Elektron dərslik portalında 39 dərslik yenilənib
Məzmun və dizayn baxımından təkmilləşdirilmiş dərsliklərin elektron formatda hazırlanıb www.e-derslik.edu.az dərslik portalına yerləşdirilməsi prosesi davam etdirilir. Artıq Azərbaycan və rus bölmələri üzrə portalda mövcud olan 2-ci sinif dərsliklərinin hamısı və hər iki bölmə üzrə 3-cü sinif dərsliklərindən 12-si, 4-cü sinif dərsliklərindən 8-i və 8-ci sinif dərsliklərindən 4-ü olmaqla ümumilikdə 39 dərslik yeniləri ilə əvəzlənib. Hazırda portalda 233 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 257 elektron vəsait mövcuddur. Video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 27-yə çatdırılıb. Qeyd edək ki, www.e-derslik.edu.az elektron dərslik portalı cari tədris ilinin əvvəlindən bu günədək ölkə üzrə saytların reytinq cədvəlində 85 pillə yüksələrək 46-cı olub. Bu müddət ərzində portala giriş sayı 512 748-ə, səhifələrə ümumi baxış sayı isə 3 790 938-ə çatıb. Ötən ilin müvafiq dövründə isə portala giriş sayı 326 821, səhifələrə ümumi baxış sayı isə 2 254 474 olub. Oktyabr ayı ərzində portala gündəlik ortalama giriş sayı 12 500 olub. Bu dövr ərzində portala ən çox müraciət edən ilk 5 ölkə Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan və ABŞ-dır. Portalda ən çox müraciət edilən 5 dərslik isə ardıcıl olaraq riyaziyyat (6-cı sinif), ingilis dili (7-ci sinif), ingilis dili (5-ci sinif), riyaziyyat (7-ci sinif) və coğrafiya (6-cı sinif) olub. Xatırladaq ki, cari ilin ilk 9 ayı ərzində e-derslik portalına giriş sayı 1 754 280, səhifələrə ümumi baxış sayı isə 14 625 792 olub. 2018-ci ildə isə bu rəqəmlər müvafiq olaraq 1 037 849 və 8 163 538 təşkil edib. 2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır, həmçinin məktəblilər istənilən vaxt və məkanda dərsliklərə müraciət edə bilirlər. İstifadəçilər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradır.
25/10/2019 12:13
Elektron dərslik portalında 39 dərslik yenilənib
Dərsliklərin elektron formatda hazırlanaraq www.e-derslik.edu.az portalına yerləşdirilməsi prosesi davam etdirilir. Artıq Azərbaycan və rus bölmələri üzrə portalda mövcud olan 2-ci sinif dərsliklərinin hamısı və hər iki bölmə üzrə 3-cü sinif dərsliklərindən 12-si, 4-cü sinif dərsliklərindən 8-i və 8-ci sinif dərsliklərindən 4-ü olmaqla ümumilikdə 39 dərslik yeniləri ilə əvəzlənib. Hazırda portalda 233 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 257 elektron vəsait mövcuddur. Video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 27-yə çatdırılıb. Qeyd edək ki, www.e-derslik.edu.az elektron dərslik portalı cari tədris ilinin əvvəlindən bu günədək ölkə üzrə saytların reytinq cədvəlində 85 pillə yüksələrək 46-cı olub. Bu müddət ərzində portala giriş sayı 512 748-ə, səhifələrə ümumi baxış sayı isə 3 790 938-ə çatıb. Ötən ilin müvafiq dövründə isə portala giriş sayı 326 821, səhifələrə ümumi baxış sayı isə 2 254 474 olub. Oktyabr ayı ərzində portala gündəlik ortalama giriş sayı 12 500 olub. Bu dövr ərzində portala ən çox müraciət edən ilk 5 ölkə Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan və ABŞ-dır. Portalda ən çox müraciət edilən 5 dərslik isə ardıcıl olaraq riyaziyyat (6-cı sinif), ingilis dili (7-ci sinif), ingilis dili (5-ci sinif), riyaziyyat (7-ci sinif) və coğrafiya (6-cı sinif) olub. Xatırladaq ki, cari ilin ilk 9 ayı ərzində e-derslik portalına giriş sayı 1 754 280, səhifələrə ümumi baxış sayı isə 14 625 792 olub. 2018-ci ildə isə bu rəqəmlər müvafiq olaraq 1 037 849 və 8 163 538 təşkil edib. 2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır, həmçinin məktəblilər istənilən vaxt və məkanda dərsliklərə müraciət edə bilirlər. İstifadəçilər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradır.
25/10/2019 12:04
Məktəblilər böyük səhnədə çıxış edib
Paytaxt məktəbliləri “İtalyan dili və mədəniyyəti həftəsi” çərçivəsində “Pinokkio” əsərinin süjet xətti əsasında hazırlanmış tamaşanı nümayiş etdiriblər. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında təşkil olunan tamaşada Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva, İtalyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov, xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəlikləri, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova tamaşa haqqında məlumat verib. Bildirib ki, tamaşanın ərsəyə gəlməsində, şagirdlərin italyan dilində təqdimat bacarıqlarının təkmilləşdirilməsində, bu dildə ünsiyyət, eləcə də aktyorluq bacarıqlarının formalaşdırılmasında İtaliyadan ölkəmizə gələn aktyor və rejissorlar xüsusi rol oynayıb. Tədbirdə çıxış edən Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva Olimpiya dəyərləri, mədəniyyətlərarası əlaqə, sülh və dostluğu təşviq edən “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın ölkəmizdə təşkil olunmasını yüksək qiymətləndirib. Bildirib ki, proqram çərçivəsində İtaliya Respublikasının mədəniyyətinin, tarixinin, incəsənətinin, idman ənənələrinin tədqiq edilməsi Azərbaycan-İtaliya məktəbliləri arasında münasibətlərin daha da inkişaf etdirilməsinə rəvac verir. M.Vəliyeva İtaliyanın Azərbaycandakı Səfirliyi və 158 nömrəli tam orta məktəb arasında mövcud əməkdaşlığın davamı olaraq, 2019-2020-ci tədris ilində məktəbin V siniflərində italyan dilinin ikinci xarici dil kimi tədrisinə başlanılması barədə danışıb. Azərbaycan ilə İtaliya arasında müxtəlif sahələrdə yaxşı münasibətlərin olduğunu vurğulayan İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari təhsil sahəsində də güclü tərəfdaşlıq əlaqələrinin mövcudluğundan bəhs edib. Daha sonra 158 nömrəli tam orta məktəbin şagirdləri “Pinokkio” əsərinin süjet xətti əsasında hazırlanmış " Pinokkio burnunun izi ilə" adlı tamaşanı nümayiş etdiriblər. Tamaşada çıxış edən 43 şagird sertifikatla təltif olunub.
25/10/2019 11:31
Təhsilin inkişafını əsaslandıran Strategiya
Dövlət Strategiyasının ən uğurlu nəticələrindən biri Azərbaycanın beynəlxalq reytinqlərdə tutduğu mövqedir Ölkəmizdə təhsilin inkişafı hər zaman diqqətdə saxlanılan məsələlərdən biri olub. Büdcədən ayrılan vəsaitin həcmindən tutmuş həyata keçirilən bütün tədbirlərdən bu sahənin inkişafına verilən dəyər görünüb. 6 ildir icra olunan və təhsil sahəsində islahatları, dolayısı ilə inkişafı əsaslandıran “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın ən uğurlu nəticələrindən biri Azərbaycanın beynəlxalq reytinqlərdə tutduğu mövqedir. Dünya İqtisadi Forumu tərəfindən ötən həftə açıqlanan “Qlobal Rəqabətlilik İndeksi-2019” hesabatında Azərbaycan ötənilki göstərici ilə müqayisədə 11 pillə irəliləyib. Hazırda 141 ölkə arasında 58-ci yerdə qərarlaşan ölkəmiz 12 indikatordan 8-i üzrə MDB ölkələri arasında yüksək nəticələr əldə edib. Məsələn, təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan “Bacarıqlar” indeksi üzrə ölkəmiz 6 pillə irəliləyərək 48-ci, innovasiya bacarığı üzrə 3 pillə irəliləyərək 68-ci, işçilərin peşəkar inkişafı kateqoriyası üzrə 22 pillə irəliləyərək 34-cü, peşə təhsilinin keyfiyyət göstəricisinə görə 6 pillə irəliləyərək 43-cü, bacarıqlı işçi tapmaq asanlığı üzrə 2 pillə irəliləyərək 29-cu yeri tutub. Tədrisdə tənqidi düşüncə göstəricisi üzrə 7 pillə irəliləmişik və ölkəmiz 20-ci yerdədir. Ölkədə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin yaradılması, təhsilin məzmununun, kadr hazırlığının, idarəetmə sisteminin və infrastrukturun qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulması və ölkənin davamlı inkişafının təmin edilməsi məqsədinə xidmət edən Strategiyanın nəticələrini şərh edən Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov hesab edir ki, təhsilin bütün pillələri üzrə uğurlar əldə edilib: “Strategiya ölkəmizdə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması məqsədinə xidmət edir. Bu məqsədə gedən yolda isə beş strateji istiqamət müəyyənləşdirilib”. Ümumi təhsilin bir mərhələsi “Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması” istiqamətində erkən yaş dövründə inkişafın səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin standart və kurikulumları, cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ümumi təhsil, peşə və orta ixtisas təhsili standartları və kurikulumları, ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının hazırlanması nəzərdə tutulub. Məzmun islahatları çərçivəsində “Məktəbəqədər təhsilin dövlət standartı”nın qəbulu nəticəsində bu sahənin inkişafına əlverişli zəmin yaranıb. 2017-ci ildə “Məktəbəqədər təhsi haqqında” Qanun qəbul olunub. Ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına 5 yaşlı uşaqların məktəbə hazırlığının təşkili Strategiyanın ən uğurlu töhfələrindəndir. Nəticə müqayisədən aydın görünür: “2013-cü ildə 24 faiz təşkil edən bu göstərici cari tədris ilində artıq 85 faiz təşkil edir. Bu bizi ona görə çox sevindirir ki, uşaqların erkən yaşdan təhsilə cəlb olunmaları gələcəkdə onların təhsilində, fərdi inkişafında və akademik nailiyyətlərində böyük rol oynayır”. Məktəbəhazırlıq qruplarında tədris aparan müəllimlərin ibtidai sinif müəllimləri olması isə təhsildə varisliyin təmin edilməsi baxımından əhəmiyyətlidir. F.Qədirovun sözlərinə görə, məhz bunu nəzərə alaraq “Ümumi təhsil haqqında” Qanunda 5 yaşlıların məktəbəhazırlığı ümumi təhsilin bir mərhələsi kimi nəzərdə tutulub. YUNISEF-lə birgə həyata keçirilən 32 rayonda, 320 icmada 6197 uşağı əhatə edən 3-4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi də son illərin nailiyyətlərindəndir. Bütün təhsil pillələri üzrə qanunlar Təhsil sahəsində ən böyük uğurlardan biri də həyata keçiriləcək hər bir islahatın əsasında qanunvericilik bazasının durmasıdır. F.Qədirovun sözlərinə görə, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında” qanunların qəbul edilməsi, “Ali təhsil haqqında” Qanunun hazırlanması təhsilin bütün pillələri üzrə çevik idarəetmə və dəyişikliklər üçün hüquqi baza yaradıb. Gələcəyin çağırışlarına cavab verməsi və innovativ inkişafın təmin edilməsi baxımından təhsilin məzmununun yenilənməsi mühüm prioritetlərdəndir. Bu istiqamətdə “Peşə təhsili üzrə dövlət standartları” təsdiq edilib, ümumi təhsilin, ali və orta ixtisas təhsilinin dövlət standartları hazırlanıb. Müzakirələrdən sonra sənədlər hökumətə təqdim ediləcək. Təmayülləşmə özünü doğruldur Strategiyanın hədəflərindən biri də tam orta təhsil səviyyəsində təmayülləşmənin təşkilidir. Bu istiqamətdə islahatlar strategiyanın ən əhəmiyyətli nəticələrindən biridir: “Təmayülləşmə məzunların gələcək ixtisaslarını müəyyənləşdirməsi, həmin ixtisaslar üzrə daha dərindən bilik, bacarıq və kompetensiyalar əldə etməsi baxımından çox vacibdir. Müxtəlif təmayül istiqamətləri üzrə X-XI sinif şagirdlərinin 30 faizindən çoxu təmayül siniflərinə cəlb edilib. İlkin nəticələrin təhlili göstərir ki, bu istiqamət özünü doğruldur”. Dünyada təhsilin inkişaf tendensiyaları təmayülləşmə istiqamətlərinin genişləndirilməsini tələb edir. Bununla əlaqədar ümumi təhsil müəssisələrində həm ayrı-ayrı fənlər, həm də peşə istiqamətləri üzrə təmayül siniflər yaradılıb. Təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması, məşğulluğunun təmin edilməsi məqsədi ilə cari tədris ilindən 20 ümumi təhsil müəssisəsinin X siniflərində peşə təmayüllü siniflər açılıb: “Kənd təsərrüfatı, iaşə xidməti, inşaat və məişət texnikası sahələri üzrə zəruri infrastruktur və təcrübə sahələri yaradılıb. Həmin şagirdlər tam orta təhsil haqqında şəhadətnamə ilə yanaşı, öyrəndikləri peşə üzrə təhsil sənədi də əldə edəcəklər. Bu isə onlara əmək fəaliyyətinə başlamalarına imkan verəcək”. 11 il ərzində həyata keçirilən məzmun islahatlarının bir mərhələsi cari ildə başa çatıb, yeni fənn kurikulumları üzrə təhsilə başlayan şagirdlər XI sinfi başa vurub. Bununla əlaqədar Təhsil Nazirliyinin yaxından iştirakı ilə Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanlarının yeni modelinə keçilib. “Əminik ki, yeni imtahan modeli təhsilalanların bilik və kompetensiyalarının daha səmərəli qiymətləndirilməsinə imkan verməklə yanaşı, məktəbin və müəllimin həm məsuliyyətinin, həm də nüfuzunun artmasına əhəmiyyətli şəkildə təsir edəcək, cəmiyyətdə ümumtəhsil məktəbinə etibarlı inam formalaşdıracaq”. Eyni zamanda cari tədris ilində I-XI siniflərdə istifadə edilən 400-dən çox dərsliyin məzmununun yenilənməsi prosesi başa çatıb. Layihələr Ümumi təhsildə həyata keçirilən layihələrin önəmini də qeyd edən F.Qədirov hesab edir ki, XXI əsrdə süni intellekt və rəqəmsal bacarıqlar həyatın bütün sahələrinə nüfuz edir. Bu bacarıqların yüksək olduğu ölkələr daha çox uğur qazanır. Bu səbəbdən də həmin istiqamətlər üzrə layihələrin Azərbaycanda da icrasına başlanılıb. Təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın ayrı-ayrılıqda deyil, inteqrativ tədrisini nəzərdə tutan STEAM Azərbaycan üçün yenidir. Bu yanaşma şagirdlərdə XXI əsr bacarıqlarının formalaşdırılmasını, məktəblərdə robototexnika, nanotexnologiya, süni intellekt, mexanika kimi sahələri əhatə edən məzmunun tətbiqini nəzərdə tutur. Əsasən Bakı və Abşeron məktəblərində 6000-dən artıq şagirdi əhatə edir. Növbəti ildən regionların da bu layihədə iştirakı təmin ediləcək və layihəyə cəlb olunan şagirdlərin sayı 20 minə çatdırılacaq: “Bu ildən robototexnika və dizayn üzrə hazırlıq aparılan layihə növbəti tədris ilindən genişləndiriləcək. Hazırda aviamühəndislik, nanotexnologiyalar, biotexnologiyalar, kibertəhlükəsizlik istiqamətləri üzrə yeni modulların məzmunları üzərində iş gedir”. Şagirdlərdə tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirmək, tədqiqatçılıq bacarıqları formalaşdırmaq, innovasiyaları mənimsəmək və tətbiq etmək, yüksək texnoloji ixtisaslara marağı artırmaq məqsədi ilə icrasına başlanılan “Rəqəmsal bacarıqlar” layihəsi ən uğurlu layihələrdən birinə çevrilib. Hazırda bu layihə 120 məktəbi və 70 mindən çox şagirdi əhatə edir. Müəllimliyin nüfuzu artır “Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması” istiqamətində aparılan islahatların nəticələri çox uğurlu olub. Müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində Təhsil Nazirliyi iki istiqamətdə iş aparır: “Birinci istiqamət mövcud ümumi təhsil müəssisələrində çalışan müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və müəllim heyətinin keyfiyyətinin yaxşılaşdırılmasıdır. İkinci istiqamət isə pedaqoji kadr hazırlığı həyata keçirən ali təhsil müəssisələrində ilkin müəllim hazırlığının təkmilləşdirilməsidir. Birinci istiqamət üzrə əsas hədəfimiz, ilk növbədə, müəllim seçiminə, məktəblərə daha peşəkar müəllimlərin cəlb edilməsinə diqqəti artırmaqdır. Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə şəffaf, obyektiv bir mexanizm tətbiq edilir. Son illərdə müəllim peşəsinə marağı artıran bir çox amillər sırasında məhz bu mexanizmin uğurla tətbiqi və etimad qazanması xüsusi qeyd edilməlidir”. Müəllimin artan nüfuzunun ən bariz göstəricisi isə elə müəllimlərin işə qəbulu üzrə müsabiqənin ildən-ilə artan iştirakçı sayıdır. 2019-cu ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə 55 minə qədər namizəd iştirak edirdi ki, bu da əvvəlki illərlə müqayisədə 3-4 dəfə artım deməkdir. Bu amillər sırasında müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması xüsusi qeyd edilməlidir. F.Qədirovun sözlərinə görə, 2014-cü ildən başlayaraq ümumi təhsil müəssisələrində çalışan 150 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi keçirilib: “Nəticədə 150 mindən çox müəllimin həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı isə təxminən 2 dəfə artırıldı. Ümumiyyətlə, müəllimlərin fəaliyyətinin stimullaşdırılması sahəsində atılan addımlar davamlı xarakter alıb. Bu ilin sentyabrında müəllimlərin əməkhaqqı daha 20 faiz artırılıb. Bu artımdan sonra hazırda ümumtəhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 600 manata çatıb. Hətta bu gün məktəblərimizdə 1000 manatdan çox əməkhaqqı alan 5000-dən çox müəllim çalışır. Bu amil təhsilə, təhsil işçilərinə dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndirilməlidir. Bu qiymətləndirmənin bir əhəmiyyəti də ondan ibarət oldu ki, Təhsil Nazirliyi müəllimlərin peşəkarlıq səviyyəsi ilə bağlı etibarlı məlumat əldə etdi. Müəllimlərin məhz hansı sahədə peşəkarlığının artırılmasına ehtiyac olduğu müəyyənləşdirildi. Beləliklə, birinci istiqamət daha yüksək peşəkarlığa malik müəllimləri üzə çıxarmağa imkan verirdisə, ikinci istiqamət bizə onların hansı sahədə peşəkarlığının artırılmasına ehtiyac olduğunu, bunun üçün hansı təlim proqramlarının hazırlanmasına və təlimlərin keçirilməsinə zərurət olduğunu müəyyənləşdirməyə imkan verdi”. Müəllim nüfuzunun əhəmiyyətli şəkildə yüksəlişini və bu peşəyə marağı ifadə edən daha bir amil. Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər ilk sırada müəllimlik ixtisasını seçir: “Əvvəlki illərdə yüksək bal toplayan abituriyentlər arasında nadir hallarda müəllimlik ixtisasını seçənlər olurdusa, son illərdə vəziyyət kəskin dəyişib. Cari ildə 500-dən yuxarı bal toplayan abituriyentlər arasında hər 4 nəfərdən biri, yəni həmin abituriyentlərin 25 faizi məhz müəllimliyi seçib. Bu fakt bir tərəfdən, məqsədimizə çatdığımız üçün bizi sevindirir. Başqa bir tərəfdən bu, bir neçə il sonra məktəblərimizə yüksək səviyyəli, hazırlıqlı, peşəkar kadrların gələcəyi deməkdir”. Müəllimlərin peşəkarlıq səviyyəsi artır F.Qədirov müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlərə də toxunub: “Dövlət Strategiyasının qəbulundan sonra təhsildə modul kredit sisteminə əsaslanan ixtisasartırma sisteminin tətbiqinə başlanılıb. Tamamilə yeni baxış, yeni yanaşma olan bu sistem müəllimlərin ehtiyacına uyğun müxtəlif istiqamətlər üzrə təlim proqramlarının hazırlanması və təlim proqramlarının modul xarakter daşıması, müxtəlif istiqamətləri əhatə etməsi baxımından yenilikdir”. 2013-cü ildən indiyədək 70 minədək müəllimin bu təlimlərdə iştirak edərək səriştələrini artırdığını deyən Aparat rəhbərinin müavini bu il daha 30 min müəllimin təlimlərə cəlb ediləcəyini bildirib: “Strategiyaya uyğun edilən yeniliklərdən biri də ondan ibarətdir ki, məktəb əsaslı ixtisasartırma təcrübəsi yaranıb. Bu istiqamətdə bilavasitə məktəblərdə tədrisin daha səmərəli təşkili üzrə təlimlər təşkil edilir”. “Bu gün müəllimlərin ənənəvi fəaliyyəti bizi qane etmir. Ona görə də daha çox onların innovativ fəaliyyətini qiymətləndirir və təşviq edirik”, - deyən F.Qədirov bu məqsədlə 2017-ci ildən başlayaraq keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi”nin əhəmiyyətindən danışıb: “Bu layihənin nəticəsində məktəb və müəllimlərə irəli sürdüyü təşəbbüsü reallaşdırmaq üçün dövlət hər il 1 milyon manat vəsait ayırır. 2017-ci ildə bu imkandan 38 məktəb, 84 müəllim, 2018-ci ildə 41 məktəb və 125 müəllim, 2019-cu ildə 53 məktəb və 115 müəllim yararlanaraq öz layihələrini reallaşdırmaq imkanı qazandılar”. Təhsildə optimallaşdırma Nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması istiqamətində əsas hədəflərdən biri məhz təhsil sahəsində tənzimləmə və idarəetmə funksiyalarının təkmilləşdirilməsidir. Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan bu istiqamət üzrə həyata keçirilən işlər kifayət qədər əhəmiyyətlidir. Məhz bu tədbirlərdən doğan zərurətdən irəli gələrək Təhsil Nazirliyinin təşəbbüsü ilə “Təhsil haqqında” Qanuna 62 yeni dəyişiklik edilib. Nəticədə beynəlxalq təcrübədə tətbiq edilən bir sıra mütərəqqi məqamlar məhz bu dəyişikliklərdə öz əksini tapıb. Təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması və rasionallaşdırılması da bu istiqamət üzrə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Bu, özünü daha çox peşə təhsili sahəsində göstərib. Son illərdə 55 peşə təhsili müəssisəsinin bazasında 24 ixtisaslaşmış peşə təhsili mərkəzi yaradılıb: “Koreya hökuməti ilə birgə həyata keçirdiyimiz layihə çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi özünün yeniliyi, orijinallığı ilə bütün regionda fərqlənir. Bu ildən fəaliyyətə başlayan Mərkəzdə 231 nəfər tələbə təhsil alır. Növbəti ildən qısamüddətli kursları da nəzərə alsaq, tələbələrin sayının 1000 nəfərə çatdırılması nəzərdə tutulub”. Ümumilikdə peşə təhsilinə yanaşma dəyişib və bu təhsil pilləsi əsas prioritetlərdən birinə çevrilib. “Peşə təhsili haqqında” Qanuna əsasən bu təhsil pilləsində 3 səviyyədə (ilk peşə təhsili, texniki peşə təhsili, yüksək texniki peşə təhsili) kadr hazırlığı nəzərdə tutulub. F.Qədirovun sözlərinə görə, ali təhsil müəssisələrinin şəbəkəsinin də oprimallaşdırılması istiqamətində təşəbbüslər irəli sürülüb. Regionlarda bir sıra ali təhsil müəssisələri yaradılıb: “Təhsilin əlçatanlığının təmin edilməsi baxımından bunun faydalı olduğunu düşünürük”. Təhsilin keyfiyyəti İdarəetmənin əsas istiqamətlərindən biri məhz təhsilin keyfiyyət göstəriciləridir. F.Qədirov deyir ki, hər il artım müşahidə edilən göstəricilər məzunların nəticələrində özünü göstərir. 2013-cü ildə qəbul imtahanlarında 300-dən çox bal toplayanların sayı 26.5 faiz, 400-dən çox bal toplayanların sayı 35.1 faiz, 500-dən çox bal toplayanların sayı 51.5 faiz, 600-dən çox bal toplayanların sayı isə 81.3 faiz artıb. İstedadlı şagirdlərlə bağlı həyata keçirilən tədbirləri xüsusi qeyd edən F.Qədirovun fikrincə, Strategiyanın icrası dövründə fənn olimpiadalarının təşkili, respublika və beynəlxalq fənn olimpiadalarına hazırlıq sahəsində kəskin dönüş olub. Olimpiada hərəkatının genişlənməsi nəticəsində cari ildə respublika fənn olimpiadalarında 33 mindən artıq şagird iştirak edib: “Bu sahədə işin düzgün təşkilinin nəticəsidir ki, olimpiadalarda nailiyyətlərimizin sayı və çəkisi artıb. Şagirdlərimiz 2013-cü ildən indiyədək beynəlxalq olimpiadalarda 160-dan çox medal əldə ediblər. Qanunvericilikdə aparılan dəyişiklikdən sonra 100-ə qədər respublika və beynəlxalq olimpiada qalibinin, beynəlxalq müsabiqə və yarışların bu tədris ilindən etibarən müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunması isə olimpiadalara marağın daha da artacağına əminlik yaradır”. İstedadlı şagirdlərlə işin tərkib hissəsi olaraq ötən ildən bölgələrdə istedadlı uşaqlar üçün xüsusi təmayül siniflərin yaradılmasına toxunan F.Qədirovun sözlərinə görə, bu ildən həmin siniflərin sayı 80-ə çatdırılıb: “Əlavə olaraq Gəncə və Qubada Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika liseyinin, Şəki və Şirvanda isə Kimya və Biologiya Təmayüllü Respublika liseyinin filialları açılıb. Bu, regionlarda istedadlı uşaqların aşkar edilməsi və inkişafı istiqamətində atılan əhəmiyyətli addımlardır”. Məktəblərin siması dəyişir “Müasir tələblərə cavab verən və ömürboyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması” istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Bu tədbirlərin nəticəsidir ki, ümumi təhsil müəssisələrinin 72 faizinin infrastrukturu əsaslı şəkildə təkmilləşdirilib: “3200-dən çox məktəb tikilib və ya əsaslı təmir edilib. Son illərdə məktəb tikintisi sahəsində modul tipli təhsil müəssisələri təcrübəsi tətbiq edilir. Kəndlərdə, çətin relyefi olan ərazilərdə belə məktəblərin quraşdırılması asan və əlverişlidir. Şagird sayından asılı olaraq məktəbin böyüdülüb-kiçildilmək imkanı verməsi onun üstünlüyüdür. Ölkəmizdə 2017-2018-ci illərdə 243 belə məktəb artıq istifadəyə verilib. Cari ilin sonunadək daha 50 məktəb quraşdırılacaq. Məktəb tikintisi sahəsində əldə edilən bu böyük uğurlarda ölkə Prezidentinin bu sahəyə xüsusi diqqət və qayğısı, təsdiq etdiyi proqramların çox böyük rolu olub. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun davamlı dəstəyi də məktəb tikintisində mühüm nəticələr əldə olunmasının əsas səbəblərindəndir. Məhz bu dəstəyin nəticəsidir ki, ölkəmizdə bir milyondan çox şagirdin təhsil şəraiti yaxşılaşdırılıb”. Strategiyada nəzərdə tutulan “Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması” istiqamətində mühüm addımlar atılıb. Sadəcə onu demək kifayətdir ki, dövlət büdcəsindən təhsilə ayrılan xərclər ildən-ilə artır. Təhsil xərcləri 2013-cü ildə 1.4 milyard manat təşkil etmişdisə, bu göstərici 2019-cu ildə 2.3 milyard manata çatdırılıb. 2020-ci ilin büdcəsində isə təhsil xərcləri 3.1 milyard manat proqnozlaşdırılıb ki, bu da 2019-cu ilə nisbətən 38.3 faiz artım deməkdir. Təhsil şəraitinin yaxşılaşdırılması ilə yanaşı, təhsilin əlçatanlığının təmin edilməsi istiqamətində də dövlət öz vətəndaşlarının yanındadır. Bu istiqamətdə cari ildə əhəmiyyətli qərarlar qəbul edilib: “Ölkə Prezidentinin sərəncamlarına əsasən təqaüd sistemi təkmilləşdirilib. Mart ayının 1-dən təqaüd yerlərinin sayı 16 min vahid artırılıb. 2019-2020-ci tədris ilində təqaüd yerlərinin sayı 45 faizə çatdırılıb. Növbəti tədris ilində isə bu göstəricinin 50 faizə çatdırılması nəzərdə tutulub. Tələbə təqaüdlərinin həcmi isə təxminən 20 faiz artırılıb. Bu tədbirlər 110 mindən artıq tələbəni əhatə edib. Bu il dövlət sifarişli yerlərin sayı 66.1 faiz artım qeyd olunub. Tələbələrin sosial müdafiəsi tədbirləri genişləndirilib. Hazırda ali təhsil müəssisələrində təhsil alan 17120 nəfər məcburi köçkün statusuna malik, valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəxslərin uşaqları, əlil olan tələbələrin təhsil haqqı dövlət büdcəsindən ödənilir. Dövlət sifarişi ilə təhsil alan tələbələrə görə dövlət büdcəsindən təhsil xərclərinin 30 faiz artırılması isə ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsinə bilavasitə təsir edəcək”. Strategiyada nəzərdə tutulan hədəflərə nail olunması istiqamətində növbəti illərdə də bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu tədbirlər məzmun, müəllim, idarəetmə, infrastruktur və maliyyələşmə istiqamətlərini əhatə etməklə islahatların daha da dərinləşməsini özündə ehtiva edir. "Azərbaycan müəllimi"
25/10/2019 11:07
“Bizim müəllim”
“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Lənkəran rayonu Şürük kənd tam orta məktəbinin kimya müəllimi Asif Qasımova həsr olunub. Asif Qasımov 2018-ci ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 59 bal toplayıb. Asif müəllimin fikrincə, müəllim öz fənnini sevməli, hətta peşəsinin vurğunu olmalıdır. Asif Qasımov bu il 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib. “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.
25/10/2019 09:57
Təhsil naziri Surinam Respublikasının Xarici İşlər naziri ilə görüşüb
Oktyabrın 24-də təhsil naziri Ceyhun Bayramov Surinam Respublikasının Xarici İşlər naziri xanım Yldiz Pollack-Beighle ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikası ilə Surinam Respublikası arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
24/10/2019 20:08
Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilib
Oktyabrın 24-də Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilib. AZƏRTAC xəbər verir ki, çıxış edən Xarici İşlər nazirinin müavini Ramiz Həsənov tədbir haqqında ətraflı məlumat verib. Ramiz Həsənov qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq siyasi təşkilat olaraq Qoşulmama Hərəkatı siyasi məsləhətləşmələr və praktik əməkdaşlıq üçün geniş və əhatəli bir platformanı təmin edir. Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, ilk dəfə olaraq keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti Azərbaycanın təşəbbüsüdür. “Son 15 il ərzində Bakıda dörd beynəlxalq gənclər platforması təsis edilib. Bundan başqa, Bakı 2007-ci ildə “Gənclər sivilizasiyaların alyansı naminə” nəsillərarası yüksək səviyyəli konfransa, 2008-ci ildə “İslamofobia və ksenofobiyanın müxtəlif növləri: gənclərə təsiri və qarşısının alınmasında gənclərin fəaliyyəti” mövzusunda beynəlxalq konfransa, 2011-ci ildə BMT-nin Sivilizasiyaların Alyansı Uğrunda Qlobal Gənclər Hərəkatının birinci Konqresinə, 2012-ci ildə birinci “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresi və Festivalına, 2014-cü ildə Gənclər siyasəti üzrə birinci Qlobal Foruma, 2017-ci ildə Dünya Skaut Konfransına, 10 gün bundan əvvəl Türk Şurası Gənclər Platformasının birinci Baş Assambleyası kimi beynəlxalq gənclər tədbirlərinə ev sahibliyi edib. Bu siyahını uzatmaq da olar. Bir sözlə, Azərbaycan beynəlxalq gənclər hərəkatının inkişafına ciddi töhfələr verib.” Təhsil Nazirinin müavini Firudin Qurbanov Qoşulmama Hərəkatının beynəlxalq sülhün bərpası, dialoqun aparılması kimi məsələlərin müzakirə olunduğu qlobal platformaya çevrildiyini deyib. Azərbaycanda təhsillə bağlı görülən işlərdən danışan nazir müavini əlavə edib ki, ölkəmiz bu sferada böyük uğurlara nail olub. Azərbaycanda təhsilə böyük dövlət qayğısı var. Təhsil sahəsinin inkişafı Azərbaycanda prioritet istiqamətlərdən biridir. Azərbaycan təhsilinin bugünkü inkişafının mənbəyi ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan məqsədyönlü siyasətdən qaynaqlanır. Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparılaraq Ümummilli Liderin təhsil siyasəti uğurla davam etdirilir. Təhsilin müasir hədəflərinə doğru qəbul olunmuş strateji inkişaf sənədlərinin müddəaları yüksək dəqiqliklə həyata keçirilir.
24/10/2019 20:06
“Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti”
Ümumi təhsil müəssisələrində internetdə təhlükəsiz davranışla bağlı sosial maarifləndirici seminarlar keçirilib. Tədbirdə “Giving Back” sosial proqramı çərçivəsində geniş tərkibdə nümayəndə heyəti ilə Azərbaycana səfər edən “Cisco” şirkətinin əməkdaşları Bakının 10 məktəbində, eyni anda II-V sinif şagirdləri üçün məlumatlandırıcı sessiyalar təşkil edib. Tədbirdə qeyd edilib ki, təhsil müəssisələrində ölkənin ən iri daxili təhsil şəbəkəsi olan Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) fəaliyyət göstərir və bu şəbəkə təhsil mühitində şagirdlərin internetin zərərli təsirlərindən maksimal müdafiə olunmasını təmin edir. Tədbirin sonunda “Azercell” şirkəti tərəfindən məktəblərə aylıq 10 GB internet paketi ilə MiFi modemləri və şagirdlərə müxtəlif hədiyyələr təqdim olunub. Qeyd edək ki, seminarlar Təhsil Nazirliyinin dəstəyi, “Cisco”, “Azercell Telekom” və “AzEduNet” şirkətlərinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin keçirilməsində məqsəd şagirdlərə internet məkanında mövcud olan risklərdən, mümkün təhlükələrdən qorunma yolları və arzuolunmaz nəticələrin qarşısının alınması barədə məlumat vermək olub.
24/10/2019 17:46
Təhsil naziri Xorvatiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb
Oktyabrın 24-də Təhsil naziri Ceyhun Bayramov Xorvatiya Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Branko Zebiç ilə görüşüb. Görüşdə iki ölkə arasında təhsil sahəsində əlaqələrin mövcud vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib.
24/10/2019 16:53
Təhsil nazirinin Sabirabad şəhərində vətəndaşların qəbulu vaxtı dəyişdirilib
Təhsil naziri Ceyhun Bayramovun Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində Sabirabad və Saatlı rayon sakinlərinin 25 oktyabr 2019-cu il tarixində nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib. Qeydiyyatdan keçmiş vətəndaşlara qəbulun vaxtı barədə əlavə məlumat veriləcəkdir.
24/10/2019 09:16
Filter
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
04.06.2025 - 10:17 -
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00
“Məktəblilərarası Milli Hakaton”un olimpiada mərhələsi Salyanda #ElmVəTəhsilNazirliyi #RəqəmsalBacarıqlar #MilliHakaton2025 #Hakaton #KodlaGələcəyiniQur #RəqəmsalGələcək #MilliHakaton
ƏtraflıMüqəddəs Qurban bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayırıq. Bayramınız mübarək olsun! #ElmVəTəhsilNazirliyi #QurbanBayramı
Ətraflı“Məktəblilərarası Milli Hakaton”un olimpiada mərhələsi Ağdaşda #ElmVəTəhsilNazirliyi #RəqəmsalBacarıqlar #MilliHakaton2025 #Hakaton #KodlaGələcəyiniQur #MilliHakaton #RəqəmsalGələcək
Ətraflı