Peşə təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb
Avqustun 22-də peşə təhsili pilləsi üzrə tələbə qəbulunun nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən şəxslərin əlaqə nömrələrinə nəticə barədə məlumat göndərilib. Peşə təhsili müəssisələrinə qəbul olunan şəxslər ixtisas və təhsil müəssisəsi barədə məlumatları portal.edu.az platformasındakı “Şəxsi kabinet” bölməsindən əldə edə bilərlər. Peşə təhsili müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədən keçən şəxslər 23 – 30 avqust tarixlərində saat 17:00-dək aşağıda qeyd olunan sənədləri qəbul olunduqları müəssisəyə təqdim etməklə qeydiyyatdan keçməlidirlər: • attestatın əsli; • sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış; • sistemdən (şəxsi kabinetdən) çıxarılmış ərizə nümunəsi; • şəxsiyyət vəsiqəsinin surəti; • 3x4 sm ölçüdə dörd ədəd fotoşəkil; • hərbi bilet və ya çağırışçı şəhadətnaməsi; • güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd. Müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. 2023–2024-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 128 ixtisas olmaqla 25 420 yer üzrə aparılıb. İlk mərhələdə www.portal.edu.az platforması vasitəsilə 24 090 nəfərdən 75 140 müraciət daxil olub. Alınan nəticələr builki müraciətçi sayının ötən ilin analoji göstəriciləri ilə müqayisədə 10 faiz çox olduğunu göstərir. Qeyd edək ki, peşə təhsili müəssisələrinin boş qalmış plan yerlərinə tələbə qəbulunun 1 – 5 sentyabr tarixlərində həyata keçirilməsi planlaşdırılır.
22/08/2023 18:00
“2022–2026 Dövlət Proqramı”nın növbəti iştirakçıları müəyyən olunub
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın növbəti iştirakçıları müəyyən olunub. Belə ki, 2023–2024-cü tədris ili üçün həyata keçirilən sənəd qəbulunun növbəti nəticəsi üzrə 47 namizəd müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramı iştirakçısı adını qazanıb. Beləliklə, 2023–2024-cü tədris ili üçün “2022–2026 Dövlət Proqramı” çərçivəsində ümumilikdə dünyanın 17 ölkəsinin nüfuzlu ali təhsil müəssisələri üzrə 381 nəfər Azərbaycan Respublikası vətəndaşı təhsil almaq hüququ qazanıb. Proqram iştirakçılarından 49 nəfəri cari il üzrə dünyanın 10 ən yaxşı universitetindən qəbul alıb. Onlardan 9 nəfəri "Harvard University", 2 nəfəri "Massachusetts Institute of Technology", 2 nəfəri “University of Oxford”, 8 nəfəri "Imperial College London", 2 nəfəri “ETH Zurich” və digər universitetlərdə təhsil almaq hüququ qazanıb.
22/08/2023 17:00
HTP çərçivəsində 3 nəfər Rumıniyada təhsil imkanı qazanıb
2023–2024-cü tədris ili üzrə Rumıniya universitetlərində təhsilə dair keçirilmiş müsabiqə nəticəsində 3 nəfər Azərbaycan Respublikası vətəndaşının namizədliyi müsbət qiymətləndirilib. Qaliblər Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Rumıniyanın “University of Bucharest”, “Babes-Bolyai” və “University of Cluj-Napoca” adlı ali təhsil müəssisələrində informasiya texnologiyaları və humanitar-sosial elmlər sahələri üzrə magistratura səviyyəsində təhsil alacaqlar. Qeyd edək ki, təqaüd proqramının tələblərinə uyğun olaraq, tələbələr 1 il müddətində ödənişsiz rumın dili hazırlığına cəlb olunacaqlar. Bununla yanaşı, onların aylıq təqaüdləri, təhsil, yataqxana və tibbi sığorta xərcləri Rumıniya, yol xərcləri isə Elm və Təhsil Nazirliyi tərəfindən qarşılanacaq. Müvafiq təqaüd proqramı barədə elan 13 aprel 2023-cü il tarixində verilib.
22/08/2023 16:00
Talış kənd məktəbinin şagirdləri “Təhsil avtobusu – gələcəyə doğru” layihəsinə qoşulublar
“Azərbaycan üçün öyrət” proqramı çərçivəsində təşkil edilən “Təhsil avtobusu – gələcəyə doğru” layihəsinin növbəti dayanacağı Tərtər rayonunun Talış kəndi olub. Yay məktəbinin altıncı günündə 17 şagird iştirak edib. Layihə çərçivəsində yaradıcı düşünmə, ünsiyyət və təqdimat bacarıqları, ilkin sahibkarlıq anlayışları, kodlaşdırma, robototexnika, STEAM metodologiyası üzrə təlimlər, intellektual yarış və oyunlar təşkil olunub. Qeyd edək ki, layihənin məqsədi şagirdlərə yeni bacarıq və vərdişlər qazandırmaq, onlarda həyata fərqli baxış, dünyagörüşünün formalaşmasına təsir göstərmək və Heydər Əliyev irsini təbliğ etməkdir. Elm və Təhsil Nazirliyi, Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin təşkilatçılığı və Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə 2016-cı ildən hər il müxtəlif konsepsiya ilə yola çıxan “Təhsil avtobusu” layihəsinə respublikanın 29 bölgəsi üzrə 900-dən çox şagird və tələbə cəlb edilib.
22/08/2023 14:30
“4Sİ Akademiyası” layihəsinə start verilib
Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun İqtisadiyyat Nazirliyinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin və ABŞ-nin “Coursera” şirkəti ilə əməkdaşlığı çərçivəsində “4Sİ Akademiyası” layihəsinə start verilib. Layihənin məqsədi ölkədə Dördüncü Sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi, əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Layihə müddətində 4Sİ texnologiyaları, süni intellekt, data analitikası, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, liderlik, kommunikasiya bacarıqları daxil olmaqla ümumilikdə 800-ə yaxın kursdan yararlanmaq mümkün olacaq. Pilot layihə çərçivəsində müraciətlərin qəbulu 23 avqust – 7 sentyabr 2023-cü il tarixlərini əhatə edəcək. Seçilmiş 10 minə yaxın şəxs 15 sentyabrdan 1 il ərzində dünyanın nüfuzlu universitet və şirkətlərinin təqdim etdiyi tədris proqramları üzrə ingilis dilində ödənişsiz təhsil imkanı əldə edəcək.
22/08/2023 13:00
Lisey və gimnaziyaların boş qalan yerlərinə seçim mərhələsinə başlanılır
Avqustun 22-si saat 12:00-dan mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçim mərhələsinə start verilir. II mərhələ lisey və gimnaziya seçimi 25 avqust saat 15:00-da başa çatacaq. Boş qalan yerlər üçün www.sy.edu.az/login portalında şəxsi kabinetə daxil olaraq “İmtahanlar” bölməsindən “Lisey seçimi” düyməsini sıxmaqla 1 və ya 2 seçim edilə bilər. Qeyd edək ki, 28 avqust tarixindən II mərhələdə uğur qazanan şagirdlərin sənəd qəbuluna start veriləcək. Lisey və gimnaziyalarda vakant yerlərin siyahısı
22/08/2023 11:50
Azərbaycanlı təhsil işçiləri Astanada səfərdədirlər
Elm və Təhsil Nazirliyi ilə Qazaxıstanın "Nazarbayev İntellekt Məktəbləri" ASC-nin Pedaqoji Ustalıq Mərkəzi arasında bağlanmış müqaviləyə əsasən, 30 təhsil işçisi 11 – 24 avqust tarixlərində Astana şəhərində səfərdədir. Əsasən ibtidai sinif müəllimlərindən ibarət heyət ixtisasartırma təlimlərinə cəlb olunub. Təlimlər ibtidai sinif müəllimlərinin peşə bacarıqlarının artırılması, həmçinin əldə edilmiş təcrübənin həmkarları ilə bölüşülməsi məqsədilə təşkil olunub. Nəzəri və praktik hissələrdən ibarət olan təlimlərə 4 modul daxildir. Bu modullardan ikisi Astanada, növbəti iki modul isə 29 avqust və 8 sentyabr tarixlərində Bakıda keçiriləcək. Səfər zamanı müəllimlər təlimlərlə yanaşı, müxtəlif mədəni tədbirlərdə iştirak edir və məktəblərə baş çəkirlər.
21/08/2023 15:00
Müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi
Avqustun 21-i saat 11:00-dan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə start verilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Müddətli müqavilə ilə vakansiya seçimi 23 avqust saat 11:00-da başa çatacaq. Qeyd edək ki, "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində təhsil müəssisələrinin bərpası nəticəsində Şuşa və Füzulidə yerləşən 1 nömrəli tam orta məktəblərdə mövcud olan vakant yerlər də müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə təqdim edilib.
21/08/2023 10:00
“Peşəkar idarəçi” müsabiqəsinin esse mərhələsinə start verilir
Avqustun 22-də “Peşəkar idarəçi” müsabiqəsinin esse mərhələsi keçiriləcək. Mərhələ barədə məlumat test imtahanından uğurla keçmiş şəxslərin əlaqə nömrələrinə göndəriləcək. Esse mərhələsində namizədlərə 1 mövzu təqdim olunacaq. Namizədlər linkə daxil olmaqla qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. “Peşəkar idarəçi” müsabiqəsinin test imtahanı mərhələsində 1 172 nəfər iştirak edib, onlardan 596-sı uğur qazanaraq esse mərhələsinə keçib. Qeyd edək ki, müsabiqənin məqsədi yerli təhsili idarəetmə orqanlarının fəaliyyətinə dəstək verəcək kadrları aşkarlamaq, karyerasını təhsilin idarəolunması sahəsində qurmaq istəyən pedaqoji işçilərə dəstək vermək, təhsil sahəsində idarəetmə vəzifələri üçün gələcəkdə yaranacaq işçi ehtiyacını təmin etməkdir.
18/08/2023 17:08
Elm və Təhsil Nazirliyinin yeni elektron xidməti istifadəyə verilib
Elm və Təhsil Nazirliyi (ETN) ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən hazırlanan yeni elektron xidmət əhalinin istifadəsinə verilmişdir. Artıq vətəndaşlar “myGov” portalından qeydiyyatdan keçərək “Məlumatlarım” hissəsində “Ümumi təhsil haqqında sənədlərim” bölməsində ümumi orta təhsil və tam orta təhsil haqqında attestat barədə elektron arayışı asanlıqla əldə edə bilər. Bu elektron xidmət istifadəçiləri heç yerə getmədən onlayn rejimdə sistem tərəfindən avtomatik formalaşan arayışı elektron şəkildə istənilən yerə ünvanlaya bilər. Qeyd edirik ki, dövlət elektron məlumat sistemində olan bu məlumatlar 2015-ci ildən hazıradək olan dövrü əhatə edir. Hazırda ETN tərəfindən bütün təhsil pillələri üzrə kağız daşıyıcıda verilən arayışların elektronlaşması prosesi davam edir.
18/08/2023 15:30
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. ⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq. Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər. ✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Eduaz #AliTəhsil #Doktorantura
ƏtraflıElm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. ? Qəbula kimlər yazıla bilər? Gəncə, Samux və Kəlbəcər sakinləri ? Qəbula necə yazılmaq olar? ? Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq ? Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq ? "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək ⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək) ❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! ????? #ElmVəTəhsilNazirliyi #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü #Uşaqlar #1İyun
Ətraflı