Elm və təhsil naziri Dünya Təhsil Forumunda iştirak edir
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti 17–20 may 2026-cı il tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilən Dünya Təhsil Forumunda iştirak edir. Forum “Ortaq gələcək üçün təhsil: sülh, planet, məqsəd və inkişaf yolları” mövzusuna həsr olunub. Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən təhsil nazirləri, beynəlxalq təşkilatlar və strateji tərəfdaşlar bir araya gələrək inklüziv, keyfiyyətli və gələcəyə yönəlmiş təhsil sistemlərinin qurulması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müasir çağırışlara uyğun həll yollarının müzakirəsini aparacaqlar.
18/05/2026 14:03
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda iştirak məqsədilə Londonda işgüzar səfərdədir. Səfər çərçivəsində 2022–2028-ci illər üçün Dövlət Proqramı üzrə Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. Görüşdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov da iştirak edib. Görüş zamanı Dövlət Proqramının perspektivləri, beynəlxalq təhsil təcrübəsinin insan kapitalının inkişafına töhfəsi, eləcə də məzunların ölkənin elm, təhsil və innovasiya ekosistemində rolu ətrafında fikir mübadiləsi aparılıb. Nazir Emin Əmrullayev xaricdə təhsil alan azərbaycanlı gənclərin əldə etdikləri bilik və bacarıqların ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Nazir tələbələrin akademik fəaliyyəti, gələcək planları və qarşılaşdıqları məsələlərlə maraqlanıb, onları akademik və peşəkar inkişaf istiqamətində fəal olmağa təşviq edib. Qarşılıqlı müzakirə şəraitində keçən görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, fikir və təklifləri dinlənilib, həmçinin onların təhsillərini başa vurduqdan sonra Azərbaycanda mövcud karyera və iş imkanları ətrafında fikir mübadiləsi aparılıb.
18/05/2026 12:50
Məktəbəqədər təhsil müəssisələrinə növbələrin yaradılması müvəqqəti dayandırılır
2026-2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq məqsədilə 19 may 2026-cı il tarixindən etibarən bq.edu.az portalı vasitəsilə həyata keçirilən yeni növbələrin yaradılması prosesi müvəqqəti olaraq dayandırılacaq. Bununla yanaşı, fasilə müddətində sistemdə olan, lakin hələ təsdiqlənməmiş sorğular silinəcək. Qeyd edək ki, bq.edu.az vasitəsilə növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul ilə bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.
18/05/2026 11:00
Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumat
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 17–19 və 23–25 iyun 2026-cı il tarixlərində təşkil olunacaq. Test imtahanının vaxtı və keçirilmə yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Təhsilverənlər portal.edu.az platformasında qeydiyyatdan keçərək “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər. Portal.edu.az platformasının “Sertifikatlaşdırma” altsistemindən istifadə üzrə hazırlanmış təlimat videosunu aşağıdakı keçid vasitəsilə izləmək mümkündür: https://youtu.be/lpLKFasQtm4 Qeyd edək ki, cari ildə təşkil olunacaq təhsilverənlərin sertifikatlaşdırılması prosesində təsviri incəsənət, musiqi, texnologiya, tarix, fiziki tərbiyə fənlərini tədris edən təhsilverənlər, eyni zamanda fizika, kimya, biologiya, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.
18/05/2026 10:00
Nazir müavini Firudin Qurbanov Tovuzda təhsil ictimaiyyəti, valideyn və şagirdlərlə görüşüb
Mayın 15-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Tovuz rayonuna səfər edib. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib, təhsil müəssisələrinə baxış olub və vətəndaş qəbulu təşkil edilib. Əvvəlcə nazir müavini Firudin Qurbanov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov ilə birlikdə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub. Səfər çərçivəsində nazir müavini Tovuz rayonu Bozalqanlı kənd tam orta məktəbində olub. Məktəbdə yaradılmış tədris şəraiti və şagirdlərin təlim prosesi ilə tanış olan nazir müavininə təhsil müəssisəsinin fəaliyyəti, tədris göstəriciləri barədə məlumat verilib. Daha sonra Respublika fənn olimpiadalarının və “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi olan şagirdlər, eləcə də onların valideynləri ilə görüş keçirilib. Görüşdə şagirdlərin əldə etdikləri uğurların sistemli hazırlığın, müəllim əməyi və valideyn dəstəyinin birgə nəticəsi olduğu bildirilib. Valideynlərlə söhbət zamanı uşaqların təlim-tərbiyəsində ailənin rolunun xüsusi əhəmiyyət daşıdığı qeyd olunub. Bildirilib ki, şagirdlərin təhsil nəticələrinin yüksəlməsində məktəblə yanaşı, valideynlərin dəstəyi, övladlarının təhsil prosesinə diqqəti, onların motivasiyasının formalaşdırılması və düzgün istiqamətləndirilməsi mühüm rol oynayır. Eyni zamanda ailə-məktəb əməkdaşlığının gücləndirilməsinin şagirdlərin həm akademik nailiyyətlərinə, həm də şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərdiyi vurğulanıb. Səfər çərçivəsində uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş, çalışmanın yaş həddinə çatmış bir qrup müəllimlə də görüş keçirilib. Görüş zamanı vurğulanıb ki, uzunillik pedaqoji təcrübəyə malik müəllimlərin bilik və peşəkar yanaşmaları təhsil ənənələrinin qorunub saxlanılması, müəllim peşəsinin nüfuzunun artırılması və gənc müəllimlərin formalaşması baxımından mühüm rol oynayır. Qeyd edilib ki, sözügedən müəllimlərin illər ərzində qazandıqları təcrübə, məktəb idarəçiliyi, şagirdlərlə iş və pedaqoji yanaşmalarla bağlı tövsiyələri bu gün də təhsil mühiti üçün dəyərli resurs hesab olunur. Nazir müavini həmçinin Qazax-Tovuz regionu üzrə ümumi təhsil müəssisələrinin gənc direktor və müəllimləri ilə görüşüb. Görüş zamanı təhsildə müasir yanaşmaların tətbiqi, məktəb idarəçiliyində innovativ metodlar, müəllimlərin peşəkar inkişaf imkanları və məktəbdə sağlam təhsil mühitinin formalaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Gənc təhsil idarəçiləri və müəllimlər öz təşəbbüsləri, fəaliyyət istiqamətləri və qarşılaşdıqları çağırışlarla bağlı fikirlərini səsləndiriblər. Səfər zamanı Firudin Qurbanov vətəndaşların qəbulunu keçirib. Qəbul zamanı edilən hər bir müraciətin operativ araşdırılması və qanunvericiliyə uyğun həll olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.
15/05/2026 20:00
Məktəblilər arasında hidrogenlə işləyən avtomobillərin yarışı üzrə seçmə mərhələsi keçirilib
Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə beynəlxalq innovasiya və mühəndislik yarışı olan “H2 Grand Prix PRO” (hidrogenlə işləyən avtomobillərin yarışı) üzrə Azərbaycan seçmə mərhələsi keçirilib. Məktəblilər arasında keçirilən yarışda ölkənin 15 regionunu təmsil edən 15 komandanın ümumilikdə 69 iştirakçısı bilik və bacarıqlarını nümayiş etdirərək mübarizə aparıb. Yarış zamanı iştirakçılar komanda şəklində çalışaraq hidrogen texnologiyası əsaslı avtomobillərlə uzunmüddətli və dayanıqlı performans göstərməyə çalışıblar. Komandalar mühəndislik, proqramlaşdırma və strateji düşünmə bacarıqlarını tətbiq edərək müxtəlif tapşırıqları yerinə yetiriblər. Yarışın yekununa əsasən, Ağdaş rayonunu təmsil edən “Pilots” komandası birinci, Bakı şəhərinin “Space Soldiers” komandası ikinci, Şirvan şəhərinin “DriveIQ” komandası isə üçüncü yeri tutublar.
15/05/2026 16:00
Nazir müavini İdris İsayev “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfransın açılışında çıxış edib
Bakı Dövlət Universiteti (BDU) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans mayın 15-də öz işinə başlayıb. Konfrans 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan “Bakı Şəhərsalma Həftəsi 2026” platformasının əsas tədbirlərindən biridir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən keçirilən Ümumdünya Şəhərsalma Forumu dayanıqlı urbanizasiya sahəsində qlobal dialoq üçün ən mühüm platformalardan biri hesab olunur. Açılış nitqi ilə çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, müasir şəhərlərin davamlı və dayanıqlı inkişafı yalnız infrastruktur və texnoloji həllərlə deyil, ilk növbədə, yüksəkixtisaslı insan kapitalı ilə müəyyən olunur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və “ağıllı şəhər” konsepsiyalarının tətbiqi ölkənin şəhərsalma inkişaf modelini keyfiyyətcə yeni mərhələyə yüksəldir. Bu proses isə uzunmüddətli perspektivdə bu dəyişiklikləri davam etdirəcək peşəkar kadrların hazırlanmasını zəruri edir. Bu baxımdan universitetlərin rolunun yenidən düşünülməsinin vacibliyini qeyd edən rektor bildirib ki, müasir dövrdə rəqəmsal texnologiyalar, məlumat əsaslı planlaşdırma və simulyasiya modelləri urban inkişafın ayrılmaz hissəsinə çevrilməlidir. Bu istiqamətdə tələbələrin real sektorla əlaqələrinin gücləndirilməsi və praktiki təcrübə imkanlarının artırılması xüsusi əhəmiyyət daşıyır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib ki, insan kapitalının gücləndirilməsi yeni şəhər gündəliyinin və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinin əsas komponentlərindən birinə çevrilib. Bu baxımdan universitetlər və tədqiqat institutlarının rolu əhəmiyyətlidir. Ali təhsil müəssisələri yalnız akademik təhsil verən qurumlar deyil, həm də müvafiq siyasətin hazırlanması, innovasiya və tədqiqat proseslərinin əsas ocaqlarıdır. Bu kontekstdə dövlət qurumları ilə akademik dairələr arasında əməkdaşlıq şəhər idarəçiliyi sistemlərinin qurulması üçün mühüm əhəmiyyət kəsb edir. Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini İdris İsayev isə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ərəfəsində belə bir konfransın keçirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib, konfransın işinə uğurlar arzulayıb. Nazir müavini qeyd edib ki, dünyada urbanizasiya proseslərinin sürətlənməsi müxtəlif qlobal çağırışlar və problemlər yaradır. Hazırda şəhərsalma təkcə memarlıq məsələsi deyil, iqtisadi, sosial, iqtisadi, ekoloji, humanitar məsələdir. Bildirib ki, təhsil infrastrukturumuz müasirləşdirilib, məzmunumuzun keyfiyyəti artırılıb, beynəlxalq rəqabətlilik artırılıb. Əgər biz ölkənin davamlı, dayanıqlı inkişafını təmin etmək istəyiriksə, ilk növbədə insan kapitalına diqqət yetirməliyik. Təhsil sistemimiz bu proseslərin önündə dayanmalıdır. Bu istiqamətdə yeni ixtisaslar, proqramlar təsdiq edilir, tələbə qəbulu planları artırılır. Məqsəd ondan ibarətdir ki, şəhərlərimizin dayanıqlı və davamlı inkişafı üçün tələb olunan ixtisaslara, kvalifikasiyalara uyğun kadr hazırlığı təmin edilsin. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, şəhərsalma eyni zamanda gələcəyə baxış deməkdir. Gələcəyin şəhərləri yalnız bu günün tələbatını deyil, gələcək nəsillərin təhlükəsiz və ekoloji cəhətdən sağlam mühitdə yaşamasını da təmin etməlidir. Məhz buna görə “dayanıqlı inkişaf” anlayışı ön plana çıxır və davamlı inkişaf edən şəhər modellərinin qurulması vacib sayılır. Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsinin Azərbaycanın dövlətçilik ənənələrinin və ölkənin beynəlxalq nüfuzunun nəticəsi olduğunu deyib: “Bu, hər birimiz üçün qürurverici hadisədir. Hesab edirəm ki, bugünkü konfransda da gələcək inkişafla bağlı mühüm məsələlər müzakirə olunacaq, mövcud boşluqların aradan qaldırılması üçün yeni yanaşmalar və təkliflər irəli sürüləcək". Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova vurğulayıb ki, şəhərlərin qurulması yalnız urbanistlərin, memarların və ya inşaatçıların fəaliyyəti ilə məhdudlaşmır. Bu prosesdə ekoloqların, mühəndislərin, siyasətçilərin, sosioloqların və digər sahələrin mütəxəssislərinin xüsusi rolu var: “Universitetlərin qarşısında duran əsas vəzifələrdən biri interdisiplinar proqramların yaradılması və daha geniş profilli mütəxəssislərin hazırlanmasıdır. Elmi tədqiqatlarda əməkdaşlıq və inteqrasiya mühüm nəticələr verə bilər. Memarlıq ekologiya, şəhərsalma sosiologiya, konstruktiv dayanıqlıq tətbiqi riyaziyyatla birgə araşdırılmalıdır. İT texnologiyaları isə demək olar ki, bütün sahələrdə və istiqamətlərdə tətbiq olunmalı və öz töhfəsini verməlidir”. Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi İqor Qarafuliç bildirib ki, Azərbaycanda inkişaf məsələlərinin geniş və ciddi şəkildə müzakirə olunması diqqətçəkən məqamlardandır: “WUF 13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq dialoq platforması kimi rolunu daha da gücləndirir. Bu tədbir yalnız şəhərsalma məsələlərinin deyil, həm də mənzil təminatı, əlçatanlıq və planlaşdırma kimi qlobal çağırışların müzakirəsi baxımından mühüm platformadır. Dünyada münaqişələrin artdığı bir dövrdə Azərbaycanın belə bir beynəlxalq dialoqa ev sahibliyi etməsi çox əhəmiyyətlidir”. Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, ADA Universitetinin dövlət və xarici əlaqələr üzrə prorektoru Fariz İsmayılzadə isə diqqətə çatdırıb ki, WUF13 yalnız şəhərsalma, ekologiya və ətraf mühit məsələlərinin müzakirəsi platforması deyil, Azərbaycanın beynəlxalq diplomatik şəbəkəsinin genişlənməsi baxımından da əhəmiyyətlidir: “Şəhərsalma və Qarabağın yenidən qurulması regionda davamlı sülhün möhkəmləndirilməsi üçün mühüm amillərdən biridir. Qarabağın yenidən qurulması üzrə Azərbaycan təcrübəsi dünyada unikal model kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu proses Qarabağın yaşıl zona və dayanıqlı inkişaf məkanına çevrilməsini hədəfləyir”. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev şəhərsalma problemlərinin multidisiplinar xarakter daşıdığını və bütün elmi istiqamətlərin birgə iştirakını tələb etdiyini deyib: “Müasir şəhərsalma prosesləri rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi olmadan mümkün deyil. Prezident İlham Əliyev tərəfindən “ağıllı şəhər” konsepsiyası strateji hədəf kimi müəyyən edilib və bu istiqamətdə mühüm işlər görülür. Lakin bu proses yalnız xarici texnologiyaların tətbiqi ilə deyil, milli kadr potensialının hazırlanması ilə mümkün ola bilər. Bunun üçün elmi-tədqiqat institutlarının və ixtisaslaşmış qurumların yaradılması da nəzərdən keçirilə bilər”. Rəsmi açılış mərasimindən sonra konfrans öz işini panel sessiyaları ilə davam etdirir. Konfrans insan kapitalının təhsil sistemləri, elmi-tədqiqat potensialı, peşəkar hazırlıq, institusional bacarıqlar və rəqəmsal savadlılığın davamlı şəhər inkişafında həlledici rolunu ön plana çıxaracaq. Müzakirələrdə inklüziv və dayanıqlı şəhərlərin inkişafı, iqlim dayanıqlılığı, əlçatan mənzil təminatı, rəqəmsal transformasiya və süni intellektin şəhər idarəçiliyində rolu, həmçinin institusional və hüquqi çərçivələrin gücləndirilməsi kimi mövzulara xüsusi diqqət yetiriləcək.
15/05/2026 15:00
Təhsil üzrə bir sıra mühüm xidmətlər artıq mygov-da!
Elm və Təhsil Nazirliyinə aid 5 yeni xidmətin mygov platformasına inteqrasiyası sayəsində təhsilalanlar və valideynlərin işi rahatlaşacaq. mygov ilə: abituriyentlərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qeydiyyatı; bakalavrların magistratura və rezidentura səviyyələrinə qeydiyyatı; ümumi orta və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş abituriyentlərin qeydiyyatı; məktəbəqədər təhsil müəssisələrinə sənəd qəbulu proseslərini onlayn qaydada tamamlaya bilərsiniz. Növbəti tədris ili üçün qeydiyyat proseslərini my.gov.az saytından "Xidmətlər" bölməsindən "Elm və Təhsil Nazirliyi" və ya "Təhsil" sahəsini seçərək rahatlıqla icra edə bilərsiniz. Rəqəmsal dövlət xidmətlərinin vahid məkanda toplanması vaxtınıza qənaət edərək prosesləri şəffaf idarə etməyə imkan yaradır.
15/05/2026 14:00
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
2024-cü ildən etibarən həyata keçirilən və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasına xidmət edən “Alimlərin maddi mükafatlandırılması layihəsi” 2026-cı ildə də davam etdirilir. Cari ildə layihə üzrə qiymətləndirmə mexanizmi elmmetriya sahəsində ixtisaslaşmış beynəlxalq şirkət olan “Clarivate”in mütəxəssisləri və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə əməkdaşlıq çərçivəsində təkmilləşdirilib. Yenilənmiş qaydalar Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası tərəfindən təsdiq olunub. Təkmilləşdirilmiş mexanizmə əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisələrdə çalışan 500-dək tədqiqatçının hər ay 1000 manatadək məbləğdə mükafatlandırılması nəzərdə tutulur. Yeni qaydalara əsasən, mükafatlandırılacaq tədqiqatçıların sayı artırılıb, eləcə də qiymətləndirmə meyarları genişləndirilib. Belə ki, "Scopus" və “Web of Science” bazalarında indekslənən Q1 və Q2 kateqoriyalı jurnallarla yanaşı, Q3 və Q4 kateqoriyalı jurnallarda dərc olunan elmi işlər də qiymətləndirməyə daxil edilib. Bundan əlavə, tədqiqat nəticələrinin real sektora transferinin təşviqi məqsədilə ilk dəfə olaraq patent və faydalı modellər hesablama mexanizminə bonus bal kimi əlavə olunub. Müqayisə üçün qeyd edək ki, layihənin ilk ilində 150-dək, 2025-ci ildə isə 300-dək alim bu imkandan yararlanıb. Təkmilləşdirilmiş qaydaların tətbiqinə 2026-cı ilin may ayından başlanılacaq. Layihənin əsas məqsədi elmi fəaliyyətin nəticəyönümlülüyünü artırmaq, tədqiqatçıların beynəlxalq elmi bazalarda fəallığını təşviq etmək və elmi nəticələrin praktik tətbiqinə dəstək verməkdir.
15/05/2026 09:31
Nazir müavini “I Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri” adlı beynəlxalq elmi konfransın açılışında iştirak edib
Mayın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “I Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri” adlı beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib. Azərbaycan Dövlət Pedaqoji Universiteti, TÜRKSOY, Yunis Əmrə İnstitutu, Daşkənd Beynəlxalq Universiteti və ADPU-nun Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə 14-15 may tarixlərində əyani və onlayn formatda təşkil olunan beynəlxalq konfransda Azərbaycanla yanaşı Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Koreya, Rusiya, Ukrayna, Moldova, Estoniya, Əfqanıstan və digər ölkələrdən alim və tədqiqatçılar bir araya gəliblər. Açılış mərasimində dövlət rəsmiləri, təhsil ictimaiyyətinin nümayəndələri, universitet rəhbərliyi və professor-müəllim heyəti, eləcə də Azərbaycan və xarici ölkələrin tanınmış türkoloq alimləri iştirak ediblər. Konfransın açılışında giriş nitqi ilə çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov bildirib ki, Birinci Bakı Türkoloji Qurultayı yalnız dilçilik tarixinin mühüm hadisəsi deyil, bütövlükdə türk dünyasının elmi və mədəni birliyinin formalaşmasında xüsusi rol oynamış tarixi platformadır. Qeyd edilib ki, türkoloji fikir bu gün yeni mərhələyə – “Rəqəmsal türkologiya” dövrünə qədəm qoyur və süni intellekt, rəqəmsal lüğətlər, milli korpuslar və ortaq terminoloji platformalar gələcəyin əsas inkişaf istiqamətlərini müəyyən edir. Cəfər Cəfərov vurğulayıb ki, bu gün Pedaqoji Universitet həmin tarixi missiyanı davam etdirərək “Rəqəmsal türkologiya” mərhələsində ortaq elmi terminologiyanın, süni intellekt əsaslı dil texnologiyalarının və türk dövlətləri arasında təhsil inteqrasiyasının inkişafına töhfə verməyə davam edir. Çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi fikir tarixində mühüm mərhələ təşkil etdiyini bildirib. Qeyd edib ki, 1926-cı ildə Bakıda keçirilən bu mötəbər elmi toplantı ortaq dil, əlifba, milli-mədəni dəyərlərin qorunması və türkologiya elminin sistemli inkişafı baxımından xüsusi əhəmiyyət daşıyıb. Akademik ana dilinin xalqın tarixi yaddaşını, milli kimliyini və mənəvi irsini yaşadan əsas dəyərlərdən biri olduğunu vurğulayıb. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında qeyd edib ki, ölkə başçısının imzaladığı “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam qurultayın tarixi və elmi əhəmiyyətini daha da möhkəmləndirir, türkologiya elminin inkişafına, türk xalqlarının mədəni-mənəvi irsinin qorunması və təbliğinə dövlət səviyyəsində dəstək göstərir, eyni zamanda Qurultayın irsinin müasir elmi mühitdə aktual və əhəmiyyətli olmasını təmin edir. Qloballaşma, informasiya texnologiyalarının və süni intellektin sürətli inkişafı, eyni zamanda kütləvi kommunikasiya vasitələrinin təsiri nəticəsində milli dil yeni təzyiq mexanizmləri ilə üz-üzə qaldığını bildirən nazir müavini bu istiqamətdə dilimizin təhlükəsizliyinin qorunması istiqamətində təşəbbüslərin zəruri olduğunu bildirib. Firudin Qurbanov ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq geniş tədbirlər həyata keçirildiyini qeyd edib və Elm və Təhsil Nazirliyi tərəfindən də Tədbirlər Planı çərçivəsində Qurultayın 100 illik yubileyi münasibətilə simvolik olaraq 100 nəfər tələbənin təqaüdə layiq görülməsinin nəzərdə tutulduğunu bildirib. Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Birinci Türkoloji Qurultayın türk xalqlarının milli özünüdərk prosesində və ortaq mədəni dəyərlərin formalaşmasında mühüm rol oynadığını qeyd edib. Əlavə edib ki, bu tarixi irsin öyrənilməsi və gələcək nəsillərə çatdırılması həm elmi, həm də ictimai baxımdan xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq konfransda iştirak edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər üzərində formalaşdığını vurğulayaraq qeyd edib ki, Birinci Türkoloji Qurultay türk dünyasının elmi və mədəni inteqrasiyası baxımından mühüm tarixi hadisələrdən biridir və bu irs bu gün də türk xalqları arasında əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Çıxış edən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova universitetin türk dünyasının ali təhsil və elm müəssisələri ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində həyata keçirilən işlərdən danışıb, bu kimi beynəlxalq elmi platformaların akademik əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildirib. Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Birinci Türkoloji Qurultayın humanitar elmlərin inkişafında, dil və ədəbiyyat sahəsində aparılan tədqiqatların istiqamətləndirilməsində mühüm rol oynadığını qeyd edib. O, ana dilinin qorunması və elmi şəkildə təbliğinin ali təhsil müəssisələrinin əsas vəzifələrindən biri olduğunu vurğulayıb. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli isə Azərbaycan dilçiliyinin inkişafında Birinci Türkoloji Qurultayın mühüm rolundan bəhs edib. O, ana dilinin elmi əsaslarla araşdırılmasının, dil irsinin qorunmasının və yeni nəsillərə çatdırılmasının aktual məsələlərdən biri olduğunu diqqətə çatdırıb. ADPU-nun Filologiya fakültəsinin dekanı Könül Həsənova Birinci Türkoloji Qurultayın elmi irsinin gənc nəslə çatdırılması, ana dilinə sevginin gücləndirilməsi və milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyətindən bəhs edib. Dekan Könül Həsənova bu istiqamətdə Pedaqoji Universitetin Filologiya fakültəsində aparılan ardıcıl və sistemli fəaliyyətlər haqqında məlumat verib. Azərbaycan Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi Elçin İgəndərzadə, Türkiyənin Qafqaz Universitetinin professoru Səlcuq Ural, Özbəkistan Asiya Beynəlxalq Universitetinin prorektoru Əzəmət Əkbərov, Azərbaycan Dillər Universitetinin professoru Adil Babayev çıxışlarında türk dillərinin öyrənilməsi, müqayisəli tədqiqi və ortaq elmi ənənələrin inkişaf etdirilməsinin müasir türkologiyanın əsas istiqamətlərindən biri olduğunu qeyd ediblər. Rəsmi açılış mərasimindən sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib. Qeyd edək ki, konfransın növbəti günündə qonaqların ADPU Şamaxı filialına səfəri nəzərdə tutulur.
14/05/2026 16:30
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? Orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı prosesinə başlanılır! ❗Qeydiyyat prosesi my.gov.az platforması üzərindən 19 avqust saat 15:00 - 31 avqust saat 18:00 tarixləri aralığında həyata keçiriləcək. Müraciət edəcək şəxslərdən aşağıdakı məlumatları nəzərə almaları xahiş olunur: ▶️ Tələbə qəbulu üçün qeydiyyat yalnız my.gov.az platforması vasitəsilə aparılır. ▶️ Şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər my.gov.az-da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsini yeniləməlidirlər. ▶️ 15 yaşına çatmamış vətəndaşlar my.gov.az-da şəxsi kabinetlərini "SİMA rəqəmsal imza" ilə açmalıdırlar. #ElmvəTəhsilNazirliyi #EduGovAz #MyGov #TSİİ #RəqəmsalTəhsil
ƏtraflıBu il Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan 500 nəfərdən 155-i dünya reytinq cədvəllərində ilk onluqda yer alan universitetlərdə təhsilini davam etdirəcək. Onların arasında Massaçusets Texnologiya İnstitutu, Harvard və Stenford universitetlərinə qəbul olan gənclərimiz də var. Gəlin həmin təqaüdçülərimizi tanıyaq! #xaricdətəhsil #dövlətproqramı #dpeduaz
Ətraflı?Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb. Qeydiyyat 13 avqust saat 18:00-dək davam edəcək. Qeyd edək ki, magistratura səviyyəsinə qəbul olan bakalavrlar təhsil alacaqları ali təhsil müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #TSİİ
Ətraflı