“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb
2018-2019-cu tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində peşə təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb. 6-26 avqust tarixlərində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu zamanı 11017 nəfər qeydiyyatdan keçib. Dövlət peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə ödənişsiz formada həyata keçirilib. 9196 nəfər müsabiqəni müvəffəqiyyətlə keçərək peşə təhsili müəssisələrinə qəbul olunub. Dövlət peşə təhsili müəssisələrinə qəbulla bağlı müsabiqənin nəticələri barədə məlumat Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi internet səhifələrində (www.edu.gov.az, www.vet.edu.gov.az) yerləşdirilib. İxtisas seçimindən uğurla keçən şəxslər aşağıdakı sənədləri 27-31 avqust 2018-ci il tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər: - Təhsil haqqında sənədin əsli; - Tibbi arayış; - Şəxsiyyət vəsiqəsi (surəti); - 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil; - Hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər); - Güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd. Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət peşə təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir. Peşə təhsili müəssisələrinə qəbul olan şəxslərin siyahısı
27/08/2018 15:59
Yüksək bal toplayan müəllimlər
2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənın birinci mərhələsi üzrə 3692 namizəd işə qəbul edilib. Hazırda boş qalan yerlərə müddətsiz müqavilə ilə müəllimlərin əlavə yerləşdirilməsi həyata keçirilir. Aşağıdakı infoqrafikada birinci mərhələdə yüksək nəticə göstərərək müəllim adını qazanmış namizədlərlə tanış olmaq mümkündür.
27/08/2018 12:47
İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan məktəb binası istifadəyə verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan tam orta məktəb binasının açılışında iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım məktəbin rəmzi açılışını bildirən lenti kəsdilər. Lahıc qəsəbəsi ölkəmizin ən qədim yaşayış məskənlərindən biridir. Tarixi erkən orta əsrlərə gedib çıxan bu qəsəbə nadir arxitekturası ilə diqqəti cəlb edir. Bu gün Lahıc Tarix-Mədəniyyət Qoruğunda 90-dan çox tarixi abidə, o cümlədən 5 məscid, 3 hamam, 60-dan artıq yaşayış evi, həmçinin körpü və su dəyirmanı, qəbirüstü daşlar, bir neçə sənətkarlıq emalatxanası və ictimai bulaqlar qorunur. Lahıcda 100-dən çox sənət növü və peşələr yaşadılır və inkişaf etdirilir. Bütün bunlar da turistlərin diqqətini çəkir. Bu ilin 8 ayında qəsəbəyə 45 min turist gəlib. Son illərdə qəsəbənin inkişafı ilə bağlı bir sıra tədbirlər görülüb, sosial layihələr icra olunub. Bu layihələrdən biri də 400 şagird yerlik Lahıc qəsəbə tam orta məktəb binasının inşasıdır. Məktəbdə yaradılan şərait göstərir ki, dövlətimizin başçısının təhsilə göstərdiyi diqqət nəticəsində bu sahə tamamilə yeni və keyfiyyətli mərhələyə qədəm qoyub. Son illərdə müasir məktəb binaları tikilib, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunub, mövcud təhsil müəssisələri isə günün tələbləri səviyyəsində yenidən qurulub. Təqdirəlayiq haldır ki, bu proses bölgələri də əhatə edib. Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi ki, Lahıc qəsəbə tam orta məktəbi üçün bina 1928-ci ildə inşa edilmişdi. Məktəb 130 şagird üçün nəzərdə tutulmasına baxmayaraq, burada 232 şagird təhsil alırdı. Binanın mövcud vəziyyəti müasir dövrün tələblərinə uyğun deyildi, eyni zamanda, qəsəbə əhalisinin sayının artması və ətraf kənlərdə tam orta məktəbin olmaması bu təhsil müəssisəsində şagird sıxlığı yaratmışdı. Dövlətimizin başçısının ötən il imzaladığı Sərəncama əsasən, Lahıcda 400 şagird yerlik yeni ümumtəhsil məktəbinin tikintisi məqsədilə Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə vəsait ayrıldı. Üçmərtəbəli binada tikinti işləri yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirilib. Müxtəlif fənn kabinetləri və laboratoriyalarının yaradıldığı məktəbdə bütün sinif otaqları əyani vəsaitlərlə təchiz olunub. Burada idman zalı və 175 yerlik akt zalı da yaradılıb. Videomüşahidə sisteminin quraşdırıldığı məktəb mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz edilib. Yeni məktəb binalarının inşası və təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər müəllimlərin iş, şagirdlərin isə təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından çox mühüm addımlardandır. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən biridir. www.president.az
