Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib. İclasda çıxış edən Samir Nuriyev işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin və ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu bildirib. Deyib ki, bu proses yalnız ərazilərin fiziki baxımdan bərpasını deyil, həmin torpaqlarda həyatın yenidən qurulmasını, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasını və keçmiş məcburi köçkünlərin doğma yurdlarına ləyaqətli qayıdışını nəzərdə tutan kompleks yanaşmanı əhatə edir. Qərargah rəhbərinin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə son illər həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində əsas prioritet baza infrastrukturunun yaradılması olub. Elektrik enerjisi, qaz və su təchizatı infrastrukturunun yenidən qurulması, yolların, körpülərin və tunellərin inşası regionda həyatın bərpası üçün ilkin zəruri şəraiti formalaşdırıb. Hazırkı mərhələdə isə dövlət tərəfindən ayrılan resursların mühüm hissəsi yaşayış fondunun genişləndirilməsinə, fərdi və çoxmənzilli evlərin tikintisinə və bərpasına yönəldilir. Bununla yanaşı, məktəblər, uşaq bağçaları, tibb məntəqələri və dövlət xidmətləri mərkəzləri kimi sosial obyektlərin fəaliyyətlərinin təşkili paralel şəkildə həyata keçirilir. Qeyd olunub ki, bu yanaşma öz doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərin ilk gündən normal həyat şəraitinə sürətli adaptasiyasına imkan verir. İşğaldan azad edilmiş ərazilərdə bu günədək ümumilikdə 41 yaşayış məntəqəsinin tikilərək və bərpa edilərək istifadəyə verildiyini, həmin ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışının təmin olunduğunu vurğulayan qərargah rəhbəri görülən işlər nəticəsində hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 80 mindən çox insanın yaşadığını və fəaliyyət göstərdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edilib ki, qarşıdakı dövrdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində köç prosesi daha da sürətlənəcək və Böyük Qayıdış Proqramının miqyası genişlənəcək. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə layihələrin icrası Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Proqramda nəzərdə tutulmuş tədbirlər ardıcıl şəkildə icra olunur, bu isə qarşıya qoyulan məqsədlərə mərhələli şəkildə nail olunmasına və bərpa-quruculuq prosesinin uğurla davam etdirilməsinə imkan yaradır. S.Nuriyev vurğulayıb ki, məskunlaşmanın dayanıqlılığı birbaşa məşğulluq imkanlarının yaradılması ilə bağlıdır. Bu baxımdan yeni iş yerlərinin açılması, kənd təsərrüfatı, xidmət sektoru, istehsal, tikinti və logistika sahələrində fəaliyyət imkanlarının genişləndirilməsi, həmçinin sahibkarlığın təşviqi, investorların cəlb olunması və dəstək mexanizmlərinin tətbiqi mühüm əhəmiyyət daşıyır. Qərargah rəhbəri tarixi, mədəni və dini abidələrin bərpasının Böyük Qayıdış prosesinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək, bunun milli-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. Daha sonra iclasın gündəliyinə uyğun olaraq, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin fəaliyyəti, habelə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində görülən işlər barədə məlumatlar təqdim olunub. Məskunlaşma, iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişafı və mədəni irsin bərpası istiqamətində aparılan işlərə dair məruzələr dinlənilib. İclasın yekununda Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş strateji vəzifələrin səmərəli icrası üçün zəruri tədbirlərin vaxtında həyata keçirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, hər bir məsələ üzrə konkret addımlar atılmalı və verilmiş tapşırıqlar operativ şəkildə icra olunmalıdır. AZƏRTAC
16/03/2026 15:25
Vətəndaş müraciətlərinin statistikası
Martın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi və tabeliyində olan qurumlara ümumilikdə 16 991 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 2 396-sı elektron qaydada, 1 080-i yazılı formada, 10 879-u çağrı mərkəzləri vasitəsilə qəbul edilib. Bundan əlavə, 2 636 müraciət vətəndaş qəbulu zamanı qeydə alınıb. Daxil olan müraciətlər əsasən şagird yerdəyişməsi, məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat, olimpiada və müsabiqələr, xarici diplomların tanınması və digər təhsil məsələləri ilə bağlı olub.
16/03/2026 15:00
“Böyük tənəffüs”: məktəblilər üçün yeni idman yarışı televiziya layihəsi başlayıb
Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və İdman TV-nin birgə əməkdaşlığı çərçivəsində məktəblilər arasında “Böyük tənəffüs” adlı idman yarışı televiziya layihəsinə start verilib. Layihənin məqsədi ümumi təhsil müəssisələrində təhsilalanların fiziki aktivliyini artırmaq, onların idmana marağını gücləndirmək, sağlam həyat tərzini təşviq etmək və şagirdlərin psixoloji inkişafını dəstəkləməkdir. Layihə fiziki tərbiyə fənninin kurikulum tələbləri, təlim nəticələri və şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb. Cari tədris ilində yarışlar Olimpiya Mədəniyyəti və Təhsili Proqramına (OCEP) qoşulmuş 27 ümumtəhsil məktəbi arasında keçirilir. Yarışlar TOPs pedaqoji metodologiyasına əsaslanan estafet formatında təşkil olunur. Enerji, komanda ruhu və idman həyəcanı – “Böyük tənəffüs” layihəsinin anons videosu ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=WP8JBvprrvQ Yarışın buraxılışlarını İdman TV kanalından izləmək mümkündür. İdmansevərləri və bütün məktəbliləri bu maraqlı və dinamik yarışı izləməyə dəvət edirik.
16/03/2026 14:30
Nazir müavini İsrailin ölkəmizdəki səfiri ilə görüşüb
Elm və təhsil nazirinin müavini Həsən Həsənli İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb. Görüş çərçivəsində elm və təhsil sahəsində əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.
13/03/2026 17:12
Nazir müavini Firudin Qurbanov Bərdədə vətəndaşları qəbul edəcək
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov 3 aprel tarixində Bərdə şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Bərdə və Ağdam sakinləri iştirak edə bilərlər. Adları çəkilən rayonların sakinləri 19 mart (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
13/03/2026 16:15
Elm və təhsil naziri Şuşada vətəndaşları qəbul edib
Martın 11-də elm və təhsil naziri Emin Əmrullayev Şuşa şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Şuşa, Xankəndi və Xocalı sakinləri iştirak ediblər. Qəbul zamanı vətəndaşlar iş yerinin dəyişdirilməsi, işə qəbul, sertifikatlaşdırma və digər məsələlərlə bağlı müraciətlər ediblər. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
11/03/2026 14:45
Elm və təhsil naziri Şuşada tədris prosesini izləyib
Martın 11-də elm və təhsil naziri Emin Əmrullayev Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə olub. Nazir məktəbdə yaradılmış şərait və tədris prosesi ilə yaxından tanış olub, dərsləri izləyib, müəllim və şagird kollektivi ilə fikir mübadiləsi aparıb. Daha sonra məktəbin STEAM mərkəzinə baxış keçirilib. Nazir şagirdlərin hazırladıqları layihələrlə tanış olub, onların innovativ ideyalarını dinləyib və bu istiqamətdə əldə etdikləri nailiyyətləri yüksək dəyərləndirib. Sonda şagirdlərin ifasında Novruz bayramına həsr olunmuş şənlik proqramı təqdim edilib.
11/03/2026 12:24
IV “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat başlayır
Martın 11-dən Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə “Maarifçi” tələbə-məzun təcrübə proqramının növbəti – IV mərhələsinə qeydiyyat prosesi başlayır. Bu dəfə “Rəqəmsal gələcək” şüarı ilə keçirilən proqram Azərbaycan Respublikasının vətəndaşı olan, bakalavriat səviyyəsinin sonuncu kurs tələbələri və magistratura səviyyəsində təhsil alanlar, həmçinin son 3 il ərzində təhsilini başa vurmuş məzunlar üçün nəzərdə tutulub. Proqrama müraciət üçün keçid: https://anket.edu.az/user/309 4 ay davam edəcək “Maarifçi” proqramı çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyinin müxtəlif struktur bölmələri və tabe qurumlarında, regional təhsil idarələrində, eləcə də Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçmək imkanına sahib olacaqlar. Proqramın məqsədi tələbə və yeni məzun olmuş gənclərə real iş mühitində təcrübə qazandırmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini praktikada tətbiq etmələrinə və peşəkar vərdişlər əldə etmələrinə dəstək olmaqdır. Qeyd edək ki, 2024–2025-ci illərdə proqram artıq üçüncü dəfə ardıcıl olaraq uğurla həyata keçirilib və ümumilikdə 102 nəfər məzun olub. Onlardan 50 nəfəri Elm və Təhsil Nazirliyi və tabe qurumlarında, eləcə də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində işlə təmin olunub.
11/03/2026 10:03
Nazir işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev martın 10-da Ağdam şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrinin müəllimləri ilə görüş keçirib. Sözügedən təhsil müəssisələrinin rəhbər heyətinin də iştirak etdiyi görüşdə nazir çıxışı zamanı işğaldan azad olunmuş ərazilərdə müasir tədris mühitinin yaradılması və müəllimlərin peşə fəaliyyətini dəstəkləyəcək şəraitin formalaşdırılması istiqamətində görülən işləri qeyd edib. Nazir həmçinin məktəb-valideyn əməkdaşlığının gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, təhsil işçilərinin peşəkar potensialının artırılması işğaldan azad edilmiş ərazilərdə təhsil sisteminin dayanıqlı inkişafının əsas amillərindən biridir. Elm və təhsil naziri müəllimlərin qayğı və problemlərini, səsləndirilən təklifləri dinləyib, onların səylərini yüksək qiymətləndirərək Böyük Qayıdış çərçivəsində təhsil sahəsinin inkişafına verdikləri töhfələrin əhəmiyyətini xüsusi vurğulayıb. Görüşdə yaradılmış təhsil infrastrukturu və qarşıda duran əsas vəzifələr, eyni zamanda tədrisin keyfiyyəti, innovativ tədris metodlarının tətbiqi və müasir təhsil proqramlarının uğurla icrası ilə bağlı vacib məqamlar müzakirə olunub. Sonda qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə keyfiyyətli və dayanıqlı təhsil mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək. Görüşdən sonra Ağdam şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində yaradılmış şərait, eləcə də STEAM mərkəzi ilə tanışlıq olub.
10/03/2026 19:46
Elm və təhsil naziri Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
Martın 10-da elm və təhsil naziri Emin Əmrullayev Xankəndi və Xocalı şəhərlərinə səfəri çərçivəsində bir sıra təhsil müəssisələrində tədris prosesi və yaradılmış şəraitlə yaxından tanış olub. Nazir ilk olaraq Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə olub. Məktəbdə dərs prosesini izləyən nazir burada yaradılan müasir tədris mühiti ilə tanış olub, müəllim və şagirdlərlə söhbət edib. Görüş zamanı işğaldan azad olunmuş ərazilərdə məktəblərin fəaliyyətinin bərpası, müasir infrastrukturun yaradılması və keyfiyyətli təhsil mühitinin formalaşdırılması istiqamətində ardıcıl və sistemli işlər həyata keçirildiyi vurğulanıb. Səfər çərçivəsində nazir Xankəndi şəhəri 1 nömrəli körpələr evi-uşaq bağçasında da olub. Bağçada təlim-tərbiyə prosesinin təşkili ilə tanış olan nazir həmçinin uşaqların iştirakı ilə təşkil olunan Novruz şənliyini izləyib. Daha sonra nazir Xocalı şəhəri 1 nömrəli tam orta məktəbdə tədris prosesini izləyib, müəllim və şagird kollektivi ilə görüşüb, burada yaradılmış şəraitlə tanış olub. Səfər çərçivəsində Emin Əmrullayev Xocalı şəhəri 1 nömrəli tam orta məktəbin Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Nazilə Məmişovanın ailəsini də ziyarət edib. Bildirilib ki, Nazilə Məmişovanın atası və qardaşı Vətən uğrunda şəhid olublar. Nazir görüş zamanı şəhidlərin xatirəsinin hər zaman böyük ehtiramla yad edildiyini və onların Vətən uğrunda göstərdiyi qəhrəmanlığın heç vaxt unudulmayacağını vurğulayıb.
10/03/2026 14:49
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı