Azərbaycanlı gənclərin Beynəlxalq Astronavtika Konqresinə marağı artır
Azərbaycanın gənc tədqiqatçı və tələbələrinin Beynəlxalq Astronavtika Konqresində aktiv iştirakını təmin etmək məqsədilə “Azərkosmos” tərəfindən “Tələbələr və gənc alimlər” adlı proqram həyata keçirilir. Proqramın məqsədi azərbaycanlı gənclərin konqresə marağını artırmaq, onların aktiv iştirakını təşviq etməklə kosmos elminin və təhsilinin inkişafına töhfə verməkdir. Proqram çərçivəsində Elm və Təhsil Nazirliyi, həmçinin nazirliyin “SABAH qrupları” layihəsi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və innovasiya mərkəzləri ilə əməkdaşlıq qurulub. I mərhələdə 14 universitetdən 2200 tələbə üçün konqreslə bağlı infosessiya və silsilə görüşlər keçirilib. 1000-dən çox fəal gənci öz ətrafında birləşdirən 300-ə yaxın tələbə-gənclər təşkilatları ilə də görüşlər təşkil edilib. Qeyd edək ki, “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusuna həsr olunmuş konqresdə bütün dünyadan, o cümlədən Azərbaycandan olan elm insanları kosmosun imkanlarına həsr olunmuş 189 texniki sessiya və digər tədbirlərdə iştirak edə biləcəklər. Beynəlxalq Astronavtika Konqresində iştirak üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz: https://www.iac2023.org/registration/ Konqres haqqında ətraflı məlumatı müvafiq linkdən əldə etmək mümkündür: www.iac2023.org
14/04/2023 17:50
Fənn olimpiadalarının final turunun keçiriləcəyi tarix və məkanlar
Respublika fənn olimpiadalarının respublika mərhələsinin final turunun keçiriləcəyi tarix və məkanlar açıqlanıb. Belə ki, mayın 2-də fizika və coğrafiya, mayın 3-də riyaziyyat, mayın 4-də biologiya, mayın 6-da Azərbaycan dili və ədəbiyyat, tarix və informatika, mayın 10-da isə kimya fənləri üzrə respublika fənn olimpiadalarının final turu keçiriləcək. Bütün fənlər üzrə olimpiada saat 10:00-da başlayacaq. İnformatika fənnindən yuxarı yaş qrupu (10-11-ci siniflər) üzrə final turu ADA Universitetində, aşağı yaş qrupu (8-9-cu siniflər) üzrə final turu Bakı Ali Neft Məktəbinin Bayıl korpusunda, digər fənlər üzrə isə “Hyatt Regency” hotelində təşkil olunacaq. Final turunda iştirak hüququ qazanan şagirdlər buraxılış vərəqələrini 25-28 aprel 2023-cü il tarixlərində www.portal.edu.az elektron ünvanında şəxsi kabinetlərindən əldə edə bilərlər. Şagirdlər final mərhələsinə gələrkən buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsini gətirməlidirlər.
14/04/2023 14:25
Müstəqillik dövrümüzün ilk təhsil islahatı müzakirə edilib
Aprelin 13-ü ADA Universitetində Heydər Əliyev və Azərbaycan təhsilində ilk islahatlar mövzusunda “dəyirmi masa” keçirilib. Elm və Təhsil Nazirliyinin və ADA Universitetinin Təhsil fakültəsinin birgə təşkilatçılığı ilə keçirilən müzakirədə 1999-2003-cü illərdə keçirilən təhsil islahatında bilavasitə iştirak edən islahatçılar, bu prosesin icraçıları və təhsil ekspertləri iştirak ediblər. Tədbirdə sözügedən islahatın köhnə ideologiyadan uzaq, milli kimliyimizi özündə əks etdirən təhsil ənənələrinin formalaşmasına və müasir təhsil sisteminə təsirləri barəsində danışılıb. Açılış nitqi ilə çıxış edən ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal qonaqları salamlayaraq bildirib ki, müasir təhsil mühitindəki uğurlar o dövrdə baş verən islahatın nəticəsidir. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsil tarixindəki misilsiz xidmətlərindən danışıb, ulu öndərin təhsilin gələcəyi müəyyən edən sahələrdən olduğuna, güclü təhsilin isə güclü iqtisadiyyat əsasında formalaşdığına inandığını bildirib. Vurğulanıb ki, azərbaycançılıq dəyərləri həm öncəki, həm də hazırkı təhsil islahatlarının əsasını təşkil edir. Tədbirdə çıxış edən Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov 15 iyun 1999-cu il tarixində Heydər Əliyevin Sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"nı səsləndirib. Bu tarixi sənədin milli təhsilin məzmun və mahiyyətinə müasir yanaşma ortaya qoyduğunu ifadə edərək sözügedən islahatları dünya təhsilinə inteqrasiya kimi qiymətləndirib. ADA Universitetinin Təhsil fakültəsinin dekanı Ülviyyə Mikayılovanın moderatorluğu ilə keçirilən müzakirədə “İslahat Proqramı”nın icrası zamanı əldə edilən təcrübə və müşahidələr bölüşülüb.
14/04/2023 11:50
Xaricdə doktorantura təhsili üçün sənəd qəbulu davam edir
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulu davam edir. Sənəd qəbulu 20 aprel 2023-cü il saat 23:59-dək davam edəcək. Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər. Əlavə sual yarandığı zaman “Mütəmadi verilən suallar” bölməsinə və ya dpinfo@edu.gov.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.
14/04/2023 11:20
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dair görüşlər davam edir
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarında yerləşən ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif, həmçinin Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib. Görüş zamanı sertifikatlaşdırmanın mərhələləri və məzmunu haqqında məlumatlar verilib. Eyni zamanda, sertifikatlaşdırma nəticələrinin təhsilverənlərin karyera inkişafı, əməyin stimullaşdırılması və əməkhaqqının diferensiallaşdırılması tədbirlərində nəzərə alınacağı bildirilib. Tədbirin sonunda müəllimləri maraqlandıran suallar cavablandırılıb.
13/04/2023 16:56
Şagird sayı 500-dək olan məktəblərə direktor vəzifəsi üzrə test imtahanlarına başlanılır
Aprelin 15-də şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışmaq üçün müraciət edən namizədlər üçün test imtahanı keçiriləcək. Bu barədə namizədlərin əlaqə nömrələrinə mesaj göndərilib. Test imtahanında namizədlərə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması məqsədilə ümumilikdə 45 test tapşırığı təqdim ediləcək. Qeyd edək ki, şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul üzrə sənəd qəbulu prosesində 1500-dən çox namizəd iştirak edib. Şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul isə müsabiqə (test və müsahibə) yolu ilə yerli təhsili idarəetmə orqanları tərəfindən həyata keçirilir.
13/04/2023 14:42
Məktəbəqədər təhsillə bağlı məlumatverici görüş
Aprelin 13-də media nümayəndələri üçün məktəbəqədər təhsil mövzusunda məlumatverici görüş keçirilib. Görüşdə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Məktəbəqədər təhsilin təşkili və idarə olunması sektorunun müdiri İlahə Rəsulova çıxış ediblər. Görüşdə nazirliyin məktəbəqədər təhsil sahəsində fəaliyyət istiqamətləri barədə məlumat verilib. Məktəbəqədər təhsil müəssisələrinin qida təminatı, tikinti-təchizat məsələləri, tərbiyəçi-müəllimlərin işə qəbulu, uşaqların elektron qəbul prosesi və digər məqamlara toxunulub. Bildirilib ki, artıq bəzi məktəbəqədər təhsil müəssisələrində isti qidaların paylanması ilə bağlı pilot layihə icra edilir. Bu ilin sonunadək pilot layihənin qiymətləndirilməsi aparılacaq və nəticələrə uyğun addımlar atılacaq. Əlavə edilib ki, gələcəkdə bağçalarda qidaların peşəkar müəssisə tərəfindən hazırlanması təmin olunacaq. Qeyd edilib ki, bu günədək Elm və Təhsil Nazirliyinin tabeliyindəki 1700-ə yaxın bağçanın monitorinqi aparılıb. 2022-ci ildə 14, 2023-cü ildə isə 18 bağça müdiri işdən azad edilib. Vurğulanıb ki, ötən il müsabiqədən keçən 100-dən çox tərbiyəçi-müəllim işə qəbul olunub. Noyabr-dekabr aylarında isə üç min tərbiyəçi təlimə cəlb edilib. Cari ildə də üç min tərbiyəçinin təlimə cəlb olunması gözlənilir. O da bildirilib ki, tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması üçün normativ sənədin hazırlanması istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən iş aparılır. Görüşdə 2022-ci ilin son rübündə Bakı, Gəncə, Sumqayıt, Abşeron və Göygöldə yerləşən 179 bağçada öyrənmə guşələrinin yaradıldığı da diqqətə çatdırılıb. Adıçəkilən guşələrlə bağlı bağçalardakı tərbiyəçilərə əlavə təlimlərin keçirildiyi və növbəti ildə də bu təlimlərin davam etdiriləcəyi qeyd olunub. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
13/04/2023 14:00
Rumıniyada 2023-2024-cü tədris ili üzrə HTP çərçivəsində təhsil imkanı
Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi 2023-2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir. Təqaüd proqramı “Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 11 oktyabr 2004-cü il tarixində imzalanmış müqavilə”yə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı yaradır. Təqaüd proqramına müraciət üçün son tarix 25 aprel 2023-cü il nəzərdə tutulub. Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.
13/04/2023 11:15
Təhsilverənlərin sertifikatlaşdırması prosesi ilə bağlı maarifləndirici görüş keçirilib
Aprelin 12-də Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbdə Təhsil İnstitutu tərəfindən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə şəhəri, Goranboy, Naftalan, Göygöl, Daşkəsən və Samux rayonları üzrə tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat, həmçinin ibtidai sinif müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib. Görüşdə sertifikatlaşdırmanın mərhələləri, təşkili, məzmunu və çərçivə sənədi ilə bağlı məsələlər barədə məlumatlar verilib. Görüş müddətində iştirakçıları maraqlandıran müxtəlif suallar cavablandırılıb.
12/04/2023 17:50
“Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsi
Təhsilin İnkişafı Fondu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsini elan edir. Müsabiqənin məqsədi ulu öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq tələbələrin təhsilin inkişafına töhfə verəcək ideyalarını dəstəkləməkdir. İki mərhələdən ibarət olan müsabiqədə yerli ali təhsil müəssisələrinin bakalavr və magistrları aşağıdakı mövzulardan biri üzrə ideya və təkliflərini təqdim etməklə iştirak edə bilərlər: inklüziv təhsilin inkişafı; qeyri-formal təhsil metodları; təhsildə texnologiyanın tətbiqi; təhsildə idarəetmə. I mərhələdə iştirakçılar tərəfindən hazırlanan təqdimatda məsələnin qoyuluşu, innovativ yanaşma və icra planı öz əksini tapmalıdır. Təqdimatlar mövzunun aktuallığı, faydalılığı, məzmun və dizayn kimi meyarlar üzrə qiymətləndiriləcək. II mərhələdə iştirak hüququ qazanan namizədlər isə təkliflərini müsabiqə mövzuları üzrə peşəkar mütəxəssislərdən ibarət münsiflər heyətinə təqdim edəcəklər. II mərhələnin meyarları (təqdimat bacarığı, fikirlərin əsaslandırılması və vaxtın idarəedilməsi) üzrə ən çox bal toplayan ilk 3 finalçı qalib olacaq. Təqdimat üçün maksimum müddət 7 dəqiqə müəyyən edilib. Mükafatlandırılma aşağıdakı formada aparılacaq: I yer – 1000 AZN II yer – 750 AZN III yer – 500 AZN Müraciət üçün keçid: https://forms.gle/jCg2EvdUvBKVafJA7 Müraciət üçün son tarix: 27 aprel saat 18:00. Qeyd: Təqdimatlar Azərbaycan dilində olmalıdır.
12/04/2023 17:00
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. ?️ Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək. ℹ️ Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. #ElmVəTəhsilNazirliyi #EduAz #Müəllim #İşəQəbul #MİQ2026
ƏtraflıAli təhsil müəssisələrinin tələbələri arasında debat turniri təşkil olunacaq
Ətraflı? Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun 2026-cı il saat 17:00-dək uzadılır. ? Qeyd edək ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu ?grants@edu.gov.az elektron poçtu vasitəsilə həyata keçirilir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #AzərbaycanDili
Ətraflı