Peşə təhsili müəssisələri Bakıda keçirilən “PeşəFest”də təmsil olunublar
06.11.2026 - 17:00
Noyabrın 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən “PeşəFest-2026” layihəsinin yekun tədbiri baş tutub.
“Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festival gəncləri və valideynləri əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq və gənclərin peşə seçiminə, karyera istiqamətində doğru addım atmalarına dəstək olmaq məqsədi daşıyıb.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, millət vəkilləri Zahid Oruc və Vüqar İskəndərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvləri, peşə təhsili müəssisələri və vətəndaş cəmiyyətinin nümayəndələri, yeniyetmə və gənclər iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev çıxışında gənclərin düzgün peşə seçiminə dəstək məqsədi daşıyan “PeşəFest” layihəsi üzrə builki tədbirlərdə 176 minə yaxın iştirakçının peşələrlə yaxından tanış olduğunu, mütəxəssislərlə ünsiyyət qurduğunu bildirib. O, festivalın peşəyönümü xidmətlərinin regionlarda əlçatanlığının artırılmasına töhfə verdiyini, bu tədbirlər çərçivəsində 6 min nəfərə peşəyönümü məsləhət xidməti göstərildiyini, gənclərə karyera planlaması üzrə fərdi konsultasiyalar keçirildiyini deyib.
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə peşə təhsilinin inkişafı istiqamətində görülən işlər, regionlarda yeni təhsil müəssisələrinin yaradılması, tədris imkanlarının genişləndirilməsi və gənclərin əmək bazarının tələblərinə uyğun hazırlanması barədə danışıb. Qeyd edib ki, son illərdə peşə təhsilinə marağın artması bu sahədə həyata keçirilən islahatların və yaradılan imkanların nəticəsidir. Nazir müavini peşə təhsilinin gənclərin məşğulluğunun təmin olunmasında, onların peşəkar bacarıqlarının inkişafında və iqtisadiyyatın ixtisaslı kadrlara olan tələbatının ödənilməsində mühüm rolunu vurğulayıb. Gəncləri bu sahədə yaradılan imkanlardan yararlanmağa və gələcək karyeralarını düzgün planlaşdırmağa çağırıb.
Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc gənclərin peşə seçimində müəllimlərin, alimlərin, ziyalıların və cəmiyyətin nüfuzlu şəxslərinin roluna diqqət çəkib. “PeşəFest” kimi festivalların gənclərin müxtəlif peşələrlə tanış olması və gələcək istiqamətlərini müəyyənləşdirməsi baxımından əhəmiyyətini vurğulayıb.
Festivalda Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi təmsil olunub. Tədbir çərçivəsində mühəndis-pedaqoji heyət və tələbələr peşə təhsili müəssisələrinin məhsullarını sərgidə ziyarətçilərə nümayiş etdirib. Festivalda peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar.
“PeşəFest-2026”da əmək bazarında xüsusi aktuallıq kəsb edən 11 peşə və ixtisas üzrə maarifləndirici tədbirlər təşkil olunub. İştirakçılar festivala qatılmaqla karyera və peşə seçimləri, əmək bazarında tələb olunan bacarıqlar, peşə təhsili müəssisələri və tədris proqramları barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanıblar.
Qeyd edək ki, ölkənin müxtəlif regionlarında keçirilmiş silsilə festival tədbirlərində 11 peşə təhsili müəssisəsi - Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, Quba Peşə Liseyi, Qax Peşə Liseyi, Mingəçevir Peşə Məktəbi, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Tovuz Dövlət Peşə Təhsil Mərkəzi, Bərdə Dövlət Peşə Təhsil Mərkəzi, Saatlı Peşə Liseyi və Masallı Peşə Məktəbi uğurla təmsil olunub.
Digər xəbərlər
-
Şamaxıda təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq olub
06.11.2026 - 17:50 -
Dağlıq Şirvan regionunda təhsil işçiləri üçün antikorrupsiya mövzusunda təlim keçirilib
06.11.2026 - 17:15 -
Peşə təhsili müəssisələri Bakıda keçirilən “PeşəFest”də təmsil olunublar
06.11.2026 - 17:00 -
Nazirliyin tabeliyindəki qurumların Vətən müharibəsi iştirakçısı və qazisi olan əməkdaşları ilə görüş keçirilib
06.11.2026 - 12:50 -
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
05.11.2026 - 09:40
