• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı açıqlanıb

Təhsil naziri Ceyhun Bayramov 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb. Əmrə əsasən, məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu avqustun 26-dan başlayacaq. Bu proses sentyabrın 25-dək davam edəcək. Məktəbəhazırlıq qruplarına sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə elektron qaydada həyata keçiriləcək.  Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 2014-cü ildə anadan olmuş uşaqlar qəbul olunurlar.

Vakansiya seçimi mərhələsinin nəticələri

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb. Elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Nəticələrə əsasən, 3 728 namizəd vakant yer tutub. Müsabiqənin yekun – müsahibə mərhələsinə avqustun 19-da start veriləcək. Müsahibənin keçiriləcəyi yer və tarix barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 15-də saat 15:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə start veriləcək. Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edəcək. Eyni zamanda prosesin elektronlaşdırılması tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və digər bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə imkan yaradacaq. Şagird yerdəyişməsinin elektronlaşdırılması şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq məqsədi daşıyır.  

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb

Avqustun 14-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb. Bu mərhələdə 23 609 namizəd iştirak edib, onlardan 14 003 namizəd elektron ərizəsini təsdiqləyib. Elektron yerləşdirmənin nəticələri barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Qeyd edək ki, müsabiqəyə 7 mindən artıq vakant yer çıxarılıb.

Müəllim olmaq istəyənlər üçün son seçim günü

Avqustun 14-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatır. Bu mərhələ bu gün saat 13:00-da yekunlaşacaq. İndiyədək 23 609 namizəd vakansiya seçimi mərhələsində iştirak edib, onlardan 12 013 namizəd elektron ərizəsində seçdiyi vakant yerləri təsdiqləyib. Vakansiya seçimi başa çatdıqdan sonra elektron yerləşdirmə həyata keçiriləcək. Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Qeyd edək ki, vakant yerləri builki və ötənilki müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplamış, həmçinin 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş, 3 ildən az olmayan müddətdə işdən ayrılmış, diaqnostik qiymətləndirilmədə iştirak etmiş namizədlər seçə bilərlər. Ümumilikdə Bakı şəhəri də daxil olmaqla, respublikada ümumi təhsil müəssisələri üzrə 7 mindən artıq vakant yer müsabiqəyə çıxarılıb.  

31-ci Beynəlxalq İnformatika Olimpiadasının bağlanış mərasimi

Avqustun 10-da Heydər Əliyev Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) bağlanış mərasimi keçirilib. Əvvəlcə cari ilin fevral ayında məktəblilərin 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI 2019) yerli və beynəlxalq təşkilat komitələrinin Bakıya gəlişinə həsr olunmuş qısa videoçarx nümayiş olunub. Təhsil naziri, “IOI 2019”-un sədri Ceyhun Bayramov olimpiadanın başa çatması münasibətilə iştirakçıları təbrik edib, yarışın yüksək səviyyədə təşkil olunması ilə bağlı təşkilatçılara, qlobal sponsor “Acer” şirkətinə və əməyi keçən digər şəxslərə təşəkkürünü bildirib. İKT bilik və bacarıqlara yiyələnmənin vacibliyini diqqətə çatdıran Təhsil naziri ölkəmizin təhsil sahəsində yeni innovasiyaların, informasiya-kommunikasiya texnologiyalarının geniş şəkildə tətbiqindən söz açıb. IOI 2019 olimpiadasının Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişafına töhfə verəcəyini qeyd edən Ceyhun Bayramov çıxışının sonunda olimpiada qaliblərini təbrik edib və bütün iştirakçılara uğurlar arzulayıb. Tədbirdə olimpiadanın bürünc, gümüş və qızıl medala layiq görülmüş iştirakçıları mükafatlandırılıb. Bildirilib ki, iştirakçılardan 28 nəfər qızıl, 54 nəfər gümüş,  81 nəfər isə bürünc medal qazanıb. Təhsil naziri Ceyhun Bayramov tərəfindən ən yüksək nəticə göstərmiş iştirakçı, ABŞ komandasının üzvü Benjamin Qiyə qızıl medalla yanaşı xüsusi mükafat da təqdim edilib. IOI prezidenti Qreq Li beynəlxalq olimpiadanın bağlanış bəyannaməsini diqqətə çatdırıb. Bağlanış mərasimində iştirakçıların mükafatlandırılması ilə yanaşı, növbəti ilin 19-26 iyul tarixlərində yarışın Sinqapurda keçiriləcəyi elan edilib. Təhsil nazirinin müavini Firudin Qurbanov və “IOI 2019”-un fəxri həmsədri, ADA Universitetinin rektoru Hafiz Paşayev tərəfindən  Beynəlxalq İnformatika Olimpiadasının bayrağı Sinqapur Milli Universitetinin professoru Tan Sun Tekə təqdim olunub. Daha sonra ölkəmiz haqqında qısa film nümayiş edilib. Tədbir bədii hissə ilə davam etdirilib. Qeyd edək ki, ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak edirdilər. Olimpiada Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilib. Olimpiadanın rəsmi qlobal sponsoru “Acer” şirkətidir. Bundan başqa, “Azercell Telekom” tədbirin “İstedadların Rəqəmsal Sponsoru”, “PAŞA Bank” isə “İstedad sponsoru” kimi dəstək verib. Bilik yarışmasının media tərəfdaşı İctimai Televiziyadır (İTV).  

Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında yaradılan yeni Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu davam edir. Ərizə qəbulu 20 avqust 2019-cu il tarixinədək "ASAN xidmət" mərkəzlərində ödənişsiz şəkildə və elektron qaydada aparılır. Cari tədris ilindən fəaliyyətə başlayacaq təhsil müəssisəsi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Sözügedən təhsil müəssisəsi mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ən müasir avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Tədris prosesi üçün nəzərdə tutulan kurikulumlar koreyalı ekspertlər və özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanıb. Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş mərkəzdə torna və frezer dəzgahların operatoru, avtomobil diaqnostikası və təmiri ustası, sənayedə quraşdırma işləri üzrə usta, elektronika ustası, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, inşaat ustası, veb dizayner və proqram təminatçısı və avtomatika üzrə usta adlı 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq mümkündür.  

Yeni dünyaya yeni müəllimlər

STEM təhsil gələcəyimizi müəyyən edir   Kim hesab edir ki, dəqiq elmlər, eləcə də  riyaziyyat və ya fizika müəllimləri dünyada ən ciddi və cansıxıcı müəllimlərdir,  bir az hər hansı cansıxıcılığı və darıxdırıcılığı rədd edən   STEM-təhsilin müasir konsepsiyası ilə tanış olsalar yaxşıdır.  Əgər STEM abbreviaturasının “sirrini” açmalı olsaq, ingilis dilində S- science, T- technology, E- engineering, M- mathematics  mənalarını alarıq. Azərbaycan dilində isə S- elmlər, T - texnologiya, E- mühəndislik,  M - riyaziyyat  deməkdir. Bir sözlə, bunlar müasir  dünyada ən çox tələb olunan fənlərdir. Beləliklə də  bu gün STEM təhsilin inkişafı  dünya təhsilində əsas trendlərdən biridir. Texnologiyaların çox sürətli təkamülü ona aparır ki, proqramçılar, IT mütəxəssisləri, mühəndislər, yüksək texnologiyalar sahəsinin peşəkarları  və s.  planetdə tezliklə ən çox tələb olunan mütəxəssislər olacaqlar.  Qarşıda isə belə bir sual durur?  Bu cür mütəxəssisləri necə  hazırlamaq olar?  Artıq yazı lövhəsində  “Sinif işi”,  altında da, məsələn, “Kəsrlər” kimi köhnə tədris metodları aktuallığını itirirlər.   Bu cür klassik yanaşma uşaqlarda dəqiq və təbiət elmlərinə maraq oyatmaq əvəzinə onları dərsdən uzaqlaşdırır.   Əsas məqsəd uşaqlara mükəmməl STEM təhsili verməkdir   2011-ci ildə ABŞ prezidenti Barak  Obama növbəti onillik ərzində ölkə  məktəbləri üçün 100 min  STEM müəlliminin hazırlanmasına dair çağırış edib.  Elə həmin ildə bu təcili çağırışa cavab vermək, bu sahədə nəticəyönümlü işləri sürətləndirmək və əlaqələndirmək,  ölkəni gücləndirmək üçün STEM təşəbbüslərini dəstəkləyən  “100Kin10” qrupu yaradılıb.  “100Kin10”  ABŞ-ın milli maraqlarına cavab verən,  ölkənin ən vacib problemlərindən birinin həllinə yönəlmiş milli şəbəkədir, əsas məqsəd  uşaqlara mükəmməl  STEM təhsili verməkdir.   STEM komandasının yuxarıda qoyduğumuz suala cavabı hazırdır - qlobal hədəf  müasir STEM təhsilin simasını dəyişməkdir.  Bunun üçün layihənin müəllifləri  2021-ci ilə qədər STEM təhsil sahəsində 100 min yeni müəllim öyrətməyi planlaşdırırlar.  “Yenilər” dedikdə isə, daha ağıllı, müasir, yaradıcı, fənnə yeni üslübda yanaşma qabiliyyətinə malik və şagirdlərdə də eyni qeyri-standart baxışı formalaşdıra bilən müəllimlər nəzərdə tutulur.  Bu gün ABŞ-da  onlarla universitet, təhsili inkişaf etdirmə mərkəzləri, muzey və digər təşkilatlar  ölkənin ən böyük STEM şəbəkəsi olan “100Kin10”  komandasının təşəbbüsünü dəstəkləyir.   Öz hədəflərinə çatmaq  üçün “100Kin10”  müəllifləri bu yaxınlarda Blow Minds  informasiya resursunu buraxıblar. Bu resursdan yararlanmaqla pedaqoji kolleclərin tələbələri və bütün arzu edənlər STEM-in müasir konsepsiyası ilə tanış ola, kurslara yazıla və ya şəkillərə, videoya baxa bilərlər. Beləliklə də hər kəs üçün  açıq olan STEM resurslarla tanışlıqdan sonra aydın olur:  gələcəyimizi texnologiyalar müəyyən edəcək, texnologiyaların gələcəyi  isə yeni format  müəllimlərin əlindədir. Yeni müəllimlər hər hansı köhnə tədris üsullarını, formal yanaşmanı qəbul etmir və öz bilikləri ilə şagirdlərin “beynini partlada”,  sonsuza qədər onların dünyagörüşünü genişləndirə bilərlər. Nəticə bundan ibarətdir ki,  təlim təkcə biliklərin müəllimdən  şagirdlərə ötürülməsi deyil, eyni zamanda  şüurun genişlənməsi və reallığı dəyişdirmə üsuludur.   İlk dörd il ərzində 30000-dən çox STEM müəllimləri hazırlanıb   Əgər əvvəllər sivilizasiyaların həyatı və  reallıq bir çox şeydə mədəniyyət və sənətdən  asılı idisə,  bu gün həyatımız müxtəlif texnologiyaların ətrafında fırlanır, buna görə təəccüblü deyil ki,  reallıqları  bu texnologiyaları hazırlayanlar yaradır. Görünür, müasir STEM təhsildə kreativ istiqamətin inkişafı təsadüfi deyildir.  Çünki yalnız elmə əsaslanan gələcək, çətin ki, kimisə sevindirəcək. Amma elmin və sənətin  sintezini təcəssüm etdirən gələcək  indi bizi daha çox narahat edir. Bu səbəbdən də  artıq bu gün  yaxınlaşan gələcəyin ən yaxşı nümayəndələrini tərbiyə etmək barədə düşünmək lazımdır. İqlim dəyişikliyi, ərzaq çatışmazlığı və ya iqtisadi bərabərsizlik olsun, dünyanın demək olar ki, bütün ən mühüm problemləri STEM  əsasında həllər tələb edir. Amma insanların yalnız kiçik bir hissəsinin adıçəkilən problemləri masa arxasında əyləşərək  həll etməyə imkan verən əsas bilikləri var. Ona görə də təəccüblü deyil ki, biz hələ bu problemi həll edə bilməmişik. Onların öhdəsindən gəlmək üçün  gələcəyin problemləri ilə məşğul olanlar STEM bacarıqlarına malik olmalı  və onlarda məsələləri həll etmə ruhu üstünlük təşkil etməlidir.  Gələcək problemləri həll edənlərin isə onları istiqamətləndirmək üçün bu gün əla STEM müəllimlərinə ehtiyacı var.  “100Kin10”  artıq ilk dörd il ərzində 30.000-dən çox yeni, əla STEM müəllimlərini hazırlayıb, bacarıqlarını artırmaq üçün on minlərlə müəllim də onlara dəstək verməkdədir.  Bununla yanaşı, komanda  on dəfə böyüyüb, onlarla birgə layihəni stimullaşdırıb, yenilikçi sponsorların əməkdaşlığı ilə STEM-in inkişafı üçün  90 milyon dollar vəsait toplanıb.    