• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Xüsusi siniflərin fəaliyyət göstərdiyi məktəbə mediatur

Oktyabrın 29-da istedadlı uşaqlar üçün xüsusi siniflərin fəaliyyət göstərdiyi Bakı şəhəri 220 nömrəli məktəb-liseyə mediatur təşkil edilib. Mediaturun məqsədi ümumi təhsil müəssisəsində təşkil edilən xüsusi siniflərlə tanışlıq, bu siniflərdə tədris prosesi ilə bağlı media nümayəndələrini məlumatlandırmaq olub. Bildirilib ki, ötən tədris ilində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərləri,  Ağdaş, Bərdə, Xaçmaz, Quba, Şəki, Şəmkir, Zaqatala, Kürdəmir, Ağcabədi, İsmayıllı, Qəbələ və Sabirabad rayonlarında ümumilikdə 47 ümumtəhsil məktəbində VII və VIII siniflər üzrə istedadlı şagirdlər üçün 60 xüsusi sinif təşkil edilib. 7-ci siniflər üzrə riyaziyyat-informatika təmayüllü, 8-ci siniflər üzrə təbiət elmləri təmayüllü siniflər yaradılıb. 2019-2020-ci tədris ilində isə xüsusi istedadlı uşaqlar üçün siniflərin şəbəkəsi genişləndirilib, 47 rayonda 83 məktəb üzrə 102 xüsusi sinif yaradılıb. Respublika üzrə hazırda ümumilikdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri ilə yanaşı 47 rayon, 117 məktəbdə 162 xüsusi sinif fəaliyyət göstərir.  Ümumilikdə 4000-ə yaxın şagird sözügedən siniflərdə təhsillərini davam etdirir. Daha sonra media nümayəndələri 220 nömrəli məktəb-liseydə fəaliyyət göstərən riyaziyyat-informatika təmayüllü xüsusi siniflərdə tədris prosesi ilə tanış olub, müəllim və şagirdlərlə söhbət aparıblar. Jurnalistlərin nəzərinə çatdırılıb ki, bu siniflərin komplektləşdirilməsində əsas meyar kimi ötən tədris ilinin fənn müsabiqələrinin nəticələri götürülüb. Fənn müsabiqəsində yüksək nəticə göstərən şagirdlər xüsusi siniflərə cəlb ediliblər. Bununla yanaşı, sinif komplektləşdirilməsində həmin şagirdlərin sayı kifayət etmədikdə, yerlərdə əlavə imtahan keçirilib və həmin imtahan nəticəsi əsasında əlavə şagirdlər də bu siniflərə cəlb ediliblər. Qeyd edək ki, xüsusi siniflərin təşkil olunmasında məqsəd istedadı ilə seçilən şagirdlərin elmi potensiallarını inkişaf etdirmək, onların müvafiq istiqamətlər üzrə daha keyfiyyətli hazırlaşmasını təmin etməkdir. Müvafiq siniflər üzrə il ərzində bir neçə dəfə səviyyə müəyyənləşdirmə imtahanı, müəllimlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi istiqamətində seminar və mühazirələr təşkil edilir. Xüsusi siniflərdə dərs deyən müəllimlər rayon (şəhər) üzrə müvafiq fəndən diaqnostik balı yüksək olanlar arasından seçiliblər. Xüsusi siniflərin tədris planı və tədris proqramı digər siniflərdən fərqlidir. Sonda mediatur iştirakçılarını maraqlandıran digər suallar cavablandırılıb.

“Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri dünya çempionatında uğur qazanıblar

23-27 oktyabr 2019-cu il tarixində Çilinin paytaxtı Santyaqo şəhərində karate idman növü üzrə XI dünya çempionatı keçirilib. Yarışmaya 50-dən artıq ölkədən 1 557 idmançı qatılıb. Azərbaycanı yarışmada təmsil edən “Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri uğurla iştirak ediblər. Belə ki, yığma komandanın üzvləri Hüseyn Məmmədli milli komandanın heyətində 61 kq çəki dərəcəsində gümüş, Hüseyn Hüseynzadə isə 76 kq çəki dərəcəsində bürünc medal qazanıb.

Fibonacci intellektual yarışının 2-ci mövsümünə start verilib

Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” III qrant müsabiqəsi çərçivəsində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş məktəblilərarası Fibonacci intellektual yarışının 2-ci mövsümünün açılış mərasimi keçirilib. Bakı şəhəri  6 nömrəli məktəb-liseyin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edən nazirliyin Təhsildə innovasiyalar sektorunun müdiri Orxan Abbasov layihənin başlıca məqsədinin akademik savadla yanaşı məktəb-şagird, şagird-müəllim və məktəblilərarası əlaqələrin möhkəmləndirilməsindən ibarət olduğunu diqqətə çatdırıb. Orxan Abbasov bildirib ki, şagirdlərə müstəqil düşünmək, sərbəst fikir söyləmək, öz təcrübə və biliyini təhlil etmək, özünüqiymətləndirmə, əməkdaşlıq etmək, başqalarını dinləmək və müxtəlif fikirlərə hörmət etmək bacarıqlarını aşılamaq, onlarda kreativ təfəkkürü inkişaf etdirmək də layihənin məqsədləri sırasındadır. Bakı şəhəri 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova da öz növbəsində şagirdlərin məntiqi təfəkkürünün inkişafında bilik yarışlarının əhəmiyyətini diqqətə çatdırıb. Layihə barədə məlumat verən Gülşən Orucova qeyd edib ki, Fibonacci intellektual oyunlarına Bakı şəhəri üzrə 40 məktəb cəlb olunub. 8 adi, 2 yarımfinal və 1 final oyununun keçirilməsi nəzərdə tutulub. Bildirilib ki, məktəblərin cari akademik fəaliyyətini nəzərə alaraq oyunların ayda iki dəfə, şənbə günləri keçirilməsi planlaşdırılıb. Şagirdlərin motivasiyasının təmin edilməsi məqsədilə onların yaş və maraq dairələrinin tələblərinə uyğun hər bir mərhələ oyununda və finalda qalib gələn komandalara xüsusi hədiyyələr təqdim ediləcək. Rəsmi açılış mərasimindən sonra yarışın ilk oyununa start verilib. Oyunun nəticələrinə görə, birinci turda Heydər Əliyev adına Müasir Təhsil Kompleksi I, Bakı şəhəri 36 nömrəli tam orta məktəb II, Bakı şəhəri 313 nömrəli tam orta məktəb isə III yerə layiq görülüblər. İkinci turda isə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi  I, Təhsil Nazirliyinin tabeliyindəki  İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi II, Bakı şəhəri 257 nömrəli tam orta məktəb isə III yeri tutub. Sonda qalib komandalara xüsusi hədiyyələr təqdim edilib.

“Məktəbimizdə” – fotorubrika

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər respublikamızın ən qocaman təhsil müəssisələrindən biri olan Şəki şəhəri 5 nömrəli tam orta məktəbdən çəkilib.Təhsil müəssisəsi 30 dekabr 1831-ci il tarixində Şəkidə (Nuxada) rus-tatar qəza məktəbi kimi fəaliyyətə başlayıb. Bu il tam orta məktəbin 188 yaşı tamam olur. Sözügedən məktəbdə təhsil alan, Azərbaycan mədəniyyəti, ədəbiyyatı və maarifinin inkişafında mühüm xidməti olanların sırasında Mirzə Fətəli Axundov, Rəşid Bəy Əfəndiyev, Salman Mümtaz, Heydər Əfəndiyev, Cəlil Hüseynov, Sabit Rəhman, Əbdüləzəl Dəmirçizadə, Əlövsət Sadıqov və Şirməmməd Hüseynovun adını qeyd etmək olar.  Məktəb 1981-ci ildə 150 illiyi münasibətilə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanına layiq görülüb. 2011-2012-ci tədris ilində məktəb üçün 320 şagird yerlik yeni tədris binası tikilib, digər korpusu isə əsaslı təmir edilib. 2015-2019-cu illərdə məktəbin şagirdləri respublika fənn olimpiadalarında 7 medal qazanıblar. Son 5 ildə məktəbi bitirən məzunların 70-80 faizi  ali məktəbə qəbul imtahanlarında uğurlu nəticə göstərib. 2018-2019-ci tədris ili üzrə məktəbin XI sinfini bitirən 59 nəfərdən 6-sı fərqlənmə attestatına, 1-i gümüş, 1-i isə qızıl medala layiq görülüb. Məzunlardan 49 nəfər tələbə adını qazanıb. Onlardan 10-u 500-dən, 5-i isə 600-dən yuxarı bal toplayıb. Hazırda məktəbdə 869 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 63 müəllim məşğul olur. Təhsil müəssisəsində fəaliyyət göstərən 3 qrupda 70 uşaq məktəbəhazırlığa cəlb edilib. "Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına qeydiyyat davam edir

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına üzv olmaq üçün qeydiyyat prosesi davam edir. Assosiasiyaya üzv olmaq istəyən müəllimlər  http://qeydiyyat.agma.az linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası 28 noyabr 2018-ci il tarixində baş tutan Azərbaycan müəllimlərinin XV qurultayında bir gənc müəllimin təşəbbüsü ilə yaradılıb. Hazırda Assosiasiya ölkəmizin 17 bölgəsindən olan müəllimləri əhatə edir. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının əsas məqsədi istedadlı gənc müəllimləri aşkara çıxarmaq, onların gələcək inkişafı üçün əlverişli şərait yaratmaq, daha məhsuldar və səmərəli işləməyə həvəsləndirməkdir.

“Sağlam mühit – sağlam gələcək” layihəsi çərçivəsində təlimlər 

Təhsil Nazirliyinin təşkilatçılığı və UNİCEF-in maliyyə dəstəyi ilə “Sağlam mühit – sağlam gələcək” layihəsi çərçivəsində təlimlərə start verilib. İnsan sağlamlığına birbaşa təsir göstərən amillər – iqlim dəyişiklikləri, ekosistem xidmətləri, su-sanitariya-gigiyena mövzularına həsr edilən təlimlərdə “Sağlam təhsil – sağlam millət” layihəsinə cəlb olunmuş 200-dək ibtidai sinif müəlliminin iştirakı gözlənilir.  Təlimlər bir ay ərzində davam etdiriləcək.   Təlim çərçivəsində layihəyə cəlb olunmuş ekologiya sahəsi üzrə müstəqil ekspertlər və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekologiya sahəsi üzrə ixtisaslaşmış əməkdaşları tərəfindən monitorinq və intellektual oyunlar həyata keçiriləcək. Həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin təmin olunması məqsədilə növbəti mərhələlərdə elektron tədris resursu kimi istifadə olunacaq üç seriyalı maarifləndirici animasiya filmlərinin hazırlanması, təlimlərdən keçmiş müəllimlər tərəfindən “Həyat bilgisi” fənni üzrə Bakı şəhərində yerləşən 37 məktəbdə açıq dərslərin, “Sağlam təhsil” sinif şagirdləri arasında “Kim? Harada? Necə?” formatında intellektual oyun və valideynlər üçün maarifləndirici seminarların təşkili nəzərdə tutulub. Qeyd edək ki, cari il iyunun 15-dən başladılan “Sağlam mühit – sağlam gələcək” layihəsi  15 dekabr 2020-ci il tarixinədək davam etdiriləcək. Layihənin məqsədi pedaqoji heyət və şagirdlərin dayanıqlı inkişaf məqsədləri üzrə məlumatlılığının artırılması, onlarda ekoloji düşüncə tərzinin formalaşdırılmasıdır.

Azərbaycan Təhsil Şəbəkəsinin təhsil sahəsində əhəmiyyəti müzakirə olunub

“İnnovasiyalar həftəsi - 2019” çərçivəsində uşaqların internetdə təhlükəsizliyi mövzusunda mətbuat konfransı keçirilib. Mətbuat konfransında Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin (TSİİ), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, həmçinin “Kaspersky” şirkətinin nümayəndələrinin sahə üzrə məruzə və təqdimatları dinlənilib. Konfransda çıxış edən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşı Səbinə Hacızadə ölkəmizdə təhsil sahəsində ən böyük daxili şəbəkə olan Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) barədə məlumat verib, şəbəkə çərçivəsində təhsil müəssisələrinə təqdim edilən təhlükəsiz və faydalı internet imkanları barədə danışıb.  Qeyd edilib ki, ATŞ təhsil sisteminin İKT təchizatının yaxşılaşdırılması ilə yanaşı, bir sıra mühüm sosial əhəmiyyətli funksiyaların icrasını da öz üzərinə götürüb. ATŞ çərçivəsində təhsil müəssisələrinə təqdim edilən internet avtomatik rejimdə bütün növ zərərli və tədris prosesinə aid olmayan məzmunlardan təmizlənərək təhsilalanların ixtiyarına verilir, nəticədə şagirdlər təhsil müəssisəsində onlayn mühitin arzuolunmaz təsirlərindən mühafizə olunurlar. Mətbuat konfransında media nümayəndələrini mövzu ilə bağlı maraqlandıran digər suallar da cavablandırılıb. Qeyd edək ki, “İnnovasiyalar həftəsi - 2019” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilir.

Məktəbdənkənar təhsil müəssisələrinin əməkdaşları üçün seminar keçirilib

Məktəbdənkənar təhsil müəssisələrində əmək münasibətlərinin tənzimlənməsi və maliyyə məsələlərinə həsr olunmuş seminar təşkil edilib. 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil olunan seminarda Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər. İki gün davam edən seminarda məktəbdənkənar təhsil müəssisələrində mövcud qanunvericiliyin yerinə yetirilməsi, müəssisələrə işə qəbul, kadrların yerdəyişməsi, əmək müqaviləsinin bağlanması və xitam verilməsi, işçilərin ezamiyyə və məzuniyyət, əmək haqlarının ödənilməsi qaydaları və digər mövzularda mütəxəssislər tərəfindən çıxışlar edilib, müzakirələr aparılıb. Seminarda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Nazir müavini Firudin Qurbanov İmişlidə gənc müəllimlərlə görüşüb

Oktyabrın 25-də Təhsil nazirinin müavini Firudin Qurbanov İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində gənc müəllimlərlə görüşüb. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə baş tutan görüşdə İmişli və Ağcabədidə fəaliyyət göstərən 40-a yaxın gənc müəllim iştirak edib. Görüş zamanı Təhsil nazirinin müavini Firudin Qurbanov son illərdə ölkəmizdə gedən iqtisadi inkişaf prosesindən danışıb və təhsil sahəsində həyata keçirilən islahatların bu İnkişafın nəticəsi olduğunu deyib. Müəllimlik peşəsinə marağın ildən-ilə artdığına diqqət çəkən nazir müavini bu peşənin əhəmiyyətini vurğulayıb və  bildirib ki, müəllimdən yüksək peşəkarlıq, yüksək mədəniyyət, öyrətmək, eyni zamanda öyrənmək həvəsi və bacarığı, şagirdlərə hörmətlə yanaşmaq və onları sevmək tələb olunur. Firudin Qurbanov əlavə edib ki, müəllim şagirdinə qarşı həssas yanaşmalıdır. Nazir müavini müəllimlərin daim bilik və bacarıqlarının artırılması, onların təhsildə baş verən yeniliklərdən məlumatlı olması, fəal müəllimlər şəbəkəsinin formalaşması istiqamətində Assosiasiyanın yaradılmasının əhəmiyyətini də vurğulayıb. Daha sonra görüşdə iştirak edən müəllimlər öz fikir və təkliflərini bölüşüblər. Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib.

Nazir müavini İmişlidə vətəndaşları qəbul edib

Oktyabrın 25-də Təhsil nazirinin müavini Firudin Qurbanov İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində İmişli və Beyləqan rayon sakinlərini qəbul edib. Qəbuldan əvvəl Təhsil nazirinin müavini Firudin Qurbanov və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Qəbulda İmişli və Beyləqan rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir müavini vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.

10/06/2025

İyunun 10-da “Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçirilib. IX və X sinif şagirdlərinin iştirak etdikləri olimpiadanın finalında 36 şagird bilik və bacarığını sınayıb. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22141-1

Ətraflı
10/06/2025

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Azərbaycan elminin vəziyyəti barədə Asan Radioya müsahibə verib.

Ətraflı
07/06/2025

“Məktəblilərarası Milli Hakaton”un olimpiada mərhələsi Salyanda #ElmVəTəhsilNazirliyi #RəqəmsalBacarıqlar #MilliHakaton2025 #Hakaton #KodlaGələcəyiniQur #RəqəmsalGələcək #MilliHakaton

Ətraflı