Nazir Şimali Kipr Türk Respublikasının Baş naziri ilə görüşüb
Aprelin 3-də elm və təhsil naziri Emin Əmrullayev Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel ilə görüşüb. Görüş çərçivəsində Şimali Kipr Türk Respublikası ilə elm və təhsil sahəsində cari əməkdaşlıq, inkişaf perspektivləri müzakirə edilib.
03/04/2026 17:35
Nazir müavini Firudin Qurbanov Bərdə və Ağdam rayonlarında olub
Aprelin 3-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Bərdə və Ağdam rayonlarına səfər edib. Bərdə rayonuna səfər zamanı əvvəlcə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ilə birlikdə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Bərdə rayonuna səfər çərçivəsində Firudin Qurbanov vətəndaş qəbulu keçirib. Nazir müavini vətəndaşlar tərəfindən edilən hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq tapşırıqlar verib. Daha sonra Ağdam rayonuna səfər edən nazir müavini Ayköl Manas adına Xıdırlı kənd tam orta ümumtəhsil məktəbini ziyarət edib, burada yaradılmış tədris şəraiti və təhsil prosesi ilə yaxından tanış olub. Nazir müavini dərs prosesini izləyib, müəllim və şagirdlərlə ünsiyyət quraraq tədrisin keyfiyyətinin artırılması, innovativ yanaşmaların tətbiqi və şagirdyönümlü təhsil mühitinin formalaşdırılması istiqamətində fikir mübadiləsi aparıb. Ağdam rayonuna səfərin davamında Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlərlə görüş keçirilib. Görüşdə sözügedən region üzrə çalışan məktəb direktorları da iştirak ediblər. Görüş zamanı təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, müasir tədris metodlarının tətbiqi və innovativ yanaşmaların genişləndirilməsi məsələləri müzakirə olunub. Firudin Qurbanov çıxışında gənc müəllimlərin təhsil sistemində aparılan islahatlarda mühüm rol oynadığını qeyd edib, onların təşəbbüskarlığının və innovativ yanaşmalarının dəstəklənməsinin vacibliyini vurğulayıb. Görüş çərçivəsində iştirakçıların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
03/04/2026 17:12
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub
Aprelin 3-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub. İnfoturda elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, nazirliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, media qurumlarının rəhbərləri, təhsil mütəxəssisləri, jurnalist və blogerlər, eləcə də digər qonaqlar iştirak ediblər. İnfoturun əsas məqsədi peşə təhsili sahəsində həyata keçirilən islahatlar, regionlarda müasir peşə tədrisi imkanları və tələbələr üçün yaradılmış şəraitlə yaxından tanışlığın təmin edilməsidir. İnfotur iştirakçıları əvvəlcə mərkəzin maddi-texniki bazası və tədris mühiti ilə tanış olublar. İnfotur iştirakçılarına məlumat verilib ki, müasir infrastrukturla təmin olunan mərkəzdə tədris, idman, yataqxana, kulinariya təlim korpusları, təlim-qonaq evi, əkinçilik və emalatxana laboratoriyaları, istixana, həmçinin avtotəmir və CNC (dəzgahların kompüterləşdirilmiş idarəetmə sistemi) emalatxanaları yaradılıb. Burada, eyni zamanda, informatika kabinetləri, müasir sinif otaqları, hərbi hazırlıq kabineti, kitabxana, 300 nəfərlik akt zalı və yeməkxana fəaliyyət göstərir. Ərazidə 53 nəfərlik yataqxana binası inşa edilib və yenidənqurmadan sonra korpusların sayı 7-yə çatdırılıb. 2025/2026-cı tədris ilində mərkəzdə 42 ixtisas üzrə 55 qrupda 962 tələbə təhsil alır. Müəssisədə turizm, kənd təsərrüfatı, sənaye, xidmət, İT texnologiyaları və alternativ enerji istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir. Mərkəzdə yeni maddi-texniki baza formalaşdırılandan sonra bir çox müasir ixtisaslar, o cümlədən elektrik və hibrid avtomobillərinin texniki qulluğu və təmiri üzrə texnik, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, proqramla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı, kibertəhlükəsizlik, kompüter sistemlərində proqramlaşdırma, binaların tikintisi və istismarı, elektrik xətlərinin, günəş panellərinin quraşdırılması və təmiri üzrə mütəxəssis və texnik ixtisasları tədris olunur. Burada tələbələrə ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili pillələri üzrə biliklər verilir. İnfoturun davamında müxtəlif ixtisas istiqamətləri üzrə təşkil olunmuş master-klasslar izlənilib. Bu çərçivədə bitkiçilik (istixana şəraitində təlim), açıq havada təşkil olunan dərs prosesi, sinifdaxili tədris nümunələri, hərbi və idman hazırlığı, eləcə də dərzi, bərbər, geyim üzrə dizayner, aşpaz və qənnadçı ixtisasları üzrə tələbələrin praktiki məşğələləri nümayiş etdirilib. İştirakçılar tədris prosesinin praktiki yönümlülüyü, tələbələrin real iş mühitinə uyğun bacarıqlar qazanması və peşə təhsilinin müasir yanaşmalar əsasında təşkili ilə yerində tanış olmaq imkanı əldə ediblər. İnfotur çərçivəsində elm və təhsil nazirinin müavini Kənan Kərimzadə tərəfindən “Regionlarda peşə təhsili: imkanlar və perspektivlər” mövzusunda təqdimat edilib. Təqdimatda peşə təhsilinin əlçatanlığının təmin edilməsi, yenilənən infrastruktur, peşə təhsilində tədrisin məzmunu və təhsilverənlərin peşəkar inkişafı, rəqəmsallaşan peşə təhsili, peşə təhsilində yeni maliyyələşmə modeli kimi yanaşmalar barədə ətraflı məlumat verilib.
03/04/2026 15:04
Nazir müavini Kənan Kərimzadə Lənkəranda olub
Aprelin 2-də elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran rayonuna səfər edib. Əvvəlcə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ilə birgə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Səfər çərçivəsində nazir müavini Kənan Kərimzadə Lənkəran şəhəri Azər Məhərrəmov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində tədris prosesi və məktəbin infrastrukturu ilə yaxından tanış olub. Məktəblə tanışlıq zamanı nazir müavini burada fəaliyyət göstərən STEAM Mərkəzinə də baxış keçirib, STEAM və “Rəqəmsal bacarıqlar” layihələri çərçivəsində dərs prosesində iştirak edib. Sözügedən layihələr çərçivəsində şagirdlərdə analitik düşünmə, problem həll etmə və texnoloji bacarıqların formalaşdırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb. Məktəbdə kiçik yaşlı məktəblilərin dron vasitəsilə hazırladıqları oyuna baxış keçirilib. Daha sonra təhsil müəssisəsində fəaliyyət göstərən peşə təmayüllü siniflərlə tanışlıq zamanı şagirdlərin erkən ixtisas yönümlü bilik və bacarıqlar əldə etməsi üçün görülən işlər yüksək qiymətləndirilib. Qeyd olunub ki, bu siniflərin məzunlarının təxminən 80 faizi peşə təhsili müəssisələrinə qəbul olunur. Səfər zamanı Lənkəran-Astara regionu üzrə ümumtəhsil məktəblərində fəaliyyət göstərən direktorlarla keçirilən görüşdə təhsil müəssisələrinin idarə olunmasında müasir yanaşmalar, liderlik bacarıqlarının inkişafı və məktəbdaxili idarəetmənin effektiv təşkili məsələləri ətrafında geniş müzakirələr aparılıb. Kənan Kərimzadə çıxışında məktəb rəhbərlərinin təhsilin keyfiyyətinin yüksəldilməsində əsas aparıcı qüvvələrdən biri olduğunu qeyd edib, onların təşəbbüskarlığının, innovativ düşüncə tərzinin və dəyişikliklərə adaptasiya qabiliyyətinin vacibliyini vurğulayıb. Görüş çərçivəsində region məktəblərində tədrisin keyfiyyət göstəricilərinin artırılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, eləcə də məktəb-valideyn-ictimaiyyət əməkdaşlığının gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, iştirakçıların təklif və təşəbbüsləri dinlənilib. Səfər zamanı vətəndaş qəbulu keçirən Kənan Kərimzadə müraciətləri dinləyib, səsləndirilən məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib.
02/04/2026 17:57
“Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat başa çatıb
Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun təcrübə proqramı üzrə qeydiyyat prosesi başa çatıb. Qeydiyyat mərhələsi ərzində proqramda iştirakla bağlı 5 096 müraciət daxil olub ki, bu da indiyədək olan ən yüksək göstəricidir. Qeydiyyatdan keçənlər sırasından müvafiq tələblərə cavab verən namizədlər test imtahanında iştirak hüququ qazanacaqlar. Test mərhələsi ilə bağlı məlumatlar həmin namizədlərə fərdi qaydada təqdim olunacaq. 4 ay davam edəcək proqram çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində və tabeliyində olan qurumlarda, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçmək imkanı əldə edəcəklər. Qeyd edək ki, “Rəqəmsal gələcək” şüarı ilə start götürən IV “Maarifçi” proqramı Azərbaycan Respublikasının vətəndaşı olan bakalavriat səviyyəsinin sonuncu kurs tələbələri, magistratura pilləsində təhsil alanlar və son 3 il ərzində məzun olmuş gənclər üçün nəzərdə tutulmuşdu. Qeydiyyat müddəti ərzində proqram gənclər tərəfindən böyük maraqla qarşılanıb. “Maarifçi” tələbə-məzun təcrübə proqramının əsas məqsədi tələbə və yeni məzun olmuş gənclərə real iş mühitində təcrübə qazandırmaq, onların bilik və bacarıqlarını inkişaf etdirmək, nəzəri biliklərini praktikada tətbiq etmələrinə şərait yaratmaq və peşəkar vərdişlər formalaşdırmaqdır.
01/04/2026 14:15
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 17 aprel tarixində Qusar şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Qusar, Quba və Xaçmaz sakinləri iştirak edə bilərlər. Adları çəkilən rayonların sakinləri 10 aprel (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
01/04/2026 12:17
Nazir müavini Həsən Həsənli Şamaxıda vətəndaşları qəbul edəcək
Elm və təhsil nazirinin müavini Həsən Həsənli 8 aprel tarixində Şamaxı şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Şamaxı və Ağsu sakinləri iştirak edə bilərlər. Adları çəkilən rayonların sakinləri 6 aprel (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
31/03/2026 13:00
Nazir müavini Kənan Kərimzadə Lənkəranda vətəndaşları qəbul edəcək
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə 2 aprel tarixində Lənkəran şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Lənkəran və Lerik sakinləri iştirak edə bilərlər. Adları çəkilən rayonların sakinləri 1 aprel (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
31/03/2026 10:52
Ölkəmizin məktəbəqədər təhsil üzrə nailiyyətləri UNESCO-nun nüfuzlu beynəlxalq hesabatında işıqlandırılıb
UNESCO-nun mənzil-qərargahında yüksəksəviyyəli təqdimatı keçirilən 2026-cı il Qlobal Təhsil Monitorinqi Hesabatı “2030-a geri sayım” adlı üçhissəli seriyanın ilk buraxılışı olaraq təhsildə əlçatanlıq və bərabərlik mövzusuna həsr edilib. Hesabatın məqsədi ölkələrin təhsil sahəsində irəliləyişini xüsusilə əlçatanlıq və bərabərlik baxımından qiymətləndirmək, bu nəticələrə təsir göstərən əsas amilləri təhlil etmək və 2030-cu ildən sonrakı təhsil gündəliyi üzrə müzakirələrə töhfə verməkdir. Bu çərçivədə, hesabat son 25 il ərzində məktəbəqədər, ibtidai, orta və ali təhsil səviyyələri üzrə əlçatanlıq və bərabərlik göstəricilərini əhatə edir. Hesabatda, eyni zamanda, qeyd olunan istiqamətlər üzrə ölkə nümunələri əsasında əldə olunan nəticələr daha geniş tədqiqatlarla əlaqələndirilir. Bu kontekstdə, Azərbaycanın məktəbəqədər təhsil sahəsində əldə etdiyi nailiyyətlər nümunəvi ölkə təcrübələri sırasında yer alır. Hesabatda qeyd olunur ki, Azərbaycan Respublikası cəmi 5 il ərzində məktəbəhazırlıq qrupları ilə əhatə olunan 5 yaşlı uşaqların göstəricisini 25 faizdən 92 faizə yüksəltməklə dünya miqyasında nümunəvi nəticə nümayiş etdirib. Hesabatda, həmçinin ölkəmizdə həyata keçirilən qanunvericilik islahatları, müəllim hazırlığı və məzmun sahələrində görülən işlər xüsusi vurğulanıb. Xatırladaq ki, təqdimat mərasimində 30-dan çox ölkənin təhsil nazirləri, beynəlxalq təşkilatların rəhbərləri və təhsil üzrə ekspertlər iştirak ediblər. UNESCO-nun Qlobal Təhsil Monitorinqi Hesabatı ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://unesdoc.unesco.org/ark:/48223/pf0000397618/PDF/397618eng.pdf.multi.nameddest=p83
28/03/2026 13:03
Həsən Həsənli UNESCO-nun Qlobal Təhsil Monitorinqi (GEM) Hesabatının təqdimat mərasimində iştirak edib
Elm və təhsil nazirinin müavini Həsən Həsənli martın 25-də UNESCO-nun mənzil-qərargahında keçirilən UNESCO-nun Qlobal Təhsil Monitorinqi (GEM) Hesabatının yüksək səviyyəli təqdimat mərasimində iştirak edib. UNESCO-ya üzv dövlətlərin təhsil nazirliklərinin yüksək səviyyəli nümayəndələri, beynəlxalq və regional təşkilatların təmsilçiləri, eləcə də ekspertlərin iştirak etdiyi təqdimat mərasiminin açılışında UNESCO-nun Təhsil üzrə Baş direktorunun müavini Stefania Giannini, GEM Hesabatının direktoru Manos Antoninis, eləcə də OECD-nin Təhsil və Bacarıqlar üzrə direktoru Andreas Şleyxer çıxış edib. Tədbirin rəsmi açılışından sonra təhsildə əlçatanlıq və bərabərlik, təhsildən kənar qalan uşaqlar, təhsilin ədalətli maliyyələşdirilməsi, eləcə də məktəbəqədər təhsil kimi mövzular üzrə panel müzakirələr təşkil edilib. Tədbir çərçivəsində, eyni zamanda, nazir müavini Həsən Həsənli Özbəkistanın məktəbəqədər və ümumi təhsil naziri Ezozkhon Karimova ilə ikitərəfli görüş keçirərək ölkələr arasında müvafiq sahələrdə cari əməkdaşlıq və gələcək inkişaf perspektivlərini müzakirə edib.
25/03/2026 19:00
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
2022–2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində yenicə məzun adı qazanmış gənclərimiz dünyanın aparıcı universitetlərində əldə etdikləri bilik və təcrübə ilə Vətənə qayıdırlar! İnanırıq ki, onlar mənimsədikləri müasir yanaşmaları və qazandıqları beynəlxalq təcrübəni ölkəmizin inkişafına yönəldərək müxtəlif sahələrdə yeniliklərin və müsbət dəyişikliklərin təşəbbüskarına çevriləcəklər. Bütün məzunlarımızı ürəkdən təbrik edir, ölkəmizin tərəqqisi yolunda onlara yeni-yeni uğurlar arzulayırıq! #dövlətproqramı #XaricdəTəhsil #dpeduaz
ƏtraflıElm və təhsil nazirinin müavini Həsən Həsənlinin Ağdaş şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu iyulun 31-də keçiriləcək. Qəbulda Ağdaş rayon sakinlərinin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı✨15–25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində keçirilən və Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan Avropa Universitet Oyunlarında ölkəmiz stolüstü tennis və futzal üzrə təmsil olunub. ?Komandamız yarış ərzində güclü İspaniya, Norveç, Portuqaliya komandalarını məğlub edərək final mərhələsinə yüksəlib və turniri ikinci yerdə başa vurub. Yarışın yekununda komandamızın üzvü Ədalət Ələkbərov turnirin simvolik ən yaxşı beşliyinə seçilib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı