Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Qubada sertifikatlaşdırmaya dair görüş

İyunun 24-də Quba  rayonunda Quba-Xaçmaz  Regional Təhsil İdarəsinə tabe bölgələrin bir qrup ibtidai sinif müəllimi ilə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib.   Görüşdə Quba, Xaçmaz , Qusar, Şabran və Siyəzən rayonları üzrə ümumi təhsil müəssisələrində çalışan direktor və ibtidai sinif müəllimləri iştirak edib.   Giriş nitqi ilə çıxış edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev qonaqları salamlayaraq görüşün mahiyyəti barədə məlumat verib.   Çıxış edən Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli  təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təşkil edilməsinin məqsədi barədə danışıb.   Görüşdə ARTİ-nin Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Direktoru Nəzakət Mehdiyeva   sertifikatlaşdırma prosesi ilə bağlı təqdimatla çıxış edib və ətraflı məlumat verib.   Çıxış edən Təhsil İnstitutunun direktoru Rüfət Əzizov sertifikatlaşdırmanın mərhələləri, məzmunu ilə bağlı məsələlər barədə fikirlərini bölüşüb. Təhsil Nazirliyi tərəfindən sertifikatlaşdırma prosesində iştirak edəcək təhsilverənlərə dəstək tədbirlərinin görüləcəyi də vurğulanıb.   Sonda görüş iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.  

“CyberCamp 2022”ə qeydiyyat davam edir

4 – 9 iyul 2022-ci il tarixlərində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə Qubada “CyberCamp 2022” yay düşərgəsi təşkil ediləcək.   Yay düşərgəsində iştirak etmək arzusunda olan və qeyd olunan tələblərə uyğun gələn şəxslərdən aşağıdakı keçidə daxil olaraq qeydiyyatdan keçmələri xahiş olunur.  Qeydiyyat üçün keçid: https://anket.edu.az/link/186   Qeydiyyat üçün müraciətlərin son qəbul tarixi 27 iyun 2022-ci il müəyyən olunub. Qeydiyyatdan keçmiş iştirakçıların ilkin biliklərinin yoxlanılması üçün test imtahanı təşkil ediləcək. İmtahandan uğurla keçən şəxslər düşərgədə iştirak hüququ qazanacaq. Düşərgədə iştirakçı sayı məhduddur. Seçilən şəxslərə yay düşərgəsi barədə məlumatlar elektron poçt vasitəsilə göndəriləcək.   “CyberCamp” zamanı iştirakçılar üçün kibertəhlükəsizlik üzrə laboratoriya mühitində aşağıdakı istiqamətlərdə praktiki fəaliyyətlərin təşkili planlaşdırılır: Veb-proqram təminatlarında rast gəlinən və "TOP 10 OWASP" üzrə klassifikasiya olunan təhlükəsizlik çatışmazlıqlarını əhatə edən laboratoriya işləri (CTF formasında); Əməliyyat sistemlərində imtiyazların yüksəldilməsi; Zərərli proqram təminatının analizi və tərsinə mühəndisliyə aid tapşırıqlar; Kriptoqrafiyaya aid tapşırıqlar.   Yay düşərgəsində aşağıdakı şəxslərin iştirakı nəzərdə tutulur: Kompüter elmləri, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları və ya kibertəhlükəsizlik ixtisasları üzrə III və IV kursda təhsil alan bakalavrlar, həmçinin magistratura təhsili alan tələbələr; Qeyd edilən sahə üzrə bilik və bacarıqları olan digər ixtisas tələbələri.   Düşərgə çərçivəsində iştirakçılara peşəkar, çevik və innovativ mütəxəssislər dəstək olacaq. İştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədilə düşərgədə müxtəlif idman və bilik yarışları da təşkil olunacaq.    Qeyd edək ki, layihənin məqsədi kibertəhlükəsizlik sahəsində özünü inkişaf etdirmək istəyən və bu sahədə karyera hədəfləri olan tələbə və gənclərin bir mühitdə toplanması, komanda işinə cəlb olunması və yeni iş imkanları əldə etməsinə şərait yaratmaqdır.    Düşərgə ilə bağlı əlaqə yaratmaq istəyənlər suallarını apply@konullu.edu.az (subject: Cybercamp) elektron poçt ünvanına göndərə bilərlər.  

Şagird sayı 500-dək olan məktəblərə direktor təyinatına start verilir

İyunun 24-dən şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılır. Proses 30 iyun tarixinədək davam edəcək. Müraciət etmək istəyən şəxslər zəruri sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu təhsil idarəsinə təqdim edə bilərlər. Şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqə (test və müsahibə) yolu ilə Regional təhsil idarələri tərəfindən həyata keçiriləcək.   Ötən il üzrə direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplamış, lakin müsahibəyə dəvət olunmamış namizədlər müvafiq prosesdə yalnız müsahibə mərhələsində iştirak edəcəklər.   

Təhsil naziri Qazaxıstanda səfərdədir

Təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Türk Akademiyasının 5-ci iclasında iştirak etmək məqsədilə Qazaxıstan Respublikasında səfərdədir. 23 iyun tarixində nümayəndə heyəti Nur-Sultan şəhərində yerləşən “Quantum” STEM məktəbi və Nazarbayev intellektual məktəblərini ziyarət edib, hər iki müəssisədə yaradılan şəraitlə tanış olub.   Nümayəndə heyətinə hər iki müəssisənin nailiyyətləri haqqında ətraflı məlumat verilib və Azərbaycandan olan tərəfdaşlarla əməkdaşlıqda maraq ifadə edilib.   Sözügedən tarixdə nümayəndə heyəti həmçinin Peşə texniki kolleci və İctimai iaşə və xidmət kollecini ziyarət edib. Ziyarət zamanı nümayəndə heyəti müəssisələrin fəaliyyəti və tələbələr üçün yaradılan şəraitlə tanış olub.   Həmin gün təhsil naziri Emin Əmrullayev Qazaxıstan Respublikasının maarif naziri Asxat Aymaqambetov ilə görüşüb. Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində mövcud əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransına start verilib

İyunun 23-də UNEC-in təşkilatçılığı ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransının açılış mərasimi olub.   Açılışdan öncə konfrans iştirakçıları Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək, önünə əklil qoyublar və əziz xatirəsini dərin ehtiramla yad ediblər.   Açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, UNEC rektoru Ədalət Muradov, millət vəkilləri, dövlət və özəl qurumların nümayəndələri, alim və tədqiqatçılar iştirak ediblər.   Konfransın açılışında çıxış edən rektor Ədalət Muradov iştirakçıları salamlayaraq, konfransın işinə uğurlar arzulayıb. Rektor hər il keçirilən və dünyanın müxtəlif ölkələrinin tədqiqatçılarını bir platformada toplayan konfransa marağın ildən-ilə artdığının sevindirici olduğunu deyib. Qeyd olunub ki, 27 ölkədən təqdim olunan 613 tədqiqat işindən 270-i konfransda məruzə olunmaq üçün qəbul edilib. Konfrans çərçivəsində işğaldan azad olunan bölgələrin iqtisadi potensialı ilə bağlı seçilmiş tədqiqat işlərindən ibarət “Qarabağda biznes mühiti və kiçik və orta biznesin inkişafı”, “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında investisiyaların rolu” və “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının qiymətləndirilməsi” adlı 3 kitab nəşr olunub.   Konfransda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkənin iqtisadi inkişafı, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması, elm və təhsilin inkişafı istiqamətində qəbul edilən dövlət proqramlarından söz açıb. Dünya iqtisadiyyatının və elminin qarşısında duran vəzifələrə toxunan nazir müavini alternativ enerji ehtiyatları, yaşıl iqtisadiyyatın inkişafının vacibliyinə diqqət çəkərək, bu istiqamətdə ali təhsil müəssisələrinin də üzərinə böyük məsuliyyət düşdüyünü deyib. Firudin Qurbanov konfransa təqdim olunan məqalələrin və konfransın müzakirə mövzularının ölkəmizin, eləcə də dünyanın gələcək inkişafına töhfələr verəcəyindən əminliyini ifadə edib.   Paşa Holdinq şirkətlər qrupunun baş iqtisadçısı Elman Eminov əmək bazarında baş verən dəyişikliklər və ali təhsil müəssisələrinin bu istiqamətdə rolundan danışıb.    Konfrans Təhsil, Elm, İnnovasiya və Sahibkarlıq mövzusunda yerli və xarici mütəxəssislərin panel çıxışları ilə davam edib.   Çıxışlardan sonra konfransın əsas iştirakçılarına təşəkkür plaketləri təqdim olunub.   Konfransın ikinci hissəsində “Dairəvi iqtisadiyyat və yaşıl artımın maliyyələşdirilməsi” mövzusunda panel müzakirələr aparılıb.   Konfrans çərçivəsində “Qarabağ Azərbaycandır” adlı UNEC tələbələrinin əl işlərindən ibarət sərgini, eləcə də UNEC tələbələrin canlı heykəltəraşlıq nümunəsini iştirakçılar maraqla izləyiblər.   İyunun 26-dək davam edəcək konfransda dünyanın müxtəlif ölkəsindən olan 50-ə yaxın mütəxəssisin, dövlət, özəl sektor və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə 12 “workshop” təşkil olunacaq.   “Workshop”larda universitet-sənaye iş birliyi, biznes idarəçiliyində agile yanaşma, metavers və təhsil, tələbə sahibkarlığı, ali təhsildə rəqəmsal bacarıqlar, enerji amili və davamlı iqtisadi inkişaf, pandemiyanın sosial iqtisadi təsirləri, innovasiya ekosistemi və universitetlər, süni intellekt və iqtisadiyyatda təsirləri, davranış iqtisadiyyatı, səhiyyə menecmenti və rəqəmsal iqtisadiyyat mövzularında maraqlı müzakirələr keçiriləcək.

Lənkəranda “Yay məktəbi” çərçivəsində festival keçirilib

İyunun 23-də Təhsil Nazirliyi, Lənkəran Peşə Liseyi və “Carnaval” otelin dəstəyi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Lənkəran məktəblilərinin yay festivalı keçirilib.    “Yay məktəbi” layihəsi çərçivəsində baş tutan festival Lənkəran Peşə Liseyinin "Peşə vadisi" və “Carnaval” otelinin ərazisində təşkil edilib.    Festivalda Lənkəran və Astara üzrə ümumtəhsil məktəblərindən 1000-ə yaxın  şagird, valideyn və müəllimlər, eyni zamanda bölgənin ölkə üzrə nüfuzlu ziyalıları, təhsil işçiləri, millət vəkilləri və ictimai xadimlər iştirak edib.    Festivalda açılış nitqi ilə çıxış edən Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov iştirakçıları salamlayaraq festivalın təşkilində əsas məqsədin şagirdlərin asudə vaxtının səmərəli təşkili, onların əylənərək öyrənmə bacarıqlarının formalaşdırılmasından ibarət olduğunu diqqətə çatdırıb.    Daha sonra çıxış edən millət vəkili Rəşad Mahmudov, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati, “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu, peşəkar təlimçi və mentor Toğrul Ələkbər, kitab bloqeri Sərxan Rüstəmov şagirdlərin fərdi və peşəkar inkişafı, onlarda mütaliə bacarıqlarının formalaşdırılması yönündə tövsiyələrini diqqətə çatdırıblar. Həmçinin "Teknofest Azərbaycan"da "Robototexnika" müsabiqəsi üzrə qalib olan Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri uğur hekayələrini şagirdlərlə bölüşüblər.    Daha sonra iştirakçılar festival çərçivəsində yaradılmış müxtəlif stendlərlə tanış olublar.  Stendlər sırasında Təhsil Nazirliyinin STEAM, “Rəqəmsal bacarıqlar”, "Peşə təmayüllü siniflər" layihələri çərçivəsində qurulmuş stendlər də xüsusi maraq doğurub.    Festivalda həmçinin şagirdlər arasında bilik yarışmaları, futbol oyunları keçirilib, "Qarabağın təbii sərvətləri", "Kimya və təbiət", "Elektrik cərəyanı və işlədicilərinin distant idarəsi" mövzularında inteqrativ dərslər tədris edilib.  Eyni zamanda  peşə təmayüllü siniflərin, STEAM layihəsinin şagirdlərinin yaradıcılıq sərgisi, milli mətbəx nümunələri, rəsm və kitab sərgisi nümayiş olunub.

SABAH qruplarına müəllim seçiminin vaxtı uzadılıb

Təhsil Nazirliyinin SABAH qruplarında 2022-2023–cü tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər işə dəvət olunur.    Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.   Qeyd edilən tələblərə cavab verən namizədlər 27 iyun saat 00:00-dək müraciət edə bilərlər.    Müsabiqə barədə ətraflı məlumatı linkə daxil olaraq əldə edə bilərsiniz.

“Coca-Cola məktəbli kuboku” turnirinə yekun vurulub

İyunun 23-də Təhsil Nazirliyi, AFFA və Coca-Cola şirkətinin birgə layihəsi olan “Coca-Cola məktəbli kuboku” turnirinin final qarşılaşması keçirilib.   Tədbirdə təhsil nazirinin müavini, Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov, AFFA-nın baş katibi Sərxan Hacıyev, vitse-prezidenti Vaqif Sadıqov və digər rəsmi şəxslər iştirak edib.    Final qarşılaşmasında Sumqayıt şəhər 28 nömrəli tam orta məktəb və Zaqatala rayon Sumaylı kənd tam orta məktəblərin komandaları qarşılaşıb. Rəqibini 4:1 hesabı ilə məğlub edən Sumqayıt şəhərinin yetirmələri “Coca-Cola məktəbli kuboku” turnirinin 2021-2022-ci il mövsümünün qalibi olub. Turnirdə 3-cü yeri Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Aşağı Daşarx tam orta məktəbin komandası tutub.   Final qarşılaşmasından sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Məktəbli futbolçulara kubok, medal, xatirə hədiyyələri, turnirin "Ən yaxşı oyunçu", “Ən məhsuldar oyunçu”, “Fair play” nominasiyaları üzrə qaliblərinə mükafatlar təqdim olunub.   Qeyd edək ki, “Coca-Cola məktəbli kuboku” ölkə üzrə keçirilən ən kütləvi futbol yarışmasıdır.

Lənkəran məktəblilərinin yay festivalı

İyunun 23-də Təhsil Nazirliyi, Lənkəran Peşə Liseyi və “Carnaval” otelin dəstəyi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə "Lənkəran məktəblilərinin yay festivalı"na start verilib.   Festival Lənkəran Peşə Liseyinin "Peşə vadisi" və “Carnaval” otelinin ərazisində təşkil edilib.    Festivalda Lənkəran və Astara üzrə ümumtəhsil məktəblərindən 700 şagird, 100-dən çox valideyn və müəllim, eyni zamanda bölgənin ölkə üzrə nüfuzlu ziyalıları, təhsil işçiləri, millət vəkilləri və ictimai xadimlər iştirak edir.   Festivalda “Yay məktəbi” çərçivəsində bilik yarışmaları, futbol oyunları keçirilir, fənlər üzrə nümunəvi dərslər tədris edilir, həmçinin peşə təmayüllü siniflərin, STEAM layihəsinin şagirdlərinin yaradıcılıq sərgisi nümayiş etdirilir. Eyni zamanda, festival çərçivəsində  milli mətbəx nümunələri, rəsm və kitab sərgisi ilə də tanış olmaq mümkündür.     Tədbirin bədii hissəsində tamaşa və konsert proqramı da nəzərdə tutulub.

Şagird sayı 500-dək olan məktəblərə direktor təyinatına start verilir

İyunun 24-dən şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılır. Proses 30 iyun tarixinədək davam edəcək. Müraciət etmək istəyən şəxslər zəruri sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu təhsil idarəsinə təqdim edə bilərlər. Şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqə (test və müsahibə) yolu ilə Regional təhsil idarələri tərəfindən həyata keçiriləcək. Ötən il üzrə direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplamış, lakin müsahibəyə dəvət olunmamış namizədlər müvafiq prosesdə yalnız müsahibə mərhələsində iştirak edəcəklər. 

15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan

Ətraflı
13/06/2026

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng

Ətraflı
13/06/2026

Şağan və Mərdəkanda "Son zəng" tədbiri

Ətraflı