Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Xüsusi siniflərdə dərs deyən müəllimlər üçün seminar

Təhsil Nazirliyinin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseydə istedadlı şagirdlər üçün xüsusi siniflərdə tədris prosesinin təkmilləşdirilməsi, tədris plan və proqramlarının müzakirə edilməsi, yerlərdə görülən işlər barədə məlumatların toplanması məqsədi ilə seminar keçirilib. Bakı şəhəri və 15 rayondan 120 müəllimin iştirakı ilə keçirilən seminarda rəy və təkliflər dinlənilib, müəllimlərlə öyrədici iş aparılıb, bu siniflərdə həyata keçiriləcək bir sıra məsələlər geniş müzakirə edilib. Belə seminarların tədris ili ərzində bir neçə dəfə keçirilməsi nəzərdə tutulub.  Qeyd edək ki, Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, istedadlı şagirdlər üçün  riyaziyyat-informatika təmayüllü (7-ci siniflər) və təbiət elmləri təmayüllü (8-ci siniflər)  siniflər yaradılıb.  

13-cü Avropa Keyfiyyət Təminatı Forumunda iştirak

Avstriyanın Vyana şəhərində 13-cü Avropa Keyfiyyət Təminatı Forumu (EQAF) keçirilib. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Akkreditasiya şöbəsinin müdiri Tofiq Əhmədov tədbirdə iştirak edib. “Keyfiyyət təminatının əhatə dairəsinin genişləndirilməsi” mövzusuna həsr edilmiş builki foruma dünyanın 56 ölkəsindən 522 iştirakçı qatılıb. Forumda keyfiyyət təminatı üzrə ənənəvi mövzularla yanaşı, "e-təhsil", ömürboyu təhsil kimi yeni sahələrin keyfiyyət təminatı sisteminin qiymətləndirilməsi zamanı nəzərə alınmasınin vacibliyi ətrafında müzakirələr aparılıb.   Qeyd edək ki, Keyfiyyət Təminatı üzrə Avropa Şəbəkəsinin (ENQA) məşvərətçi üzvü olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycanda ali təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirən qurumdur. EQAF Avropa Ali Təhsil Məkanında keyfiyyət təminatı sisteminin inkişafı üzrə aktual məsələlərin və son araşdırmaların nəticələrinin müzakirə edildiyi önəmli platforma hesab olunur.

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi başlayır

22-24 noyabr 2018-ci tarixlərində dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi keçiriləcək. İmtahanın Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında (ünvan: Həsən Əliyev küçəsi 135) keçirilməsi nəzərdə tutulub. İmtahanın keçiriləcəyi tarix və saat barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək. İmtahana gələrkən namizədlərdən özləri ilə yalnız şəxsiyyəti təsdiq edən sənədin əslini gətirmələri tələb olunur. Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu noyabrın 5-dən 9-dək aparılıb. Direktor olmaq istəyən 2037 namizəd miq.edu.az saytında qeydiyyatdan keçərək elektron ərizəsini təsdiq edib. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili 5 ildən az olmayaraq  (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edirlər. Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə ölkə üzrə 700-ə yaxın vakant yer çıxarılıb.

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” aksiyasına start verilib

Noyabrın 17-də Təhsil Nazirliyi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında ağacəkmə aksiyasına start verib.  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilir. Bakı şəhəri 322 nömrəli tam orta məktəbdə keçirilən ağacəkmə aksiyasında təhsil nazirinin müavini Firudin Qurbanov da iştirak edib. Aksiyanın məqsədi gənc nəsil arasında ətraf mühitin qorunması, ekoloji tərbiyənin gücləndirilməsi və təbiətə qayğı hissi aşılamaqdır. Aksiya Cümhuriyyət dəyərlərini təbliğ etməklə yanaşı, məktəblərin həyətyanı sahələrinin yaşıllaşdırılmasına xidmət edir. Bir həftə davam edəcək aksiyada 100 min ədəd ağacın əkilməsi nəzərdə tutulur. Aksiyada ölkənin bölgələrinin xüsusiyyətlərini nəzərə alaraq şam, sərv, tuya, tut, badam, qoz, çinar, qovaq və başqa ağaclar əkiləcək.

