Özəl məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib
07/08/2026 16:10
Avqustun 7-də məktəbəqədər təhsil sahəsində valideyn–dövlət–özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsi ilə bağlı özəl məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq struktur bölmələrinin əməkdaşları iştirak ediblər. Görüşdə çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə məktəbəqədər təhsilin uşaqların inkişafında mühüm rolunu qeyd edib. Bildirib ki, uşağın inkişafının əsas hissəsi məhz erkən yaşlarda formalaşır və bu mərhələyə qoyulan sərmayə gələcəkdə cəmiyyət üçün daha böyük fayda yaradır. Nazir müavini Azərbaycan təhsil sisteminin beynəlxalq qiymətləndirmə nəticələrinin də məktəbəqədər təhsil almış uşaqların sonrakı təhsil göstəricilərinin daha yüksək olduğunu təsdiqlədiyini diqqətə çatdırıb. Kənan Kərimzadə valideyn–dövlət–özəl əməkdaşlığı əsasında maliyyələşmə mexanizminin özəl sahibkarlar üçün yeni təşviq imkanları yaratmaqla məktəbəqədər təhsilin əhatəliliyinin genişləndirilməsinə xidmət etdiyini bildirib. Qeyd edib ki, məktəbəqədər təhsilin əhatəliliyinin artırılması qarşıya qoyulan əsas hədəflərdəndir və bu layihənin həyata keçirilməsi məktəbəqədər təhsilə çıxış imkanlarının genişlənməsinə müsbət təsir göstərəcək. Nazir müavini özəl məktəbəqədər təhsil müəssisələrini yeni mexanizmin tətbiqində fəal iştiraka dəvət edib, onların proseslə bağlı təklif və tövsiyələrinin əhəmiyyətini vurğulayıb. Daha sonra Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva maliyyələşmə müsabiqəsinin şərtləri və iştirak qaydaları barədə məlumat verib. Görüş müzakirə və sual-cavab formatında davam edib. İştirakçıların müsabiqənin şərtləri, maliyyələşmə mexanizmi və prosesin təşkili ilə bağlı sualları cavablandırılıb, səsləndirilən təkliflər dinlənilib.
Həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsinə başlanılır
06/08/2026 17:39
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi 8 avqust saat 11:00-dan etibarən başlayır. Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimini həyata keçirə bilərlər. Vakansiya seçimi mərhələsi 10 avqust saat 11:00-dək davam edəcək. Namizədlərə vakansiya seçimi zamanı diqqətli olmaları, seçimlərini tamamladıqdan sonra elektron ərizələrini mütləq təsdiqləmələri tövsiyə olunur. Qeyd edək ki, vakant yer tutduqdan sonra ondan imtina edən namizədlərin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin olunmayacaq.
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinə özəl bağçaların sənəd qəbulu başlayır
04/08/2026 17:31
Nazirlər Kabinetinin 2026-cı il 17 iyul tarixli 218 nömrəli qərarının icrası ilə əlaqədar Elm və Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi elan edilir. Müsabiqənin əsas məqsədi 2026/2027-ci tədris ilində məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsidir. Müsabiqədə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məktəbəqədər təhsil fəaliyyətinə lisenziya verilmiş özəl təhsil müəssisələri iddiaçı qismində iştirak etmək hüququna malikdirlər. Müsabiqəyə qoşulmaq istəyən özəl məktəbəqədər təhsil müəssisələrinin sənəd qəbulu 5 avqust 2026-ci il tarixindən başlayaraq 20 avqust 2026-cı il tarixi də daxil olmaqla https://anket.edu.az/user/364 saytı vasitəsilə həyata keçiriləcək. Müsabiqənin keçirilmə qaydası, iştirak üçün tələb edilən sənədlər, müsabiqəyə təqdim olunacaq layihə təkliflərinə dair tələblər, layihə təkliflərinin qiymətləndirilməsi, müsabiqə qaliblərinin seçilməsi meyarları barədə məlumatları əks etdirən şərtlər toplusu ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür. Qeyd edək ki, müsabiqə çərçivəsində 2026/2027-ci tədris ili ərzində özəl məktəbəqədər təhsil müəssisələrində 8000 təhsilalanın maliyyələşdirilməsi nəzərdə tutulur. Şərtlər toplusu Elektron poçt: vdo.mektebeqeder@edu.gov.az
2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı qalibləri ilə görüş keçirilib
04/08/2026 16:10
Avqustun 4-də 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı təqaüdçüsü adını qazanan proqram iştirakçıları ilə görüş keçirilib. ADA Universitetində baş tutan görüşün məqsədi Dövlət Proqramı qaliblərini qarşıdakı təhsil mərhələsinə hazırlamaq, proqram çərçivəsində yaradılan imkanlar və müəyyən edilmiş öhdəliklər barədə məlumatlandırmaq, həmçinin iştirakçıların suallarını cavablandırmaq olub. Görüşdə iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli və Dövlət Neft Fondunun icraçı direktorunun müavini Rövşən Cavadov çıxışlarında Dövlət Proqramının ölkəmizin insan kapitalının inkişafındakı rolundan, gənclərə göstərilən etimaddan və proqram iştirakçılarından gözləntilərdən bəhs ediblər. Daha sonra çıxış edən Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramına qəbulun statistik göstəricilərini təqdim edib. O bildirib ki, təqaüdçülərin seçimi namizədlərin bilik və bacarıqları, motivasiyası, məqsədyönlülüyü və ümumi hazırlıq səviyyəsinin kompleks qiymətləndirildiyi rəqabətli seçim prosesi əsasında aparılır. Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova çıxışında gəncləri xaricdə təhsil aldıqları müddətdə beynəlxalq platformalarda ölkəmiz haqqında həqiqətlərin təbliğində fəal olmağa çağırıb, ictimai müzakirələrdə məsuliyyətli mövqe nümayiş etdirmələrinin əhəmiyyətini vurğulayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa ölkələri şöbəsinin müdir müavini Orxan Kərimov isə xaricdə yerli azərbaycanlı icmaları ilə əlaqələrin qurulmasının, ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafı haqqında düzgün məlumatların çatdırılmasının, eləcə də gənclərin ictimai təşəbbüslərdə fəal iştirakının önəmindən danışıb. Görüşdə Dövlət Proqramı məzunlarının yeni qaliblərlə təcrübə paylaşımına da yer verilib. Böyük Britaniyanın “Imperial College London” Universitetində ictimai səhiyyə ixtisası üzrə təhsil almış Aydan Poladova və Amerika Birləşmiş Ştatlarının “University of Michigan–Ann Arbor” Universitetində dövlət idarəetməsi ixtisası üzrə təhsil almış Raul Məmmədov xaricdə təhsil müddətində qazandıqları akademik və şəxsi təcrübələrini, həmçinin peşəkar inkişaf imkanları ilə bağlı fikirlərini iştirakçılarla bölüşüblər. Dövlət Proqramı İdarəetmə Qrupunun proqram iştirakçıları ilə iş üzrə mütəxəssisi Nərmin Bünyatova isə xaricdə təhsilə hazırlıq prosesi və növbəti mərhələlərə dair təqdimatla çıxış edib. Görüş çərçivəsində iştirakçılara xaricdə təhsilə hazırlıq, qarşıdakı mərhələlər və öhdəliklər, ictimai təmsilçilik, eləcə də akademik və peşəkar inkişaf imkanları barədə ətraflı məlumat və tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüşüb
04/08/2026 14:19
Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun proqramı çərçivəsində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli proqram iştirakçıları ilə görüş keçirib. Görüşdə çıxış edən Nicat Məmmədli Fondun fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və təhsil ekosisteminin inkişafına xidmət edən strateji təşəbbüslər barədə ətraflı məlumat verib. O, təhsil sahəsində innovativ yanaşmaların təşviqi, insan kapitalının inkişafı və tərəfdaşlıqların genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. Görüş zamanı təhsildə rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının tətbiqi mövzusunda fikir mübadiləsi aparılıb. Nicat Məmmədli süni intellektin tədris prosesinə inteqrasiyası, fərdiləşdirilmiş öyrənmə imkanlarının genişləndirilməsi, eləcə də gələcəyin əmək bazarında tələb olunan bacarıqların formalaşdırılmasında bu texnologiyaların rolu barədə fikirlərini iştirakçılarla bölüşüb. Görüş iştirakçıların suallarının cavablandırılması və qarşılıqlı müzakirələrlə davam edib. Qeyd edək ki, “Maarifçi” tələbə-məzun proqramının əsas məqsədi gənclərin dövlət idarəçiliyi sahəsində praktiki bilik və bacarıqlarının artırılması, onların peşəkar inkişafının dəstəklənməsi və gələcək karyera imkanlarının genişləndirilməsidir. Proqram çərçivəsində seçilmiş 53 iştirakçı Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabeli qurumlarında, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçəcəklər.
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
04/08/2026 12:22
Türkiyə-Azərbaycan Universitetinin (TAU) yeni təyin olunmuş ilk rektoru Nəcibə Nəsibova universitet kollektivinə təqdim edilib. Tədbirdə giriş nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev Türkiyə ilə Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafında Nəcibə Nəsibovanın rolunu vurğulayaraq onu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb. Türkiyə-Azərbaycan Universitetinin iki ölkənin strateji tərəfdaşlığının təhsil sahəsində ən mühüm layihələrindən biri olduğunu qeyd edən nazir müavini əlavə edib ki, universitetin Himayəçilər Şurası qarşıdakı dövr üçün ali təhsil müəssisəsinin strateji inkişafı, akademik fəaliyyətinin gücləndirilməsi və institusional potensialının artırılması istiqamətində mühüm hədəflər müəyyənləşdirib. Yeni rektor Nəcibə Nəsibova öz növbəsində universitetin akademik və inzibati heyətini salamlayaraq bildirib ki, Türkiyə-Azərbaycan Universiteti sadəcə yeni nəsil universitet modeli deyil, eyni zamanda Azərbaycan ilə Türkiyə arasında qardaşlığın, ortaq dəyərlərin təcəssümüdür.Rektor göstərilən etimada görə təşəkkürünü ifadə edərək qarşıya qoyulan hədəflərə nail olmaq üçün çalışacağını bildirib. Qeyd edək ki, Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu 2024–2025-ci tədris ilindən həyata keçirilir. Universitetdə bakalavriat səviyyəsində "Kompüter mühəndisliyi", "Qida mühəndisliyi" və "Sənaye mühəndisliyi" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. "Kompüter mühəndisliyi" ixtisası üzrə tədris Orta Doğu Texniki Universiteti, "Qida mühəndisliyi" üzrə Hacettepe Universiteti, "Sənaye mühəndisliyi" üzrə isə İstanbul Texniki Universitetinin professor-müəllim heyəti tərəfindən həyata keçirilir. Azərbaycan tərəfdən tərəfdaş universitet qismində Azərbaycan Texniki Universiteti prosesdə iştirak edir. Universitetdə təhsil yalnız dövlət sifarişi əsasında və ingilis dilində aparılır. Hazırda 174 tələbənin təhsil aldığı universitetə bu il üç ixtisas üzrə ümumilikdə 120 plan yeri ayrılıb. Onlardan 60 yer "Kompüter mühəndisliyi", 30 yer "Sənaye mühəndisliyi", 30 yer isə "Qida mühəndisliyi" ixtisası üçün nəzərdə tutulub.
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
03/08/2026 17:54
Elm və təhsil naziri Emin Əmrullayev avqustun 28-də Xankəndi şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Xankəndi, Xocalı və Ağdərə sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 14 avqust (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
Vətəndaş müraciətlərinin statistikası
03/08/2026 17:50
İyulun 15-dən 31-dək Elm və Təhsil Nazirliyi və tabeliyində olan qurumlara ümumilikdə 53 780 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 9 447-si elektron qaydada, 2 360-ı yazılı formada, 34 923-ü çağrı mərkəzləri vasitəsilə qəbul edilib. Bundan əlavə, 7 050 müraciət vətəndaş qəbulu zamanı qeydə alınıb. Daxil olan müraciətlər əsasən müəllimlərin işə qəbulu, peşə təhsili müəssisələrinə tələbə qəbulu, tələbələrin köçürülməsi prosesi, məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat və digər məsələlərlə bağlı olub.
Bakı Qızlar Universiteti ilə bağlı aidiyyəti tədbirlərin icrasına başlanılıb
03/08/2026 17:02
Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılması ilə əlaqədar sözügedən ali təhsil müəssisəsinin tələbələri ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb. Qeyd edək ki, universitetin təhsil fəaliyyətinin dayandırılması nəzərə alınaraq, 2026/2027-ci tədris ili üzrə Bakı Qızlar Universitetinə ali təhsilin həm bakalavriat, həm də magistratura səviyyələri üzrə tələbə qəbulu yerləri müəyyən edilməyib. Universitetdə təhsil alan 1568 tələbədən 1513-ü ali təhsilin bakalavriat səviyyəsində 11 ixtisas, 55-i isə magistratura səviyyəsində 2 ixtisas üzrə təhsilini davam etdirir. Bu tələbələrin Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş qəbul imtahanlarında topladıqları bal, təhsil aldıqları ixtisas, təhsil səviyyəsi, təhsilalma forması, tədris ili, təhsil dili, dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almaları, habelə digər zəruri meyarlar nəzərə alınmaqla təhsillərinin Bakıda yerləşən digər özəl ali təhsil müəssisələrində davam etdirilməsi məqsədilə köçürülməsi nəzərdə tutulub. Bununla yanaşı, akademik məzuniyyətdə olan, təhsilini müvəqqəti dayandırmış, eləcə də müxtəlif əsaslarla ali təhsil müəssisəsindən xaric edilmiş şəxslər barədə məlumatlar dəqiqləşdiriləcək və onların sonrakı təhsil hüquqlarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin edilməsi istiqamətində müvafiq tədbirlər görüləcək. Nəzərinizə çatdırırıq ki, Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması bu ali təhsil müəssisəsi tərəfindən əvvəllər verilmiş təhsil haqqında dövlət sənədlərinin (diplomların, arayışların) hüquqi qüvvəsinə heç bir təsir göstərmir. Universitet məzunlarının təhsil haqqında dövlət sənədləri etibarlı və tanınmış olaraq qalır. Cari tədris ilində Bakı Qızlar Universitetini bitirən məzunlara qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil haqqında dövlət sənədləri təqdim olunacaq. Bildiririk ki, Bakı Qızlar Universitetində 110 nəfərdən çox şəxs pedaqoji fəaliyyətə cəlb olunub. Tədrisə cəlb olunan şəxslərin yarısından çoxunun elmi dərəcəsi yoxdur. Eyni zamanda, onların əksəriyyətinin əsas iş yeri digər ali təhsil müəssisələridir. Bu səbəbdən universitetin təhsil fəaliyyətinin dayandırılması həmin şəxslərin əsas iş yerlərinin itirilməsi ilə nəticələnməyəcək. Universitetin ştatında çalışan əməkdaşlar isə digər təhsil müəssisələrində mövcud vakant vəzifələr üzrə müraciət edə bilərlər. Elm və Təhsil Nazirliyi də öz növbəsində məsələ ilə bağlı müvafiq ali təhsil müəssisələrinə tövsiyə verəcək. Qeyd edək ki, bütün proses ərzində tələbələrin təhsilinin davamlılığının təmin edilməsi ilə bağlı həyata keçirilən tədbirlərin icrası barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılır
03/08/2026 16:30
5 avqust saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılır. Bu mərhələdə ilkin olaraq vakant yer seçmək imkanı test imtahanında minimum keçid balını toplamış şəhid ailəsi üzvlərinə təqdim edilir. Namizədlər elektron ərizə formalarında ən çoxu 8 vakant yer seçmək hüququna malikdirlər. Seçilmiş vakant vəzifələrə yerləşdirilmə namizədin göstərdiyi ardıcıllıq nəzərə alınmaqla həyata keçirilir. Nəzərinizə çatdırırıq ki, vakant yer tutduqdan sonra ondan imtina edən namizədlərin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin olunmayacaq. Növbəti mərhələlərdə faktiki yaşayış yerinə uyğun olaraq həvəsləndirmə tədbirləri tətbiq edilən ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi, eləcə də ümumi vakansiya seçimi turu keçiriləcək. Sözügedən mərhələlərin keçirilmə tarixləri barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək. Qeyd edək ki, şəhid ailəsi üzvləri üçün vakansiya seçimi prosesi 6 avqust saat 11:00-dək davam edəcək.
Filter
Elanlar
-
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Süni intellekt və kibertəhlükəsizlik sahəsində inkişafın sürətləndirilməsi üzrə qrant müsabiqəsi elan edilir
20.10.2026 - 12:37 -
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40
Zəfərlə ucalan bayrağımız daim zirvələrdə dalğalansın! ?? #Azərbaycan #ElmVəTəhsilNazirliyi #8Noyabr #ZəfərGünü
Ətraflı8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə təhsil müəssisələrində keçirilən tədbirlərdən fotolent #Azərbaycan #ElmVəTəhsilNazirliyi #8Noyabr #ZəfərGünü #Fotolent
ƏtraflıPrezident İlham Əliyev noyabrın 7-də Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib. Ətraflı: https://president.az/az/articles/view/74584 #Azərbaycan #PrezidentAz #QarabağUniversiteti #BöyükQayıdış
Ətraflı