26/08/2018 16:27
Prezident İlham Əliyev Şamaxı rayonunda Meysəri kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 132 şagird yerlik Şamaxı rayonu Meysəri kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak ediblər. Dövlətimizin başçısı məktəbin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi. Son illərdə ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca amil seçib. Yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmayıb. Təhsilin inkişafına xüsusi önəm verən Azərbaycan da əhalisinin savadlılığı baxımından dünyanın bir çox inkişaf etmiş ölkələri ilə müqayisə olunur. Dövlətin təhsillə bağlı strategiyasının həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi ilə diqqət çəkir. Fondun təhsil sahəsində gördüyü işlər sırasında müxtəlif bölgələrdə reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı müstəsna əhəmiyyət daşıyır. 2003-cü ildən indiyə qədər ölkədə 3000-dən çox məktəb tikilib, Azərbaycanda heç vaxt olmayan qədər geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Bununla da ölkədə təhsilə qayğı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi işi ümummilli səviyyəyə qaldırılıb. Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi ki, Meysəri kənd tam orta məktəbinin binası ötən əsrin 50-ci illərində inşa edilib. O dövrdən sonra heç vaxt təmir olunmayan məktəb artıq müasir tələblərə cavab vermirdi və tədris üçün yararsız vəziyyətə düşmüşdü. Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət, bu sahədə həyata keçirdiyi islahatlar Meysəri kənd tam orta məktəbinin həyatında da mühüm rol oynadı. 2016-cı ildə Meysəri kənd tam orta məktəbi üçün yeni binanın inşasına başlandı. Məktəb binası artıq istifadəyə hazırdır və burada inşaat işləri yüksək səviyyədə yerinə yetirilib. Müasir və işıqlı sinif otaqlarının olduğu məktəbdə təlim və tədrisin yüksək səviyyədə aparılması üçün bütün şərait yaradılıb. Məktəbin kitabxanası dərsliklər və dərs vəsaitləri ilə təmin olunaraq şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir qurğular quraşdırılıb. Akt zalında isə məktəbin həyatı ilə bağlı müxtəlif tədbirlərin keçirilməsinə hər cür imkan var. Məktəbdə əyani vasitələrlə təchiz olunan fənn kabinetləri yaradılıb. Xarici dil otaqlarının, kimya, fizika və biologiya üzrə fənn kabinetlərinin olduğu məktəbdə informatika kabineti kompüter avadanlığı ilə təchiz edilib. Məktəbin hərbi kabinetində şagirdlərin hərbi biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Meysəri kənd tam orta məktəbi üçün yeni binanın inşası son illərdə təhsil sahəsində qazanılan uğurların təməlində Azərbaycanın yeni təhsil modelinin dayandığını bir daha təsdiqləyir. Artıq ölkədə yeni təhsil konsepsiyası formalaşıb və həyata keçirilməyə başlayıb. Azərbaycanda yüzlərlə məktəb binasının tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi nəhəng təhsil infrastrukturunun formalaşmasına geniş imkanlar açıb. Ən əsası isə milli dəyərlər üzərində qurulan təhsil modeli gənclərin nümunəvi vətəndaş kimi formalaşmasını qarşıya əsas məqsəd qoyub və buna nail olub. www.president.az
25/08/2018 23:31
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir. Müsabiqənin nəticələrinə əsasən namizədlər boş qalan üç mindən çox vakant yerə avqustun 25-26-da seçə biləcəklər. Əlavə yerləşdirmədə keçid balı toplayaraq işə qəbul oluna bilməyən – vakansiya seçimi etməyən, vakansiya seçimi edib elektron ərizəsini təsdiq etməyən, elektron yerləşdirmə zamanı vakant yer tutmayan, vakant yer tutub müsahibəyə gəlməyən namizədlər elektron ərizələrində səkkiz vakant yer seçərək iştirak edə biləcəklər. Vakansiya seçimi başa çatdıqdan sonra test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə elektron yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə həyata keçiriləcək. Vakansiya seçimi 26 avqust saat 23:59-dək davam edəcək. Vakansiya seçimi başa çatdıqdan sonra elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə 30-31 avqust tarixlərində müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.
24/08/2018 18:25
Yeni məktəb binaları tikilir
Yeni dərs ilinə hazırlıq çərçivəsində ümumi təhsil müəssisələrinin tikintisi və təmiri davam etdirilir. Hazırda ölkəmizin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır. 2018-ci ildə respublika ərazisində 137 modul tipli təhsil müəssisəsi istifadəyə veriləcək. Ümumilikdə Bakı şəhəri və ölkənin 54 rayonu olmaqla 193 obyektdə işlər aparılır.
