Şagirdlər arasında keçirilən “Mexatronika” yarışının qalibləri mükafatlandırılıb
Mayın 12-də "Qızların STEAM və İKT bacarıqlarının artırılması və karyera seçiminə dəstək" layihəsində iştirak edən şagirdlər arasında keçirilmiş “Mexatronika” yarışının final tədbiri və mükafatlandırma mərasimi baş tutub. Tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens (Alex Heikens), layihə əməkdaşları, şagirdlər iştirak ediblər. Bildirilib ki, sözügedən layihə UNICEF-in Azərbaycandakı Nümayəndəliyi və Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bərdə, Lənkəran, Tovuz, Şirvan və Sabirabad olmaqla ölkənin 5 bölgəsində ümumilikdə 100 qız şagirdin qatıldığı 50 komanda əvvəlcə “Qadınlar kosmosda” adlı seçim turunda iştirak edib. “Kosmik texnologiyalarda riyazi həllər” adlı final turunda isə 15 komandadan 30 şagird iştirak hüququ qazanıb. Daha sonra layihə rəhbəri İqrar Nəzərov qonaqları salamlayaraq STEAM layihəsi və bu çərçivədə növbəti ilərdə görüləcək işlərə dair təqdimatla çıxış edib. Elm və təhsil nazirinin müavini Həsən Həsənli öz növbəsində sözügedən layihədə iştirak edən şagirdlərə təbrikini çatdırıb, bu cür layihələrin şagirdlərin gələcək karyera seçimində önəmini vurğulayıb. UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Heikens isə STEAM əsaslı təhsilin şagirdlərin yalnız bilik və bacarıqlarını deyil, həmçinin şəxsi keyfiyyətlərini də inkişaf etdirdiyinə xüsusilə toxunub. Sonda yarışda qalib gəlmiş komandalara sertifikat və mükafatlar təqdim edilib. Qeyd edək ki, Bərdə, Lənkəran, Tovuz, Şirvan və Sabirabadda davam etdirilən layihənin əsas məqsədi qız şagirdlərdə 3D çap, modelləşdirmə, kodlaşdırma, CNC lazer kəsim və oyma, həmçinin mühəndislik bacarıqlarının inkişaf etdirilməsinə dəstək olmaq, onların gələcəkdə mütəxəssis kimi yetişməklərinə töhfə verməkdir.
12/05/2023 18:00
Rusiyada Heydər Əliyevin 100 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilib
Rusiyanın Ulyanovsk şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. “Ulyanovsk Regional Azərbaycan Milli-mədəni Muxtariyyəti” İctimai Təşkilatı tərəfindən təşkil olunan tədbirlərdə Milli Məclis, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi təmsilçilərindən ibarət nümayəndə heyəti, yerli hakimiyyətin rəsmi şəxsləri, Ulyanovsk Şəhər Dumasının deputatları, yerli ictimaiyyət nümayəndələri, Ulyanovsk və Privoljsk Federal Dairəsi üzrə Azərbaycan diaspor təşkilatlarının rəhbər və fəalları iştirak ediblər. Qonaqlar əvvəlcə Heydər Əliyevin adını daşıyan 78 nömrəli orta məktəbdə olub, ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş dərsi izləyiblər. Məktəblilərin ifasında Azərbaycan dilində şeirlər səsləndirilib, milli rəqslər nümayiş etdirilib. Heydər Əliyev Fondunun layihəsi əsasında əsaslı təmir olunmuş məktəbdə Azərbaycanın tarix və mədəniyyətini əks etdirən muzey də fəaliyyət göstərir. Daha sonra Heydər Əliyev adına meydanda ümummilli liderə ucaldılmış abidə ziyarət olunub, önünə gül dəstələri düzülüb. Sonra “Yeni nəsil” İdman-sağlamlıq Kompleksində Heydər Əliyevin yubileyinə həsr olunmuş cüdo üzrə “Xalqlar dostluğu kuboku” regionlararası turnir keçirilib. Turnirdə Rusiyanın 15 regionundan 350-dən çox idmançı iştirak edib. Ulyanovsk vilayətinin qubernatoru Aleksey Ruskixlə nümayəndə heyətinin görüşündə Heydər Əliyevin müasir Azərbaycan dövlətinin möhkəmləndirilməsində, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında əvəzsiz xidmətlərindən danışılıb. Təhsil, gənclər və idman sahələrində müştərək layihələrin həyata keçirilməsi barədə də fikir mübadiləsi aparılıb. Nümayəndə heyətinin tərkibində Elm və Təhsil Nazirliyi tərəfindən Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Hilal Salmanov iştirak edib. Nazirlik adından qubernatora xatirə hədiyyəsi təqdim edilib. Tədbirlər silsiləsi Qubernator mədəniyyət sarayında Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Azərbaycan! Sənə mahnı oxuyuram!” adlı konsertlə yekunlaşıb
12/05/2023 17:53
“Heydər Əliyev və onun Azərbaycan təhsilində rolu” mövzusunda seminar keçirilib
Mayın 12-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və onun Azərbaycan təhsilində rolu” adlı seminar keçirilib. Əvvəlcə tədbir iştirakçıları ulu öndərin xatirəsini yad edib, YAP Nizami rayon təşkilatının inzibati binasında yerləşən büstü önünə gül dəstələri qoyublar. Dövlət Himni səsləndirildikdən sonra ümummilli liderin həyat yolu və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov ulu öndərin mənalı ömür yolu və ictimai-siyasi fəaliyyəti mövzusunda geniş məruzə ilə çıxış edib. Bildirib ki, ümummilli liderin gənclər qarşısında qoyduğu başlıca tələbi məhz təhsillə bağlı idi. Nazir müavini qeyd edib ki, Heydər Əliyev Azərbaycanın tərəqqisinin yeganə yolunun məhz xalqın yüksək təhsil alması və maariflənməsində olduğunu yaxşı bilirdi. Buna görə də ulu öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edirdi. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil respublikamızın dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyə və mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər. Nazir müavini vurğulayıb ki, ulu öndərin ölkəmizdə apardığı məqsədyönlü siyasətin mərkəzində dayanan əsas məsələlərdən biri də Azərbaycan Respublikası vətəndaşının ictimai-siyasi sabitliyin qorunub saxlandığı bir ölkədə yaşamasının təmin edilməsi olub.
12/05/2023 17:00
1000 nəfərə yaxın namizəd direktor olmaq üçün müraciət edib
Şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu davam edir. Elektron qeydiyyat prosesində indiyədək 1000 nəfərə yaxın namizəd iştirak edib. Hazırda elektron ərizələrin yoxlanılması həyata keçirilir. Qeydiyyat prosesi mayın 17-dək davam edəcək. Test imtahanı mərhələsində namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə ilə əlaqəli qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Test imtahanında uğur qazanmış namizədlər yazı işi mərhələsinə dəvət olunacaqlar. Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesinə başlanılıb və işə qəbul üçün 1476 nəfər müraciət edib. Test imtahanında 601 nəfər uğur qazanıb. Mayın sonundan etibarən şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrə başlanılacaq. Ötən ildən etibarən şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu yalnız müsahibə yolu ilə, şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu isə test və müsahibə yolu ilə həyata keçirilir.
12/05/2023 16:25
SABAH qrupları tələbələri arasında idman yarışları keçirilib
Mayın 10-da SABAH tələbələri arasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və 28 May – Müstəqillik Gününə həsr olunmuş idman yarışlarının bağlanış və mükafatlandırma mərasimi keçirilib. Mərasimdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov ulu öndər Heydər Əliyevin idman sahəsinin inkişafına xüsusi diqqətindən danışıb, 6 istiqamətdə keçirilən idman yarışlarının əhəmiyyətini vurğulayıb. Daha sonra məlumat verilib ki, ulu öndərin 100 illik yubileyinə həsr olunmuş idman yarışlarında şahmat üzrə 82 tələbə, dama üzrə 63 tələbə, atıcılıq yarışlarında isə 19 komanda olmaqla ümumilikdə 75 tələbə iştirak edib. 28 May – Müstəqillik Gününə həsr olunan idman yarışlarında isə futzal üzrə 11 komanda, basketbol üzrə 5 komanda, voleybol üzrə qızlar arasında keçirilən oyunlarda 8 komanda, oğlanlar arasında baş tutan oyunlarda 6 komanda mübarizə aparıb. Sonra yarışların qalibləri təltif olunublar. Qeyd edək ki, ölkəmizin idman potensialının gücləndirilməsi və müxtəlif ixtisaslar üzrə SABAH qruplarının qarşılıqlı inteqrasiyasına dəstək məqsədilə layihə çərçivəsində keçirilən idman yarışları tələbələrin emosional və fiziki inkişafına dəstək olur.
12/05/2023 16:00
Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Astarada təhsil festivalı keçiriləcək
Mayın 20-də Astara rayonu dənizkənarı park-bulvar kompleksində təhsil festivalının keçirilməsi nəzərdə tutulur. Festival Lənkəran-Astara Regional Təhsil İdarəsi, Astara Rayon İcra Hakimiyyəti, Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq. Festivalda Elm və Təhsil Nazirliyinin rəsmiləri, millət vəkilləri, tanınmış ictimaiyyət nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, şagirdlər, valideynlər olmaqla ümumilikdə 5000-dən çox izləyicinin iştirakı gözlənilir. Təhsil festivalının gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, intellektual oyunlar, təhsil proqramları, ixtisas seçimi, təhsil kreditləri və müxtəlif mövzulara dair mühazirələr daxildir. Qeyd edək ki, təhsil festivalı regionda təhsil sahəsinə həsr olunan və yerli ali təhsil müəssisələri, təhsil mərkəzləri, eləcə də regionun kiçik və orta biznes sahibkarlarını bir araya gətirən irimiqyaslı regional tədbirdir.
12/05/2023 12:45
Lisey və gimnaziyalara qəbula start verilir
Mayın 12-dən 2023-2024-cü tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbuluna start verilir. Sözügedən lisey və gimnaziyalara ərizə qəbulu https://sy.edu.az portalı üzərindən həyata keçiriləcək. Ərizə qəbulu prosesi 6 iyun tarixinədək davam edəcək. Valideyn (və ya qanuni nümayəndə) portal üzərindən şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidirlər. Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala uyğun olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyanın seçimini aparmalıdırlar. İmtahan zamanı şagirdlərə tədris dili və riyaziyyat fənləri üzrə tapşırıqlar təqdim ediləcək. Lisey və gimnaziyalara siniflər üzrə şagird qəbulu aşağıdakı tarixlərdə aparılacaq: • 16 iyun 2023-cü il tarixində VII və VIII siniflərə qəbul (hazırda VI və VII sinifdə təhsil alanlar üçün); • 17 iyun 2023-cü il tarixində VI siniflərə qəbul (hazırda V sinifdə təhsil alanlar üçün); • 18 iyun 2023-cü il tarixində V siniflərə qəbul (hazırda IV sinifdə təhsil alanlar üçün). Aşağıda mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı təqdim edilib. Lisey və gimnaziyalar barədə ətraflı məlumat ilə https://sy.edu.az elektron sistemində “Mərkəzi imtahan liseyləri” bölməsindən tanış ola bilərsiniz. Dövlət hesabına yataqxana və yeməkxana ilə təmin olunan lisey və gimnaziyalar: - Bakı şəhəri S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyası; - Bakı şəhəri A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya; - Bakı şəhəri S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya; - Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey; - Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyi; - Şəki şəhəri Kimya, biologiya təmayüllü lisey; - Şəmkir şəhəri Kimya, biologiya təmayüllü lisey; - Şirvan şəhəri Kimya, biologiya təmayüllü lisey; - Quba şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey; - Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey; - Ağdaş şəhəri M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya; - Biləsuvar şəhəri texniki fənlər təmayüllü məktəb-lisey; - Gəncə şəhəri Xarici dillər təmayüllü gimnaziya. Digərləri: - Bakı şəhəri akademik Zərifə Əliyeva adına lisey; - Bakı şəhəri 16 nömrəli texniki-humanitar lisey; - Bakı şəhəri 2 nömrəli texniki-humanitar lisey; - Bakı şəhəri 147 nömrəli texniki-humanitar lisey; - Bakı şəhəri Texniki-humanitar lisey; - Bakı şəhəri 291 nömrəli ekologiya liseyi; - Bakı şəhər 173 nömrəli tam orta məktəb; - Bakı şəhəri S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya; - Ağstafa şəhəri Texniki-humanitar təmayüllü lisey; - Şamaxı şəhəri Texniki, humanitar və təbiət təmayüllü lisey; - Oğuz şəhəri E.Abdullayev adına 2 nömrəli tam orta məktəb; - Mingəçevir şəhəri S.Vurğun adına 16 nömrəli tam orta məktəb; - Lənkəran şəhəri S.Kazımbəyov adına 6 nömrəli məktəb-lisey; - Sumqayıt şəhəri İstedad liseyi; - Sumqayıt şəhəri N.Gəncəvi adına texniki və təbiət elmləri liseyi; - Sumqayıt şəhəri Təfəkkür liseyi; - Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya; - Qobustan şəhəri 2 nömrəli tam orta məktəb; - Masallı şəhəri Dəfinə məktəb-liseyi. Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qəbul qaydaları
12/05/2023 11:00
146 Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzi yeni istiqamət üzrə vətəndaşların sorğularını cavablandıracaq. Belə ki, vətəndaşlar 146 – 8 xətti vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əlaqə yaradaraq “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması”na dair suallarına qısa zaman ərzində cavab ala bilərlər.
12/05/2023 10:20
Qazaxıstanda 2023-2024-cü tədris ili üçün təqaüd proqramı
Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi 2023-2024-cü tədris ili üçün İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin vətəndaşlarına təqaüd proqramı elan edir. Təqaüd proqramı bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üçün nəzərdə tutulub. Təqaüd proqramına müraciət üçün son tarix 30 iyun 2023-cü ildir. Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.
12/05/2023 09:37
Beynəlxalq basketbol tələbə turnirinin açılış mərasimi
Mayın 11-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş Beynəlxalq Basketbol Tələbə Kuboku turnirinə start verilib. Turnir Elm və Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan, Türkmənistan və Belarus respublikaları, həmçinin Rusiya Federasiyasından komandaların mübarizə apardığı yarışa mayın 15-də yekun vurulacaq. Qeyd edək ki, turnirin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin irsinin aşılanması, tələbələr arasında basketbol idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarış təcrübələrinin artırılması və onlar arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.
11/05/2023 18:00
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. ?️ Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək. ℹ️ Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. #ElmVəTəhsilNazirliyi #EduAz #Müəllim #İşəQəbul #MİQ2026
ƏtraflıAli təhsil müəssisələrinin tələbələri arasında debat turniri təşkil olunacaq
Ətraflı? Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun 2026-cı il saat 17:00-dək uzadılır. ? Qeyd edək ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu ?grants@edu.gov.az elektron poçtu vasitəsilə həyata keçirilir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #AzərbaycanDili
Ətraflı