Smart tələbə kartının təqdimat mərasimi
Noyabrın 1-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Smart tələbə kartının təqdimat mərasimi keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov, “Mastercard”ın Türkiyə üzrə vitse-prezidenti və Azərbaycan üzrə ölkə müdiri Erdem Çakar, Azərbaycan Banklar Assosasiyasının prezidenti Zakir Nuriyev, "Kapital Bank"ın baş korporativ satış inzibatçısı Fərid Hidayətzadə, ali təhsil müəssisələrinin rəhbərləri, müəllim-tələbə heyəti və digər qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, smart tələbə kartlarının hazırlanması ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində həyata keçirilir. Nazir müavini qeyd edib ki, artıq ali təhsil müəssisələrində mövcud olan tələbə biletinin yeni vahid standartının təsdiq edilməsi, onun əsasında müasir ödəniş funksionallı kartların hazırlanaraq tələbələrə təqdim olunması istiqamətində işlər aparılır. Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev də bu layihənin ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafına mühüm dəstək olacağını qeyd edib. O vurğulayıb ki, tələbələrin bu layihəyə cəlbi bütövlükdə təhsillə bank sistemi arasında sıx əməkdaşlığa yeni imkanlar yaradacaq. UNEC-in rektoru Ədalət Muradov dünyanın aparıcı universitetlərinin tətbiq etdiyi Smart tələbə kartına Azərbaycanda ilk dəfə UNEC tələbələrinin sahib olduqlarını vurğulayıb. Ədalət Muradov UNEC-də son 5 ildə uğurla tətbiq olunan elektron universitet modelinin üstünlüklərindən söz açıb, Smart tələbə kartının həmin model çərçivəsində həyata keçirildiyini qeyd edib. Tədbirdə çıxış edən “Mastercard”ın Azərbaycan üzrə ölkə müdiri Erdem Çakar da öz növbəsində bu kartın tələbələrə verəcəyi üstünlüklərdən danışıb. "Kapital Bank"ın baş korporativ satış inzibatçısı Fərid Hidayətzadə isə smart tələbə kartlarının funksionallığı və ödəniş imkanları haqqında məlumat verib. Sonda smart tələbə kartı barədə təqdimat nümayiş etdirilib və universitetin birinci kursunda təhsil alan, Prezident təqaüdünə layiq görülmüş 20 tələbəyə kartlar təqdim olunub. Tədbirdə bildirilib ki, smart tələbə kartı vasitəsilə tələbələr təqaüdlərini alacaq, eyni zamanda ölkə daxilində və xaricdə həmin kartlarla ödənişlər həyata keçirə biləcəklər. Həmçinin regionlarda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcəklər. Tələbələr smart kartdan universitet, kitabxana və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadəsinin nəzərdə tutulduğu vurğulanıb. Qeyd edək ki, layihə Təhsil Nazirliyi, Mərkəzi Bank, UNEC, “Mastercard” və "Kapital Bank"ın dəstəyi ilə həyata keçirilir.
01/11/2019 14:36
Vətəndaşlarla iş bölməsinə 21 528 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin oktyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 21 528 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 18 572 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2 956 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 855 sənəd (632 ərizə, 1223 məktub) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox şagirdlərin yerdəyişməsi, müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının bölgüsü və digər məsələləri əhatə edib.
01/11/2019 10:16
“Bizim müəllim”
“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Qobustan şəhəri 1 nömrəli tam orta məktəbin tarix müəllimi Vüsalə Hüseynovaya həsr olunub. O, 2016-cı ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edərək 55 bal toplayıb. 2000-ci ildən pedaqoji fəaliyyətə başlayan Vüsalə Hüseynova qısa müddət ərzində tarix fənnini şagirdlərinə sevdirməyi bacarıb. Təhsil sahəsində qazandığı nailiyyətlərə görə Qobustan Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin fəxri fərmanları ilə təltif edilib. Tarix müəllimi deyir ki, şagirdlərin Azərbaycan tarixini daha yaxşı öyrənməsinə və onların əsl vətəndaş kimi yetişmələrinə çalışır. “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.
01/11/2019 09:49
“Your English Voice” adlı ingilis dili müsabiqəsinin açılış mərasimi keçirilib
Oktyabrın 31-də Təhsil Nazirliyinin SABAH qrupları layihəsi və “British Council”ın təşkilatçılığı ilə tələbələr üçün keçiriləcək “Your English Voice” adlı ingilis dili müsabiqəsinin rəsmi açılış mərasimi baş tutub. Açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin başçısı Samr Şah, dövlət ali təhsil müəssisələrinin rektorları, dekanlar, eləcə də tələbələr iştirak ediblər. Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov əvvəlcə ölkədə həyata keçirilən təhsil islahatlarının gənclərə yüksək keyfiyyətli təhsil almaq imkanı yaratdığını diqqətə çatdırıb. Təhsil naziri bildirib ki, hazırda yerli ali təhsil müəssisələrinin xarici universitetlərlə birgə həyata keçirdiyi mübadilə proqramları tələbələrin dil biliklərinin daha da yaxşılaşmasına imkan yaradır. SABAH qrupları ilə bağlı ətraflı məlumat verən Ceyhun Bayramov ali təhsilin keyfiyyətinin yüksəldilməsində layihənin xüsusi rolunu vurğulayıb və qeyd edib ki, layihə hazırda 2400-dən çox tələbəni əhatə edir. Təhsil naziri müsabiqənin əhəmiyyətinə toxunaraq bu gün tələbənin sadəcə universitet daxilində biliyə yiyələnməklə kifayətlənməli olmadığını, həmçinin ictimai həyatda fəallıq göstərməli olduğunu qeyd edib. Nazir çıxışının sonunda müsabiqənin iki ölkənin təhsil müəssisələri arasında səmərəli əməkdaşlıqların qurulmasına və mövcud əməkdaşlıqların möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə inamını ifadə edib. Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson da öz növbəsində ingilis dilinin öyrənilməsində “British Council” təşkilatının fəaliyyətini yüksək qiymətləndirib. Baronessa Emma Nikolsonun sözlərinə görə, müsabiqə ölkələr arasındakı əməkdaşlığa töhfə verəcək. I yerin 2 qalibinə “British Council” tərəfindən Böyük Britaniyanın aparıcı yay məktəblərindən birində 2 həftəlik ingilis dili kursu imkanı yaradılacaq. II və III yerin qalibləri isə müxtəlif hədiyyələrlə təltif olunacaqlar. “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Sarm Şah da deyib ki, ilk dəfə keçirilən müsabiqədə ali təhsil müəssisələrinin II və III kurs tələbələri iştirak edə bilərlər. “Your English Voice” müsabiqəsinin təşkil olunmasının əsas məqsədi tələbələr arasında sağlam rəqabət mühitinin yaradılması yolu ilə ingilis dilinin öyrənilməsinə, eləcə də müxtəlif tipli bilik yarışlarına olan marağının artırılmasıdır.
31/10/2019 18:09
Birinci vitse-prezident Mehriban Əliyeva Pirşağıdakı 10 saylı internat məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 10 saylı sanatoriya tipli internat məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Birinci vitse-prezident Mehriban Əliyeva internat məktəbinin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostendə baxdı. Təhsil naziri Ceyhun Bayramov Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verdi ki, 10 saylı sanatoriya tipli internat məktəbi 1961-ci ildən fəaliyyət göstərir. Binada sonuncu dəfə əsaslı təmir işləri 2005-ci ildə aparılıb. Mövcud vəziyyət nəzərə alınaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə binada 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir və tikinti işlərinə başlanılıb. Sanatoriya tipli internat məktəbi tədris, yataqxana və istirahət-dərs hazırlığı korpuslarından ibarətdir. Tədris korpusunda müasir avadanlıqla təchiz edilmiş fizika, kimya, biologiya laboratoriyaları, 2 informatika otağı, 2 texnologiya otağı və sinif otaqları fəaliyyət göstərir. Yeni tikilmiş 320 nəfərlik akt zalı, idman zalı və 320 yerlik yeməkxana korpusu da müvafiq avadanlıqla təchiz olunub. Qeyd edildi ki, hazırda internat məktəbində Azərbaycan və rus bölmələrində iki növbədə 746 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 97 pedaqoji heyət məşğul olur. Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili işinə dövlət tərəfindən böyük diqqət göstərilir. Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlara Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da olduqca böyük töhfələr verir. Fondun təşəbbüsü ilə bu təhsil müəssisəsinin əsaslı şəkildə yenidən qurulması bunu bir daha göstərir.
31/10/2019 16:22
Masazırda ingilisdilli Resurs və Təlim Mərkəzinin açılış mərasimi keçirilib
Oktyabrın 31-də “British Council” təşkilatının və Təhsil Nazirliyinin dəstəyi ilə Abşeron rayonu, Masazır qəsəbəsindəki Zəngilan 33 nömrəli tam orta məktəbin nəzdində təsis edilən ingilisdilli ilk Resurs və Təlim Mərkəzinin açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Böyük Britaniya Baş Nazirinin Ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin başçısı Samr Şah, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və digər şəxslər iştirak ediblər. Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, bu, Azərbaycanda hazırda mövcud olan 13 İngilis Dili Mərkəzindən ibarət şəbəkəyə əlavə edilməsi planlaşdırılan 5 yeni Resurs və Təlim mərkəzindən birincisidir. İngilis dilində danışıq bacarığını inkişaf etdirmək məqsədilə yaradılan Mərkəzin əhəmiyyətini qeyd edən nazir müavini deyib ki, bu mərkəzlər müasir texnologiyalardan istifadə edərək bu dili öyrənməyə imkan verir. Azərbaycanda ingilis dili müəllimlərinin peşəkarlığını da xüsusi qiymətləndirən Məhəbbət Vəliyeva məktəblilərə ingilis dilini öyrənmələri üçün yaradılan imkanlardan düzgün faydalanmağı tövsiyə edib. Məhəbbət Vəliyeva çıxışının sonunda gənclərə yaradılan bu şəraitə görə Britaniya Şurasına təşəkkür edib. Daha sonra çıxış edən Böyük Britaniya Baş Nazirinin Ticarət elçisi Baronessa Emma Nikolson ingilis dilinin dünyadakı mövqeyindən, bu dildə danışmağı bacarmağın əhəmiyyətindən danışıb. İngilis dilinin yeniliklərin dili olduğunu vurğulayan Baronessa Emma Nikolson Mərkəzdə hər kəsin ingilis dilini əylənərək öyrənəcəyinə və bu dildə danışmaqdan zövq alacağına ümid etdiyini deyib. "British Council"ın Azərbaycanda ölkə üzrə direktoru Samr Şah da öz növbəsində proqram barədə ətraflı məlumat verib və əlavə edib ki, Mərkəz məktəblilərə ingilis dili üzrə danışıq qabiliyyətini inkişaf etdirmək üçün təlimdə iştirak etmək, habelə XXI əsrin rəqabətli təlim və karyera yolunda zəruri olan liderlik və ünsiyyət bacarıqlarını təkmilləşdirmək imkanı verəcək. Samr Şah bildirib ki, əlavə olaraq Zaqatala, Tərtər, Beyləqan və Bərdədə yerləşən məcburi köçkünlərin təhsil aldığı məktəblərdə də belə Resurs və Təlim Mərkəzlərinin yaradılması planlaşdırılır. Açılış mərasimində qeyd edilib ki, “Resurs və Təlim Mərkəzləri" proqramı gənclərin gələcəkdə təhsil və karyera yolunda daha yaxşı imkanlara sahib olması məqsədilə bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş üç illik proqramdır.
31/10/2019 15:47
Fiziki tərbiyə müəllimləri üçün TOPs təlimləri
“TOPs - təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində Sumqayıt şəhərinin ümumtəhsil məktəblərində təlimlər keçirilib. Təlimlərə Sumqayıtda fəaliyyət göstərən 43 ümumtəhsil müəssisəsindən 170 nəfər fiziki tərbiyə müəllimi cəlb olunub. Ayrı-ayrı qruplarda TOPs metodologiyası üzrə təşkil olunan praktiki təlimlər zamanı fiziki tərbiyə fənninin məzmunu ilə bağlı müzakirələr aparılıb, müasir təlim üsulları vasitəsilə dərslərin tədrisinin yüksəldilməsi üçün praktiki məşğələlər keçirilib, dərslərin effektli tədris edilməsi üçün TOPs Oyun–metodiki tədris kartlarından istifadə qaydaları müəllimlərə izah edilb. Təlimlər başa çatdıqdan sonra TOPs proqramı üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən müəllimlərin təlimöncəsi və təlimsonrası qiymətləndirilməsinin nəticəsi müqayisə edilib. Qeyd edək ki, TOPs layihəsi Təhsil Nazirliyi, “British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə keçirilir. Layihə ümumtəhsil məktəblərində təhsilalanların hərəki bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, onların fiziki sağlamlığının inkişaf etdirilməsi, fiziki tərbiyə və ibtidai sinif müəllimlərinin TOPs metodologiyası vasitəsilə bilik və bacarıqlarının, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilir. Metodika fiziki tərbiyədə inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.
31/10/2019 14:32
“Karyera imkanlarının artırılması” mövzusunda beynəlxalq konfrans
Oktyabrın 31-də “British Council” təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən “Karyera imkanlarının artırılması” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin başçısı Samr Şah, ali təhsil müəssisələrinin, karyera və biznes qurumlarının təmsilçiləri, tələbələr iştirak ediblər. Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov əvvəlcə Dünya İqtisadi Forumunun Rəqabətlilik İndeksi üzrə Azərbaycanın göstəricilərinin yüksəldiyini diqqətə çatdırıb. Təhsil naziri "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq ölkəmizdə insan kapitalının formalaşması, yüksəkixtisaslı mütəxəssis hazırlığı, ali məktəb məzunlarının iş və karyera inkişafı sahəsində görülmüş işlərdən danışıb. Ceyhun Bayramov bildirib ki, müasir dövrdə rəqabətə davamlı, hərtərəfli mütəxəssis hazırlığına nail olmaq üçün Azərbaycan hökuməti biliyə əsaslanan iqtisadiyyatın inkişafına mühüm önəm verir. Nazirin sözlərinə görə, Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasına nail olmaq üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 3500-dən artıq gənc dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alıblar. Təhsil naziri çıxışının sonunda Azərbaycan və Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığa toxunaraq ölkəmizin təhsil sisteminə verdiyi töhfələrə görə Britaniya Şurasına minnətdarlığını bildirib. Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson da öz növbəsində bildirib ki, keyfiyyətli ali təhsil yerli və qlobal əmək bazarında gənclərin imkanlarını genişləndirir. Baronessa Emma Nikolson təhsil sahəsində Azərbaycan və Böyük Britaniyanın əməkdaşlığının vacibliyini qeyd edib və ölkəsinin gələcəkdə də bu istiqamətdə təşəbbüsləri dəstəkləyəcəyini vurğulayıb. “British Council” təşkilatının “Məşğulluq üçün ali təhsil” proqramının əhəmiyyətinə toxunan Baronessa Emma Nikolsonun sözlərinə görə, proqramın əsas məqsədi ali təhsil müəssisələrinin məzunlarının işə düzəlmə bacarıqlarını inkişaf etdirmək, onların yerli və qlobal səviyyədə daha rəqabətə davamlı etməkdir. Daha sonra çıxış edən “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin başçısı Samr Şah da bildirib ki, bu forum yeni ali təhsil proqramının ölkədəki mövcud ali təhsil mühitində əlverişli mövqe qazanmasına kömək edəcək. Samr Şah bu proqram çərçivəsində tədqiqatçıların təcrübə mübadiləsinin baş tutacağını deyib. Samr Şah əlavə edib ki, konfrans məzunların məşğulluğunu artırmaq, yerli və qlobal iş dünyasında rəqabətliliyini təmin etmək və nəticələri izləmək üçün davamlı olaraq məlumat toplamaq mexanizmini yaratmaq və ali təhsil müəssisələrinin qabiliyyətini inkişaf etdirmək yollarını öyrənmək məqsədi daşıyır. Konfransda iki dövlətin ali təhsil müəssisələri və biznes təşkilatları arasında strateji əməkdaşlıq və təcrübə mübadiləsi imkanları müzakirə olunub. Həmçinin Azərbaycanda “British Council” təşkilatının “Məşğulluq üçün ali təhsil” proqramına start verilib, onun üstünlüklərindən söz açılıb. Bildirilib ki, “British Council” müvafiq proqramın köməyilə uzunmüddətli tərəfdaşlıq qurmaq, real dəyişikliklərə nail olmaq, insanların bilik və bacarıqlarının artmasına, qlobal bazara çıxmaq potensiallarının inkişaf etməsinə kömək etmək istəyir. Daha sonra tədbir məşğulluq, mütəxəssis hazırlığı, karyera imkanlarına həsr olunmuş təqdimatlarla davam etdirilib.
31/10/2019 13:04
“Fövqəladə hallar uşaqların gözü ilə”
Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə razılaşmasına əsasən, “Fövqəladə hallar uşaqların gözü ilə” IX respublika uşaq yaradıcılıq müsabiqəsi keçiriləcək. Müsabiqə ümumtəhsil məktəbləri, lisey və gimnaziyalar, internat məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin I-XI sinif şagirdləri arasında rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyaları üzrə təşkil olunacaq. Müsabiqəyə təqdim olunan işlər münsiflər heyəti tərəfindən seçilərək qaliblər haqqında məlumatlar noyabrın 15-dək Fövqəladə Hallar Nazirliyinə göndərilməlidir. Qaliblər qiymətli hədiyyə və diplomlarla mükafatlandırılacaqlar. Qeyd edək ki, “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq dekorativ, yaradıcı, texniki və intellektual yaradıcılıq müsabiqəsi ümumtəhsil məktəblərinin şagirdləri arasında fərdi-komanda birincilik yarışıdır. Müsabiqə uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması, onlara dəstək göstərmək, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsi, uşaq və gənclər arasında fövqəladə hal problemlərinə ictimaiyyətin diqqətini yönəltmək məqsədilə təşkil edilir.
31/10/2019 09:57
“Rəqəmsal bacarıqlar” layihəsinin əhatəsi genişləndirilir
Cari tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 6 şəhər və rayonu, 123 məktəbi, 700 müəllimi və 70 000 şagirdi əhatə edir. Təhsil Nazirliyinin beynəlxalq “Alqoritmika” şirkəti ilə birlikdə həyata keçirdiyi bu layihəyə 2017-2018-ci tədris ilində 1 şəhər, 45 məktəb, 200 müəllim, 6500 şagird, 2018-2019-cu tədris ilində isə 2 şəhər və rayon, 73 məktəb, 270 müəllim, 26 000 şagird cəlb olunub. Qeyd edək ki, layihə Bakı, Sumqayıt, Mingəçevir, Şamaxı, Gəncə və Biləsuvarda həyata keçirilir. Layihənin məqsədi şagirdlərdə alqoritmik düşüncə və məntiqin, layihə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsidir. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır.
30/10/2019 14:05
Filter
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
04.06.2025 - 10:17 -
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00
Elm və təhsil naziri Emin Əmrullayev Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransı çərçivəsində Elm, Texnologiya və İnnovasiya üzrə 2-ci “Bir kəmər, Bir yol” Nazirlər iclasında çıxış edib. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22147-1
ƏtraflıElm, zəka və inkişafın ünvanı – Qarabağ Universiteti. Qarabağ Universiteti müasir tədris mühiti, zəngin imkanlar və gənc, məqsədyönlü tələbələr üçün tam fərqli bir başlanğıcdır. Təhsil TV tərəfindən Qarabağ Universiteti ilə bağlı hazırlanan video çarxı təqdim edirik. #ElmVəTəhsilNazirliyi #TəhsilTV #EduAz #QarabağUniversiteti
Ətraflı10-12 iyun tarixlərində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransında iştirak edir. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22143-1
Ətraflı