Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Şamaxıda təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq olub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli noyabrın 6-da Şamaxı rayonuna səfəri çərçivəsində bir sıra təhsil müəssisələrinə baş çəkərək burada yaradılmış tədris şəraiti və təhsil prosesinin təşkili ilə maraqlanıb.   Səfər çərçivəsində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla ilk olaraq Şamaxı Avropa Liseyinin yeni binasına baxış keçirilib. Liseydə yaradılmış müasir tədris mühiti, təhsilalanlar üçün nəzərdə tutulan imkanlar və tədris prosesinin təşkili ilə tanışlıq olub.   Daha sonra Mətin Kərimli Şamaxı Dövlət Regional Kollecində tələbə və müəllim heyəti ilə görüşüb. Görüş zamanı kollecdə tədrisin təşkili, mövcud təhsil şəraiti və təhsilalanların peşəkar bilik və bacarıqlarının inkişafı üçün yaradılan imkanlarla tanış olub, tələbə və müəllimlərin fikirlərini dinləyib. Aparat rəhbəri tələbələrlə söhbət zamanı seçdikləri ixtisas üzrə bilik və bacarıqların artırılmasının, əmək bazarının tələblərinə uyğun kompetensiyaların formalaşdırılmasının və gələcək karyera hədəflərinin düzgün müəyyənləşdirilməsinin əhəmiyyətini vurğulayıb.   Mətin Kərimli həmçinin Şamaxı Peşə Liseyində olub. Burada tədris mühiti, emalatxanalar və praktiki məşğələlərin təşkili ilə tanış olub, tələbə və müəllimlərlə görüşərək onların fəaliyyəti ilə maraqlanıb. Görüş zamanı tələbələrə ixtisas hazırlığının əhəmiyyəti, əmək bazarının tələblərinə uyğun bilik və bacarıqların formalaşdırılması barədə məlumat verilib. Eyni zamanda, xaricdə təhsil proqramları və yaratdığı imkanlar haqqında danışılıb, tələbələrin gələcək təhsil və karyera planlaması ilə bağlı sualları cavablandırılıb.   Səfər çərçivəsində Aparat rəhbəri Avaxıl kənd tam orta ümumtəhsil məktəbində də olub. Mətin Kərimli məktəbdə yaradılmış tədris şəraiti ilə tanış olduqdan sonra müəllimlərlə görüşüb. Görüşdə müəllimlərin peşəkar inkişafı, ixtisasartırma imkanları və davamlı təlimin tədrisin keyfiyyətinin yüksəldilməsində rolu müzakirə olunub. Aparat rəhbəri müəllimləri mövcud ixtisasartırma və peşəkar inkişaf imkanlarından fəal yararlanmağa, bilik və bacarıqlarını mütəmadi olaraq təkmilləşdirməyə təşviq edib.

Dağlıq Şirvan regionunda təhsil işçiləri üçün antikorrupsiya mövzusunda təlim keçirilib

Noyabrın 6-da Elm və Təhsil Nazirliyi ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Dağlıq Şirvan regionunda təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda maarifləndirmə tədbiri keçirilib.   Tədbir Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində təhsil işçilərinin məlumatlılığının artırılması, etik davranış prinsiplərinin təşviqi və korrupsiyaya qarşı davranışın formalaşdırılması məqsədilə təşkil olunub.   Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov,  Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, nazirliyin Daxili nəzarət şöbəsinin müdiri Kamran İsmayılov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini Səbuhi Şahverdiyev, Mərkəzin şöbə rəisi Nigar Qələndərli, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov və digər qonaqlar iştirak ediblər.    Tədbirin açılış hissəsində çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planının əhəmiyyətini vurğulayıb. Tahir Məmmədov bu istiqamətdə əldə olunan təcrübənin gələcəkdə də davam etdirilməsinin, maarifləndirmə tədbirlərinin genişləndirilməsinin və korrupsiya risklərinin vaxtında müəyyənləşdirilərək aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, bu istiqamətdə dövlət qurumlarının birgə fəaliyyəti və cəmiyyətin bütün sahələrində dürüstlük prinsiplərinin təşviqi korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılmasına xidmət edir.   Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli çıxışında korrupsiyaya qarşı mübarizənin qanunun aliliyinin, şəffaflığın və dövlətə ictimai etimadın təmin olunmasında mühüm rolunu vurğulayıb. Qeyd edib ki, bu istiqamətdə yalnız hüquqi məsuliyyət tədbirləri deyil, həm də dürüstlük, hesabatlılıq və etik davranış prinsiplərinin təşviqi vacibdir.   Aparat rəhbəri bildirib ki, 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı çərçivəsində Elm və Təhsil Nazirliyi tərəfindən təhsil işçilərinin antikorrupsiya sahəsində məlumatlılığının artırılması və korrupsiyaya qarşı dözümsüz münasibətin formalaşdırılması məqsədilə ardıcıl maarifləndirmə tədbirləri həyata keçirilib. Bu çərçivədə 2026-cı ilin birinci yarımilinin sonunadək 3 930 tədbir təşkil olunub, 149 470 iştirak qeydə alınıb.   Mətin Kərimli təhsil sistemində çalışan hər bir şəxsin fəaliyyətində dürüstlük, obyektivlik və məsuliyyət prinsiplərinə əməl etməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, bu prinsiplərin gündəlik fəaliyyətin ayrılmaz hissəsinə çevrilməsi sağlam və etibarlı təhsil mühitinin formalaşmasına xidmət edir.   Çıxışlar zamanı Milli Fəaliyyət Planının korrupsiyaya qarşı mübarizədə strateji əhəmiyyəti, məqsəd və hədəfləri, icrasından əldə olunan müsbət nəticələr, eləcə də Elm və Təhsil Nazirliyi ilə Baş Prokurorluq arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Həmçinin nazirlik tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərinin nəticələri, təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması, dürüstlük və şəffaflıq prinsiplərinin təşviqi istiqamətində görülən işlər barədə məlumat verilib.   Təlim çərçivəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Elm və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən korrupsiyanın mahiyyəti və cəmiyyətə təsiri, təhsil sahəsində korrupsiya hüquqpozmalarına qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyəti və preventiv mexanizmlərin rolu diqqətə çatdırılıb. Həmçinin dövlət qulluqçularının etik davranış qaydaları və maraqlar toqquşmasının qarşısının alınması imkanları barədə məsələlərə toxunulub.   Tədbirin sonunda iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Peşə təhsili müəssisələri Bakıda keçirilən “PeşəFest”də təmsil olunublar

Noyabrın 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən “PeşəFest-2026” layihəsinin yekun tədbiri baş tutub.    “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festival gəncləri və valideynləri əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq və gənclərin peşə seçiminə, karyera istiqamətində doğru addım atmalarına dəstək olmaq məqsədi daşıyıb.    Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, millət vəkilləri Zahid Oruc və Vüqar İskəndərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvləri, peşə təhsili müəssisələri və vətəndaş cəmiyyətinin nümayəndələri, yeniyetmə və gənclər iştirak ediblər.   Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev çıxışında gənclərin düzgün peşə seçiminə dəstək məqsədi daşıyan “PeşəFest” layihəsi üzrə builki tədbirlərdə 176 minə yaxın iştirakçının peşələrlə yaxından tanış olduğunu, mütəxəssislərlə ünsiyyət qurduğunu bildirib. O, festivalın peşəyönümü xidmətlərinin regionlarda əlçatanlığının artırılmasına töhfə verdiyini, bu tədbirlər çərçivəsində 6 min nəfərə peşəyönümü məsləhət xidməti göstərildiyini, gənclərə karyera planlaması üzrə fərdi konsultasiyalar keçirildiyini deyib.    Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə peşə təhsilinin inkişafı istiqamətində görülən işlər, regionlarda yeni təhsil müəssisələrinin yaradılması, tədris imkanlarının genişləndirilməsi və gənclərin əmək bazarının tələblərinə uyğun hazırlanması barədə danışıb. Qeyd edib ki, son illərdə peşə təhsilinə marağın artması bu sahədə həyata keçirilən islahatların və yaradılan imkanların nəticəsidir. Nazir müavini peşə təhsilinin gənclərin məşğulluğunun təmin olunmasında, onların peşəkar bacarıqlarının inkişafında və iqtisadiyyatın ixtisaslı kadrlara olan tələbatının ödənilməsində mühüm rolunu vurğulayıb. Gəncləri bu sahədə yaradılan imkanlardan yararlanmağa və gələcək karyeralarını düzgün planlaşdırmağa çağırıb.   Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc gənclərin peşə seçimində müəllimlərin, alimlərin, ziyalıların və cəmiyyətin nüfuzlu şəxslərinin roluna diqqət çəkib. “PeşəFest” kimi festivalların gənclərin müxtəlif peşələrlə tanış olması və gələcək istiqamətlərini müəyyənləşdirməsi baxımından əhəmiyyətini vurğulayıb.    Festivalda Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi təmsil olunub. Tədbir çərçivəsində mühəndis-pedaqoji heyət və tələbələr peşə təhsili müəssisələrinin məhsullarını sərgidə ziyarətçilərə nümayiş etdirib. Festivalda peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar.   “PeşəFest-2026”da əmək bazarında xüsusi aktuallıq kəsb edən 11 peşə və ixtisas üzrə maarifləndirici tədbirlər təşkil olunub. İştirakçılar festivala qatılmaqla karyera və peşə seçimləri, əmək bazarında tələb olunan bacarıqlar, peşə təhsili müəssisələri və tədris proqramları barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanıblar.   Qeyd edək ki, ölkənin müxtəlif regionlarında keçirilmiş silsilə festival tədbirlərində 11 peşə təhsili müəssisəsi - Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, Quba Peşə Liseyi, Qax Peşə Liseyi, Mingəçevir Peşə Məktəbi, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Tovuz Dövlət Peşə Təhsil Mərkəzi, Bərdə Dövlət Peşə Təhsil Mərkəzi, Saatlı Peşə Liseyi və Masallı Peşə Məktəbi uğurla təmsil olunub.  

Nazirliyin tabeliyindəki qurumların Vətən müharibəsi iştirakçısı və qazisi olan əməkdaşları ilə görüş keçirilib

Noyabrın 6-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin tabeliyindəki qurumlarda çalışan Vətən müharibəsi iştirakçısı və qazisi olan əməkdaşlarla görüşüb.   Görüşdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Xüsusi təhsil sektorunun müdiri, Vətən müharibəsi iştirakçısı Anar Xələfov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil sektorunun müdiri, Vətən müharibəsi iştirakçısı Niftalı Qasımlı və həmin sektorun əməkdaşı, Vətən müharibəsi iştirakçısı Cavidan Gözəlov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsilinin keyfiyyətinə nəzarət şöbəsinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Elsevər Salayev, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Layihələrin idarəolunması və dəstək şöbəsinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı və qazisi Ayaz Əfəndiyev, Təhsil Tələbə Krediti Fondunun əməkdaşı, antiterror əməliyyatının iştirakçısı Novruz İsmayılov iştirak ediblər.   Görüşdə nazir müavini Firudin Qurbanov 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, ölkənin iqtisadi potensialının gücləndirilməsi, ordunun müasir texnologiyalarla təchiz edilməsi, xalqımızın birliyi və hərbçilərimizin qəhrəmanlığı sayəsində mümkün olduğunu bildirib. O, Vətən müharibəsində iştirak edən əməkdaşların göstərdikləri şücaət və fədakarlığı yüksək qiymətləndirərək onların şərəfli tariximizin bir parçası olduğunu vurğulayıb.   Nazir müavini Azərbaycanın daha da güclənməsi və müasir çağırışlara hazır olması baxımından süni intellekt və innovasiyaların imkanlarından səmərəli istifadənin, gənclərin gələcəyin tələblərinə uyğun hazırlanmasının əhəmiyyətini vurğulayıb, təhsilin sağlam, bilikli və vətənpərvər nəslin yetişdirilməsində, ölkənin gələcək inkişafında mühüm rol oynadığını bildirib.   Nazir müavini çıxışının sonunda Vətənin müdafiəsində iştirak edən əməkdaşlara bir daha təşəkkürünü bildirib, onları qarşıdan gələn 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və uğurlar arzulayıb.   Görüş zamanı müharibə iştirakçılarının keçdikləri döyüş yolu, xatirələri və müharibədən sonrakı fəaliyyətləri barədə fikirləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.   Sonda Vətən müharibəsi iştirakçılarına göstərdikləri qəhrəmanlığa və ölkəmizin ərazi bütövlüyü uğrunda xidmətlərinə görə təşəkkür bildirilib, onlara fəaliyyətlərində uğurlar arzulanıb.

Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək

8 Noyabr – Zəfər Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı təhsil müəssisələrində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.   Elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, 6-7 noyabr tarixlərində bütün təhsil müəssisələrində Zəfər Gününə həsr olunmuş xüsusi dərslər təşkil ediləcək.   Bununla yanaşı, Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş forum, konfrans, simpozium, “dəyirmi masa” və seminarların keçirilməsi planlaşdırılır.   Tədbirlər çərçivəsində şagird və tələbələrin Zəfər Muzeyinə ekskursiyaları təşkil olunacaq, həmçinin müxtəlif müsabiqə, sərgi, festival, konsert və tamaşalar keçiriləcək.   Eyni zamanda ildönümünə həsr olunmuş idman yarışlarının, yeniyetmə və gənclər arasında vətənpərvərlik mövzusunda tədbirlərin təşkili, eləcə də “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” layihəsi çərçivəsində müharibə iştirakçılarının gənclərlə mütəmadi görüşlərinin keçirilməsi nəzərdə tutulur.   Tədbirlərin əsas məqsədi Zəfər tarixinin təhsilalanlar arasında təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, Vətən müharibəsinin tarixi əhəmiyyətinin və qazanılmış Zəfərin yaddaşlarda yaşadılmasıdır.

“BilBacar” müsabiqəsinə qeydiyyat başlayır

“BilBacar” müsabiqəsində iştirak etmək istəyən, ibtidai təhsil səviyyəsi üzrə tədrisi həyata keçirən bütün ümumi təhsil müəssisələri üçün qeydiyyat 5 noyabr 2026-cı il tarixindən başlayacaq.   Məktəblər qeydiyyatdan keçmək üçün aşağıdakı üsullardan birini seçə bilərlər:   · bilbacar.edu.az saytında “Məktəblər üçün müraciət” bölməsinə müvafiq məlumatları daxil etməklə; · Tabe olduqları təhsil idarələrinə müraciət etməklə.    Qeydiyyat zamanı hər bir ümumi təhsil müəssisəsi “BilBacar” məktəb koordinatorunu təyin etməlidir. Məktəblərin qeydiyyatı başa çatdıqdan sonra şagird qeydiyyatı Təhsil İnstitutu tərəfindən aparılacaq və şagirdlərin “BilBacar” üzrə hesab məlumatları məktəbin “BilBacar” koordinatorunun şəxsi “BilBacar” səhifəsinə əlavə ediləcək.   Qeyd edək ki, “BilBacar” müsabiqəsi 2026–2027-ci tədris ilində 3 və 4-cü sinif şagirdləri arasında təbiət elmləri (həyat bilgisi çərçivəsində) və riyaziyyat üzrə savadlılığını inkişaf etdirilməsi istiqamətində təşkil ediləcəkdir. Hazırlıq mərhələləri şagirdlərin yarış tapşırıqlarına uyğun bacarıqlarını möhkəmləndirmək və yarışlara səmərəli şəkildə hazırlaşmalarını təmin etmək məqsədi daşıyır.   Müvafiq keçidə daxil olmaqla müsabiqə barədə daha ətraflı məlumat əldə edə bilərsiniz: https://bilbacar.edu.az/about  

“BilBacar” müsabiqəsi yenidən başlayır!

“BilBacar” müsabiqəsi yenidən başlayır!   Müsabiqə 2026/2027-ci tədris ilində III-IV sinif şagirdlərini əhatə edəcək. Bu il müsabiqənin məqsədi ibtidai sinif şagirdlərinin təbiət elmləri (həyat bilgisi çərçivəsində) və riyaziyyat üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, eyni zamanda, onlara kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır.   Müsabiqə 2026-cı ilin noyabr ayından 2027-ci ilin may ayınadək virtual platforma üzərindən keçiriləcək. Yarış çərçivəsində şagirdlərə təxminən 40-60 sual təqdim olunacaq. Şagirdlərin yarış mərhələsinə hazırlaşmaları üçün platformada “Hazırlıq” bölməsi də fəaliyyət göstərəcək.   Şagirdlər topladıqları ballara əsasən altı liqa üzrə sıralanacaqlar. Birinci mərhələnin nəticələrinə əsasən “Qızıl”, “Kristal”, “Çempion” və “Usta” liqalarında yer alan şagirdlər 2027-ci ilin iyun ayının ilk yarısında keçiriləcək final mərhələsində iştirak edəcəklər. Final mərhələsinin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Nazir müavini Firudin Qurbanov Tərtər rayonuna səfər edib

Noyabrın 2-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Tərtər rayonuna səfər edib.   Səfər çərçivəsində bir sıra təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq, vətəndaş qəbulu, eləcə də görüşlər keçirilib.   Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.   Daha sonra nazir müavini Ağdərə rayonunun Suqovuşan kənd tam orta ümumtəhsil məktəbində olub. Məktəbin mövcud vəziyyəti, tədris şəraiti və təhsilalanlar üçün yaradılmış imkanlarla tanışlıq zamanı təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verilib.   Səfər zamanı vətəndaş qəbulu keçirilib. Qəbulda vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verilib.   Firudin Qurbanov Tərtər şəhəri 5 nömrəli körpələr evi-uşaq bağçasında da olub. Müəssisənin fəaliyyəti, uşaqların təlim-tərbiyəsi üçün yaradılmış şərait və tədris prosesi ilə tanış olub.   Bununla yanaşı, nazir müavini şəhid ailələri və region üzrə Vətən müharibəsi iştirakçısı olan bir qrup təhsil işçisi ilə görüşüb. Görüşdə şəhid olmuş təhsil işçilərinin təhsil sahəsindəki fəaliyyəti və Vətən qarşısındakı xidmətləri ehtiramla yad edilib. Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından bəhs olunub, onların müraciətləri və qaldırdıqları məsələlər dinlənilib. Həmçinin şəhid ailələrinin sosial məsələlərinin diqqətdə saxlanılmasının, onların müraciətlərinə həssaslıqla yanaşılmasının vacibliyi vurğulanıb.   Görüşün sonunda nazir müavini Firudin Qurbanov iştirakçıları qarşıdan gələn 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və uğurlar arzulayıb.   Səfərin davamında Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri, gənc müəllimlər, psixoloqlar və tərbiyəçi-müəllimlərlə görüş keçirilib. Görüşdə yeni tədris ili üzrə prioritetlər və qarşıya qoyulan hədəflər, təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafı, eləcə də təhsilalanların inkişafında psixoloji-pedaqoji dəstəyin əhəmiyyəti müzakirə olunub.   Çıxışlar zamanı regionda təhsilin inkişafı, mövcud çağırışlar, təhsil göstəricilərinin yaxşılaşdırılması və pedaqoji kollektivlərin qarşısında duran əsas vəzifələr diqqətə çatdırılıb. Görüş iştirakçılarının fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Azərbaycan Tələbə Liqasının 2026/2027 mövsümünə start verilib

Ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2026/2027 mövsümünə start verilib. Liqanın A qrupunda mübarizə aparan Azərbaycan İdman Akademiyası və Bakı Mühəndislik Universitetinin komandalarının qarşılaşması olub, oyun 3:2 hesabı ilə başa çatıb. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin komandası Azərbaycan Tibb Universitetinin komandasına 7:4, Odlar Yurdu Universitetinin komandası ADA Universitetinin komandasına 6:1 hesabla qalib gəlib.   Liqanın B qrupunda qarşılaşan Bakı Slavyan Universitetinin komandası Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandasına 1:8 hesabla məğlub olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası Milli Aviasiya Akademiyasının komandasına 1:0, Azərbaycan Dövlət Pedaqoji Universitetinin komandası Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının komandasına 8:1, Azərbaycan Texniki Universitetinin komandası Bakı Ali Neft Məktəbinin komandasına 2:0 hesabla qalib gəlib. Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir. 15 ali təhsil müəssisəsinin komandasının mübarizə apardığı liqaya 2027-cı ilin may ayında yekun vurulacaq. Yarışlarda I, II, III yerləri tutan komandalar medal, pul mükafatı, çempion komanda kubok ilə, liqada fərqlənən 3 tələbə-futbolçu isə “Ən yaxşı qapıçı”, “Ən məhsuldar oyunçu” və “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunacaq. Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliği, perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması və tələbələrdən ibarət yığma komandanın formalaşdırılmasından ibarətdir.

Elm və təhsil naziri Ağstafada vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 27-də Ağstafa şəhərində vətəndaşları qəbul edəcək.   Qəbulda Ağstafa, Qazax, Tovuz sakinləri iştirak edə bilərlər.     Adları çəkilən şəhər və rayonların sakinləri 18 noyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.   Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

06/11/2026

Noyabrın 6-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin tabeliyindəki qurumlarda çalışan Vətən müharibəsi iştirakçısı və qazisi olan əməkdaşlarla görüşüb. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23439-1 #Azərbaycan #ElmVəTəhsilNazirliyi #8Noyabr #ZəfərGünü

Ətraflı
06/11/2026

?? Zəfər yolunda yeni uğurları birlikdə yazaq! Təhsilə dəstək gələcəyə sərmayədir. Sən də “YAŞAT” Fonduna ianə etməklə müharibə əlillərinin və şəhid ailələrinin üzvlərinin təhsilinə, onların gələcək uğurlarına töhfə ver! #Azərbaycan #ElmVəTəhsilNazirliyi #YAŞATFondu #8Noyabr #ZəfərGünü

Ətraflı
06/11/2026

?? Qəhrəmanlıqla qazanılan Zəfər bu gün biliklə, bacarıqla, zəhmətlə və quruculuqla gələcəyə daşınır. 8 Noyabr – Zəfər Günümüz mübarək! #Azərbaycan #ZəfərGünü #8Noyabr #PeşəTəhsili #ZəfərMənimÜçün

Ətraflı