• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Beynəlxalq əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Samr Şahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə ölkədə peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib, “British Council” təşkilatı ilə birgə icra olunan “Turizm-xidmət sahəsi üzrə kadrların hazırlanması və iş yerində təcrübə proqramı” layihəsi çərçivəsində görülən işlərə  dair müzakirələr aparılıb. Görüş zamanı ölkəmizdə fəaliyyət göstərən peşə təhsili müəssisələrinin nümayəndələrinin cari ilin 26 yanvar - 10 fevral tarixlərində Böyük Britaniyada “Bacarıqların inkişafı” mövzusunda keçirilmiş təlimdə iştirakının təmin olunması və bu istiqamətdə işlərin gələcəkdə davam etdirilməsinin peşə təhsili sahəsində mühüm önəm kəsb etdiyi vurğulanıb. “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Samr Şah peşə təhsilinin inkişafı istiqamətində birgə layihələrin əhəmiyyətini və davamlılığının vacibliyini  vurğulayıb. Samr Şah hər iki ölkənin peşə təhsili müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin və bu istiqamətdə artıq Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Böyük Britaniyanın “Westminister Kingsway” Kolleci arasında niyyət protokolunun imzalanmasının bu sahədə atılan mühüm addımlardan biri olduğunu diqqətə çatdırıb. Görüşdə gələcək əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, peşə təhsili ürzə pilot “Karyera Mərkəzi”nin yaradılmasına dair  ilkin razılıq əldə edilib. Daha sonra Böyük Britaniyada “Bacarıqların inkişafı” mövzusunda təşkil olunmuş təlimdə iştirak edən nümayəndə heyəti tərəfindən peşə təhsili sahəsində Böyük Britaniya təcrübəsinə dair təqdimatlar edilib.

Təhsil nazirinin görüşü

Təhsil naziri Ceyhun Bayramov Kanada Baş nazirinin Avropa ittifaqı və Avropa məsələləri üzrə xüsusi elçisi və Kanadanın Almaniya Federativ Respublikasındakı səfiri Stefan Dion və Kanadanın Azərbaycan Respublikasında akkreditə olunmuş səfiri Kristofer Con Kuter ilə görüşüb. Görüşdə Azərbaycan və Kanada arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Təhsil Nazirliyində mətbuat konfransı

Martın 14-də Təhsil Nazirliyində ehtiyat dərsliklərin hazırlanması, təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinə həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında bildirilib ki, ibtidai siniflər üçün Azərbaycan dili və riyaziyyat üzrə ehtiyat dərsliklərin hazırlanması Nazirlər Kabinetinin sərəncamına əsasən həyata keçirilir. Təhsil İnstitutu tərəfindən hazırlanan ehtiyat dərsliklər dilin və riyaziyyatın tədrisində beynəlxalq təcrübəyə və müasir təlim texnologiyalarına əsaslanır. Dərslik komplektinə dərslik, müəllim üçün metodik vəsait, iş dəftəri və valideyn bələdçisi daxildir. Tədbirdə qeyd olunub ki, ehtiyat dərsliklərin yazılması işinin təşkili üçün Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb. Bu prosesin ilk mərhələsində Təhsil Nazirliyi tərəfindən verilmiş elan əsasında Azərbaycan dili üzrə 160, riyaziyyat fənni üzrə isə 145 müəllim arasında üç mərhələli müsabiqə keçirilib. Dərslik hazırlığına ali məktəb və universitetlərdə çalışan alim və pedaqoqlar cəlb edilib. Tədrisi xarici proqramlar əsasında qurulan bir çox beynəlxalq məktəblərdə görüşlər keçirilib, onların təcrübələri öyrənilib və bu məktəblərdə çalışan müəllimlər müsabiqəyə dəvət olunub. Daha sonra ehtiyat dərsliklərin konsepsiyası hazırlanıb və məzmunu təkmilləşdirilib. Bildirilib ki, tədris resurslarının istifadəsindən əvvəl onların sınaqdan keçirilməsi nəzərdə tutulur. Artıq 1-ci siniflər üzrə dərsliklər hazırdır. Respublika səviyyəsində 123 sinifdə dərsliklərin pilot layihə üzrə sınağı həyata keçirilir. 123 sinfin 48-i şəhər məktəbləri, qalanları isə rayon məktəblərindən seçilib. 2-ci sinif üçün dərsliklərin hazırlanması prosesi davam edir. Eyni zamanda bu il məktəbəqədər təhsil üçün yeni alternativ dərsliklər hazırlanır. Sınaq müddətində müəllimlərlə sıx əməkdaşlıq ediləcək və nəticələr xüsusi blanklarda təqdim ediləcək. Bu müddətdə ekspertlərin iştirakı ilə dərsliklərin müzakirəsi təşkil olunacaq və ictimai rəy öyrəniləcək. Sınaqda iştirak edən müəllim, ekspert, rəyçilərin irad və təklifləri ümumiləşdiriləcək və dərslik komplektlərinin kütləvi istifadəsi üçün müvafiq düzəlişlər ediləcək. Ehtiyat dərsliklər müəllim-pedaqoji kontingentin inkişafına təkan verəcək, şagirdlərin beynəlxalq qiymətləndirmələrdə nəticələrinin yüksəlməsinə şərait yaradacaq. Dərslik komplektinə daxil olan valideyn bələdçisi valideynlərin  pedaqoji maarifləndirilməsində böyük rol oynayacaq və onları tədris prosesinə cəlb edəcək. Mətbuat konfransında həmçinin qeyd olunub ki, Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi elan edilib. Müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. Müsabiqə 6 mövzu - təhsilin idarəedilməsi; istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması; təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması; sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması; informasiya kommunikasiya texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi üzrə keçirilir. Müsabiqədə iştirak etmək istəyən şəxslər www.grants.edu.az saytında qeydiyyatdan keçməli və müvafiq sənədləri cari ilin aprelin 1-i saat 18.00-dan gec olmayaraq sistemə yükləməlidirlər. Layihələrin icrasına 2019-cu il iyunun 1-dən başlanıla bilər. Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 000, fərdi kateqoriya üzrə 10 000 manatdan çox olmamalıdır. Mətbuat konfransında jurnalistlərin sualları cavablandırılıb.  

