Nazir müavini Həsən Həsənli “IT SkillSprint” proqramının bağlanış mərasimində iştirak edib
19/07/2026 13:00
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tərəfdaşlığı ilə həyata keçirilən “IT SkillSprint” beynəlxalq intensiv təhsil proqramının bağlanış mərasimi baş tutub. Mərasimdə elm və təhsil nazirinin müavini Həsən Həsənli iştirak edib. Tədbirdə çıxış edən nazir müavini bildirib ki, son illərdə həyata keçirilən islahatlar, beynəlxalq tərəfdaşlıqlar, ikili diplom proqramları və intensiv təlim formatları sayəsində gənclərin dünyanın qabaqcıl təhsil və texnologiyalarına ölkədən çıxmadan çıxış üçün geniş imkanları yaradılır. Onun sözlərinə görə, “IT SkillSprint” proqramı təhsil ilə sənaye arasında əməkdaşlığın gücləndirilməsi, tələbələrin əmək bazarının tələblərinə uyğun praktik bacarıqlar qazanması baxımından uğurlu təşəbbüslərdəndir. Həsən Həsənli qeyd edib ki, bu cür proqramlar tələbələrin peşəkar inkişafına və məşğulluq imkanlarının artırılmasına mühüm töhfə verir. Artıq proqram iştirakçılarından bəziləri təhsillərinə davam edərkən işlə təmin olunublar. Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Ironhack” tədris şirkətinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən proqramın məqsədi tələbələrin informasiya texnologiyaları sahəsində nəzəri bilik və praktiki bacarıqlarını inkişaf etdirmək, onların qlobal əmək bazarında rəqabətqabiliyyətliliyini artırmaq və universitet–sənaye əməkdaşlığını gücləndirməkdir. Bağlanış mərasimində yüksək nəticə göstərən tələbələr və hakaton qalibləri mükafatlandırılıb, proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub. Tədbirin sonunda iştirakçıların əmək bazarındakı imkanlarla tanış olması məqsədilə karyera sərgisi təşkil edilib.
Komandamız Avropa Universitet Oyunlarında ölkəmizi təmsil edir
18/07/2026 19:36
15–25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində tələbələr arasında keçirilən Avropa Universitet Oyunlarında Azərbaycanı futzal üzrə Azərbaycan İdman Akademiyasının komandası təmsil edir. Komandamız iyulun 15-də İtaliyaya yola düşüb və yarışdakı ilk oyununda Almaniya təmsilçisini 6:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. Qeyd edək ki, Azərbaycan komandasının Avropa Universitet Oyunlarında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə təmin olunur.
Nazir müavini Özbəkistanda bir sıra görüşlər keçirib
18/07/2026 10:44
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası çərçivəsində Özbəkistanda bir sıra görüşlər keçirib. Firudin Qurbanov Özbəkistanın məktəbəqədər və ümumi təhsil nazirinin müavini Farxod Bokiyev ilə görüşüb. Görüşdə məktəbəqədər və ümumi təhsil sahəsində əməkdaşlığın inkişafı, STEAM əsaslı təhsilin təşviqi, Azərbaycan və özbək dillərinin qarşılıqlı tədrisi, eləcə də gələcək birgə təşəbbüslər müzakirə olunub. Səfər çərçivəsində nazir müavini Abdulla Avloni adına Milli Pedaqoji Peşəkarlıq İnstitutunu ziyarət edib. İnstitutun nəzdində fəaliyyət göstərən STEAM mərkəzində yaradılmış şərait və infrastrukturla tanış olub. Nazir müavini Firudin Qurbanov Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Sardor Radjabov ilə də görüşüb. Görüşdə universitetlərarası əməkdaşlığın genişləndirilməsi, hər iki ölkədə təhsil alan tələbələrin sayının qarşılıqlı artırılması, Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması və ali təhsil sahəsində birgə tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazir müavini Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında iştirak edib
17/07/2026 18:00
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Daşkənd şəhərində keçirilən Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında iştirak edib. Nazir müavini çıxışı zamanı Azərbaycan ilə Özbəkistan arasında elm və təhsil sahəsində mövcud əməkdaşlıq və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər barədə məlumat verib. Xüsusilə məktəbəqədər və ümumi təhsil, STEAM əsaslı təhsil, elm və ali təhsil sahələrində həyata keçirilən birgə layihələr, tələbə və akademik heyətin mübadiləsi, birgə elmi fondun yaradılması imkanları, eləcə də özbək və Azərbaycan dillərinin qarşılıqlı tədrisi kimi bir sıra məsələlərə toxunub. İclas çərçivəsində Azərbaycan və Özbəkistan arasında ticarət-iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın mövcud vəziyyəti, eləcə də inkişaf perspektivləri müzakirə olunub. Yekunda komissiyanın həmsədrləri tərəfindən iclasın nəticələrinə dair protokol imzalanıb.
