Təhsil Nazirliyində mətbuat konfransı
Noyabrın 21-də Təhsil Nazirliyində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən təhsil naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş yeni Dövlət Proqramının “2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın davamı olduğunu, ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, insan kapitalının inkişaf etdirilməsi, strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Nazir qeyd edib ki, Dövlət Proqramının əsas hədəfi elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Qeyd olunub ki, Dövlət Proqramının birinci komponentində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları, xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, yeni akademik mühitin yaradılması nəzərdə tutulur. Proqramın ikinci komponenti isə ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədi ilə milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsini əhatə edir. Bu məqsədlə doktorantura səviyyəsi üzrə seçimin təkmilləşdirilməsi, təhsil nailiyyətlərinin monitorinqi sisteminin yaradılması, müxtəlif sahələr üzrə yerli ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislərin yetişdirilməsi həyata keçiriləcək. Nazir Dövlət Proqramı çərçivəsində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramının təsis olunacağını və onların icrasına dair monitorinqin nəticələrinə uyğun layihənin davam etdiriləcəyini deyib. Bu məqsədlə nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələrinin seçimi, xarici mütəxəssislərin cəlb olunması yolu ilə yerli ali təhsil müəssisələrində inzibati-akademik heyətin təlimi və tədris proqramlarının yenilənməsi, beynəlxalq ikili diplom proqramının maliyyələşdirilməsi həyata keçiriləcək. Dövlət Proqramı Dövlət Neft Fondunun vəsaiti və alternativ mənbələrin (dövlət büdcəsindən ayırmalar, beynəlxalq təşkilatların (fondların) texniki-maliyyə yardımları, kreditlər və qrantlar, mülkiyyət formasından asılı olmayaraq xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri) hesabına maliyyələşdiriləcək. Daha sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb.
21/11/2018 15:59
“Eko səyahət” Respublika uşaq qısa film müsabiqəsi qaliblərinin mükafatlandırılması
Noyabrın 21-də Təhsil Nazirliyi və YUNİSEF arasında “Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsi çərçivəsində həyata keçirilən “Eko səyahət” Respublika uşaq qısa film müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olub. Müsabiqənin əsas məqsədi ekoloji problemlərə ictimai diqqəti artırmaq, məktəblilərin ətraf mühitin qorunmasında fəal iştirakını təmin etməkdir. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, BMT-nin Uşaq Fondunun (YUNİSEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin iştirak edib. Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, məktəblilərin ekoloji biliklərinin artırılması, ekoloji problemlərin həlli məsələlərinə cəlb olunması, iqlim dəyişikliyi, fəlakət riskinin azaldılması məsələləri təhsil müəssisələrinin fəaliyyət planının tərkib hissəsidir. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün nazirlik tərəfindən bir sıra respublika və beynəlxalq səviyyəli tədbirlərin keçirildiyini qeyd edən Firudin Qurbanov bu tədbirlər arasında ekoloji təhsil proqramları, iqlim dəyişmələri, təbii resursların qorunması ilə bağlı layihələrin çoxluq təşkil etdiyini deyib. YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin isə qeyd edib ki, iqlim dəyişmələrinin fəsadları ilə mübarizə aparmaq üçün belə layihələrə böyük ehtiyac var. Edvard Karvardin YUNİSEF-in dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən icra olunan və 100 müəllimi, 3000 şagirdi əhatə edən “Ekoloji təhsil proqramı”nın da ekoloji maarifləndirmə işlərinə töhfə verəcəyini vurğulayıb. Müsabiqədə 710 şagird iştirak edib. Seçim mərhələsinə 112 videoçarx keçib. Müsabiqədə Balakən rayon Qazma kənd 2 nömrəli tam orta məktəbi I yer, Bakı şəhər 20 nömrəli məktəb-lisey II yer, Neftçala rayon A.Dadaşov adına Yeniqışlaq kənd ümumi orta məktəbi və Göygöl rayon Texniki, Təbiət Fənləri Təmayüllü liseyi III yeri tutub. Həmçinin 13 videoçarx müəllifi həvəsləndirici yerlərlə təltif edilib.
21/11/2018 15:25
“Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsinin açılış konfransı
Noyabrın 21-də Azərbaycan Gənclərinin Naliyyəti İctimai Birliyinin Avropa İttifaqı və "PAŞA Bank" tərəfindən maliyyələşdirilən “Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsinin açılış konfransı keçirilib. Konfransı Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin idarə heyətin sədri, Şevron Xəzər şirkətinin ölkə üzrə rəhbəri Bəxtiyar Axundov açıq elan etdikdən sonra çıxış üçün söz təhsil nazirinin müavini Məhəbbət Vəliyevaya verilib. Nazir müavini cəmiyyətin davamlı inkişafında təhsilin mühüm rolunu vurğulayıb, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində görülən işlərdən və təhsil sahəsində müsbət dinamika müşahidə olunduğundan danışıb. Nazir müavini gənclər arasında maliyyə savadlılığının və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətinə toxunaraq qeyd edib ki, 21-ci əsrdə şagirdlərin maliyyə savadlılığına və sahibkarlıq bacarıqlarına yiyələnməsi çox vacibdir. Təhsil Nazirliyinin bu məsələyə xüsusi önəm verdiyini diqqətə çatdıran Məhəbbət Vəliyeva tərəfdaş qurumlarla birgə məktəblərdə şagirdlərin maliyyə savadlılığının artırılması ilə bağlı mütəmadi təlimlərin təşkil edildiyini vurğulayıb, həmçinin “Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsinin icrasının Təhsil Nazirliyi üçün böyük əhəmiyyət kəsb etdiyini deyib. Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlığın inkişafından danışan Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib ki, təqdim olunan pilot layihə ictimai və özəl sektorun iştirakı ilə Azərbaycanda gənclərin maliyyə savadlılığı və sahibkarlıq istiqamətində bilik və bacarıqlarının inkişafına dəstək verəcək. Konfrans öz işini panel müzakirələrlə davam etdirib. Qeyd edək ki, layihə 2018-2020-ci illərdə Bakı, Qəbələ, Masallı, Gəncə, Xaçmaz, Mingəçevir, Zaqatala və Qax rayonlarındakı ümumi və peşə təhsili müəssisələrindən 150 müəllimi və 3000 şagirdi əhatə edəcək. Layihənin əsas məqsədi ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdə maliyyə savadlılığı və sahibkarlıq bacarıqlarının erkən yaşlardan inkişaf etdirilməsindən ibarətdir. Layihə çərçivəsində tədris və elektron resursların hazırlanması, təlimçi müəllimlərin yetişdirilməsi, ümumi təhsil müəssisələrinin nəzdində sahibkarlıq mərkəzlərinin yaradılması planlaşdırılır. Layihə Azərbaycan Mikromaliyyə Assosiasiyası, JA (Gənclərin Nailiyyəti) Estoniya, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə əməkdaşlıq çərçivəsində icra ediləcək.
21/11/2018 12:35
Direktor vəzifəsinə işə qəbul üzrə imtahanlara start verilir
Noyabrın 22-də dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsinə start verilir. Bu mərhələdə 1600-dən artıq namizədin iştirak edəcəyi gözlənilir. İmtahanların Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında (ünvan: Həsən Əliyev küçəsi 135) keçirilməsi nəzərdə tutulub. İmtahanın keçiriləcəyi tarix və saat barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. İmtahana gələrkən namizədlərdən özləri ilə yalnız şəxsiyyəti təsdiq edən sənədin əslini gətirmələri tələb olunur. Bu mərhələdə namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunacaq. Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər. Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə ölkə üzrə 700-ə yaxın vakant yer çıxarılıb.
21/11/2018 12:11
“Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsinin açılış konfransı
Noyabrın 21-də Azərbaycan Gənclərinin Naliyyəti İctimai Birliyinin Avropa İttifaqı və PAŞA Bank tərəfindən maliyyələşdirilən “Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsinin açılış konfransı keçirilib. Konfransı Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin idarə heyətin sədri, Şevron Xəzər şirkətinin ölkə üzrə rəhbəri Bəxtiyar Axundov açıq elan etdikdən sonra çıxış üçün söz təhsil nazirinin müavini Məhəbbət Vəliyevaya verilib. Nazir müavini cəmiyyətin davamlı inkişafında təhsilin mühüm rolunu vurğulayıb, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində görülən işlərdən və təhsil sahəsində müsbət dinamika müşahidə olunduğundan danışıb. Nazir müavini gənclər arasında maliyyə savadlılığının və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətinə toxunaraq qeyd edib ki, 21-ci əsrdə şagirdlərin maliyyə savadlılığına və sahibkarlıq bacarıqlarına yiyələnməsi çox vacibdir. Təhsil Nazirliyinin bu məsələyə xüsusi önəm verdiyini diqqətə çatdıran Məhəbbət Vəliyeva tərəfdaş qurumlarla birgə məktəblərdə şagirdlərin maliyyə savadlılığının artırılması ilə bağlı mütəmadi təlimlərin təşkil edildiyini vurğulayıb, həmçinin “Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsinin icrasının Təhsil Nazirliyi üçün böyük əhəmiyyət kəsb etdiyini deyib. Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlığın inkişafından danışan Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib ki, təqdim olunan pilot layihə ictimai və özəl sektorun iştirakı ilə Azərbaycanda gənclərin maliyyə savadlılığı və sahibkarlıq istiqamətində bilik və bacarıqlarının inkişafına dəstək verəcək. Konfrans öz işini panel müzakirələrlə davam etdirib. Qeyd edək ki, layihə 2018-2020-ci illərdə Bakı, Qəbələ, Masallı, Gəncə, Xaçmaz, Mingəçevir, Zaqatala və Qax rayonlarındakı ümumi və peşə təhsili müəssisələrindən 150 müəllimi və 3000 şagirdi əhatə edəcək. Layihənin əsas məqsədi ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdə maliyyə savadlılığı və sahibkarlıq bacarıqlarının erkən yaşlardan inkişaf etdirilməsindən ibarətdir. Layihə çərçivəsində tədris və elektron resursların hazırlanması, təlimçi müəllimlərin yetişdirilməsi, ümumi təhsil müəssisələrinin nəzdində sahibkarlıq mərkəzlərinin yaradılması planlaşdırılır. Layihə Azərbaycan Mikromaliyyə Assosiasiyası, JA (Gənclərin Nailiyyəti) Estoniya, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə əməkdaşlıq çərçivəsində icra ediləcək.
21/11/2018 11:42
“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində ixtisasartırma təlimi
Gəncə şəhərində “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində müəllimlər üçün ixtisasartırma təlimlərinin növbəti mərhələsi keçirilib. 27 informatika müəlliminin iştirak etdiyi təlimdə müəllimlər pilot layihə haqqında yeni məlumat alıb, proqramla bağlı biliklərini təkmilləşdiriblər. Təlimlərin məqsədi müəllimlərin yeni texnologiyalarla işləmək qabiliyyətini, İKT sahəsində praktik biliklərini artırmaqdır. Bakı və Gəncə şəhərlərində keçirilən təlimlər tədris ili ərzində mərhələlər üzrə təşkil olunur və hər müəllim üçün 116 tədris saatından ibarətdir. Noyabr ayında təlimlərdə ümumilikdə 300-ə yaxın müəllim iştirak edəcək. Bakıda keçirilən təlimlər isə noyabrın 23-dək davam edəcək. “Rəqəmsal bacarıqlar” pilot layihəsi 2017-2018-ci tədris ilində Bakı şəhərində 45 məktəb üzrə 6500 şagirdi əhatə edib. Cari tədris ilində isə Bakı və Gəncə şəhərləri üzrə 71 məktəb və 26 000 şagird bu layihəyə cəlb olunub. Layihə informasiya texnologiyaları sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan “Alqoritmika” beynəlxalq təhsil şirkəti ilə birgə keçirilir. Dünyanın ən innovativ metodikalarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram müvafiq sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Həmçinin fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır.
