• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Müəllim sevinc və dəyər daşıyıcısıdır” mövzusunda IV Respublika pedaqoji oxuları keçirilib

İyunun 21-də “Müəllim sevinc və dəyər daşıyıcısıdır” mövzusunda humanist pedaqogika üzrə IV Respublika pedaqoji oxuları keçirilib.

 

Azərbaycan Respublikası Humanist Pedaqogika Mərkəzi, Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin nəzdində Humanist Pedaqogika üzrə Təhsil Təşkilatları Beynəlxalq Assosiasiyası və Bakı şəhəri 201 nömrəli tam orta məktəb tərəfindən təşkil edilən tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra Humanist Pedaqogika Mərkəzinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

 

Tədbirə moderatorluq edən Humanist Pedaqogika üzrə Təhsil Təşkilatları Beynəlxalq Assosiasiyasının prezidenti Asif Cahangirov pedaqoji oxuların əhəmiyyətindən söz açıb, humanist pedaqogikanın əsas prinsipləri barədə məlumat verib.

 

Tədbirdə iştirak edən təhsil naziri Emin Əmrullayev cəmiyyətdə müəllimin rolundan, bu peşənin özəlliklərindən danışıb. Müəllim sənətinin çətin, eyni zamanda, şərəfli peşə olduğunu deyən nazir gənc nəslin savadlı yetişməsində təhsil işçilərinin əməyini xüsusi vurğulayıb.

 

Emin Əmrullayev çıxışının sonunda pedaqoji oxuların təhsil işçiləri üçün səmərəli olacağına əminliyini bildirib.

 

Çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyeva və digər qonaqlar ölkəmizdə təhsil sahəsində aparılan islahatlardan, tətbiq olunan yeniliklərdən, humanist pedaqogikanın mahiyyətindən, gələcək sağlam nəslin yetişməsində və formalaşmasında fədakar müəllim əməyindən söz açıblar. 

 

Bildirilib ki, müəllimlərin inkişafında, onların yeni yanaşmalarla tanış olmasında pedaqoji oxular əhəmiyyətlidir. İndiyədək keçirilən pedaqoji oxularda təhsilin, təlim-tərbiyənin nəzəri, metodoloji əsasları, innovativ texnologiyalar, təhsilin yeni məzmunu, ailə və cəmiyyətin, digər sosial institutların tərbiyə prosesində rolunun artırılması yolları müzakirə edilib, yüzlərlə pedaqoji kadra müvafiq mövzularda yeni bilik və bacarıqlar aşılanıb. “Müəllim sevinc və dəyər daşıyıcısıdır” mövzusunda IV Respublika pedaqoji oxuları da bu tədbirlərin davamıdır. Qeyd edilib ki, pedaqoji oxular müəllimlərin yeni yanaşmalara müraciət etməsində, onların baxışlarının dəyişməsində və inkişafında müsbət rol oynayacaq.

 

Tədbirə onlayn qoşulan Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin fəxri prezidenti, Rusiya Təhsil Akademiyasının akademiki Şalva Amonaşvili Azərbaycanda bu cür tədbirin keçirilməsindən məmnunluğunu bildirib, bu prosesin təhsil işçilərinin fəaliyyətində mühüm rol oynayacağını söyləyib. Şalva Amonaşvili mövzu ilə bağlı məruzə edib.

 

Tədbirdə “Humanist pedaqogika: hər şey şagird naminə”, “Uğurlu məktəb necə olmalıdır?”, “Müəllim dəyər daşıyıcısıdır”. “Şagirdi qanadlandıran müəllimi ruhlandırır”, “Müəllim rəqabəti deyil, komanda olmağı öyrətməlidir”, “Səmərəli əks-əlaqə öyrənməni dəstəkləyən əsas uğur faktoru kimi” və digər mövzularda məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

 

IV Respublika pedaqoji oxuları çərçivəsində laboratoriya məşğələləri keçirilib, iştirakçılara sertifikatlar təqdim edilib.

 

AZƏRTAC


1 il əvvəl