24/08/2018 18:12
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun nəticələri açıqlanıb
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb. Bu mərhələ ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. Müsahibə mərhələsində müəllim olmaq istəyən 3692 namizəd uğur qazanıb. Müəllim adını qazanmış şəxslər sentyabr ayının 5-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 3x4 fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Elektron yerləşdirilmə zamanı tutduğu vakant yerdən imtina etmək istəyən namizədlər avqustun 28-dək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinə şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə bu barədə ərizə ilə şəxsən müraciət etməlidirlər. Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə ikinci turun vakansiya seçimi isə avqustun 25-26-da keçiriləcək, ikinci turda uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər. İkinci tur başa çatdıqdan sonra namizədlər apelyasiya müraciətləri ilə bağlı irm@tipii.edu.az elektron poçt ünvanına müraciət edə bilərlər.
21/08/2018 20:41
Tələbə-könüllülər gələcəyin müəllimlərinə dəstək olublar
2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqə uğurla başa çatıb. Müsabiqənin 16-31 iyul tarixlərində 39 min 163 namizədin iştirakı ilə keçirilmiş test mərhələsində və 13-18 avqust tarixlərində 4 minə yaxın namizədin iştirakı ilə keçirilmiş müsahibə mərhələsində 130-a yaxın tələbə-könüllü iştirak edib. Tələbə-könüllülər müsabiqənin keçirildiyi tarixlərdə namizədlərin məlumatlandırılması, yönləndirilməsi, eyni zamanda imtahan prosesində nəzarətçi qismində fəaliyyət göstəriblər. Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Proqram tələbələrin karyera imkanlarının qazanmasında, dərsdənkənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır.
21/08/2018 15:30
Təhsil Nazirliyi Rumıniyaya 4 tələbə göndərir
Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 2018-19-cu tədris ili üçün Rumıniya təhsil təqaüd proqramının nəticələri açıqlanıb. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Rumıniyanın Gənclər, Tədqiqat və Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq 4 Azərbaycan vətəndaşı 2018-19-cu tədris ili üzrə Rumıniyanın universitetlərində təhsil almaq imkanı qazanıb. Seçim barədə Rumıniya tərəfindən verilən yekun qərar nəticəsində 4 nəfər “University of Bucharest”, “Babeș-Bolyai University”, “Universitatea „Alexandru Ioan Cuza din Iași” və “Oil & Gas University of Ploiești” ali təhsil müəssisələrində mühəndislik, biologiya və biznes ixtisasları üzrə magistratura ( 3 nəfər ) və doktorantura ( 1 nəfər ) səviyyələri üzrə təhsil almaq hüququ qazanıb. Məlumat üçün bildiririk ki, müvafiq təqaüd proqramı barədə cari ilin 1 fevral tarixində elan verilib.
21/08/2018 11:06
8800 nəfər peşə təhsili müəssisələrinə qeydiyyatdan keçib
2018-2019-cu tədris ili üzrə “ASAN Peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir. Avqust 6-dan start verilən sənəd qəbulunda 8800 vətəndaş qeydiyyatdan keçərək ixtisas seçib. Dövlət peşə təhsili müəssisələrinə ərizə qəbulu “ASAN xidmət” mərkəzlərində ödənişsiz formada həyata keçirilir. Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur. Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda yerləşən peşə təhsili müəssisələrinə həm dövlət, həm də ödənişli əsaslarla qəbul “ASAN xidmət” tərəfindən aparılır. Mingəçevir şəhəri, Bərdə, Masallı, Sabirabad, Quba və Qəbələ rayonları üzrə peşə təhsili müəssisələrinə dövlət hesabına qəbul müvafiq “ASAN xidmət” mərkəzlərində aparılır. “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd vermək istəyən şəxslər istənilən “ASAN xidmət”ə və müvafiq təhsil müəssisələrinə müraciət edə bilərlər. Dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu prosesində vətəndaşlar 10 ixtisas seçə bilər. Müraciət edənlərin sərbəst seçimi əsasında dövlət peşə təhsili müəssisələri, onların ixtisasları müəyyən edilir və istədikləri ardıcıllıqla təsdiqlənir. Dövlət peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir. Qeyd edək ki, Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət peşə təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir. Sənəd qəbulu avqustun 26-dək davam edəcək.
21/08/2018 09:35
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı