Bu şəxslərin də təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq
Mayın 5-də “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilib. Yeni dəyişikliyə əsasən, Azərbaycan Respublikasının dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan və minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladları ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları halda onların təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Həmçinin, yeni Qanun ilə müəyyən olunmuş imtiyaz bu Qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunur və 2026-cı il sentyabrın 15-dən tətbiq ediləcək. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
05/05/2026 17:35
Nazir müavini Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin prorektoru ilə görüşüb
Mayın 5-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin prorektoru Zoltán Bujdosó ilə görüşüb. Görüş çərçivəsində sözügedən universitet ilə cari əməkdaşlıq və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
05/05/2026 15:54
881 nəfər “Maarifçi” olmaq üçün müsahibədə iştirak edəcək
Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə “Rəqəmsal gələcək” şüarı ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun təcrübə proqramına qəbul üçün keçirilən test imtahanının nəticələri elan olunub. 2300 nəfərin iştirak etdiyi imtahanın nəticələrinə əsasən, 881 nəfər müsahibə mərhələsinə keçib. İştirakçılara nəticələr barədə məlumat SMS vasitəsilə təqdim edilib. 7 may tarixindən etibarən “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçiriləcək müsahibə mərhələsi ilə bağlı ətraflı məlumat iştirakçılara əvvəlcədən göndəriləcək. Qeyd edək ki, 4 ay davam edəcək “Maarifçi” proqramının əsas məqsədi tələbə və yeni məzunlara praktiki təcrübə qazandırmaq, onların bilik və bacarıqlarını inkişaf etdirmək, nəzəri biliklərini real iş mühitində tətbiq etmələrinə şərait yaratmaq və peşəkar kompetensiyalarını gücləndirməkdir. Proqram çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabeli qurumlarında, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçmək imkanı əldə edəcəklər.
05/05/2026 14:57
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinə 1026 layihə təqdim edilib
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu başa çatıb. Müsabiqəyə ümumilikdə 1026 layihə təqdim edilib. Daxil olan layihələrin 30-u (3%) ümumi təhsil müəssisələrinin, 996-sı (97%) təhsilverənlərin fərdi layihələridir. Cari müsabiqə iştirakçılarının 367-si (36%) ilk dəfədir ki bu prosesə qoşulub. Onlardan 10-u “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə, 357-si “Fərdi layihələr” kateqoriyası üzrə müsabiqəyə müraciət edib. Ən çox layihə təklifi isə Bakı, Gəncə və Ağstafadan daxil olub. Qeyd edək ki, X qrant müsabiqəsinin gedişatına dair bütün məlumatlar Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifələrində mütəmadi təqdim olunacaq.
05/05/2026 10:59
Nazir müavini Vorvik Universitetinin dekan müavini ilə görüşüb
Elm və təhsil nazirinin müavini Həsən Həsənli Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Vorvik Universitetinin beynəlxalq əlaqələr üzrə dekan müavini Robin Clark ilə görüşüb. Görüş çərçivəsində iki qurum arasında ali təhsil sahəsində mövcud əməkdaşlıq, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Vorvik Universiteti arasında həyata keçirilən “Bərpa olunan enerji mənbələri” ikili magistr proqramı müzakirə olunub, bu istiqamətdə gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
01/05/2026 17:00
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 26 may tarixində Qax şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Qax, Şəki, Zaqatala və Balakən sakinləri iştirak edə bilərlər. Adları çəkilən rayonların sakinləri 14 may (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
01/05/2026 16:46
Firudin Qurbanov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimində iştirak edib
Mayın 1-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimi keçirilib. Açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, müasir dövrdə ictimai proseslərin düzgün və peşəkar şəkildə işıqlandırılması dövlət-media əməkdaşlığının əsas prioritet istiqamətlərindən birinə çevrilib. Qeyd olunub ki, artıq üçüncü ildir təşkil olunan Forum bu istiqamətdə səmərəli dialoq platforması olmaqla yanaşı, media subyektləri ilə dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə, cəmiyyətin dolğun və etibarlı informasiya ilə təminatına mühüm töhfə verir. Forumda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov bildirib ki, rəqəmsallaşma müasir dövrdə informasiya dövriyyəsinin sürətini və əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirməklə yanaşı, media və kommunikasiya sahəsində innovativ yanaşmaların tətbiqini zəruri edən əsas amillərdən birinə çevrilib. Vurğulanıb ki, rəqəmsal transformasiya şəraitində etibarlı informasiya mühitinin qorunması, müasir kommunikasiya alətlərindən səmərəli istifadə və ictimai etimadın gücləndirilməsi media institutlarının qarşısında duran əsas prioritetlər sırasındadır. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında vurğulayıb ki, rəqəmsal transformasiya şəraitində media və təhsil institutları arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, media savadlılığının artırılması, gənclərdə sorğulayıcı düşüncə və rəqəmsal bacarıqların formalaşdırılması, eləcə də etibarlı informasiya mühitinin təşviqi müasir təhsil siyasətinin əsas prioritetlərindəndir, bu baxımdan insan kapitalının inkişafı, süni intellekt və innovasiya əsaslı yanaşmaların tətbiqi dayanıqlı inkişafın mühüm tərkib hissəsinə çevrilib. Nazir müavini əlavə edib ki, ölkəmizdə təhsilin rəqəmsallaşması prosesi sürətlə aparılır. Hazırda təhsil məlumatları bütün inzibati səviyyələr üzrə rəqəmsallaşdırılıb. Şagird–kompüter nisbətini yaxşılaşdırmaq istiqamətində işlər görülür. Məktəblərin 63 faizi və şagirdlərin 82 faizi genişzolaqlı internetlə təmin olunub. Növbəti mərhələdə bütün məktəblərə fiber-optik internet, yenilənmiş daxili şəbəkə, müəllim və şagird cihazlarının qoşulması və gücləndirilmiş texniki dəstək təmin olunacaq. Çıxışında “Rəqəmsal bacarıqlar” və "STEAM Azərbaycan" layihələri, eləcə də “Rəqəmsal məktəb” platforması barədə məlumat verən nazir müavini qeyd edib ki, bu sahədə əldə olunan irəliləyiş dövlətin rəqəmsallaşmaya verdiyi önəmin nəticəsidir və təhsil sistemində müsbət dəyişikliklərə səbəb olub. Eyni zamanda süni intellektin tətbiqi ilə vahid məlumatların idarə edilməsi sisteminin qurulması istiqamətində işlər nəzərdə tutulur. Bu sistem təhlükələrin azaldılması və zəruri tədbirlərin operativ şəkildə həyata keçirilməsi baxımından əhəmiyyətlidir. Nazir müavini çıxışının sonunda qeyd edib ki, media bu gün sadəcə vasitəçi deyil, həm cəmiyyəti birləşdirə, həm də onun strukturunda destruktiv dəyişikliklər yarada bilən ictimai proseslərin aktiv iştirakçısıdır. Belə şəraitdə qeyri-dəqiq məlumatların yayılmasına yol verməmək üçün yüksək peşəkarlıq tələb edilir. Mövcud risklərə baxmayaraq, sosial media daha məlumatlı və fəal cəmiyyətin formalaşdırılması üçün unikal imkanlar təqdim edir. Dezinformasiyaya qarşı mübarizə vasitələrinin təkmilləşdirilməsi, əhalinin media savadlılığının inkişaf etdirilməsi və çoxsəviyyəli fakt yoxlama sistemlərinin yaradılması informasiya məkanının keyfiyyətini əhəmiyyətli dərəcədə artıra bilər. Bu baxımdan inanırıq ki, Forum bu qlobal proseslərin inkişafına, medianın hərtərəfli tərəqqisinə yardım edəcək konstruktiv təkliflər verəcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov öz növbəsində qeyd edib ki, ölkədə həyata keçirilən müasir şəhərsalma, yenidənqurma və bərpa layihələrinin sosial, iqtisadi və mədəni əhəmiyyətinin geniş auditoriyaya çatdırılması, eləcə də müvafiq sahədə ictimai məlumatlılığın artırılması media ilə dövlət qurumları arasında effektiv kommunikasiya mexanizmlərinin formalaşdırılmasını zəruri edir. O vurğulayıb ki, 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu mövzuda informasiya təminatının aktuallığını daha da artırmaqla yanaşı, şəhərsalma siyasətinin prioritetlərinin cəmiyyətə sistemli və ardıcıl şəkildə təqdim olunması üçün əlavə imkanlar yaradır. Açılış mərasimində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan, həmçinin ötən il keçirilmiş Forumun əsas məqamlarını əks etdirən videoçarxlar nümayiş olunub. Qeyd edək ki, Forum öz işini “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi”, “Rəqəmsal mühitdə gözlənilməz risklər: Zərərli informasiyaya qarşı birgə mübarizə” və “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” mövzularında panel sessiyalarla davam etdirir.
