Tələbələrin köçürülməsinə dair ən çox verilən suallar və onların cavabları

 

Sual: Ali və orta ixtisas təhsili müəssisələrində təhsilalanların köçürülməsi qaydaları kimlərə şamil olunur?

Cavab: Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrində (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) təhsil alan tələbələrə şamil edilir.

 

Sual: Ali və orta ixtisas təhsili müəssisələrində təhsilalanların köçürülməsi hansı qaydada həyata keçirilir?

Cavab: Ali və orta ixtisas təhsili müəssisələrində təhsilalanların köçürülməsi Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla, mərkəzləşdirilmiş qaydada transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilir.

 

Sual: Azərbaycanın ali məktəblərində tələbələrin bir ali məktəbdən digər ali məktəbə və ya bir ixtisasdan digər ixtisasa köçürülməsi (daxili köçürülmə) hansı hallarda baş verə bilər?

Cavab: Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyinin əmri ilə həyata keçirilir. Mövcud qaydalara görə, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.) icazə verilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra - qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.

 

Sual: Orta ixtisas təhsil müəssisələrində təhsilalanlar digər orta ixtisas təhsili müəssisəsinə və ya ixtisasına hansı semestrdən köçürülə bilər?

Cavab: Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasından qəbul olunmuş tələbələrin birinci semestr, ümumi orta təhsil bazasından qəbul olunmuş tələbələrin isə üçüncü semestr başa çatdıqdan sonra mövcud Qaydalara əsasən, ixtisasını və ya təhsilalma formasını dəyişmək, bir orta ixtisas təhsili müəssisəsindən digərinə köçürülmək hüququ var.

 

Sual: Orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbənin hansı ixtisaslara köçürülmək hüququ var?

Cavab:Tələbənin təhsil aldığı və köçürülmək istədiyi ixtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

 

Sual: Orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr təhsilalma formasını necə dəyişə bilər?

Cavab: Tələbənin təhsil aldığı orta ixtisas təhsili müəssisəsində eyni ixtisas üzrə təhsilalma formasını dəyişməsi onun ərizəsi əsasında müəssisənin rəhbəri tərəfindən, digər hallarda isə transfer.edu.az  portalı vasitəsi ilə həyata keçirilir.

 

Sual: Ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların köçürülməsi zamanı hansı minimal keçid balları nəzərə alınır?

Cavab: Təhsil Nazirliyi minimal keçid balları haqqında məlumatı Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet səhifəsindən (http://www.tqdk.gov.az/activities/exams/bakalavr/) əldə edir.

 

Sual: Magistratura səviyyəsində təhsil alan tələbənin köçürülməsi hansı qaydada aparılır?

Cavab: Magistratura səviyyəsinin 1-ci tədris ili müddətində tələbələrin öz ixtisası (ixtisaslaşması) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi və ya təhsilalma formasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas (ixtisaslaşma) üzrə minimal keçid balından az olmasın.

 

Sual: Əgər tələbə dövlət hesabına təhsil alırsa, köçürüldükdən sonra təhsilini hansı formada davam etdirir?

Cavab: Bir ali və orta ixtisas təhsili müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

 

Sual: Ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi hansı şərtlərlə aparıla bilər?

Cavab: Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. II və III ixtisas qruplarında müəyyənləşdirilmiş “tarix və coğrafiya müəllimliyi”, “tarix müəllimliyi” və “tarix” ixtisasları öz aralarında, eləcə də II ixtisas qrupunda müəyyənləşdirilmiş “beynəlxalq münasibətlər” və “regionşünaslıq” ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla (mədəniyyət və incəsənət ixtisasları istisna olmaqla) uyğun hesab edilməlidir.

 

Sual: Ölkə daxilində tələbənin bir orta ixtisas təhsili müəssisəsindən və ya ixtisasından digərinə köçürülməsi şərtləri hansılardır?

Cavab: Ölkə daxilində tələbələrin bir orta ixtisas təhsili müəssisəsindən (və ya ixtisasdan) digərinə köçürülməsi o şərtlə aparıla bilər ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda (qəbul ilindən asılı olaraq ümumi təhsil pilləsində yekun qiymətləndirmə imtahanlarında və ya orta ixtisas təhsili müəssisəsinə qəbul imtahanlarında) tələbənin topladığı bal (daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazidə yerləşən kollecə öz ixtisası üzrə köçürülmək istədiyi halda isə topladığı balın 1.5 misli) qəbul olunduğu ildə köçürülmək istədiyi orta ixtisas təhsili müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın və akademik göstəriciləri yüksək olsun.

 

Sual: Xarici ölkələrin ali təhsil müəssisələrindən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülərkən əsas hansı göstəricilər nəzərə alınır?

Cavab: Xarici ölkələrin ali təhsil müəssisələrindən ölkəmizin ali təhsil müəssisələrinə köçürülərkən aşağıdakı əsas göstəricilər nəzərə alınır:

- Tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması;

- Tələbənin xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alması;

- DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000 bal (riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6.0 bal); qənaətbəxş akademik göstəriciləri; köçürülmə səbəbləri; təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması;

- DİM tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri.

 

Sual: Köçürülmək istəyən tələbə hansı sənədləri toplamalıdır?

Cavab: Köçürülmək üçün lazım olan sənədlər aşağıdakılardır:

-Tələbənin təhsil müddətində fənlər üzrə topladığı kreditləri və qiymətləri (hərf və balla) özündə əks etdirən sənəd - akademik transkript (xaricdə təhsil alanlar üçün mövcud qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcümə olunmuş);

- təhsil aldığı müddətdə gediş-gəlişi təsdiq edən rəsmi sənəd (xarici pasport);

- ali təhsil müəssisəsinə qəbul olunarkən topladığı bal və ya DİM tərəfindən keçirilən imtahanlarda iştirak etməməsi haqqında sənəd (xaricdən köçürülənlər üçün);

- köçürülmə səbəblərini təsdiq edən sənəd (xarici ölkələrin ali təhsil müəssisələrindən ölkəmizin ali təhsil müəssisələrinə köçürülərkən);

- beynəlxalq səviyyəli imtahanlarda (SAT, TOEFL, IELTS və s.) qazandıqları nəticələri təsdiq edən rəsmi sənədlər (xaricdən köçürülənlər və ya Azərbaycanın ali təhsil müəssisələrinə bu imtahanların nəticələri ilə qəbul olunanlar üçün);

- təhsil haqqı borcunun olmamasına dair arayış.

Orta ixtisas təhsili müəssisələri üçün:

- tələbənin təhsil müddətində fənlər üzrə topladığı kreditləri və qiymətləri (hərf və    balla) özündə əks etdirən sənəd (akademik transkript);

- Şəxsiyyət vəsiqəsinin surəti.

 

Sual: Köçürülmə əmri verildikdən sonra tələbə köçürülmədən imtina edə bilərmi?

Cavab: Xeyr, imtina edə bilməz. Tələbə yenidən köçürülmək üçün qış və ya yay tətili dövründə transfer.edu.az portalına müraciət edə bilər.

 

Sual: Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron köçürülmədə iştirak etmək hüququ varmı?

Cavab: Bəli, iştirak edə bilərlər.

 

Sual: Bir semestr ərzində tələbə transfer.edu.az portalında neçə dəfə qeydiyyatdan keçə bilər?

Cavab: Bir semestr ərzində tələbə yalnız bir dəfə qeydiyyatdan keçə bilər.