Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Sentyabrın 12-də Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransda Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, nazirliyin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev, Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən rayonları üzrə təhsil sektorlarının əməkdaşları, həmçinin həmin rayonlarda çalışan məktəb direktorları və müəllimlər iştirak ediblər. Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin Quba rayonunda yerləşən abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Sonra şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli təhsil işçilərini yeni tədris ilinin başlaması münasibətilə təbrik edib, işğaldan azad olunmuş ərazilərdə təhsil müəssisələrinin tikintisindən, gənc müəllimlərin bu müəssisələrdə həvəslə çalışmaq istəyindən danışıb. Mətin Kərimli təhsil sahəsində əsas strateji hədəflər, məktəbəqədər təhsilin, peşə təmayüllü siniflərin, innovativ layihələrin əhatə dairəsinin genişləndirilməsi, təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması, müasir tələblərə cavab verən təhsilverənlərin formalaşdırılması üçün sertifikatlaşdırma prosesinin əhəmiyyətindən danışıb. Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov təhsil sahəsindəki uğurların daha da artacağına əminliyini ifadə edib və yeni tədris ili münasibətilə konfrans iştirakçılarına uğurlar arzulayıb. Sonra Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev hesabatla çıxış edib. Konfransda 2022–2023-cü tədris ilində səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində göstərdikləri fəal və nümunəvi xidmətlərinə görə bir qrup təhsil işçisi təltif edilib.
12/09/2023 16:20
Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Sentyabrın 12-də Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin Şamaxı şəhərində yerləşən abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Konfransda elm və təhsil nazirinin müavini İdris İsayev çıxış edərək ölkəmizdə həyata keçirilən təhsil siyasəti, bu sahədə müasir infrastruktur və maddi-texniki bazanın, kadr potensialının gücləndirilməsi məsələlərinə toxunub. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov öz növbəsində təhsil işçilərinə uğurlar arzulayıb. 2022–2023-cü tədris ilinin yekunlarına dair hesabat çıxışı edən Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən Rövşən Əliyev görülmüş işlər və yeni dərs ilində qarşıda duran vəzifələr barədə məlumat verib. Tədbir bədii hissə ilə başa çatıb.
12/09/2023 15:38
“İnsan kapitalı və təhsil” işçi qrupunun iclası keçirilib
Elm və Təhsil Nazirliyində “İnsan kapitalı və təhsil” işçi qrupunun iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2023-cü il üçün nəzərdə tutulmuş hədəfləri çərçivəsində cari ilin birinci yarımilində monitorinq və qiymətləndirilməsinə dair “XXI əsrin tələblərinə uyğun təhsil” məqsədi üzrə ümumi hesabat müzakirə edilib. İşçi qrupunun sədri, elm və təhsil nazirinin müavini İdris İsayev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və strategiya barədə məlumat verib, bu istiqamətdə təsdiqlənmiş tədbirlər planlarının, o cümlədən “XXI əsrin tələblərinə uyğun təhsil” məqsədi çərçivəsində işlərin vaxtında və effektiv şəkildə icrasının vacibliyini vurğulayıb. İdris İsayev strategiyanın icrasının monitorinq və qiymətləndirilməsinin aparılması üçün ayrıca portalın istifadəyə verilməsinin və nəzarətin onlayn qaydada həyata keçirilə bilməsinin innovativ yenilik olduğunu bildirib. Daha sonra İşçi qrupunun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva hesabatla çıxış edib. İclasda məktəbəqədər təhsilin əhatəliliyinin genişləndirilməsi, pedaqoji və idarəetmə heyətinin peşəkar bacarıqlarının artırılması, keyfiyyətə nəzarət tədbirləri və digər məsələlərlə bağlı çıxışlar edilib, hesabat üzrə müzakirələr aparılıb.
12/09/2023 12:40
Beynəlxalq Bakalavriat Təşkilatının baş direktoru "Yeni çağırışlar"da
20 sentyabr saat 19:00-da Beynəlxalq Bakalavriat Təşkilatının baş direktoru Pekka Heinonen “Yeni çağırışlar” müzakirə proqramında qonaq olacaq. Pekka Heinonen ilə təhsildə liderlik barəsində danışılacaq. Pekka Heinonen Finlandiyanın elm və təhsil naziri, Finlandiya Milli Təhsil Agentliyinin baş direktoru vəzifələrində çalışıb. Qeyd edək ki, proqram Elm və Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.
12/09/2023 11:51
Prezident Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də iki min şagird yerlik Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib. Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verdi. Qeyd edək ki, bu məktəbin layihəsi Xırdalan şəhərinin ərazisindəki təhsil ocaqlarında şagird sıxlığı nəzərə alınaraq dövlətimizin başçısının tapşırıqlarına əsasən hazırlanıb və uğurla icra olunub. Məktəb binasının tikintisinə 2021-ci ilin fevral ayında başlanıb və bu ilin sentyabr ayında başa çatdırılıb. Ən müasir avadanlıqla təchiz olunan funksional bina tədrisin yüksək keyfiyyətlə təşkili üçün hər cür şəraitə malikdir. Yeni məktəbdə 74 sinif, 6 informatika otağı, məktəbəqədər 2 hazırlıq otağı, 8 otaqdan ibarət STEAM Mərkəzi, 2 idman zalı, 2 əmək otağı, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika və biologiya kabinetləri, kimya laboratoriyası, kitabxana, yeməkxana və 400 nəfərlik akt zalı yaradılıb. Prezident İlham Əliyev yeni təhsil ocağının məktəbəqədər hazırlıq, ibtidai sinif otaqlarında, biologiya kabinetində, çağırışa qədər hərbi hazırlıq otağında, STEAM Mərkəzində, fizika kabinetində, kimya laboratoriyasında, informatika otağında, idman zalında və yeməkxanada yaradılan şəraitlə tanış oldu. STEAM layihəsi birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-2020-ci tədris ilinin əvvəlindən məktəblərimizdə tətbiq edilir. STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə aşılamaqla yanaşı, onlara mühəndislik səriştələri öyrədir. Bu məktəbin STEAM Mərkəzi də elektron lövhələr, kompüterlər, 3D printerlər, müvafiq öyrədici qurğular, elektron komponentlər və dəftərxana ləvazimatları ilə təmin olunub. Burada, həmçinin mühəndis emalatxanası, kiçik yaşlı uşaqlar üçün zona, təlim və robototexnika otaqları var. Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər ölkələrin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Son illərdə ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca hədəf seçib. Xırdalan şəhəri 11 saylı tam orta məktəbin ən müasir standartlara cavab verən binasının inşası da bir daha təsdiqləyir ki, ölkəmizdə təhsil islahatları Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində uğurla davam edir. https://president.az/
12/09/2023 10:05
Abşeron – Xızı regionu üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Sentyabrın 11-də Abşeron – Xızı Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Tədbirdən əvvəl qonaqlar ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərində yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov ölkəmizdə həyata keçirilən təhsil siyasəti, qabaqcıl dünya təhsil sistemlərinə inteqrasiya, bu sahədə müasir infrastruktur və maddi-texniki bazanın formalaşdırılması, kadr potensialının gücləndirilməsi məsələlərinə toxunublar. Daha sonra Abşeron – Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinin 1 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. 2022–2023-cü tədris ilinin yekunlarına dair hesabat çıxışı edən Abşeron – Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva görülmüş işlər və əldə edilmiş nailiyyətlər, eləcə də yeni dərs ilində qarşıda duran vəzifələr barədə məlumat verib. Konfransda həmçinin bir sıra məktəb və bağçaların müəllim, tərbiyəçi-müəllimləri ötən tədris ilində əldə etdikləri nailiyyətlərə görə mükafatlandırılıblar. Tədbirdə Sumqayıt şəhəri 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifaları maraqla qarşılanıb.
11/09/2023 18:00
“Engineering Camp” tələbə düşərgəsi yekunlaşıb
“Zuğulba” Tədris İdman Bazasında Təhsil İnstitutu (ARTİ), "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Avropa Elektrik Mühəndisliyi Tələbələri Assosiasiyasının Bakı bölməsinin təşkilatçılığı ilə keçirilən mühəndislik üzrə tələbə düşərgəsi başa çatıb. Düşərgəyə ali təhsil müəssisələrinin mühəndislik ixtisaslarında (elektrik, sənaye, kimya mühəndislikləri və s.) bakalavriat səviyyəsi üzrə III-IV kurslarda və magistratura səviyyəsi üzrə təhsil alan tələbələr olmaqla ümumilikdə 50 iştirakçı cəlb olunub. “Engineering Camp” tələbə düşərgəsinə spiker qismində qoşulan ARTİ-nin direktoru Rüfət Əzizov, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin rəhbəri Fariz Cəfərov, SABAH HUB-ın proqram meneceri Əminə Məlikova, Xəzər və Qərbi Kaspi universitetlərinin müəllimi Fariz Həsənli, “Halliburton” şirkətinin mühəndisi Pərviz Həsənov, “PMD Projects” MMC-nin planlaşdırma və monitorinq şöbəsinin müdiri Elxan Həsənov təcrübələrini tələbələrlə bölüşüb, hazırda dünyada müasir innovasiyalar, mühəndislik sahələrində baş verən yenilikləri çatdırıb, həmçinin tələbələrlə birlikdə praktik tapşırıqlar həll ediblər. Düşərgədə həmçinin tələbələri maraqlandıran suallar cavablandırılıb və gələcək karyera imkanları barədə onlarla faydalı müzakirələr aparılıb.
11/09/2023 17:26
Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib
"Əsas hədəfimiz mövcud problemlərin həllinə nail olmaqdır". Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında deyib. Sentyabrın 11-də keçirilən konfransdan öncə qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarı önünə çiçəklər düzüblər. Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub. Konfransda iştirak edən Emin Əmrullayev ötən tədris ilində əldə olunan nailiyyətlər, təhsil islahatları, mövcud problemlər və onların həlli istiqamətində görülən işlərdən söz açıb, yeni tədris ilinin əsas hədəflərinə toxunub. Elm və təhsil naziri çıxışının sonunda yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib. Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva 2022-2023-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, paytaxtda ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin tətbiqi vəziyyətindən danışıb. Mehriban Vəliyeva növbəti tədris ili üçün təhsil işçilərinin qarşısında duran əsas vəzifələri qeyd edib. Tədbir çıxışlarla davam etdirilib. Konfrans çərçivəsində nümunəvi fəaliyyətləri ilə seçilən təhsil müəssisələri və bir qrup təhsil işçisi təltif olunub. Tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda bədii proqramla çıxış ediblər.
11/09/2023 17:00
Elm və təhsil naziri İmişlidə vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 29 sentyabr 2023-cü il tarixində İmişli rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda İmişli, Beyləqan, Saatlı, Sabirabad və Xocavənd rayonlarının sakinləri iştirak edə bilərlər. Adları çəkilən rayonların sakinləri 20 sentyabr 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.
11/09/2023 11:12
İslam Korporasiyasının (ICIEC) nümayəndə heyəti ilə görüş keçirilib
Sentyabrın 8-də elm və təhsil nazirinin müavini Həsən Həsənli İslam İnkişaf Bankı Qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı Korporasiyanın fəaliyyəti və sığorta alətləri barədə məlumat verilib. Görüşdə Elm və Təhsil Nazirliyi ilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində mümkün əməkdaşlıq istiqamətləri də müzakirə olunub.
08/09/2023 17:20
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. ⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq. Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər. ✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Eduaz #AliTəhsil #Doktorantura
ƏtraflıElm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. ? Qəbula kimlər yazıla bilər? Gəncə, Samux və Kəlbəcər sakinləri ? Qəbula necə yazılmaq olar? ? Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq ? Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq ? "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək ⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək) ❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! ????? #ElmVəTəhsilNazirliyi #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü #Uşaqlar #1İyun
Ətraflı