• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri yüksək bal toplayan müəllimliyə namizədlərlə görüşüb

İyulun 24-də Təhsil naziri  Ceyhun Bayramov müəllimlərin işə qəbulu üzrə imtahanda iştirak edib. Təhsil nazirinə imtahan prosesi haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 204 namizəd iştirak hüququ qazanıb. İmtahanlarda 3 nəfər 60, 2 nəfər 59, 14 nəfər isə 58 bal toplayıb. Sonra Təhsil naziri Ceyhun Bayramov müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə göstərən namizədlərlə  görüşüb. Görüşdə Təhsil naziri ölkəmizdə elm və təhsilin inkişafına böyük diqqət və qayğı göstərildiyini söyləyərək ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparıldığını diqqətə çatdırıb. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan əsas hədəflərdən birinin məhz müəllim amili olduğunu deyən Ceyhun Bayramov bu istiqamətdə görülən işlərdən, reallaşdırılan tədbirlərdən ətraflı söz açıb. Nazir həyata keçirilən işlərin nəticəsi olaraq müəllim peşəsinin nüfuzunun əhəmiyyətli şəkildə artdığını,  son illər  təhsil müəssisələrində daha bilikli, peşəkar müəllimlərin fəaliyyət göstərdiklərini qeyd edib. Müəllimlərin işə qəbulu ilə bağlı bir sıra statistik məlumatları diqqətə çatdıran Ceyhun Bayramov ötən il 12 mindən çox şəxsin müəllimliyə qəbul olunduğunu və bunun son illər ərzində ən böyük göstərici olduğunu deyib. Təhsil naziri bildirib ki, bu il 55 minə yaxın şəxsin qeydiyyatdan keçərək müəllim olmaq üçün müraciət etməsi bu prosesin obyektiv və şəffaf keçirilməsinə olan etimaddan xəbər verir. Təhsil naziri gənclərin ixtisas seçərkən müəllimlik peşəsinə üstünlük verdiklərini, ötən 2018-2019-cu tədris ilində ali təhsil müəssisələrində pedaqoji ixtisaslara qəbul olunanların göstəricilərinin kifayət qədər artdığını deyib. Həmçinin Azərbaycanın təhsil tarixində ilk dəfə 3000-ə yaxın abituriyentin 500 və daha yuxarı bal toplayaraq məhz müəllimlik ixtisasına yiyələnməsini diqqətə çatdırıb. Ceyhun Bayramov  müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edənlərin içərisindən ən layiqli, bilikli namizədlərin müəllim kimi ümumi təhsil müəssisələrində fəaliyyət göstərməsini son nəticədə Azərbaycan təhsilinin inkişafında, onun keyfiyyət göstəricilərinin artırılmasında mühüm rol oynadığını bildirib. Tədbirdə  yüksək bal toplayan müəllimliyə namizədlər çıxış edərək müsabiqənin tam şəffaf və  obyektiv şəkildə keçirildiyini deyib, onlara belə bir şərait yaradıldığına görə Təhsil Nazirliyinə təşəkkür ediblər. Çıxış edənlər müəllim kimi işləmək hüququ qazandıqları təqdirdə onlara olan bu yüksək etimadı layiqincə doğruldacaqlarını söyləyiblər. 

Astara və Masallı şəhərlərində vətəndaşlar qəbul ediləcək

Astara, Lerik, Lənkəran və Masallı, Yardımlı, Cəlilabad rayon sakinlərinin nəzərinə!   Təhsil naziri Ceyhun Bayramov 2 avqust 2019-cu il tarixində saat 10:00-da Astara şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Astara, Lerik və Lənkəran rayon sakinlərini qəbul edəcək. Qəbulda Astara, Lerik və Lənkəran rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Təhsil nazirinin müavini Firudin Qurbanov 2 avqust 2019-cu il tarixində saat 11:00-da Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Masallı, Yardımlı və Cəlilabad rayon sakinlərini qəbul edəcək. Qəbulda Masallı, Yardımlı və Cəlilabad rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 24-30 iyul (saat 18:00-dək) 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Yeni Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu başa çatır

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında yaradılan yeni Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu prosesi iyulun 25-də başa çatır. Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş mərkəzdə torna və frezer dəzgahların operatoru, avtomobil diaqnostikası və təmiri ustası, sənayedə quraşdırma işləri üzrə usta, elektronika ustası, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, inşaat ustası, veb dizayner və proqram təminatçısı və avtomatika ixtisasları üzrə 1 illik proqramlarda təhsil almaq mümkündür. Peşə Təhsil Mərkəzində təhsil almaq istəyən şəxslər http://bsiic.edu.az/ saytı vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər. Yeni təhsil müəsisəsi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş təhsil kompleksi əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyir. Qlobal sənaye ehtiyaclarına cavab verə biləcək, rəqabətqabiliyyətli kadrların hazırlığına istiqamətlənən mərkəz ölkənin ən qabaqcıl sənaye müəssisələri ilə əməkdaşlığa başlayıb.    

Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb

Avqustun 4-dən 11-dək Azərbaycanda keçiriləcək 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI 2019) praktiki sessiyası işə başlayıb. Sessiyaya giriş üçün yarışma iştirakçılarına və komanda rəhbərlərinə elektron məktub göndərilib. Olimpiada iştirakçıları practice.ioi2019.az saytında praktiki tapşırıqları həll edərək təcrübə toplaya bilərlər. Praktiki sessiya avqustun 4-dək istifadəçilər üçün açıq olacaq. Bununla yanaşı, qısa zamanda canlı reytinq cədvəli də təqdim olunacaq. Bu qiymətləndirmə sistemi “IOI 2019” zamanı istifadə ediləcək. Buna görə də bütün iştirakçılar mövcud praktiki məsələləri bu sistem vasitəsilə həll etməlidirlər. Müsabiqə haqqında ətraflı məlumatı “IOI 2019”un rəsmi veb-saytından əldə etmək mümkündür. Qeyd edək ki, Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasında 24 dəfə təmsil olunub. Ümumilikdə 55 azərbaycanlı məktəbli bu olimpiadada iştirak edib. Şagirdlərimiz bu olimpiadadan indiyədək biri gümüş, dördü bürünc olmaqla beş medal qazanıblar. AZƏRTAC

Müəllimlərin işə qəbulu imtahanlarının son günü

İyulun 24-də Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər imtahan verir. İmtahanlarda 3279 namizədin iştirakı gözlənilir. Xatırladaq ki, bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin sonuncu günüdür. Bugünədək keçirilən imtahanlarda 39 mindən çox namizəd iştirak edib. İmtahanlar ərzində ən yüksək nəticə kimya fənni üzrə 60 bal olub.

"Təhsil avtobusu – Nəsimi" yay məktəbi Qusarda

İyulun 23-də "Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində təşkil olunan  "Təhsil avtobusu – Nəsimi" yay məktəbinin Qusarda ilk tədbiri keçirilib. ​ Açılış mərasimində layihənin təşkilatçıları, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın nümayəndələri iştirak ediblər. Qeyd olunub ki, yay məktəbinin məqsədi bölgələrdəki ümumi təhsil müəssisələrinin  şagirdlərinin şəxsi inkişafına stimul vermək, onlarda həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, dərsə marağının artırılmasına şərait yaratmaq və məktəblilərə Nəsimi yaradıcılığını tanıtmaqdır. Qusarın Urva, Çiləgir, Yasab, İmamqulukənd, Quxuroba, Kirig kənd məktəblərinin şagirdlərinin iştirak etdiyi yay məktəbində "Xəyal et və yarat", “Sabahı düşün”, "Gələcəyə addımla", "Mən uğurlu natiqəm”, “Cahanı kəşf et” və "Nə? Harada? Nə zaman?" intellektual oyun və təlimlər keçirilib. Sonda iştirakçılar sertifikatla təltif olunublar. İyulun 29-dək davam edəcək yay məktəbi çərçivəsində ölkənin 5 bölgəsində akademik göstəriciləri zəif və orta olan 6, 7, 8 və 9-cu sinif şagirdləri təlimçi, eləcə də ekspertlər tərəfindən keçiriləcək peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və  intellektual yarışlarda iştirak edəcəklər. “Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün öyrət” Milli Təhsil Proqramının ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. 2016-cı ildən start götürən “Təhsil avtobusu” yay məktəbi çərçivəsində 6000 km yol qət edilib, Bakı və 12 bölgənin (Lənkəran, Quba, Gəncə, Şəki, Masallı, Cəlilabad, Sabirabad, Mingəçevir, İsmayıllı, Zaqatala, Şəmkir, Qəbələ) 29 şəhər və 31 kənd-qəsəbə məktəbinin, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 550-dən çox şagird və tələbəsi cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 200 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib. "Azərbaycan üçün öyrət" “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır.  

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb. İyulun 5-dən 20-dək transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 1535 nəfər müraciət edib. Onlardan 13 nəfərini magistratura səviyyəsi üzrə köçürülmək istəyənlər təşkil edir. Xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan və köçürülmək istəyənlərin sayı 137 nəfərdir. 1385 nəfər ölkə ərazisindəki ali təhsil müəssisələrindən köçürülmək və təhsil alma formasını dəyişmək üçün müraciət edib. Orta ixtisas təhsil müəssisələrindən köçürülmək istəyənlərin sayı isə 158 nəfər təşkil edir. Hazırda köçürülmək və təhsil alma formasını dəyişmək istəyən tələbələrin müraciətlərinə baxılır. Nəticələrin sentyabrın əvvəlinədək açıqlanması nəzərdə tutulur. Qeyd edək ki, tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır. Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Transfer.edu.az portalı vasitəsi ilə köçürülən tələbələr köçürüldüyü ali təhsil müəssisəsindən və yaxud ixtisasından imtina etmək hüququna malik deyil.

Müəllimlərin işə qəbulu imtahanları başa çatır

İyulun 23-də kimya, Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat fənni üzrə müəllimlərin işə qəbul imtahanları keçirilir. İmtahanlarda 3282 namizədin iştirakı gözlənilir. Xatırladaq ki, iyulun 8-dən etibarən keçirilən imtahanlarda namizədlərdən Aidə Sadıqova kimya fənni üzrə maksimum nəticə göstərərək 60 bal toplayıb. İmtahanlar iyulun 24-dək davam edəcək. Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq. İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.  

Atletlər kəndində “Olimpiya mədəniyyəti və təhsil proqramı” pavilyonunun açılışı olub

Azərbaycan Milli Olimpiya Komitəsi, Təhsil, Gənclər və İdman nazirlikləri, “Bakı 2019” Əməliyyat Komitəsinin dəstəyi ilə “Olimpiya mədəniyyəti və təhsil proqramı”nın iyulun 22-də Atletlər kəndində pavilyonunun açılış mərasimi olub. Pavilyonda Atletlər kəndində məskunlaşan idmançılara, rəsmi nümayəndələrə və qonaqlara proqram vasitəsilə Bakıdan seçilmiş 49 təhsil müəssisəsinin nümayəndələri tərəfindən Avropa ölkələrinin mədəniyyəti, incəsənəti, tarixi və idmanı barədə məlumat təqdim edilir. Pavilyonun qarşıya qoyduğu digər məqsəd gənc idmançılar arasında Olimpiya dəyərləri, mədəniyyətlərarası əlaqə, sülh və dostluğu təşviq etməkdir. Mərasimdə Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil naziri Ceyhun Bayramov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, MOK baş katibinin müavini Azər Əliyev, üzv ölkələrin Milli Olimpiya komitələrinin rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, müxtəlif ölkələrdən olan qonaqlar iştirak ediblər. Çingiz Hüseynzadə tədbirdə çıxış edərək dostluğu, qarşılıqlı hörməti, sülhü və mükəmməlliyi özündə ehtiva edən Olimpiya hərəkatının Avropa Gənclər Olimpiya Festivalında təşəkkül tapdığını bildirib. O deyib ki, idmançılar və məktəblilər Olimpiya dəyərlərinin təbliğində əsas aspektləri təşkil edirlər. Gənclər və İdman naziri Azad Rəhimov “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının nəinki Azərbaycanda, Avropanın bütün ölkələrində bədən tərbiyəsi və idmanın inkişafı baxımından töhfəsini yüksək qiymətləndirib. “Biz Avropa Gənclər Olimpiya Festivalı və “Olimpiya mədəniyyəti və təhsil proqramı” vasitəsilə mümkün qədər daha çox uşağın idmana maraq göstərməsini və sağlam həyat tərzi sürməsini istəyirik”, - deyə nazir əlavə edib. Təhsil naziri Ceyhun Bayramov məktəblərin və şagirdlərin bu proqramdakı rolundan danışıb. Bildirib ki, belə layihələr məktəblilərdə sağlam həyat tərzinin formalaşmasında, idmanın kütləviliyinin təmin olunmasında, ölkələr və mədəniyyətlərarası dostluğun inkişafında və istedadlı gənclərin üzə çıxarılmasında misilsiz rol oynayır. Nazir Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi ilə Təhsil Nazirliyinin daha bir uğurlu və tarixi layihəyə imza atdıqlarını vurğulayıb. Çıxışlardan sonra tədbir iştirakçıları pavilyonla tanış olublar. Sonda məktəblilərin hazırladıqları bədii hissə təqdim edilib. AZƏRTAC

Gənc müəllimlərin yay məktəbinə start verilib

İyulun 23-də Şəki şəhərində  Azərbaycan gənc müəllimlərinin yay məktəbi layihəsinə start verilib. Yay məktəbi Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən təşkil olunub. Yay məktəbinə 30-a yaxın müəllim qatılacaq. Onlara pedaqoji mövzular üzrə təlimlər keçiriləcək, həmçinin müəllimlər üçün komanda oyunları təşkil olunacaq. Yay məktəbi çərçivəsində Bakı və bölgələrdən olan gənc müəllimlər təcrübə mübadiləsi edəcəklər. Dörd gün davam edəcək təlimlərin sonunda təlimçilərə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən sertifikatlar təqdim ediləcək. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının əsas məqsədi  istedadlı gənc müəllimləri aşkara çıxarmaq, onların gələcək inkişafı üçün əlverişli şərait yaratmaq, daha məhsuldar  və səmərəli işləməyə həvəsləndirməkdir. Yay məktəbi iyulun 26-dək davam edəcək.

28/04/2025

Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin fizika və kimya fənləri üzrə final turu keçirilib.

Ətraflı
28/04/2025

Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və “STEAM Azərbaycan” layihəsinin birgə təşkilatçılığı ilə 25-27 aprel tarixlərində məktəbli könüllülərin yaz düşərgəsi təşkil edilib. “Məktəbli könüllü” proqramı çərçivəsində baş tutan düşərgədə Bakı, Sumqayıt və Xırdalanda yerləşən ümumi təhsil müəssisələrinin 8-11-ci siniflərində təhsil alan 25 məktəbli iştirak edib. Onlar 500-ə yaxın müraciətçi arasından müsahibə yolu ilə seçilib. Düşərgənin məqsədi məktəblilərin şəxsi inkişafı, liderlik və komanda işi bacarıqlarının artırılması, eləcə də sosial fəallığın təşviq edilməsi olub. Üç gün ərzində iştirakçılar üçün innovativ düşüncə, sahibkarlıq, şəxsi inkişaf və karyera planlaması mövzularında təlim və sessiyalar keçirilib. Bundan əlavə, intellektual yarış, interaktiv sessiya və simulasiya formatlı fəaliyyətlər təşkil olunub. Bir Könüllü STEAM Azerbaijan #ElmVəTəhsilNazirliyi #BirKönüllü #STEAM #MəktəbliKönüllü

Ətraflı
28/04/2025

1 may saat 11:00-dan etibarən 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.

Ətraflı