Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Birincilərin birincisi” - Azərbaycanın gənc istedadlarını tanıyaq

Məlumdur ki, ölkəmizdə istedadlı uşaqların aşkara çıxarılması, onların elmi biliklərə həvəsləndirilməsi  və rəğbətləndirilməsində müxtəlif  fənn olimpiadalarının, bilik  yarışlarının  mühüm əhəmiyyəti var. Təhsil  Nazirliyi tərəfindən  istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdləri aşkar etmək üçün keçirilən fənn olimpiadaları,  bir qayda olaraq,  ümumtəhsil məktəblərinin  IX-XI sinif şagirdləri cəlb olunmaqla Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə təşkil edilir.  Builki yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub. 33 minə yaxın şagirdin iştirak etdiyi builki Respublika fənn olimpiadalarında 298 nəfər qalib elan olunub. Fənn olimpiadalarının nəticələrinə əsasən, qızıl medala layiq görülmüş 8 məktəbli həm də “Birincilərin birincisi” adını qazanıb.   Şagirdlərimizdən Ramil Babazadə kimya, Emil Qasımov  riyaziyyat,  Zahir Məmmədzadə coğrafiya,   Vüqar Rufulla  tarix,  Günay Quliyeva Azərbaycan dili və ədəbiyyat,  Günel Mahmudova   biologiya,   Məhəmməd Yusifov fizika,  Ziya Muxtarov informatika fənləri üzrə “Birincilərin birincisi” nominasiyasında qalib olublar. Onlarla daha yaxından tanış olaq.   “Fənn olimpiadaları obyektiv və maraqlı keçdi”   Ramil Babazadə, Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərin XI sinif şagirdi   2001-ci il mayın 6-da Şəki şəhərində anadan olub. 2007-ci ildə Bakıdakı 74 nömrəli tam orta məktəbin I sinfinə qəbul olunub, VI sinifdə imtahan verərək “İstək” liseyində oxumaq şansı qazanıb. IX sinifdə oxuyarkən 50-ci Beynəlxalq Mendeleyev Olimpiadasında iştirakçı diplomu, Respublika fənn olimpiadalarında gümüş,  Gürcüstanda keçirilən 48-ci Beynəlxalq Kimya Olimpiadasında bürünc,  X sinifdə İndoneziyanın Denpasar şəhərində keçirilən Yeniyetmələrin 13-cü Beynəlxalq Təbiət Elmləri Olimpiadasında bürünc, 2017-ci ilin mart ayında keçirilən 51-ci Beynəlxalq Mendeleyev Olimpiadasında bürünc medallara sahib olub. 2017-ci  ildə  Moskva şəhərində keçirilən Beynəlxalq Meqapolis olimpiadasında, eləcə də  Tailandda  təşkil olunan  49-cu Beynəlxalq Kimya Olimpiadasında qızıl medallara  layiq görülüb. - Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş Respublika fənn olimpiadaları hər il olduğu kimi,  bu il də obyektiv və maraqlı keçdi.  3 turdan ibarət olan fənn olimpiadasına 8 fənn üzrə ölkəmizin müxtəlif regionlarından şagirdlər qatılmışdı. Artıq 3-cü il idi ki, mən də bu olimpiadada böyük həvəslə iştirak edirdim. 2016-cı ildə gümüş, 2017-ci ildə qızıl medal qazanaraq “Birincilər birincisi” nominasiyasına layiq görülmüşdüm. Bu il də bu estafeti qoruyub saxlamağı qarşıma məqsəd qoydum və hədəfimə nail olaraq 2-ci dəfə bu nominasiyaya layiq görüldüm.  Qaliblərin mükafatlandırılması mərasimi mayın 15-də Təhsil Nazirliyi tərəfindən çox yüksək səviyyədə təşkil olundu.  Nəticə göstərən hər bir şagirdin əziyyəti diplom və qiymətli mükafatlarla dəyərləndirildi. Bu cür yarışlar şagirdlərin müxtəlif sahələri daha dərindən mənimsəməsinə və məktəblilər arasında sağlam rəqabət mühitinin yaranmasına səbəb olur. 11-ci sinif olaraq bu il Respublika fənn olimpiadaları karyerama 1 gümüş və 2 “Birincilər birincisi” nominasiyası ilə son qoydum. Qarşıda Çexiya və Slovakiya respublikalarının birgə təşkilatçılığı ilə keçiriləcək 50-ci Beynəlxalq Kimya Olimpiadası gözlənilir. Hədəfim keçən il olduğu kimi bu il də Azərbaycan bayrağını digər qızıl medal alan ölkələr sırasında - ən yüksək zirvədə dalğalandırmaqdır.   “Bu, əldə etdiyim üçüncü qızıl medal oldu”   Emil Qasımov, Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərin XI sinif şagirdi   19 dekabr 2000-ci ildə Bakı şəhərində anadan olub. 2007-ci ildə Elçin Şəmiyev adına 149 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. Hazırda Nərimanov “İstək”  liseyinin XI  sinif şagirdidir.   Bu  il Cənubi Koreyanın KAIST (Korea Advanced Institute of Science and Technology) Universitetinə tam təqaüdlə qəbul olunub. 2015-ci ildə riyaziyyat fənni üzrə Respublika olimpiadasında qızıl medala layiq görülüb.  Junior Balkan Riyaziyyat Olimpiadasında (Serbiya) iştirak edib. 2016-cı ildə  Beynəlxalq Zhautykov Olimpiadasında riyaziyyat fənni üzrə bürünc, 2017-ci ildə riyaziyyat fənni üzrə Respublika olimpiadasında qızıl medallara, Beynəlxalq Riyaziyyat Olimpiadasında (Braziliya) həvəsləndirici mükafata (honorable mention), riyaziyyat fənni üzrə Respublika Olimpiadasında “Birincilərin birincisi” adına layiq görülüb.  Bu il Balkan Riyaziyyat Olimpiadasında iştirak  edib. - 2018-ci il Respublika fənn olimpiadaları mənim üçün çox uğurlu keçdi.  Final mərhələsində təqdim olunan 5 sualın hər birini tam cavablandırmaqla maksimum bal olan 25 balı əldə etdim. Bu mənim Respublika fənn olimpiadalarında  əldə etdiyim 3-cü qızıl medal oldu, ancaq ilk dəfədir ki,  “Birincilərin birincisi”  adına layiq görülürəm. Əldə etdiyim bu uğura görə valideynlərimə, müəllimlərimə və mənim üzərimdə əməyi olan hər bir kəsə minnətdarlığımı bildirirəm.   “Ali təhsilimi xaricdə davam etdirməyi düşünürəm”   Məhəmməd Yusifov, Gəncə şəhəri 26 nömrəli məktəbin eksperimental pilot siniflərin IX sinif şagirdi   2003-cü ildə Tovuz rayonunda anadan olub.  İlk  I-VI  sinifləri Tovuzda təhsil aıb. Daha sonra isə  Gəncə “İstək”  liseyində  təhsilini davam etdirməyə başlayıb. - Builki respublika  fənn olimpiadaları mənim üçün uğurlu keçdi. Düzdür,   builki suallar gözümdə keçən ildəkindən çətin idi, bu isə ən  güclülərin  seçilməsində  daha böyük  effektə sahib oldu. Ümumi nəticələri keçən  ildəkindən daha yaxşı olaraq dəyərləndirirəm (9-cu siniflər nümunəsində), ortalama bal keçən ildəkindən daha yüksək olub.  İmtahana başlayanda  “Birincilərin birincisi” olmağı güman etmirdim, düşünürdüm ki,  birinciliyə  yetişə bilməyəcəyəm, lakin imtahanda təmkinli davranıb axıracan gözlədim ki,  unutduğum bir sey varsa xatırlayım, buna görə də  nəticəm yüksək oldu. Məncə,   imtahanda layiqincə iştirak etdim və “Birincilərin birincisi”  adına  layiq  görüldüm.    Qaliblərin  mükafatlandırılma mərasimi  çox  yüksək səviyyədə keçdi.  Gələcəkdə IT  sahəsində  ali təhsil  almağı planlaşdırmışam, bunun  əsrin ən vacib sahələrindən olduğunu deyə bilərəm. Ali təhsilimi xaricdə davam etdirməyi düşünürəm.  IT sahəsinə maraq göstərsəm də, fizika olimpiadaçısıyam,  fizika fənni üzrə  “Birincilərin birincisi”  seçilmişəm. “Azərbaycanın adını daim ucaltmağa çalışacağam”   Ziya Muxtarov, Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi   2001-ci il mayın  21-də Bakı şəhərində anadan olub.  IX sinfə qədər təhsilini  Bakıdakı  283 nömrəli tam orta məktəbdə alıb.  2015-ci ildə imtahan verərək akademik Zərifə Əliyeva adına liseyin 9-cu sinfinə qəbul olunub. Hazırda   təhsilini həmin liseydə davam etdirir. - İnformatika fənninə marağım kiçik yaşlarımdan başlayıb. İllər keçdikcə bu maraq daha da  güclənib, bu sahədə heç bir yeniliyi nəzərimdən qaçırmamağa çalışmışam.  İnformatika  fənni üzrə bir çox beynəlxalq və respublika olimpiadalarında iştirak etmişəm. Olimpiadalarda  qazandığım uğurlara görə  təkcə bir müəllimin adını qeyd edə bilmərəm. Mənə ilk gündən qələm tutmağı,   əlifbanı öyrədən,  elmin dərinliklərini  mənimsədən  bütün müəllimlərimə  dərindən təşəkkür edirəm.  Builki  olimpiadada müxtəlif məktəblərdən şagirdlər iştirak edirdilər.  Olimpiadanın yüksək  səviyyədə təşkil olunması da qələbəmizdə müəyyən rol oynadı. İnformatika fənni üzrə  olimpiadada verilən suallar  yetərli qədər çətin idi.  Lakin illərlə qazandığım biliklər bu çətinliklərin öhdəsindən gələrək “Birincilərin birincisi”  olmağıma şərait yaratdı. 2018-ci il respublika fənn olimpiadalarının   qaliblərinin   mükafatlandırma mərasimində  müxtəlif elm sahələrində çalışan ziyalılar iştirak edirdi.  Təhsil naziri Ceyhun Bayramovun  bizi şəxsən təbrik edərək qiymətli hədiyyələr  təqdim etməsi biz  qalibləri çox sevindirdi  və qürurlandırdı. Gələcəkdə arzum  orta məktəbi  bitirdikldən sonra ali təhsilimi proqramçı ixtisası üzrə xarici ölkələrin birində almaqdır. Harada olmağımdan asılı  olmayaraq  həmişə vətənim Azərbaycanın adını daim ucaltmağa çalışacağam.   “Qalib gəlmək hər bir şagirdin arzusudur”   Vüqar  Rufulla, Bakı şəhəri 261 nömrəli tam orta məktəb-liseyin X sinif şagirdi   2002-ci il yanvarın 6-da Bakı şəhərində anadan olub.  2008-ci ildə 261 nömrəli məktəb-liseyin 1-ci sinfinə qəbul olub. Hazırda həmin məktəbin X  sinfində təhsil alır. - Respublikamızda keçirilən fənn olimpiadalarının çox böyük əhəmiyyəti vardır. Belə müsabiqələr şagirdlər arasında  rəqabəti artırmaqda, istedadlı şagirdlərin aşkar edilməsində  böyük rol oynayır. Bu cür  mötəbər yarışlarda iştirak etmək və orada qalib gəlmək hər bir şagirdin arzusudur. Bu il  keçirilən olimpiadada  bu  arzuma  çatdım və tarix fənni üzrə “Birincilərin birincisi” nominasiyasına layiq görüldüm. Belə bir yarışda qalibiyyət  məndə  böyük  sevinc və fərəh hissi yaratdı. Olimpiada qaliblərinin mükafatlandırma mərasimi çox gözəl keçdi.     “Biologiya Dünya Olimpiadasında iştirak edəcək 4 şagirddən biriyəm”   Günel Mahmudova, Türkiyə Dəyanət Vəqfi  Bakı Türk Liseyinin XI sinif şagirdi   2000-ci il oktyabrın 14-də  Bakı şəhərində anadan olub. İbtidai təhsilini  paytaxtdakı 38 nömrəli tam orta məktəbdə bitirdikdən sonra  V  sinifdən  təhsilini Türkiyə Dəyanət Vəqfi  Bakı Türk Liseyində  davam etdirməyə başlayıb. - Biologiya fənninə olan marağım mənim IX  sinifdə  Respublika fənn olimpiadalarına qatılmağıma səbəb oldu. Nəticədə gümüş medalla respublika 2-cisi oldum. Bundan sonra, respublika olimpiada hazırlıq mərkəzində  keçilən dərslərə qatıldım və biologiya fənnini daha dərindən öyrənməyə çalışdım.   Buna görə yenə məhz biologiya haqqında müxtəlif xarici ədəbiyyatları oxumağa başladım. Əməyimin bəhrəsini isə bu il “Birincilərin birincisi” adına layiq görülməyim və qızıl medal almağımla əldə etdim. Hal-hazırda ölkəmizi 29-cu Biologiya Dünya Olimpiadasında (İBO) təmsil etmək üzrə seçilən 4 şagirddən biriyəm. Gələcək planlarım çoxdur. Bunlardan ən birincisi qardaş ölkə  Türkiyədə tibb ali təhsili almaq və bu təhsilin sonrakı magistratura pilləsini Amerikada davam etdirməkdir. “Anama və müəllimlərimə təşəkkürlərimi çatdırıram”   Günay Quliyeva, Qazax rayonu  Kommuna kənd  S.Həsənov adına tam orta məktəbin IX sinif şagirdi   2003-cü il oktyabrın 7-də  Qazax rayonunun Kommuna kəndində anadan olub. 2009-cu ildə S.Həsənov adına Kommuna kənd tam orta məktəbin I sinfinə qəbul olunub. Hazırda  həmin məktəbin IX sinfində oxuyur. -  Fənn olimpiadalarına qatılmağımda və uğurlu iştirakımda təhsil aldığım məktəbin kollektivinin dəstəyini qeyd etmək istəyirəm. İbtidai sinif müəllimim Vəfa xanım qayğı ilə mənə Vətəni sevməyi öyrədib, məni bilik əldə etməyə həvəsləndirib.  Digər müəllimlərim də həm mənə,  həm də sinif yoldaşlarıma kitab oxumağı,  olimpiada və bilik müsabiqələrində iştirak etməyi məsləhət görüblər.  Mən də onların dəstəyi ilə bu il  “Ədəbiyyat biliciləri” müsabiqəsində və  Azərbaycan dili və ədəbiyyat fənni üzrə respublika fənn olimpiadasında iştirak etdim.  Rayon mərhələsini keçdikdən sonra  “Ədəbiyyat biliciləri”  müsabiqəsinin  respublika mərhələsində iştirak etmişəm.  Respublika fənn olimpiadasında isə  IX siniflər arasında  birinci yeri tutmuş və  “Birincilərin birincisi” nominasiyası üzrə mükafatlandırılmışam.  Bu cür olimpiadaların keçirilməsi şagirdlərin  biliklərinin  qiymətləndirilməsində əhəmiyyətli rol oynayır.  Olimpiadalar bizi dərslərimizi daha məsuliyyətlə öyrənməyimizə sövq edir, həvəsləndirir.  Belə əhəmiyyətli tədbirlər təşkil etdiyi üçün Təhsil Nazirliyinə dərin minnətdarlığımı bildirirəm.  Məni hər zaman dəstəklədikləri üçün anama və məktəbimizin bütün müəllim kollektivinə təşəkkürlərimi çatdırıram.  “Birincilərin birincisi” olmağım mənim üçün sürpriz oldu”   Zahir  Məmmədzadə, Bakı şəhəri 239 nömrəli tam orta məktəbin X sinif şagirdi   2002-ci ildə Bakıda anadan olub.  2008-ci ildə 236 nömrəli tam  orta məktəbə daxil olub.  2012-ci ildən təhsilini 239 nömrəli  tam orta məktəbdə davam etdirir. - Builki respublika  fənn olimpiadaları mənim üçün çox böyük uğurlara imza atmağıma səbəb oldu. Coğrafiya fənni üzrə qatıldığım yarışda ilk tur olan rayon (şəhər) və ikinci tur olan yarımfinal mərhələlərini yüksək ballarla keçərək final mərhələsinədək yüksəldim. Final mərhələsində isə 50 ballıq sistemdən 49 bal toplayaraq nəinki 10-cu siniflərin birincisi,  hətta ümumilikdə coğrafiya fənni üzrə “Birincilərin birincisi” nominasiyasına layiq görüldüm. Final turunda nəticələr açıqlanmazdan əvvəl 1-ciliyi gözləməsəm də yer tutacağımdan əmin idim. “Birincilərin birincisi” nominasiyası isə mənim üçün, sözün əsl mənasında, sürpriz oldu.  Bu olimpiadada artıq ənənə halını almış məqamlardan biri də hər  fəndən ölkə üzrə ən güclü şagirdin “Birincilərin birincisi” nominasiyası üzrə təltif edilməsidir. Təbii ki, bu nominasiyanı  əldə  etmək  hər  şagird kimi mənim də arzum olub. Nəhayət, bu il arzuma çataraq respublika fənn olimpiadalarının coğrafiya fənni üzrə “Birincilərin birincisi” nominasiyasına  layiq görüldüm. 33 min şagirdin qatıldığı bilik yarışmasında  fənnim üzrə 8 nəfərdən biri olmaq məni çox qürurlandırdı. 15 may tarixində keçirilmiş respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırma mərasimində Təhsil Nazirliyi tərəfindən 1-cilik medalı və qiymətli hədiyyə ilə mükafatlandırıldım. Ümumiyyətlə, olimpiada zamanı və qalibiyyəti əldə etdikdən sonra yaşadığım hisslər sözlə ifadə edilməyəcək qədər gözəl idi.   "Azərbaycan müəllimi" qəzeti

