• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan “Web of Science®” bazasına daxil olan elmi məqalələrin sayına görə Cənubi Qafqazın lideridir

Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” (əvvəlki adı ilə "Thomson Reuters") şirkəti arasında əməkdaşlıq çərçivəsində tarixi uğur əldə olunub. Belə ki, qeyd olunan şirkətin “Web of Science®” elmi platformasına 2018-ci ildə daxil olan məqalələrin sayına görə Azərbaycan ilk dəfə olaraq Cənubi Qafqaz ölkələri arasında birinci yerə yüksəlib. Bu günə olan məlumata əsasən, “Web of Science®” elmi bazasında 2018-ci ildə Azərbaycan üzrə 1274 elmi tədqiqat işi qeydə alınıb. Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əməkdaşlığa 2015-ci ildə start verilib. Qarşıya qoyulan əsas hədəf ali təhsilin məzmununda elmi fəaliyyətin dəstəklənməsindən ibarətdir. Eyni zamanda professor-müəllim heyətinin, tədqiqatçıların və təhsilalanların dünyanın yüksək reytinqli elmi jurnalları, konfrans materialları və monoqrafiyaları barədə elmi məlumatlara çıxışının təmin olunması, nüfuzlu elmi jurnallarda məqalə sayının artırılması, alimlərimizin imic və reputasiyasının gücləndirilməsi və ən əsası, Azərbaycan elminin dünya səviyyəsində mövqeyinin yüksəldilməsi qarşıya məqsəd qoyulub. Əldə olunan uğurlu nəticələr nəzərə alınmaqla 2018-ci ilin dekabrında Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Hazırda ölkəmizin 40 ali təhsil müəssisəsinin “Web of Science®” elmi platformasına çıxışı təmin olunub. Alimlərimizin elmi bazanın imkanlarından daha aktiv faydalanması üçün bu vaxta qədər Bakı, Gəncə və Naxçıvan şəhərlərində ümumilikdə 2300 nəfərin iştirakı ilə 70-ə yaxın təlim və sertifikasiya proqramı təşkil edilib. 2014-2018-ci illər ərzində Azərbaycan alimlərinin “Web of Science®” bazasına daxil olan məqalələrinin ölkə üzrə ümumi sayı 72 faiz artıb. Həmin dövrdə ali təhsil müəssisələri üzrə müvafiq göstərici 2,1 dəfə artıb.   Universitetlərin beynəlxalq reytinq siyahılarının hazırlanması zamanı nəzərə alınan meyarlar arasında ali təhsil müəssisələrinin elmi fəaliyyətinin nəticələri həlledici çəkiyə malikdir. Dünyanın aparıcı reytinq agentlikləri universitetlərin elmi fəaliyyətinə dair məlumatları əsasən “Web of Science®” bazasından birbaşa əldə edirlər. Bu baxımdan sözügedən bazaya daxil olan məqalələrin, xüsusilə də həmin məqalələrə edilən istinadların sayının artması ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdəki mövqeyinin yaxşılaşmasına ciddi təkan verəcək.

Ən fəal tələbə-könüllülər mükafatlandırılıb

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının 2018-ci il üzrə ən fəal 14 tələbə-könüllüsü mükafatlandırılıb.   Mükafatlandırma mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, təhsil müəssisələrinin prorektorları və tələbə-könüllüllər iştirak ediblər. Təhsil Nazirliyi tərəfindən reallaşdırılan çoxsaylı layihələr içərisində “Bir” Tələbə-Könüllü Proqramının mühüm yerini qeyd edən Firudin Qurbanov diqqətə çatdırıb ki, son illərdə ölkəmizdə keçirilmiş beynəlxalq, eləcə də dövlət əhəmiyyətli tədbirlərin təşkilində tələbə-könüllülərin danılmaz fəaliyyəti və əvəzsiz rolu vardır. Firudin Qurbanov bu proqramın ötənilki fəaliyyətini yüksək qiymətləndirib, ən çox könüllülük saatına sahib olan 14 tələbə-könüllünün uğurlu fəaliyyətinin təqdirəlayiq hal olduğunu vurğulayıb. Sonra Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Qərbi Kaspi Universiteti, Azərbaycan Texnologiya Universiteti, Sumqayıt Dövlət Texniki Kollecindən olan 2018-ci il üzrə ən fəal tələbə-könüllülər nazir müavini tərəfindən mükafatlandırılıb. Qeyd edək ki, 7 şəhər, 37 təhsil müəssisəsindən 20 000-dən çox tələbə-könüllünü birləşdirən proqram indiyədək “Formula 1” Azərbaycan Qran Prisi, IV İslam Həmrəyliyi Oyunları, Nəsimi Festivalı, Bakı marafonları, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir, Bakı Şopinq Festivalı, Bakı Humanitar Forumu, “BMX Racing” növü üzrə dünya çempionatı, ümumilikdə 6 istiqamət üzrə 400-dən çox olan tədbirdə uğurla fəaliyyət göstərib. Tələbə-könüllülərin qeyd olunan tədbirlər zamanı könüllülük fəaliyyəti ümumilikdə 144 148 saat təşkil edib.

Məktəblilərarası Fibonacci intellektual yarışının final və bağlanış mərasimi

Martın 16-da Bakı şəhəri 6 nömrəli məktəb-liseyin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş məktəblilərarası Fibonacci  intellektual yarışının final və bağlanış mərasimi keçirilib. Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində keçirilən yarışın final mərhələsində yarımfinalda uğur qazanan 10 komanda mübarizə aparıb. Final mərhələsinin qalibi Bakı Avropa Liseyi olub. Ümumilikdə layihə üzrə bir promo oyun, 8 oyun, bir yarımfinal və bir final mərhələsinin keçirilib. Layihə çərçivəsində keçirilən oyunlarda məktəblilərin istirahəti və qidanlanması üçün lazımi şərait yaradılıb. Onların motivasiyasını təmin etmək məqsədilə hər oyunda ilk 3 yeri tutan komanda müxtəlif hədiyyələr ilə mükafatlandırılıb. Layihənin məqsədi akademik savadla yanaşı məktəb-şagird, şagird-müəllim və məktəblərarası əlaqələrinin möhkəmləndirilməsi və şagirdlərə ​müstəqil düşünmək, sərbəst fikir söyləmək, liderlik bacarıqlarını aşılamaqdır. Final oyununun qalibləri və bütün iştirakçı komandalara tədbirin fəxri qonaqları tərəfindən layihədə iştiraka dair xüsusi sertifikat və hədiyyələr təqdim olunub. Qeyd edək ki, “Fibonacci” intellektual oyunlarını digər analoji intellektual oyunlardan fərqli edən cəhət onun unikallığı, sual və tapşırıq növlərinin rəngarəngliyi, Azərbaycan tarixi, coğrafiyası və mədəniyyətinə xüsusi yer verilməsi, həmçinin oyunun sinxron olaraq həm Azərbaycan, həm də rus dilində keçirilməsidir.

6 nömrəli məktəb-liseyə mediatur 

Martın 16-da "Rəqəmsal  bacarıqlar" layihəsi çərçivəsində Bakının 12 məktəbində və Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli tam orta məktəbdə proqramlaşdırma  dünyasında genişmiqyaslı tədbir olan  "Kod saatı"nın birinci mərhələsi keçirilib. Tədbir çərçivəsində 6 nömrəli məktəb-liseyə mediatur təşkil olunub. Mediaturda iştirak edən KİV nümayəndələri dərslərin təşkilini izləyiblər. Onlara  "Rəqəmsal  bacarıqlar" layihəsi barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Təhsil Nazirliyinin və "Alqoritmika" beynəlxalq təhsil  şirkətinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə 8-14 yaşlı məktəblilər iştirak edirlər. "Kod saatı" çərçivəsində iştirakçılar bir saat müddətində, oyun formatında, "Scratch" mühitində məsələləri həll etmək imkanı əldə edirlər. "Scratch" – uşaq və yeniyetmələr üçün xüsusi yaradılmış vizual proqramlaşdırma mühitidir. “Kod saatı”nın ikinci mərhələsi martın 23-də onlayn-rejimdə təşkil olunacaq. İkinci mərhələdə ölkə üzrə məktəblilər iştirak edə biləcəklər. Qeyd edək ki, "Kod saatı" təşəbbüsü  2013-cü ildə Hadi və Əli Partovi qardaşları tərəfindən tətbiqinə başlanılan və insanlara proqramlaşdırmanı öyrətmək məqsədi daşıyan qlobal hərəkatdır. Layihənin ideya müəllifləri bütün sahələrdə hesablama tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik mütəxəssislərə çox böyük ehtiyac olduğunu deyərək insanlara  proqram kodunu yazmağı öyrənmək üçün bir saat vaxt ayırmağı təklif ediblər. Bir çox ölkələr bu təşəbbüsə qoşulub. Hazırda "Kod saatı"  dünyanın 180-dən çox ölkəsində yüz milyonlarla tələbə  və şagirdi əhatə edir. "Kod saatı" hərəkatının əsas məqsədi proqramçı peşəsini məktəblilər  arasında  populyarlaşdırmaq, şagirdlərin və onların valideynlərinin diqqətini informasiya texnologiyaları ilə bağlı peşələrə  cəlb etmək,  həmçinin proqramlaşdırmanın çətinliyi haqqında mifləri dağıtmaqdır.

Ehtiyat dərsliklər təhsilin keyfiyyətini daha da yüksəldəcək

Şagirdlərin nəticələri yüksələcək, müəllimlərin inkişafına ciddi təkan verəcək, valideynləri tədris prosesinə cəlb edəcək   2018-2019-cu tədris ilindən Azərbaycanda 1-ci siniflər üzrə ehtiyat dərsliklərin tətbiqinə başlanılıb. Hazırda birinci sinfin “Azərbaycan dili” və “Riyaziyyat” dərsliklərinin ölkə səviyyəsində 123 sinifdə pilot layihə üzrə sınağı həyata keçirilir. Sınaq mərhələsi 3000-ə yaxın uşağı əhatə edib. 123 sinfin 48-i şəhər, qalanları isə rayon məktəblərindən seçilib. 2-ci sinif üçün dərsliklərin hazırlanması prosesi isə davam edir. Növbəti tədris ilində həmin dərsliklər də sınaqdan keçiriləcək. Rus bölməsi üçün isə “Riyaziyyat” və “Azərbaycan dili” dərslikləri tərcümə edilir. Rus dili dərsliyinin hazırlanması planda olsa da, tezliklə reallaşdırılması nəzərdə tutulmayıb. V sinifə ehtiyat dərsliklərin konsepsiyası üzərində iş gedir. Eyni zamanda bu il məktəbəqədər təhsil üçün yeni alternativ dərsliklər də hazırlanır. Növbəti tədris ilində isə dərsliklərin sınağına cəlb ediləcək birinci sinif şagirdlərinin sayı artırılacaq. Yeni dərsliklər 5000-6000 birinci sinif şagirdi ilə təkrar sınaqdan keçiriləcək. Növbəti nəticə də uğurlu olarsa, 2020-2021-ci tədris ilindən məktəblərimizdə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə ehtiyat dərsliklərin tədrisi nəzərdə tutulub.     Ehtiyat dərslik   İbtidai siniflər üçün Azərbaycan dili və riyaziyyat üzrə ehtiyat dərsliklərin hazırlanması Nazirlər Kabinetinin sərəncamına əsasən həyata keçirilir. Bu dərsliklərin mahiyyəti ilə bağlı sərəncamın icrasına başlandığı ilk gündən anlaşılmazlıq hiss olunmaqdadır. “Ehtiyat” olması bu dərsliklərin istifadədə olan dərsliklərlə yanaşı istifadə olunacağı fikrini yaradırdı ki, bu da çaşqınlığa səbəb olurdu. Hansı dərsliyin hansı şəraitdə, nə vaxt istifadə ediləcəyi ilə bağlı çoxlu suallar yaranırdı. Artıq məsələ aydınlaşıb. Təhsil İnstitutu tərəfindən hazırlanan bu dərsliklər dilin və riyaziyyatın tədrisində beynəlxalq təcrübəyə və müasir təlim texnologiyalarına əsaslanır və hazırda istifadədə olan ənənəvi dərsliklərdən məzmun və metodologiya baxımından fərqlənir. Ancaq geniş elmi-pedaqoji araşdırmalar nəticəsində ərsəyə gələn müasir dərsliklər hazırki dərslikləri inkar etmir. Yeni dərsliklərin fərqli cəhətləri oxunaqlılığı, görünüş və dizaynı ilə şagirdin motivasiyasını qaldırması ilə də ortaya çıxır.   Ehtiyat dərslikləri kim və necə yazdı   İndiyədək ölkəmizdə dərsliklər nəşriyyatlarda hazırlanıb. Kiçik müəllif heyətlərinin hazırladığı dərsliklərə münasibət isə birmənalı olmayıb. Maraqlıdır, bəs ehtiyat dərsliklər harda və necə hazırlanır? İlk növbədə qeyd edək ki, ehtiyat dərsliklərin hazırlanması prinsipləri dərsliklərin ənənəvi hazırlanması prinsiplərindən ciddi surətdə fərqlənir. Ehtiyat dərsliklərin yazılması işinin təşkili üçün Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb. Bu prosesin ilk mərhələsində Təhsil Nazirliyi tərəfindən verilmiş elan əsasında Azərbaycan dili üzrə 160, riyaziyyat fənni üzrə isə 145 müəllim arasında üç mərhələli müsabiqə keçirilib. Dərslik hazırlığına ali məktəb və universitetlərdə çalışan alim və pedaqoqlar cəlb edilib. Tədrisi xarici proqramlar əsasında qurulan bir çox beynəlxalq məktəblərdə görüşlər keçirilib, onların təcrübələri öyrənilib. Həmin məktəblərdə çalışan müəllimlər müsabiqəyə dəvət olunub. Daha sonra ehtiyat dərsliklərin konsepsiyası hazırlanıb və məzmunu təkmilləşdirilib. Məzmunun necə təkmilləşdirilməyinə baxaq. Dil və riyaziyyatın tədrisində dünyada qəbul olunmuş müasir yanaşmalar təhlil edildikdən sonra qabaqcıl təhsil sistemlərinin müvafiq kurikulumları və təlimin pedaqoji prinsipləri öyrənilib. Nəticədə, yaradılan ehtiyat dərsliklərin strukturu, təlim metodikası, müasir metodoloji yanaşmalar və digər konseptual prinsiplər ümumiləşdirilərək  xüsusi sənəd formasında hazırlanıb. Bunun nəticəsidir ki, yeni dərsliklərdə beynəlxalq qiymətləndirmələrdə nəzərə alınan bacarıqların inkişaf etdirilməsinə nisbətən daha çox yer verilib. Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayevin sözlərinə görə, Azərbaycan dili dəsliklərində PIRLS, riyaziyyat dərsliklərində isə TIMSS beynəlxalq qiymətləndirməsindən irəli gələn tələblər nəzərə alınıb: “4-cü sinif şagirdləri arasında mətnlərin oxunun və qavramanın (PIRLS) və riyazi təhsilin (TIMSS) keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı beynəlxalq tədqiqatların çərçivə sənədləri təhlil edilib. İbtidai siniflərdə Azədbaycan dili və riyaziyyat fənləri üzrə hazırda istifadə olunan təhsil proqramlarının təkmilləşdirilməsi üzrə təkliflər hazırlanıb”.   Sınaqlar nə göstərir?   Tədris resurslarının istifadəsindən əvvəl onların sınaqdan keçirilməsi təlim materiallarının keyfiyyətini artırmaq üçün mühüm mərhələdir. Dünyanın aparıcı təhsil sistemlərində bu mərhələ xüsusi əhəmiyyət kəsb etsə də, ölkəmizdə ehtiyat dərsliklərin sınaq mərhələsi ilk təcrübə olaraq maraq oyadır. Pilot layihədə iştirak edən siniflər ölkəmizin müxtəlif şəhər, rayon və kəndlərini əhatə edir. Sınaq müddətində müəllimlərlə sıx əməkdaşlıq edilir və onun nəticələri xüsusi blanklarda təqdim olunur. Bu müddətdə ekspertlərin iştirakı ilə dərsliklərin müzakirəsi təşkil olunur və ictimai rəy öyrənilir. Sonda sınaqda iştirak edən müəllim, ekspert, rəyçilərin irad və təklifləri ümumiləşdiriləcək və dərslik komplektlərinin kütləvi istifadəsi üçün müvafiq düzəlişlər ediləcək.   Şagirdlər məktəbəhazırlıq qruplarından gəlirsə...   Bəs, bu sınağın ilkin nəticələri nə göstərir? Azərbaycan məktəblərində istifadəyə verilən beynəlxalq təcrübəyə və müasir təlim texnologiyalarına əsaslanan yeni dərslikləri oxuyub qavraya bilirlərmi? Qeyd edək ki, şagirdlərin 1-ci sinfə məktəbəhazırlıq qruplarından müəyyən səviyyə ilə gəldikləri ehtiyat dərsliklərdə nəzərə alınıb. Müşahidələr göstərir ki, məktəbəhazırlıqdan gələn birinci sinif şagirdlərinin qavramasında hər hansı problem yoxdur. Problem o siniflərdə yaranır ki, yarısı məktəbəhazırlıqdan, digər yarısı isə birbaşa birinci sinfə gəlib. Emin Əmrullayevin sözlərinə görə, bu, həm müəllim üçün, həm də şagirdin məktəbə öyrəşməsində problem yaradır: “Artıq birmənalıdır ki, sürətimizə birbaşa  məktəbə gələn uşağın hazırlıq səviyyəsinin olmaması mənfi təsir edir. Bir neçə il əvvəl 20-25 faiz uşaq məktəbəhazırlıqdan gəlirdi və sinifdəki 70-75 faiz uşaq birbaşa birinci sinifdə oxuyurdu. Bu halda 20-25 faiz gözləməli olurdu ki, sinifdəki əksəriyyət onların səviyyəsinə çatsın və bundan sonra birgə yola davam etsinlər. Ancaq artıq  uşaqların 70 faizə qədəri məktəbəhazırlığa cəlb edilib və bu göstərici tezliklə 90 faizə çatdırılacaq. Təbii ki, birinci sinfə 90 faiz uşaq məktəbəhazırlıqdan gəlirsə, artıq dərsliklər bu amil nəzərə alınaraq yazılacaq”.   Müəllimlər təlim keçməlidir   Ehtiyat dərsliklər müəllimlərlə bağlı da tədris prosesində bəzi yanlışları ortaya çıxarıb: “Müəllimlər şagirdlərə Azərbaycan dili fənni üzrə tapşırıq verərkən daha çox hüsnxəttə fikir verir, oxuyub anlamasına az diqqət ayırırlar. Müşahidəmiz ondan ibarətdir ki, qavrama, anlama, düşünmək, tənqidi  düşünmək kimi bacarıqların önünə çıxan ənənəvi bacarıqlar hələ də var”. Bunu nəzərə alaraq, ehtiyat dərsliklərlə işləyən müəllimlərə ixtisasartırma təlimləri keçiriləcək. E.Əmrullayevin sözlərinə görə, yeni dərsliklərdən istifadədə müəllimlərin dəstəyə ehtiyacı olduğu monitorinqlərdən aydın görünür: “Xüsusən də, beynəlxalq qiymətləndirmələrdə ölçülən, Azərbaycanda tədrisi ənənəvi hesab edilməyən sahələrlə bağlı təlimlərə ehtiyac var. Məsələn, hərfləri öyrədərkən hələ də müəllimlər açıq-qapalı, dodaqlanan-dodaqlanmayan sait olduğunu da öyrədirlər. Halbuki 6 yaşlı uşaq üçün bunun heç bir əhəmiyyəti yoxdur. Bunu sonradan da öyrənə bilər və öyrənəcək də. Yaxud, birinci sinifdə ədədlər keçilir. Onları metodik olaraq rəqəmlərlə müqayisə etmək lüzumsuzdur. Bizim müəllimlər elə hesab edir ki, uşaqlara yaxşılıq edirlər. Halbuki bu uşaqlar üçün artıq yükdür. Yeri gəlmişkən, mətnlərin həcmi ilə bağlı çalışırıq ki, norma yaradaq. Ümumişlək sözlər və sözlərin işlənmə tezliyi ilə bağlı məsələlərə baxılmalıdır. Azərbaycanda mətnlərin statistik ölçməsi ilə bağlı, demək olar ki, qayda yoxdur. İnsanlar mətnlərə daha çox emosional yanaşırlar.  Ancaq dünyada bu və ya digər mətni ölçən elmi-statistik alətlər var. Çalışırıq ki, bu alətlərdən istifadə edərək verilmiş mətnin hansı çətinlik dərəcəsində olduğunu müəyyən etdikdən sonra onu dərsliyə salaq”.   Ehtiyat dərsliklər nələrə səbəb olacaq?   Beləliklə, yeni dərsliklər artıq istifadədədir. Onlarla bağlı ilkin rəy də var. Həmin rəyə güvənsək, yeni dərsliklərin sadəcə şagirdlər və müəllimləri deyil, həm də valideynləri təhsil prosesinin fəal iştirakçısına çevirəcəyi şübhə doğurmur: “Ənənəvi dərsliklər dərslik, müəllim üçün vəsait və iş dəftərindən ibarət olurdusa, yeni dərslik komplektlərində  məzmunu valideynlərin başa düşməsi, şagirdlərin evdə dərsə hazırlığına kömək etmələri, uşaqların gündəlik həyat tərzi ilə bağlı valideynlərə tövsiyələr də hazırlanıb”. Emin Əmrullayevin fikrincə, bu, valideynləri tədris prosesinə daha yaxından cəlb etməyə imkan verəcək.  Dərslik komplektinə daxil olan valideyn bələdçisi valideynlərin  pedaqoji maarifləndirilməsində böyük rol oynayacaq və onları tədris prosesinə cəlb edəcək. Ehtiyat dərsliklər müəllim-pedaqoji kontingentin inkişafına da ciddi təkan verəcək, şagirdlərin beynəlxalq qiymətləndirmələrdə nəticələrinin yüksəlməsinə şərait yaradacaq.   "Azərbaycan müəllimi" qəzeti

İnternat məktəbində Novruz şənliyi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində Novruz bayramı münasibətilə  şənlik keçirilib. Bayram tədbiri Dədə Qorqud, Bahar Qızı, Keçəl və Kosanın gəlişi ilə başlayıb. Daha sonra internat məktəbinin həyətində Novruz tonqalı qalanıb, milli geyimdə olan şagird və müəllimlər tonqal ətrafında “Yallı” rəqsini ifa ediblər. Uşaqların ifasında Novruz bayramının adət-ənənələrini əks etdirən səhnəciklər təqdim olunub, Bahar bayramına aid şeirlər səsləndirilib, rəqslər və bir-birindən maraqlı səhnəciklər nümayiş olunub. Uşaqlar Kosa və Keçəllə birgə rəqs edib, mahni oxuyublar. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub. Məktəbdə dulusçuluq, evdarlıq, dülgərlik, çilingərlik, tikiş, toxuculuq, rəssamlıq kimi peşə kabinetləri fəaliyyət göstərir. Ən müasir avadanlıqlarla təchiz olunmuş məktəbdə uşaqların asudə vaxtının səmərəli təşkili və istirahəti üçün akt və idman zalları mövcuddur. İnternat məktəbində 203 nəfər şagirdin təlim-tərbiyəsi ilə 62 nəfər pedaqoji heyət məşğul olur.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bişkek şəhərində səfərdədir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Qırğız Respublikasında səfərdədir. Səfərdə məqsəd 14-15 mart 2019-cu il tarixlərində Bişkek şəhərində keçirilən Türk Dövlətləri Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin təhsil nazirlərinin V iclasında iştirak etməkdir. İclasda Qırğız Respublikasının təhsil və elm naziri Gulmira Kudaiberdiyeva, Türkiyə Respublikasının milli təhsil nazirinin müavini Mustafa Safran, Qazaxıstan Respublikasının təhsil və elm nazirinin müavini Rüstəm Bigari və Türk Akademiyasının prezidenti Darkhan Kydyrali iştirak edib. Macarıstanın İnsan Resursları Nazirliyinin təhsil üzrə dövlət katibi Jozsef Bodisin iclasa müşahidəçi qismində qatılıb. İclasda Türk Universitetləri Birliyinin (TÜRKÜNİB) fəaliyyəti, o cümlədən, TÜRKÜNİB-in Orxun Mübadilə proqramı, Universitetlərin 2-ci İdman Yarışları, yeni universitetlərin birliyə qəbulu və Macarıstan hökuməti tərəfindən təqdim edilən təqaüd proqramları, eləcə də  Türk Şurasına üzv dövlətlərin məktəblilərinin 3-cü mübadilə proqramının həyata keçirilməsi və orta məktəblər arasında “Qardaşlaşmış məktəblər” layihəsinə dair məsələlər müzakirə edilib.  Tədbirdə çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Türk Şurasının digər beynəlxalq təşkilatlarla müqayisədə gənc təşkilat olduğunu, lakin qısa müddətdə öz fəaliyyətini genişləndirdiyini vurğulayıb. Məhəbbət Vəliyeva deyib ki, bunun əsas səbəbi üzv dövlətlərin ortaq tarix və mədəniyyətə malik olmasıdır. TDƏŞ çərçivəsində həyata keçirilən tədbirlərin ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin daha yüksək mərhələyə çatmasında əhəmiyyətini diqqətə çatdıran nazir müavini ortaq türk dəyərlərinin gənclərimiz tərəfindən dərk edilməsinə verdiyi töhfə üçün Türk Şurasına və Beynəlxalq Türk Akademiyasına minnətdarlığını ifadə edib. Nazir müavini səfər çərçivəsində martın 15-də Bişkekdə keçirilən  Türk Akademiyası Elmi Şurasının II iclasında iştirak edib. 28 noyabr 2014-cü il Təhsil Nazirlərinin Bakı görüşündə “Türk Akademiyasının Elmi Şurası”nın yaradılmasına dair qəbul edilmiş qərara əsasən, Elmi Şuranın üzvləri üzv ölkələrin təhsil nazirləridir. Elmi Şuranın İclasında ortaq türk tarixi, coğrafiyası və ədəbiyyat dərslikləri,  “Türk dünyasının 100 dahi insanı” və “Türk dünyasının müqəddəs torpaqları” layihələri, eyni zamanda 2019-cu ildə  türk dünyası təhsili üçün önəmli olan hadisələrin qeyd edilməsi məsələləri müzakirə olunub. TDƏŞ-ə üzv dövlətlərin təhsil nazirlərinin VI iclasının əlifba sırasına uyğun olaraq 2020-ci ildə Türkiyə Respublikasında keçirilməsi nəzərdə tutulub.

I sinfə qəbulla bağlı suallar cavablandırılır

I sinfə qəbulla bağlı sualları canlı yayımda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva cavablandırır.    

Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

Martın 31-də Respublika fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək. Yarışlar Bakı şəhərində 6, Sumqayıt, İsmayıllı, Şirvan, Şəki, Ağdaş, Gəncə, Mingəçevir, Şəmkir, Xaçmaz, Lənkəran və Naxçıvan Muxtar Respublikasında hər birində 1 mərkəz olmaqla ümumilikdə 17 mərkəzdə baş tutacaq. Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, bu mərhələdə iştirak etmək hüququ qazanan şagirdlər martın 20-dək https://olimpiada.edu.az/registration  saytından qeydiyyatdan keçməli və buraxılış vərəqələrini əldə etməlidirlər. Respublika fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal və final turları yaş qrupları üzrə keçiriləcək. Xüsusi istedada malik VIII-IX siniflər aşağı yaş qrupu, X-XI siniflər yuxarı yaş qrupu olaraq müəyyən edilib.   Respublika mərhələsinin yarımfinal turunda hər bir fənn və yaş qrupuna uyğun olaraq iştirakçılara sualların çətinlik səviyyələrinə görə 3, 4 və 5 ballıq əmsalla kateqoriyalaşdırılmış ümumilikdə 30 test tapşırığı təqdim ediləcək. İnformatika fənni üzrə yuxarı yaş qrupu (X-XI siniflər) şagirdləri üçün olimpiadanın yarımfinal turu ADA Universitetində keçiriləcək. Şagirdlərə proqramlaşdırma dilində həll etmək üçün 5 məsələ təqdim olunacaq. Qiymətləndirmə İOİ sisteminə uyğun həyata keçiriləcək. Respublika fənn olimpiadalarının final turunda yarımfinal turunun nəticələrinə əsasən hər bir fəndən aşağı yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş 24 və 24-cü ilə eyni nəticəni əldə etmiş şagirdlər, yuxarı yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş 48 və 48-ci ilə eyni nəticəni əldə etmiş şagirdlər iştirak edəcəklər. Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.

“Bizim müəllim”

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayan, Azərbaycanın bütün bölgələrində peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatını davam etdirir. “Bizim müəllim” layihəsinin budəfəki  təqdimatı Şabran rayonu Ə.Quliyev adına Şahnəzərli kənd tam orta məktəbinin kimya müəllimi Səkinə Ələkbərliyə həsr olunur. "Şagirdlərim kimyanı çox sevir, bu, məni qürurlandırır” - deyən Səkinə Ələkbərli ötən il müəllimlərin işə qəbulu üzrə müsabiqədə 55 bal toplayıb.

10/06/2025

İyunun 10-da “Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçirilib. IX və X sinif şagirdlərinin iştirak etdikləri olimpiadanın finalında 36 şagird bilik və bacarığını sınayıb. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22141-1

Ətraflı
10/06/2025

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Azərbaycan elminin vəziyyəti barədə Asan Radioya müsahibə verib.

Ətraflı
07/06/2025

“Məktəblilərarası Milli Hakaton”un olimpiada mərhələsi Salyanda #ElmVəTəhsilNazirliyi #RəqəmsalBacarıqlar #MilliHakaton2025 #Hakaton #KodlaGələcəyiniQur #RəqəmsalGələcək #MilliHakaton

Ətraflı