Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinin nəticələri elan olunub

21-23 avqust tarixlərində keçirilən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib. Vakansiya seçimi mərhələsində uğur qazanan 1 045 namizəd müddətli müqavilə ilə çalışmaq imkanı əldə edib. Qeyd edək ki, MİQ-in vakansiya seçimi mərhələsində uğur qazanan 12 namizəd Şuşa və Füzulidə yerləşən 1 nömrəli tam orta məktəblərdə müddətli müqavilə əsasında müəllimlik fəaliyyətinə başlayacaq. Namizədlər 29 avqust saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışlarının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur. Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Müsahibə mərhələsinin nəticələri elan olunub

Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. 9-18 avqust tarixlərində təşkil olunan müsahibələrdə 4 300 nəfər uğur qazanıb. Müsahibələrdə uğur qazanan namizədlər 29 avqust saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3x4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədən işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışlarının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur. Çıxarışını təsdiq etməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq. Müsahibə mərhələsində uğur qazanmayan namizədlər 26 avqust saat 11:00-dan şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilərlər. Apellyasiya müraciətlərinin qəbulu 28 avqust saat 11:00-da başa çatacaq. Qeyd edək ki, apellyasiya müsahibələrinin onlayn formatda təşkili nəzərdə tutulub. Bunun üçün namizədlər şəxsi səhifələrinə daxil olaraq müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Qeydiyyat zamanı elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq. Yaxın günlərdə onlayn apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumat veriləcək. 

HTP çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan tələbələrlə görüş keçirilib

2023–2024-cü tədris ilində Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Macarıstan, Çin, Rumıniya, Türkiyə (doktorantura/ YTB) və digər ölkələrdə təhsil almaq hüququ qazanmış bir qrup tələbə ilə görüş keçirilib.      Görüşdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, Xarici İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəis müavini Fuad Əzizov, Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin müdiri Xıdır Kazımov, həmçinin Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, Azərbaycan – Macarıstan Məzunları İctimai Birliyi, Azərbaycan – Çin Məzunları Assosiasiyasının İdarə Heyətinin üzvləri və digər qonaqlar iştirak ediblər.   Görüşdə əvvəlcə Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov tədbir iştirakçılarını salamlayaraq görüşün mahiyyətindən danışıb.     Daha sonra nazir müavini Həsən Həsənli çıxışında xaricdə dövlət hesabına təhsil imkanlarının genişləndirildiyini, bu imkanlardan faydalanan gənclərin sayının ildən-ilə artdığını diqqətə çatdırıb. Xaricdə təhsil təcrübəsindən söz açan nazir müavini Azərbaycan gənclərinin xaricdə təhsil almasının əhəmiyyətini vurğulayıb.    Tədbirdə iştirak edən digər qonaqlar tələbələri təbrik edib, onlara tövsiyələrini çatdırıblar.    Görüşdə HTP çərçivəsində xaricdə təhsilə dair statistik məlumatlar, eyni zamanda, görülən işlərə dair videoçarx təqdim edilib.    Sonda tələbələr fikirlərini bölüşüb, onları maraqlandıran suallar cavablandırılıb.    Qeyd edək ki, 2023–2024-cü tədris ili üzrə ümumilikdə 188 nəfər HTP çərçivəsində xaricdə təhsil almaq hüququ qazanıb.     Daha ətraflı məlumatla aşağıdakı videoçarx vasitəsilə tanış olmaq mümkündür:   

Peşə təhsili müəssisələri və peşə təmayüllü siniflərə işə qəbul üzrə imtahanlar keçirilib

Avqustun 24-də peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının, həmçinin peşə təmayüllü siniflərə ixtisas fənn müəllimlərinin işə qəbulu üzrə müsabiqələrin test imtahanları təşkil olunub.   Müsabiqələrin imtahan mərhələlərində ümumilikdə 1 780 namizəd iştirak edib.   Qeyd edək ki, peşə təmayüllü siniflərə ixtisas fənn müəllimlərinin işə qəbulu ilk dəfə olaraq mərkəzləşdirilmiş şəkildə müsabiqə yolu ilə həyata keçirilir.

Təhsil haqqından azad tələbələr

Təhsilin müxtəlif pillə və səviyyələri üzrə təhsil xərcindən azad olunan imtiyazlı şəxslər aşağıdakılardır:   Məcburi köçkün statuslu şəxslər:   Dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrində, AMEA-nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları.   Valideyn himayəsindən məhrum olan şəxslər: Hər iki valideyni vəfat etmiş; bir valideyni vəfat etmiş və digər valideyni orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş; valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər (övladlığa götürüldükdə belə) ali, orta ixtisas və peşə təhsili müəssisələrində və AMEA-nın magistratura səviyyəsində əyani formada 23 yaşınadək təhsil alan şəxslər.   Əlilliyi müəyyən edilmiş şəxslər: Ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, AMEA-nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər; Dövlət peşə təhsili müəssisələrinə münasibətdə isə əlilliyi olan şəxslər; 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan və aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər.    Şəhid ailəsi statusu olan şəxslər: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası Qanunu”na müvafiq olaraq şəhid ailəsi statusu almış dövlət peşə, orta ixtisas, ali təhsil müəssisələrində və AMEA-nın magistratura səviyyəsində 23 yaşınadək əyani təhsil alan şəxslər.   Şəhid və müharibə əlillərinin övladları: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş, ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqları.    Müharibə veteranları:   Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər.  

BMU – İNHA İDP-nin 2023–2024-cü tədris ili üzrə qəbul nəticələri açıqlanıb

Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə ikili diplom proqramının (İDP) 2023–2024-cü tədris ili üzrə keçirilən qəbul imtahanının nəticələri elan olunub.  300-dən çox namizədin qeydiyyatdan keçdiyi, 246 nəfərin iştirak etdiyi daxili imtahanın nəticələrinə əsasən, 2023–2024-cü tədris ili çərçivəsində 4 ixtisas istiqaməti üzrə ayrılan 123 plan yeri tam dolub. Tələbələrdən 35 nəfəri informasiya texnologiyaları, 35-i elektronika mühəndisliyi, 28-i elektrik mühəndisliyi və 25-i inşaat mühəndisliyi ixtisasları üzrə yeni tədris ilindən BMU – İNHA İDP-də təhsil alacaq. 3+1 modelinə əsaslanan ikili diplom proqramında tədrisin 3 ili BMU, 1 ili isə İNHA Universitetində həyata keçirilir və bütün ixtisaslar üzrə qəbul tam dövlət sifarişi əsasında aparılır. Təhsilalanların Koreya Respublikasında 1 illik tam təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri, habelə qeydiyyat, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri “2019–2023-cü illər Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Dövlət Neft Fondu tərəfindən qarşılanır.  Tədrisin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavriat səviyyəsi üzrə diplom təqdim ediləcək.  Qeyd edək ki, qəbul prosesi 2020-ci ildən həyata keçirilən BMU – İNHA İDP çərçivəsində hazırda 270-dən çox tələbə təhsil alır.

“Beynəlxalq münasibətlər və diplomatiya üzrə 2-ci yay məktəbi” layihəsi yekunlaşıb

“Bir Könüllü” Tələbə Təşkilatının təşkilatçılığı, Xəzər Universiteti və Topçubaşov Mərkəzinin tərəfdaşlığı ilə Şamaxı şəhərində həyata keçirilən “Beynəlxalq münasibətlər və diplomatiya üzrə 2-ci yay məktəbi” layihəsi başa çatıb.    Yay məktəbi beynəlxalq münasibətlər, hüquqşünaslıq, regionşünaslıq, siyasi idarəetmə və əlaqəli ixtisaslarda təhsil alan ümumilikdə 25 tələbənin iştirakı ilə təşkil edilib.   Layihə müddətində Azərbaycanın xarici siyasəti, beynəlxalq münasibətlərə təsir edən faktorlar, enerji təhlükəsizliyi, Qarabağda yenidənqurma və davamlı inkişaf mövzuları barəsində sessiyalar həyata keçirilib. Bununla yanaşı, iştirakçılar arasında interaktiv qrup işləri aparılıb və sessiyaların sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.   Qeyd edək ki, yay məktəbinin keçirilməsində məqsəd müxtəlif yerli, xarici universitetlərin tələbə və məzunlarına dünya, eləcə də regiondakı siyasi-iqtisadi vəziyyətin obyektiv qiymətləndirilməsi, gələcəkdə baş verə biləcək proseslərin düzgün proqnozlaşdırılması, xarici siyasət mövzuları üzrə müzakirələrdə iştirak imkanı yaratmaqla səmərəli öyrənmə platformasının təsis edilməsidir.   

“Peşəkar idarəçi” müsabiqəsinin esse mərhələsi keçirilib

“Peşəkar idarəçi” müsabiqəsinin esse mərhələsi keçirilib. 11 regionda təşkil edilmiş imtahan mərkəzlərində keçirilən bu mərhələdə 502 nəfər iştirak edib.  Esse mərhələsində namizədlərin təhsilin idarəedilməsi ilə bağlı yaradıcı və təşəbbüskar yanaşmaları yazı işləri əsasında yoxlanılır. Sözügedən mərhələni uğurla keçən namizədlər müsahibə mərhələsində iştirak edəcəklər.  Qeyd edək ki, müsabiqənin məqsədi yerli təhsili idarəetmə orqanlarının fəaliyyətinə dəstək verəcək kadrları aşkarlamaq, karyerasını təhsilin idarəolunması sahəsində qurmaq istəyən pedaqoji işçilərə dəstək vermək və təhsil sahəsində idarəetmə vəzifələri üçün gələcəkdə yaranacaq işçi ehtiyacını təmin etməkdir.

Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı olub

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər.   Dövlət başçıları və xanımları əvvəlcə yeni dərs ilində bu məktəbdə təhsilə başlayacaq şagirdlərlə və burada işləyəcək müəllimlərlə görüşüb söhbət etdilər.   Prezident İlham Əliyev: Salam uşaqlar, necəsiniz?   Uşaqlar: Salam, yaxşıyıq.   Qadın sakin: Xoş gördük, cənab Prezident.   Prezident İlham Əliyev: Salam, xoş gördük.   Prezident Şavkat Mirziyoyev: Salaməleyküm.   Qadın sakin: Salam, xoş gəlmisiniz.   Birinci xanım Mehriban Əliyeva: Güllər var, çiçəklər var, salam balalar, salam.   Qadın sakinlər: Salam, xoş gördük, Mehriban xanım.   Prezident İlham Əliyev: Uşaqlar, bu məktəbi mənim qardaşım, hörmətli Şavkat Miromonoviç Füzuli şəhərinə hədiyyə edib. Xahiş edirəm ki, mənim qardaşımı səmimiyyətlə salamlayaq.   Məktəbin direktoru Həcər Mahmudova: Cənab prezidentlər, mən də icazənizlə, Sizi burada olan müəllimlərimiz, şagirdlərimiz, valideynlərimiz adından salamlayıram. Sizləri bu möhtəşəm məktəbdə görməkdən qürur duyuruq. Otuz il öncə 26 yaşında bu şəhəri tərk edən sakini kimi mən demək olar ki, eyni tarixlərdə, - bir gün fərqi var, - buraya qayıtmışam. Bu anları bizə yaşatdığınıza görə Sizə təşəkkür edirik, qalib Ordumuza minnətdarıq. Bu gözəl məktəbi tikib bizə bəxş etdiyinə görə Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevə və onun timsalında Özbəkistan xalqına minnətdarıq. Cənab Mirziyoyevdən xahiş edirik ki, bizim Füzuli sakinlərinin bu minnətdarlığını öz xalqına, özbək xalqına çatdırsın.   Prezident Şavkat Mirziyoyev: Çox sağ olun.   Həcər Mahmudova: Biz pedaqoji kollektivin üzvləri birlikdə sizləri əmin edirik ki, bu məktəbdə təhsil alacaq şagirdlərin gələcəkdə yüksək bilik-bacarığa, eyni zamanda, milli-mənəvi dəyərlərə sahib bir vətəndaş olaraq yetişməsində var qüvvəmizlə çalışacağıq. Sizə minnətdarıq, bir daha çox sağ olun.   Prezident Şavkat Mirziyoyev: Sağ olun.   Prezident İlham Əliyev: Sağ olun. Məktəbə Mirzə Uluqbəyin adı verilib.   Həcər Mahmudova: Bəli, Əmir Teymurun nəvəsi.   Prezident İlham Əliyev: Bəli, Əmir Teymurun nəvəsi, özbək xalqının böyük oğlunun adı verilib. Bu məktəb Özbəkistan-Azərbaycan dostluğunun, qardaşlığının bir mərkəzi olacaq.   Həcər Mahmudova: Biz buna çalışacağıq. Təşəkkür edirik Özbəkistan Prezidentinə, təşəkkür edirik özbək xalqına, minnətdarıq.   Prezident Şavkat Mirziyoyev: Sağ olun.   x x x   Dövlət başçıları məktəbin rəmzi açılışını bildirən lenti kəsdilər.   x x x   Prezident İlham Əliyev: Xeyirli, uğurlu olsun.   Prezident Şavkat Mirziyoyev: İnşallah, uğurlu olsun.   Sonra xatirə şəkli çəkildi.   Daha sonra dövlət başçılarına və xanımlarına məktəbdə yaradılan şərait barədə məlumat verildi.   Bildirildi ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Ötən il başlanılan tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib.   Sonra görülən işlərlə bağlı məktəbin akt zalında videoçarx nümayiş etdirildi.   Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib.   president.az

Məktəbəqədər təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə test imtahanı keçirilir

Avqustun 23-də məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib. Test imtahanı mərhələsinə 353 namizəd dəvət edilib.   Bu mərhələdə hər bir namizədə məktəbəqədər təhsil və idarəetmə, oxuyub anlama bacarığı, məntiq və məktəbəqədər təhsilin məzmunu istiqamətləri üzrə hər biri 15 sual olmaqla ümumi 60 sual təqdim edilir. İmtahanın müddəti 120 dəqiqədir.   Test imtahanı mərhələsində təqdim edilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.   Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul ilk dəfə mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir.

01/06/2026

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. ⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq. Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər. ✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Eduaz #AliTəhsil #Doktorantura

Ətraflı
01/06/2026

Elm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. ? Qəbula kimlər yazıla bilər? Gəncə, Samux və Kəlbəcər sakinləri ? Qəbula necə yazılmaq olar? ? Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq ? Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq ? "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək ⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək) ❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu

Ətraflı
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! ????? #ElmVəTəhsilNazirliyi #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü #Uşaqlar #1İyun

Ətraflı