Kollegiya iclası keçirilib

Martın 13-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib. Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov, kollegiya üzvləri, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər. Təhsil naziri Ceyhun Bayramov kollegiya iclasını giriş sözü ilə açaraq ölkə Prezidentinin rəhbərliyi ilə son illərdə təhsil sahəsində əldə olunan uğurlardan danışıb. Nazir qeyd edib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş hədəflərə nail olunması istiqamətində ayrı-ayrı təhsil pillələri üzrə mühüm islahatlar həyata keçirilir. İclasda “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası, bakalavriat səviyyəsi üzrə yeni təsnifat, ali təhsil müəssisələrində əcnəbi tələbələrin təhsilinin təşkilinin təkmilləşdirilməsi, Azərbaycan-Fransız Universitetinin (UFAZ) fəaliyyəti, məktəbdənkənar fəaliyyətin təşkili, “Təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin hazırlanması, təsdiqlənməsi və nəşrinin təmin edilməsi Qaydaları”, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası barədə məsələlər müzakirə olunub, təqdimatlar dinlənilib. Kollegiya iclasında gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb. Təhsil naziri Ceyhun Bayramov kollegiya iclasında məruzə olunan mövzularla bağlı fikirlərini bildirib. İclasın sonunda Təhsil Nazirliyinin bəzi struktur bölmələrinin Əsasnamələri təsdiq olunub.

Tələbələr arasında könüllülüyün təbliğinə dair qrant müsabiqəsi

Təhsil Nazirliyi “Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının inkişafı” mövzusunda qrant müsabiqəsi elan edib. Müsabiqənin elan edilməsində məqsəd tələbələr arasında könüllülüyün təbliği, tələbə-könüllülərin vahid məlumat bazasının, maraq dairələri üzrə klubların  yaradılması, onların dünyagörüşünün genişləndirilməsi, müvafiq təlim kurslarının təşkil olunmasıdır. Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak edən şəxslər tələbə-könüllülərlə işin təşkili və inkişaf etdirilməsi sahəsində ən azı 3 illik təcrübəyə malik olmalıdırlar. Təqdim ediləcək layihələr ən azı 25 ali və orta ixtisas təhsil müəssisəsində təhsil alan tələbə-könüllülərlə işi əhatə etməlidir. Müsabiqədə iştirak üçün layihələr martın 14-dən martın 27-si saat 18.00-dək qəbul olunacaq. Hər bir hüquqi şəxs yalnız bir layihə ilə müraciət edə bilər. Müsabiqə barədə daha ətraflı məlumatla elan vasitəsi ilə tanış ola bilərsiniz.

I sinfə uşaqların elektron qeydiyyatına start verilib

Martın 13-də 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib. Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron sistem vasitəsilə aparılır. Ümumi təhsil məktəblərinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılır. Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur. 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün I sinfə şagird qəbulu sistemində avtomatik elektron sorğu yaradılıb. Qeydiyyat valideynin (qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya müəyyən olunmuş məktəblərdə yaradılacaq Alternativ qeydiyyat mərkəzlərində aparılır. Bakı üzrə valideynlərə kömək məqsədilə 50 Alternativ qeydiyyat mərkəzi yaradılıb. Ümumilikdə elektron sistem tətbiq edilən şəhər və rayonlar üzrə 82 Alternativ Qeydiyyat Mərkəzi fəaliyyət göstərir. 2019-2020-ci tədris ilindən etibarən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün qəbul da elektron formada həyata keçirilir. Qeyd edək ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Bu, təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir. Sual - cavab   Videoçarx

“100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası”

Martın 12-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Qazax şəhəri 2 nömrəli tam orta məktəbdə “100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı növbəti “Novruz mühazirəsi” keçirilib. Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, seminariyanın məzunları, rayonun pedaqoji ictimaiyyəti, media nümayəndələri iştirak ediblər. Əvvəlcə mühazirə iştirakçıları 2 nömrəli tam orta məktəbin həyətində Qazax Müəllimlər Seminariyasının 100 illiyi münasibəti ilə 100 ağac əkiblər. Tədbir 2 nömrəli tam orta məktəbin akt zalında davam edib. Təhsil Nazirliyinin şöbə müdirinin müavini Əsgər Quliyev tədbiri açaraq Qazax Müəllimlər Seminariyasının elm və təhsilin inkişafında xüsusi xidməti olduğunu vurğulayıb. Əsgər Quliyev bildirib ki, Qazax tarixən maarifçilik ənənələri ilə tanınıb, bu ənənə indi də davam edir. Ölkə Prezidenti İlham Əliyev tərəfindən Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması haqqında sərəncam verildiyini diqqətə çatdıran Əsgər Quliyev sərəncama uyğun olaraq, Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq olunduğunu bildirib.  Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov seminariyanın 100 illik yubileyinin qeyd edilməsinin əhəmiyyətini diqqətə çatdırıb, ölkə Prezidentinin təhsilin inkişafına göstərdiyi qayğı, həyata keçirilən islahatlar barədə danışıb. Qeyd edib ki, seminariya Azərbaycan kəndlərində savadsızlığın aradan qaldırılmasında mühüm əhəmiyyətə malik olub. Sonra akademik Nizami Cəfərov tərəfindən “100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı “Novruz mühazirəsi” təqdim olunub. Nizami Cəfərov Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi və onun varisi olan Qazax Müəllimlər Seminariyasının fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, Qazax Müəllimlər Seminariyasının təşkili Azərbaycanın maarif salnaməsinin ən parlaq səhifələrindən biridir. Məruzəçi qeyd edib ki, görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax Müəllimlər Seminariyası bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verib. Azərbaycanın bölgələri ilə yanaşı, qonşu ölkələr üçün də uzun illər boyu yüksək ixtisaslı pedaqoji kadrlar hazırlamış seminariyanın yetirmələri sırasında adları təhsil, elm və mədəniyyət tarixinə həkk olunmuş çox sayda tanınmış simalar var. Nizami Cəfərov diqqətə çatdırıb ki, Qazax Müəllimlər Seminariyası fəaliyyət göstərdiyi illər ərzində 2862 nəfər pedaqoji mütəxəssis hazırlayıb. Sonra çıxış edən Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə, seminariyanın 90 yaşlı məzunu Nuşirəvan Xəlilov, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Ayna.az” saytının təsisçisi Elçin Şıxlı qeyd ediblər ki, Qazax Müəllimlər Seminariyası müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinə gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi üçün zəngin irs qoyub. Natiqlər həmçinin “Novruz mühazirələri”nin belə vacib məsələlərə həsr edilməsinin əhəmiyyətini qeyd edib, seminariyanın xalqımızın milli özünüdərkinin formalaşmasındakı rolunu vurğulayıblar. Sonra Təhsil Nazirliyi və Qazax Rayon İcra Hakimiyyəti tərəfindən “Novruz mühazirəsi” çərçivəsində Qazax Müəllimlər Seminariyasının məzunlarına bayram hədiyyələri təqdim edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı ilə əlaqədar tənha, ahıl və yaşlı insanları əhatə edən bayramlaşma kampaniyası çərçivəsində seminariyanın məzunları olan Ağakişi İsmayılova, Nəbi Nəbiyevə, Sürəyya Qurbanovaya, Nuşrəvan Xəlilova və Nümayəndə Hüseynovaya “DOST Xonçası” təqdim olunub. Sonra tədbir iştirakçıları tərəfindən rayondakı Şəhidlər Xiyabanı ziyarət edilib.  Mühazirə iştirakçıları həmçinin seminariyanın ilk binası ilə tanış olublar. Tarixi binanın qarşısında Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimləri və dərnək üzvləri tərəfindən hazırlanmış bayram tədbirində iştirak ediblər. Uşaqların söylədikləri qədim el bayramına həsr olunmuş bayatıları, şeirləri dinləyiblər. Tədbir çərşənbə tonqalının qalanması ilə başa çatıb. Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz  mühazirələri” keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər ictimaiyyətə çatdırılır. İkinci “Novruz mühazirəsi”nin informasiya dəstəyi Real televiziyasına və Report İnformasiya Agentliyinə məxsusdur.

Bakı və Gəncədə "Kod saatı"nın birinci mərhələsi keçiriləcək

Martın 16-da "Rəqəmsal  bacarıqlar" layihəsi çərçivəsində proqramlaşdırma  dünyasında genişmiqyaslı tədbir olan  "Kod saatı"nın birinci mərhələsi keçiriləcək. "Kod saatı" təşəbbüsünün birinci mərhələsi paytaxtın bütün inzibatı rayonları əhatə edilməklə Bakının 12 məktəbində, həmçinin Gəncə şəhər M.Mehdizadə adına 4 saylı tam orta məktəbində baş tutacaq. Təhsil Nazirliyinin və "Alqoritmika" beynəlxalq təhsil  şirkətinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə  8-14 yaşlı məktəblilər iştirak edə bilərlər. "Kod saatı" çərçivəsində iştirakçılar bir saat müddətində, oyun formatında, "Scratch" mühitində məsələləri həll etmək imkanı əldə edəcəklər. "Scratch" – uşaq və yeniyetmələr üçün xüsusi yaradılmış vizual proqramlaşdırma mühitidir. “Kod saatı”na qatılmaq istəyən iştirakçıların sayına məhdudiyyət qoyulmur, ilkin qeydiyyat tələb olunmur. Proqramlaşdırmanın çətinliyi haqqında mifləri dağıtmaq və hər kəsin onun əsaslarını öyrənməsinin mümkünlüyünü göstərmək  məqsədilə valideynlərin tədbirdə iştirakı təşviq olunur. Qeyd edək ki, "Kod saatı" təşəbbüsü  2013-cü ildə Hadi və Əli Partovi qardaşları tərəfindən tətbiqinə başlanılan və insanlara proqramlaşdırmanı öyrətmək məqsədi daşıyan qlobal hərəkatdır. Layihənin ideya müəllifləri bütün sahələrdə hesablama tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik mütəxəssislərə çox böyük ehtiyac olduğunu deyərək insanlara  proqram kodunu yazmağı öyrənmək üçün bir saat vaxt ayırmağı təklif ediblər. Bir çox ölkələr bu təşəbbüsə qoşulub. Hazırda "Kod saatı"  dünyanın 180-dən çox ölkəsində yüz milyonlarla tələbə  və şagirdi əhatə edir.

I sinfə qəbulla bağlı videotəlimat

Martın 13-də 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start veriləcək. Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək. Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron sistem vasitəsilə aparılacaq. Təhsil Nazirliyi tərəfindən I sinfə qəbulla bağlı videotəlimat hazırlanıb. Videotəlimatı təqdim edirik:  

BDU-nun rektoru Elçin Babayev kollektivə təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 mart 2019-cu il tarixli Sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunmuş Elçin Babayev universitetin kollektivinə təqdim edilib. Rektoru təqdim edən təhsil naziri Ceyhun Bayramov Elçin Babayevin iş təcrübəsi barədə məlumat verib. Nazir Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə nailiyyətlər əldə olunduğunu, xüsusilə təhsil sahəsində həyata keçirilən islahatları diqqətə çatdırıb və bu istiqamətdə qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı universitet kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Prezident İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib və dövlət başçısının təhsil sahəsi ilə bağlı müəyyən etdiyi vəzifələrin layiqli şəkildə icrasının təmin ediləcəyini diqqətə çatdırıb.

07/06/2025

“Məktəblilərarası Milli Hakaton”un olimpiada mərhələsi Salyanda #ElmVəTəhsilNazirliyi #RəqəmsalBacarıqlar #MilliHakaton2025 #Hakaton #KodlaGələcəyiniQur #RəqəmsalGələcək #MilliHakaton

Ətraflı
06/06/2025

Müqəddəs Qurban bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayırıq. Bayramınız mübarək olsun! #ElmVəTəhsilNazirliyi #QurbanBayramı

Ətraflı
05/06/2025

“Məktəblilərarası Milli Hakaton”un olimpiada mərhələsi Ağdaşda #ElmVəTəhsilNazirliyi #RəqəmsalBacarıqlar #MilliHakaton2025 #Hakaton #KodlaGələcəyiniQur #MilliHakaton #RəqəmsalGələcək

Ətraflı