıcında bir yeniliyə start verilir. Bu tədris ilindən isə informatika fənninin tədrisi üzrə pilot layihəyə başlanılıb. Tədris ilinin hələ yarısı olmasına baxmayaraq, layihə məktəblərdə, valideynlər arasında böyük əks-səda doğurub. Layihənin rəhbəri Fəxri Qurbanov “Azərbaycan müəllimi” qəzetilə söhbətində deyib ki, layihə başlamadan Təhsil Nazirliyi geniş araşdırma aparıb. Bu istiqamət üzrə ixtisaslaşan şirkətlərin işinin təhlilindən sonra onlardan birinin üzərində dayanılıb. Elə hesab edilib ki, Təhsil Nazirliyinin Azərbaycan məktəblərində informatikanın tədrisində nail olmaq istədiyi nəticəyə məhz “Alqoritmika” beynəlxalq təhsil şirkəti ilə çatmaq mümkündür. Çünki həmin şirkət proqramlaşdırmanı yeni üsullarla, ən yaxşı beynəlxalq təcrübələri özündə birləşdirən pedaqoqların yaratdığı məzmun əsasında öyrədir. Həmin şirkət Azərbaycana bu xidməti fərdi qaydada həyata keçirmək üçün deyil, məktəblərdə uşaqlara dərs proqramı çərçivəsində keçirilməsini təşkil etmək üçün dəvət edilib. Layihə uşaqlara nə verəcək? Dərslər praktik məşğələlərdən ibarətdir. F.Qurbanov deyir ki, informatikanı uşaqlara sadəcə nəzəriyyə əsasında öyrətmək olmaz: “Bu, riyaziyyat, ya da tarix deyil. İnformatika, proqramlaşdırma bilik deyil, bacarıqdır. Onu öyrənmək üçün səriştə lazımdır”. Şagirdlərin bu dərsdə daha çox öyrənməsi üçün ənənəvi informatika dərslərinin saatından tutmuş proqramına qədər hər şey dəyişdirilib. Məsələn, dərs saatı artırılıb. Şagird sayının azalması və ayrılan vaxt ərzində müəllimin hamıya daha çox vaxt ayırmasını təmin etmək məqsədi ilə hər sinif iki qrupa bölünüb. İki yerə bölünən siniflərdən birindəyik. Rəna bir qrupda, Hüseynlə Səməd ikinci qrupdadır. Hər iki qrupda dərs maraqlı keçir. “Çətin məsələləri həll etməyin yollarını öyrənirik” V sinif şagirdi Hüseyn Babayev danışır ki, dərsdə əsas obrazları proqramlaşdıraraq öz obrazlarını da təkmilləşdirirlər: “İnformatika dərsində biz əsas obrazları proqramlaşdırırıq. Bu yolla məntiqimiz inkişaf edir. Əsas bilik, bacarıqlarımız formalaşır və gələcəkdə çətin məsələləri həll etməyin yollarını öyrənirik. Dərs çox xoşuma gəlir. Özümün də kompüterə böyük marağım var. Ancaq ilk aylarda verilən tapşırıqların öhdəsindən gəlməkdə çətinlik çəkirdim. Müəllimimin köməyi ilə artıq çətinliklər arxada qalıb”. “Bu dərsdə öyrəndiyimiz hər şey gələcəkdə bizə lazım olacaq” Səməd Əlizadə hesab edir ki, bu dərs onu gələcəyə hazırlayır: “İnformatika fənnini bu formada bu ilin əvvəlindən keçməyə başlasaq da, artıq sinfimizin sevimli fənninə çevrilib. Əvvəllər bəzi yoldaşlarımız çətinlik çəkirdi. Onlar indi daha yaxşı nəticələr göstərə bilirlər. Həm valideynlərinin və sevimli müəllimimiz Rahilə xanımın köməyi, həm də hər biri öz səyi ilə indi bu fənni daha asan mənimsəməyə başlayıblar. Sinifdə olduğu kimi, evdə də məşğul oluruq və bu da imkan verir ki, vaxtımızı düzgün dəyərləndirib bu fəndən daha çox bacarıq, səriştə qazanaq. Çünki səriştə çox önəmlidir. Gələcək peşələr hazırda informatika dərsində bizim öyrəndiyimiz sistem əsasında qurulur. Yəni bu dərsdə öyrəndiyimiz hər şey gələcəkdə bizə lazım olacaq. Ümid edirəm ki, bu fənn bizə məktəbi bitirənədək tədris olunacaq”. “Labirintlərlə iş”ləyib dil bilgilərini təkmilləşdirirlər Rəna Quliyeva isə fənlər arasındakı əlaqə qurmağından danışıb: “İnformatika çox maraqlı fəndir. “Labirintlərlə iş”, “Raketlərin boşaldılması” kimi mövzularla işləyərkən bu fənni xüsusilə maraqla öyrənirəm. İnformatika ilə sadəcə kompüter biliklərimiz artmır. Tapşırıqları həll edərkən riyazi biliklərimizdən istifadə etməli oluruq. Rus və ingilis dillərindən sözləri Azərbaycan dilinə tərcümə edirik. Nəticədə dil bilgilərimiz də təkmilləşir. Odur ki, biz bu fənni çox sevirik”. Daim nəzarət altında olan bir sistem qurulub Şagirdlərin ağızdolusu danışdığı dərs üçün hər şey xüsusi hazırlanıb. Daim nəzarət altında olan sistem qurulub. Burada müəllimlərin dərsinə mütəmadi nəzarət edilir, dərsin keyfiyyəti daim ölçülür. Layihənin koordinatorları gün ərzində kurasiyasında olan müəllimləri izləyir. Kimin dərsinin necə alındığı, mövzunu qrupun neçə faizinin mənimsədiyi müəyyən edilir. Ümumi sistemdə dərsin mövzusu, şagirdin tapşırığı necə yerinə yetirdiyini görmək mümkün olur. F.Qurbanovun sözlərinə görə, mövcud sistemə koordinatorlar və müəllimlərlə yanaşı, Təhsil Nazirliyindən də daxil olub istənilən məktəbdə, istənilən dərsin nəticələrinə baxa bilirlər: “Hər hansı problem müşahidə olunarsa, dərhal səbəblə maraqlanırıq. Məsələn, dərsdə iştirak etməyənlərin sayı və intensivliyi, tapşırıqları yerinə yetirmə göstəriciləri və faizi narahatlıq doğurursa, dərhal müəllimlə əlaqə saxlanılır”. İnformatika müəllimi Rahilə Əliyarzadə deyir ki, bu sistemdə uşaqların nəsə öyrənməməsi mümkün deyil. Müəllimlərə və dərsə daimi nəzarət olduğundan iştirak və mənimsəmə faizi aşağı düşən kimi maraqlanırlar: “Müəllimin dərs prosesində nəticəsi zəifdirsə, mövzunu daha az uşaq mənimsəyirsə, mənimsəyənlər 50 faizdən aşağıdırsa, müəllimə əlavə dərs saatı keçmək təklif olunur”. Seçilmişlər: əvvəl seçilib, sonra... Rahilə müəllim layihəyə dərs demək üçün seçilən müəllimlərdəndir. Əvvəlcə seçilib, sonra hazırlığa cəlb edilən 190 müəllimdən biri olub. F.Qurbanovun sözlərinə görə, informatikanın əvvəllər bu intensivlikdə tədrisi aparılmadığından əlavə problemlərə səbəb ola biləcəyi nəzərə alınıb. Odur ki, işə müəllim resurlarından başlanılıb. Müəllimlərin peşəkar inkişafını təmin etmək üçün layihəyə başlamadan müəllim hazırlığına başlanılıb. 