Tələbələr üçün beynəlxalq münasibətlər və diplomatiya üzrə yaz məktəbi başlayır!
"Bir Könüllü" Tələbə Təşkilatı və "Strateji Düşüncə" Tələbə Diplomatiya Mərkəzinin birgə təşəbbüsü ilə 25-30 mart 2025-ci il tarixlərində Nabranda beynəlxalq münasibətlər və diplomatiya üzrə yaz məktəbi təşkil ediləcək. Yaz məktəbinin keçirilməsində məqsəd tələbə və məzunların beynəlxalq münasibətlər, diplomatiya və qlobal siyasət sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, eləcə də onları analitik və strateji düşünməyə təşviq etməkdir. Proqram çərçivəsində iştirakçılar siyasi və iqtisadi məsələləri təhlil etmək, gələcək prosesləri proqnozlaşdırmaq və interaktiv müzakirələrdə iştirak etmək imkanı əldə edəcəklər. Yaz məktəbi çərçivəsində iştirakçılar üçün yüksək ixtisaslı mütəxəssislər tərəfindən mühazirə, seminar və təlimlər təşkil olunacaq. Bununla yanaşı, onların asudə vaxtlarını daha səmərəli keçirmələri üçün müxtəlif idman tədbirləri və intellektual yarışlar da nəzərdə tutulub. Yaz məktəbində iştirak üçün siyasi elmlər, beynəlxalq münasibətlər, hüquq, beynəlxalq hüquq, regionşünaslıq və dövlət idarəçiliyi, ictimai siyasət ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan sonuncu kurs tələbələri, eləcə də qeyd olunan sahələr üzrə magistratura və doktorantura tələbələri müraciət edə bilərlər. Həmçinin son illərdə həmin ixtisaslardan məzun olmuş gənc peşəkarlar, yaz məktəbinin mövzusu üzrə beynəlxalq təlim və seminarlarda iştirak etmiş, eləcə də yerli və xarici təşkilatlarda təcrübə keçmiş şəxslər də iştirak üçün qeydiyyatdan keçə bilərlər. İngilis dili üzrə səlis danışıq və yazı qabiliyyəti olan namizədlərə daha çox üstünlük veriləcək. Tələblərə cavab verən və iştirak etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə 9 mart tarixinədək qeydiyyatdan keçə bilərlər: https://forms.gle/DGGsZ9D1PY5gruNX8 Qeydiyyatdan keçən namizədlər seçim mərhələsində ingilis dilində müsahibəyə dəvət olunacaqlar.
28/02/2025 17:00
Elm və təhsil naziri Şabranda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 17 mart tarixində Şabran şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran sakinləri iştirak edə bilərlər. Adları çəkilən rayonların sakinləri 10 mart (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
28/02/2025 15:04
4-cü Təqaüd proqramı qaliblərinin mükafatlandırılması və “Mədən topoqrafiyası” dərsliyinin təqdimatı keçirilib
Fevralın 27-də “AzerGold” QSC-nin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ali və peşə təhsili müəssisələrinin tələbələri üçün elan edilən 4-cü təqaüd proqramı qaliblərinin mükafatlandırılması və “Mədən topoqrafiyası” dərsliyinin təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov təqaüd proqramının növbəti qaliblərini təbrik edərək bu günədək ali təhsil üzrə 38, peşə təhsili üzrə isə 37 tələbənin proqram çərçivəsində qalib olduğunu və QSC-də istehsalat təcrübəsinə cəlb edildiyini qeyd edib. Təqaüd proqramlarının tələbələrin təhsil həyatında, onların bilik və bacarıqlarının artırılmasındakı rolunu vurğulayan elm və təhsil nazirinin müavini Kənan Kərimzadə də öz növbəsində “AzerGold” QSC-nin timsalında dövlət və özəl sahibkarlıq subyektlərinin korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində reallaşdırdığı bu cür təşəbbüslərin milli təhsilin inkişafı ilə bağlı dövlətimizin başçısı tərəfindən qarşıya qoyulmuş məqsədlərə xidmət etdiyini vurğulayıb. Nazir müavini proqramın qaliblərini təbrik edərək tələbələrə istehsalat təcrübəsi müddətindən maksimum faydalanmağı, peşəkar hazırlıqlı mütəxəssis kimi yetişmələri üçün onlara təqdim olunan bütün imkanlardan yararlanmağı tövsiyə edib. Qeyd edilib ki, “AzerGold” təqaüd proqramı peşə təhsilinin inkişafına töhfə vermək, müvafiq istiqamət üzrə ixtisaslı mütəxəssislər yetişdirmək və onların əmək bazarına uyğunlaşmasına dəstək olmaq məqsədi daşıyır. Sözügedən təqaüd proqramı 2021-ci ildən təsis edilib və 2024-2025-ci tədris ili üzrə 10 universitet və 2 peşə təhsili müəssisəsinin tələbəsi bu təqaüdə layiq görülüb. Qaliblər tədris ili boyunca hər ay 200 AZN məbləğində təqaüd alacaqlar. Bununla yanaşı, peşə təhsili tələbələri “AzerGold” QSC-də istehsalat təcrübəsi keçmək və gələcəkdə bu sahədə karyera imkanları əldə etmək şansı da qazanıblar. Tədbirdə həmçinin “Mədən topoqrafiyası” dərsliyinin təqdimatı baş tutub. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bildirib ki, kitab Elm və Təhsil Nazirliyinin təşəbbüsü, “AzerGold” QSC-nin maliyyə dəstəyi ilə hazırlanıb. Qeyd edilib ki, dərslik türk dilindən Azərbaycan dilinə tərcümə edilib, peşə təhsil müəssisələri üçün 200 tirajla çap edilib. Kitab Daşkəsən, Gədəbəy və Gəncə bölgələrində yerləşən peşə məktəblərinə paylanılıb. Əlavə edilib ki, dərslik mədənçilik sahəsində ixtisaslaşan tələbələr üçün dəyərli bir tədris vəsaiti olacaq.
27/02/2025 17:00
İT və proqramlaşdırma üzrə tələbə yaz düşərgəsi keçiriləcək
“Bir Könüllü” Tələbə Təşkilatı, “EESTEC JLC Baku” və “IAAS” təşkilatlarının birgə təşəbbüsü ilə 24-29 mart tarixlərində Qubada tələbələr üçün İT və proqramlaşdırma üzrə yaz düşərgəsi təşkil ediləcək. Düşərgənin keçirilməsində əsas məqsəd informasiya texnologiyaları sahəsində təhsil alan tələbələrin yarışma vasitəsilə bilik və bacarıqlarının artırılması, eləcə də tələbələr arasında əməkdaşlıq, komanda quruculuğu kimi xüsusiyyətlərin gücləndirilməsidir. Düşərgə proqramlaşdırma dilləri (PHP, Python, Java, Javascript) və sistem inzibatçılığı istiqamətləri üzrə keçiriləcək. Düşərgədə ali təhsil müəssisələrinin kompüter elmləri və kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və əlaqəli ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura və doktorantura səviyyəsi üzrə təhsil alanlar və məzunlar iştirak edə bilərlər. Müraciət zamanı namizədlər proqramlaşdırma və sistem inzibatçılığı sahələrindən birini seçməlidirlər. Düşərgə iştirakçıları developer və sistem administratoru istiqamətlərində keçiriləcək ilkin imtahan əsasında seçiləcək. Daha ətraflı məlumat və qeydiyyat üçün link: https://forms.gle/fnPU8AxaQcZ41CkPA Qeydiyyat prosesi 9 mart tarixinədək davam edəcək.
27/02/2025 12:00
Yeni ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın ilk iclası keçirilib
Elm və Təhsil Nazirliyində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın ilk iclası keçirilib. Elm və təhsil nazirinin müavini, Komissiyanın sədri İdris İsayevin rəhbərliyi ilə keçirilən iclasda nazirliyin rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri və əmək bazarının nümayəndələri iştirak ediblər. Açılış nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev əmək bazarının tələblərinin yeniləndiyini və kadr hazırlığının da bu çağırışlara uyğunlaşmasının vacibliyini diqqətə çatdırıb. Ötən il Nazirlər Kabineti tərəfindən ali təhsilin bakalavriat, magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələri üzrə ixtisasların yeni təsnifatının təsdiq edildiyini xatırladan İdris İsayev qeyd edib ki, təsnifatda aparılan dəyişikliklər müvafiq olaraq yeni təhsil proqramlarının hazırlanmasını tələb edir. O bildirib ki, proqramlar işəgötürənlərin tələblərinə uyğun olmalıdır. Bu səbəbdən işəgötürənlər də bu prosesdə aktiv iştirak etməlidirlər. Qeyd edək ki, Komissiyanın tərkibində Təhsil ixtisasları qrupu, Humanitar və sosial ixtisaslar qrupu, Mədəniyyət ixtisasları qrupu, İqtisadiyyat və idarəetmə ixtisasları qrupu, Təbiət ixtisasları qrupu, Texniki və texnoloji və Xüsusi təyinatlı ixtisaslar qrupları, Kənd təsərrüfatı ixtisasları qrupu, İdman və xidmət ixtisasları qrupu, Əsas (baza ali) tibb təhsili səviyyəsi və səhiyyə ixtisasları qrupu olmaqla 9 İşçi qrupu yaradılıb, İşçi qruplarına rəhbərlik ali təhsil müəssisəsinin rəhbəri və əmək bazarından nümayəndə olmaqla həmsədrlik mexanizmi əsasında təşkil edilib. İclas zamanı nazir müavini İdris İsayev hər bir İşçi qrupun üzərinə düşən öhdəlikləri diqqətə çatdırıb. Daha sonra təqdimatla çıxış edən nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman təhsil proqramları ilə bağlı cari vəziyyət və qeydə alınan problemlər barədə məlumat verib. Turxan Süleyman bildirib ki, yeni təhsil proqramlarının tərtib edilməsi ilə məzunların bilik və bacarıqlarının müasir əmək bazarının tələblərinə uyğunluğunun təmin edilməsi gözlənilir. İclasda bildirilib ki, həm ali təhsil müəssisələri, həm də əmək bazarının nümayəndələrinin təmsil olunduğu İşçi qrupları ilkin olaraq magistratura səviyyəsində ixtisaslar üzrə ixtisaslaşmalarıın yekun siyahısını hazırlayıb nazirliyə təqdim etməli, hər bir ixtisas (ixtisaslaşma) üzrə müvafiq çərçivə sənədinə uyğun təhsil proqramlarının hazırlanmasını təmin etməlidirlər. İclas müzakirə formatında davam etdirilib.
27/02/2025 09:33
Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Fevralın 26-da Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edib. Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə güllər düzülüb və faciə qurbanları dərin ehtiramla yad olunub.
26/02/2025 12:20
Tələbələrin riyaziyyat üzrə yaz düşərgəsi keçiriləcək
"Bir Könüllü" Tələbə Təşkilatı və "Pathtomath" Tələbə Riyaziyyatçılar Klubunun birgə təşəbbüsü ilə 24-29 mart 2025-ci il tarixlərində Quba rayonunda tələbələrin riyaziyyat üzrə yaz düşərgəsi - “MathCamp 2025” təşkil ediləcək. Düşərgənin əsas məqsədi tələbələr arasında ali riyaziyyata marağı artırmaq, onları riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahələrində tətbiqi barədə məlumatlandırmaq, yaz tətili dövründə tələbələrin riyazi biliklərini gücləndirməkdir. Düşərgədə riyaziyyat, fizika və əlaqəli ixtisaslarda bakalavriat səviyyəsi üzrə III və IV kursda, eləcə də magistratura, doktorantura səviyyəsində təhsil alan tələbələr, məzunlar və gənc mütəxəssislər iştirak üçün müraciət edə bilərlər. Düşərgə çərçivəsində iştirakçılar üçün ali riyaziyyatın əsasları, riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahəsində tətbiqləri, ədədlər nəzəriyyəsi və kriptoqrafiya mövzularında mütəxəssislər tərəfindən xüsusi hazırlanmış təlimlər keçiriləcək. İştirakçıların həm öyrənməsi, həm də əylənməsi məqsədilə düşərgədə müxtəlif idman və bilik yarışları təşkil olunacaq. Təlimlərin sonunda bütün iştirakçılar sertifikatla təltif olunacaqlar. Seçilmiş namizədlər "Riyazi analiz" və "Cəbr və ədədlər nəzəriyyəsi" fənləri üzrə baza biliklərinin yoxlanılması məqsədilə təşkil olunacaq test imtahanında iştirak edəcəklər. Test imtahanı mart ayında təşkil ediləcək. Düşərgədə iştirak etmək istəyən tələbələr 8 mart 2025-ci il tarixinədək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://forms.gle/gk99Hn12FjCWsj3U9
25/02/2025 10:37
“Ən yaxşı təqdimat” müsabiqəsinə başlanılır
Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinə start verilib. Müsabiqə region və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil olunacaq. Şagirdlər portal.edu.az platformasında bu məqsədlə yaradılmış “Müsabiqələr və olimpiadalar” bölməsindən müsabiqənin istiqamətini seçərək elektron formada müraciət edə bilərlər. Qeydiyyatdan keçmiş təhsilalanlar müsabiqənin region mərhələsində iştirak üçün yerli təhsili idarəetmə qurumları tərəfindən dəvət ediləcəklər. Müsabiqənin final mərhələsinə vəsiqə qazanacaq təhsilalanlar nəticə ilə bağlı portal.edu.az platforması və mobil telefona SMS göndərilməsi vasitəsilə məlumatlandırılacaqlar. Qeyd edək ki, müsabiqə ulu öndər Heydər Əliyevin doğum gününün 102-ci ildönümü ilə əlaqədar, onun zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir. Qeydiyyatla bağlı hər hansı çətinliklə üzləşən vətəndaşlar +994 51 206 78 48 nömrəsinə “Whatsapp” üzərindən yazaraq müraciət edə bilərlər. Müsabiqəyə qeydiyyat və qaynar xətt 4 mart saat 11:00-a kimi aktiv olacaq.
24/02/2025 12:09
Elm və təhsil naziri Abşeronda vətəndaşları qəbul edib
Fevralın 21-də elm və təhsil naziri Emin Əmrullayev Abşeron rayonunda vətəndaş qəbulu keçirib. Qəbulda Abşeron, Sumqayıt, Xızı, Qubadlı və Zəngilan sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Qəbul zamanı vətəndaşlar işlə təmin olunma, iş yerinin dəyişdirilməsi, tələbə köçürülməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
21/02/2025 15:30
Apellyasiya Şurasının növbəti iclası keçirilib
Fevralın 20-də elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə Apellyasiya Şurasının növbəti iclası keçirilib. Iclasda Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizəd Gülnarə Qurbanovanın, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Maliyyə-iqtisadiyyat sektorunun baş məsləhətçisi vəzifəsinə namizədlər Firəngiz Hüseynova və Elmir Əlizadənin, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Maliyyə-iqtisadiyyat sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizəd Əkbər Ələkbərovun müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb. İclasda müsahibə komissiyası üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb və təmin edilməsi barədə qərarlar qəbul olunub. Eyni zamanda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Maliyyə-iqtisadiyyat sektorunun baş məsləhətçisi vəzifəsinə namizəd Xəzər Quluzadə müraciətinin baxılmamış saxlanılması ilə bağlı Apellyasiya Şurasına müraciət edib və qeyd olunan müraciət üzrə icraata xitam verilib.
20/02/2025 17:30
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
Ulu öndərin məzarı ziyarət edilib Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.
ƏtraflıBu gün Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğum günüdür. Ulu öndər bütün fəaliyyəti boyunca təhsili dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri hesab etmiş, gənclərin savadlı, vətənpərvər və milli dəyərlərə bağlı şəkildə yetişməsinə xüsusi önəm vermişdir. Heydər Əliyevin söylədiyi kimi:“Təhsil sahəsi xalqımızın bu günü, millətimizin və dövlətimizin gələcəyi üçün ən vacib sahədir”. Bu dəyərli fikir bu gün də ölkəmizdə təhsil siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. #HeydərƏliyev #ÜmummilliLider #UluÖndər #103İl #10May
ƏtraflıBu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər çərçivəsində Şükürbəyli kəndində inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını ediblər. Məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün zəruri fənn kabinetləri, həmçinin fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, ibtidai hərbi hazırlıq sinifləri var. Bundan başqa, məktəbdə kitabxana, akt və idman zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına verilib. Ərazidə, eyni zamanda, futbol və basketbol meydançaları da yaradılıb. Qeyd edək ki, müasir təhsil ocaqlarının qurulması işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsidir. Ən yüksək standartlara cavab verən təhsil müəssisələri yeni texnologiyalarla, zəruri maddi-texniki baza ilə təchiz olunur. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23032-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı