Regionda ilk dəfə Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı fəaliyyətə başlayır
Spartan Aeronavtika və Texnologiya Kolleci (Spartan) və Azərbaycan Milli Aviasiya Akademiyası (MAA) əməkdaşlıq sazişi imzalayıblar. Saziş çərçivəsində Azərbaycandan olan tələbələr "Spartan"ın Aviasiya Texniki Xidməti Texnologiyası (AMT) üzrə hibrid proqramına qəbul olunacaqlar. Proqramı uğurla başa vurduqdan sonra onlara "Spartan"ın Tulsa (Oklahoma) kampusu tərəfindən Tətbiqi Elmlər üzrə Assosiativ dərəcə (AAS) veriləcək.
"Müasir aviasiyanın inkişafı Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət daşıyır," – deyə MAA-nın rektoru Arif Paşayev sazişin imzalanma mərasimində bildirib. "Elmi tədqiqatlar və yeni texnologiyaların tətbiqi ilə yanaşı, ixtisaslı kadr hazırlığı səylərimizin əsasını təşkil edir. Spartan kimi tərəfdaşla birlikdə tələbələrimizə həm yüksək səviyyəli peşə təhsili, həm də beynəlxalq təcrübə imkanı yarada bilmək çox həyəcanverici fürsətdir."
"AMT proqramı 13 aylıq onlayn təhsildən və 8 aylıq praktiki laboratoriya hazırlığından ibarətdir. Onlayn təhsil interaktiv məzmunla Azərbaycanda, MAA kampusunda həyata keçirilir. Spartan-ın Tulsa və Broomfild kampusları arasında bağlanmış konsorsium sazişinə əsasən, praktiki laboratoriya hissəsi Kolorado ştatının Broomfild şəhərində keçiriləcək. Orada tələbələr təcrübəli, FAA sertifikatlı təlimatçıların rəhbərliyi altında bilavasitə təyyarələr, mühərriklər və komponentlər üzərində işləyəcəklər. Məzun olduqdan sonra tələbələr FAA-nın "Airframe and Powerplant" (təyyarə gövdəsi və güc qurğusu) imtahanlarına buraxılmaq hüququ qazanacaqlar. Bakıya qayıtdıqdan sonra tələbələr MAA-da Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin təxminən 2 aylıq konversiya kursunu keçəcək, ardınca isə "Spartan"ın tədris proqramı və ya təlimi ilə əlaqəsi olmayan əlavə tip üzrə ixtisas (type rating) hazırlığına cəlb olunacaqlar," – deyə "Spartan Education Group"un baş icraçı direktoru Rob Polston bildirib.
"Sertifikatlı aviasiya texniki mütəxəssislərinin etibarlı hazırlıq mənbəyinin strateji dəyərini dərk edən aviaşirkətlər uzunmüddətli artımı təmin etmək üçün daha əlverişli mövqedə olacaqlar," – deyə "Spartan Education Group"un baş icraçı direktoru Robert Polston sözlərinə davam edib. "MAA ilə əməkdaşlıq sazişimiz Silk Way Group və AZAL-da hazırda çalışan texniki mütəxəssislərin hazırlığından başlayaraq mühüm addımdır. Bu tərəfdaşlıq Azərbaycanın aviasiya kadr potensialını gücləndirən uzunmüddətli, strateji münasibətlərə qarşılıqlı sadiqliyi əks etdirir."
"Bu təşəbbüs nəqliyyat infrastrukturumuzun mühüm tərkib hissəsi olan Azərbaycan aviasiya sektorunu daha da inkişaf etdirmək və təkmilləşdirmək məqsədlərimizə nail olmaq üçün vacibdir," – deyə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bu təşəbbüsü ölkənin aviasiya təhsili və insan kapitalının inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirib.
"Bu əməkdaşlıq Azərbaycanda aviasiya təhsilinin beynəlxalq səviyyədə inkişafında və genişlənməsində, eləcə də yeni nəsil aviasiya mütəxəssislərinin hazırlanmasında mühüm rol oynayacaq," – deyə iki tərəfdaşın bir araya gəlməsində mühüm rol oynamış "ALG Transportation Group"un təsisçisi və baş icraçı direktoru Fərhad Əzimə bildirib.
Bundan əlavə, imzalanma mərasimində bu təşəbbüsü dəstəkləyən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev də iştirak edib.
"Silk Way Group"u baş icraçı direktor Zaur Axundov və baş əməliyyat direktoru Onno Pietersma, Azərbaycan Hava Yollarını (AZAL) isə AZAL-ın sədri Samir Rzayev və baş texniki direktor Scott McConnell təmsil ediblər. Silk Way Group və AZAL birgə şəkildə ilk qrup tələbələrin sponsorluğunu həyata keçirir.
Spartan-ı isə baş icraçı direktor Robert Polston, strategiya və inkişaf üzrə icraçı vitse-prezident Daniel Bregman və Direktorlar Şurasının üzvü kapitan David Bourne təmsil ediblər.
61 tələbədən ibarət ilk qrup hazırda ADA Universitetində texniki aviasiya yönümlü intensiv ingilis dili hazırlıq kursunda iştirak edir. Spartan Aeronavtika və Texnologiya Kollecinə qəbul olunduqdan sonra tələbələr AMT təhsilinə 16 noyabr 2026-cı il tarixində başlayacaqlar.
Spartan Kolleci haqqında
1928-ci ildə təsis edilmiş Spartan Aeronavtika və Texnologiya Kolleci dörd məkanda yerləşən üç məktəbdən ibarət sistemdir və indiyədək 100 000-dən çox pilot və texniki mütəxəssis hazırlayıb. Kampuslar aşağıdakı ərazilərdə yerləşir: Tulsa (Oklahoma), Los-Anceles (Kaliforniya), İnland Empayr (Kaliforniya) və Denver (Kolorado). Spartan tələbələri ABŞ-ın hər yerindən və 40-dan çox ölkədən gəlib. Ətraflı məlumat, istehlakçı məlumatları, təlim yerləri, məktəbin lisenziyası və akkreditasiyası ilə tanış olmaq üçün www.Spartan.edu saytına daxil olun. Proqramlar, kvalifikasiya səviyyələri, texnologiya və cədvəl seçimləri kampusdan asılı olaraq fərqlənir və dəyişdirilə bilər. Üçüncü tərəf sertifikatlarına və məşğulluq imkanlarına zəmanət verilmir. Maliyyələşdirmə imkanları müraciət edən və tələblərə cavab verən şəxslər üçün mövcuddur.
İnzibati ofis: Spartan Education Group, LLC, 1 N. Franklin St., Suite 2125, Chicago, IL 60606
Azərbaycan Milli Aviasiya Akademiyası haqqında
Bakıda yerləşən Azərbaycan Hava Yollarının (AZAL) Milli Aviasiya Akademiyası (MAA) Azərbaycanın mülki aviasiya və aerokosmik sahə üzrə aparıcı ali təhsil müəssisəsidir. Akademiya 1992-ci ildə Milli Aviasiya Mərkəzi kimi təsis edilib və 1994-cü ildə hazırkı adını alıb. MAA pilot hazırlığı, hava hərəkətinin idarə edilməsi, təyyarələrə texniki xidmət və mühəndislik, avionika, eləcə də hava limanı və logistika idarəçiliyi üzrə bakalavr, magistr və doktorantura proqramları təklif edir. Akademiya ICAO standartlarına uyğun fəaliyyət göstərir və Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) ilə işçi razılaşmasına malikdir.
Ətraflı məlumat: naa.edu.az.
24.09.2026 - 15:11
Digər xəbərlər
-
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
21.10.2026 - 11:47 -
Nazir müavini Həsən Həsənli “AI Academy”nin ilk məzunlarının təltif olunduğu tədbirdə iştirak edib
20.10.2026 - 20:16 -
Süni intellekt və kibertəhlükəsizlik sahəsində inkişafın sürətləndirilməsi üzrə qrant müsabiqəsi elan edilir
20.10.2026 - 12:37 -
Elm və təhsil naziri Almaniyanın Saksoniya federal torpağının elm naziri ilə görüşüb
19.10.2026 - 17:39 -
Dövlət Proqramı məzunları üçün karyera sərgisi keçirilib
19.10.2026 - 16:33
