“Yay məktəbi” başa çatıb
Avqustun 31-də “Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi” nin bağlanış mərasimi keçirilib. “Yay məktəbi”nə şagirdlər arasında keçirilən “Brendini tanıt” adlı müsabiqənin final mərhələsi ilə yekun vurulub. Müsabiqənin final mərhələsinə Bakı şəhəri üzrə “Yay məktəbi”nin II mərhələsinin əhatə etdiyi 12 ümumi təhsil müəsssisəsinin VII-VIII sinif şagirdlərindən ibarət 5, 27, 57, 95, 166 saylı məktəblərin komandaları qatılıb. Həmin məktəblər öz brendlərini təqdim ediblər. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov iştirakçıları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir müavini layihənin şagirdlərin bacarıqlarının üzə çıxarılmasında, onlara sağlam həyat tərzinin aşılanmasında əhəmiyyətli rol oynadığını vurğulayıb. Sonra çıxış edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev “Məktəblinin dostu” layihəsinin önəmindən danışıb, “Yay məktəbi” nin şagirdlərin asüdə vaxtlarını daha da səmərəli keçirmələri baxımından əhəmiyyət daşıdığını bildiriblər. Münsiflərin qiymətləndirməsinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 166, 5 və 95 saylı tam orta məktəblərin komandaları müvafiq olaraq I, II və III yerləri tutublar. Qalib komandalara hədiyyələr və diplomlar təqdim olunub. Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdindəki ümumi təhsil müəssisələrində reallaşdırılmış “Yay məktəbi”ndə iyulda V-VI, avqustda VII-VIII sinif şagirdləri iştirak ediblər. Bu müddətdə 1000-dən çox məktəbli üçün təlim, seminar, informativ sessiya, ekskursiya, idman yarışları və əyləncəli saatlar təşkil edilib. “Yay məktəbi”nin təşkil olunmasının əsas məqsədi yay istirahəti dövründə uşaqlara keyfiyyətli təhsil imkanları yaratmaq, əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasıdır. Xatırladaq ki, “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.
31/08/2018 15:14
Müəllimin seçim fərqi
Və ya 2090 təkcə rəqəm deyil Son 5 tədris ilində ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 500 və daha artıq bal toplayaraq pedaqoji ixtisasları seçən abituriyentlərin sayında davamlı artım müşahidə olunur. Bu artımdan görünür ki, 5 il əvvəl 500 və daha artıq bal toplayan 922 abituriyent müəllimliyi seçmişdisə, ötən il onların sayı 1361-ə yüksəlib. Bu il keçirilən qəbul imtahanlarında iştirak edərək 500 və daha artıq bal toplayan məzunlar arasında isə müəllimlik ixtisasını 2090 nəfər seçib. Bu göstərici 2014-2015-ci tədris ilinə nisbətən 2,3 dəfə və ya 126,7 faiz, ötən ilə nisbətən isə 1,5 dəfə və ya 53,6 faiz artım deməkdir. Bu rəqəm indiyədək pedaqoji ali təhsil müəssisələrinin tarixində maksimal nəticədir. Müəllim olmaq istəyənə 300-400 bal bəs etmir... Son illərdə yüksək bal toplayan abituriyentlər arasında davamlı olaraq ən böyük pedaqoji ali təhsil müəssisəsi olan ADPU-nu seçənlərin də sayı artıb. Məsələn, 2014-2015-ci tədris ilində ADPU-ya qəbul olunan tələbələrdən cəmi 20 nəfəri 500-dən artıq bal topladığı halda, 2017-2018-ci ildə 273 nəfər, bu il isə 527 nəfər burada təhsil almaq arzusunda olub. Bu da 5 il ərzində təxminən 27 dəfə, bir il ərzində isə 2 dəfə artım deməkdir. Bölgə ali təhsil müəssisələrində də keyfiyyət artımı göz qabağındadır. Belə ki, cədvəldən də göründüyü kimi, ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha artıq bal toplayanlar arasında Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetini seçənlərin sayı son 5 ildə bir çox hallarda 10 dəfədən çox, son iki ildə isə 2 dəfəyədək artıb. Bütün bu göstəricilər 5 il bundan əvvəl qəbul edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qırmızı xətlə keçən müəllim nüfuzunun artırılması ilə bağlı davamlı tədbirlərin nəticəsi olaraq dəyərləndirilə bilər. Müəllimini göstər, deyim kimsən... Bu gün ölkəmizdə məktəb anlayışı öz sosial statusu ilə cəmiyyətin ən təhlükəsiz və ən sivil məkanı olmaqla yanaşı, həm də ən yaraşıqlı binalarda yerləşməsi ilə assosiasiya olunur. Bununla belə hər bir təhsil sisteminin gücü onun müəlliminin gücünə bərabərdir. Bəs görəsən bu gücü yaradan müəllim özü haradan güc alır? Gəlin, bu güc nöqtələrinə baxaq: 1. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi; 2. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəticəsində əməkhaqqı artımı; 3. Müəllimlərin işə qəbulunun şəffaf təşkili; 4. Yüksək bal toplayaraq müəllimlik ixtisasını seçən abituriyentlərə “Gələcəyin müəllimi” təqaüdünün verilməsi. 2014-2017-ci illərdə 140 minə yaxın müəllim diaqnostik qiymətləndirmədən keçib. İndi azərbaycanlı gənci xanım olaraq müəllim diplomuna təkcə cehiz əşyası kimi, gənc oğlan isə çarəsizlikdən seçdiyi ixtisas kimi baxmır. Son illərdə pedaqoji sahə üzrə sənəd verən abituriyentlərin peşəyə yararlılıq səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Bu, həm də müəllimlərin işə qəbulunda müsahibə mərhələsinin nəticəsidir. Müəllim olan insan təkcə test imtahanından keçmir, onun nitqi, psixoloji durumu və dünyagörüşü də sərf-nəzər olunur. Müəllimlik peşəsinin nüfuzu artır Bu il İsmayıllı rayonunun təkcə 5 saylı tam orta məktəbindən iki abituriyent - 668 bal yığan Ceyran Aydınova və 665 bal toplayan Gülər Abbasova ingilis dili müəllimliyini seçiblər. Şəmkir rayonunun Düyərli kənd məktəbinin məzunu Təranə Əliyeva da 692 balla riyaziyyat müəllimiyini seçib. Bunlar təkcə qəbul statistikası deyil, həm də müəllim olmaq istəyənlərin keyfiyyət dinamikasıdır. Ümumiyyətlə, 5 il ərzində təhsil ixtisas qrupuna aid olan 18 müəllimlik ixtisasları üzrə qəbul olunanların topladıqları ballar müəllimlik peşəsinin artan nüfuzunu kəskin fərqlə ortaya qoyur. Elə götürək ibtidai sinif müəllimliyi üzrə olan rəqəmləri. Məsələn, 2016-cı ilin qəbul imtahanlarında 500 və daha artıq bal toplayaraq ibtidai sinif müəllimliyini seçən cəmi 1 nəfər vardı. Builki qəbul imtahanlarında 500 və daha artıq bal toplayanlar arasında 235 nəfər abituriyent ibtidai sinif müəllimliyini seçib. Bu indiyədək təhsil ixtisas qruplarında ibtidai sinif müəllimliyini seçənlərin maksimal nəticəsidir. Eləcə də Dövlət Pedaqoji Universitetinin ibtidai sinif müəllimliyinə ötən il qəbul olunan 300 nəfər abituriyentin cəmi 29 nəfəri 500 və daha artıq bal toplamışdırsa, cari ildə bu ali təhsil müəssisəsinə həmin ixtisas üzrə qəbul olunan 300 nəfərin 129-u və ya 43 faizi 500 və daha artıq bal toplayıb. Bu inqilabi nəticədir. Hər il 5000 nəfərə yeni iş yeri... Müəllimlik peşəsinin ilbəil nüfüzunun artması rəqəmlərdən də aydın görünür. Artıq insanlar qəbul edirlər ki, müəllimliyi yüksək nəticələrlə bitirən məzun elə həmin ildə də yaxşı əməkhaqqı ilə iş tapa biləcək. Özü də son 5 ildə Təhsil Nazirliyinin tam şəffaf imtahanlarından keçən müəllimə zaval yoxdur. Və... 500 və daha artıq bal toplayaraq riyaziyyat və informatika müəllimliyini seçən abituriyentlər ötən illə müqayisədə 70,8 faiz, xarici dil müəllimliyini seçənlər isə 25 faiz artıb. Ya da ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha artıq nəticə göstərən abituriyentlər arasında 3 il əvvəl kimya müəllimi olmaq istəyən 43 nəfər idisə, bu il onların sayı 141 nəfər olub. Biologiya müəllimliyi üzrə də vəziyyət eynidir. Yüksək nəticə ilə 3 il əvvəl 13 nəfər, bu il isə 140 nəfər biologiya müəllimliyini seçib. Nəticə budur ki, bütün təhsil ixtisasları üzrə kəmiyyət və deməli, keyfiyyət fərqi belədir. ...Artıq müəllim olmaq rəqabətli seçim əsasında mümkündür. Bundan 5-6 il əvvəlki müəllim olmaq arzusu bir çox hallarda az bal toplayan abituriyentlərin seçiminə uyğun idisə, artıq göründüyü kimi, müəllimlik mübarizəsində güclülər qalib gəlir. Bu o deməkdir ki, müəllim cəmiyyətin ən nüfuzlu peşə sahibi kimi sürətlə mövqelərini bərpa edir, missiyasını yeni dövrün bucağına uyğun qurur. Yazının finalı Bakı şəhəri Texniki Humanitar Liseyin məzunu, 559 balla Pedaqoji Universitetin ibtidai sinif müəllimliyini seçən Səmavil Cəbrayılovanın fikirləri ilə üst-üstə düşür: “Mən ibtidai sinif müəllimi olmaqla təhsilə təməldən baxmaq istəyirəm”. P.S. Bir də xüsusi qeyd oluna bilər ki, son illərdə pedaqoji sahəni seçən oğlanların faiz artımı müşahidə olunur. Bu sevindiricidir, eyni zamanda müəllimlik ixtisasının nüfuzunun artmasına daha bir səbəbdir. Müəllimlik missiyadır. Bu missiyanı qəbul edərək müəllim olmaq istəyənlər, yolunuz mübarək! “Azərbaycan” qəzeti
31/08/2018 10:31
“Bilik günü” 15 sentyabrda keçiriləcək
Təhsil naziri Ceyhun Bayramov “2018-2019-cu tədris ilində “Bilik günü”nün qeyd olunması və ilk dərs günləri haqqında” əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan Respublikasının bütün ümumtəhsil məktəblərində “Bilik günü” ictimaiyyət nümayəndələri, sabiq məzunlar, müharibə iştirakçıları və əmək veteranları, tanınmış təhsil və incəsənət xadimləri cəlb olunmaqla 15 sentyabr 2018-ci il tarixində qeyd ediləcək. Əmrdə “Bilik günü” tədbirinin saat 8.00-dan etibarən Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanması qeyd olunub. Həmçinin 15 sentyabr tarixi şənbə gününə təsadüf etdiyindən 5 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərin şagirdləri, xüsusilə də birinci sinif şagirdlərinin müəllimlərlə görüşü, sinif otaqları və dərs cədvəli ilə tanış olmaları təmin ediləcək, onlara növbəlilik barədə məlumat veriləcəkdir. 5 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə ilk dərs gününün 17 sentyabr hesab olunması, 6 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə isə dərslərin sentyabrın 15-dən başlaması sənəddə əks edilib. Yerli təhsili idarəetmə orqanlarına bu əmrdən irəli gələn məsələlərin həyata keçirilməsini təmin etmələri barədə tapşırıq verilib. 2018-2019-cu tədris ilində “Bilik günü”nün qeyd olunması və ilk dərs günləri haqqında haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
30/08/2018 14:37
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin müsahibə mərhələsinə başlanılıb
Avqustun 30-da müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin müsahibə mərhələsinə start verilib. Bu mərhələdə Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, fiziki tərbiyə, informatika, kimya, fizika, texnologiya, alman dili, fransız dili, rus dili və ədəbiyyatı, rus dili, biologiya, riyaziyyat, coğrafiya, ingilis dili, tarix, musiqi və təsviri incəsənət fənləri üzrə müsahibələr keçiriləcək. Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyasının üzvlərinə təqdim etməlidirlər. Müsahibədən uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.
30/08/2018 09:44
Yüksək balla işə qəbul olan müəllimlər
2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənın birinci mərhələsi üzrə 3692 namizəd işə qəbul edilib. Müsabiqədən sonra boş qalan yerlərə müəllimlərin əlavə yerləşdirilməsi üzrə vakansiya seçimi keçirilib və bu proses başa çatıb. Avqustun 30-da vakansiya seçimi zamanı elektron yerləşdirilmədə uğur qazanmış namizədlərin müsahibəsi keçiriləcək. Aşağıdakı infoqrafikada birinci mərhələdə yüksək nəticə göstərərək müəllim adını qazanmış namizədlərlə tanış olmaq mümkündür.
29/08/2018 11:12
Yeni dərs ilinə 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib
2018-2019-cu tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib. Şagirdlər dərslikləri sentyabr ayının 3-dən etibarən təhsil aldıqları məktəbdən əldə edə bilərlər. Dərsliklərlə təmin olunmadıqda isə bu barədə məktəb rəhbərliyinə vaxtında məlumat verilməlidir. Dərsliklər hər şagirdə 1 tədris ilində istifadə edilmək üçün verilir. Hər dərsliyin istifadə müddəti onun buraxılış ilindən etibarən 4 ildir. Dərsliklərin elektron variantları www.e-derslik.edu.az və www.trims.edu.azsaytlarında müxtəlif formatlarda mövcuddur.
28/08/2018 15:22
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin vakansiya seçiminin nəticələri açıqlanıb
Müəllimlərin işə qəbulu üzrə müsabiqədən sonra boş qalan yerlərə əlavə yerləşdirmənin vakansiya seçiminin nəticələri məlum olub. Müsahibənin keçiriləcəyi vaxt və yer barədə məlumat uğur qazanmış namizədlərin şəxsi səhifələrinə göndərilib. Əlavə yerləşdirmədə keçid balı toplayaraq işə qəbul oluna bilməyən – vakansiya seçimi etməyən, vakansiya seçimi edib elektron ərizəsini təsdiq etməyən, elektron yerləşdirmə zamanı vakant yer tutmayan, vakant yer tutub müsahibəyə gəlməyən namizədlər iştirak ediblər. Elektron yerləşdirilmə zamanı vakant yer tutmuş namizədlərlə 30 avqust 2018-ci il tarixində müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.
28/08/2018 12:02
“İnklüziv siniflərdə təlimin təşkili" mövzusunda seminar
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın Fəaliyyət planının həyata keçirilməsi istiqamətində seminara start verilib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin region filiallarının bir qrup müəllim-professor heyəti üçün “İnklüziv siniflərdə təlimin təşkili” mövzusunda keçirilən seminar 36 akademik saatdan ibarətdir. Seminarın məqsədi dövlət təhsil standartlarının reallaşdırılması çərçivəsində xüsusi ehtiyacları olan şagirdlərin təliminin təşkili istiqamətində ümumtəhsil müəssisələrində çalışan müəllimlərin peşəkarlıq səviyyələrini artırmağa xidmət edəcək peşəkar kadrların potensialının gücləndirilməsidir. Seminar Heydər Əliyev Fondunun “Regionların İnkişafı” İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilir. Proqram inklüziv təhsil nədir, inklüziv təhsilin hüquqi bazası, sağlamlıq imkanları məhdud olan uşaqların xüsusiyyətləri, psixofizioloji inkişafı, inklüziv sinifdə pedaqoq və digər mövzuları əhatə edir. Qeyd edək ki, Dövlət Proqramının məqsədi sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir.
28/08/2018 11:55
Özünəməxsus ənənələri olan Lahıc məktəbi yeni həyata qədəm qoyur
Bu məktəb XIX əsrdən fəaliyyətdədir. Elə o vaxtdan da Lahıcda yeganə məktəb olaraq qalır. 1888-ci ildə yeddiillik rus-tatar məktəbi kimi fəaliyyətə başlayan təhsil ocağı sonradan tam orta məktəb statusu alıb. AZƏRTAC özünəməxsus ənənələri olan Lahıc məktəbinin tarixi, dünəni və bu günü haqqında məqaləni təqdim edir. Köhnə-yeni məktəb XX əsrin 20-ci illərinin sonlarında Azərbaycanda yeni məktəb binalarının inşasına başlananda siyahıda Lahıc da var idi. Qəsəbədə tam orta məktəb üçün binanın tikintisinə 1928-ci ildə başlanıldı. 1930-cu ildə istifadəyə verilən həmin bina 130 şagird üçün nəzərdə tutulmuşdu. Hazırda 200-dən çox şagirdin təhsil aldığı məktəbdə şagirdlərin sayının 444-ə, hətta 600-ə çatdığı vaxtlar olub. Qəsəbə əhalisinin sayının artdığını, ətraf kəndlərdə tam orta məktəbin olmadığını nəzərə alsaq, bu təhsil müəssisəsində şagird sıxlığının səbəbi aydınlaşar. Binanın mövcud vəziyyətinin də müasir dövrün tələblərinə uyğun olmaması təhsildə keyfiyyət göstəricilərinə ciddi təsir göstərdiyindən burada yeni, müasir təhsil standartlarına uyğun məktəb binasının tikilməsi zərurəti yaradırdı. Dövlətimizin başçısının ötən il imzaladığı Sərəncama əsasən, Lahıcda 400 şagird yerlik yeni ümumtəhsil məktəbinin tikintisinə qərar verildi. Bu məqsədlə Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə vəsait ayrıldı. Üçmərtəbəli binada tikinti işləri yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirildi. Beləliklə, sakinlərin arzusu gerçəkliyə çevrildi. Avqustun 26-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən yeni məktəb binasında müxtəlif fənn kabinetləri və laboratoriyalar var, bütün sinif otaqları əyani vəsaitlərlə təchiz olunub. Burada, həmçinin idman zalı və 175 yerlik akt zalı var, videomüşahidə və mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb. Yeni məktəbdən yeni uğurlar gözləmək təbiidir. Ancaq köhnə məktəb də uğurlarına görə ölkədəki qabaqcıl məktəblərlə rəqabət aparacaq potensiala malik olub. Elə götürək Lahıc məktəbinin yetirmələrini. Məktəbin məzunları arasında kimlər yoxdur? Görünən odur ki, Lahıc məktəbi yarandığı gündən Azərbaycan elminə, ədəbiyyatına, incəsənətinə yüzlərlə böyük şəxsiyyət bəxş edib. Kimyaçı akademik Soltan Mehdiyev, böyük əruzşünas alim Əkrəm Cəfər, yazıçı-alim Manaf Süleymanov, Xalq rəssamı Ağa Mehdiyev, Azərbaycanın ilk qadın gəmi kapitanı və alim Şövkət Səlimova... Bu təhsil ocağı şanlı ənənələrini bu gün də davam etdirir. Burada bir “Əməkdar müəllim”, iki nəfər “İlin müəllimi” çalışır. Son illərin məzunları arasında Almaniyada, İngiltərədə təhsilini davam etdirənlər var. Məktəbin direktoru Hikmət Haqverdi bildirir ki, artıq 2 fəlsəfə doktoru da yetişib. Lahıc məktəbindən bu il məzun olan 9 şagirddən 5-i ali təhsil müəssisələrinə qəbul imtahanlarında yaxşı nəticə göstərərək tələbə adı qazanıb. Ötən il isə 13 məzundan 11-i ali məktəblərə qəbul olunmuşdu. Məktəbimizin qızıl medalçısı 700 bal toplayaraq Ali Neft Məktəbinin tələbəsi oldu. Lahıc məktəbi Dövlət İmtahan Mərkəzinin statistik məlumatlar kitabında ən yaxşı məktəblərin siyahısında yer alıb. Direktor: məşhur yetirmələrimiz sırasında idmançılar da olacaq Lahıc məktəbi bu yüksək nəticələrə köhnə məktəb binasında nail olub. Məktəb direktoru deyir ki, yeni bina onlara akademik göstəriciləri daha da yaxşılaşdırmaq imkanı verəcək. Həm də akademik göstəricilər ilə deyil, təhsilin digər keyfiyyət meyarları üzrə də uğurlar qazanacaq: “Məktəbimiz alimlər, ədəbiyyat və incəsənət, dövlət xadimləri, hərbi mütəxəssislər yetişdirib. Azərbaycanın inkişafına böyük töhfələr verən yüzlərlə yetirməmiz, Qarabağ uğrunda gedən döyüşlərə qatılan və qəhrəmanlıq göstərən 8 şəhidimiz var. 15 il əvvəl yaradılan folklor qrupu müxtəlif səviyyəli müsabiqələrdə fəal iştirak edir. Ancaq idman sahəsində indiyədək ciddi nailiyyətimiz olmayıb. Bu da məktəbimizin şəraiti ilə bağlıdır. İndi isə hətta Bakı məktəblərində belə olmayan müasir idman zalımız var. Məktəblilərimiz bundan sonra idman bacarıqlarını da inkişaf etdirəcək və bu sahədə də uğurlara imza ata biləcəklər. İnanırıq ki, məktəbimizin məşhur yetirmələri sırasında idmançılar da olacaq”, - deyən Hikmət Haqverdili vurğulayır ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın məktəbin açılışında iştirakı onlara qürur hissi yaşadıb. Bu, həm də pedaqoji kollektivin məsuliyyətini yüksəldir. Qalib məktəbin qalib məzunları Lahıc məktəbinin şagirdləri sadəcə ali təhsil müəssisələrinə qəbul imtahanlarında deyil, respublika fənn olimpiadalarında da fərqlənirlər. Ötən il riyaziyyat üzrə respublika fənn olimpiadasının qalibi olmuş Lahıc məktəblisi qəbul imtahanlarında 700 bal toplayıb. Bu il isə coğrafiya üzrə fənn olimpiadasında üçüncü yeri tutan Nialə Yarməmmədli artıq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsidir. Qızıl medallı lahıclı məzun dünya iqtisadiyyatı ixtisası üzrə ingiliscə təhsil alacaq. “İqtisadçı olmaq ən böyük arzumdur. Bu sahədə çox yüksək səviyyəli təhsil almaq istəyirəm. Azərbaycanda da iqtisadiyyat üzrə təhsil verən ən böyük universitet məhz UNEC-dir. Əvvəlcə universitetlə bağlı geniş araşdırma apardım. İngiliscə təhsil almaq, dünyanın ayrı-ayrı ölkələrində təhsil alan müəllimlərdən dərs almaq imkanı verməsi diqqətimi cəlb etdi. Hesab edirəm ki, məktəbin harada yerləşməsindən, şəraitindən asılı olmayaraq, insan qarşısına qoyduğu məqsədə nail ola bilər. Lahıc məktəbində təhsil alıb ali məktəb tələbəsi olmaq heç də çətin deyil. Təhsil müddətində şəraitsizliyi o qədər də hiss etməmişik. Müəllimlərimiz lazım olan hər şeyi ediblər. Artıq çox yüksək səviyyəli məktəbimiz var. Düşünürəm ki, bu, şagirdləri daha da həvəsləndirəcək, təhsil almaq imkanlarını genişləndirəcək”, - deyə Nialə Yarməmmədli doğma qəsəbədə yeni məktəb binasının tikilməsinin sevincini bölüşdü. Lahıc məktəbinin qürur mənbəyi Köhnə binada görkəmli şəxsiyyətlər yetişdirən Lahıc məktəbi buna görə müəllimlərinə borcludur. Lahıc məktəbinin ilk müəllimi və direktoru Səmədbəy Hacıbəyov olub. Bir çoxu Qori Müəllimlər Seminariyasının məzunu olan müəllim heyəti dövlət və incəsənət xadimlərinin, məşhur hərbçilərin yetişməsində müstəsna rol oynayıb. Bu ənənə indi də davam etdirilir. Məktəbdə iki “Əməkdar müəllim”, bir “Tərəqqi” medalçısı çalışır. Üç nəfər “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub. Məktəb iki dəfə “İlin ən yaxşı məktəbi” seçilib. Fizika müəllimi Rövşən Əliyev VI-XI siniflər üçün “Fizika” dərsliyinin və metodiki vəsaitin həmmüəllifidir. O, təhsildə innovasiyalar üzrə qrant müsabiqəsində iki dəfə qalib olub. Məktəbin uğurlarında özünəməxsus payı olan Əməkdar müəllim Rövşən Əliyev artıq 30 ilə yaxındır ki, lahıclı şagirdlərə dərs deyir: “Məktəbimizdə hazırda 4 fizika müəllimi işləyir. Mən 1992-ci ildən qəsəbə məktəbində çalışıram. Bu müddət ərzində məktəbimiz 8 dəfə fizika üzrə olimpiadada qalib gəlib. Şəraiti olmayan bir məktəbdə olimpiada qalibi, universitet tələbəsi, alim yetişdirə bilmişik. Artıq müasir təhsil standartlarını tətbiq edə biləcəyimiz yeni məktəbimiz var. Laboratoriyalarımızda hər şərait yaradılıb. Bütün bunlar təhsilin keyfiyyətində mütləq özünü göstərəcək”. Yeni uğurlar sorağında... Göründüyü kimi, indiyədək nə binasının köhnəliyi, nə də digər çatışmazlıqlar Lahıc məktəbinin adının qabaqcıl məktəblər siyahısına düşməsinə mane olmayıb. Hikmət Haqverdili məktəbin uğurunu təhsilə verilən dəyərlə əlaqələndirir: “Bizim rayonda təhsilə böyük önəm verilir. İnsanlarımız savadlı, dünyagörüşlüdür. Hamı övladının təhsilli olmasını istəyir. Burada təhsil almaq üçün əlverişli mühit var. Məktəbimiz də əsası savadlı insanlar tərəfindən qoyulan bir məktəbdir. Onun həm tarixi, həm yetişdirdiyi insanlar, həm də tədris metodu təhsildə böyük nailiyyətlər qazanmağımızda mühüm rol oynayır”. Direktorun sözünü məktəbin məzunları da təsdiqləyir. Elnarə Atayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə təhsil alacaq. O, müəllimlərindən çox razılıq edir: “Məktəbimiz təmirsiz, köhnə də olsa, hər il məzunlarımızın əksəriyyəti müxtəlif ali məktəblərə daxil olur. Onların arasında yüksək bal toplayanlar çoxdur. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında məktəbimiz həmişə fərqlənib. Bu, ilk növbədə, müəllimlərimizin xidmətidir”. Yeni dərs ilindən başlayaraq lahıclı şagirdlər müasir məktəb binasında təhsil alacaqlar. Odur ki, hamı özünəməxsus ənənələri olan Lahıc məktəbinin daha böyük uğurlara imza atacağını gözləyir və buna inanır. AZƏRTAC
27/08/2018 22:25
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı