Prezident və Birinci xanım Suqovuşanda tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbə tam orta məktəbində yaradılan şəraitlə tanış olublar. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi. Qeyd edək ki, 2022-ci il martın 20-də dövlətimizin başçısı və birinci xanım Suqovuşana səfərləri çərçivəsində qəsəbədəki yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında olmuş, təhsil müəssisəsindəki vəziyyətlə maraqlanmışdılar. Prezident İlham Əliyev məktəb binasının əsaslı təmirinə başlanılması və işlərin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı tapşırıqlar vermişdi. Diqqətə çatdırıldı ki, ərazisi bir hektar olan məktəbdə 12 sinif otağı var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin informatika kabineti, kitabxana, iki laboratoriya, 72 nəfərlik akt zalı və yeməkxana var. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol və açıq oyun meydançaları yaradılıb. Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. İşğaldan azad edilən ərazilərdə dağıdılan təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə hazırda mühüm işlər görülür. Bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb. Tədbirlər Planına əsasən, Elm və Təhsil Nazirliyinə 2022-2026-cı illərdə ərazi planlaşdırma sənədlərinə uyğun olaraq, yaşayış məntəqələrində təhsil müəssisələrinin tikintisi və bərpası ilə bağlı təkliflərin hazırlanması tapşırılıb. Sənəddə qeyd edilib ki, Şuşa rayonunda 7, Ağdam rayonunda 29, Füzuli rayonunda 23, Zəngilan rayonunda 21, Kəlbəcər rayonunda 30, Laçın rayonunda 21, Qubadlı rayonunda 16, Cəbrayıl rayonunda 25, Xocavənd rayonunda 20, Tərtər rayonunda (Suqovuşan və Talış kəndləri daxil olmaqla) 5 məktəbəqədər və ümumi təhsil müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur. https://president.az/
18/03/2023 19:00
Tələbələr arasında futzal üzrə turnirə start verilir
Cari ilin aprel ayında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş futzal turnirinə start veriləcək. Yarışlar Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir. Turnirdə 20-i Bakı, 13-ü ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən 33 ali və orta ixtisas təhsili müəssisəsinin komandaları mübarizə aparacaq. Yarışların birinci mərhələsində komandalar püşkatma yolu ilə 8 yarımqrupa bölünəcək. Sonrakı mərhələlər pley-off, yarımfinal və final oyunlarını əhatə edir. AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunacaq oyunlar Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Tibb Universiteti, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci, Gəncə Olimpiya İdman Kompleksinin idman zallarında keçiriləcək. Yarışlarda I, II, III yerləri tutan komandalar diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Çempionatda fərqlənən 3 tələbə futbolçu isə “Ən yaxşı qapıçı”, “Ən məhsuldar oyunçu”, “Ən gənc oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunacaq. Qeyd edək ki, çempionatın keçirilməsində məqsəd yerli ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsidir. Eyni zamanda, ölkənin yeniyetmə, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbələrin seçiminin təminatı, ən güclü futzal komandasının müəyyən edilməsi, beynəlxalq turnirlərdə iştirak edəcək komandaların təyini və tələbələr arasında dostluq əlaqələrinin yaradılması da məqsədlər sırasındadır.
17/03/2023 12:45
Beynəlxalq Astronavtika Konqresinə rekord sayda ölkədən elmi iş təqdim olunub
Bakıda 2-6 oktyabr 2023-cü il tarixlərində keçiriləcək “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda 74-cü Beynəlxalq Astronavtika Konqresinə bu il rekord sayda – 95 ölkədən elmi iş təqdim olunub. Bakı konqresinə kosmos sahəsində fəaliyyət göstərən elm adamları və tədqiqatçılar tərəfindən kosmosa və bəşəriyyətin xeyrinə müsbət təsir göstərə biləcək 3532 elmi məqalə qeydiyyatdan keçib. Bu göstərici ilə Bakı konqresi Bremen (2018), Vaşinqton (2019) və Paris (2022) konqresləri ilə birgə indiyə kimi keçirilən bütün konqresləri geridə qoyub. Bu il Azərbaycandan təqdim edilən elmi məqalələrin sayı da 214 olmaqla rekord həcmdədir. Azərbaycan elminin dünya elminə inteqrasiyası fonunda ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr – ABŞ, İtaliya, Hindistan və Çindən sonra ilk beşlikdə yer alır. Qeyd edək ki, Bakı konqresində bütün dünyadan, o cümlədən Azərbaycandan olan elm insanları və gənclər kosmosun imkanlarına həsr edilmiş 190 texniki sessiya və digər tədbirlərdə iştirak edə biləcəklər. Dünya elminə inteqrasiya, elm-təhsil-innovasiya vəhdətinin yaradılması, gənc alimlərimizin beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından Beynəlxalq Astronavtika Konqresi geniş imkanlar yaradacaq. Hazırda Beynəlxalq Astronavtika Federasiyasının Beynəlxalq Proqram Komitəsi tərəfindən qəbul olunan məqalələr qiymətləndirilir və iki formatda – texniki və ya interaktiv təqdimat sessiyalarında təqdim edilməsi üzərində işlər aparılır. Elmi məqalələrin tam qiymətləndirilməsi bu ilin aprel ayında yekunlaşacaq.
17/03/2023 11:29
Hacı Zeynalabdin Tağıyevin milli miqyası
Martın 16-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə növbəti "Novruz mühazirəsi" keçirilib. Mühazirə Bakı şəhəri Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli tam orta məktəbdə təşkil edilib. Mühazirədən əvvəl H.Z.Tağıyevin büstü ziyarət edilib, önünə gül dəstələri qoyulub. Eyni zamanda məktəbin həyətində dəfn olunmuş iki türk əsgərinin məzarına və məktəbin şəhid məzunlarının xatirə lövhəsinin qarşısına tər güllər düzülüb. Tədbir iştirakçıları H.Z.Tağıyevin xatirə muzeyinə də baxış keçiriblər. Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov qonaqları salamlayaraq xeyriyyəçi əməlləri ilə zəngin insanlıq məktəbi yaradan H.Z.Tağıyevin dərin və mənalı həyat yolunun gənclər arasında təbliğinin əhəmiyyətini vurğulayıb. Tədbirdə iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva H.Z.Tağıyevin sahibkar və xeyriyyəçi kimi keçdiyi yola nəzər salaraq onun xalqının maariflənməsi, savadsızlığın aradan qaldırılması və milli kadrların hazırlanması istiqamətində misilsiz xidmətlərindən söz açıb. 123 nömrəli tam orta məktəbin tarixi barədə də məlumat verən BŞTİ müdiri bildirib ki, bu təhsil müəssisəsi 1894-cü ildə H.Z.Tağıyev tərəfindən tikdirilib. Hazırda onbirillik məktəb kimi fəaliyyət göstərən təhsil müəssisəsində 1058 şagird təhsil alır. Daha sonra tarix elmləri doktoru, dosent Fərhad Cabbarov “Hacı Zeynalabdin Tağıyevin milli miqyası" mövzusunda mühazirə ilə çıxış edib. Fərhad Cabbarov mühazirədə H.Z.Tağıyevi zənginliyə aparan yoldan, milli təhsilimizin inkişafında Tağıyev nümunəsindən danışıb, Tağıyevin qızlar məktəbini onun şah əsəri adlandırıb, məktəbin milli təhsil tariximizdəki rolundan söz açıb. Mühazirəçi çıxışında maarifpərvər və ictimai xadim H.Z.Tağıyevə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açaraq bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən Bakı şəhərində H.Z.Tağıyevin abidəsinin ucaldılması bu diqqətin bariz nümunəsidir. H.Z.Tağıyevin xeyriyyəçilik ənənələrinin əsasını qoyduğunu deyən Fərhad Cabbarov onun bu fəaliyyətinin təkcə Azərbaycanla məhdudlaşmadığını da bildirib. Mühazirəçi görkəmli mesenat Tağıyevin Azərbaycan təhsilinə, maarifə böyük qiymət verdiyini, bu sahənin inkişafı naminə xidmətlərini iştirakçıların diqqətinə çatdırıb. Çıxış edən digər qonaqlar H.Z.Tağıyevin gələcək nəsillərə miras qoyduğu mənəvi irsindən, elm və təhsilə verdiyi dəyər və dəstəkdən söz açıb, belə bir tədbirin keçirilməsinin Tağıyev irsinin öyrənilməsi və təbliği baxımından önəmini vurğulayıb, həmçinin məktəbə kitab hədiyyə ediblər. Sonra iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Tədbir çərçivəsində məktəbin həyətində “Heydər Əliyev – 100” adlı ağacəkmə kampaniyası ilə bağlı ağaclar əkilib. Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 2016-cı ildən “Novruz mühazirələri” təşkil edilir.
17/03/2023 10:51
Əcnəbi tələbələrlə iş sahəsində fərqlənən universitetlər təltif edilib
Martın 16-da Elm və Təhsil Nazirliyi tərəfindən əcnəbilərin cəlbinin təşviqi və təhsilinin təşkili sahəsində xüsusi fərqlənən 5 ali təhsil müəssisəsi təşəkkürnamə ilə təltif edilib. Sözügedən təşəkkürnamələr Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Slavyan Universiteti və Xəzər Universitetinə təqdim olunub. Müəssisələr əcnəbilərin sayında son 5 tədris ili üzrə artım dinamikası, tələbələrin qəbulu və məlumatların toplanılması sistemlərinin səmərəli istifadəsi, əcnəbi tələbələrin ictimai-sosial aktivliyinin təmin edilməsi meyarları nəzərə alınmaqla təltif olunub. Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov əcnəbilərin cəlbinin təşviqinin prioritet istiqamətlərdən biri kimi dəyərləndirilməsi və bu çərçivədə irəliləyişlərə nail olunması istiqamətində vacib məsələlərə dair məlumat verib. Eyni zamanda, sözügedən sahədə birbaşa fəaliyyət göstərən təhsil müəssisələrinin rolunu qeyd edərək bu istiqamətdə gələcəkdə daha çox işlərin görülməli olduğuna və əcnəbilərin təhsilinə diqqətin artılmasının əhəmiyyətinə toxunub. Qeyd edək ki, görüşdə yuxarıda adları çəkilən yerli ali təhsil müəssisələrinin nümayəndələri də iştirak ediblər.
16/03/2023 17:01
“Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı videoçarx və foto müsabiqəsinə start verilir
Martın 17-dən Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı videoçarx və foto müsabiqəsinə start veriləcək. Müsabiqənin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd edilməsi, gənc nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsi, gənc istedadların üzə çıxarılması və onların yaradıcılıq potensiallarının inkişaf etdirilməsindən ibarətdir. Müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında iki yaş qrupunda (9-13 yaş və 14-17 yaş) aşağıdakı nominasiyalar üzrə keçirilir: videoçarx nominasiyası; foto nominasiyası. Müsabiqə aşağıdakı mərhələlər üzrə keçirilir: I mərhələ – 17 mart – 24 aprel tarixlərini əhatə edir. Bu mərhələdə müsabiqəyə qatılmaq istəyən iştirakçıların qeydiyyatı ilə bağlı sifarişlər, foto və videoçarxlar müsabiqənin təşkilat komitəsinin ugim-3@mk.edu.az elektron poçt ünvanına göndərilməlidir. II mərhələ – 5 – 15 may tarixlərini əhatə edir. Təqdim edilən işlər münsiflər heyəti tərəfindən müvafiq meyarlar üzrə qiymətləndirilir və qaliblər seçilir. Müsabiqədə hər yaş qrupu və nominasiyalar üzrə I, II, III yerlərin qalibi olmuş iştirakçılar Elm və Təhsil Nazirliyinin fəxri fərman və hədiyyələri ilə təltif olunacaqlar.
16/03/2023 12:50
"2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsili
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu davam edir. Proses 1 aprel 2023-cü il tarixində yekunlaşacaq. Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını 2023-cü il üzrə həyata keçirilən ilk sənəd qəbulunda iştirak etməyə dəvət edir. Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər. Əlavə sual yaranarsa, FAQ/MVS və ya dpinfo@edu.gov.az elektron poçt ünvanına müraciət etmək mümkündür.
16/03/2023 11:37
“Qəhrəman təhsil işçiləri” kitabının təqdimatı olub
Martın 15-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə çap olunmuş “Qəhrəman təhsil işçiləri” kitabının təqdimat mərasimi keçirilib. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, “Yaşat” Fondunun İdarə Heyətinin üzvü Şair Ramaldanov və müharibə iştirakçısı olmuş təhsil işçilərinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib. Ardınca 44 günlük Vətən müharibəsinin şəhid təhsil işçilərinin xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev bildirib ki, “Qəhrəman təhsil işçiləri” kitabı İkinci Qarabağ müharibəsində silaha sarılan təhsil işçilərinə həsr olunub. Səttar Möhbalıyevin sözlərinə görə, bu kitabın çap edilməsi şəhid təhsil işçilərinin xatirəsinin əbədiləşdirilməsi, müharibədə iştirak etmiş ittifaq üzvlərinin keçdiyi nümunəvi döyüş yolunun gələcək nəsillərə təbliği və onlarda milli vətənpərvərlik hissinin inkişaf etdirilməsi baxımından faydalı olacaq. Çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov şanlı qələbə ilə sona çatan Vətən müharibəsindən söz açıb və qeyd edib ki, bu zəfər Ali Baş Komandanın, müzəffər Azərbaycan ordusu, həmçinin xalqımızın iradəsinin qələbəsidir. Nazir müavini işğaldan azad edilmiş ərazilərdə hazırda quruculuq işlərinin görüldüyünü, artıq Zəngilan rayonunun Ağalı kəndində orta məktəbin fəaliyyətə başladığını bir daha diqqətə çatdırıb. Sonra çıxış edən digər qonaqlar ordumuzun şücaəti və gənclərimizin vətənpərvərliyindən danışıblar.
15/03/2023 17:40
"Hacı Zeynalabdin Tağıyevin milli miqyası" – "Novruz mühazirələri"
Martın 16-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə növbəti "Novruz mühazirəsi" keçiriləcək. Bakı şəhəri H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbdə keçiriləcək "Novruz mühazirəsi"ndə tarix elmləri doktoru, dosent Fərhad Cabbarov çıxış edəcək. Mühazirə "Hacı Zeynalabdin Tağıyevin milli miqyası" mövzusuna həsr olunacaq. Fərhad Cabbarov mühazirədə “H.Z.Tağıyevi zənginliyə aparan yol: təsadüf, yoxsa gərgin zəhmətin nəticəsi?”, “H.Z.Tağıyev milli sahibkarlığın təməlində duranlardan biri kimi”, “Milli təhsilimizin inkişafında Tağıyev nümunəsi”, “Tağıyevin qızlar məktəbi – xeyriyyəçinin şah əsəri” mövzularında söhbət açacaq. Qeyd edək ki, Elm və Təhsil Nazirliyi "Novruz mühazirələri"ni 2016-cı ildən etibarən keçirir.
15/03/2023 15:40
Gürcüstanın təhsil və elm naziri Qaxda STEAM Mərkəzinin açılışında
Martın 15-də ölkəmizdə səfərdə olan Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli elm və təhsil naziri Emin Əmrullayevlə birgə Qax şəhəri N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseydə STEAM Mərkəzinin açılış mərasimində iştirak edib. Tədbirə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze də qatılıblar. Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Daha sonra qonaqlar məktəb-liseydə yaradılmış şəraitlə tanış olublar. Emin Əmrullayev və Mixeil Çxenkeli təhsil müəssisəsində Azərbaycan və gürcü bölmələrində tədris prosesi ilə tanış olub, müəllim və şagirdlərlə söhbət aparıblar. Bildirilib ki, məktəb-liseydə 32 Azərbaycan, 11 rus, 10 gürcü, ümumilikdə isə 53 sinif komplekti var. Təhsil müəssisəsində məktəbəhazırlıq qrupları ilə birgə 946 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 157 müəllim məşğul olur. Məktəb-liseydə yeni fəaliyyətə başlayan STEAM Mərkəzi ilə tanışlıq zamanı qonaqlara bildirilib ki, sözügedən təhsil müəssisəsində artıq 3 ildir, STEAM tədris olunur. İnnovativ texnologiyalarla tam təmin olunan mərkəz bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub və mərkəzdə elm, aşağı sinif şagirdləri üçün “Logo system” zonaları, CNC və 3 D çap mexatronika, dron istiqamətləri üzrə sahələr mövcuddur. Sonra elm və təhsil naziri Emin Əmrullayev gürcü həmkarı ilə birgə gürcülərin yaşadığı Əlibəyli kəndində olublar və kənddə tədrisi gürcü dilində aparılan Şota Rustaveli adını daşıyan tam orta məktəbi ziyarət ediblər. Məlumat verilib ki, təhsil müəssisəsi ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən yenidən inşa olunub və 2019-cu ildə istifadəyə verilib. Müasir standartlara uyğun inşa edilən 216 şagird yerlik məktəb binasında sinif otaqları ilə yanaşı, 11 fənn kabineti, 2 laboratoriya, 2 texnologiya kabineti, kompüter və hərbi hazırlıq otaqları, həmçinin yeməkxana, akt və idman zalları, xidməti otaqlar fəaliyyət göstərir. Məktəbdə təhsil alan 158 şagirdin təlim-tərbiyəsi ilə 30 müəllim məşğul olur. Daha sonra şagirdlərin ifasında Azərbaycan və Gürcüstanın milli rəqsləri nümayiş etdirilib, musiqi nömrələri səsləndirilib. Sonda xatirə şəkli çəkdirilib.
15/03/2023 14:40
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. ?️ Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək. ℹ️ Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. #ElmVəTəhsilNazirliyi #EduAz #Müəllim #İşəQəbul #MİQ2026
ƏtraflıAli təhsil müəssisələrinin tələbələri arasında debat turniri təşkil olunacaq
Ətraflı? Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun 2026-cı il saat 17:00-dək uzadılır. ? Qeyd edək ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu ?grants@edu.gov.az elektron poçtu vasitəsilə həyata keçirilir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #AzərbaycanDili
Ətraflı