01/05/2026 14:30
Uşaqların I sinfə qəbulu prosesi başlayır
6 may tarixindən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib. 2026-2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sualların cavabı
01/05/2026 11:36
Emin Əmrullayev “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda iştirak edib
Aprelin 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Davamında “Ailə, qadın və uşaq məsələləri sahəsində dövlət siyasəti” adlı film nümayiş etdirilib. Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova son 30 il ərzində müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi və inkişafı prosesində insan kapitalına yönəlik siyasətin mərhələli şəkildə formalaşdığını və bu gün artıq sistemli bir xarakter aldığını qeyd edib. Dövlət Komitəsinin fəaliyyətinə diqqət çəkən Komitə rəsmisi çıxışında vurğulayıb ki, ailə cəmiyyətin təməlidir, milli kimliyimizin daşıyıcısıdır, qadın bu təməlin yaradıcısı və aparıcı qüvvəsidir, uşaq isə dövlətimizin gələcəyidir, onun davamlı inkişafının təminatıdır. Məhz buna görə də dövlət siyasətimizin məqsədi bu istiqamətləri ayrı-ayrılıqda deyil, əksinə bir-birini qarşılıqlı şəkildə gücləndirən və tamamlayan vahid bir model kimi formalaşdırmaqdır. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva öz növbəsində qeyd edib ki, Azərbaycanda ailə, qadın və uşaq məsələləri dövlət siyasətində əsas yer tutur və bu sahədə həyata keçirilən tədbirlər nəticəsində mühüm nailiyyətlər əldə olunub. Ombudsman vurğulayıb ki, ölkə rəhbərliyi tərəfindən ailə, qadın və uşaq siyasəti sahəsində kompleks islahatlar həyata keçirilir, müdafiə mexanizmləri genişləndirilir və sosial təminat gücləndirilir. Bu tədbirlər cəmiyyətin sosial rifahının və dayanıqlı inkişafının təmin olunmasına xidmət edir. Açılış mərasimində iştirak edən elm və təhsil naziri Emin Əmrullayev çıxışında bildirib ki, uşaqların təhsili və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün qarşılıqlı əməkdaşlığa əsaslanan iş modelinin qurulması son dərəcə vacibdir. Nazir qeyd edib ki, təhsil nailiyyətlərinə baxıldıqda iki istiqamət üzrə inkişafdan danışmaq mümkündür: birinci istiqamət təlim və nəticələr, ikinci istiqamət isə uşağın tərbiyəsi. Emin Əmrullayev vurğulayıb ki, məktəblərdə bu iki istiqamət paralel aparılmalı, xüsusilə tərbiyə məsələləri ön plana çəkilməlidir. Emin Əmrullayevin sözlərinə görə, əsas məsələ ailənin övladına ötürdüyü dəyərlərdir. Valideynlərin məsuliyyətini dərk etməsi, məktəb və müəllimlə birgə fəaliyyət göstərməsi gənc nəslin inkişafında mühüm rol oynayır. Əlavə edib ki, dəyərlərə əsaslanan təhsil sisteminin formalaşdırılması cəmiyyət üçün daha sağlam, məsuliyyətli və düşüncəli fərdlərin yetişməsinə zəmin yarada bilər. Nazir həmçinin diqqətə çatdırıb ki, qadınların təhsil almasına imkan yaradılması vacibdir və gələcəyin təminatı təhsilli analardan asılıdır. Təhsilli anaların sayının artması həm də təhsilli uşaqların sayının artması deməkdir. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində 2018-ci ildən etibarən 4 milyon insanı əhatə edən 5 sosial islahat paketinin reallaşdırıldığını diqqətə çatdırıb. Bildirib ki, bu islahatların əsas məqsədi məhz cəmiyyətin həssas qruplarının, o cümlədən aztəminatlı ailələrin, qadınların və uşaqların sosial müdafiəsinin gücləndirilməsidir. Nazir çıxışının yekununda vurğulayıb ki, ailə, qadın və uşaq siyasəti dayanıqlı inkişafın əsasını təşkil edən mühüm istiqamətlərdəndir. Bu sahədə həyata keçirilən tədbirlər yalnız bu günün deyil, gələcək cəmiyyətin də formalaşmasına xidmət edir. Çıxışlardan sonra “Tarix yazanlardan gələcək quranlara” filminin nümayişi və bədii kompozisiyanın təqdimatı baş tutub. Konfrans panel müzakirələrlə davam edib.
30/04/2026 17:00
İdris İsayev AzMİU-nun 50 illik yubileyi münasibətilə təltifetmə mərasimində iştirak edib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi münasibətilə təltifetmə mərasimi keçirilib. Tədbirdə elm və təhsil nazirinin müavini İdris İsayev, universitet rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra ali təhsil ocağının yarıməsrlik fəaliyyət yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev Azərbaycan Memarlıq və İnşaat Universitetinin ölkənin ali təhsil sistemində xüsusi yerə malik olduğunu bildirib. Nazir müavini qeyd edib ki, AzMİU uzun illərdir ölkəmiz üçün strateji əhəmiyyət daşıyan memarlıq, inşaat, mühəndislik, şəhərsalma və digər prioritet istiqamətlər üzrə yüksək ixtisaslı kadr hazırlığını uğurla həyata keçirir. Nazir müavini universitetin ölkənin sosial-iqtisadi inkişafında, xüsusilə müasir infrastruktur layihələrinin reallaşdırılmasında və işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq prosesində mühüm rol oynadığını vurğulayıb. Daha sonra çıxış edən AzMİU-nun rektoru Gülçöhrə Məmmədova qeyd edib ki, təqdim olunan mükafatlar AzMİU kollektivinin uzun illər ərzində səmərəli fəaliyyətinə verilən yüksək qiymət və böyük etimadın göstəricisidir. O vurğulayıb ki, universitet kollektivi bundan sonra da göstərilən etimadı doğrultmaq, ölkəmiz üçün peşəkar və rəqabətqabiliyyətli mütəxəssislər hazırlamaq, elmi fəaliyyətin inkişafına töhfə vermək üçün bütün gücü ilə çalışmağa davam edəcək. Çıxışlardan sonra əməkdaşlara təltiflər təqdim edilib.
29/04/2026 14:30
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin Ağdaş şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu iyulun 31-də keçiriləcək. Qəbulda Ağdaş rayon sakinlərinin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı✨15–25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində keçirilən və Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan Avropa Universitet Oyunlarında ölkəmiz stolüstü tennis və futzal üzrə təmsil olunub. ?Komandamız yarış ərzində güclü İspaniya, Norveç, Portuqaliya komandalarını məğlub edərək final mərhələsinə yüksəlib və turniri ikinci yerdə başa vurub. Yarışın yekununda komandamızın üzvü Ədalət Ələkbərov turnirin simvolik ən yaxşı beşliyinə seçilib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflıİyulun 24-də elm və təhsil naziri Emin Əmrullayev Saatlı şəhərində vətəndaş qəbulu keçirib. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı