Siyasi elmlər və diplomatiya üzrə yay məktəbi başa çatıb
9-14 iyul tarixlərində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Şamaxı rayonunda təşkil olunan "Siyasi elmlər və diplomatiya üzrə yay məktəbi" başa çatıb. Yay məktəbinin təşkilində əsas məqsəd tələbə və məzunların beynəlxalq münasibətlər, siyasi elmlər və diplomatiya mövzusu üzrə praktiki bilik və bacarıqlarının artırılması, onlara müxtəlif siyasi səpkili mövzulara dair interaktiv müzakirələrdə iştirak imkanı yaradaraq səmərəli platformanın yaradılmasıdır. 5 günlük yay məktəbində iştirakçılar üçün Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov, Topçubaşov Mərkəzinin tədqiqatçısı Ayaz Rzayev, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin müdiri Yalçın Rəfiyev, təhsil nazirinin müşaviri Nicat Məmmədli, Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəis müavini Ruslan Rzayev, Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) direktoru Elməddin Mehdiyev, BP-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlının təqdimatında müxtəlif mövzularda informativ sessiyalar keçirilib. Sessiya və mühazirələrdən sonra iştirakçıların əylənərək öyrənməsi və asudə vaxtlarının səmərəli istifadəsi məqsədilə müxtəlif mövzularda debat turniri, "Nə? Harada? Nə zaman?" bilik yarışması və Şamaxı Astrofizika Rəsədxanasına ekskursiyası təşkil olunub. Yay məktəbinin bağlanış mərasimi isə Bakı Slavyan Universitetində təşkil olunub. Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev və “Bir Könüllü” təşkilatının sədri Ülvi Əlizadə iştirakçılara təşəkkürlərini bildirərək, peşəkar dövlət xadimləri və diplomatların təqdimatı ilə keçirilən 5 günlük yay məktəbinin ölkəmizdə diplomatiya sahəsində ixtisaslı kadrların yetişməsində öz töhfəsini verəcəyinə ümidvarlıqlarını ifadə ediblər. Daha sonra düşərgə iştirakçılarına sertifikatlar təqdim olunub.
16/07/2022 15:00
"Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimi baş tutub
İyulun 16-da “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimi baş tutub. Açılış mərasimində müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təşkilat Komitəsinin üzvlərindən iqtisadiyyat naziri Mikayıl Cabbarov və təhsil naziri Emin Əmrullayev iştirak edib. Gənclər və idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri Fərhad Hacıyevin çıxışı ilə açıq elan olunan tədbir Təşkilat komitəsi üzvlərinin və ötən ilin “Yüksəliş” müsabiqəsi qaliblərindən Orxan Quliyevin nitqi ilə davam edib. İdarəçi rəhbərlər çıxışlarında “Yüksəliş” müsabiqəsinin yeni nəsil idarəçilərin aşkara çıxarılması və formalaşmasında oynadığı əhəmiyyətli rolu vurğulayıb, müasir idarəçiliyin tələblərinə və rəqabətli insan kapitalının önəminə diqqət çəkiblər. İqtisadiyyat naziri Mikayıl Cabbarov öz çıxışında idarəçiliyin əsas şərtlərindən birinin məsuliyyəti dərk etmək olduğunu və müasir dövrün idarəçisi olaraq individuallıqdan komanda işinə keçməyin əhəmiyyətini qeyd edib. Mikayıl Cabbarov bildirib ki, idarəçiyə etimad, etibar və inam önəmlidir. Təhsil naziri Emin Əmrullayev çıxışında təhsildə kompetensiyaların hesablanmasının əhəmiyyətindən danışaraq bir sıra hallarda data əsaslı qərar verməklə yanaşı reallığa və kontekstə uyğun qərar verilməsi gərəkdiyini bildirib. Nazir vurğulayıb ki, idarəçinin əsas missiyalarından biri reallığı dəyişməkdir və əsl idarəçi bu kimi çətin vəziyyətlərdə necə qərar qəbul edəcəyinə əsasən müəyyən olunur. Daha sonra birinci “Yüksəliş” müsabiqəsi qaliblərindən Orxan Quliyev potensial idarəçi şəxslərin, intellektual şəxslərin bir araya toplanması, onların şəbəkələşməsi, bir-birlərinin peşəkar fəaliyyəti ilə yaxından tanış olmasının “Yüksəliş” müsabiqəsinin iştirakçılara qatdığı ən böyük dəyər olduğunu vurğulayıb. Gənclər və idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev sonda “Yüksəliş” müsabiqəsi finalçılarına səslənərək istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə layihənin keçirilməsində yaxından iştirak etdikləri üçün məmnunluq və qürur hissi duyduğunu bildirib və iştirakçılara uğurlar arzulayıb. Qeyd edək ki, finalda müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 116 nəfər iştirakçı mübarizə aparır. Final mərhələsi 3 gün davam edəcək və müsabiqə 17 iyulda yekunlaşacaq. Bu mərhələni uğurla keçən iştirakçıları 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir. "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
16/07/2022 14:20
"ASAN xidmət" mərkəzlərində magistraturaya elektron sənəd qəbulu xidməti
İyulun 15-dən vətəndaşlar Təhsil Nazirliyinin xidmətləri təklif olunan 5 və 7 saylı "ASAN xidmət" mərkəzlərində ali təhsilin magistratura pilləsi üzrə elektron sənəd qəbulu xidmətindən də yararlana biləcəklər. Vətəndaşlar ali təhsil müəssisəsinə getmədən https://portal.edu.az/ saytında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə sənəd qəbulunu həyata keçirə bilərlər. Qeydiyyat zamanı çətinlik yaşayan vətəndaşlar "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər. Qeyd edək ki, mərkəzlərdə sözügedən xidmətlə yanaşı, təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi, şagirdlərin elektron yerdəyişməsi, ümumi təhsil müəssisələrinin birinci sinflərinə şagird qəbulu, cari təhsilalanlar üçün elektron təhsil arayışları, təhsil tələbə kreditinə elektron müraciət xidmətlərindən yararlanmaq mümkündür. Xidmətlər haqqında daha ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz: https://asan.gov.az/az/category/asan-xidmetler/funksional-yardimci-xidmetler/tehsil-nazirliyi-terefinden-goesterilen-xidmetler-1
15/07/2022 17:30
Nazir çalışmanın yaş həddinə çatmış direktorlarla görüşüb
İyulun 15-də təhsil naziri Emin Əmrullayev çalışmanın yaş həddinə çatmış "Zəngi" liseyinin və "Elitar" gimnaziyanın direktorları ilə görüşüb. Görüşdə "Zəngi" liseyinin direktoru Almaz Əsgərova və "Elitar" gimnaziyanın direktoru Sevda Quliyeva iştirak edib. Təhsil naziri Emin Əmrullayev hər iki ümumi təhsil müəssisəsinin direktoruna 40 illik pedaqoji fəaliyyətləri dövründə təhsilin inkişafına verdikləri töhfəyə, gənc nəslin təlim-tərbiyəsi sahəsində uzunmüddətli səmərəli xidmətlərinə görə təşəkkür edib. Direktorlar da öz növbəsində onların əməyinə verilən dəyərə görə minnətdarlıqlarını ifadə ediblər. Sonda direktorlar Təhsil Nazirliyinin "Təşəkkürnaməsi” ilə təltif olunublar.
15/07/2022 16:45
Beynəlxalq Riyaziyyat Olimpiadasından 5 medal
6-16 iyul tarixlərində Norveçin paytaxtı Oslo şəhərində 63-cü Beynəlxalq Riyaziyyat Olimpiadası təşkil edilib. Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 1 gümüş, 4 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıb. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Toğrul Abbasov gümüş, Amin Cəfərzadə bürünc medal, həmin liseyin X sinif şagirdləri Fidan Qarayeva və Cəlil Hüseynov bürünc medal, Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin XI sinif şagirdi Elçin Musazadə bürünc medal, Bakı şəhəri 72 nömrəli tam orta məktəbin XI sinif şagirdi Cavad İsmayılzadə isə həvəsləndirici mükafat əldə edib. Qeyd edək ki, 104 ölkənin iştirak etdiyi bu nüfuzlu olimpiadada Azərbaycan komandası 34-cü yerə layiq görülüb. Məktəblilərimizi təbrik edir və uğurlar arzulayırıq!
15/07/2022 16:20
Məktəbəqədər təhsil müəssisələrində monitorinqlər davam etdirilir
Təhsil Nazirliyi tərəfindən dövlət məktəbəqədər təhsil müəssisələrində monitorinqlər davam etdirilir. Aparılmış monitorinqlər nəticəsində 10 nəfər məktəbəqədər təhsil müəssisənin müdiri işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunub, 3 nəfər bağça müdiri əvəzinin həvalə əmri ləğv olunub, 6 nəfər bağça müdirinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 5 nəfərə töhmət, 2 nəfərə isə xəbərdarlıq verilib. Qeyd edək ki, aparılmış yoxlamalar nəticəsində bundan əvvəl 11 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri işində yol verdiyi nöqsanlara görə, 30 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri isə çalışmanın yaş həddinə çatdığı üçün tutduğu vəzifədən azad olunub.
15/07/2022 16:00
Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib
İyulun 15-də müəllimlərin işə qəbulu üzrə test imtahanlarının izlənilməsi məqsədilə Azərbaycan Texniki Universitetinin idman kompleksinə infotur təşkil edilib. İnfoturda təhsil nazirinin müavini Muxtar Məmmədov, millət vəkilləri və media nümayəndələri iştirak ediblər. Qonaqlar imtahanın gedişini yaxından izləyib, bu proseslə bağlı fikir mübadiləsi aparıblar. Təhsil nazirinin müavini Muxtar Məmmədov infotur iştirakçılarına cari ildə müəllimlərin işə qəbulu prosesində tətbiq edilən yeniliklər barədə məlumat verib. Nazir müavini bildirib ki, müəllim tədris etdiyi fənn üzrə yaxşı biliyə malik olmalı və biliyini şagirdlərə düzgün çatdırmağı bacarmalıdır. Test imtahanı suallarının canlı yayımda təhlilinə toxunan nazir müavini bu prosesin əhəmiyyətini diqqətə çatdırıb. Daha sonra təhsilverənlərin sertifikasiya prosesindən danışan Muxtar Məmmədov müəllimlərin bu yöndə məlumatlandırılmasının vacibliyini vurğulayıb, bu prosesin əsas məqsədinin müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsindən ibarət olduğunu deyib. İnfoturda iştirak edən millət vəkilləri də öz növbəsində təhsil sahəsində aparılan yeniliklərdən, cəmiyyətdə müəllim peşəsinin nüfuzundan danışıblar. Həmçinin təhsil sahəsində aparılan islahatların uğurlu nəticələrindən söz açılıb, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlərə toxunulub. Qeyd edək ki, iyulun 14-dən start verilən müəllimlərin işə qəbulu imtahanları bu ayın 22-dək davam edəcək. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 54 745 namizədin iştirakı planlaşdırılır. Müsabiqə 7 gün ərzində ölkə üzrə 10 şəhərdə təşkil olunmuş 15 imtahan mərkəzində keçiriləcək. İmtahanların ikinci günündə Azərbaycan dili və ədəbiyyat fənni üzrə ümumilikdə 9257 nəfərin imtahanlarda iştirakı gözlənilir.
15/07/2022 14:20
2022-2023-cü tədris ilinin I semestri üçün tələbə kreditinə müraciətlərin qəbuluna başlanılır
İyulun 15-də 2022-2023-cü tədris ilinin birinci semestri üçün təhsil tələbə kreditinə müraciətlərin qəbuluna start verilir. Abituriyent və tələbələr təhsil krediti almaq üçün notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə (www.e-ttkf.edu.az) müraciət edə bilərlər. Müraciətlərin qəbulu bayram günləri və həftəsonu da daxil olmaqla, hər gün həyata keçiriləcək. Daxil olan müraciət Təhsil Tələbə Krediti Fondu tərəfindən müəyyən edilmiş şərtlərə uyğun gəldikdə təhsil müəssisəsi tərəfindən cavab gec gəldiyi təqdirdə belə qeydiyyat bitmiş sayılacaq. Tələbə kreditin verilməsi ilə bağlı hər bir status dəyişikliyi barədə məlumatı SMS vasitəsi izləyə bilir. Qeyd edək ki, bu, Təhsil Tələbə Kredit Fondu fəaliyyətə başladığı tarixdən etibarən sayca 3-cü semestr üçün aparılan sənəd qəbuludur. Qeyd edilən müddət ərzində Fonda daxil olan 11 000-dək elektron müraciət əsasında universitetlər tərəfindən təqdim edilən yerlərin sayına əsasən seçim meyarlarına uyğun gələn tələbələrlə ümumilikdə 6800-dən çox təhsil krediti müqaviləsi rəsmiləşdirilib və müvafiq vəsaitlər təhsil müəssisəsinə ödənilib. Təhsil tələbə kreditinin verildiyi müddət tələbənin təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir. Belə ki, təhsil krediti ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbəyə 14-21 il, magistratura səviyyəsində təhsil alan tələbəyə 12-18 il, orta ixtisas təhsil pilləsində və peşə təhsil pilləsinin subbakalavriat səviyyəsində təhsil alan tələbəyə 12-19 illik verilə bilir. Təhsil tələbə krediti verilən zaman girov və zəmanət tələb olunmur. Təhsil tələbə kreditlərinin alınması üçün tələbə tədrisə tam cəlb olunaraq təhsil müəssisəsində əyani təhsil almalıdır. Sözügedən kredit hər semestr üzrə verilir və akademik borcu olanlar bundan yararlana bilmir. Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində tələbədən kredit geri tələb edilmir və faiz hesablanmır. Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunur. Tələbə krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytarır.
15/07/2022 12:45
Magistratura səviyyəsinə elektron sənəd qəbuluna start verilir
15 iyul saat 12:00-da ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesinə start veriləcək. Müraciətçilər https://portal.edu.az/ portalında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Eyni zamanda müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur. Elektron sistem üzrə qeydiyyat 25 iyul saat 12:00-da yekunlaşacaq. Qeyd edək ki, müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən qeydiyyat etməklə yanaşı, təhsil haqqını bank, poçt, eManat terminallarına yaxınlaşaraq nəğd şəkildə ödəyə bilərlər. Nəğdsiz ödəniş üçün tələbələr plastik kartla bankların mobil tətbiqləri, gpp.az və portal.edu.az vasitələrindən birini seçə bilər. Ödənişli əsaslarla qəbul olanlar təhsil haqqından azad olunmaq və təhsil haqqı güzəşti, dövlət sifarişli qəbul olanlar isə qanunvericiliyin imkan verdiyi çərçivədə müəyyən olunmuş təqaüdün iki mislindən az olmayaraq təqaüdün əldə edilməsi üçün müraciət və digər imkanlardan daha çevik və rahat faydalana biləcəklər. Magistraturaya elektron sənəd qəbulu ilə bağlı ən çox verilən suallar və onların cavabları
15/07/2022 11:50
Test imtahanı mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbuluna start verilir
İyulun 15-dən etibarən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna başlanılır. Bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində növbəti gün saat 11:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər. Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcəkdir. Qeyd edək ki, 14 iyul tarixində riyaziyyat, fiziki tərbiyə, alman dili və fransız dili fənni üzrə həyata keçirilən test imtahanlarının apellyasiya müraciətləri bu gün saat 11:00-dan etibarən qəbul olunacaq.
15/07/2022 10:45
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Hörmətli vətəndaşlar! Hər birinizi “Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər” barədə anket sorğusunda aktiv iştiraka dəvət edirik. ? Fikirləriniz bizim üçün çox önəmlidir. Sorğuya keçid: https://anket.edu.az/user/318 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #Sorğu
ƏtraflıMilli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
Ətraflı