IV SABAH Tələbə Debat Forumu

Təhsil Nazirliyinin tərəfdaşlığı, SABAH qrupları və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) təşkilatçılığı ilə “Respublika Gənclər Debat Forumu: payız 2018” layihəsi çərçivəsində 4-cü SABAH Tələbə Debat Forumu keçirilib. Forumun əsas məqsədi SABAH tələbələrinin müxtəlif debat mövzuları üzrə biliyinin artırılması, natiqlik, sərbəst tədqiqat və təqdimat bacarıqlarının inkişafı, tədrisdənkənar fəaliyyətlərinin səmərəliliyinin təmin olunması, onlar arasında intellektual oyunlara və ünsiyyətin genişlənməsinə maraq yaradılmasıdır.  Tədbirdə iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov intellektual  forumların gənclərin formalaşmasına müsbət təsir etdiyini, rəqabət qabiliyyətini artırdığını vurğulayıb. Nazir müavini onu da qeyd edib ki, intellektual oyunların keçirilməsi yolu ilə dərsdənkənar biliklər əldə etmək olduqca mühüm məsələdir. Debat yarışlarının mövzusu Nazirlər Kabinetinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında tədbirlər planına uyğun olaraq seçilib. Debat müzakirələri “Dövlətlərin sahib olduğu hərbi güc dövlətlərarası sivil münasibətlərin inkişafında effektiv rol oynayır” mövzusu ətrafında aparılıb.     Forumun qrup və “play-off” mərhələsində ümumilikdə 6 universiteti təmsil edən 21 komanda mübarizə aparıb. Debat raundlarından uğurla keçən “Bank of UNEC” və “Evtanaziya” komandaları finala vəsiqə qazanıblar. Tələbələrdən Hüseyn Əliyarlı (AzMİU), Nihad Babayev (AzMİU), Nərmin  Mustafayeva (AzMİU), Nazpəri Qasımzadə (ADİU), Nərminə Xanəliyeva  (BDU), Nərmin Bayramova (ADİU), Əhliman Süleymanlı (ADİU), Fəxri Nağıyev (ADİU), İsmayıl Səlimov (ADİU), Hüsniyyə İdrisova (ADUİ) “Forumun ən yaxşı natiqləri” adına layiq görülüblər.  Forumun builki qalibi Azərbaycan Dövlət İqtisad Universitetinin “Bank of UNEC”  komandası olub. Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Layihənin məqsədi ali təhsil sistemində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması və qlobal kadr bazarının tələblərinə cavab verən savadlı və peşəkar mütəxəssislərin yetişdirilməsidir. SABAH qrupları 2014-2015-ci tədris ilində 5 ixtisas istiqaməti (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat),  34 ixtisas üzrə 7 ali təhsil müəssisəsində formalaşdırılıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsini, 6 ixtisas istiqaməti üzrə 40-a yaxın ixtisas və 2200-dən çox tələbəni əhatə edir. Qeyd edək ki, DVC yerli və beynəlxalq biznes strukturları, dövlət qurumları, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. DVC-nin aparıcı proqramlarından biri olan Milli Debat Proqramının məqsədi gənclərin maariflənməsi və intellektual gənclər şəbəkəsinin yaradılmasıdır. Proqram respublikanın 45 rayonunu və bütün böyük şəhərləri əhatə etməklə, 12 regional debat mərkəzini, ali və orta təhsil müəssisələrində yaradılmış debat klublarını özündə birləşdirir.

Təhsil naziri Saatlı şəhərində vətəndaşları qəbul edib

Noyabrın 16-da təhsil naziri Ceyhun Bayramov Saatlı şəhərindəki Gənclər Mərkəzində Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edib. Qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov və Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, qəbulda Sabirabad, Saatlı, İmişli rayonlarında və Şirvan şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının artırılması, təhsil sənədlərinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər.

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” aksiyası keçiriləcək

Noyabrın 17-də Təhsil Nazirliyi  Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında ağacəkmə aksiyasına start verəcək. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyanın məqsədi gənc nəsil arasında ətraf mühitin qorunması, ekoloji tərbiyənin gücləndirilməsi və təbiətə qayğı hissi aşılamaqdır.   Bir həftə davam edəcək aksiyada 100 min ədəd ağacın əkilməsi nəzərdə tutulur. Aksiyada ölkənin bölgələrinin xüsusiyyətlərini nəzərə alaraq şam, sərv, tuya, tut, badam, qoz, çinar, qovaq və başqa ağaclar əkiləcək.

Təhsil Nazirliyində görüş

Noyabrın 15-də təhsil naziri Ceyhun Bayramov Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları ilə İş üzrə Baş İdarəsinin sədri Abdullah Erenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.  Görüşdə Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri, hər iki ölkə arasında 2017-ci ildə imzalanmış təhsil sahəsində əməkdaşlıq haqqında sazişdən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin Türkiyə təqaüdləri çərçivəsində bu ölkədə təhsil alan Azərbaycan vətəndaşlarının təhsili ilə bağlı məsələlər müzakirə edilib.

İstedadlı şagirdlər üçün səviyyə müəyyənləşdirmə imtahanı

Bakı şəhərində və 15 rayonda yerləşən 48 ümumi təhsil müəssisəsində təşkil edilmiş xüsusi siniflərdə səviyyə qiymətləndirmə imtahanları keçirilib. 7-ci siniflərdə riyaziyyat və informatika, 8-ci siniflərdə isə fizika, kimya və biologiya fənləri üzrə keçirilən imtahanların məqsədi şagirdlərin bilik səviyyələrini müəyyən etmək, onlar arasında rəqabət mühiti yaratmaq və müvafiq fənlər üzrə təhsil səviyyəsini ölçməkdən ibarətdir. İmtahanların tədris ili müddətində 4 dəfə təşkil edilməsi planlaşdırılır. Qeyd edək ki, xüsusi istedada malik uşaqların akademik potensialının inkişafı üzrə  bir çox tədbirlər icra edilməkdədir. Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhərində və 15 rayonda yerləşən 48 məktəbdə təşkil edilən xüsusi siniflərdə 1200-dən çox şagird zənginləşdirilmiş proqram  əsasında təhsillərini davam etdirirlər.

Qəbələdə özəl sektorla əməkdaşlığa dair “dəyirmi masa”

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili müəssisələri ilə özəl sektor nümayəndələri arasında dual sistemə bənzər peşə təhsili sahəsində əməkdaşlığa dair “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da peşə təhsili və təlimi sahəsində həyata keçirilən islahatlar, “Azərbaycanda peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən dövlət-özəl əməkdaşlığının istiqamətləri, dual sistemə bənzər peşə təhsili üzrə beynəlxalq təcrübə, peşə təhsili müəssisələri ilə özəl sektor arasında müxtəlif əməkdaşlıq formaları və digər məsələlər müzakirə olunub, işəgötürənlərin peşə təhsili sistemində yaxından iştirakının vacibliyi qeyd edilib. Tədbirin sonunda spesifik sektorun ehtiyacına hədəflənmək üçün işçi qruplarının yaradılması barədə razılıq əldə edilib. “Dəyirmi masa”da Qəbələ, Qax və İsmayıllı rayonlarında yerləşən və peşə təhsili müəssisələri ilə kənd təsərrüfatı, eləcə də turizm sahəsində əməkdaşlıq edən 20-ə yaxın müəssisənin nümayəndələri iştirak edib. Qeyd edək ki, “dəyirmi masa” “Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahəsində dual sistemə bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması (ED VET)” layihəsi çərçivəsində təşkil olunub.

27/06/2026

Olimpiya icmalı #TəhsilTV #MRİO2026

Ətraflı
26/06/2026

Məktəblilərin Respublika İdman Olimpiadası üzrə yekun statistika

Ətraflı
25/06/2026

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. ?? Vətənimizin müdafiəsi və təhlükəsizliyi naminə şərəflə xidmət edən bütün hərbçilərimizi təbrik edir, onlara uğurlar arzulayırıq. #ElmVəTəhsilNazirliyi #26İyun #SilahlıQüvvələriGünü

Ətraflı