“Ekoloji Triada” aksiyası

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı ilə məktəblilər üçün “Ekoloji Triada” aksiyası keçirilib. Aksiya üç ekoloji əhəmiyyətli günə - 22 May-Biomüxtəliflik Günü, 23 May-Azərbaycan Ekoloqlar Günü və 24 May-Avropa Milli Parklar Gününə həsr olunub. 22 May-Biomüxtəliflik günü ilə əlaqədar ekologiya üzrə mütəxəssislər tərəfindən xüsusi məlumatlandırıcı vərəqlər hazırlanıb və açıq dərslər keçirilib. “Mənim bağçamın biomüxtəlifliyi” üzrə məktəblilərə sorğu vərəqləri təqdim olunub, uşaqlar məktəbin yaxınlığındakı park və meşə ərazilərində müşahidələr aparıb, sorğu vərəqlərində qeyd olunan ağac, bitki, heyvan və həşəratların ümumi növ və sayını müəyyənləşdirərək verilmiş düstura əsasən biomüxtəliflik əmsalını hesablayıblar. “Tap görüm” sorğu vərəqinə əsasən isə məktəblilər verilmiş cədvəl üzrə biomüxtəliflik mövzusunu əhatə edən sualları ekoloji biliklərinə uyğun olaraq cavablandırıblar və ekosistemdə gördükləri bəzi orqanizmlərdən istifadə edərək qida zənciri yaradıblar. Sorğu vərəqlərini RUGİM-in 2300 ekoklub üzvi və 58 rayon UGİM-lərinin üzvləri doldurub. Azərbaycan Ekoloqlar Günü ilə əlaqədar olaraq Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Yaşıl Şəbəkə” 40 ekoklub liderinin ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ilə görüşü keçirilib. Həmçinin Suraxanı rayonu ərazisindəki yaşıllıq sahədə iməcilik təşkil olunub, ərazidə abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Avropa Milli Parklar Günü ilə əlaqədar məktəblilərin Azərbaycanın Milli parkları haqqında ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqlarının formalaşdırılması üçün Respublika ekoloji aksiyası keçirilib. Respublika Ekoloji aksiyası Abşeron, Şirvan, Hirkan, Ağgöl, Samur-Yalama, Altıagac, Şahdağ, Göygöl, Zəngəzur Milli Parklarını əhatə edib.

"ASAN Peşə" Təhsil Mərkəzi ilə tanışlıq

Mayın 24-də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi və Avropa İttifaqının nümayəndə heyəti Mingəçevir şəhərinə səfər edib. Səfər çərçivəsində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ilə görüş keçirilib və burada peşə təhsilinin gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Sonra nümayəndə heyəti Mingəçevir şəhərində fəaliyyət göstərən Peşə Məktəbinə gəlib, məktəbin kollektivi, infrastrukturu və maddi-texniki bazası ilə tanış olub. Daha sonra "ASAN Həyat" kompleksinə daxil olan və gələn tədris ilində fəaliyyətə başlayacaq "ASAN Peşə" Təhsil Mərkəzinə baxış keçirilib. "ASAN Peşə" Təhsil Mərkəzi müasir tələblərə cavab verən bütün növ zəruri avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Layihəyə uyğun olaraq, "ASAN Peşə" Təhsil Mərkəzində 4 istiqamət - elektrik, mexanik, santexnik, tikişçi ixtisasları üzrə  tədris aparılacaq.

Təhsil nazirinin müavini Paris şəhərində rəsmi səfərdədir

Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Ali Təhsil Məkanı nazirlərinin konfransında iştirak etmək məqsədi ilə Fransanın Paris şəhərində rəsmi səfərdədir. Nümayəndə heyətinin tərkibinə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov, Beynəlxalq əlaqələr sektorunun müdiri Tural Əhmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və Bakı Dövlət Universitetinin SABAH qruplarının III kurs tələbəsi Nigar Hüseynova daxildir. İki gün davam edəcək tədbiri mayın 24-də açıq elan edən Fransa Respublikasının ali təhsil, tədqiqat və innovasiyalar naziri xanım Frederique Vidal 1998-ci ildə qəbul olunmuş Sorbon bəyannaməsindən sonra Avropa Ali Təhsil Məkanında əldə olunmuş uğurlardan bəhs edib. Açılış mərasimində Fransa Respublikasının Baş naziri Eduard Filip, YUNESKO-nun Baş katibi Odri Azulay, Təhsil, Mədəniyyət, Gənclər və İdman üzrə Avropa komissarı Tibor Navraksis iştirak edib. Tədbirə həmçinin, 48 ölkənin təhsil üzrə rəhbər şəxsləri, ixtisaslaşmış regional və beynəlxalq təşkilatların nümayəndələri qatılıb. Konfransda üzv ölkələr arasında ali təhsil sahəsində növbəti 10 il üçün ortaq dəyərlərin müəyyənləşdirilməsi, mümkün çağırışların aydınlaşdırılması və qarşılıqlı dialoqun gücləndirilməsi məqsədi ilə müzakirələr aparılıb. Tədbirdə çıxış edən nazir müavini Firudin Qurbanov ölkəmizin 2005-ci ildə qoşulduğu Bolonya prosesi çərçivəsində təhsil sahəsində aparılan islahatlar, onların müsbət nəticələri haqqında məlumat verib, o cümlədən Azərbaycan-Fransız Universiteti timsalında həyata keçirilən ikili diplom proqramını xüsusilə vurğulayıb. Eyni zamanda Firudin Qurbanov “EXPO-2025” çərçivəsində ölkəmizin irəli sürdüyü insan kapitalı mövzusuna diqqəti cəlb edib və ölkələri Azərbaycanın namizədliyini dəstəkləməyə çağırıb. Nazirlərin görüşündə Bolonya çərçivəsində üzv ölkələrin üzərinə götürdüyü öhdəliklərin icra vəziyyətini özündə ehtiva edən hesabat təqdim olunub, üzv ölkələrin əldə etdiyi uğurlar təqdir edilib və mövcud çağırışların həlli istiqamətində zəruri addımların atılmasının əhəmiyyəti vurğulanıb. Səfər çərçivəsində nümayəndə heyəti Parisdə Heydər Əliyev Fondunun və   Azərbaycanın Fransadakı səfirliyinin təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyinə həsr olunmuş tədbirdə iştirak edib.  

“Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsinin açılış mərasimi

Mayın 24-də Gəncə şəhərində “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsinin açılış mərasimi keçirilib. Mərasim Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” layihəsi çərçivəsində Gəncə regional komponenti üzrə təşkil olunub. Layihənin məqsədi Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək göstərmək və peşə təhsilinin keyfiyyətini artırmaqdır. Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas, BMTİP-nin Rezident Nümayəndəsinin müavini Alessandro Frakassetti, Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğun Regional Proqramlar üzrə bölmə rəhbəri Vasilis Maragos,  Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev çıxış edərək təqdim olunan layihənin Gəncə şəhərində və ətraf rayonlarda peşə təhsilinin inkişafında mühüm rol oynayacağını vurğulayıb, layihənin icrası istiqamətində uğurlar arzulayıblar. Layihə rəhbəri Eltəkin Ömərov təqdimatla çıxış edərək tədbir iştirakçılarına layihənin icra mexanizmi, fəaliyyətləri və peşə təhsilinin inkişafı sahəsində əhəmiyyəti barədə geniş məlumat verib. Tədbirdə Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin,  “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” layihəsinin əməkdaşları, peşə təhsili müəssisələrinin və digər qurumların təmsilçiləri iştirak edib. Sonda layihə çərçivəsində görüləcək işlər barəsində qarşılıqlı fikir mübadiləsi aparılıb, maraq doğuran məsələlər müzakirə edilib. Tədbir iştirakçıları Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şəraitlə tanış olublar. 

Təhsil naziri Misirin ölkəmizdəki səfiri ilə görüşüb

Mayın 24-də təhsil naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim ilə görüşüb. Görüşdə Azərbaycan və Misir arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.  

Məktəblilərimiz Ukraynada festivala qatılıb

Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən “Dnepr yamaclarında mətbuat-yazı” adlı XV Beynəlxalq Uşaq-Gənclər Jurnalistika Festivalında iştirak edib. 8 ölkədən 150-yə yaxın iştirakçının qatıldığı festivalda Azərbaycanı mərkəzin 2 nəfər dərnək üzvü və rəhbər heyəti təmsil edib. Festivalın açılışından əvvəl Ukrayna Respublikasının kütləvi informasiya vasitələrinin də iştirak etdiyi mətbuat konfransı keçirilib. Konfransda 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əminə Musayeva çıxış edərək Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, milli adət-ənənələri və mərkəzin fəaliyyəti haqqında məlumat verib. Festivalın açılış mərasimində təmsilçilərimiz “Sarı gəlin” rəqsini təqdim edib. Mərkəzin dərnək üzvü Kövsər İbrahimovanın “Dünyanı yaxşılığa doğru dəyişək” adlı layihəsi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək xüsusi mükafata layiq görülüb. Daha sonra uşaqlar intellektual oyunlardan ibarət yarışmada iştirak ediblər. Yarışda festivalın kubokunu və laureat adını qazanan komandamız Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən xüsusi diplomlarla təltif olunub.

Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin nəzərinə!

Cari ilin 26 may – 2 iyun tarixlərində müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsi keçiriləcək. Diaqnostik qiymətləndirmədə respublikanın ümumi təhsil müəssisələrində çalışan 20 minə yaxın müəllim iştirak edəcək. Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq. Azərbaycan Texniki Universitetinin idman zalında təşkil olunacaq qiymətləndirmənin keçiriləcəyi tarix və saat barədə məlumat istifadəçilərin şəxsi səhifələrinə göndəriləcək. İbtidai sinif müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi 26-27 may, digər fənləri tədris edən müəllimlərin diaqnostik qiymətləndirilməsi isə 29 may – 2 iyun tarixlərində keçiriləcək. Namizədlərdən imtahan keçiriləcək ünvana (Azərbaycan Texniki Universiteti, Ayna Sultanova küçəsi 5, “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığı) şəxsiyyət vəsiqələri ilə gəlmələri tələb olunur.

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

Mayın 23-də “eTwinning Plus” layihəsi çərçivəsində  “Təhsildə İKT” mövzusunda seminar öz işinə başlayıb. Seminarın açılış mərasimində Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Vüsal Xanlarov çıxış edərək “eTwinning Plus” layihəsinin ölkəmizdə icrası barədə danışıb. Bildirilib ki, layihə Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının “eTwinning” layihəsinin tərkib hissəsidir. Ölkəmiz “eTwinning Plus” layihəsində 2013-cü ildən etibarən iştirak edir. Layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, 35 Avropa ölkəsindən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır. Üç gün davam edəcək seminara 8 ölkədən qonaqlar qatılıb. Tədbirdə Bolqarıstan, Finlandiya, Fransa, Gürcüstan, Latviya, Malta, Çexiya, Slovakiya və Azərbaycandan olan müəllimlər və “eTwinning” layihəsi üzrə nümayəndələr iştirak edib.    Seminarın növbəti günlərində Avropa Ittifaqının Azərbaycan Respublikasında nümayəndəsi Pərviz Bağırov, “ADA” Universitetinin informasiya texnologiyaları və mühəndislik fakültəsinin professoru Araz Yusubov, "Microsoft-Azərbaycan" şirkətinin təhsil üzrə meneceri Emin Axundov, “eTwinning” layihəsinin ölkələr üzrə səfir və nümayəndələri çıxış edəcəklər. Seminar layihədə iştirak edən müəllimlərin bilik və bacarıqlarının artırılması və layihənin Azərbaycanda genişləndirilməsinin təmin etmək məqsədi daşıyır. Tədbir çərçivəsində həm xarici, həm də yerli mütəxəssislərin rəhbərliyi ilə İKT-nin təhsilə tətbiqi, layihə əsaslı təhsil və müəllimlərin XXI əsr bacarıqlarını inkişaf etdirəcək müxtəlif təlim və müzakirələr təşkil olunacaq. Qeyd edək ki, “eTwinning Plus” layihəsi çərçivəsində Azərbaycandan indiyədək 244 məktəbdən 660 müəllimin iştirakı ilə 742 təhsil layihəsi həyata keçirilib. Eyni zamanda “eTwinning Plus” layihəsində iştirak edən müəllimlərin pedaqoji bilik və bacarıqlarının artırılması məqsədi ilə onlayn təlimlər, Avropanın müxtəlif ölkələrində seminar və konfranslar təşkil olunur və layihəyə üzv müəllimlər burada iştirak edir. Bu layihə Azərbaycanda 2016-cı ildən etibarən Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılır.

“Refleksiv müəllim” seminarı keçirilib

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) təşkilatçılığı ilə Şirvan şəhərində “Refleksiv müəllim” seminarı keçirilib. Seminarın təşkili dərslərin daha səmərəli planlaşdırılması, keçirilməsi və qiymətləndirilməsi ilə bağlı müəllimlərə dəstək məqsədi  daşıyır. İbtidai sinif müəllimlərinin və metodistlərin iştirak etdiyi seminarda TİPİİ-nin direktoru Vəfa Yaqublu çıxış edərək “Refleksiv müəllim” layihəsinin məqsədi, qaydaları haqqında məlumat verib. Seminarda Şirvan şəhər 16 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Lətifə Hüseynovanın 2-ci sinif üzrə Azərbaycan dili dərsi üçün hazırladığı “Əkinçi və canavar” mövzusunda dərs icmalı dinlənilib və müzakirə edilib. Daha sonra Şirvan şəhər 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aybəniz Tağıyevanın riyaziyyat fənnindən “Ölçü vahidləri” mövzusunda dərs icmalı müzakirə edilib. Sonda dərsləri müzakirə edilən müəllimlərə TİPİİ-nin “Öyrən - öndə ol!” loqosu yazılmış hədiyyələr, həmçinin “TEAS Press” Nəşriyyat Evinin uşaqlar üçün hazırladığı bədii və informativ kitablar təqdim olunub.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı