“Zəkaların mübarizəsi” olimpiadası qaliblərinin mükafatlandırılması keçirilib
Mayın 31-də Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Zəkaların mübarizəsi” olimpiadası qaliblərinin mükafatlandırılması baş tutub. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev iştirakçıları və qonaqları salamlayaraq qalibləri qazandıqları nailiyyət münasibətilə təbrik edib. Fuad Qarayev bildirib ki, Elm və Təhsil Nazirliyi tərəfindən istedadlı şagirdlərin aşkara çıxarılması və fənlərin dərindən öyrənilməsinə marağın artırılması məqsədilə bir sıra layihələr uğurla həyata keçirilir. Respublika fənn olimpiadaları, “Sabahın alimləri” layihə müsabiqəsi, “Ən yaxşı təqdimat” müsabiqəsi, “BilBacar” və “Məktəblilərarası Milli Hakaton” kimi yarışlar məktəblilərə bilik və bacarıqlarını nümayiş etdirmək üçün geniş imkanlar təqdim edir. Sonda Fuad Qarayev olimpiadanın reallaşmasına verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. Daha sonra çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov qeyd edib ki, Fond Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkənin ictimai-siyasi həyatının bir çox sahələrində, xüsusilə elm və təhsil sahəsində davamlı layihələr reallaşdırıb. Bu layihələr ölkənin sosial-mədəni inkişafına əhəmiyyətli töhfələr verib. Fondun təşəbbüsü ilə respublikanın müxtəlif bölgələrində məktəb binalarının inşası, mövcud təhsil infrastrukturunun yenilənməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilib. “Zəkaların mübarizəsi” olimpiadasının keçirilməsində əsas məqsədin təkcə şagirdlərin elmi potensialını yoxlamaq deyil, eyni zamanda, onların liderlik, analitik düşünmə, komanda ilə işləmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, sağlam rəqabət və dostluq mühitini gücləndirmək olduğu bildirilib. Çıxışlardan sonra olimpiadanın müxtəlif mərhələlərini əks etdirən videoçarx nümayiş etdirilib. Ardınca qalib komandalar mükafatlandırılıb. Onlara sertifikatlar, diplomlar və xatirə kubokları təqdim olunub. Şahmat kateqoriyası üzrə I yerin qalibi Sumqayıt komandası, II yerin qalibi Gəncə komandası, III yerin qalibi isə Xətai komandası olub. Şahmat üzrə fərdi oyunlarda fərqlənmiş 4 iştirakçıya xüsusi mükafat təqdim edilib. Bilik yarışı kateqoriyasında isə I yerə İsmayıllı komandası, II yerə Bakı şəhəri Xətai komandası, III yerə isə Zəngilan komandası layiq görülüb.
31/05/2025 15:10
“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin olimpiada mərhələsinə mediatur təşkil olunub
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin olimpiada mərhələsinə mediatur təşkil olunub. Mediaturda Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşları, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, sahə üzrə blogerlər və media nümayəndələri iştirak ediblər. Olimpiadanı izləyən mediatur iştirakçılarına məlumat verilib ki, “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin əsas məqsədi məktəblilər arasında rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, proqramlaşdırma sahəsində onların biliklərini artırmaq, İT üzrə istedadlı məktəbliləri müəyyən edərək onlar üçün gələcək inkişaf imkanları yaratmaqdır. Qeyd edilib ki, mərkəzləşdirilmiş qaydada təşkil olunmuş imtahanda şagirdlərə 3 saat ərzində bilik və bacarıqlarını nümayiş etdirmələri üçün 10 tapşırıq təqdim olunub. İmtahan Bakı, Sumqayıt, Gəncə və digər şəhərlər də daxil olmaqla ümumilikdə 12 mərkəzdə təşkil olunub. İmtahandan yüksək nəticə göstərən şagirdlər yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar. Müsabiqənin final mərhələsində 120 iştirakçıdan ibarət 30 komanda yarışacaq. Qalib komandaları dəyərli mükafatlar və xüsusi hədiyyələr gözləyir.
31/05/2025 11:30
İdris İsayev Özbəkistanın ali təhsil, elm və innovasiyalar naziri ilə görüşüb
Mayın 30-da Özbəkistan Respublikasının Daşkənd şəhərinə səfəri çərçivəsində elm və təhsil nazirinin müavini İdris İsayev Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar naziri Konqratbay Şaripov ilə görüşüb. Görüş çərçivəsində universitetlərarası əməkdaşlıq, o cümlədən elm və ali təhsil sahəsində inkişaf perspektivləri müzakirə edilib. Səfər zamanı elm və təhsil nazirinin müavini İdris İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin büstünü və Heydər Əliyev adına Mədəniyyət Mərkəzini də ziyarət edib.
30/05/2025 19:52
Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edib
Mayın 30-da elm və təhsil naziri Emin Əmrullayev Astara şəhərində vətəndaşları qəbul edib. Qəbulda Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad və Yardımlı sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Qəbul zamanı vətəndaşlar xarici diplomların tanınması, direktorların işə qəbulu, məktəb tikintisi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
30/05/2025 17:00
“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin olimpiada mərhələsi keçirilib
Mayın 30-da Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin olimpiada mərhələsi baş tutub. “Milli Hakaton”un seçim mərhələsində yüksək nəticə göstərmiş 1640 şagird olimpiada mərhələsində iştirak edib. Şagirdlərə mərkəzləşdirilmiş qaydada təşkil olunmuş imtahanda 3 saat ərzində bilik və bacarıqlarını nümayiş etdirmələri üçün 10 tapşırıq təqdim olunub. Burada şagirdlər “Kombinatorika”, “Məntiqi ifadələr”, “Cədvəllər”, “Oyun nəzəriyyəsi”, “Alqoritmlərin təhlili”, “Məntiqi tənliklər” və digər mövzuları əhatə edən sualları cavablandırıblar. Xatırladaq ki, imtahan Bakı, Sumqayıt, Gəncə və digər şəhərlər də daxil olmaqla ümumilikdə 12 mərkəzdə təşkil olunub. İmtahandan yüksək nəticə göstərən şagirdlər yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar. Qeyd edək ki, dörd mərhələ və finaldan ibarət olan hakaton müddətində iştirakçılar test tapşırıqları, komanda işi və layihə hazırlığı kimi yaradıcı və innovativ fəaliyyətlərdə iştirak edəcəklər. III və IV mərhələlər 5 müxtəlif regionda təşkil ediləcək. Bu mərhələlərdə iştirakçılar üçün onların bilik və bacarıqlarının inkişafı üçün maarifləndirici sessiya və seminarlar keçiriləcək. Müsabiqənin final mərhələsində 120 iştirakçıdan ibarət 30 komanda yarışacaq. Qalib komandaları dəyərli mükafatlar və xüsusi hədiyyələr gözləyir.
30/05/2025 16:30
Özbəkistanda “Study in Azerbaijan” təhsil sərgisi keçirilib
Azərbaycan və Özbəkistan arasında elm və ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə 27–31 may tarixlərində Elm və Təhsil Nazirliyinin və ali təhsil müəssisələrinin rəhbər heyətinin Özbəkistana səfəri çərçivəsində Daşkənddə “Study in Azerbaijan” təhsil sərgisi təşkil olunub. Sərgi Azərbaycan–Özbəkistan Hökumətlərarası Komissiyasının 13-cü iclasının protokolunda nəzərdə tutulan tapşırıqların icrası istiqamətində atılmış mühüm addımlardan biridir. Sərgidə ölkəmizi 17 ali təhsil müəssisəsi təmsil edib. Azərbaycan universitetlərinin stendlərində iştirakçılara müxtəlif ixtisaslar üzrə təhsil imkanları, təqaüd proqramları və ölkəmizdə tələbə həyatı barədə ətraflı məlumat təqdim olunub. Açılış mərasimində Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Şahrux Daliyev, elm və təhsil nazirinin müavini İdris İsayev və Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev çıxış ediblər. Çıxış edənlər elm və ali təhsilin beynəlmiləlləşməsi kontekstində iki ölkə arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb, sərginin təhsil və mədəni əlaqələrin inkişafına töhfə verəcəyinə əminliklərini ifadə ediblər. Qeyd edək ki, sərginin əsas məqsədi mədəniyyətlərarası əlaqələri gücləndirmək, tələbə mübadiləsini təşviq etmək və Azərbaycanda təhsil alan xarici tələbələrin sayını artırmaqdır.
30/05/2025 16:14
Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti “Microsoft” İnnovasiya Mərkəzində olub
28–29 may 2025-ci il tarixlərində Dubay şəhərində yerləşən “Microsoft” İnnovasiya Mərkəzində Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti ilə “Microsoft”un regional komandası arasında süni intellekt və təhsil sahəsində əməkdaşlıq imkanlarına dair görüşlər keçirilib. Nümayəndə heyətinə elm və təhsil nazirinin müavini Həsən Həsənli rəhbərlik edib. Görüşlər zamanı süni intellekt texnologiyalarının təhsildə tətbiqi, məlumatların idarə olunması və təhsilə uyğunlaşdırılmış böyük dil modellərinin (LLM for Education) inkişafı mövzularında ətraflı fikir mübadiləsi aparılıb. Tədbir çərçivəsində "Microsoft"un təhsildə transformasiya sahəsindəki yanaşması təqdim edilib, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər müzakirə olunub. Eyni zamanda süni intellektin idarəetmə və tədris proseslərində praktiki istifadəsinə dair real nümunələr göstərilib. Görüşlərdə təhsilə yönəlik böyük dil modellərinin (LLM) yaradılması üzrə texniki planlama sessiyaları təşkil olunub, etik və məsuliyyətli süni intellekt istifadəsinə dair "Microsoft"un yanaşması təqdim edilib. Görüşlər nəticəsində təhsilin rəqəmsal transformasiyasının sürətləndirilməsi, süni intellektin inteqrasiyası və proseslərin inkişafı baxımından yanaşmalar əlaqələndirilib.
30/05/2025 09:54
Nazir müavini Firudin Qurbanov Göygöldə olub
Mayın 29-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov Göygöl rayonuna səfəri çərçivəsində bir sıra görüş, təhsil müəssisələrinə baxış və vətəndaş qəbulu keçirib. İlk olaraq Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovla birgə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Sonra nazir müavini Göygöl rayon Üçtəpə kənd Ə.Məmmədov adına tam orta məktəbin pedaqoji kollektivi və şagirdləri ilə görüşüb. Məktəbdə mövcud şəraitlə tanış olan nazir müavini tədris prosesini izləyib, şagird və müəllimlərlə səmimi söhbət aparıb. Daha sonra Firudin Qurbanov Göygöl şəhər 4 nömrəli körpələr evi – uşaq bağçasında olub. Burada müəssisənin fəaliyyəti və mövcud şəraiti ilə yaxından tanış olub. Nazir müavini həmçinin regionda fəaliyyət göstərən təhsil müəssisələrində çalışan gənc müəllimlərlə görüş keçirərək tədrisin keyfiyyəti ilə bağlı müzakirələr aparıb, təhsil işçilərinin təklif və fikirlərini dinləyib. Səfər çərçivəsində Firudin Qurbanov vətəndaş qəbulu da keçirib. Müraciətlər əsasən işlə təmin olunma və digər məsələləri əhatə edib. Nazir müavini vətəndaşlar tərəfindən edilən hər bir müraciətin operativ olaraq araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.
29/05/2025 17:00
Emin Əmrullayev ADPU–CVU ikili diplom proqramının IV məzun buraxılışında iştirak edib
Mayın 29-da Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə ABŞ-nin Corc Vaşinqton Universitetinin (CVU) ikili diplom magistr proqramının dördüncü məzun buraxılışı keçirilib. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Maykl Foyer və məktəbin professoru Kolin Qrin, habelə Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondunun məsul əməkdaşları, ADPU, Corc Vaşinqton Universitetinin nümayəndələri, proqramın məzunları iştirak ediblər. Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov məzunları təbrik edib, onlara uğurlar arzulayıb. Rektor çıxışında qeyd edib ki, təhsil siyasəti və idarəetməsi ixtisası üzrə ikili diplom magistr proqramının builki məzunlarının sayı 37 nəfərdir. İlk dəfə 2020-ci ildə qəbul aparılan proqram üzrə əvvəlki 3 il ərzində 83 nəfər məzun olub və builki məzunlarla birgə ümumi say 120 nəfərə çatır. Rektor məzunların proqram sayəsində əldə etdikləri bilik və bacarıqların Azərbaycan təhsil sisteminin inkişafında böyük rol oynayacağına əminliyini ifadə edib. Daha sonra çıxış edən Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Maykl Foyer proqramın uğurlarından bəhs edərək qeyd edib ki, Azərbaycan və ABŞ arasında təhsil əməkdaşlığı artıq strateji mahiyyət daşıyır və bu cür akademik tərəfdaşlıqlar beynəlxalq elmi mübadilənin inkişafına töhfə verir. Elm və təhsil naziri Emin Əmrullayev çıxışında proqramın dövlət təhsil siyasətindəki yerini xüsusi qeyd edib. Nazir vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyevin təsdiqlədiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində bir neçə ikili diplom proqramı həyata keçirilir və müsbət təsirləri artıq müşahidə olunur. Bu proqramlardan mindən çox şəxs artıq məzun olub və onlar həm şəxsi inkişaf, həm də ölkənin gələcəyi üçün mühüm fayda vermək imkanı qazanıblar. Emin Əmrullayev çıxışında Dövlət Neft Fonduna da təşəkkürünü çatdıraraq bildirib ki, bu təşəbbüslər Azərbaycanın uzun illər inkişafına böyük töhfə vermiş neft gəlirlərinin insan sərvətinə, yəni “qara qızılın insan qızılına çevrilməsi” konsepsiyası çərçivəsində görülən işlərin bariz nümunəsidir. Nazir məzunların iki müxtəlif təhsil sisteminin bilik və təcrübəsini birləşdirərək müasir idarəetmə və tədris modellərinin yerli təhsil sistemində tətbiqinə töhfə verəcəklərini bildirib. Sonda təhsil siyasəti və idarəetməsi üzrə ADPU-CVU birgə ikili diplom magistr proqramının 2023-2024-cü tədris ilinin məzunlarına fəxri diplomlar təqdim olunub. Rəsmi mərasim ümumi xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb. Xatırladaq ki, ikili diplom proqramı Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondu və Dövlət Proqramı İdarəetmə Qrupunun dəstəyi ilə həyata keçirilir.
29/05/2025 14:20
Növbəti tədris ili üçün təkrar ali və orta ixtisas təhsili üzrə elektron sənəd qəbulu aparılır
2025-2026-cı tədris ili üçün əlavə təhsilin təkrar ali və orta ixtisas təhsili istiqaməti üzrə elektron sənəd qəbuluna başlanılıb. Sənəd qəbulu portal.edu.az üzərindən aparılır. Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali və orta ixtisas təhsil müəssisələrində təkrar ali və ya orta ixtisas təhsili üçün müraciət etmək istəyənlər www.portal.edu.az vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər. Portal vasitəsilə müraciətin cari statusu, müsahibə və imtahanlara dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək mümkündür.
29/05/2025 13:00
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
İqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev və İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfər edib.
ƏtraflıGənclər və İdman Nazirliyinin, “ASAN xidmət”in və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə mayın 8-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda Gənclər Forumu keçirilib. Forumda iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bildirib ki, bilik, bacarıq, yaradıcı yanaşma və komanda ilə işləmək qabiliyyəti müasir gənclər üçün əsas amillərdəndir və ölkənin inkişafında yaradıcı gənclərin rolu böyükdür. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23029-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #HeydərƏliyev #GənclərForumu
ƏtraflıMilanda Azərbaycan ali təhsilinə həsr olunmuş panel sessiya keçirilib İtaliyanın Milan şəhərində “Times Higher Education” reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən “Avropa Universitetlərinin Sammiti” çərçivəsində Azərbaycan ali təhsilinə həsr olunmuş panel sessiya təşkil edilib. “Azərbaycan təcrübəsi: universitetlər beynəlxalq strategiyasını necə formalaşdırır” mövzusunda keçirilən sessiyada Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov spiker qismində çıxış ediblər. Ülkər Səttarova çıxışında elm və ali təhsil sahəsində beynəlmiləlləşmə, bu istiqamətdə həyata keçirilən tərəfdaşlıqlar, Azərbaycanın beynəlxalq təhsil qrantı proqramları və “Study in Azerbaijan” layihəsinin əhəmiyyəti barədə danışıb. O, həmçinin beynəlxalq tədqiqat tərəfdaşlığı şəbəkəsinin genişləndirilməsinin vacibliyini qeyd edib. Ədalət Muradov isə Azərbaycan Dövlət İqtisad Universitetinin son illərdə beynəlxalq əməkdaşlıq və elmi tədqiqat fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlər, xarici tərəfdaş universitetlərlə icra olunan layihələr, əldə edilmiş nəticələr, qarşıda duran strateji hədəflər və planlaşdırılan fəaliyyətlər barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb. #EATDA #THE #Sammit
Ətraflı