Elm və təhsil naziri Göygöldə vətəndaşları qəbul edib
Martın 31-də elm və təhsil naziri Emin Əmrullayev Göygöldə vətəndaş qəbulu keçirib. Qəbulda Göygöl, Gəncə, Naftalan, Daşkəsən, Goranboy, Samux, Kəlbəcər və Xocalı sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, tələbələrin köçürülməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
31/03/2023 16:18
Nazir Göygöldə 5 nömrəli məktəbdə olub
Martın 31-də elm və təhsil naziri Emin Əmrullayev Göygöl şəhəri E.Vəliyev adına 5 nömrəli tam orta məktəbi ziyarət edib. Əvvəlcə məktəbin foyesində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Daha sonra icmaəsaslı məktəbəqədər təhsil qrupu, peşə təmayüllü siniflərdə tədris və məktəbdə yaradılmış şəraitlə tanış olan Emin Əmrullayev müəllim və şagirdlərlə görüşüb, onlarla söhbət edib. Bildirilib ki, məktəb binası 2006-cı ildə tikilərək istifadəyə verilib. Hazırda məktəbdə 900-dən çox şagird təhsil alır.
31/03/2023 15:45
Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti 20 aprel 2023-cü il saat 23:59-dək uzadılıb. Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər. Əlavə sual yarandığı zaman “Mütəmadi verilən suallar” bölməsinə və ya dpinfo@edu.gov.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.
31/03/2023 10:56
Nazir müavini Qırğız Respublikasında Azərbaycan məktəblərini ziyarət edib
Qırğız Respublikasında səfərdə olan elm və təhsil nazirinin müavini İdris İsayev martın 29-da Bişkek şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına 20 nömrəli Məktəb-Gimnaziya Kompleksini və Nizami Gəncəvi adına 103 nömrəli məktəbi ziyarət edib. Nazir müavini sözügedən təhsil müəssisələrində yaradılmış şəraitlə tanış olub, müəllim-şagird heyəti ilə görüşüb. Ziyarət zamanı hər iki təhsil müəssisəsinin bir qrup şagird heyətinin ötən ilin dekabr ayında ölkəmizə səfər etməsi qeyd olunub. İdris İsayev iki ölkənin ümumi təhsil müəssisələri arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə dair əminliyini ifadə edib.
30/03/2023 16:39
Növbəti tədris ili üçün “2022-2026-cı illər üzrə Dövlət Proqramı” çərçivəsində sənəd qəbulu başlayır
Martın 30-dan “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023-2024-cü tədris ili üzrə sənəd qəbuluna start verilir. Müvafiq elan mətni ilə keçiddən tanış ola bilərsiniz. Sənəd qəbulu üçün son tarix 1 iyun 2023-cü il saat 23:59 müəyyən edilib. Dövlət Proqramı çərçivəsində 2023-2024-cü tədris ili üçün prioritet ixtisas sahələrinə uyğun bakalavriat və magistratura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə siyahısı aidiyyəti qurumlarla razılaşdırılmaqla Elm və Təhsil Nazirliyi tərəfindən yenilənib. Yeni siyahı aşağıdakı 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 28 ölkəsinin 194 ali təhsil müəssisəsində ümumilikdə 4156 təhsil proqramını (595-i bakalavriat, 3561-i magistratura olmaqla) əhatə edir: 1. informasiya texnologiyaları; 2. mühəndislik; 3. statistika və verilənlərin təhlili; 4. fundamental və tətbiqi elmlər; 5. ictimai səhiyyə; 6. təhsil; 7. ətraf mühit; 8. aviasiya və kosmos; 9. dövlət idarəetməsi; 10. nəqliyyat və logistika; 11. energetika; 12. iqtisadiyyat; 13. maliyyə; 14. arxitektura və dizayn; 15. kənd təsərrüfatı. Sözügedən siyahıda prioritet ixtisas istiqamətlərindən biri üzrə müvafiq ildə universitetlərin beynəlxalq reytinq sistemlərində ilk onluğa (ixtisas reytinqi nəzərə alınmır) daxil olmuş ali təhsil müəssisələri tərəfindən təqdim edilən bakalavriat və magistratura proqramlarına qəbul almış şəxslər də müraciət edə bilərlər. Siyahıda əks olunan xarici ali təhsil müəssisələrinin bakalavriat və magistratura proqramları üzrə qəbul sənədləri əldə etmiş şəxslər Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün keçiriləcək növbəti müsabiqədə iştirak etmək hüququ əldə edə biləcəklər.
30/03/2023 13:40
MİQ nəticələri ilə bağlı universitetlərdə görüşlər keçiriləcək
Martın 31-dən etibarən ali təhsil müəssisələrində pedaqoji kadr hazırlığı, müəllimlərin işə qəbulu üzrə müsabiqədə məzunların əldə etdikləri nəticələrin təhlili ilə bağlı görüşlərin keçirilməsi planlaşdırılır. Görüşlərdə ali təhsil müəssisələrinin rəhbər və professor-müəllim heyətinin iştirakı nəzərdə tutulub. Görüşlər zamanı müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanında iştirak edən namizədlərin məzun olduqları ali təhsil müəssisələrinə görə fənlər üzrə statistik məlumatları təqdim ediləcək, pedaqoji kadr hazırlığı ilə bağlı qarşıda duran hədəflər müzakirə olunacaq. Qeyd edək ki, görüşlər Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti və Lənkəran Dövlət Universitetində təşkil ediləcək.
30/03/2023 12:45
Sertifikatlaşmaya dəstək: kim, necə, harada?
Aprelin 1-dən Bakı şəhəri, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz regionları üzrə ixtisasartırma təlimlərinə start verilir. Təhsil İnstitutunun təşkil etdiyi bu təlimlər sertifikatlaşmada təkrar iştirak edəcək təhsilverənlərə dəstək məqsədilə keçirilir. 48 saatlıq ixtisasartırma təlimləri ibtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat fənləri üzrə keçiriləcək. Dəstək təlimləri müdavimlərin yaşayış yerləri nəzərə alınmaqla 53 təlim mərkəzində təşkil olunacaq. 2700-dən çox ibtidai sinif müəllimini əhatə edəcək bu təlimlərdə sertifikatlaşmada yüksək nəticə göstərən müəllimlərin də təlimçi kimi fəaliyyət göstərmələrinə şərait yaradılacaq.
29/03/2023 15:30
I Uşaq İncəsənət Festivalında iştirak üçün son 2 gün
Elm və Təhsil, Mədəniyyət nazirlikləri, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən I Uşaq İncəsənət Festivalında iştirak üçün qeydiyyatın bitməsinə 2 gün qalıb. Qeydiyyat prosesi martın 30-dək www.uif.az portalı vasitəsilə aparılacaq. Üç mərhələdən ibarət festivalda 6-17 yaş arası şəxslər peşəkar (sahə üzrə aidiyyəti təhsil müəssisələrində müvafiq təhsil proqramları əsasında təhsil alanlar) və həvəskar (müxtəlif kurslarda, dərnəklərdə və ya fərdi qaydada məşğul olanlar) olmaqla iki kateqoriya üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) iştirak edə bilərlər. Festivalda qeyd olunan yaşlar üzrə incəsənətin və yaradıcılığın müxtəlif növ və janrları üzrə fəaliyyət göstərən kollektivlər, dərnəklər, solo ifaçılar, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər, rəssamlar, dekorativ-tətbiqi sənətlə məşğul olan istedadlı şəxslər də iştirak edə bilərlər. Festival ümummili lider Heydər Əliyevin 100 illiyinə həsr olunan təqdimat və rəqəmsal incəsənət nümunələri də daxil olmaqla ümumilikdə 21 nominasiya üzrə keçiriləcək: rəqəmsal incəsənət – “Ümummilli lider Heydər Əliyev və Azərbaycan” (videoqraf, fotoqraf, müxtəlif kompüter proqramlarında hazırlanan təqdimatlar, həvəskar bloger); piano ifaçılığı; klassik simli alətlər ifaçılığı; klassik nəfəs alətləri ifaçılığı; Azərbaycan xalq çalğı alətləri ifaçılığı; akademik vokal; estrada oxuma; xanəndəlik sənəti; aşıq sənəti; xor; caz ifaçılığı; solo milli rəqs; milli rəqs ansamblı; solo müasir rəqs; müasir rəqs ansamblı; aktyorluq; bədii qiraət; hekayəçilik (stand-up); dekorativ-tətbiqi sənət; rəssamlıq; heykəltaraşlıq. Festivalda hər iştirakçı fərdi olaraq yalnız bir nominasiya üzrə iştirak edə bilər. Kollektiv olaraq festivala qatılanların isə fərdi şəkildə əlavə bir nominasiyada da iştirak etməsi mümkündür. Qeyd edək ki, festivalla bağlı əlavə məlumatları Mədəniyyət Nazirliyi (https://culture.gov.az/az), Elm və Təhsil Nazirliyi (https://edu.gov.az/) və Heydər Əliyev Mərkəzinin (https://heydaraliyevcenter.az/#main) rəsmi internet səhifələri üzərindən, (+994) 050 288 01 47 mobil, 147 qısa nömrələri ilə əlaqə yaratmaqla, həmçinin festivalın rəsmi internet saytı (https://uif.az/) və sosial şəbəkə hesablarından əldə edə bilərsiniz. https://www.facebook.com/uif.az/; https://www.instagram.com/uif.az/; https://www.youtube.com/@uif_az/; tiktok.com/@uif.az
29/03/2023 15:00
“MathCamp 2023” və "EduCamp 2023" tələbə düşərgələri yekunlaşıb
22-26 mart tarixlərində Quba rayonunda riyaziyyat, fizika və əlaqəli ixtisaslarda təhsil alan tələbələr üçün keçirilən “MathCamp 2023” və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə təhsilin idarə edilməsi və pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələr üçün keçirilən "EduCamp 2023" tələbə düşərgələri yekunlaşıb. Düşərgələr Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. Bağlanış mərasimində iştirak edən Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev tələbələrdə yeniliklərə qarşı yaradıcı təfəkkür və açıq düşüncə tərzini formalaşdırmaq, yeni dostluqlar qazanmaq, eyni zamanda, asudə vaxtı daha səmərəli keçirmək baxımından düşərgə formatında təşkil edilən layihələrin vacibliyini vurğulayıb. Daha sonra “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova gənc tələbələrin innovativ potensialını stimullaşdırmaq, onların elmi və nəzəri biliklərini artırmaq, bu sahədə praktiki biliklərin gücləndirilməsi məqsədilə keçirilən düşərgələrin əhəmiyyətindən bəhs edib. Beş gün davam edən “EduCamp 2023” və “MathCamp 2023” düşərgələri ərzində müxtəlif mövzularda informativ sessiyalar keçirilib. Qeyd edək ki, düşərgələr zamanı məşqçi-müəllimlər və idman mütəxəssislərinin dəstəyi ilə bədən tərbiyəsi dərsləri, voleybol turnirləri, futbol və stolüstü tennis yarışları, intellektual oyunlar, musiqi axşamları və Quba rayonunun Çənlibel gölünə ekskursiya təşkil olunub.
29/03/2023 14:32
Elm və təhsil nazirinin müavini Beynəlxalq Türk Akademiyası Elmi Şurasının 6-cı iclasında iştirak edib
Elm və təhsil nazirinin müavini İdris İsayev Qırğız Respublikasının Bişkek şəhərində təşkil olunmuş Beynəlxalq Türk Akademiyası Elmi Şurasının 6-cı iclasında iştirak edib. İclasda çıxış edən nazir müavini Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə həyata keçirilən fəaliyyətlərin üzv ölkələr arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib. İdris İsayev türk dövlətləri arasında şagird və müəllim mübadiləsinin, habelə ortaq dərsliklərin hazırlanmasının önəmini qeyd edib. Beynəlxalq Türk Akademiyası Elmi Şurasının 6-cı iclası çərçivəsində İdris İsayev Qırğız Respublikasının təhsil və elm naziri Kanibek İmanaliyev ilə də görüşüb. Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində mövcud əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb. Nazir müavini həmçinin Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev ilə görüşüb. Görüşdə Elm və Təhsil Nazirliyi ilə Beynəlxalq Türk Akademiyası arasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub.
29/03/2023 11:30
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. ?️ Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək. ℹ️ Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. #ElmVəTəhsilNazirliyi #EduAz #Müəllim #İşəQəbul #MİQ2026
ƏtraflıAli təhsil müəssisələrinin tələbələri arasında debat turniri təşkil olunacaq
Ətraflı? Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun 2026-cı il saat 17:00-dək uzadılır. ? Qeyd edək ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu ?grants@edu.gov.az elektron poçtu vasitəsilə həyata keçirilir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #AzərbaycanDili
Ətraflı