31-ci Beynəlxalq İnformatika Olimpiadasının növbəti yarış mərhələsi
Avqustun 8-də 31-ci Beynəlxalq İnformatika Olimpiadasının növbəti yarış mərhələsi keçirilir. Bu mərhələdə olimpiada iştirakçıları onlara təqdim edilən 3 sualı 5 saat ərzində cavablandırmalıdırlar. Yarışın yekun nəticələrinin avqustun 9-da elan edilməsi nəzərdə tutulub. Azərbaycanda ilk dəfə təşkil olunan Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün milli komandamız da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertin qatıldığı bu bilik yarışı özünün zəngin proqramı ilə seçilir. Yarış iştirakçılarının asudə vaxtlarını səmərəli keçirmələri üçün maraqlı mədəni proqram da təşkil olunub. Avqustun 7-də Beynəlxalq İnformatika Olimpiadasının iştirakçıları üçün Azərbaycan Milli Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi və Nobel qardaşlarının ev-muzeyinə ekskursiyalar təşkil edilib. İştirakçılar həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar. Qoşa Qala küçəsindən başlayan gəzinti zamanı olimpiada iştirakçıları Qala divarları və tarix-memarlıq abidələri barədə məlumatlandırılıb. Qonaqlar “Qız qalası” və digər abidələrlə yaxından tanış olublar. Qeyd edək ki, “IOI” beş beynəlxalq olimpiadadan və dünyanın ən nüfuzlu kompüter elmləri yarışlarından biridir. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar. 31-ci Beynəlxalq İnformatika Olimpiadası avqustun 11-nə kimi öz işinə davam edəcək. Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Beynəlxalq İnformatika Olimpiadası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir. Olimpiadanın rəsmi qlobal sponsoru qismində “Acer” şirkəti çıxış edir. Bundan başqa, yerli şirkətlər – ölkənin lider mobil operatoru “Azercell Telekom” tədbirin “İstedadların rəqəmsal sponsoru”, “PAŞA Bank” isə «İstedad sponsoru” kimi dəstək verir. İctimai Televiziya (İTV) Olimpiadanın baş media tərəfdaşıdır.
08/08/2019 10:53
Peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir
2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə elektron qaydada sənəd qəbulu prosesi davam edir. Elektron sənəd qəbulu avqustun 20-dək davam edəcək. Bu gün saat 15:00-dək olan məlumata əsasən, artıq 3 300-dən çox vətəndaş müraciəti qeydə alınıb. Müraciət edənlər əsasən aşpaz, dərzi, heyvandarlıq mütəxəssisi, turizm təşkilatçısı və aqroservis mütəxəssisi ixtisaslarına üstünlük veriblər. Sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir. Peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır. Nəticələrin avqustun 21-də elan olunması nəzərdə tutulub.
07/08/2019 16:29
İdmançılar üçün yay düşərgəsi
“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin “Zuğulba” Tədris İdman Bazasında idman-sağlamlıq düşərgəsi təşkil edilib. Düşərgədə Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin yüksək nəticə göstərmiş idmançıları iştirak ediblər. Karate, badminton, boks, stolüstü tennis, həndbol bölmələri üzrə 100 məktəbli idmançının qatıldığı düşərgədə hazırlanmış proqramlar əsasında onların məşq və istirahətlərinin səmərəli keçirilməsi təmin olunub. Düşərgənin təşkil olunmasında məqsəd məktəblilərin asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, onların idmanda daha yüksək nailiyyət əldə etməsi üçün stimul yaratmaq, idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirməkdir.
07/08/2019 16:13
Təhsil naziri Astarada vətəndaşları qəbul edib
Avqustun 7-də Təhsil naziri Ceyhun Bayramov Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lerik və Lənkəran rayon sakinlərini qəbul edib. Qəbuldan əvvəl Təhsil naziri Ceyhun Bayramov və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Qəbulda vətəndaşların müraciətləri əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, ali təhsil müəssisələrinə bərpa olunma, həmçinin digər məsələlərlə bağlı olub. Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
07/08/2019 14:44
Təhsil naziri Astarada vətəndaşları qəbul edir
Təhsil naziri Ceyhun Bayramov Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lerik və Lənkəran rayon sakinlərini qəbul edir. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edirlər. Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilir.
07/08/2019 11:37
“Sabahın alimləri” IX Respublika müsabiqəsi keçiriləcək
Təhsil naziri Ceyhun Bayramov “Sabahın alimləri” IX Respublika müsabiqəsinin keçirilməsi haqqında əmr imzalayıb. Əmrə əsasən, 2020-ci il 11-13 fevral tarixlərində İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın alimləri” IX Respublika müsabiqəsi keçiriləcək. Əmrdə bildirilir ki, 12 oktyabr 2019-cu il tarixindən etibarən şagirdlər www.sabahinalimleri.edu.az internet səhifəsinə daxil olaraq onlayn qeydiyyatdan keçməlidirlər. Əmr ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş məktəblilərin seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsini təmin etmək məqsədi daşıyır.
07/08/2019 09:47
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi
Avqustun 7-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start verilir. Bu gündən başlayan mərhələ 14 avqust saat 13:00-dək davam edəcək. Bu müddət ərzində namizədlər elektron ərizələrində müvafiq bölməyə daxil olub, imtahan fənninə uyğun 8 vakant yer seçərək ərizələrini təsdiq etməlidirlər. 2019-2020-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu imtahanlarında iştirak etmiş namizədlərə builki və ya ötənilki işə qəbul imtahan nəticəsini seçərək bu mərhələdə iştirak hüququ verilir. Vakant yerləri builki və ötənilki müəllimlərin işə qəbulu imtahanlarında müvafiq keçid balı toplamış, həmçinin 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş və 3 ildən az olmayan müddətdə işdən ayrılmış, diaqnostik qiymətləndirilmədə iştirak etmiş namizədlər seçə bilərlər. Qeyd edək ki, 2019-2020-ci tədris ili üçün musiqi, təsviri incəsənət fənləri üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 42, fiziki tərbiyə fənni üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı isə 42 müəyyən edilib. Digər fənlər üzrə isə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 48 müəyyən edilib. Müsabiqəyə 7 mindən artıq vakant yer çıxarılıb.
07/08/2019 09:28
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi başlayır
Avqustun 7-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start veriləcək. Namizədlər 14 avqust saat 13:00-dək elektron ərizələrində müvafiq bölməyə daxil olaraq imtahan fənninə uyğun 8 vakant yer seçə bilərlər. Sonda namizədlər ərizələrini təsdiq etməlidirlər. 2019-2020-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak etmiş namizədlərə builki və ya ötənilki işə qəbul imtahan nəticəsini seçərək bu mərhələdə iştirak hüququ verilir. Vakant yerləri builki və ötənilki müəllimlərin işə qəbulu imtahanlarında müvafiq keçid balı toplamış, həmçinin 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş və 3 ildən az olmayan müddətdə işdən ayrılmış, diaqnostik qiymətləndirilmədə iştirak etmiş namizədlər seçə bilərlər. Müsabiqəyə Bakı şəhəri də daxil olmaqla, respublikada ümumi təhsil müəssisələri üzrə 7 mindən artıq vakant yer çıxarılıb.
06/08/2019 16:29
31-ci Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanı onlar təmsil edir
Bakıda dünyanın 5 böyük olimpiadasından biri - Beynəlxalq İnformatika Olimpiadası (IOI) başlayıb. Bu yarışda ölkəmiz adına 4 şagird mübarizə aparır. Hər biri respublika fənn olimpiadalarında kəşf olunan təmsilçilərimizi daha yaxından tanıyaq. Abutalıb Namazovun bu yarışda Azərbaycana medal qazandıracağına böyük ümidlər var. Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi olan Abutalıb indiyədək həm respublika, həm də beynəlxalq fənn olimpiadalarında böyük uğurlar qazanıb. Respublika Fənn Olimpadalarında 2015-2016-cı tədris ili üzrə keçirilən informatika fənni üzrə iştirak edən Abutalıbın ilk medalı bürüncdən olub. 2016-2017-ci tədris ili üzrə keçirilən respublika fənn olimpiadalarında riyaziyyat fənni üzrə də qatılıb və bu fənn üzrə bürünc, informatika fənni üzrə qızıl medala layiq görülüb. 2017-2018-ci tədris ilində riyaziyyat fənni üzrə gümüş medal, informatika fənni üzrə qızıl medal əldə edib. Ötən il, 2018-2019-cu tədris ili informatika fənni üzrə qızıl medal qazanıb. Abutalıbın beynəlxalq olimpadalarda əldə etdiyi nailiyyətlər də kifayət qədərdir. Bolqarıstanda keçirilən EJOİ informatika fənni üzrə yeniyetmələrin I Avropa, Yeniyetmələrin 22-ci Balkan Riyaziyyat Olimpiadasının riyaziyyat fənni üzrə, Rusiya Federasiyasında təşkil olunan EJOİ informatika fənni üzrə yeniyetmələrin II Avropa olimpiadalarının bürünc medalçısıdır. Abutalıb Qazaxıstanda təşkil olunan Beynəlxalq Jautikov olimpiadasında İnformatika fənni üzrə gümüş medal qazanıb. İbrahim Tağızadə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdidir. Ölkəmizdə həm 2017-2018-ci, həm də 2018-2019-cu tədris ilində informatika fənni üzrə keçirilən olimpiadaların gümüş medalçısıdır. İbrahim Rusiya Federasiyasında təşkil olunan EJOİ informatika fənni üzrə yeniyetmələrin II Avropa və Beynəlxalq Meqapolislər olimpiadalarına qatılaraq hər iki yarışda bürünc medal qazanıb. Murad Eynizadə də Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdidir. Respublika Fənn Olimpadalarında uğur qazanmağa 2016-2017-ci tədris ilindən başlayıb. İnformatika fənni üzrə həmin il qızıl medal, 2017-2018-ci tədris ilində gümüş medal, 2018-2019-cu tədris ilində qızıl medal qazanıb. Beynəlxalq səviyyədə Azərbaycanı Rusiya Federasiyasında təşkil olunan EJOİ informatika fənni üzrə yeniyetmələrin II Avropa və Qazaxıstanda təşkil olunan Beynəlxalq Jautikov olimpiadalarında təmsil edib. Birinci yarışda bürünc medal, ikinci yarışda isə gümüş medal əldə edib. Nəhayət, Fərhad Əzimov Təhsil Nazirliyinin tabeliyindəki Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdidir. Fərhad indiyədək Respublika Fənn Olimpadalarında uğur qazanıb. Belə ki, 2016-2017-ci tədris ilində keçirilən respublika fənn olimpiadasında informatika fənni üzrə bürünc medal, 2017-2018-ci tədris ilində informatika fənni üzrə gümüş medal, 2018-2019-cu tədris ilində gümüş medal əldə edib. Bakıda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadası onun beynəlxalq səviyyədə qatıldığı ilk yarışdır. Komandamıza uğurlar arzulayırıq. "Azərbaycan müəllimi"
06/08/2019 14:06
31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk günü
Avqustun 6-da Bakıda 31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk günü başlayıb. 1989-cu ildən keçirilən və informatika sahəsində ən nüfuzlu yarışlardan biri hesab olunan Beynəlxalq İnformatika Olimpiadası hər il dünyanın müxtəlif ölkələrindən məktəblilərə bilik və bacarıqlarını sübut etmək imkanı yaradır. Azərbaycanda ilk dəfə təşkil olunan Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün milli komandamız da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar. Avqustun 11-dək davam edəcək tədbirin yüksək səviyyədə təşkili üçün müasir tələblərə cavab verən məkanlar seçilib. Belə ki, əsas yarış Milli Gimnastika Arenasında, bağlanış mərasimi isə Heydər Əliyev Mərkəzində keçirilir. Olimpiada çərçivəsində digər tədbirlərin keçirilməsi üçün isə “Boulevard Hotel” mehmanxanası nəzərdə tutulur. Yarış müddətində məktəblilər "Atletlər kəndi"ndə yerləşdiriləcək. Burada iştirakçılar üçün əyləncə zonası fəaliyyət göstərəcək və onlar müxtəlif tədbirlər, maraqlı asudə proqram sayəsində yarışdan kənar vaxtlarını da səmərəli keçirə biləcəklər. Mədəni proqramın bir hissəsi kimi, Qobustan, Yanardağ, Atəşgah, Nobel qardaşlarının ev-muzeyi və bir sıra digər məkanlara ekskursiyalar təşkil olunacaq. Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir. Olimpiadanın rəsmi qlobal sponsoru qismində “Acer” şirkəti çıxış edir. Bundan başqa, yerli şirkətlər – ölkənin lider mobil operatoru “Azercell Telekom” tədbirin “İstedadların rəqəmsal sponsoru”, “PAŞA Bank” isə "İstedad sponsoru" kimi dəstək verir. İctimai Televiziya (İTV) Olimpiadanın baş media tərəfdaşıdır.
06/08/2019 10:44
Filter
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00
Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin fizika və kimya fənləri üzrə final turu keçirilib.
ƏtraflıElm və Təhsil Nazirliyinin dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və “STEAM Azərbaycan” layihəsinin birgə təşkilatçılığı ilə 25-27 aprel tarixlərində məktəbli könüllülərin yaz düşərgəsi təşkil edilib. “Məktəbli könüllü” proqramı çərçivəsində baş tutan düşərgədə Bakı, Sumqayıt və Xırdalanda yerləşən ümumi təhsil müəssisələrinin 8-11-ci siniflərində təhsil alan 25 məktəbli iştirak edib. Onlar 500-ə yaxın müraciətçi arasından müsahibə yolu ilə seçilib. Düşərgənin məqsədi məktəblilərin şəxsi inkişafı, liderlik və komanda işi bacarıqlarının artırılması, eləcə də sosial fəallığın təşviq edilməsi olub. Üç gün ərzində iştirakçılar üçün innovativ düşüncə, sahibkarlıq, şəxsi inkişaf və karyera planlaması mövzularında təlim və sessiyalar keçirilib. Bundan əlavə, intellektual yarış, interaktiv sessiya və simulasiya formatlı fəaliyyətlər təşkil olunub. Bir Könüllü STEAM Azerbaijan #ElmVəTəhsilNazirliyi #BirKönüllü #STEAM #MəktəbliKönüllü
Ətraflı1 may saat 11:00-dan etibarən 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.
Ətraflı