Müəllim çatışmazlığı artır   Müəllim, xüsusən də STEM mütəxəssislərinin çatışmazlığı bütün ölkə üzrə artan problemdir. ABŞ-da Atlantadan tutmuş Koloradonun kənd rayonlarına qədər məktəb və rayonlar yüksək keyfiyyətli müəllimləri, xüsusən də STEM müəllimlərinin cəlb olunması və işdə saxlanması üçün mübarizə aparırlar. Bəzi ştatlar əldə etdikləri fövqəladə səlahiyyətlər çərçivəsində müəllim çatışmazlığı problemini həll etməyə çalışır. Lakin onların səyləri məktəbə kifayət qədər qeyri-peşəkar müəllimlərin gəlişinə yol açır ki, bu da narahatlıq doğurmaya bilməz.  “100Kin10”   qrupu üzrə tərəfdaşlar  bu məsələdə  innovativ qərarlar hazırlayaraq  fövqəladə səlahiyyətlərin çərçivəsindən kənara çıxırlar. 2018-ci ildə “Math + Science” Milli təşəbbüsü  layihə qrupuna başçılıq edib. Bu qrup  STEM mütəxəssislərinin çatışmadığı konkret sahələrdə müəllimlərin strateji hazırlığı üçün problemləri və ən yaxşı təcrübələri öyrənib. Layihə komandası müəllimlərə hazırlıq proqramlarında kömək etmək və məktəb dairələri onların əməkdaşlığının gücünü qiymətləndirmək və ehtiyaclarla bağlı problemləri həll etmək üçün dinamik və fərdi aləti hazırlayıb.  2019-cu ildə Fort Xeys Dövlət Universiteti diplomlu müəllimləri dəstəkləmək, sertifikatlaşdırmaya keçidi təmin etmək üçün layihə qrupuna başçılıq edib.    İnkişaf üçün STEM   STEM terminin tərifi qızğın mübahisə mövzusudur, bu, bəzən STEM cəmiyyətində fikir ayrılıqlarına gətirir. Çox vaxt riyaziyyatı STEM imkanlarından çıxarırlar. Silikon vadisində müəllimlər bu problemin ətraflı izahını veriblər. Qeyd olunub ki, regionun texnologiyalara marağı riyaziyyata marağın və onun nüfuzunun azalmasına gətirib çıxarıb.   Riyaziyyat  müəllimləri də narahatlıqla bildiriblər ki, onlar da STEM cəmiyyətindən özlərini təcrid olunmuş hiss edirlər.   Lakin tərəfdaşların çoxunun riyaziyyata STEM təliminin  ayrılmaz hissəsi kimi yanaşması komandanı ruhlandırır. Ancaq  “Illustrative Math” və “PhET Interactive Simulation”  kimi tərəfdaşlar  mürəkkəb məsələlərin həllində riyazi konsepsiyanın tətbiqini fəal surətdə dəstəkləyirlər.    İnsan kapitalının inkişafı  üçün erkən STEM   Son illərdə  STEM təhsilin  erkən təsirinin yalnız orta məktəbdə və kollecdə deyil, həm də daha geniş mənada bütün həyat boyunca insanların uğurlu olmasını təmin etməsinə dair çoxsaylı sübutlar ortaya atılır. Təbiət elmləri və riyaziyyat sahəsində erkən təhsil  yetkin yaşda insanın ictimai-iqtisadi statusunu qabaqcadan müəyyən edir.  2018-ci ildə təşəbbüslərin geniş spektrinə cavab verən daha çox pedaqoq və ekspert erkən STEM-i dəstəkləyiblər. Boston Elm Muzeyi və Nyu-Hemşir Universiteti kimi, tərəfdaşlar  elementar STEM müəllimlərinə yönəlik yeni proqramları hazırlayıb. Həmçinin, bu mövzu üzrə partnyorların əməkdaşlığı  qeyd edilə bilər.  Dövlət təhsil və biznes koalisiyasının birgə səyləri ilə layihə qrupu ibtidai sinif müəllimlərinin  rəqəmsal savada və informatika üzrə hazırlığına yönəlib. Heising-Simons Fondu aşağı gəlirli ailələrdən olan şagirdlərin riyazi proqramlarını maliyyələşdirir. Nyu-York Elm Zalı öz Yaradıcılıq Hesablama Akademiyasını yaradaraq immiqrant ailələrdən olan 3-4-cü sinif şagirdlərinə hesablama düşüncəsinin inkişafına dəstək göstərməyə başladı.   Gələcəyin mühəndislərini STEM yetişdirir   Heç kimə sirr deyil ki, STEM təhsil həm kollec,  həm də orta məktəb məzunlarına böyük ehtimalla daha yüksək maaş verəcək. Çünki təhsil haqqı kollecdə sürətlə artmaqda davam edir,  gələcək iş yeri ilə bağlı qeyri-müəyyənlik  artır,  STEM-də iş yerlərinə isə tələbələr üçün daha ağıllı  karyera  kimi baxılır. Nəticədə təlim STEM-in praktik tərəfi ilə daha sıx bağlı olur.  Cari ilin aprelində Vaşinqtonda dövlət, özəl və qeyri-kommersiya sektorlarının  rəhbərləri toplaşaraq “STEM -həlli: Sabahın işçi qüvvəsi” mövzusu çərçivəsində  daha güclü STEM işçi qüvvəsi məsələsini müzakirə ediblər.  STEM təhsil və işçi qüvvəsi arasında alyans güclüdür. Lakin STEM-lə dərin və əsl təlimin dəyərləri sadəcə işçi qüvvəsi konveyerin yaradılmasından daha əhəmiyyətlidir. Bu, tədqiqatlar üçün maraq və imkanları yaradır, eksperiment aparmaq, əməkdaşlıq etmək, uğursuzluğa tab gətirmək, özümüzü, təbiəti və süni yaşayış mühitini daha yaxşı anlamaq, problemlərin  yaradıcı həlli və hər növ tənqidi düşüncəni təcrübədən keçirmək, hansı ki,  bunlar  həyatın bütün  sahələrində faydalı olacaq.   Buna görə də Kaliforniya Universiteti, Karnequ Elm Mərkəzi və  Bay Area   Açıq Muzeyi kimi sadiq tərəfdaşlarının STEM təlimə məhəbbət oyatmaq, gənc tələbələrə praktiki təcrübə vermək üçün mobil mühəndis laboratoriyası  və makerspaces  tətbiq etməsinə sevinirik. Biz həm də sinifdə  sevinc hissinin yaradılması üçün erkən əlamətini görürük.   Sevinc lövbəri, biliyə həvəs  və eksperimentlər   Son illər məktəbəqədər təhsildən başlamış təhsilin bütün pillələrində tədris akademik və test sınaqlara hədəflənib ki, bunun da tez-tez mənfi nəticələri  baş verir.  Bu yaxınlarda ABŞ-da yenidən sinif otaqlarında  sevinc və eksperimentlər ətrafında yaranan hərəkatın  ən erkən əlamətləri görünməyə başlandı.  Müəllimlər  qeyd edirlər ki,  STEM təhsilin ən maraqlı  hissəsi açıq havada baş verir, çünki o, uşaqların təbii marağını oyadır və  stimullaşdırır.  Nyu-York Botanika bağı və  San-Dieqo Zoparkı kimi tərəfdaşlar  STEM təhsili üzrə tədris planları, alətlər hazırlayıblar ki,  onlar bütün təhsilalanların  ən sadə bitki növlərindən tutmuş fillərə qədər marağını cəlb edir.    2018-ci ildə CU Boulder, DSST  kimi dövlət  məktəbləri və  NSTA / NCTM STEM  proqramı üzrə  müəllimlərdən ibarət layihə qrupu tərəfindən  təhsilverənlər üçün davamiyyətə əsaslanan  təbiət elmləri üzrə  qiymətləndirmə hazırlanıb.  Proqram siniflərdə müəllimlərə daha çox təcrübə aparmağa və layihə işləməyə imkan verir. Nyu-York şəhərinin  Təhsil Departamenti  şagirdlərin elmə inteqrasiyasına nail olmaq məqsədilə orta  məktəblərin  sinif  otaqlarından  müəllimlərin daha geniş istifadəsi üçün imkan yaradır.  Və beləliklə də daha çox STEM müəlliminə  dəstək olur.  Müəllimlər deyirlər ki, təhsilə maraq, sevinc gətirmək üçün STEM təhsilin yeni  istifadə üsullarını tapmağa çox sevinirlər.  Onlar müəllimləri yaddaşa təhrik edən hesabatlılıq sistemindən yaradıcı inkişafa kömək edən, doğru olan təlimə keçidi dəstəkləyirlər.   STEM sosial-emosional tədris kimi   Linkedın və Dünya İqtisadi Forumun liderləri bir fikirdə birləşir: tələbələr yumşaq bacarıqlara  və sosialyönümlü-emosional vərdişlərə malik olmalıdırlar ki, 21-ci əsrdə komandanın lideri və üzvlərindən olsunlar. Məşhur təhsil nəşrləri də  müəllimlərin  sosialyönümlü-emosional tədrisə  və beyin elmlərinə  diqqət yetirmələri zəruriliyini xüsusi müzakirə etməklə  öz şagirdlərində  akademik bilikləri tamamlayan  sosial vərdişlərin daha yaxşı dəstəklənməsinə diqqət yetirirlər.  Belə sponsorlardan olan  Çan Zukerberqin  təşəbbüsləri bütün uşaqların təhsilə cəlb olunması  yanaşmalarını əhatə edir və 21-ci əsrdə yaşamaq üçün ən zəruri olan təfəkkürün inkişafını stimullaşdıran,  inadkarlıq və yumşaq vərdişlər aşılayan,  komanda işini, nəticəyönümlü inkişafı təmin edən STEM təhsilə marağı artırır.  STEM-in  yalnız vərdişlərlə bağlı olmasına dair miflər getdikcə sönür.  Məsələn,  Ostindəki Texas Universitetinin A.Çarlz Mərkəzi “Agile Mind”  qrupu ilə əməkdaşlıq edir.  Məqsəd uşaqlara  karyerada inkişaf dərsləri verməkdir.  Diqqət  müəllimlərin STEM təhsilində yer alıb-ala bilməyəcəyinə dair fikirlərinə yönəldilib. STEM-dən daha geniş metakoqnitiv və ictimai cəhətdən emosional bacarıqların gücləndirilməsi üçün istifadə olunacaq, məqsəd daha çox şagirdin həyatın müxtəlif sahələrində uğurlu olmasını təmin etməkdir.   Şəxsi firavanlığa aparan yol   Son onillikdə biz rəqəmsal alətlərlə və “Ed tech”  şirkətlərinin platformaları ilə inkişaf etdirilən fərdiləşdirilmiş təlimə artan tendensiyanı müşahidə edirik. Bununla belə, müəyyən tənqidi rəylərə əsasən,  bu cür texniki  həllər  nəinki  bütün tələbələrə çatmır, həm də müəllimlərin  tələbələrlə ünsiyyətini məhdudlaşdırır, bu, xüsusilə də aztəminatlı və ya təmsilçiliyi zəif olan icmalardan olan təhsilalanlarla bağlıdır. ABŞ-ın  Tom Djoynera Fondu, Amerika  Müəllimlər Federasiyası və  “Math+Science”   Milli təşəbbüs  qrupu  mədəniyyət, identiklik və pedaqogikada eynilik kimi məsələlərin necə yaranmasını  tədqiq etməklə tələbələr üçün təhsili daha aktual və qarşılıqlı əlaqəni  təmin etmək  məqsədilə layihə işləyib.   Komanda şəxsiyyətyönlü pedaqogikanın müəyyən olunması üçün yeni struktur  yaradıb, mövcud tədqiqatları anlamaq üçün ədəbiyyatların geniş icmalını keçirib və cəlbedici, genişlənmə imkanı olan şəxsi  tədris təcrübəsinin hazırlanmasında müəllimlərə  dəstək üçün alətlər və tapşırıqlar  hazırlamağa başlayıb.  Kütləvi fərdiləşdirmə ilə biz qlobal tendensiyalar, daha çox təhsil dünyasında STEM təhsilin bütün təhsilalanlar üçün daha şəxsi firavanlıq əhəmiyyəti kəsb etməsini gözləyirik.   Müəllimlərin fəallığı artıb   2018-ci il ərzində  çox sayda müəllimlərin siyasi sahədə fəallığına dair proqnozlar  özünü doğruldub.  Bu ilin yazında ABŞ-da müəllimlərin fəallığının  yeni dalğası geniş  vüsət alır. The Washington Post-un yazdığına görə, müəllimlik peşəsi geniş dəstəklənir, o cümlədən müəllimlərin əməkhaqları artırılır. Amma xəbərdarlıq əlamətləri də  var: İllik “Phi Delta Kappa”  sorğusu  göstərib  ki, baxmayaraq  müəllimlərə dəstək artıb, amerikalıların əksəriyyəti uşaqlarının müəllim olmasını istəmirlər. STEM üzrə tərəfdaşlardan  bu potensial zərərli ictimai rəyə fəal reaksiya olub.  Lakin   müəllimlərin  aktivliyi, eləcə də onların STEM-in digər mütəxəssislərindən daha çox xoşbəxt olmasına dair inandırıcı sübutlar  bu sahəyə yeni qüvvələrin gəlməsini şərtləndirir.   Müəllim və şagirdləri inkişaf etdirən məktəb   Çox vaxt məktəb liderləri dixotomiya yaradırlar: ya şagirdlər, ya da müəllimlər inkişaf edə bilərlər, amma hər ikisi  deyil. Əksi doğrudur. Tədqiqatlar göstərir ki, təhsilalanları uğura aparan yeganə davamlı  yol məktəblərdir, məhz burada  müəllimlər və şagirdlər inkişaf edir.   STEM müəllimlərinin əsas çatışmazlığının səbəblərinə həsr olunmuş  tədqiqat aşkar edib ki, dəyişikliklər ən çox onlar üçün işlək mühitlə bağlıdır.  Müəllimlərin çoxu bildirir ki,  onlara həmkarları ilə əməkdaşlıq, peşəkar inkişafda iştirak, sinifdə yeni yanaşmalarla təcrübə aparmaq üçün vaxt lazımdır.  Biz bilirik ki, STEM, ümumiyyətlə, təhsil sistemində potensial təsir gücünə malikdir.  Ümid edirik ki, erkən inkişaf,  yaradıcı iş mühitinin formalaşdırılması  bütün təhsil sistemi üçün  dalğa effekti  yaradacaq,  daha artıq diqqət, enerji fəal məktəblərin yaradılması istiqamətində yönələcək ki, orada həm müəllimlər, həm də şagirdlər inkişaf edə biləcək.     "Azərbaycan müəllimi" qəzeti

Dünya məktəbliləri Bakıda yarışır

Azərbaycan 31-ci Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edir   “Bu yarışa çox ciddi hazırlaşmışdım. Çünki bilirdim ki, olimpiadalarda güclü iştirakçılar mübarizə aparır. İnformatika üzrə olimpiadada artıq üçüncü dəfədir iştirak edirəm. Medal qazanmaq üçün əlimdən gələni etdim”. Fizika-Riyaziyyat və İnfotmatika Təmayüllü Liseyin 10-cu sinif şagirdi Abutalıb Namazov Bakıda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanı təmsil edən komandanın üzvlərindən biridir. Fizika-Riyaziyyat və İnfotmatika Təmayüllü Liseyin Azərbaycan komandasının üzvü olan başqa bir şagirdi  Murad Eynizadə isə artıq  3 ildir olimpiadaya hazırlaşır: “Olimpiadaya hazırlaşmazdan əvvəl öz məktəbimizdə respublika informatika olimpiadasında iştirak etmişəm. Daha sonra Təhsil Nazirliyi tərəfindən təşkil edilən təlim məşğələlərinə qatılmışam. Bu məşğələlərdə bizə yerli müəllimlərlə yanaşı, xarici mütəxəssislər də təlimlər keçib. Əlbəttə ki, hər kəs I yeri qazanmaq istəyər. Mən də bunun üçün çalışdım”. Bu günlərdə dünyanın 88 ölkəsindən olan Abutalıb və Murad kimi yüzlərlə şagird Bakıda toplaşıb. Çünki  avqustun 4-dən şəhərimizdə 31-ci Beynəlxalq İnformatika Olimpiadasına start verilib. Yaşadığımız zaman kəsiminin kompüter əsri, informasiya texnologiyaları dövrü olması bir çox sahələrdə olduğu kimi təhsildə də öz sözünü deyir. Müasir texnologiyalarla tanış olan yeni nəsil ağlı, məntiqi və ən əsası, texniki inkişafa münasibəti ilə özündən əvvəlki nəsli təəccübləndirə bilsə də, uğur əldə etmək üçün uzun müddət hazırlaşmalı, fasiləsiz məşğul olmalıdır. Avqustun 4-dən Bakıda start götürən Olimpiada hərəkatını izləyəndən sonra insan məhz bu qənaətə gəlir. Çünki bu günlərdə Bakıda olan yeniyetmə informatika biliciləri insana, bax, bunu düşündürür.   30 il ərzində iştirakçı ölkələrin sayı 13-dən 88-ə yüksəldi   Məlumat üçün qeyd edək ki, informatika üzrə ilk olimpiada UNESCO-nun təklifi və dəstəyi ilə keçirilib. 1989-cu ildə Bolqarıstanda baş tutan həmin yarışa cəmi 13 ölkə qatılıb. 30 il sonra Bakıda ilk dəfə təşkil olunan, sayca 31-ci  Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün milli komandamız da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib. Bu nüfuzlu beynəlxalq yarışda indiyə qədər 24 dəfə təmsil olunan Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.   Azərbaycan bu yarışa 24 dəfə qatılıb   İnformatika üzrə beynəlxalq yarışa artıq 24 dəfə qatılsa da, ölkəmiz bu yarışa ilk dəfə ev sahibliyi edir. İnformatika Fənn Olimpiadasının Beynəlxalq Komitəsinə edilən müraciətlə bağlı 2015-ci ildə müsbət qərar verilib. Ötən il 80-dən çox ölkə məktəblilərinin iştirakı ilə Yaponiyada keçirilən olimpiadada “Beynəlxalq İnformatika Olimpiadası-2019”un bayrağı Azərbaycana təqdim edilib. Nazirlər Kabinetinin müvafiq qərarı ilə sədr, Təhsil naziri Ceyhun Bayramov, həmsədr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramil Quluzadə və fəxri sədr ADA universitetinin rektoru Hafiz Paşayevin rəhbərliyi altında Təşkilat Komitəsi yaradılıb və fevral ayından hazırlıq işlərinə başlanılıb.   Mətbuat konfransı   Və artıq avqustun  4-dən başlayaraq, olimpiadaya qatılan ölkələr öz komandaları ilə Bakıdadır. Avqustun 5-də 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) açılışına həsr olunmuş mətbuat konfransı keçirilib. Təhsil naziri Ceyhun Bayramov, ADA Universitetinin rektoru, “IOI 2019”un fəxri sədri Hafız Paşayev, Olimpiadanın rəsmi qlobal sponsoru “Acer”in Rusiya, Şərqi Avropa və Türkiyə üzrə vitse-prezidenti Qriqori Nizovski jurnalistlərin suallarını cavablandırıblar. Tədbirdə əvvəlcə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə olimpiada ilə bağlı təqdimatla çıxış edib. Daha sonra Təhsil naziri, “IOI 2019”un sədri Ceyhun Bayramov informatika üzrə dünya olimpiadasının Azərbaycanda keçirilməsinin ölkə təhsili üçün əhəmiyyətli hadisələrdən biri olduğunu vurğulayıb. Nazir istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlər nəticəsində həm respublika, həm də beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurlarının ildən-ilə yaxşılaşdığını jurnalistlərin diqqətinə çatdırıb. Olimpiada qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarını xatırladan Ceyhun Bayramov onun olimpiada hərəkatını stimullaşdırmaq məqsədi daşıdığını qeyd edib. Təhsil naziri beynəlxalq olimpiadada iştirak edən yerli komandanın üzvlərinin yüksək səviyyədə hazırlığının təmin edildiyini və onlara böyük ümid bəsləndiyini əlavə edib. Olimpiadanın rəsmi qlobal sponsoru “Acer”in Rusiya, Şərqi Avropa və Türkiyə üzrə vitse-prezidenti Qriqori Nizovski “Acer” və “IOI” əməkdaşlığından danışıb. 