20/11/2018 16:28
Təhsil naziri AmCham Azərbaycan-ın təşkil etdiyi aylıq işgüzar naharda
Noyabrın 20-də təhsil naziri Ceyhun Bayramov Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) öz üzvləri üçün təşkil etdiyi aylıq işgüzar naharda iştirak edib. AmCham Azərbaycan-ın prezidenti Nuran Kərimov və icraçı direktoru Natəvan Məmmədova tədbiri açıq elan etdikdən sonra söz təhsil naziri Ceyhun Bayramova verilib. Təhsil naziri öz çıxışında “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsindən ötən 5 il ərzində görülmüş işlərdən, təhsil sistemində əldə edilmiş nailiyyətlərdən danışıb. Ceyhun Bayramov iştirakçılara təhsil sahəsində dövlət-özəl sektor əməkdaşlığının mövcud modelləri və bu istiqamətdə mümkün layihələr haqqında ətraflı məlumat verib. İşgüzar naharda AmCham üzvləri tərəfindən təqdimatlar keçirilib. Həmçinin Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) nümayəndələri Azərbaycanın 22 rayonunda həssas uşaqları dəstəkləmək üçün yeni sosial biznes layihəsini təqdim ediblər. Tədbirdə diplomatik korpusun nümayəndələri də daxil olmaqla 150-dən çox qonaq iştirak edib. Qeyd edək ki, Amcham Azərbaycan üzvlərinin işgüzar naharı Palata tərəfindən hər ay təşkil olunur və burada hökumət rəsmiləri, parlament üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edir. Azərbaycanda Amerika Ticarət Palatası xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış AmCham Azərbaycan iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv və köməkçi şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.
20/11/2018 14:21
Narkomaniya ilə mübarizəyə və insan hüquqlarına dair təlim
Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 6 nömrəli məktəb-liseydə təlimçilər üçün təlim keçirilib. Təlim “Təhsilalanlar arasında narkotik vasitələrin istifadəsi ilə mübarizənin və insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması” mövzusuna həsr olunub. Təlimlərə “Məktəblinin dostu” layihəsindən və uşaq-gənclər idman məktəblərindən ümumilikdə 70 əməkdaş cəlb edilib. Təlimlər sağlam həyat tərzi üzrə təbliğat kampaniyasının təşkili, təhsil müəssisələrində çalışan pedaqoji heyətin zərərli vərdişlərlə mübarizə barəsində maarifləndirilməsi və biliklərinin artırılması məqsədilə təşkil olunub. Təlimlər təhsildə psixososial xidmətin təşkili, zərərin azaldılması, insan alveri, yoluxucu xəstəliklər, stressin növləri və aradan qaldırılması, böhranlı vəziyyətlərdə psixoloji reaksiya və ilkin psixoloji yardım, posttravmatik stress pozuntusu, məişət zorakılığı zamanı ilkin yardım alqoritmləri və digər mövzuları əhatə olunub.
19/11/2018 16:32
Təhsil nazirinin müavini İdris İsayev kollektivə təqdim olunub
Noyabrın 19-da təhsil naziri Ceyhun Bayramov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin olunmuş İdris İsayevi nazirliyin kollektivinə təqdim edib. Ceyhun Bayramov son illərdə təhsil sahəsində həyata keçirilən islahatları diqqətə çatdırıb, yeni təyinatın təhsilin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. İdris İsayev dövlət başçısı tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. Nazir müavini ölkə Prezidentinin təhsil sahəsində qarşıya qoyduğu vəzifələrin icrasının layiqincə yerinə yetirilməsi üçün yüksək səylə çalışacağını vurğulayıb.
19/11/2018 15:10
“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək
Təhsil naziri Ceyhun Bayramov “2018-2019-cu dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə” əmr imzalayıb. Müsabiqə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirilir. Müsabiqədə iştirak könüllü xarakter daşıyır. Müsabiqə Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, mütaliəyə maraqlarının gücləndirilməsi məqsədi ilə keçirilir. “Ədəbiyyat biliciləri” müsabiqəsi üç mərhələdə təşkil olunur. Müsabiqənin məktəb mərhələsi noyabr-dekabr, rayon (şəhər) mərhələsi yanvar-fevral, ölkə mərhələsi mart-aprel aylarında keçiriləcək.
19/11/2018 14:26
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Olimpiya icmalı #TəhsilTV #MRİO2026
ƏtraflıMəktəblilərin Respublika İdman Olimpiadası üzrə yekun statistika
Ətraflı26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. ?? Vətənimizin müdafiəsi və təhlükəsizliyi naminə şərəflə xidmət edən bütün hərbçilərimizi təbrik edir, onlara uğurlar arzulayırıq. #ElmVəTəhsilNazirliyi #26İyun #SilahlıQüvvələriGünü
Ətraflı