3 meyar üzrə - məzmunu başa düşmək bacarığı, uşaqlara çatdırma bacarığı və şagirdlərin dərsdə fəallığını təmin etmə bacarığı üzrə seçilən müəllimlər təlimlərə cəlb edilib. Əvvəlcə müəllimlərə hər hansı dərs verilib. Mövzu müəllimin elektron ünvanına göndərilib və müəllim onu imtahana qədər oxuyaraq test rejimində tədris edib. Bununla müəyyən edilib ki, V sinif şagirdinin başa düşməli olduğu məzmunu müəllim özü bilir, yoxsa yox. “Tədris saatının artması müəllimlərin motivasiyasının yüksəlməsinə səbəb olub” Layihəyə cəlb edilən müəllimlərin böyük əksəriyyəti cavanlardır. “Bu da son illərdə müəllimlik peşəsinə gənclərin artan marağı ilə izah oluna bilər. Bu peşənin hər il artan nüfuzunun bəhrəsini layihənin tətbiqi zamanı da gördük”, - deyən Fəxri Qurbanov onların seçimindən, hazırlığından da danışıb. Qərar belə olub ki, müəllim dərs keçməyə hazır olmadan dərsə girə bilməz. Bu prinsiplə hər müəllimə 36 saat təlim keçilib. Qavramaqda çətinlik çəkən müəllimlərə əlavə saatlar da ayrılıb. Hətta 72 saata qədər vaxt ayrılan müəllim belə olub. Lakin təlimlə də iş bitməyib. Müəllimlə bağlı qəti fikir yürütmək üçün 12 dərs keçməsi tələb olunur. Bu da tədris prosesinin 20 faizi deməkdir. 12 dərsdən sonra sinifdə vəziyyət yaxşı deyilsə, yəni başqa siniflərdən çox zəifdirsə, müəllimlə bağlı tədbir görülür. Müəllimlərin prosesə çox fəal qoşulduğunu, dərslərə xüsusi həvəs göstərdiyini, öz üzərində çox işlədiyini vurğulayan F.Qurbanov bunda informatikaya ayrılan saatın artmasının da rolu olduğunu söyləyib: “Tədris saatının artması əmək haqqının artmasına və müəllimlərin motivasiyasının yüksəlməsinə gətirib çıxarıb”. Tarix, ədəbiyyat müəllimləri informatika dərsində Saatların artmasını nəzərə alaraq peşəkar informatika müəllimləri çatışmazlığı ilə qarşılaşmamaq üçün pilot layihə çərçivəsində İKT bacarıqları yüksək olan digər fənn müəllimləri də layihəyə cəlb edilib. Onların arasında riyaziyyat, fizika, tarix, hətta ədəbiyyat müəllimləri də var. İKT bilikləri, kompüterdən istifadə etmə imkanları çox yüksək həmin müəllimlər layihəyə cəlb edilənlərin 30 faizini təşkil edir. Yəni,190 müəllimin 70-i başqa fənn müəllimidir. F.Qurbanovun sözlərinə görə, bu təcrübə uğurla davam edir: “Uğurlu da olsa, hələlik eksperimentdir və özünü doğruldarsa, gələcəkdə Təhsil Nazirliyində məsələ qaldırıb bu təcrübənin genişləndirilməsinə nail olmaq mümkündür. Bu, beynəlxalq təhsil şirkətinin tövsiyəsi əsasında qəbul edilən qərardır. Şirkətin başqa ölkələrdəki təcrübəsi Azərbaycanda da belə qərar verərkən əsas rol oynayıb. İnformatikanın tədrisinə başqa ölkələrdə nəinki ayrı-ayrı ixtisas üzrə pedaqoqlar, hətta tam fərqli ixtisas sahələri üzrə peşəkar kadrlar da cəlb olunub”. Bəs, məktəblər necə seçilib? Layihədə iştirak edən məktəblər necə seçilib? Yəqin siz də elə düşünəcəksiniz ki, kompüteri çox, ən müasir avadanlıqlarla təchiz olunan 45 məktəbdən söhbət gedir? Yanılırsınız. Məktəblər seçilərkən nəzərə alınan meyarlar tamamilə fərqlidir. Layihədə məktəblərin texniki təchizatı deyil, daha böyük olması, siniflərin və sinifdəki şagirdlərin sayının daha çox olması nəzərə alınıb. Həmin meyarlar sadəcə mərkəzdəki məktəblərdə deyil, Bakının ən ucqar məktəblərində axtarılıb. Nəticədə Hövsanda, Fatmayıda, Lökbatanda, Suraxanı rayonunda, hətta Şüvəlanda yerləşən Makarenko adına gimnaziyada belə, informatikanın yeni formatda tədrisi gerçəkləşdirilib. Layihə rəhbəri deyir ki, bu yolla informatika fənnini daha çox şagirdə tam yeni formatda təlqin etməyin mümkün olacağını düşünüblər. Bütün məktəblərdə texniki təchizat layihənin tələblərinə uyğun qurulub. Təhsil sisteminin İnformasiyalaşdırılması İdarəsi və Əsaslı Təchizat və Tikinti İdarəsinin köməyi ilə 45 məktəb üzrə 42 kompüter sinfi qurulub, bütün məktəblərin internet sürəti artırılıb. Məktəblərdə 2, hətta 4 kompüter sinfi qurulub. 1350-yə yaxın yeni noutbuk paylanıb, 30-a yaxın proyektor, elektron lövhələr, şəbəkə avadanlıqları və s. alınıb. Beləliklə, 45 məktəbdə, 240 sinif üzrə 190 müəllim dərslərə başlayıb: “Eyni tipli məktəblərdə başlasaydıq, gələcəkdə prosesin miqyasını böyüdərkən rastlaşacağımız problemlər haqqında doğru təsəvvürümüz formalaşmazdı. Hazırda hər cür problemlə qarşılaşırıq və problemləri həll etmə təcrübəmiz artır. Komanda olaraq bu tipli problemləri həll etmə səriştəmiz artdıqca miqyaslaşmanı da daha uğurla həyata keçirəcəyimizə inamımız güclənir”. Layihənin 4 üstünlüyü F.Qurbanov layihənin gerçəkləşdirilməsinin 4 əsas üstünlüyünü qeyd edib: “Dərslər uşaqlarda məntiqi düşüncənin inkişafına təkan verir. Layihə işləmə bacarıqları artır. Burada fənlərarası yanaşma var. Tədris fərdiləşdirilir”. R.Əliyarzadə isə müəllim kimi həmin üstünlükləri hiss edir. O, tədris etdiyi dərsin digər siniflərdə tətbiqi davam edən informatika dərslərindən belə fərqləndirir: “21-ci əsrin müasir peşələri İKT yönümlüdür. Həmin peşələrin hər birinin əsasında məhz alqoritmik düşüncə dayanıb. Hazırda tədris etdiyimiz informatika fənnində qarışıq dərs modelindən istifadə olunur. Bu iki qoşa saat ərzində uşaqlar parta arxasında iş dəftərləri ilə tapşırıq yerinə yetirir, sonra müəllimin izah etdiyi komandalarla oyunlar formasında proqramlaşdırma həyata keçirir, video resurslara baxırlar. Dərs prosesində həm qrup, həm də fərdi şəkildə işləyirlər.Uşaqlar sadəcə məktəbdə deyil, evdə də məşğul olmaq imkanına malikdir. Məlumdur ki, 21-ci əsr uşaqları rəqəmsal dövrün uşaqlarıdır. Ona görə də kompüter onların həyatının bir hissəsinə çevrilib. Tətbiq etməkdə olduğumuz dərs modelində bunlar nəzərə alınıb. Uşaqlar xüsusi kodla hər gün yenilənən dərs bazasında öz məntiqi düşüncələri əsasında oyunlar qururlar, cizgi filmləri, rəqəmsal hekayələr yaradırlar”. R.Əliyarzadənin fikrincə, layihənin həm şagirdlərə, həm də müəllimlərə verdiyi dəstək baxımından böyük üstünlükləri var: “Dərsə gəlməyən şagird proqramdan geri qalmır. Evdə də öz profilinə daxil olub yerləşdirilən video görüntülər, materiallar əsasında ötürdüyü dərs barədə məlumat əldə edə bilər. Müəllim üçün bu sistemin üstünlüyü ondan ibarətdir ki, öz profilindən şagirdlərin iştirak səviyyəsini və tapşırığı yerinə yetirməsini izləyə bilir. Başqa bir üstünlük isə müəllimə kömək məqsədilə edilənlərdir. Müəllimə təqdim olunan platformada cədvəli, dərs saatları, müəllim üçün xüsusi metodiki tövsiyələr yerləşdirilib. Bu da onların dərsə hazırlaşmağına böyük dəstəkdir”. Rahilə müəllim deyir ki, bu dərs hər cəhətdən keyfiyyətə xidmət edir: “Sinfin bölünməsi hər uşağa ayrılan zamanı artırır. Qarışıq dərs modeli olması isə onların yorulmasına imkan vermir. Şəffaf qiymətləndirmə metodologiyası qiymətləndirmədə səhvin qarşısını alır”. Bakı Avropa Liseyində həm də İKT üzrə direktor müavini olan R.Əliyarzadə yeni tədris formatının genişləndirilməsinin əhəmiyyətini də qeyd edib: “Elektron məktəblərin sayı kifayət qədərdir. Düşünürəm ki, digər fənlər üzrə də bu metodika tətbiq edilsə, uşaqların dərs yükünü azaltmaq, çantasını yüngülləşdirmək, qiymətləndirmədə şəffaflığa nail olmaq tamamilə asanlaşar. Məktəblərdə başqa fənlər üzrə də bu dərs modelindən istifadə etməklə yaxşı nəticələr əldə etmək olar”. Valideynlərin məsuliyyəti azalıb Rahilə müəllimin sözlərinə görə, informatika fənninin yeni tədris forması valideynlərin də məsuliyyətini azaldıb. Uşaqların kompüterlə işinə çətinliklə də olsa, nəzarət etməyə çalışan valideynlərin artıq belə bir narahatlığı yoxdur. Artıq uşaqlar kompüter qarşısında əyləşəndə dərsdə öyrəndikləri bilik əsasında bacarıqlarını inkişaf etdirirlər. Özü də bunu əylənərək edirlər: “Dərsdə inteqrasiya bir çox istiqamətdə gedir. Yaradıcı və məntiqi potensial inkişaf edir, həyati bacarıqlar formalaşır. Bunun nəticəsidir ki, məktəbi bitirəndə şagird özünün yaratdığı məhsullarla ortaya çıxacaq. Onların hər birinin komanda şəklində virtual işləmək bacarığı formalaşacaq”. Valideynlərdən biri Lalə Zeynalova da təsdiq edir ki, informatikanın yeni formatda tədrisi onun işini yüngülləşdirib. Artıq kompüter həvəskarı oğlunun internetdə gəzintisinin təhlükəli istiqamətlərə yönəlməyəcəyindən əmindir: “Oğlum Əziz gələcəkdə kompüter elmləri və proqramlaşdırma ilə məşğul olmaq istəyir. İnformatika dərsində şagirdə bu baza verilir. Gələcək təhsillərində və karyera qurarkən dərsdə aldıqları bilik onlarına karına gələcək”. 1 faiz 100 faiz olacaq? Ölkədə 4500 məktəb var. 45 məktəbdə fəaliyyətə başlayan layihə bu məktəblərin cəmi 1 faizini əhatə edir. Bəs, bu faiz göstəricisi arta bilər? Layihənin neçə il pilot olaraq davam edəcəyi, nə zaman miqyasının genişləndiriləcəyini indidən demək mümkün deyil. F.Qurbanovun fikrincə, nəticələr təhlil olunandan sonra müəyyən ediləcək ki, növbəti təhsil ilində layihə hansı formada, hansı siniflərdə genişləndirilsin: “Bu il başlayanlar gələn il VI sinifdə oxuyacaqlar. Bu, o deməkdir ki, layihə V və VI siniflərdə davam edəcək. Hansı sürətlə və başqa hansı siniflərdə tətbiq edilməsi imkanları da bu təhlillərin nəticələrinə əsasən müəyyən ediləcək. Lazım gələrsə aşağı, hətta daha yuxarı siniflərdə də yeni formatda tədrisə başlamaq mümkündür”. Beləliklə, layihənin bütün sinifləri əhatə etməsinin neçə ilə mümkünləşəcəyini hələlik demək mümkün deyil. Bütün bunlar qarşıya çıxacaq problemlər, onların həlli yolları, tələb olunan maddi və insan resursları, problemlərin öhdəsindən gəlmə bacarığı və imkanından asılı olacaq: “Qarşımıza çıxan və bundan sonra da rastlaşacağımız problemlər tamamilə yeni olacaq. Çünki artıq illərdir ki, informatikanın tədrisi üzrə proqram yenilənmirdi. Nə məzmununda, nə yanaşmada dəyişiklik edilmişdi. Tam yeni proses tətbiq edildiyindən ortaya çıxacaq çətinliklər də ənənəvi problemlərdən fərqlənəcək”. Yeni və kifayət qədər mürəkkəb olacağı gözlənilən problemlərin öhdəsindən necə gələcəklərini görmək üçün isə sadəcə bu tədris ilinin sonunu gözləmək kifayətdir. “Azərbaycan müəllimi” qəzeti
09/03/2018 15:31
XXI əsrin 21 peşəsi
Gələcəyin tələblərinə cavab verməyin yeganə yolu təkmilləşmək və yeniləşməkdir “Cognizat” konsaltinq qrupunun hesablamalarına görə, 10-15 ildən sonra robotlar ABŞ əhalisinin 12%-ni işsiz qoyacaq. Kimsə hesab edə bilər ki, bu, XXI əsrin acı reallığıdır. Ancaq tarix heç vaxt yerində addımlamayıb. Sürətli dəyişikliklər əsrində işsizlikdən qorxub şikayətlənmək çıxış yolu deyil. İşsiz qalmamaq istəyirsənsə, dəyişməlisən! “Cognizat”ın araşdırmalarının nəticələrindən irəli gələn “Bussines İnsider” nəşri də bu qənaətdədir. Əgər bir neçə ildən sonra işsiz qalmaq istəmirsənsə gələcəyin tələblərinə uyğun peşə seçməli, yaxud ixtisasını yeniləməlisən. “Bussines İnsider” yaxın gələcəkdə 21 tam yeni və bir çoxunun bizə məlum olmadığı peşələrin aktual olacağı qənaətindədir. Əlbəttə, onların əksəriyyəti inkişaf etmiş industrial cəmiyyətlər üçün aktualdır. Məsələn, Asiya və Afrikada hələ də qəbilə münasibətləri ilə yaşayan tayfalar var. Nə biz onları yada salırıq, nə də onlar vəziyyətlərindən xüsusi narahatlıq keçirirlər. Ancaq Azərbaycanın dinamik inkişafda olduğu, dünyadakı siyasi, xüsusilə iqtisadi proseslərlə sıx əlaqəliliyi nöqteyi-nəzərdən mövzu bizim üçün də gündəmdə olmalıdır. Beləliklə, söhbət gələcəyin hansı 21 peşəsindən gedir? 1. Məlumatlarla iş üzrə detektiv. Onların əsas işi internetdən və digər “ağıllı” qurğulardan əldə edilən məlumatın saf-çürük edilməsi olacaq. Bu məlumatları analiz edən mütəxəssis müştərisinə - şirkətə, yaxud ayrıca şəxsə işində nəyi dəyişmək, nəyi yeniləməklə bağlı tövsiyələrini verəcək. Detektivlər məlumatı maksimal şəkildə çoxlu mənbədən almağa çalışacaqlar, hətta ev termostatı və səsli yardımçılardan belə. Müştərilər özləri də keyfiyyətli xidmət naminə ona lazımi informasiyanı verəcəklər. Hazırda bəzi iri korporasiyalar məhsullarını daha yaxşı satmaq üçün bu metoddan istifadə etməyə başlayıblar. Ancaq güman edilir ki, bu peşə bir müddət sonra daha populyar olacaq. 2. Həmsöhbət. Gələcəkdə insanlar daha uzunömürlü olacaqlar. Səbəb biotexnologiyalardır. Ötən yazılarımızdan birində qeyd etmişdik: alimlərin hesablamalarına görə, belə getsə, təqribən 2050-ci ildə elm ölümə qalib gələcək. Yəni bədbəxt hadisələr, intiharlar nəticəsində ölənlər olacaq, ancaq xəstəliklərin demək olar hamısının əlacı tapılacaq. Bax belə bir vəziyyətdə ahıl insanlarla vaxt keçirmək, onlara kömək etmək üçün həmsöhbət peşə sahiblərinə ciddi ehtiyac yaranacaq. Xüsusi öyrədilmiş, təlim keçilmiş şəxslər olacaqlar ki, yaşlılarla vaxt keçirib keçmişin gözəl günləri barədə söhbətlər aparsınlar. 3. Şəhər kiberanalitikləri. Bu peşə sahibləri şəhərdə baş verən bütün hadisələr, əsasən də yollarda nizam-intizama dair məlumatların toplanması və işlənməsi ilə məşğul olacaqlar. Şəhər təsərrüfatının elektrik enerjisi ilə təminatdan tutmuş kanalizasiya xətlərinədək bütün sahələri “ağıllı” qurğular vasitəsilə idarə olunacaq. Şəhər kiberanalitiklərinin bir işi də sıradan çıxmış həmin qurğuları vaxtında görmək və ya təmir etmək, yaxud da yenisi ilə əvəzləməkdir. 4. Əlavə edilmiş reallıqda səyahət layihələndiricisi. Peşələrdən ən qəlizi bəlkə də budur, çünki söhbət əlavə edilmiş virtual reallıqdan gedir. Alimlərin fikrincə, yaxın gələcəkdə ön plana təcrübə iqtisadiyyatı çıxacaq. Yeni hisslər və biliklər verən əyləncə metodlarına ciddi tələbat yaranacaq. Əlavə edilmiş reallığa səyahətlər adi hala çevriləcək, dünyanın dizaynını yaradacaq və layihələndirməsini həyata keçirəcək mütəxəssislər məhz bu peşənin sahibləri olacaqlar. 5. Süni intellekt biznesi üzrə inkişaf meneceri. “Cognizat”ın mütəxəssisləri proqnozlaşdırırlar ki, gələcəkdə süni intellekt daşıyıcıları bir çox sahədə işlərin icraçısı olsalar da, özləri özlərini sata bilməyəcəklər. Elə buna görə də şirkətlərə süni intellektli məhsullara yeni bazarlar tapan və satışı ilə məşğul olan şəxslər lazım olacaq. Necə deyərlər, ticarət asan məsələ deyil. 6. Fitnes-motivasiya üzrə məsləhətçi. Artıq çəki və piylənmə müasir cəmiyyətin problemlərindən biridir. Fitnes-trekerlərin meydana gəlməsinin əsas səbəblərindən biri də insanların öz çəkilərinə nəzarət etmələrinə stimullaşdırma idi. Ancaq belə görünür ki, qadjetlər insanı arıqlamağa, yaxud nəfsinə hakim olmağa yönəltməyə, həvəsləndirməyə qadir deyillər. Elə buna görə də gələcəyin peşələrindən biri fitnes-motivator olacaq. 7. Süni intellektlə iş üzrə tibbi texnik. Süni intellekt texnologiyalarının inkişafı ilə əlaqədar olaraq tibbi təminat prosesində də irəliləyiş olacaq. Əvvəllər olduğu kimi həkimə getməyə də ehtiyac olmayacaq. Mütəxəssislər özləri xəstələrin evlərinə gəlib müasir texnoloji yeniliklər hesabına dəqiq diaqnoz qoyacaqlar. Hətta heç bir tibbi təhsil görməyən xüsusi tibbi texniklər robotların köməyi ilə cərrahi əməliyyatlar da edəcəklər. 8. Fərdi data-broker. Gələcəkdə Facebook abunəçiləri barədə məlumatları “Amazon”a sata bilməyəcək. Bunu abunəçilərin özləri edəcəklər. Hər bir şəxs özü biləcək fərdi məlumatını hansı qiymətə satır. Bu işdə onlara data-brokerlər köməkçi olacaqlar. 9. Yol dispetçerləri. Muxtar avtomobillər və dron-kuryerlər həm havada, həm də yollardakı vəziyyəti - hərəkət münasibətlərini köklü şəkildə dəyişəcəklər. Yol dispetçerləri bu prosesi nəzarətdə saxlayacaqlar. 10. Rəqəmsal dərzi. Tezliklə rəqəmsal qurğular insanın bədən ölçülərini götürüb onun 3D-modelini yarada biləcəklər. Bu azmış kimi, rəqəmsal dərzi bizim üçün ideal olan geyimi də seçəcək. “Cognizat”ın ehtimallarına inansaq, belə dərzilərdən ilk olaraq qadın paltarı istehsal edən və satan şirkətlər yararlanacaq. 11. Genetik fərqlilik üzrə mütəxəssis. Kollektivdə bərabərlik və fərqlilik amilləri gələcəkdə tək etnik və cinsi mənsubiyyətlə məhdudlaşmayacaq. Hər bir şirkət insanlar arasında genetik mənşə baxımından da balansı qorumağa çalışacaq. 12. IT-əlaqələndirici. Şirkətlərin rəqəmsal məqsədlərinə doğru irəliləmələri və bütün platformalarda maksimal şəkildə avtomatlaşdırmanı həyata keçirmələri prosesinə IT-əlaqələndirici cavabdeh olacaq. 13. Kriptokouç. Çox böyük ehtimalla gələcəkdə fiziki pullar arxa plana keçəcək. İnsanlar daha çox kriptovalyutadan istifadə edib mikroborclar götürəcəklər. Yeni sistemli bazarda nələrin baş verdiyini anlamağa hər kəsin gücü çatmayacaq. Bax bu anda onların köməyinə kriptokouçlar yetişəcək. 14. Fərdi xatirələrin kuratoru. İnsanlar çox yaşayacaqlar və bu səbəbdən onlara xatirələrin şəxsi virtual dünyası lazım olacaq. Yaddaş kuratorları belə virtual dünyanı yaradıb onları həqiqətəbənzər edə biləcəklər. Bu məqsədlə yaradılmış süni dünya keçmişin realist xatirələri ilə doldurulacaq. Məsələn, mütəxəssis müştərinin uşaqlıqda yaşadığı evi virtual aləmdə reallaşdıracaq. Yaxud insanın keçmişinə dair məlumatlar bazası formalaşdırılacaq ki, yaddaşı tükəndikcə istifadə etsin. 15. Virtual dükanlarda məsləhətçi. Hesab olunur ki, ticarət tam olaraq onlayn-formata köçdükdən sonra insanlar evdən çıxmayaraq virtual mağazalarda alış-veriş edəcəklər. Həmin o onlayn-dükanlarda müştəriləri virtual məsləhətçilər “gəzdirəcək”. 16. Genetik portfel üzrə direktor. Genetik kodlar analizi və CRİSPR-redaktənin inkişafı ilə əlaqədar olaraq biotexnoloji şirkətlər müştərilərinin yeni sifarişlərini reallaşdırmağa çalışacaqlar. Bu iş genetik portfel üzrə direktorun üzərinə düşəcək. O, şirkətdə ən mühüm vəzifələrdən birini tutacaq. Onun əsas məqsədi innovativ dərmanlar bazarında strategiyanın işlənilməsi və layiqli yerin tutulmasını təmin etməkdir. 17. İnsanın maşınla davranışına dair tim-menecer. Futuroloqlar proqnozlaşdırırlar ki, əmək bazarı gələcəkdə insanla robotların işdə necə “dil tapmaları”ndan asılı olacaq. Tim-menecer də məhz bunu müəyyən edəcək: robotun hansı güclü tərəfləri var, insanın hansı. Bundan sonra onların birgə işi təşkil ediləcək. 18. Etimad üzrə baş direktor. Səhmdarların şirkətin bütün məlumatlarına çıxışının olması səbəbindən müəssisələr maksimal şəkildə şəffaf işləməyə çalışacaqlar. Etimad direktorunun işi də ondan ibarət olacaq ki, şirkət ətrafındakı “qara bulud”ların yayılmaması, investorlar arasında müəssisə barədə pozitiv auranın yaranmasına çalışsın. Yəni səhmdar bilməlidir ki, pulunu havaya sovurmur və düzgün yoldadır. Yeri gəlmişkən, jurnalistika fakültəsinə daxil olmaq istəyən gənclər bu peşəni diqqətdə saxlasalar yaxşı olar. İxtisasdəyişmə üçün çox vaxt tələb olunmaz. 19. Kvant tədrisinin analitiki. Bu şəxs kvant hesablamaları ilə maşın tədrisini birləşdirərək biznesin inkişafı üçün sürətli və effektiv yollar axtaracaq. 20. “Əyalət” hesablamaları ustası. Bu mütəxəssisin fəaliyyət sferası bundan ibarət olacaq: o, köhnəlmiş infrastrukturlu şirkətin təkmilləşdirilmiş əyalət (periferiya) hesablama sistemli mərkəzdənqaçma modelinə keçirilməsini təmin edəcək. Hesab olunur ki, əyalət hesablamalı (edge computing) şirkətlər iri data-mərkəzlərdən cavab gözləmədən məlumatların işlənilməsini həyata keçirə biləcəklər. 21. Etik təminat üzrə mütəxəssis. Bəzi şirkətlər işlərində tək gəliri deyil, etik çıxarları da nəzərə alacaqlar. Mütəxəssis hesablayacaq ki, şirkətin siyasəti səhmdarların dəyərlərinə hansı dərəcədə riayət edir. Məsələn, bəzi investorlar istəyəcəklər ki, işdə insan əməyi robotlardan üstün dəyərləndirilsin. Etik təminat üzrə mütəxəssis bu prosesə nəzarət edəcək. Göründüyü kimi, dünyada bir tərəfdən hər şey asanlaşır və əlçatan olur, digər tərəfdən isə ortaya çətin gerçəklik çıxır: bu miqyasda texnoloji inqilab tələblərinə necə cavab verməli? Əlbəttə, təkmilləşməli! Unutmayaq, vaxtilə buxar maşını icad ediləndə əl əməyinə ehtiyac olmayacağı düşünülürdü. Ancaq bu kəşf yeni-yeni iş yerlərinin açılmasına səbəb oldu. “Azərbaycan müəllimi” qəzeti
09/03/2018 14:09
Oxu bacarıqları yaxşılaşıb
“Mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb 60 iştirakçı ölkədən (ştat, zona və s.) 340 mindən çox şagird, 330 min valideyn, 16 min müəllim, 12 min məktəb, 12 mətn və təxminən 180 sual. Bu rəqəmlər Azərbaycanın da qatıldığı PIRLS-2016 - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın əhatə dairəsini göstərir. Məlumat üçün qeyd edək ki, ibtidai təhsil səviyyəsinin sonunda şagirdlərin oxu bacarıqlarını qiymətləndirən beynəlxalq tədqiqat proqramı olan PIRLS 2001-ci ildən başlayaraq hər beş ildən bir keçirilir. Azərbaycan bu proqrama ilk dəfə 2011-ci ildə qoşulub və bu, ölkəmizin ikinci iştirakıdır. Təsadüfi seçim əsasında 170 ümumtəhsil məktəbi, 6000-dən çox şagird, 340 müəllim və 6000-dən çox valideynlə bu beynəlxalq tədqiqatda yer alan Azərbaycan özünəməxsus mövqeyi ilə seçilib. Keçək həmin mövqeyi ölkəmizə qazandıran PIRLS-2016 tədqiqatında iştirak edən 4-cü sinif şagirdlərinin nəticələrinə. Təsadüfi seçim düzgün ortanı tapmağa xidmət edir Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayevin sözlərinə görə, “Progress in International Reading Literacy Study” (PIRLS) - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatında Azərbaycanın bütün bölgələrindən, əsasən də Bakı və Abşeron yarımadasındakı məktəblərdən seçilən şagirdlər iştirak edib. İştirakçılar kompüter proqramı vasitəsilə təsadüfi seçim əsasında müəyyənləşdirilib. Bu seçim üsulu şagirdləri təsadüfi müəyyənləşdirsə də, özü təsadüfən seçilməyib. E.Əmrullayev deyir ki, bu seçim üsulu düzgün orta nəticəni tapmağa xidmət edir. Odur ki, elan olunan nəticələr ölkənin ümumi göstəricisi haqqında təsəvvür yaradır. Ancaq bu tədqiqatın nəticələri də mütləq deyil, 5 faiz xəta payı olan məlumat xarakterlidir. PIRLS balı Əsasən inkişaf etmiş ölkələrin şagirdlərinin qatıldığı bu qiymətləndirmə tədqiqatında ölkələr üzrə orta bal 500 olaraq müəyyən edilir. PIRLS 300 balla 700 bal arasında dəyişir. Beynəlxalq tədqiqatın nəticələrini ifadə edən bu bal sistemində xüsusi yanaşma öz əksini tapıb. Belə ki, 500 bal 2001-ci ildə keçirilən tədqiqat nəticələrinə əsasən orta şagirdin göstəricisidir. Yəni, 500 bal toplayan şagird tədqiqatda iştirak edən şagirdlərin yarısından çox, yarısından az bal toplayıb. Tədqiqat şagirdləri müxtəlif qruplara bölür. 300 baldan 400 bala qədər toplayanlar ən aşağı nəticə göstərənlərdir. Onlar müəyyən səviyyəyə çata bilməyiblər. 400 baldan 475 bala qədər aşağı bal sayılır. PIRLS tədqiqatında 475-dən 550-yə qədər orta göstərici, 625-ə qədər yüksək və ondan yuxarı isə mükəmməl nəticə hesab olunur. Bəs, bu səviyyələr nəyi ifadə edir? Aşağı səviyyəli şagird nəyi bacarmır, mükəmməl şagirdin oxu bacarığında üstünlüyünü göstərən meyarlar hansılardır? Beləliklə, oxu qabiliyyətinin ölçülməsinə aşağıdan başlayaq. Belə məlum olur ki, aşağı nəticə göstərən şagird mətndə olan sadə faktları başa düşür. Amma elmi mətnlərdən heç nə anlamır. Orta səviyyəli şagird nəinki müəyyən mətnləri başa düşür, onlar arasında əlaqə də qurur. Ancaq mətni qiymətləndirib onun əsasında hər hansı ümumiləşdirmə və inteqrasiya apara bilmir. Yüksək qabiliyyətli şagirdə gəlincə, mətni başa düşür, faktlar arasında əlaqə qura bilir, izahedici, inteqrasiyaedici məsələləri bilir, amma mətni qiymətləndirərkən, ona münasibət bildirərkən çətinlikləri ortaya çıxır. Mükəmməl qiymətləndirilənlər bütün bacarıqlar üzrə ən yaxşı nəticə göstərənlərdir. Maraqlıdır, bəs görəsən, mükəmməllər çoxdur, yoxsa oxuduğundan heç nə anlamayanlar? Faizlə ifadə olunan rəqəmlərdən belə görünür ki, hərfi öyrənsə də, oxumaqda heç bir səviyyəyə çatmayanlar 4 faiz təşkil edir. Aşağı nəticə göstərənlər 15 faizdir. Orta səviyyəlilər 34, yüksək oxu bacarığına malik uşaqlar 37, mükəmməl şagirdlər isə 10 faizdir. PIRLS 2016-da Azərbaycanın mövqeyi Düşüncələrinizdən “Azərbaycan bu nəticələrlə neçənci yerdədir?” - şəklində bir sual keçə bilər. E.Əmrullayev deyir ki, PIRLS tədqiqatında bu məsələdə də fərqli yanaşma ortaya qoyulub. Yəni, tutaq ki, Azərbaycan onunla eyni nəticə göstərən ölkə ilə tamamilə fərqli sırada yer ala bilər. PIRLS tədqiqatında yüksək nəticə göstərən ölkələr Rusiya, Sinqapur, Honkonq, İrlandiya olub. Gürcüstan, Belçikanın təmsil olunduğu ikinci qrup ölkələrə 472 balla Azərbaycan da çox yaxındır. Nisbətən aşağı qrupda yer alan ölkələr arasında Avropa İttifaqında təmsil olunan Maltanın, inkişaf etmiş Cənubu Afrikanın belə adı çəkilir. 5 ildə nə dəyişib? Bəs, Azərbaycan PIRLS-ə qoşulduqdan sonra nə dəyişib? Aparılan tədqiqat göstərib ki, ümumilikdə 10 bal yaxşılaşma var. Azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462 baldan 472 bala yüksəlib və ya 10 bal artıb. Sevindirici haldır ki, PIRLS-2011 tədqiqatının nəticələri ilə müqayisədə azərbaycanlı şagirdlərin “mükəmməl” səviyyəyə daxil olan payı 0 faizdən 2016-cı ildə 2 faizə qədər artıb. “Yüksək” səviyyə üzrə isə şagirdlərin nəticələri 2011-ci illə müqayisədə 9 faizdən 16 faizə yüksəlib. Başqa sözlə, ölkə üzrə son 5 ildə “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb. Son tədqiqatın nəticələrinə görə, iştirakçı uşaqların hər 5 nəfərindən biri “yüksək” və ya “mükəmməl” nəticə göstərib. “Aşağı” səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin payı 37 faizdən 27 faizə enib və ya 10 faiz azalıb. Maraqlı reallıqlar Tədqiqat Azərbaycan məktəblərində müşahidə olunan bəzi maraqlı faktları ortaya çıxarıb. Məsələn, tədqiqatda iştirak edən şagirdlərin 53 faizi oğlan, 47 faizi qızlar olub. Sayca oğlanlar üstünlük təşkil etsə də, qızların ümumi nəticəsi oğlanlardan daha yüksəkdir. Belə ki, 479 bal qızların, 466 bal oğlanların göstəricisidir. Birinci PIRLS tədqiqatında olduğu kimi, bu dəfə də qız şagirdlər oğlan şagirdlərdən üstün nəticələr göstərib. E.Əmrullayevin sözlərinə görə, Azərbaycan bu tədqiqatlara sadəcə qız şagirdlərlə qatılsaydı, nəticələrimiz orta göstəriciyə uyğun gələrdi: “Gördüyünüz kimi, oğlanlar orta göstəricidən 6 bal aşağı nəticə göstərib və bu, ölkənin ümumi nəticəsini aşağı salıb. 2011-ci ildə də oğlanlar 456, qızlar 470 bal toplayıb. Yaxşı nəticə ondan ibarətdir ki, həm qızlar, həm də oğlanların nəticələri yüksəlib”. PIRLS mətnləri Tədqiqatlar zamanı iştirakçı şagirdlərə iki mətn təqdim edilir: ədəbi və informasiya xarakterli. Azərbaycanın nəticələri 2011-ci ildə 460 və 461 bal olub. Bu il əsaslı dəyişiklik informasiya xarakterli mətnlərdə müşahidə edilib. “Statistik cəhətdən əhəmiyyətli dəyişiklik” hesab olunan həmin rəqəm 17 bal yaxşılaşma olduğunu göstərməkdədir. Ədəbi mətnlərdə isə cüzi yaxşılaşma var. Nəticələrə nə təsir edir? Nəticələrə təsir edən amilləri bilmək nəticələri dəyişmək baxımından çox önəmlidir. Gəlin görək nəticələrə nə təsir edir? E.Əmrullayev hesab edir ki, təsir edən amilləri öyrənməklə nəticələri daha tez dəyişmək olar: “Elə şeylər var ki, biz onu qısa müddətdə dəyişə bilmərik. Məsələn, anaların təhsili. Tutaq ki, indi məktəbdə təhsil alan qızlar təxminən 30-40-cı illərdəki PIRLS nəticələrinə təsir edəcək amillərdəndir. Ancaq qısa müddətdə təsir edəcəyini düşündüyümüz bəzi tədbirləri həyata keçirmişik. Məsələn, 2011 və 2016-cı illər tədqiqatları arasında bir kampaniya həyata keçirilib. 2014-cü ildən başlayaraq bütün bölgələrdə ən böyük seçilməklə, 2000 məktəbi əhatə edən oxu kampaniyası keçirilib”. Evdəki resurslar təsir edən amillərdən sadəcə biridir. Şagirdin evində oxuması üçün ayrıca otağı varmı? Evdəki kitabların, o cümlədən uşaq kitablarının sayı kifayət qədərdirmi? Kompüter və internet, həmçinin televizor varmı? Sadalananların olub-olmamasından asılı olaraq, şagirdin göstəriciləri fərqlənir. PIRLS-də iştirak edən bütün uşaqlar arasında evdə resurs sayı az olan uşaqlar 7 faiz təşkil edir. Ancaq azərbaycanlı uşaqların 24 faizinin evdə şəraiti mövcud tələblərə uyğun gəlmir. Resurs səviyyəsi orta göstəricilərə yaxınlaşanlar 73 faizdir və Azərbaycanda ailələr övladları üçün daha çox bu səviyyəni təmin edə bilir. Evdə resursu çox olan cəmi 2 faiz təşkil edir, amma onların nəticələrini sayları az olduğu üçün ölçmək mümkün olmur. E.Əmrullayev tədqiqatın birmənalı olaraq təsdiq etdiyi reallığı belə ifadə edib: “Resurs səviyyəsi aşağı olan bütün ölkələrin nəticələri aşağıdır”. Uşaqların düzgün yetişməsində onlara ayrılan zaman çox önəmlidir. Bu amil tədqiqatda da özünü göstərib. Məktəb yaşına çatana qədər evdə uşağa kitab oxuyan, axşam nağıl danışan olubmu? Uşağa qoşulub evdə oyun oynayan varmı? Bu suallara verilən cavablardan belə aydın olur ki, dünyada 3 faiz təşkil edən usağı ilə vaxt keçirməyən ailələr ölkəmizdə 5 faizdir. Nəticələrə təsir edən əsas amillərdən biri də valideynin məktəbə münasibəti ilə ölçülür. Tədqiqata qatılan valideynlərin 5 faizi məktəbdən razı deyil, 30 faiz bir az, 65 faiz isə çox razıdır. Azərbaycanda məktəbdən razı qalmayanlar nisbətən az - 3 faiz təşkil edib. Bəs, uşağınız məktəbə başlayana qədər vaxtını harada keçirib, evdə? Məktəbəqədər təhsil müəssisələrinə göndərilən azyaşlılar məktəb yaşı çatdıqda yaşıdlarından ciddi şəkildə fərqlənir. Bunu sübut edən rəqəmlərə baxaq. 2016-cı ildə məktəbəqədər təhsil alanlar 46 faiz təşkil edib. 54 faiz məktəbə tam təcrübəsiz gəlib. Tədqiqatın ümumi iştirakçılarının cəmi 11 faizi məktəbə hazırlıq keçmədən gəlib. Məktəbəqədər təhsilin nə qədər vacib olduğu şagirdlərin bilik və bacarıq səviyyəsi ölçülərkən daha çox nəzərə çarpır. 1 il, hətta daha az məktəbəqədər təhsil müəssisələrində məşğul olan uşaqlar heç getməyənlərdən 18 bal yuxarı nəticə göstərib. Heç getməyənlərin 54 faiz təşkil etdiyini nəzərə alsaq, bunun beynəlxalq tədqiqatda ölkə olaraq nəticələrimizə nə qədər təsir etdiyini, aşağı saldığını görə bilərik. Məktəbin sosial-iqtisadi mühiti də şagirdlərinin ümumi nəticələrinə təsir edən amillərdən biri kimi tədqiqat obyektinə çevrilib. Məktəbdə oxuyan şagirdlərin ümumi iqtisadi-sosial vəziyyəti araşdırılarkən bəlli olub ki, iştirakçı ölkələr arasında məktəbdə imkanları daha az olan şagirdlərin oxuduğu məktəblər 29 faiz təşkil edir. Orta səviyyəli məktəblər 33 faizdir. Məktəblərin 38 faizində şagirdlərin sosial -iqtisadi vəziyyəti daha yaxşıdır. Təhlillər göstərir ki, iqisadi cəhətdən daha yaxşı məktəblər daha yaxşı nəticə göstərir. Azərbaycanda məktəblər təhlükəsizdir PIRLS tədqiqatında araşdırılan amillərdən biri də təhlükəsizlikdir. Tədqiqat iştirakçısı olan məktəblərdən 3 faizi təhlükəli və intizamsız kimi dəyərləndirilib. Qeyd edək ki, oğurluq, hücum, cinayət hadisəsi və s. kimi faktların tez-tez qeydə alındığı məktəblər təhlükəli kimi qiymətləndirilir. Azərbaycanda belə məktəblərin cəmi 1 faiz təşkil etdiyi ortaya çıxıb. Orta səviyyədə qiymətləndirilən məktəblərimiz 16 faiz təşkil edib. PIRLS iştirakçısı olan dövlətlər üzrə orta səviyyəli məktəblərin ümumi göstəricisi 35 faizdir. Azərbaycan məktəblərinin çoxu təhlükəsizdir. Şagirdlərin özlərini məktəbə aid hiss edib-etməməsi onların təhsildəki uğurlarında çox önəmlidir. Azərbaycanlı məktəblilərin böyük əksəriyyəti məktəbə həvəslə gəlir. Məktəblilərin 55 faizi həmişə dərsə gəlir. Şagirdlərin 24 faizi ayda bir dəfə, 6 faizi 2 həftədə bir dəfə, 15 faizi isə həftədə bir dəfə və çox dərs buraxıb. Azərbaycanda həftədə, yaxud 2 həftədə bir dəfə dərsə gəlməyən şagirdlərlə gündəlik dərsə gələn şagirdlərin göstəriciləri arasında 40 bala qədər fərq var. Tədqiqata cəlb olunan azərbaycanlı şagirdlərin 88 faizi özünü məktəbə bağlı hiss edir. Bu, ümumi PIRLS orta göstəricisindən yuxarıdır. Başqa şagird yoldaşları tərəfindən heç vaxt mənfi münasibət görməyən məktəblilərin ümumi göstəricisi 57, Azərbaycanda isə 72 faiz təşkil edib. Hər ay şagird yoldaşlarından mənfi münasibət görənlər 29, Azərbaycanda isə 20 faizdir. Hər həftə pis münasibətlə qarşılaşanlar isə cəmi 8 faiz təşkil edib. Ümumilikdə 28 faiz şagird arasında münasibətlərin yaxşılaşması müşahidə olunub. Beynəlxalq tədqiqatlar və hədəflər PIRLS tədqiqatına qoşulan hər ölkənin ayrı məqsədi var. Bəziləri orta səviyyəni hədəf götürür, bəziləri aşağı nəticə göstərən şagirdlərinin sayını azaltmaq istəyir. Azərbaycan da PIRLS, TIMSS (Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı) və PISA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirak edir. Beynəlxalq qiymətləndirmə proqramları təhsilin keyfiyyətinin qiymətləndirilməsi funksiyasını yerinə yetirməklə ölkədə təhsil prosesi haqqında məlumat əldə etməyə, həlli tələb olunan əhəmiyyətli problemləri araşdırmağa, nəticələrin beynəlxalq təcrübə ilə müqayisəsinə imkan yaradır. Təhsil naziri vəzifələrini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov Azərbaycanın da hədəfinin məhz bu olduğunu deyib: “Belə tədqiqatlara güclü iqtisadiyyata və təhsil ənənələrinə sahib olan ölkələr qatılır. Bu prizmadan yanaşıb göstəricilərimizi inkişaf etmiş ölkələrin səviyyəsi ilə müqayisə etmək ölkə təhsilinin inkişafına təkan verəcək. Nəticələr arasındakı fərqin böyüklüyünə baxmayaraq, beynəlxalq tədqiqatlara qoşulmaq təşəbbüs olaraq təqdirəlayiqdir və mütləq davam etdirilməlidir. Şagirdlərin göstəricilərinin artması, birinci tədqiqatla müqayisədə əldə etdiyimiz irəliləmə də bunu təsdiq edir. Bu, istiqamətimizin doğru olduğunun bir göstəricisidir”. İki tədqiqatın nəticəsi təhsil proqramlarındakı fərqin göstəricisidir C.Bayramov bu tədqiqatın əhəmiyyətini sadəcə Azərbaycan təhsilinin güclü və zəif cəhətlərini müəyyənləşdirmək baxımından deyil, həm də 2008-ci ildən tətbiq edilən yeni təhsil proqramını ondan əvvəlki təhsil proqramı ilə müqayisə etmək imkanı verməsi baxımından da qiymətləndirib: “Bundan əvvəlki tədqiqatda 2007-ci ildən məktəbə gedən şagirdlər iştirak etmişdilər. İki tədqiqatın nəticələri arasındakı fərq həm də ənənəvi proqramla yeni proqramın fərqidir. Təhsilin məzmununu təkmilləşdirmək üçün həmin nəticələrə ciddi diqqət yetirməliyik. Təhsilin məzmunu beynəlxalq tədqiqatların nəticələrinə əsasən işlənib hazırlanmalı, vacib dəyişikliklər təklif edilməlidir. Nəticələrə, onlara təsir edən başlıca amillərə nəzər salmalıyıq. 2021-ci ildə keçiriləcək növbəti tədqiqatda 2011-ci ildə dünyaya gələn, 2017-ci ildə məktəbə gedən uşaqlar iştirak edəcək. Sevindiricidir ki, bu il məktəbəhazırlıq şəbəkəsi kifayət qədər geniş vüsət alıb və həmin tədqiqatda iştirak edəcək şagirdlərin 55 faizi məktəbəhazırlıq keçmiş məktəblilər arasından seçiləcək. Bu da o deməkdir ki, 2016-cı ildə iştirak edən şagirdlərlə müqayisədə onların arasında 70-80 faiz fərq olacaq və bu, nəticələrimizə müsbət təsir edəcək”. Təhsilin məzmunu təkmilləşdiriləcək C.Bayramov təhsilin məzmununu təkmilləşdirmək məqsədi ilə hazırlanan ehtiyat dərsliklər məsələsinə də toxunub: “Təhsil Nazirliyinin sifarişi ilə Təhsil İnstitutu tərəfindən yeni ehtiyat dərslik konsepsiyasına uyğun olaraq ibtidai sinif dərsliklərinin hazırlanması istiqamətində işlər aparılır. Beynəlxalq tədqiqatın nəticələri, ölçü meyarları və məzmun hələ konsepsiya hazırlanan zaman nəzərə alınıb. Hesab edirik ki, PIRLS və TIMSS beynəlxalq tədqiqatlarda nəzərdə tutulan meyarlar yeni dərslik konsepsiyasında əksini tapacaq”. Valideynlər üçün də tövsiyə olacaq Vacib amillərdən biri kimi valideynlərin təhsil prosesinə qatılmasını qeyd edən C.Bayramov bildirib ki, onlar üçün də vəsait hazırlanacaq: “Yeniliklərdən biri odur ki, hər bir sinif üçün dərslik hazırlanan zaman müəllim üçün metodik vəsait də çap olunurdu. Bundan sonra valideyn üçün də belə vəsaitlər olacaq. Yeni ehtiyat dərslik modelində müəllimlərlə yanaşı, valideynlər üçün də tövsiyə xarakterli metodik vəsaitin hazırlanmasını nəzərdə tutmuşuq. Valideynlərin uşaqları ilə hansı istiqamətdə məşğul olması, onlara yardım etməsi şagirdlərin təhsil səviyyəsində mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə artıq işlərə başlanılıb”. Beynəlxalq tədqiqatlarda iştiraka davam edirik Sırada PISA-2018 və TIMSS-2019 tədqiqatları var. Daha sonra yenə PIRLS. Artıq 2021-ci ildə keçiriləcək növbəti PIRLS tədqiqatının hazırlıqlarına başlanılıb. Necə deyərlər, hədəf bəlli, istiqamət doğru, gözləntilər ümidvericidir! “Azərbaycan müəllimi” qəzeti
09/03/2018 12:56
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı