"Sabahın alimləri” XII respublika müsabiqəsinin bağlanış mərasimi
Fevralın 15-də “Sabahın alimləri” XII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib. Müsabiqə Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil İnstitutu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, həmçinin “BP Azərbaycan” şirkətinin təşkilatçılığı ilə baş tutub. Mərasimdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev müsabiqənin qaliblərini təbrik edib, onlara gələcək elmi fəaliyyətlərində nailiyyətlər arzulayıb. Daha sonra müsabiqə çərçivəsində hazırlanan videoçarx nümayiş olunub. Tədbirdə I, II və III yerlərin qaliblərinə diplom və medallar, fərqlənən şagirdlərə xüsusi mükafatlar, iştirakçıların hər birinə isə sertifikatlar təqdim olunub.
15/02/2023 18:19
Şəhid övladları STEAM İnnovasiya Mərkəzində
Fevralın 15-də yeni istifadəyə verilmiş STEAM İnnovasiya Mərkəzinə şəhid övladlarının ziyarəti təşkil olunub. Ziyarətdə 80-dən çox şəhid övladı iştirak edib. Uşaqlar mərkəzdə mütəxəssislər tərəfindən əvvəlcədən hazırlanmış proqram əsasında əyləncəli və öyrədici məzmuna malik elm şousu, ideya emalatxanası, “Rəqəmlərlə havada” adlı uçuş simulyatoru, eləcə də “Sfera üzərində elm”, “İlluziyalar və fiziki eksponatlar”, “Virtual reallıq”, “Sadə proqramlaşdırma (ibtidai sinif şagirdləri üçün)” məkanları ilə tanış olublar. Əsas məqsəd şagirdlərə elmin çətin deyil, əksinə, maraqlı və əyləncəli olduğunu onlara göstərmək olub. Ziyarət əsnasında STEAM İnnovasiya Mərkəzinin əməkdaşları tərəfindən şagirdlərdə maraq doğuran suallar cavablandırılıb və onlar aktiv fəaliyyətlərə cəlb ediliblər. Sonda uşaqlarla xatirə şəkli çəkdirilib. Qeyd edək ki, şəhid övladları mərkəzin ilk ziyarətçiləridir. Ziyarət “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi ilə təşkil edilib.
15/02/2023 17:13
VII qrant müsabiqəsinə layihələrin qəbulu başlayır
Fevralın 15-də təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinə layihələrin qəbulu başlayır. Dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər müsabiqədə iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu 15 fevral-31 mart tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək. Qrant müsabiqəsi barədə ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.
15/02/2023 12:00
Təlimat liderliyi nəzəriyyəsinin əsas yaradıcısı “Yeni çağırışlar”da
Beynəlxalq səviyyədə tanınmış professor, innovator və yazıçı Filip Hallincer “Yeni çağırışlar” müzakirə proqramının 18 fevral saat 10:30-da yayımlanacaq növbəti buraxılışında qonaq olacaq. Təhsildə liderliyin inkişafı, təhsil islahatları və məktəbin təkmilləşdirilməsi sahələrində mütəxəssis Filip Hallincer ilə təlimat liderliyi nəzəriyyəsi haqqında fikir mübadiləsi aparılacaq. Filip Hallincer hazırda Mahidol Universitetində (Tailand) liderlik və davamlı inkişaf üzrə professor, Yohannesburq Universitetində (CAR) isə fəxri professor olaraq çalışır. “Təhsil idarəçiliyi” jurnalının baş redaktorudur. Qeyd edək ki, proqram Elm və Təhsil Nazirliyinin dəstəyi, “T-Network” platformasının təşkilatçılığı ilə nazirliyin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.
14/02/2023 16:27
“Sabahın alimləri” XII respublika müsabiqəsinin açılış mərasimi
Fevralın 13-də Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ), Heydər Əliyev Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və "BP Azərbaycan" şirkətinin təşkilatçılığı ilə “Sabahın alimləri” XII respublika müsabiqəsinin açılış mərasimi keçirilib. Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Giriş nitqi ilə çıxış edən ARTİ-nin direktoru Rüfət Əzizov müsabiqənin statistik göstəriciləri ilə bağlı hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Rüfət Əzizov mövcud 8 istiqamət üzrə qeydiyyatdan keçən, qəbul olunan və qiymətləndirilən layihələrdən, həmçinin həmin layihələrin şəhər və rayonlar üzrə göstəricilərindən bəhs edib. Bildirilib ki, müsabiqə üzrə qeydiyyatdan keçən 486 layihədən 163-ü sərgidə iştirak etmək hüququ qazanıb. ARTİ-nin direktoru təqdim olunan layihələrin şagirdlərin gələcək həyatında uğurlu iş fəaliyyətinin başlanğıcı olduğunu qeyd edib. Elm və təhsil naziri Emin Əmrullayev çıxışında bildirib ki, şagirdlər arasında mühəndislik, riyaziyyat, fizika və kompüter elmlərinə olan maraq daha da artmaqdadır. Emin Əmrullayev müsabiqə çərçivəsində STEAM yönümlü layihələrin üstünlük təşkil etdiyini vurğulayıb. Nazir çıxışının sonunda müsabiqədə iştirak edən şagirdlərə uğurlar arzulayıb. AMEA-nın prezidenti İsa Həbibbəyli tədbirdə çıxış edərək sözügedən müsabiqənin əhəmiyyətindən danışıb. İsa Həbibbəyli bildirib ki, AMEA-da gənc alim və mütəxəssislərin inkişafı üçün zəruri tədbirlər həyata keçirilir, eyni zamanda, müsabiqənin genişləndirilməsi və nailiyyətlərin artırılmasında adıçəkilən qurum yaxından iştirak edir. "BP Azərbaycan" şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli müsabiqə iştirakçılarını təbrik edib və onlara davamlı nailiyyətlər arzulayıb. Gənclər və idman nazirinin müavini İndira Hacıyeva da öz növbəsində gənc alimlər üçün təşkil olunan müsabiqənin onların gələcək həyatındakı müstəsna rolundan bəhs edib. Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Qeyd edək ki, müsabiqədə 3 gün ərzində şagirdlərin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarəolunması, mühəndislik, kompüter elmləri) üzrə elmi-tədqiqat layihələri dəyərləndiriləcək, qaliblər sırasından seçilən məktəblilər ABŞ-də keçirilən sərgidə ölkəmizi təmsil edəcəklər. Müsabiqənin keçirilməsində məqsəd elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdləri aşkar etmək, onlarda tənqidi düşünmə, problem həll etmə, vaxtın idarəedilməsi, natiqlik və ünsiyyət kimi müxtəlif bacarıqları inkişaf etdirmək, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumtəhsil məktəbləri arasında əlaqələri genişləndirməkdir. Həmçinin şagirdlərin oxşar maraqları olan həmyaşıdları ilə şəbəkələşməsini təmin etməkdən əsas məqsədlərdəndir.
13/02/2023 18:00
Macarıstanda növbəti tədris ilində təhsil imkanı!
Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2023-2024-cü tədris ili üzrə təqaüd proqramı elan edir. Təqaüd proqramı su təsərrüfatı mühəndisliyi və biotexnologiya ixtisasları üzrə magistr pilləsini özündə ehtiva edir. Təqaüd proqramına müraciət üçün son tarix 28 fevral 2023-cü il nəzərdə tutulub. Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.
13/02/2023 17:11
Azərbaycan – İsrail İnnovasiya Forumu
Fevralın 13-də Azərbaycan – İsrail İnnovasiya Forumu keçirilib. Forum Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İsrail – Azərbaycan Ticarət və Sənaye Palatası, həmçinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “Nextstep” İnnovasiya Mərkəzinin dəstəyi ilə baş tutub. Tədbir Azərbaycan ilə İsrail biznesmenləri arasında təhsil, eləcə də kənd təsərrüfatı üzrə tətbiq olunan texnologiya və innovasiyalar sahəsində təcrübə mübadiləsi üçün imkan yaradıb. İsrail – Azərbaycan Ticarət və Sənaye Palatasının sədri Aleks Kaplun, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək forumun məqsədi, Azərbaycan – İsrail əlaqələri, biznesmenlər arasında innovasiyalar sahəsində əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər. Forum ümumi, təhsil və kənd təsərrüfatı üzrə panel iclaslarla öz işini davam etdirib. Ümumi paneldə elm və təhsil naziri Emin Əmrullayev, kənd təsərrüfatı naziri İnam Kərimov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov və “Ramat – Negev” Regional Şurasının rəhbəri Eran Doron Azərbaycan və İsrail arasında münasibətlər, ölkəmizdə aqrar, təhsil, elm sahələrində son illərdə tətbiq edilən texnologiyalar, müvafiq sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri, rəqəmsal iqtisadiyyat, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa, yenidənqurma işlərində tətbiq olunan müasir yanaşmalarla bağlı fikirlərini bölüşüb, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar. Təhsil üzrə paneldə ölkəmizdə və İsraildə fəaliyyət göstərən müxtəlif təhsil müəssisələrinin rəhbərləri, ekspertlər müvafiq sahədəki çağırışlar, təhsildə innovasiyaların rolu, bu sahəyə investisiya qoyuluşu, süni intellekt, rəqəmsal platformalar barədə fikirlərini bölüşüblər. Azərbaycan və İsraildən olan dövlət, eləcə də özəl qurumların nümayəndələrinin iştirakı ilə keçirilmiş kənd təsərrüfatı üzrə paneldə isə aqrar sahədə texnologiyalar, məhsuldarlığın artması və torpaq, su resurslarından daha səmərəli istifadədə innovasiyaların rolu, aqrar startapçıların innovativ ideyalarının reallaşdırılması kimi məsələlər müzakirə edilib. Forum çərçivəsində ikitərəfli görüşlər də keçirilib.
13/02/2023 16:22
SABAH VII Karyera Qış Məktəbi başa çatıb
SABAH VII Karyera Qış Məktəbinin bağlanış mərasimi keçirilib. Bağlanış mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov SABAH VII Karyera Qış Məktəbinin iştirakçılarını salamlayaraq gənc məzunların uğurlu karyera qurması üçün yaradılan şəxsi və peşəkar inkişaf imkanları barədə ətraflı məlumat verib. Qış məktəbinin əhəmiyyətini vurğulayan nazir müavini müasir dövrün peşələri, uğurlu karyera qurmağın yolları, karyera planlaşdırılması və əsas həyat hədəflərinin müəyyən edilməsinin vacibliyindən danışıb. Firudin Qurbanov Azərbaycanda yüksək intellektual səviyyə və milli düşüncəyə malik gənclərin müstəqil ölkəmizin inkişafında vacib yer tutduğunu qeyd edərək onlara fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb. Qış məktəbi ərzində IV kursda təhsil alan 76 SABAH tələbəsi işə düzəlmə, akademik fəaliyyət və sahibkarlıq karyera istiqamətləri üzrə ümumilikdə 12 təlimdə iştirak edərək öz bilik və bacarıqlarını inkişaf etdirmək, eyni zamanda tərəfdaş şirkət və qurumların peşəkar nümayəndələri ilə birbaşa ünsiyyətdə olmaqla əlaqələrini genişləndirmək imkanı əldə edib. Qış məktəbi çərçivəsində "Qloballaşma, müasir gənclik və milli ədəbiyyat", "İşə qəbul və XXI əsr bacarıqları", "İnnovasiya ekosistemi və startapların inkişafı", "Elmi tədqiqat", "Elmi məqalələrin hazırlanmasında beynəlxalq standartlar", "Xaricdə təhsil imkanları və xüsusiyyətləri" kimi mövzularda keçirilən təlim və seminarlar məzun olmağa hazırlaşan tələbələrin ixtisaslarından asılı olmayaraq iş mühitinin tələblərini başa düşmələri və bacarıqlarını düzgün istiqamətdə təkmilləşdirmələrinə şərait yaradıb. Tələbələrin asudə vaxtlarında isə “Nə? Harada? Nə zaman?” və “Code Tusi” oyunları təşkil olunub. Qeyd edək ki, SABAH Karyera Akademiyası məzun olmağa hazırlaşan SABAH tələbələrinin karyera istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahələr üzrə bilik və bacarıqlarının artırılması məqsədilə yaradılıb. Bu çərçivədə hər il tələbələr üçün təcrübə, təqaüd proqramları, həmçinin təlim və müsabiqələr təşkil olunur.
10/02/2023 17:27
XIX Beynəlxalq Jautikov Olimpiadasında uğur qazanan məktəblilərimiz
Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XIX Beynəlxalq Jautikov Olimpiadası (IZhO) keçirilib. Bakı Avropa liseyində olimpiadaya onlayn qatılan məktəblilərimiz uğurla çıxış edərək 3 gümüş və 3 bürünc medal olmaqla ümumilikdə 6 medal qazanıblar. Belə ki, fizika fənni üzrə Bakı şəhəri fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Sadiq Sadıxzadə gümüş medal, Murad Abdulkərim bürünc medal qazanıb. Riyaziyyat fənni üzrə Bakı şəhəri fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Fidan Qarayeva və Anar Mehdiyev gümüş medal, Cəlil Hüseynov bürünc medal, nazirliyin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Nicat Vəliyev isə bürünc medala layiq görülüb. Qeyd edək ki, məktəblilərimiz 2006-cı ildən bu günədək sözügedən olimpiadada iştirak edərək 4 qızıl, 33 gümüş, 56 bürünc olmaqla ümumilikdə 93 medal qazanıblar.
10/02/2023 17:00
IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi
Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi təşkil olunacaq. Müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir. Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil olunacaq. İştirak etmək istəyənlər portal.edu.az platformasında bu məqsədlə yaradılmış “Müsabiqələr və olimpiadalar” xidməti vasitəsilə müraciət edə bilərlər. Qeydiyyat üçün son tarix 17 fevral saat 00:00-dır. Qeydiyyatdan keçmiş təhsilalanlar müsabiqənin rayon (şəhər) mərhələsində iştirak üçün yerli təhsili idarəetmə orqanları tərəfindən dəvət ediləcəklər. Müsabiqənin final mərhələsinə vəsiqə qazanacaq təhsilalanlar nəticə ilə bağlı portal.edu.az platforması və mobil telefona SMS göndərilməsi vasitəsilə məlumatlandırılacaqlar. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş“Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri
09/02/2023 17:19
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? Ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxış genişləndirilir ? Elm və Təhsil Nazirliyi ilə “Microsoft” arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində vahid rəqəmsal ekosistemin formalaşdırılması işləri davam etdirilir. ? Artıq bir sıra universitetlərdə "Microsoft"un müasir rəqəmsal və süni intellekt əsaslı həlləri istifadəyə verilib. Xüsusilə "Copilot" aləti müəllimlərə tədris materiallarının hazırlanması, qiymətləndirmə və akademik fəaliyyətlərin daha səmərəli təşkili üçün yeni imkanlar yaradır. ?✨ Bu təşəbbüs ali təhsildə innovasiyaların tətbiqinə, rəqəmsal bacarıqların inkişafına və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına mühüm töhfə verir. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23121-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #TSİİ #RəqəmsalAlətlər
ƏtraflıMüəllimlərin işə qəbulu (MİQ) prosesi ilə bağlı namizədləri ən çox maraqlandıran sualları və onların cavablarını təqdim edirik.
Ətraflıİyunun 2-də elm və təhsil nazirinin müavini İdris İsayev Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini Marat Minibayev ilə görüşüb. Görüşdə iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və əlaqələrin inkişaf perspektivləri müzakirə olunub, həmçinin təhsilin rəqəmsallaşdırılması sahəsində tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. #ElmVəTəhsilNazirliyi #EduAz #EduGovAz
Ətraflı