Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu başa çatıb
Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu başa çatıb. Qeyd edək ki, fevralın 14-də dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi elan edilib. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası və fərdi kateqoriya üzrə ümumilikdə 900-ə yaxın layihə təklifi qəbul edilib. Layihə təklifləri ilkin olaraq texniki ekspertizadan keçiriləcək. Müsabiqə meyarlarına və kriteriyalarına uyğun gələn təkliflər Ekspert Qrupu tərəfindən qiymətləndiriləcək. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında dəstəklənməsi məqsədəuyğun sayılan layihə rəhbərlərinin adlarını cari ilin aprel ayının sonunda Təhsil Nazirliyinin veb saytı vasitəsi ilə elan edəcək. Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. Müsabiqə müasir tələblər baxımından məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləşdirilməsi, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəb-icma (valideyn) münasibətlərinin təşəkkülü və inkişaf etdirilməsi, keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması, istedadlı uşaqlarla işin təşkili və ümumilikdə 9 mövzu üzrə keçirilib.
19/03/2018 12:47
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində Novruz bayramı münasibəti ilə keçirilən şənlikdən foto anlar
.
19/03/2018 12:40
Brüsseldə Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində alt-komitənin beşinci iclası keçirilib
Brüsseldə Avropa İttifaqı (Aİ)- Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində Məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya məsələləri üzrə alt-komitənin beşinci iclası keçirilib. Azərbaycan tərəfindən Təhsil Nazirliyinin həmsədrlik etdiyi iclas martın 16-da olub. İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələrindən ibarət heyət iştirak edib. Bir gün ərzində davam edən iclas zamanı təhsil, məşğulluq və sosial məsələlər, səhiyyə, gənclər siyasəti, mədəniyyət, tədqiqat və innovasiyalar, informasiya cəmiyyəti mövzularında qarşılıqlı müzakirələr aparılıb. Azərbaycan tərəfi sözügedən sahələrdə həyata keçirilən islahatlar və əldə olunan nəticələrlə bağlı məlumat verıb. Öz növbəsində Aİ nümayəndə heyəti bu sahələr üzrə həyata keçirilən siyasət və nəzərdə tutulmuş dəyişiklərlə bağlı təqdimatlar edib. İclasın gedişində Azərbaycan və Avropa İttifaqı arasında sözügedən alt-komitənin əhatə etiyi sahələr çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi, yeni layihələrin həyata keçirilməsi üçün qarşılıqlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, 2012-ci ildən etibarən mütəmadi keçirilən iclasın sonuncusu 2016-cı ilin oktyabr ayında Bakıda olub.
19/03/2018 11:31
"Bərdə Peşə Liseyinin modernləşdirilməsi” qrant layihəsinin başlanılmasına dair görüş
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “Bərdə Peşə Liseyinin modernləşdirilməsi" qrant layihəsinin başlanılması ilə bağlı görüş keçirilib. Layihə Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin modernləşdirilməsi” qrant layihəsi çərçivəsində Yerli İdarəetməyə Yardım İctimai Birliyi tərəfindən Təhsil İnstitutu, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Estoniyanın kənd-təsərrüfatı profilli peşə məktəbi Jarvarmaa Kutshariduskeskuse (JKHK) ilə birgə icra edilir. Görüşdə Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Avropa İttifaqının nümayəndələri iştirak edib. Layihə icraçıları təqdimatla çıxış edərək iştirakçılara ətraflı məlumat verdikdən sonra görüləcək işlər və həyata keçiriləcək tədbirlər haqqında müzakirələr aparılıb, layihəyə əlavə ediləcək əsas tədbirlərlə bağlı fikir mübadiləsi edilib. Qeyd edək ki, layihənin əsas məqsədi Avropa standartları və təcrübəsinə uyğun olaraq Bərdə Peşə Liseyinin maddi texniki bazasının təkmilləşdirilməsi, kadr potensialının artırılması, eləcə də liseyin idarəedilməsinin müasir standartlara uyğun təşkilidir. Layihə çərçivəsində Bərdə Peşə Liseyinin strateji planının hazırlanması, rəhbər və mühəndis-pedaqoji heyətin təlimlərə cəlb edilməsi, məktəbin büdcədənkənar gəlirlərinin artırılması üçün yeni planın tərtib edilməsi, beynəlxalq standartlara cavab verən yeni təhsil proqramları (kurikulumların) və modul tədris vəsaitlərinin hazırlanması, eləcə də təhsil müəssisəsinin lazımi avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulub. Layihənin icra müddəti 2017-2020-ci illəri əhatə edir.
19/03/2018 10:22
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində şagirdlərin ikinci mübadilə proqramının açılış mərasimi
Martın 17-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) çərçivəsində orta məktəb şagirdlərinin ikinci mübadilə proqramının açılış mərasimi keçirilib. Açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, TDƏŞ Katibliyinin və Türkiyə, Qazaxıstan və Qırğızıstanın ölkəmizdəki səfirliklərinin nümayəndələri, mübadilə proqramının iştirakçıları və KİV təmsilçiləri iştirak edib. Mərasimdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov qonaqları salamladıqdan sonra mübadilə proqramı iştirakçılarının türk dünyasının ortaq dəyərlərindən olan Novruz bayramı zamanı Azərbaycana səfərinin və bayram adət-ənənələri ilə tanış edilməsinin böyük önəm daşıdığını vurğulayıb. Nazir müavini proqrama əsasən, iştirakçılara zəngin multikultural dəyərlərə, mədəniyyətə və tarixə malik olan Azərbaycan haqqında məlumat veriləcəyini, müvafiq sahələr üzrə aparıcı mütəxəssislər tərəfindən təlim və mühazirələr keçiriləcəyini deyib. Türk Şurasının digər beynəlxalq təşkilatlarla müqayisədə gənc bir təşkilat olduğu, lakin qısa müddətdə öz fəaliyyətini genişləndirdiyi barədə məlumat verən nazir müavini bunun əsas səbəbini üzv dövlətlərin ortaq tarix və mədəniyyətə malik olması ilə əlaqələndirib. Nazir müavini mübadilə proqramının şagirdlərə Türk Şurasına üzv ölkələrdən olan həmyaşıdları ilə dostluq əlaqələri qurmağa və bu əlaqələri gələcəkdə də davam etdirməyə şərait yaratdığını vurğulayıb. Həyata keçirilən tədbirlərin ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin daha yüksək mərhələyə çatmasında əhəmiyyətini diqqətə çatdıran Firudin Qurbanov ortaq türk dəyərlərinin gənclərimiz tərəfindən dərk edilməsinə verdiyi töhfə üçün Türk Şurasına minnətdarlığını ifadə edib. Mərasimdə çıxış edən TDƏŞ Katibliyinin layihə rəhbəri Yıldız Uzakova və Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Abdulqafur Büyükfırat Türk Şurasının ölkələrimiz arasında bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də qarşılıqlı əməkdaşlığı inkişaf etdirməyə geniş imkanlar yaratdığını bildiriblər. Qeyd edək ki, 17-24 mart 2018-ci il tarixində Azərbaycanın ev sahibliyi edəcəyi “TDƏŞ orta məktəb şagirdlərinin ikinci mübadilə proqramına” Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan 38 şagird və 6 təlimçi qatılıb. Mübadilə proqramının iştirakçıları Azərbaycanın incəsənəti, tarixi, milli adət-ənənələri ilə yaxından tanış olmaq, Novruz bayramını birlikdə qeyd etmək, həmyaşıdları ilə ünsiyyət qurmaq və asudə vaxtlarını səmərəli keçirmək imkanı qazanacaqlar. 5 sentyabr 2015-ci il tarixində TDƏŞ-ə üzv ölkələrin təhsil nazirlərinin Astana şəhərində keçirilmiş dördüncü görüşündə “TDƏŞ çərçivəsində orta məktəb şagirdlərinin mübadilə proqramının qaydaları” adlı sənəd qəbul edilib. Bu sənədə əsasən, 4-14 aprel 2016-cı il tarixində birinci mübadilə proqramı çərçivəsində digər 3 ölkənin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan) şagirdləri Türkiyəyə səfər edib. Mübadilə proqramının əsas məqsədi TDƏŞ-ə üzv ölkələrin gənclərinə ortaq türk dəyərlərinin aşılanması, eyni zamanda mədəniyyətlərarası əməkdaşlığın inkişaf etdirilməsidir.
17/03/2018 15:46
Brüsseldə Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində alt-komitənin beşinci iclası keçirilib
Brüsseldə Avropa İttifaqı (Aİ)- Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində Məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya məsələləri üzrə alt-komitənin beşinci iclası keçirilir. Azərbaycan tərəfindən Təhsil Nazirliyinin həmsədrlik etdiyi iclas martın 16-da öz işinə başlayıb. İclasda iştirak etmək məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələrindən ibarət heyət Brüsselə səfər edib. Bir gün ərzində davam etməsi nəzərdə tutulan iclas zamanı təhsil, məşğulluq və sosial məsələlər, səhiyyə, gənclər siyasəti, mədəniyyət, tədqiqat və innovasiyalar, informasiya cəmiyyəti mövzularında qarşılıqlı müzakirələr aparılır. Azərbaycan tərəfi sözügedən sahələrdə həyata keçirilən islahatlar və əldə olunan nəticələrlə bağlı məlumat verıb, öz növbəsində Aİ nümayəndə heyəti bu sahələr üzrə həyata keçirilən siyasət və nəzərdə tutulmuş dəyişiklərlə bağlı təqdimatlar edib. İclasın gedişində Azərbaycan və Avropa İttifaqı arasında sözügedən alt-komitənin əhatə etiyi sahələr çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi, yeni layihələrin həyata keçirilməsi üçün qarşılıqlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur. Qeyd edək ki, 2012-ci ildən etibarən mütəmadi olaraq keçirilən iclasın sonuncusu 2016-cı ilin oktyabr ayında Bakıda olub.
16/03/2018 17:30
İnternat məktəbində bayram şənliyi
Martın 16-da Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində Novruz bayramı münasibəti ilə şənlik keçirilib. Təhsil Nazirliyi əməkdaşlarının və KİV təmsilçilərinin iştirak etdiyi şənlik Dədə Qorqud, Novruz personajları Bahar qızı, Kosa və Keçəlin gəlişi ilə başlayıb. İnternat məktəbinin həyətində Novruz tonqalı yandırılıb, milli geyimdə olan uşaqlar tonqal ətrafında yallı gediblər. Tədbirdə şagirdlərin ifasında Novruz bayramının çərşənbələrini, adət- ənənələrini əks etdirən səhnəciklər nümayiş olunub, milli rəqslərimiz təqdim edilib. Uşaqlar Kosa və Keçəl ilə birgə rəqs edib, mahnı oxuyublar. Qeyd edək ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub, tədris ocağının yeni korpusu 2015-ci ilin noyabrında şagirdlərin istifadəsinə verilib. Müasir dizayna malik və bütün tələblərə cavab verən tədris korpusu lazımi avadanlıqlarla təchiz olunub. Burada şagirdlərin peşəyönümlü inkişafı üçün tikiş, aşpazlıq, toxuculuq, xalçaçılıq, çilingərlik kimi dərnəklər fəaliyyət göstərir. Məktəbdə uşaqların asudə vaxtının səmərəli təşkili və istirahəti üçün akt və idman zalları mövcuddur. İnternat məktəbində 189 şagird təhsil alır, onlardan 118 şagird burada gecələyir. Şagirdlərin təlim-tərbiyəsi ilə 37 müəllim və 24 tərbiyəçi məşğul olur. Məktəbdə ümumtəhsil fənlərindən əlavə tədris edilən “Tələffüz və eşitmənin inkişafı üzrə fərdi iş”, “Mimika və daktioloji iş” kimi dərslər fərdi şəkildə müəllim-loqoped tərəfindən aparılır.
16/03/2018 15:55
Məktəbə gedən yolunuz “elektron” olsun
Birinci sinfə elektron sistem vasitəsilə şagird qəbulu məktəblər və müəllimlər üçün sağlam rəqabət mühiti də yaradır Artıq dördüncü ildir ki, Bakı məktəblərinin birinci sinfinə qəbul elektron qaydada həyata keçirilir. Bu ildən, yəni 2018-ci il mart ayının 12-dən Gəncə və Sumqayıt şəhərlərində, o cümlədən Abşeron rayonunda da qəbulun elektron qaydada keçirilməsinə başlanılıb. Bununla da elektron qəbul məktəblərdə birinci sinfə qəbulun 40 faizini əhatə edir. Əhatə dairəsinin genişləndirilməsi tezliklə bütün ölkə ərazisində qəbulun elektron qaydada reallaşdırılacağından xəbər verir. Həm qanunvericiliyin, həm də dövrün tələbi Məlumat üçün qeyd edək ki, elektron xidmət “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”nın, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinə uyğun həyata keçirilir. Yəni, bu, həm qanunvericiliyin, həm də dövrün tələbidir. Digər tərəfdən, əhaliyə göstərilən bu elektron xidmətin dairəsinin genişləndirilməsi şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi məqsədi daşıyır. I sinfə şagird qəbulu üzrə müraciətlərin elektron qeydiyyat sistemi bu prosesin sadələşdirilməsinə xidmət edir. Bu yenilik şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadə mədəniyyətinin formalaşması baxımından olduqca əhəmiyyətlidir. Elektron qeydiyyat Görək elektron sistem nədir? Bu sistemlə ərizə necə qeydiyyatdan keçirilir? Beləliklə, məktəb yaşına çatmış uşağı olan ailələrdə valideyn övladının hansı məktəbə qoyulacağına qərar verdikdən sonra kompüter arxasına əyləşərək məktəbi, sinfi, müəllimi, hətta təlim dilini seçir və elektron ərizəsini qeydiyyatdan keçirir. Sonra “Şəxsi kabinet”indən elektron ərizəsini çap edərək, elektron sorğu yerləşdirdiyi məktəbə tələb olunan digər sənədlərlə birgə təqdim edir. Bakı, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə ərizələrin onlayn qeydiyyatı artıq başlayıb. Bakıda fevral ayının 22-dən, Abşeron rayonu, Gəncə və Sumqayıt şəhərlərində isə martın 12-dən start götürən proses bu il sentyabrın 15-dək onlayn davam edəcək. Ancaq valideynlər bəzi ayrıntılarda diqqətli olmalıdırlar. İyun ayının 14-dək elektron qeydiyyata alınan ərizələr üzrə sənədlər iyunun 20-dən gec olmayaraq məktəbə təqdim olunmalıdır. Əks halda, həmin ərizələr sistemdən silinir və təkrar qeydiyyat imkanı yaradılır. İyunun 15-dən sonra elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti iyul ayı istisna olmaqla, sentyabrın 18-də başa çatır. Unutmayın, valideynin, yaxud qanuni nümayəndənin uşağın məktəbə qəbul olunması barədə müvafiq qəbz almasından sonra məktəbə yerləşdirilmə başa çatır. Bu sistem bizə nə verəcək? Gördüyünüz kimi, elektron sistem vasitəsi ilə ərizələrin qeydiyyatdan keçirilməsi və məktəbə qəbul prosesi olduqca sadə və asandır. Valideyn kompüter arxasına əyləşərək övladı üçün məktəbi, müəllimi, hətta sinfi belə rahatlıqla seçir. Yəni, əhatə dairəsi genişləndirilməkdə olan elektron qəbul ilk növbədə valideynlərin rahatlığına, vətəndaş məmnuniyyətinə xidmət edir. Sistemin məktəblər üçün də əhəmiyyəti böyükdür. Sinif və şagirdlərin komplektləşdirilməsi işi daha optimal həyata keçirilir. Bəzi məktəblərin həddən artıq yüklənməsi, bəzilərində isə şagird azlığı problemi aradan qaldırılır. Üçüncüsü, şagird qəbulu prosesində əvvəlki illərdə müşahidə olunan neqativ halların qarşısı alınır. Subyektivlik halları aradan qalxır. Birinci sinfə qəbulda vahid və düzgün yanaşma ortaya qoyulur. Xırda narazılıqlar böyük işi necə kölgədə qoyur? Maraqlıdır ki, ilk növbədə valideynlərin rahatlığına, vətəndaşların məmnunluğuna hesablanmış bu addım heç də birmənalı qarşılanmır. Ortaya çıxan xırda problemlərdən qaynaqlanan “böyük” narazılıqlar prosesin əhəmiyyətini az qala kölgədə qoyur. Evdə resursların olmaması, valideynlərin kompüter biliklərinin zəifliyi və başqa səbəblərdən elektron ərizələrin qeydiyyatında yaranan narahatlıqlardan başqa, mikroərazi prinsipinin tətbiqi ilə bağlı da problemlər ortaya çıxır. Bu da problemlərin səbəbini elektron sistemə keçiddə axtaranlara narazılıq üçün fürsət verir. Əslində isə elektron sistemə keçiddə 3 illik təcrübə onun tətbiqinin təkmilləşdirilməsinə imkan verib. Valideynlərin hər hansı problemlə qarşılaşmamaları üçün bütün tədbirlər görülüb. Evdə resurslar yoxdursa... Məsələn, ailələrin hamısında kompüter və ya internet olmaya bilər. Bu məqam elektron qəbul sisteminin tətbiqində nəzərə alınıb. Belə ki, valideyn və ya qanuni nümayəndə özü hər hansı səbəbdən www.mektebeqebul.edu.az saytına daxil olaraq onlayn qeydiyyat apara bilmirsə, Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər. Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində məhz vətəndaşlara kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş 66 məktəbdə Alternativ Qeydiyyat Mərkəzləri fəaliyyət göstərir. Alternativ Qeydiyyat Mərkəzləri fəaliyyət göstərən məktəblər elə seçilib ki, hər bir vətəndaş rahat şəkildə onların xidmətindən yararlana bilsin. Məsələn, Bakıda bir rayon daxilində 4-5 Alternativ Qeydiyyat Mərkəzi fəaliyyət göstərir. Digər rayon və şəhərlərdə də bu amil nəzərə alınıb. Səbail rayonu üzrə 7, 163, 236 nömrəli, Nizami rayonu üzrə 12, 129, 145, 214 nömrəli, Nəsimi rayonu üzrə 19, 44, 247 nömrəli, Yasamal rayonu üzrə 18, 21, 60 nömrəli, Nərimanov rayonu üzrə 57, 82, 177 nömrəli, Xətai rayonu üzrə 17, 24, 116, 165, 191 nömrəli, Sabunçu rayonu üzrə 69, 74, 75, 78, 128, 130, 170 nömrəli, Suraxanı rayonu üzrə 84, 270, 279, 285, 315 nömrəli, Qaradağ rayonu üzrə 110, 180, 195, 228, 274, 288 nömrəli, Xəzər rayonu üzrə 117, 120, 156, 181, 234 nömrəli, Pirallahı rayonu üzrə 235 nömrəli, Binəqədi rayonu üzrə 83, 102, 182, 297, 313 nömrəli tam orta məktəblərdə fəaliyyəti təşkil edilən Alternativ Qeydiyyat Mərkəzləri Bakı şəhər sakinlərinin ixtiyarındadır. Bu məqsədlə Gəncə şəhərində 10, 16, 25, 27, 32 nömrəli tam orta məktəblər, Sumqayıt şəhərində 6, 16, 23, 28 nömrəli tam orta məktəblər, Abşeron rayonu üzrə Xırdalan şəhəri 4 nömrəli və 6 nömrəli, Masazır kənd 3 nömrəli, Mehdiabad kənd 3 nömrəli, Qobu qəsəbəsi 1 nömrəli, Saray qəsəbə 3 nömrəli tam orta məktəblər nəzərdə tutulub. Mikroərazi prinsipi: nədən narazıyıq? Bakı şəhərində mikroərazi prinsipinin tətbiq edilməsi, hətta lisey və gimnaziyalara qəbulda belə bu prinsipin tanınması təbəqələşməyə, məktəblərdə qruplaşmalara, aztəminatlı ailələrin bəzi məktəblərə yaxın düşə bilməməsi kimi formalaşmaqda olan təsəvvürlərə kökündən zərbə vurdu. Sosial fərqləri aradan qaldırmağa yönələn bu addım hər uşağın evinin yaxınlığındakı məktəbə getmək hüququ olduğunu cəmiyyətə xatırlatdı. Düzdür, ötən il müşahidə olunan bəzi faktlar göstərdi ki, bu islahat bütün təhsil müəssisələrində birmənalı qəbul edilmədi. Hətta bir sıra təhsil müəssisələri xidməti ərazidə yaşayanların qəbulunda bəzi əngəllər də yaratmağa çalışdı. Məsələn, lisey və gimnaziyalarda ərazi prinsipi ilə sözügedən təhsil müəssisəsinə qəbul olunan uşaqların qarşısına müsabiqə tələbi qoyuldu. Bu cür məsələlər bu il də ortaya çıxa bilər. Belə faktların olmaması üçün ilk növbədə valideynlər diqqətli olmalıdır. Elə götürək qeydiyyat prosesini. Valideyn bilməlidir ki, prosesi düzgün həyata keçiribsə, sistem avtomatik olaraq onu qeydə alır, yaxud İşçi Qrup 3 gün ərzində həmin valideynin müraciətinə baxaraq, onun xeyrinə qərar verir. Burada əsas məsələ valideynin səhv etməməsidir. Tutaq ki, hər hansı lisey və ya gimnaziyanın xidməti ərazisində yaşayan valideyn “müsabiqəyə yazıl” düyməsini seçibsə, bu, onun özünün yaratdığı problemdir. Yaxud ola bilər ki, valideyn yaşayış yerinin onun arzuladığı məktəbin xidməti ərazisində olduğunu düşünür. Halbuki onun ünvanı həmin xidməti ərazidə deyil. Belə vəziyyət anlaşılmazlıqlara və bu səbəbdən doğan narazılıqlara meydan açır. Xidməti ərazi məsələsi nisbətən mürəkkəb olduğundan onun müəyyənləşməsində bəzən çaşqınlıqlar, anlaşılmazlıqlar ortaya çıxır. Çox vaxt valideynlərlə məktəb arasında problemlər də məhz bu məsələdən qaynaqlanır. Qeyd etməliyik ki, məktəblərin xidməti ərazilərini sadəcə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Nazirliyi müəyyən etmir. Rayon icra hakimiyyətlərinin nümayəndələri ilə birgə həyata keçirilən müəyyənləşdirmə zamanı mikroərazidəki 6 yaşlı uşaqların sayı və məktəb rəhbərliyinin rəyi əsas götürülür. Odur ki, ilk növbədə yaşayış yerinin müəyyən olunmuş xidməti ərazisində yerləşən təhsil müəssisəsini seçmək lazımdır. Əgər digər ərazidəki bir məktəbi seçmisinizsə və sizin seçdiyiniz məktəbə I sinfə qəbul üzrə mikroərazi prinsipi tətbiq olunursa, bu halda qaydaların tələblərinə əməl etməkdən başqa çıxış yolunuz qalmır. Əgər yaşayış yerinizə ən yaxın ərazidə yerləşən təhsil müəssisəsini seçərkən belə, yenə də sistemdə övladınızın müsabiqəyə cəlb edilməsi tələbi qoyulursa, rahat şəkildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Təhsil Nazirliyinə müraciət edə bilərsiniz. Əmin olun ki, hüququnuz tanınacaqdır. Qeyd edək ki, bölgələrdə mikroərazi prinsipi olmadan süni, yoxsa həqiqi sıxlıq olduğunu aydınlaşdırmaq məqsədi ilə Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərlərində mikroərazi prinsipi tətbiq olunmur. Yalnız Bakı şəhərinin bir sıra məktəblərində I sinfə qəbul ərazi prinsipi əsasında aparılır. Qeyd edək ki, mikroərazi prinsipi tətbiq edilən məktəblər paytaxt üzrə ümumi təhsil müəssisələrinin 10 faizindən də azdır. Hamının istədiyi məktəbdə təhsil almaq hüququ təmin edilir Daha böyük problemlərin həllinə böyük ümidlər yaradan bu islahat - ərazi prinsipinin tətbiqi heç valideynlər tərəfindən də birmənalı qarşılanmayıb. Xüsusən, bu il daha çox səslənən “Niyə