BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 82-ci sessiyasında Konvensiya üzrə altıncı dövri hesabat təqdim edilib
İyunun 16-da BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin Cenevrə şəhərində baş tutan 82-ci sessiyasında Azərbaycan Hökuməti adından Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Konvensiya üzrə altıncı dövri hesabat təqdim edilib.
Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayaraq Azərbaycan Hökuməti adından, BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Konvensiyası”nın icrasına dair altıncı dövri hesabatı təqdim etməkdən məmnunluq duyduğunu ifadə edib.
Hesabatın müvafiq Nazirlik və Komitələr tərəfindən verilmiş məlumatlar əsasında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə yaradılmış İşçi Qrup tərəfindən hazırlandığını qeyd edən Sədr, eyni zamanda qadın hüquqları sahəsində çalışan vətəndaş cəmiyyəti ilə görüş və məsləhətləşmələr aparıldığını da diqqətə çatdırıb.
Ötən dövr ərzində ölkədə qadın hüquqlarının təmin olunması üzrə qanunvericiliyin təkmilləşdirilməsi, institusional mexanizmlərin gücləndirilməsi istiqamətində fəaliyyətlərin davam etdirildiyini bildirən Bahar Muradova gender stereotiplərinin aradan qaldırılması istiqamətində də maarifləndirmə və qurumlararası əlaqələrin gücləndirilməsi məsələsinin daim diqqət mərkəzində olduğunu qeyd edib. Görülən işlər və əldə edilmiş müsbət nəticələrlə bərabər, mövcud olan bir sıra problemlərə diqqət çəkən Bahar Muradova mənfi gender stereotipləri, erkən yaşda evlilik, selektiv abort kimi gender bərabərliyinin tam təmin edilməsi prosesini ləngidən amilləri nəzərə çatdırıb.
Komitə sədri bildirib ki, bu gün Azərbaycanda həyata keçirilən dövlət qadın siyasəti ölkənin beynəlxalq sənədlərlə öz üzərinə götürdüyü öhdəliklərə uyğun həyata keçirilir. Çünki hər kəs üçün bərabər iştirak və imkanların yaradılması daha yaxşı inkişaf üçün əsas meyarlardandır. O, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin təqdim edəcəyi tövsiyələrin Konvensiyanın daha da effektiv həyata keçirilməsinə, həmçinin mövcud boşluqların və problemlərin aradan qaldırılmasına töhfə verəcəyinə inamını ifadə edib.
Çıxışının sonunda Hökumət adından Azərbaycan Respublikasının CEDAW Komitəsi ilə səmərəli əməkdaşlığa və açıq dialoqa hazır olduğunu qeyd edilib.
Daha sonra BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin ekspertlərinin sualları Azərbaycan nümayəndə heyəti tərəfindən cavablandırılıb.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədri Bahar Muradovanın rəhbərliyi ilə keçirilən səfərdə nümayəndə heyətinin tərkibində təhsil nazirinin müavini Firudin Qurbanov, daxili işlər nazirinin müavini Oruc Zalov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, səhiyyə nazirinin müavini İlqar Qasımov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov, Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin rəis müavini Sədi Cəfərov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Maliyyə Nazirliyinin Sosial müdafiə, sosial təminat və səhiyyə sahələrinin maliyyəsi şöbəsinin müdiri Cavid Məmmədov təmsil olunub.
2 il əvvəl
Digər xəbərlər
-
“Məktəblinin hüquq bələdçisi” layihəsinə start verilir
02.05.2025 - 16:47 -
Vətəndaş müraciətlərinin statistikası
02.05.2025 - 15:11 -
“Üzeyir Hacıbəyli və musiqi mirası” adlı konsert tədbiri keçirilib
02.05.2025 - 10:07 -
RFO-nun biologiya fənni üzrə praktiki turuna infotur təşkil olunub
01.05.2025 - 14:30 -
2025–2026-cı tədris ili üzrə I siniflərə qəbul başladı
01.05.2025 - 11:30