Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin 10-cu plenar iclasında təmsil olunub

Fransa Respublikasının Strasburq şəhərində Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin (CDEDU) 10-cu plenar iclası keçirilib. İclasda Azərbaycanı Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Simuzər Feyzullayeva təmsil edib.   Avropa Şurasının təhsil sahəsində əsas hökumətlərarası komitəsi olan CDEDU üzv dövlətlər arasında təhsil siyasəti üzrə əməkdaşlıq və təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynayır. 46 üzv dövlətin müvafiq elm və təhsil nazirliklərinin nümayəndələrinin iştirakı ilə keçirilən 10-cu plenar iclasda Avropa Şurasının 2024–2030-cu illər üzrə Təhsil Strategiyasının icrası, habelə təhsil sahəsində cari fəaliyyətlər və qarşıdakı dövr üçün prioritet istiqamətlər müzakirə olunub.   İclas çərçivəsində Elm və Təhsil Nazirliyinin nümayəndəsi rəqəmsal dövrdə müəllimlərin və digər təhsil işçilərinin rolunun gücləndirilməsi, süni intellekt və rəqəmsal texnologiyaların təhsildə tətbiqi, təhsildə gender bərabərliyinin təmin edilməsi, elmi-tədqiqat fəaliyyətinin təşviqi, o cümlədən elmi nəticələrin praktiki tətbiqinin stimullaşdırılması istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlər barədə məlumat verib.

Zəfər parkı ziyarət edilib

Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.   Ziyarət zamanı 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidəsinin önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyünün bərpası və dövlətimizin suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Həsən Həsənli “II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu” çərçivəsində keçirilən paneldə çıxış edib

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “İnsan kapitalına və gələcək bacarıqlara investisiya” mövzusuna həsr edilmiş panel sessiyada elm və təhsil nazirinin müavini Həsən Həsənli iştirak edib.   Panel müzakirəsi zamanı insan kapitalının iqtisadi inkişafda rolu, əmək bazarının dəyişən tələbləri, süni intellekt dövründə yeni bacarıqların formalaşdırılması, təhsil-sənaye əməkdaşlığı və təhsilə qoyulan investisiyaların uzunmüddətli iqtisadi təsiri ətrafında fikir mübadiləsi aparılıb.   Çıxışında Həsən Həsənli bildirib ki, müasir dövrdə insanları mövcud peşələrə hazırlamaqla yanaşı, onlara gələcəyin peşə və biznes imkanlarını formalaşdırmaq üçün zəruri bacarıqların aşılanması da mühüm əhəmiyyət daşıyır. Nazir müavini süni intellekt və rəqəmsal texnologiyaların əmək bazarını sürətlə dəyişdirdiyi şəraitdə dəyişikliklərə uyğunlaşan, yaradıcı düşünən və yeni imkanlar yarada bilən fərdlərin yetişdirilməsinin əsas vəzifələrdən olduğunu vurğulayıb. O, insan kapitalının inkişafına yönələn investisiyaların uzunmüddətli yanaşma tələb etdiyini bildirərək yeni nəslin yetişməsi və zəruri bacarıqlara yiyələnməsi üçün vaxt lazım olduğunu, bu istiqamətdə tədbirlərin indidən həyata keçirilməsinin vacibliyini bildirib. Bu xüsusda, nazir müavini təhsilalanlar və müəllimlər üçün süni intellekt əsaslı köməkçi alətlərin tətbiqi istiqamətində görülən işlər barədə də məlumat verib.

Həsən Həsənli Gürcüstan Parlamentinin Təhsil, Elm və Gənclərlə İş üzrə Komitəsinin sədri ilə görüşüb

Sentyabrın 24-də elm və təhsil nazirinin müavini Həsən Həsənli ölkəmizdə səfərdə olan Gürcüstan Parlamentinin Təhsil, Elm və Gənclərlə İş üzrə Komitəsinin sədri Mariam Laşxi ilə görüşüb.    Görüş çərçivəsində Azərbaycan ilə Gürcüstan arasında elm və təhsil sahəsində cari əməkdaşlıq məsələləri müzakirə olunub, eləcə də gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Regionda ilk dəfə Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı fəaliyyətə başlayır