UNESCO-da Elmlərin Dayanıqlı İnkişaf üzrə Qlobal Konfransı keçirilib
17/07/2026 16:00
15–17 iyul tarixlərində UNESCO-nun Parisdə yerləşən mənzil-qərargahında Elmlərin Dayanıqlı İnkişaf üzrə Beynəlxalq Onilliyinin (IDSSD) 2026-cı il Qlobal Konfransı keçirilib. "Elm fəaliyyətdə: hamı üçün dayanıqlı və ədalətli gələcəyin müəyyənləşdirilməsi" mövzusuna həsr olunan konfransda Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman iştirak edib. UNESCO-ya üzv dövlətlərin hökumət nümayəndələrini, beynəlxalq elmi qurumları, akademik institutları, özəl sektoru və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrini bir araya gətirən konfrans dayanıqlı inkişaf naminə elmin rolunun daha da gücləndirilməsi və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm platforma rolunu oynayır. Konfrans UNESCO-nun baş direktorunun, yüksək səviyyəli hökumət nümayəndələrinin və beynəlxalq elm ictimaiyyətinin tanınmış simalarının iştirakı ilə keçirilən açılış mərasimi ilə öz işinə başlayıb. Açılış çıxışlarında Elmlərin Dayanıqlı İnkişaf üzrə Beynəlxalq Onilliyinin həyata keçirilməsi çərçivəsində əldə olunan əsas nailiyyətlər təqdim edilib, elmin qlobal problemlərin həllində həlledici rolu vurğulanıb və beynəlxalq həmrəyliyin daha da gücləndirilməsinin əhəmiyyəti qeyd olunub. "2030-dan sonra elm: növbəti inkişaf mərhələsinin müəyyənləşdirilməsi", "Diaqnozdan fəaliyyətə: elmi prioritetlərin müəyyənləşdirilməsi" mövzularında keçirilən plenar iclaslarda uzunmüddətli qlobal çağırışlar, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması baxımından mövcud elmi boşluqlar, süni intellekt texnologiyalarının yaratdığı imkanlar və yeni texnologiyaların idarə olunması yolları ətrafında geniş fikir mübadiləsi aparılıb. Qeyd edək ki, konfransın yekun plenar iclasında üç gün ərzində keçirilmiş müzakirələrin əsas nəticələri ümumiləşdirilib və Elmlərin Dayanıqlı İnkişaf üzrə Beynəlxalq Onilliyinin növbəti mərhələsi üçün prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Vətəndaş müraciətlərinin statistikası
16/07/2026 10:42
İyulun 1-dən 15-dək Elm və Təhsil Nazirliyi və tabeliyində olan qurumlara ümumilikdə 47 483 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 7 558-i elektron qaydada, 1655-i yazılı formada, 32 235-i çağrı mərkəzləri vasitəsilə qəbul edilib. Bundan əlavə, 6 035 müraciət vətəndaş qəbulu zamanı qeydə alınıb. Daxil olan müraciətlər əsasən müəllimlərin işə qəbulu, məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat, müəllimlərin iş yerinin dəyişdirilməsi, I sinfə şagird qəbulu və digər təhsil məsələləri ilə bağlı olub.
Qarabağ Universitetində İstanbul Texniki Universiteti ilə birgə ikili diplom proqramına start verilir
15/07/2026 10:21
2026/2027-ci tədris ilindən etibarən Qarabağ Universitetində dünyanın nüfuzlu texniki ali təhsil müəssisələrindən biri olan İstanbul Texniki Universiteti (İTÜ) ilə birgə mühəndislik ixtisasları üzrə ikili diplom proqramına start veriləcək. Yeni ikili diplom proqramı Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2025-ci il tarixli “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə müəyyən edilmiş ali təhsildə beynəlxalq ikili diplom proqramlarının əhatə dairəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində reallaşdırılır və dövlət hesabına maliyyələşdirilir. İkili diplom proqramı Mühəndislik fakültəsinin inşaat mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, mexanika mühəndisliyi və kimya mühəndisliyi ixtisaslarını əhatə edir. Proqram çərçivəsində tədris tamamilə ingilis dilində aparılacaq. Tələbələr ilk 3 il Qarabağ Universitetində, son bir il isə İstanbul Texniki Universitetində təhsil alacaqlar. Təhsili uğurla başa vuran məzunlara hər iki universitetin diplomu təqdim olunacaq. İkili diplom proqramı çərçivəsində İTÜ-nün professor-müəllim heyəti tədris prosesinə cəlb olunacaq, tələbələr Xankəndidə yaradılacaq müasir laboratoriyalarda təhsil alacaq, istehsalat təcrübəsini isə Türkiyədə keçəcəklər. Eyni zamanda Türkiyədə yay məktəbində də iştirak imkanı qazanacaqlar. Təhsil müddətində tələbələr nəzəri biliklərlə yanaşı, real layihələr üzərində çalışaraq layihələndirmə, istehsal, texnoloji proseslərin idarə olunması və mühəndislik həllərinin hazırlanması sahələrində peşəkar bacarıqlar qazanacaqlar. Müasir laboratoriyalar, sənaye müəssisələri ilə əməkdaşlıq və praktik yönümlü tədris sayəsində tələbələr əmək bazarının tələblərinə uyğun kompetensiyalar əldə edə, ölkənin infrastrukturunun, sənayesinin və texnoloji inkişafının dəstəklənməsinə, eləcə də innovativ və dayanıqlı həllərin hazırlanmasına töhfə verməyə hazır mütəxəssis kimi formalaşacaqlar. Qeyd edək ki, "QS World University Rankings 2027" nəticələrinə əsasən İstanbul Texniki Universiteti Türkiyə universitetləri arasında birinci, dünya universitetləri arasında isə 279-cu yerdə qərarlaşıb.
“Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi ilə bağlı görüş keçirilib
14/07/2026 11:06
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi ilə bağlı peşə təhsili müəssisələrinin rəhbərləri və aidiyyəti əməkdaşlarının iştirakı ilə görüş keçirilib. Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman peşə təhsili sistemində həyata keçirilən islahatlar çərçivəsində ixtisasların təsnifatının yenilənməsinin əhəmiyyətindən bəhs edib. Bildirilib ki, bu istiqamətdə aparılan işlər əmək bazarının mövcud və perspektiv ehtiyaclarına uyğun kadr hazırlığının təmin edilməsinə, təhsil proqramlarının təkmilləşdirilməsinə və peşə təhsilinin keyfiyyətinin daha da artırılmasına xidmət edir. Qeyd olunub ki, məqsəd ixtisasların sayının azaldılması deyil, onların optimallaşdırılması və yeni ixtisasların yaradılmasıdır. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı isə bildirib ki, yeni ixtisas təsnifatı beynəlxalq təcrübə, iqtisadiyyatın prioritet istiqamətləri və əmək bazarının tələbləri nəzərə alınmaqla hazırlanır. O vurğulayıb ki, təsnifat peşə təhsilinin gələcək inkişaf istiqamətlərini və əmək bazarının ehtiyaclarına uyğun mütəxəssis hazırlığını müəyyən edən mühüm strateji sənəddir. Daha sonra Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva təqdimatla çıxış edərək yeni ixtisas təsnifatı layihəsi üzrə görülən işlər barədə məlumat verib. Təqdimatda layihədə aparılmış dəyişikliklər, struktur yenilikləri, ixtisas istiqamətlərinin əmək bazarının mövcud və gələcək tələblərinə uyğunlaşdırılması, həmçinin beynəlxalq təcrübə ilə uyğunluğun təmin olunması istiqamətində görülən işlər iştirakçıların diqqətinə çatdırılıb. Görüş zamanı peşə təhsili müəssisələrinin nümayəndələri ilə yeni ixtisas təsnifatının tətbiqinin praktiki aspektləri və layihənin təkmilləşdirilməsinə dair təkliflər ətrafında fikir mübadiləsi aparılıb. Sonda layihə üzrə görüləcək növbəti işlər, fəaliyyət planı və qarşıdakı mərhələlər müzakirə olunub.
Nazir müavini İdris İsayev Bakı Ali Neft Məktəbinin 10-cu "Məzun Günü" tədbirində iştirak edib
13/07/2026 16:20
Bakı Ali Neft Məktəbinin (BANM) 10-cu "Məzun Günü" tədbiri keçirilib. Tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor bildirib ki, BANM-də təhsil aldıqları müddətdə yüksək bilik və bacarıqlara yiyələnən məzunlar peşəkar mütəxəssis kimi əmək bazarına qədəm qoyurlar. O, builki məzunların bir qisminin artıq əmək fəaliyyətinə başladığını, digər qisminin isə dünyanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olaraq təqaüdlər qazandığını vurğulayıb. Tədbirdə iştirak edən edən elm və təhsil nazirinin müavini İdris İsayev ali təhsilin ölkənin inkişafında və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasında mühüm rol oynadığını qeyd edib, BANM məzunlarının qazandıqları bilik və bacarıqlarla Azərbaycanın inkişafına mühüm töhfələr verəcəklərinə əminliyini ifadə edib. Nazir müavini çıxışının sonunda məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva çıxışında BANM məzunlarının uğurlarının ali məktəbin fəaliyyətə başladığı gündən peşəkar kadr hazırlığı missiyasını uğurla yerinə yetirdiyini bir daha təsdiqlədiyini bildirib. Özbəkistanın Daşkənd Kimya Texnologiyası İnstitutunun rektoru Botir Usmonov çıxışında universitetlər arasında əməkdaşlığın və ikili diplom proqramlarının əhəmiyyətini vurğulayıb. Daha sonra 2026-cı il məzun buraxılışı üzrə BANM-in “İlin tələbəsi”, İnformasiya təhlükəsizliyi ixtisasının məzunu Gülay Nəzərovanın adı Fəxri kötüyə həkk olunub, məzunlara diplomlar təqdim edilib. Qeyd edək ki, bu il Bakı Ali Neft Məktəbini bakalavriat və magistratura səviyyələri üzrə ümumilikdə 407 tələbə bitirib. Məzunlar arasında Biznesin idarə edilməsi və Kompüter mühəndisliyi ixtisasları, həmçinin Özbəkistanın ali təhsil müəssisələri ilə ikili diplom proqramı üzrə ilk məzunlar, eləcə də 7 ölkədən 23 əcnəbi tələbə yer alıb.
Azərbaycan məktəbliləri Beynəlxalq Fizika Olimpiadasında son 20 ilin ən yüksək nəticəsini əldə ediblər
13/07/2026 11:33
4–12 iyul tarixlərində Kolumbiyanın Bukaramanqa şəhərində keçirilən 56-cı Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2026) Azərbaycan komandası 3 gümüş və 2 bürünc medal qazanıb. Belə ki, Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və təbiət elmləri liseyinin XI sinif şagirdi Zeynəb Məhəmmədli, Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdi Bəxtiyar Ağayev və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Murad Xəlil gümüş medala layiq görülüblər. Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Raiq Babazadə və Bakı şəhəri Texniki-humanitar liseyin XI sinif şagirdi Məhəmməd Cəfərli isə bürünc medal qazanıblar. Qeyd edək ki, Azərbaycan məktəbliləri Beynəlxalq Fizika Olimpiadasında əldə etdikləri bu nəticə ilə son 20 ilin ən yüksək göstəricisinə imza atıblar. Beynəlxalq Fizika Olimpiadası məktəblilər arasında fizika fənni üzrə keçirilən ən nüfuzlu beynəlxalq bilik yarışlarından biridir. Cari ildə keçirilən olimpiadada dünyanın müxtəlif ölkələrindən yüzlərlə məktəbli iştirak edib.
Filter
Elanlar
-
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Süni intellekt və kibertəhlükəsizlik sahəsində inkişafın sürətləndirilməsi üzrə qrant müsabiqəsi elan edilir
20.10.2026 - 12:37 -
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40
Məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırması prosesinə hazırlıq məqsədilə sınaq imtahanları keçiriləcək.
ƏtraflıAzərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir.
ƏtraflıAzərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir.
Ətraflı