İyulda 874 nəfərin diplomu tanınıb
Təhsildə Keyfiyyət Təminatı Agentliyi iyul ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb. Belə ki, iyul ayı üzrə 1 134 müraciətçinin 874-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 260 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbindən 234, dövlət nümunəli olmayan diplom səbəbindən 7, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbindən isə 7 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 429, Ukraynadan 385, Gürcüstandan 118, Türkiyədən 111, Birləşmiş Krallıqdan 19, digər ölkələrdən isə 72 müraciət daxil olub. Ən çox müraciət olunan ixtisaslara gəldikdə isə maliyyə üzrə 134, iqtisadiyyat üzrə 131, tibb üzrə 119, menecment üzrə 90, biznesin idarəedilməsi üzrə 54 müraciətçi qeydə alınıb. Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 14 iş günü təşkil edib. Qeyd edək ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.tanınma.az keçidinə daxil ola bilərlər.
03/08/2023 11:00
Müsahibə mərhələsi üzrə mövzular təqdim olunub
Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölmələri üzrə mövzular hazırlanıb. Namizədlər miq.edu.az saytına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər. Qeyd edək ki, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.
03/08/2023 10:10
“2022-2026 Dövlət Proqramı”nın növbəti iştirakçıları müəyyən olunub
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın növbəti iştirakçıları müəyyən olunub. Belə ki, 2023-2024-cü tədris ili üçün həyata keçirilən sənəd qəbulunun növbəti nəticələri üzrə 200 namizəd müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramı iştirakçısı adını qazanıb. Proqram iştirakçıları sırasında cari ildə beynəlxalq reytinq sistemlərində yalnız universitetlər üzrə ilk onluqda yer almış ali təhsil müəssisələri üzrə 5 nəfər "Harvard University", 1 nəfər "Massachusetts Institute of Technology", 2 nəfər "Yale University", 6 nəfər "Imperial College London", 5 nəfər "University College London" və 1 nəfər "National University of Singapore"dan qəbul alıb. Qeyd edək ki, iyulun 14-də 2023-2024-cü tədris ili üzrə Dövlət Proqramı iştirakçısı adını qazanmış ilkin 134 nəfərin siyahısı barədə ictimaiyyətə məlumat verilib. Dövlət Proqramının illik hədəf göstəricisində 400 nəfər Azərbaycan Respublikası vətəndaşının xarici universitetlərdə ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil almasının nəzərdə tutulduğunu və cari il üzrə kvotada mövcud imkanların olduğunu nəzərə alaraq, müəyyən çatışmazlıqlar səbəbindən ərizəsi qəbul edilməyən namizədlərə sözügedən halları aradan qaldırmaqla müraciətlərini tamamlamaları üçün 7-11 avqust 2023-cü il tarixlərində yenidən sənəd qəbulu üçün şərait yaradılacaq. Nəzərə alınmalıdır ki, gec təqdim edilmiş müraciətlər üzrə Dövlət Proqramı iştirakçısı adını qazanacaq şəxslərin təhsilinin maliyyələşdirilməsi ona müvafiq müddətdə həyata keçiriləcək.
02/08/2023 19:36
Apellyasiya Şurasının növbəti iclası keçirilib
Avqustun 2-də elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib. İclasda Elm və Təhsil Nazirliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə namizədlər Pəhlivan Qarayevin və Aynur Ərəbovanın, Mərkəzi Aran Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri vəzifəsinə namizədlər Ümidvar Mamedovun və Rüstəm Aslanovun, Qarabağ Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsinə namizəd Qorxmaz Abbaszadənin müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb. İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. Bir şikayətin təmin olunması, dörd şikayətin təmin edilməməsi barədə qərarlar qəbul olunub.
02/08/2023 17:35
Yay məktəbinin birinci mərhələsi başa çatıb
"Məktəblinin dostu" layihəsinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələrində təşkil edilən yay məktəbinin birinci mərhələsi yekunlaşıb. Yay məktəbinin məqsədi məktəblilərə tətil müddətində əyləncəli və öyrədici proqramlar təşkil etməklə onların asudə vaxtlarını səmərəli keçirmələrinə dəstək olmaqdır. İyul ayını əhatə edən birinci mərhələdə 5 və 6-cı sinif şagirdlərindən ibarət 970 nəfər iştirak edib. Yay məktəbində şagirdlər üçün təlim, seminar və informativ sessiyalar, həmçinin müxtəlif idman yarışları, ekskursiyalar təşkil olunub. Məktəblinin dostları şagirdlər üçün “Yol hərəkəti qaydaları”, “Fövqəladə hallarda davranış qaydaları”, “İlk tibbi yardım”, "Sosial şəbəkələrdən faydalı istifadə", ”İnternet təhlükəsizliyi”, “Düzgün danışıq, nitq bacarıqlarının həyatımızda rolu”, “Təbiəti qoruyaq”, “Heyvanlara qayğı”, “Təlimçi məktəbli” mövzuları üzrə maarifləndirici təlimlər həyata keçiriblər. Qeyd edək ki, yay məktəbi iki mərhələdə təşkil olunur. İyul ayında 5 və 6-cı sinif şagirdləri, avqust ayında isə 7 və 8-ci şagirdləri məktəbə cəlb olunurlar. Yay məktəbi həftəiçi hər gün saat 9:00-dan 14:00-dək davam edir. Məktəbdə iştirak edən şagirdlərə sertifikatlar verilir.
02/08/2023 12:00
Şagird yerdəyişməsinə başlanılır
Avqustun 7-də 2023-2024-cü tədris ili üzrə şagird yerdəyişməsinə start veriləcək. Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir. Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 7 avqust saat 15:00, 10-cu siniflər üçün isə 14 avqust saat 15:00-dan aktivləşdiriləcək. Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 31 avqust saat 18:00-a qədər davam edəcək. Valideynlər 5 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər. Qeyd edək ki, aşağıda adları qeyd olunmuş ümumi təhsil müəssisələrinin 2-9-cu siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahana qeydiyyat sy.edu.az elektron sistemi vasitəsilə aparılacaq. Qeydiyyat 7 avqust saat 15:00-dan 14 avqust saat 18:00-a qədər aktiv olacaq. İmtahanlar ibtidai siniflər üzrə 17 avqust, 5-9-cu siniflər üzrə isə 18 avqust tarixində keçiriləcək. İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələrinin siyahısı: 1. Heydər Əliyev adına lisey; 2. T.İsmayılov adına 6 nömrəli məktəb-lisey; 3. 132-134 nömrəli təhsil kompleksi; 4. T.Həsənov adına 23 nömrəli tam orta məktəb; 5. İlyas Əfəndiyev adına Elitar gimnaziya; 6. İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi; 7. Zəngi liseyi; 8. Bakı Avropa liseyi; 9. “Ankara məktəbi” məktəb-lisey; 10. Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi; 11. Bülbül adına orta ixtisas musiqi məktəbi; 12. Humanitar fənlər təmayüllü məktəb-lisey.
02/08/2023 10:30
Vakansiya seçimi mərhələsinin nəticələri elan edilib
2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. 26-31 iyul tarixlərində keçirilmiş vakansiya seçimində 5 619 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib. Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
01/08/2023 17:00
Peşə təhsili üçün tələbə qəbulu davam edir
Peşə təhsili müəssisələrinə 2023-2024-cü tədris ili üzrə tələbə qəbulu davam edir. ️Peşə təhsili almaq istəyən şəxslər 11 avqust saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərə bilərlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Hər müraciətçiyə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müraciət edən şəxslərin nəticələri barədə məlumat “Şəxsi kabinetim” bölməsində yerləşdiriləcək, həmçinin onlara nəticələrlə bağlı SMS bildiriş göndəriləcək. Qeyd edək ki, 28-31 iyul tarixlərində 3 922 şəxs peşə təhsili müəssisələrinə qəbul üçün müraciət edib.
01/08/2023 14:15
Elm və təhsil naziri Zaqatalada vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 30 avqust 2023-cü il tarixində Zaqatala rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Zaqatala, Şəki, Oğuz, Qəbələ, Qax və Balakən rayonlarının sakinləri iştirak edə bilərlər. Adları çəkilən rayonların sakinləri 15 avqust 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.
01/08/2023 11:32
Məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı növbəyaratma prosesinə başlanılır
1 avqust saat 11:00-da regional təhsil idarələri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı növbəyaratma prosesinə start verilir. Proses www.bq.edu.az saytı üzərindən sentyabrın 1-dək həyata keçiriləcək. Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq. Qeyd edək ki, ötən tədris ilində yaradılmış növbə və sorğular bu il üçün keçərli deyil.
01/08/2023 10:00
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. ⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq. Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər. ✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Eduaz #AliTəhsil #Doktorantura
ƏtraflıElm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. ? Qəbula kimlər yazıla bilər? Gəncə, Samux və Kəlbəcər sakinləri ? Qəbula necə yazılmaq olar? ? Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq ? Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq ? "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək ⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək) ❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! ????? #ElmVəTəhsilNazirliyi #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü #Uşaqlar #1İyun
Ətraflı