Spartan Aeronavtika və Texnologiya Kolleci (Spartan) və Azərbaycan Milli Aviasiya Akademiyası (MAA) əməkdaşlıq sazişi imzalayıblar. Saziş çərçivəsində Azərbaycandan olan tələbələr "Spartan"ın Aviasiya Texniki Xidməti Texnologiyası (AMT) üzrə hibrid proqramına qəbul olunacaqlar. Proqramı uğurla başa vurduqdan sonra onlara "Spartan"ın Tulsa (Oklahoma) kampusu tərəfindən Tətbiqi Elmlər üzrə Assosiativ dərəcə (AAS) veriləcək.   "Müasir aviasiyanın inkişafı Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət daşıyır," – deyə MAA-nın rektoru Arif Paşayev sazişin imzalanma mərasimində bildirib. "Elmi tədqiqatlar və yeni texnologiyaların tətbiqi ilə yanaşı, ixtisaslı kadr hazırlığı səylərimizin əsasını təşkil edir. Spartan kimi tərəfdaşla birlikdə tələbələrimizə həm yüksək səviyyəli peşə təhsili, həm də beynəlxalq təcrübə imkanı yarada bilmək çox həyəcanverici fürsətdir."   "AMT proqramı 13 aylıq onlayn təhsildən və 8 aylıq praktiki laboratoriya hazırlığından ibarətdir. Onlayn təhsil interaktiv məzmunla Azərbaycanda, MAA kampusunda həyata keçirilir. Spartan-ın Tulsa və Broomfild kampusları arasında bağlanmış konsorsium sazişinə əsasən, praktiki laboratoriya hissəsi Kolorado ştatının Broomfild şəhərində keçiriləcək. Orada tələbələr təcrübəli, FAA sertifikatlı təlimatçıların rəhbərliyi altında bilavasitə təyyarələr, mühərriklər və komponentlər üzərində işləyəcəklər. Məzun olduqdan sonra tələbələr FAA-nın "Airframe and Powerplant" (təyyarə gövdəsi və güc qurğusu) imtahanlarına buraxılmaq hüququ qazanacaqlar. Bakıya qayıtdıqdan sonra tələbələr MAA-da Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin təxminən 2 aylıq konversiya kursunu keçəcək, ardınca isə "Spartan"ın tədris proqramı və ya təlimi ilə əlaqəsi olmayan əlavə tip üzrə ixtisas (type rating) hazırlığına cəlb olunacaqlar," – deyə "Spartan Education Group"un baş icraçı direktoru Rob Polston bildirib.   "Sertifikatlı aviasiya texniki mütəxəssislərinin etibarlı hazırlıq mənbəyinin strateji dəyərini dərk edən aviaşirkətlər uzunmüddətli artımı təmin etmək üçün daha əlverişli mövqedə olacaqlar," – deyə "Spartan Education Group"un baş icraçı direktoru Robert Polston sözlərinə davam edib. "MAA ilə əməkdaşlıq sazişimiz Silk Way Group və AZAL-da hazırda çalışan texniki mütəxəssislərin hazırlığından başlayaraq mühüm addımdır. Bu tərəfdaşlıq Azərbaycanın aviasiya kadr potensialını gücləndirən uzunmüddətli, strateji münasibətlərə qarşılıqlı sadiqliyi əks etdirir."   "Bu təşəbbüs nəqliyyat infrastrukturumuzun mühüm tərkib hissəsi olan Azərbaycan aviasiya sektorunu daha da inkişaf etdirmək və təkmilləşdirmək məqsədlərimizə nail olmaq üçün vacibdir," – deyə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.   Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bu təşəbbüsü ölkənin aviasiya təhsili və insan kapitalının inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirib.   "Bu əməkdaşlıq Azərbaycanda aviasiya təhsilinin beynəlxalq səviyyədə inkişafında və genişlənməsində, eləcə də yeni nəsil aviasiya mütəxəssislərinin hazırlanmasında mühüm rol oynayacaq," – deyə iki tərəfdaşın bir araya gəlməsində mühüm rol oynamış "ALG Transportation Group"un təsisçisi və baş icraçı direktoru Fərhad Əzimə bildirib.   Bundan əlavə, imzalanma mərasimində bu təşəbbüsü dəstəkləyən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev də iştirak edib.    "Silk Way Group"u baş icraçı direktor Zaur Axundov və baş əməliyyat direktoru Onno Pietersma, Azərbaycan Hava Yollarını (AZAL) isə AZAL-ın sədri Samir Rzayev və baş texniki direktor Scott McConnell təmsil ediblər. Silk Way Group və AZAL birgə şəkildə ilk qrup tələbələrin sponsorluğunu həyata keçirir.   Spartan-ı isə baş icraçı direktor Robert Polston, strategiya və inkişaf üzrə icraçı vitse-prezident Daniel Bregman və Direktorlar Şurasının üzvü kapitan David Bourne təmsil ediblər.   61 tələbədən ibarət ilk qrup hazırda ADA Universitetində texniki aviasiya yönümlü intensiv ingilis dili hazırlıq kursunda iştirak edir. Spartan Aeronavtika və Texnologiya Kollecinə qəbul olunduqdan sonra tələbələr AMT təhsilinə 16 noyabr 2026-cı il tarixində başlayacaqlar.   Spartan Kolleci haqqında 1928-ci ildə təsis edilmiş Spartan Aeronavtika və Texnologiya Kolleci dörd məkanda yerləşən üç məktəbdən ibarət sistemdir və indiyədək 100 000-dən çox pilot və texniki mütəxəssis hazırlayıb. Kampuslar aşağıdakı ərazilərdə yerləşir: Tulsa (Oklahoma), Los-Anceles (Kaliforniya), İnland Empayr (Kaliforniya) və Denver (Kolorado). Spartan tələbələri ABŞ-ın hər yerindən və 40-dan çox ölkədən gəlib. Ətraflı məlumat, istehlakçı məlumatları, təlim yerləri, məktəbin lisenziyası və akkreditasiyası ilə tanış olmaq üçün www.Spartan.edu saytına daxil olun. Proqramlar, kvalifikasiya səviyyələri, texnologiya və cədvəl seçimləri kampusdan asılı olaraq fərqlənir və dəyişdirilə bilər. Üçüncü tərəf sertifikatlarına və məşğulluq imkanlarına zəmanət verilmir. Maliyyələşdirmə imkanları müraciət edən və tələblərə cavab verən şəxslər üçün mövcuddur. İnzibati ofis: Spartan Education Group, LLC, 1 N. Franklin St., Suite 2125, Chicago, IL 60606   Azərbaycan Milli Aviasiya Akademiyası haqqında Bakıda yerləşən Azərbaycan Hava Yollarının (AZAL) Milli Aviasiya Akademiyası (MAA) Azərbaycanın mülki aviasiya və aerokosmik sahə üzrə aparıcı ali təhsil müəssisəsidir. Akademiya 1992-ci ildə Milli Aviasiya Mərkəzi kimi təsis edilib və 1994-cü ildə hazırkı adını alıb. MAA pilot hazırlığı, hava hərəkətinin idarə edilməsi, təyyarələrə texniki xidmət və mühəndislik, avionika, eləcə də hava limanı və logistika idarəçiliyi üzrə bakalavr, magistr və doktorantura proqramları təklif edir. Akademiya ICAO standartlarına uyğun fəaliyyət göstərir və Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) ilə işçi razılaşmasına malikdir. Ətraflı məlumat: naa.edu.az.

“UI GreenMetric Sustainable University Rankings 2026 Results and Awards Ceremony” öz işinə başlayıb

Sentyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) UI GreenMetric ilə birgə təşkil olunan “UI GreenMetric Sustainable University Rankings 2026 Results and Awards Ceremony” beynəlxalq tədbirinin açılış mərasimi keçirilib.   Tədbirin əsas məqsədi ali təhsil müəssisələrində dayanıqlı inkişaf prinsiplərinin təşviqi, yaşıl kampus yanaşmasının inkişaf etdirilməsi, bu istiqamətdə beynəlxalq təcrübə mübadiləsinin və əməkdaşlığın genişləndirilməsidir. Tədbirdə dövlət rəsmiləri, müxtəlif ölkələrdən universitet rəhbərləri, akademiklər, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.   Açılış mərasimində elm və təhsil nazirinin müavini Həsən Həsənli, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) direktoru Ülkər Səttarova, İndoneziya Respublikasının Azərbaycandakı səfiri Berlian Helmy, ADNSU-nun rektoru Rüfət Əzizov və IREG Observatory on Academic Ranking and Excellence təşkilatının prezidenti Waldemar Siwiński çıxış ediblər.   Elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxışında Azərbaycanın yaşıl inkişaf gündəliyindən və qlobal ekoloji dialoqda fəal iştirakından bəhs edib. COP29-un Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayan nazir müavini yaşıl inkişaf prinsiplərinin ali təhsil müəssisələrinin fəaliyyətində praktik tətbiqinin vacibliyini qeyd edib, həmçinin Qarabağda həyata keçirilən irimiqyaslı yaşıl layihələrə toxunub.   EATDA-nın direktoru Ülkər Səttarova beynəlxalq reytinqlərin universitetlər üçün son məqsəd deyil, institusional inkişafın istiqamətlərini müəyyənləşdirməyə və beynəlxalq təcrübədən faydalanmağa imkan yaradan vasitə kimi qiymətləndirilməsinin vacibliyini vurğulayıb. O, ali təhsil müəssisələrinin yaşıl keçid prosesindəki roluna diqqət çəkərək dayanıqlılıq prinsiplərinin kampus idarəçiliyi ilə yanaşı, təhsil və elmi-tədqiqat fəaliyyətində də tətbiqinin əhəmiyyətini qeyd edib.   ADNSU-nun rektoru Rüfət Əzizov tədbirin Azərbaycanda keçirilməsinin dayanıqlı inkişaf sahəsində beynəlxalq təcrübə mübadiləsi və universitetlərarası əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, universitetdə yaşıl kampus prinsiplərinin təşviqi istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verib.   Qeyd edək ki, 23-25 sentyabr tarixlərini əhatə edən tədbir çərçivəsində ali təhsildə dayanıqlılıq, universitetlərin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsi, yaşıl kampusların inkişafı və beynəlxalq əməkdaşlıq imkanlarına dair panel müzakirələrinin keçirilməsi nəzərdə tutulur.

Doktorantların və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı (NASCO29) keçiriləcək

30-31 oktyabr tarixlərində Naxçıvan Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı (NASCO29) keçiriləcək.   Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək konfransda ölkənin müxtəlif bölgələrindən və elmi istiqamətlərdən olan doktorantların, dissertantların və gənc tədqiqatçıların iştirakı nəzərdə tutulur.   Konfransda Azərbaycan Respublikasının vətəndaşı olub ölkə daxilində və ya xaricdə fəaliyyət göstərən ali təhsil və elmi müəssisələrdə fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorant və dissertantlar, eləcə də Azərbaycanda fəaliyyət göstərən ali təhsil və elmi müəssisələrdə fəlsəfə doktoru proqramı üzrə təhsil alan əcnəbi doktorant və dissertantlar iştirak edə bilərlər. Yaşı 35-dən yuxarı olmayan elmi dərəcəyə malik şəxslər də konfransa qoşula bilərlər.   Tədbir çərçivəsində elmi məruzə və müzakirələrlə yanaşı, iştirakçılar üçün müxtəlif sosial-mədəni proqramların, o cümlədən turizm səfərləri, əyləncə proqramları və konsertlərin təşkili nəzərdə tutulur. Bölmə iclaslarında fərqlənən iştirakçıların hədiyyə və mükafatlarla təltif olunması da planlaşdırılır.   Konfransda iştirak ödənişsizdir. Görüş ənənəvi və onlayn formatda təşkil olunacaq. Onlayn iştirakçıların sayı hər bir müəssisə üzrə ümumi iştirakçıların 30 faizindən çox olmamalıdır.   Məqalə və tezislərin qəbulu 1 oktyabr 2026-cı il tarixinədək davam edəcək.   Konfrans, iştirak şərtləri, tezislərin tərtibat qaydaları və qeydiyyatla bağlı ətraflı məlumatı konfrans.ndu.edu.az saytından əldə etmək mümkündür.

Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqi üzrə əməkdaşlığı genişləndirir

Elm və Təhsil Nazirliyi ilə “OpenAI” şirkəti arasında təhsil sahəsində süni intellekt texnologiyalarından istifadənin genişləndirilməsini nəzərdə tutan üçillik Anlaşma Memorandumu imzalanıb. Sənəd Nyu-Yorkda elm və təhsil naziri Emin Əmrullayev və “OpenAI” şirkətinin təhsil üzrə vitse-prezidenti Leah Belsky tərəfindən imzalanıb.   Yeni əməkdaşlığın əsas məqsədi süni intellekt texnologiyalarından istifadə etməklə müəllim və şagirdlər üçün tədris və öyrənmə imkanlarının təkmilləşdirilməsi, təhsil prosesinin daha səmərəli və əlçatan təşkili, həmçinin təhsil müəssisələrində süni intellektdən təhlükəsiz və məsuliyyətli istifadəyə dair yanaşmaların formalaşdırılmasıdır.    Əməkdaşlıq çərçivəsində süni intellekt əsaslı tədris alətlərinin hazırlanması, müəllim və digər təhsil işçilərinə yeni texnologiyalardan səmərəli istifadə üzrə təlimlərin keçirilməsi, eləcə də məktəblərdə süni intellektdən təhlükəsiz və məsuliyyətli istifadəyə dair standart və metodiki yanaşmaların hazırlanması nəzərdə tutulur.   Əməkdaşlığın əsas istiqamətlərindən biri riyaziyyat, təbiət elmləri və oxu fənləri üzrə təhsilin idarəolunması sisteminin “OpenAI” texnologiyalarından istifadə edilməklə inkişaf etdirilməsidir. Yeni imkanların müəllimlərə dərslərin hazırlanması, tədris materiallarının formalaşdırılması və şagirdlərin qiymətləndirilməsi prosesində süni intellekt əsaslı dəstək göstərməsi nəzərdə tutulur. Bununla müəllimlərin hazırlıq və inzibati işlərə sərf etdiyi vaxtın optimallaşdırılması və şagirdlərlə birbaşa işə daha çox vaxt ayırmaları hədəflənir.   Bununla yanaşı, müəllimlər, tələbələr və təhsil müəssisələrinin əməkdaşları üçün süni intellekt üzrə müxtəlif təlim proqramlarının həyata keçirilməsi planlaşdırılır. “Təlimçilərin təlimi” proqramı vasitəsilə süni intellekt sahəsində yerli mütəxəssis və təlimçi potensialının gücləndirilməsi nəzərdə tutulur.   Tərəflər həmçinin təhsil sahəsində süni intellektdən təhlükəsiz, etik və məsuliyyətli istifadəyə dair metodiki yanaşmaların, tövsiyələrin və müvafiq çərçivələrin hazırlanması istiqamətində əməkdaşlıq edəcəklər.   Qeyd edək ki, bu, Elm və Təhsil Nazirliyi ilə “OpenAI” arasında imzalanan ikinci Anlaşma Memorandumudur. İlkin əməkdaşlıq çərçivəsində adaptiv öyrənmə platformasının hazırlanması prosesi həyata keçirilib.

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əmr imzalanıb.    Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 23-25 sentyabr tarixlərində Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil olunacaq.   Əmr Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirildiyi müddətdə tədris prosesinin fasiləsizliyinin təmin olunması məqsədilə imzalanıb.    Ali təhsil müəssisələrinə əmrin icrası ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Nazir uşaqlar üçün təhlükəsiz rəqəmsal sistemlərin qurulmasına dair yüksək səviyyəli tədbirdə iştirak edib

Elm və təhsil naziri Emin Əmrullayev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən “Görünməz memarlıq: uşaqlar üçün təhlükəsiz rəqəmsal sistemlərin qurulması – beynəlxalq standartların və ortaq məsuliyyətin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli tədbirdə iştirak edib.    Türkiyə Respublikasının Birinci xanımı Əminə Ərdoğanın rəhbərliyi altında Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən BMT-nin Uşaq Fondu və BMT Baş katibinin Uşaqlara Qarşı Zorakılıq üzrə Xüsusi Nümayəndəsinin Ofisi ilə birgə təşkil olunan tədbirdə bir sıra ölkələrin birinci xanımları, yüksək vəzifəli dövlət rəsmiləri, BMT və digər beynəlxalq təşkilatların nümayəndələri, eləcə də özəl sektor, akademik dairələr və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.    Tədbirdə uşaqların rəqəmsal mühitdə üzləşdiyi risklər, onların onlayn təhlükəsizliyinin qorunması, yaşa uyğun rəqəmsal xidmətlərin təşviqi, texnologiya şirkətləri və rəqəmsal platformaların məsuliyyətinin gücləndirilməsi, eləcə də süni intellekt və digər yeni texnologiyaların uşaqların təhlükəsizliyinə təsiri məsələləri müzakirə olunub. Eyni zamanda, görüş çərçivəsində uşaqların rəqəmsal mühitdə qorunması üzrə BMT çərçivəsində ümumi beynəlxalq minimum standartların formalaşdırılması, habelə dövlətlər, beynəlxalq təşkilatlar, texnologiya şirkətləri və digər maraqlı tərəflər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

04/11/2026

? Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Ətraflı
04/11/2026

“BilBacar” müsabiqəsində iştirak etmək istəyən, ibtidai təhsil səviyyəsi üzrə tədrisi həyata keçirən bütün ümumi təhsil müəssisələri üçün qeydiyyat 5 noyabr 2026-cı il tarixindən başlayacaq.

Ətraflı
03/11/2026

2026/2027-ci tədris ilində III–IV sinif şagirdləri üçün “BilBacar” müsabiqəsinə yenidən start verilir!

Ətraflı