Sertifikatlaşdırma və müəllimlərin işə qəbulu üzrə kommunikasiya görüşü
İyunun 6-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələrinin iştirak etdiyi növbəti kommunikasiya görüşü keçirilib. Görüşdə müəllimlərin sertifikatlaşdırılması və işə qəbulu üzrə müsabiqə əsas müzakirə mövzuları olub. İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov qeyd edilən mövzular barədə danışaraq məlumat verib ki, cari ildə sertifikatlaşdırma prosesində iştirakı planlaşdırılan 34 minə yaxın müəllimin məlumatları sistemə daxil edilib. Sertifikatlaşdırmanın test imtahanı mərhələsinin 20-24 iyun tarixlərində keçiriləcəyini xatırladan Eşqi Bağırov müsahibə mərhələsinin avqust ayının sonunda keçirilməsinin nəzərdə tutulduğunu deyib. Sertifikatlaşdırmanı müəllimlərin davamlı inkişaf prosesi kimi qiymətləndirən Eşqi Bağırovun sözlərinə görə, uğur qazanan müəllimlər tədris zamanı daha üstün səriştə və bacarıq sərgiləyirlər və belə müəllimlərə valideynlər daha çox inam bəsləyirlər. Görüşdə iştirak edən Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli müəllimlərin işə qəbulu müsabiqəsi barədə məlumat verib. Nurlan İsmayılbəyli qeyd edib ki, cari ildə işə qəbul imtahanlarının 13 şəhər olmaqla ümumilikdə 31 mərkəzdə təşkili nəzərə tutulur. İmtahanlarda iştirak üçün 62 mindən çox namizədin qeydiyyatdan keçdiyini vurğulayan mərkəz direktoru müsabiqə mərhələləri barədə xatırlatma edib. Daha sonra media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.
06/06/2023 17:40
Elm və təhsil naziri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti ilə görüşüb
İyunun 5-də elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti, millət vəkili Novruz Aslanov ilə görüşüb. Emin Əmrullayev görüşdən məmnunluğunu bildirib, humanitar təşkilatın fəaliyyəti və nazirlik ilə mövcud əməkdaşlığın inkişafını müsbət qiymətləndirib. Novruz Aslanov da öz növbəsində görüşün təşkili üçün təşəkkür edib. AzQAC ilə Elm və Təhsil Nazirliyi arasında Anlaşma Memorandumunun mövcudluğunu xatırladan Novruz Aslanov rəhbərlik etdiyi təşkilat və nazirlik arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Görüşdə dövlət ali təhsil müəssisələrinin tələbələri üçün AzQAC-da müvafiq istehsalat təcrübəsinin təşkili, təhsil müəssisələrində yol hərəkəti qaydaları və yol təhlükəsizliyi üzrə təbliğatın aparılması xüsusilə vurğulanıb. Daha sonra Novruz Aslanov AzQAC-ın 100 illiyinə həsr olunmuş xatirə medalını Emin Əmrullayevə təqdim edib.
06/06/2023 15:51
Lisey və gimnaziyalara ərizə qəbulunun son günü
6 iyun saat 17:00-da 2023-2024-cü tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara ərizə qəbulu başa çatacaq. Proses https://sy.edu.az portalı üzərindən həyata keçirilir. Valideyn (və ya qanuni nümayəndə) portal üzərindən şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidirlər. Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala uyğun olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyanın seçimini aparmalıdırlar. Lisey və gimnaziyalara siniflər üzrə şagird qəbulu aşağıdakı tarixlərdə aparılacaq: ∙ 16 iyun 2023-cü il tarixində VII və VIII siniflərə qəbul (hazırda VI və VII sinifdə təhsil alanlar üçün); ∙ 17 iyun 2023-cü il tarixində VI siniflərə qəbul (hazırda V sinifdə təhsil alanlar üçün); ∙ 18 iyun 2023-cü il tarixində V siniflərə qəbul (hazırda IV sinifdə təhsil alanlar üçün). Qeyd edək ki, lisey və gimnaziyalar barədə ətraflı məlumat ilə https://sy.edu.az elektron sistemində “Mərkəzi imtahan liseyləri” bölməsindən tanış ola bilərsiniz. İmtahan zamanı şagirdlərə tədris dili və riyaziyyat fənləri üzrə tapşırıqlar təqdim ediləcək.
06/06/2023 11:53
Elm və Təhsil Nazirliyi ilə TUBİTAK arasında Niyyət Məktubu imzalanıb
İyunun 5-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TUBİTAK) rəhbəri Hasan Mandal ilə görüşüb. Görüşdə iki qurum arasında əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Görüşün sonunda Elm və Təhsil Nazirliyi ilə TUBİTAK arasında elm, texnologiya sahələrində əməkdaşlığa dair Niyyət Məktubu imzalanıb.
05/06/2023 17:50
Ümumi və məktəbəqədər təhsil üzrə kommunikasiya görüşü
İyunun 5-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumi və məktəbəqədər təhsil mövzusunda media nümayəndələrinin iştirakı ilə kommunikasiya görüşü keçirilib. Görüşdə ibtidai təhsil səviyyəsi üzrə yenilənmiş dərsliyin məzmunu, IV sinif monitorinqlərinin məqsədi, təhlil nəticələri və növbəti tədris ilində görüləcək işlər əsas müzakirə mövzuları olub. Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev qeyd edilən mövzular barədə danışaraq məlumat verib ki, bu il 150 minə yaxın 4-cü sinif şagirdi qiymətləndirmə monitorinqinə cəlb olunacaq. Növbəti mərhələdə şagirdlərin biliyinin qiymətləndirilməsinə dinləyib-anlama bacarığı da əlavə olunacaq. Şöbə müdiri həmçinin vurğulayıb ki, monitorinq nəticələrinin şagirdin sinifdən sinfə keçməsinə heç bir təsiri yoxdur. Təhsilin keyfiyyəti ilə bağlı islahatlardan söz açan Elnur Əliyev qeyd edib ki, məktəblərdə fənlərin standartlarına baxılması üçün müzakirələrə başlanılıb. Şöbə müdiri eyni zamanda məktəbəqədər təhsil müəssisələrində görülən işlər barədə məlumat verib və növbəti ayda bağçalara uşaqların qəbuluna başlanılacağını bildirib. Elnur Əliyev daha sonra məktəbli formaları, şagird davranış qaydaları ilə bağlı məsələlərə də aydınlıq gətirib, media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.
05/06/2023 14:30
Məktəblilərimiz Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər
31 may və 1 iyun tarixlərində Özbəkistanda iki mərhələdən ibarət Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat Olimpiadası təşkil edilib. Müsabiqədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan 30-a yaxın şagird iştirak edib. 4 məktəbli ilə yarışda təmsil olunan komandamızın bütün üzvləri qaliblər sırasında yer alıblar. Belə ki, Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin 8-ci sinif şagirdi Zəhra İbişova gümüş, Kimya, biologiya təmayüllü respublika liseyinin 8-ci sinif şagirdi Rəfiqə Qəmbərova bürünc, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın 8-ci sinif şagirdi Davud Tarverdili bürünc, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 8-ci sinif şagirdi Fərhad Hüseynov isə bürünc medal qazanıb.
05/06/2023 12:00
TKTA-nın sədri CEENQA İdarə Heyətinə üzv seçilib
1-2 iyun tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Mərkəzi və Şərqi Avropa Ölkələrinin Keyfiyyət Təminatı Agentlikləri Şəbəkəsinin (CEENQA) Baş Assambleyasında Azərbaycanı təmsil edən Ülkər Səttarova təşkilatın İdarə Heyətinə üzv seçilib. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri olan Ülkər Səttarovanın namizədliyini səsvermə hüququna malik 25 nəfərdən 19-u dəstəkləyib. Ülkər Səttarova çıxışında ona göstərilən etimada görə minnətdarlığını bildirib, son illər ölkəmizdə elm, ali təhsil sahəsində həyata keçirilən islahatlar və TKTA tərəfindən icra edilən layihələr barədə iştirakçıları məlumatlandırıb. CEENQA Baş Assambleyasında Azərbaycanla yanaşı, Almaniya, Estoniya, Ermənistan, Latviya, Litva, Polşa, Çexiya, Slovakiya, Macarıstan, Rumıniya, Moldova, Sloveniya, Bosniya və Herseqovina, Serbiya, Bolqarıstan, Türkiyə, Ukrayna, Gürcüstan və Qırğızıstanın keyfiyyət təminatı agentliklərinin rəhbərləri, eləcə də Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Assosiasiya (ENQA), Ali Təhsil üzrə Avropa Keyfiyyət Təminatı Reyestri (EQAR) və Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Beynəlxalq Şəbəkəsinin (INQAAHE) nümayəndələri iştirak ediblər. Tədbirdə növbəti CEENQA Baş Assambleyasının Bakıda keçirilməsinə dair qərar dəstəklənib. Qeyd edək ki, 26 ölkədən 41 agentliyin qoşulduğu təşkilat Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standart və təlimatlara uyğun daxili və xarici keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsinə töhfə verməklə yanaşı, üzv təşkilatlar arasında təcrübə mübadiləsi və müştərək layihələrin həyata keçirilməsini təşviq edir. TKTA 2021-ci ilin oktyabr ayından CEENQA-nın tamhüquqlu üzvüdür.
05/06/2023 11:00
İnsan Resursları və İdarəetmə Forumu keçirilir
İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin (AİİM) təşkilatçılığı ilə İnsan Resursları və İdarəetmə Forumu keçirilir. Forum ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və peşəkar idarəçilik yoluna həsr olunub. Forumun məqsədi ən son inkişaf və yeniliklərə diqqət yetirmək, innovativ, işgüzar və səmərəli təcrübələri paylaşmaq, eləcə də peşəkar mühitdə ümumi mövzuları müzakirə etməkdir. Forumda əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və videoçarx nümayiş etdirilib. AİİM-in təqdimatından sonra tədbirin açılış sessiyasında elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, həmçinin əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev çıxış ediblər. Forumda elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda istedadlar və onların müəyyən edilməsindən danışıb. Nazir bildirib ki, insanı dəyişdirən onun mühitidir. Dünyada bəlli bir sayda istedadlı insanlar doğulur, həmin şəxsləri tapmaq və vaxtında inkişafına nail olmaq lazımdır. Uşaq üçün ən yaxşı inkişaf dövrünün 3 yaşına qədərki müddət olduğunu xatırladan nazir çıxışında qeyd edib: “Hər bir uşağın normal uşaqlığı təmin olunmalıdır. Ailə, ev, məktəb, ətraf bu işdə mühüm rol oynayır. Fundament çox vacibdir. Bu müddətdə bizim görmədiyimiz proses – ciddi beyin inkişafı gedir və bu, uşağın ətraf mühiti ilə bağlıdır. Həmin dövrdə olan uşağı inkişaf etdirmək üçün ciddi maliyyəyə ehtiyac yoxdur. Burada valideynlərin üzərinə böyük məsuliyyət düşür. Hər bir valideyn uşağı ilə oynasa, ona həftədə 5 saat kitab oxusa, bu, gələcəkdə on milyonlarla pul xərclənəcək layihələrdən daha effektiv olar. Bundan sonra isə təhsil və cəmiyyət-ailə-mühit bloku gəlir. Biri daha çox bacarıqlar, digəri isə dəyərlərlə bağlıdır”. Forum digər çıxışlarla davam etdirilib. Qeyd edək ki, forum çərçivəsində AİİM ilə “Pozitum” Konsultasiya, Təlim və Kouçinq Mərkəzi arasında birgə təlimlərin keçirilməsinə dair əməkdaşlıq memorandumu imzalanacaq. Forumda 10 xarici və 6 yerli ekspertin iştirakı ilə panel müzakirələr təşkil olunacaq. Müzakirələrdə idarəetmənin ən son trendləri və müasir dövrün tələblərindən danışılacaq, innovativ yanaşma və qlobal səriştələrə çağırışlar ediləcək. Ümumilikdə forumda 300-dən çox dövlət və özəl müəssisələrdə çalışan işgüzar şəxslər, insan resursları üzrə peşəkarlar, mütəxəssis və idarəçilərdən ibarət 500-ə yaxın şəxs iştirak edir.
03/06/2023 16:51
Lütfi Zadə adına məntiq olimpiadası və fənn müsabiqələrinin final mərhələsi keçirilib
İyunun 3-də Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin final mərhələsi keçirilib. Final mərhələsi Bakı, Gəncə, Şəki, Sumqayıt, Şirvan və Naxçıvan şəhərlərində, ümumilikdə 5 mərkəzdə təşkil edilib. Şagirdlər iyunun 7-dən etibarən https://portal.edu.az/ üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən nəticələrini əldə edə bilərlər. Qeyd edək ki, Lütfi Zadə olimpiadasında ən yüksək nəticə göstərən 60, fənn müsabiqələrində isə 42 nəfər qalib hesab olunur.
03/06/2023 12:21
SİMA nazirliyin informasiya sisteminə inteqrasiya edilib
İyunun 1-dən Elm və Təhsil Nazirliyinin informasiya sistemlərinə giriş buludəsaslı yeni nəsil rəqəmsal imza – SİMA ilə həyata keçirilməyə başlanılıb. Sözügedən imza ilə Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminin “Ali və orta ixtisas təhsili” altsisteminə giriş prosesi sadələşdiriləcək. Belə ki, ölkəmizdə fəaliyyət göstərən ali, orta ixtisas təhsili müəssisələri, həmçinin tabeliyində ali və orta ixtisas təhsili müəssisəsi və elmi təşkilatlar olan qurumların məsul şəxsləri www.atis.edu.az portalına daxil olduqları zaman şəxsiyyətin eyniləşdirilməsi SİMA vasitəsilə mümkün olacaq. Bununla da biometrik həllərə əsaslanan yeni nəsil rəqəmsal imza ilə sistemə daha etibarlı giriş təmin ediləcək.
02/06/2023 16:17
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. ⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq. Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər. ✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Eduaz #AliTəhsil #Doktorantura
ƏtraflıElm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. ? Qəbula kimlər yazıla bilər? Gəncə, Samux və Kəlbəcər sakinləri ? Qəbula necə yazılmaq olar? ? Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq ? Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq ? "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək ⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək) ❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! ????? #ElmVəTəhsilNazirliyi #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü #Uşaqlar #1İyun
Ətraflı