31-ci Beynəlxalq İnformatika Olimpiadası başa çatdıqdan sonra “Acer” şirkəti 450 ədəd “Aspire” noutbukunu ADA Universiteti və Təhsil Nazirliyinə hədiyyə edəcəyini söyləyib.   Möhtəşəm açılış   Elə həmin gün Bakı Konqres Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının rəsmi açılış mərasimi keçirilib. Tədbirə olimpiada iştirakçıları ilə yanaşı, dövlət rəsmiləri, xarici ölkə səfirləri və digər qonaqlar qatılıblar.  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Təhsil naziri Ceyhun Bayramov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə açılışda iştirak ediblər. Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Birinci vitse-prezident Mehriban Əliyevanın “IOI 2019” nümayəndələrinə ünvanladığı rəsmi məktubu tədbir iştirakçılarının diqqətinə çatdırıb.   İnformatikanın inkişafına töhfə verəcək   Təhsil naziri, “IOI 2019”un sədri Ceyhun Bayramov əvvəlcə ölkəmizdə bu cür nüfuzlu tədbirin təşkilinin əhəmiyyətini qeyd edib. Nazir “IOI 2019”a kimi qət edilən uzun yoldan, görülən işlərdən danışıb. Ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif beynəlxalq və regional yarış və tədbirlərə ev sahibliyi etdiyini xatırladıb. 2015-ci ildə 47-ci Beynəlxalq Kimya Olimpiadasının da Bakıda keçirildiyini, həmin bilik yarışında şagirdlərimizin 2 medal qazandığını vurğulayaraq, son 6 ildə şagirdlərimizin olimpiadalardan 150-dən çox medal gətirdiyini deyib. Ölkəmizin beynəlxalq elmi olimpiada uğurlarından söz açaraq əldə edilən medalların sayının artacağına ümid bəslədiyini bildirib: “İnanırıq ki, bu cür tədbirlər xüsusilə gənclər arasında dostluq, sülh və mədəniyyətlərarası dialoqun inkişafında böyük rol oynayacaq”. Təhsil naziri dünya məktəblilərinin Bakıda olduqları müddət ərzində Azərbaycan qonaqpərvərliyindən, mədəniyyətimizdən, mətbəximizdən, tariximizdən zövq alacaqlarına inam ifadə edib. Beynəlxalq olimpiadanın Azərbaycanda keçirilməsinin informatika sahəsinin inkişafına töhfə verəcəyini vurğulayan Ceyhun Bayramov çıxışının sonunda bütün iştirakçılara uğur arzulayıb. ADA Universitetinin rektoru, “IOI 2019”un fəxri sədri Hafız Paşayev hesab edir ki,  olimpiadanın təşkilində əsas məqsədlərdən biri informatika sahəsində qabiliyyətli gəncləri tanıtmaq və kompüter elmlərinin vacibliyini gənclərə çatdırmaqdır. Onun sözlərinə görə, informatika üzrə beynəlxalq olimpiada kompüter elmləri və İT sənayesinin gələcək liderlərini bir araya gətirir. IOI prezidenti Qreq Li beynəlxalq olimpiadanın açılış bəyannaməsini diqqətə çatdırıb, yarışmanın keçirilməsinin faydalarından söz açıb. Tədbirin rəsmi qlobal sponsoru “Acer” şirkətinin Rusiya, Şərqi Avropa və Türkiyə üzrə vitse-prezidenti  Qriqori Nizovski “Acer” və “IOI” əməkdaşlığından danışıb. Açılış mərasimində 88 ölkə və regiondan olan “IOI 2019” nümayəndə heyətləri təqdim olunub. 1989-cu ildən bəri keçirilən bütün Beynəlxalq İnformatika Olimpiadalarının loqolarının əks olunduğu, IOI-nun rəsmi sponsoru “ACER”in fəaliyyətinə və Bakıya həsr edilmiş videoçarxlar nümayiş olunub.   Beynəlxalq İnformatika Olimpiadası yüksək səviyyədə təşkil olunub   Qeyd edək ki, açılışı Bakı Konqres Mərkəzində gerçəkləşən 31-ci Beynəlxalq İnformatika Olimpiadasının yüksək səviyyədə təşkili üçün müasir tələblərə cavab verən məkanlar seçilib. Belə ki, əsas yarış Milli Gimnastika Arenasında baş tutub. Olimpiada çərçivəsində digər tədbirlərin keçirilməsi üçün “Boulevard Hotel” mehmanxanası seçilib. Yarış müddətində məktəblilər “Atletlər kəndi”ndə yerləşdirilib. Olimpiada iştirakçıları üçün əyləncə zonası, müxtəlif tədbirlər, maraqlı asudə proqram təşkil edilib ki, məktəblilər yarışdan kənar vaxtlarını səmərəli keçirsinlər. Məsələn, mədəni proqramın bir hissəsi kimi, Qobustan, Yanardağ, Atəşgah, Nobel qardaşlarının ev muzeyinə, Azərbaycan Milli Xalça Muzeyinə, Heydər Əliyev Mərkəzinə ekskursiyalar təşkil edilib. İştirakçılar, həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar. Qoşa Qala küçəsindən başlayan gəzinti zamanı olimpiada iştirakçıları Qala divarları və tarix-memarlıq abidələri barədə məlumatlandırılıb. Qonaqlar “Qız qalası” və digər abidələrlə yaxından tanış olublar.   Məktəblilər yarışdı   Nəhayət, həyəcanlı günlər. Həftənin iki günü, yəni avqustun 6-da və 8-də Milli Gimnastika Arenasında baş tutan yarışda  87 komanda bilik və intellekt nümayiş etdirib. 5 saat ərzində 3 sualı cavablandıran şagirdlər ümumilikdə 2 gün ərzində 10 saatda 6 tapşırıq yerinə yetiriblər. Yarışların nəticələri hələlik bəlli olmasa da, əvvəlcədən də gözlənildiyi kimi, Çin, Koreya, Rusiya, Kanada, ABŞ, İran məktəbliləri  xüsusi fəallıq göstəriblər. Yarışın yekun nəticələri bu gün - avqustun 9-da elan ediləcək. Qeyd edək ki, ölkəmizdə keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasına 88 ölkədən nümayəndə qatılsa da, 1 ölkə müşahidəçidir. Bakıda keçirilən olimpiadada Birləşmiş Ərəb Əmirliklərinin komandası yoxdur.   13-cü “IOI” konfransı   Avqustun 6-da 31-ci Beynəlxalq İnformatika Olimpiadası (IOI) çərçivəsində 13-cü “IOI” konfransı da keçirilib. 2007-ci ildən keçirilən “IOI” konfransı standart “IOI” proqramının bir hissəsidir. Tədbirdə “Olympiads in İnformatics” jurnalının baş redaktoru Valentina Dagiene konfransın gündəliyini iştirakçıların diqqətinə çatdırıb. Qonaq, həmçinin Bakıda keçirilən olimpiadanın əhəmiyyətinə toxunub. Jurnalın icraçı direktoru Mile Jovanov konfransın “Olympiads in İnformatics” jurnalı ilə əlaqəsindən danışıb. O vurğulayıb ki, jurnal Vilnüs Universitetinin Riyaziyyat və informatika fakültəsi və Beynəlxalq İnformatika Olimpiadasının təşəbbüsü ilə 2007-ci ildə təsis edilib. Olimpiada və digər müsabiqələr vasitəsilə informatika fənninin tədrisinin bütün sahələrində tədqiqatlara həsr olunan bu beynəlxalq jurnalın nəşri Beynəlxalq İnformatika Olimpiadasında keçirilən elmi konfransla sıx bağlıdır. Konfransda iştirakı nəzərdə tutulan müəlliflər məqalələrini bu jurnala təqdim edirlər. Jurnalın 2019-cu il nəşrində 50 ölkədən 200 müəllifin məqaləsi yer alıb. Konfransda Azərbaycan və xaricdən olan nümayəndə heyəti kompüterlə bağlı mənbə rolunu oynayan rəqəmsal kitabxana, TLCS layihəsi, uşaqların proqramlaşdırma marafonu, kompüter elmləri, “K-12”də hesablama təfəkkürü - Azərbaycan təcrübəsi, ikinci dərəcəli alqoritmik alətlər, proqram təminatının hazırlanması mövzularında məruzələrlə çıxış ediblər. Konfransın ikinci hissəsində müəllimlər üçün “İnformasiya və hesablama üsulları” mövzusunda seminar keçirilib.   Olimpiadanın əhəmiyyəti   Bakıda ilk dəfə keçirilən bu olimpiada mühüm hadisə kimi qiymətləndirilir. Mütəxəssislər belə hesab edirlər ki, dünyada 5 fənn üzrə (fizika, riyaziyyat, kimya, biologiya, informatika) keçirilən olimpiadalar şagirdlərin formalaşmasında mühüm əhəmiyyətə malikdir. Xüsusən, informatika sahəsində ən nüfuzlu yarışlardan biri hesab olunan Beynəlxalq İnformatika Olimpiadası hər il dünyanın müxtəlif ölkələrindən məktəblilərə bilik və bacarıqlarını sübut etmək imkanı yaradır. 31-ci Beynəlxalq İnformatika Olimpiadası və tədbirin təşkili ilə bağlı yüksək rəylər var. Təhsil üzrə ekspert Etibar Əliyev olimpiadanı belə qiymətləndirir: “Bir neçə gündür məktəblilərin 31-ci Beynəlxalq İnformatika Olimpiadasını izləyirəm. Tədbir yüksək səviyyədə təşkil olunub. Mühüm hadisədir. Qaldı məktəblilərimizn nəticələrinə, asan deyil. 2011-ci ildən bu yarışdan medalımız yoxdur. Bəli, son illər bu olimpiada daha çətin olub. Həm də bu yarışmaya kompüter yarışması kimi baxmayın. Açılış günü mütəxəssisləri danışdırdım. Bəlli oldu ki, informatika olimpiadasında əsas bacarıq kimi proqram dillərini bilmək də bəs etmir, burada güclü riyazi alqoritm qurmaq bacarığı tələb olunur. İnsanın həll edə bilmədiyi riyazi məsələləri proqramla həll etməlisən. Üstəlik də, proqram sürətli işləməli və həcmi az olmalıdır, yəni optimallıq yüksək olmalıdır. Yenə də məktəblilərimiz medal şansına çox yaxınlaşıblar. Statistikaya baxdım, ötən il Yaponiyada Abutalıb Namazov medalın ən yaxınlığında olub. Builki komandada Abutalıbın və Muradın nəticələri yüksəkdir. Şans hansınınsa, bəlkə ikisinin də üzünə gülə bilər. Yarışda bütün iştirakçıların yarısı medal alır. Çünki onlar seçilmiş, ələnərək gəlmiş dünya birinciləridir. Orada iştirak özü böyük uğurdur”.   Bir beynəlxalq tədbir daha...   Beləliklə, Bakı növbəti beynəlxalq tədbiri uğurla yekunlaşdırır. Dünyanın 88 ölkəsindən olan iştirakçıların qatıldığı yarışın bağlanış mərasimi Heydər Əliyev Mərkəzində baş tutacaq.   "Azərbaycan müəllimi" qəzeti  

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi davam edir

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi davam edir. Avqustun 7-dən başlayan mərhələ 14 avqust saat 13:00-dək davam edəcək. Bu müddət ərzində namizədlər elektron ərizələrində müvafiq bölməyə daxil olub, imtahan fənninə uyğun 8 vakant yer seçərək sonda ərizələrini təsdiq etməlidirlər.  Vakant yerləri builki və ötənilki müəllimlərin işə qəbulu imtahanlarında müvafiq keçid balı toplamış, həmçinin 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş və 3 ildən az olmayan müddətdə işdən ayrılmış, diaqnostik qiymətləndirilmədə iştirak etmiş namizədlər seçə bilərlər.  2019-2020-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu imtahanlarında iştirak etmiş namizədlərə builki və ya ötənilki işə qəbul imtahan nəticəsini seçərək bu mərhələdə iştirak hüququ verilir. Müsabiqəyə 7 mindən artıq vakant yer çıxarılıb.

28/04/2025

Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin fizika və kimya fənləri üzrə final turu keçirilib.

Ətraflı
28/04/2025

Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və “STEAM Azərbaycan” layihəsinin birgə təşkilatçılığı ilə 25-27 aprel tarixlərində məktəbli könüllülərin yaz düşərgəsi təşkil edilib. “Məktəbli könüllü” proqramı çərçivəsində baş tutan düşərgədə Bakı, Sumqayıt və Xırdalanda yerləşən ümumi təhsil müəssisələrinin 8-11-ci siniflərində təhsil alan 25 məktəbli iştirak edib. Onlar 500-ə yaxın müraciətçi arasından müsahibə yolu ilə seçilib. Düşərgənin məqsədi məktəblilərin şəxsi inkişafı, liderlik və komanda işi bacarıqlarının artırılması, eləcə də sosial fəallığın təşviq edilməsi olub. Üç gün ərzində iştirakçılar üçün innovativ düşüncə, sahibkarlıq, şəxsi inkişaf və karyera planlaması mövzularında təlim və sessiyalar keçirilib. Bundan əlavə, intellektual yarış, interaktiv sessiya və simulasiya formatlı fəaliyyətlər təşkil olunub. Bir Könüllü STEAM Azerbaijan #ElmVəTəhsilNazirliyi #BirKönüllü #STEAM #MəktəbliKönüllü

Ətraflı
28/04/2025

1 may saat 11:00-dan etibarən 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.

Ətraflı