uşağımı istədiyim məktəbdə oxutdura bilmirəm?” və buna bənzər suallarla narazılıq edənlərə də rast gəlinir. Halbuki bu qərar heç kəsin hüququnu məhdudlaşdırmır. Yetər ki, birinin hüququnun təmin edilməsi başqasının hüququnun tapdalanması ilə nəticələnməsin. Yəni, valideynin övladı üçün arzuladığı məktəb yaşadığı ərazidə deyilsə, bu o deməkdir ki, həmin valideyn məktəbin xidməti ərazisində yaşayanların uşaqlarının yerləşdirilməsini gözləməli olacaq. Ərazi prinsipi ilə şagirdlərin qəbulu başa çatdıqdan sonra boş yer qalarsa, başqa ərazidə yaşayan valideynlər də uşaqlarını həmin məktəbə yerləşdirə bilərlər. Məktəbəhazırlıqda oxuyanlara üstünlük Ölkə ərazisində 5 yaşlı uşaqların məktəbəhazırlıq qruplarına cəlb olunması prosesi sürətlənib. Bu il beşyaşlıların artıq 65 faizini əhatə edən məktəbəhazırlıq bir çox məsələdə olduğu kimi, birinci sinfə qəbulda da valideynlərin işini asanlaşdırıb. Məsələ bundadır ki, məktəbəhazırlıq qruplarında komplektləşdirilmiş siniflərin I sinifdə də eyni müəllimə həvalə olunması nəzərdə tutulub. Bu qərar verilərkən məhz məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyi nəzərə alınıb və 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunub. Beləliklə, məktəbəhazırlıq qrupunda təhsil alan uşaq üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilir. Yəni, məktəbəhazırlıqda oxuyarkən uşaqlara şəxsi iş açılır və belə uşaqların birinci sinfə qəbulu üçün valideynlərindən sadəcə elektron ərizəni çap edərək məktəbə təqdim etmək tələb olunur. Valideyn sistemin seçimi ilə razıdırsa, şəxsi kabinetdən ərizəni çap edib, digər müvafiq sənədlərlə birgə məktəbə təqdim edir. Razı deyilsə, şəxsi kabinetə daxil olaraq yerləşdirilmiş sorğunu silib, yenidən məktəb və müəllim seçir. Beləliklə, növbəti tədris ili üzrə Bakı, Sumqayıt və Gəncə şəhərləri, eləcə də Abşeron rayonu üzrə məktəbəhazırlıq qrupuna cəlb olunmuş 30 mindən çox uşaq avtomatik olaraq birinci sinfə qəbul üçün qeydiyyatdan keçirilib. Problem yaranarsa... Elə isə, heç yerə getmədən, məktəblərdə saatlarla vaxt itirmədən, sadəcə kompüter arxasında oturaraq övladının təhsil alacağı təhsil müəssisəsini, müəllimi seçən valideyn nədən narazıdır? Əvvəllər məktəblər özünün bir müsabiqə mexanizmini tətbiq edir, valideynləri get-gələ salırdı. Subyektiv amillərə əsaslanan tələblər irəli sürülürdü. Narazılıq və narahatlıqlar yaradılırdı. Bəlkə valideynlər yenə bu sistemi arzulayır? İnanmaq çətindir. Axı, elektron sistemin tətbiqindən sonra valideynə hər hansı əlavə tələb irəli sürülmür və haqqı olan təhsil hüququ təmin edilir. Bu deyilənlərlə bağlı hər hansı problem yaranarsa, valideynlər bütün hallarla bağlı şəhər və rayon ərazisində fəaliyyət göstərən Apelyasiya Komissiyasına müraciət edə bilərlər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (012) 599-12-22 nömrəli telefonu (daxili: 6076; 6124), eləcə də info@baku.edu.gov.az elektron poçt ünvanı, Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzi (nömrə - 146) iş günü və saatlarında vətəndaşların xidmətindədir. Gəncə Şəhər Təhsil İdarəsinin (022) 256-15-76 nömrəli telefonu, eləcə də ganja@edu.gov.az elektron poçt ünvanı vasitəsilə Gəncə şəhər sakinləri, Sumqayıt Şəhər Təhsil Şöbəsinin (018) 642-00-88 nömrəli telefonu, eləcə də sumgayıt@edu.gov.az elektron poçt ünvanı vasitəsilə Sumqayıt şəhər sakinləri, Abşeron Rayon Təhsil Şöbəsinin (012) 342 29 06 nömrəli telefonu, eləcə də absheron@edu.gov.az elektron poçt ünvanı vasitəsilə rayon ərazisində yaşayan valideynlər əlaqə saxlayaraq istənilən sorğusuna cavab ala bilərlər. Əziz valideynlər, I sinfə qəbul üzrə hər bir yeniliyin yalnız sizin rahatlığınız və subyektiv amillərin aradan qaldırılması üçün olduğunu unutmayın. Dünyanın bir sıra inkişaf etmiş ölkələrində mövcud olan qaydaların Azərbaycanda da tətbiqi əlavə vaxt itkisinin qarşısını alır, məktəblər və müəllimlər üçün sağlam rəqabət mühiti yaradır, övladlarınızı hər hansı uzaq məktəbə getmək üçün saatlarla yol qət etməkdən azad edir. Sözün hər mənasında məktəbə gedən yolunuz yaxın və asan (elektron) olsun! “Azərbaycan müəllimi” qəzeti
16/03/2018 12:40
“Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi keçirilib
Martın 17-də akademik Zərifə Əliyeva adına liseydə “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi keçirilib. Təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva müsabiqəni izləyib. İştirakçılara uğurlar arzulayan nazir müavini Firudin Qurbanov müsabiqənin şagirdlərin mütaliə mədəniyyətinin inkişafında, mütaliəyə meyil və maraqlarının gücləndirilməsində mühüm rolu olduğunu bildirib. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdir. İştirakçılar bu mərhələdə 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar. Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndiriləcək. Yekunda ölkə mərhələsinin iştirakçıları arasından qaliblər seçilərək I, II, III və həvəsləndirici yerlərə layiq görüləcək, diplom, tərifnamə və qiymətli hədiyyələrlə təltif olunacaqlar. “Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdə təşkil olunub. Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 25 minə yaxın şagird iştirak edib, onların arasından fərqlənən 5311 nəfər şagird rayon (şəhər) mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi fevral ayında yekunlaşdırılıb və bölgələrdən qalib hesab edilən 112 nəfər şagirdin siyahısı ölkə mərhələsində iştirak üçün təqdim olunub. Onlardan 13 nəfəri VIII, 20 nəfəri IX, 40 nəfəri X, 39 nəfəri XI sinif şagirdidir. Artıq üçüncü ildir ki, Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilir. Müsabiqə Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrində nəzərdə tutulan vəzifələrin icrasına xidmət edir.
16/03/2018 11:19
“Bir günəş altında" adlı tamaşa nümayiş olunub
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Bir günəş altında" adlı tamaşa nümayiş olunub. Tamaşada rolları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, eləcə də fiziki imkanları məhdud tələbələr ifa ediblər. Tamaşanın məqsədi fiziki imkanları məhdud gənclərin cəmiyyətə inteqrasiya edilməsinə köməklik göstərmək və onların digər gənclərlə birgə fəaliyyətinə dəstək olmaqdır. Tədbir Təhsil Nazirliyi və “British Council Azerbaijan”nın təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi, SABAH qrupları və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi ilə baş tutub.
15/03/2018 18:04
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı