Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi “mygov” üzərindən həyata keçiriləcək
03/08/2026 14:41
Magistratura səviyyəsinə qəbul olan bakalavrlar təhsil alacaqları ali təhsil müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirəcəklər. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Xidmət sayəsində qəbul olunan bakalavrlar qeydiyyat prosesini rəqəmsal formada, bir neçə addımda tamamlaya biləcəklər. Qeydiyyat 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək davam edəcək. Magistraturaya qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər. Qeydiyyat zamanı bakalavrlar şəxsi və qəbul məlumatlarını təsdiqləyir, tələb olunan məlumatları daxil edərək müraciətlərini göndərirlər. Bakalavrlar müraciətlərinin statusunu “mygov” platformasındakı şəxsi kabinetləri vasitəsilə real vaxt rejimində izləyə bilərlər. Müraciət “Ödəniş gözlənilir” statusunda olduqda təhsil haqqını “Onlayn ödə” funksiyası ilə ödəmək və ya “Qəbzi yüklə” seçimi vasitəsilə ödənişi təsdiq edən sənədi sistemə əlavə etmək mümkündür. Qeydiyyat müraciəti təhsil müəssisəsi tərəfindən yoxlanılıb təsdiqləndikdən sonra proses tamamlanmış hesab olunur və bakalavr magistr tələbəsi kimi rəsmiləşdirilir. Qeydiyyatın təsdiqlənməsi barədə vətəndaşa “mygov” platforması üzərindən bildiriş göndərilir.
Nazir müavini Həsən Həsənli Ağdaş rayonuna səfər edib
31/07/2026 16:50
İyulun 31-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Ağdaş rayonuna səfər edib. Səfər çərçivəsində nazir müavini Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə ilə birlikdə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra Həsən Həsənli vətəndaşların qəbulunu keçirib. Qəbula yazılmış vətəndaşları dinləyən nazir müavini müraciətlərin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib. Səfər çərçivəsində nazir müavini Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları ilə görüşüb. Görüşdə regionda təhsilin inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr, təhsil müəssisələrinin idarə olunması, tədrisin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həsən Həsənli əməkdaşların təklif və fikirlərini dinləyərək fəaliyyətin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq tövsiyələrini çatdırıb. Nazir müavini M.Şeyxzadə adına internat tipli təbiət fənləri təmayüllü gimnaziyada aparılan təmir işləri ilə də tanış olub, görülən işlərin gedişi barədə məlumat verilib. Daha sonra təhsil müəssisəsində fəaliyyət göstərən STEAM otaqlarına baxış keçirilib, burada yaradılmış müasir tədris mühiti, şagirdlərin praktiki bacarıqlarının inkişafına xidmət edən imkanlar və tədris prosesində tətbiq olunan innovativ yanaşmalarla tanışlıq olub. Təhsil infrastrukturunun müasirləşdirilməsi və keyfiyyətli təhsil mühitinin təmin olunması istiqamətində həyata keçirilən işlərin əhəmiyyəti vurğulanıb.
Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb
30/07/2026 17:25
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, akkreditasiya təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyən edilməsini təsdiq edən prosedurdur və hər 5 ildən bir həyata keçirilir. 10 iyul 2026-cı il tarixində keçirilmiş Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə müvafiq Akkreditasiya Komissiyaları tərəfindən hazırlanmış institusional və proqram akkreditasiyası üzrə yekun qiymətləndirmə hesabatları müzakirə edilib. Aparılmış müzakirələrin və səsvermənin nəticələrinə əsasən, ali təhsil müəssisəsinin institusional və proqram akkreditasiyası üzrə yekun nəticə "uyğun deyil" olaraq qiymətləndirilib və Bakı Qızlar Universitetinin akkreditasiya olunmuş hesab edilməməsi barədə qərar qəbul edilib. Qərar universitetdə aparılmış qiymətləndirmə zamanı ali təhsil müəssisəsinin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən, dövlət təhsil standartlarının, normativ hüquqi aktların və keyfiyyət təminatı tələblərinin yerinə yetirilməsində ciddi uyğunsuzluqların müəyyən edilməsi əsasında qəbul olunub. Akkreditasiya Şurasının qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın 4.37-ci bəndi nəzərə alınaraq, Elm və Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisəsinin təhsil fəaliyyətinin icrasının dayandırılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosedurlara başlanılıb. Bununla əlaqədar olaraq, qiymətləndirmə zamanı aşkar edilmiş uyğunsuzluqların xarakteri və miqyası, onların ali təhsil müəssisəsinin fəaliyyətinin əsas istiqamətlərinə təsiri, habelə qısa müddətdə aradan qaldırılmasının mümkünlüyünü təsdiq edən əsaslı sübutların olmadığı nəzərə alınaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, təhsil müəssisəsinə verilmiş lisenziyanın dayandırılması və ya ləğv edilməsi məsələsinə baxılması üçün lisenziya verən səlahiyyətli orqana müvafiq təqdimat göndərilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 30 iyul 2026-cı il tarixli 92 nömrəli Sərəncamı ilə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Bakı Qızlar Universitetinə verilmiş 2018-ci il 11 sentyabr tarixli EL-358/2018 nömrəli lisenziyanı ləğv edib. Göstərilənlər nəzərə alınaraq, Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın 4.37-ci bəndi nəzərə alınaraq, Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürülməsi təmin ediləcək. Elm və Təhsil Nazirliyi bir daha bildirir ki, akkreditasiya prosesinin əsas məqsədi ali təhsildə keyfiyyətin təmin edilməsi, tələbələrin hüquqlarının qorunması və ali təhsil müəssisələrinin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkil olunmasının təmin edilməsidir.
Nazir müavini Həsən Həsənlinin Ağdaşdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
27/07/2026 12:33
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin Ağdaş şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu iyulun 31-də keçiriləcək. Qəbulda Ağdaş rayon sakinlərinin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.
Tələbə futzal komandamızdan Avropa Universitet Oyunlarında uğurlu nəticə
25/07/2026 11:34
15–25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində keçirilən və Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan Avropa Universitet Oyunlarında ölkəmiz stolüstü tennis və futzal üzrə təmsil olunub. Futzal yarışlarında ölkəmizi Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünün qalibi Azərbaycan İdman Akademiyasının komandası təmsil edib. Komandamız yarış ərzində güclü İspaniya, Norveç, Portuqaliya komandalarını məğlub edərək final mərhələsinə yüksəlib və turniri ikinci yerdə başa vurub. Yarışın yekununda komandamızın üzvü Ədalət Ələkbərov turnirin simvolik ən yaxşı beşliyinə seçilib. Qeyd edək ki, Azərbaycan İdman Akademiyasının komandası Avropa Universitet İdmanı Assosiasiyasının (EUSA) təşkil etdiyi yarışlarda ötən il Avropa çempionu adına layiq görülüb. Bu il isə ardıcıl ikinci dəfə finala yüksələrək turniri ikinci yerdə başa vurub və ölkəmizi uğurla təmsil edib. Azərbaycan İdman Akademiyasının komandasının Avropa Universitet Oyunlarında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə təmin olunub.
Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edib
24/07/2026 16:17
İyulun 24-də elm və təhsil naziri Emin Əmrullayev Saatlı şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Saatlı, Sabirabad və İmişli sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
Qəbələdə qida emalı üzrə müasir tədris-istehsalat emalatxanasının təqdimatı keçirilib
24/07/2026 15:48
İyulun 24-də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qida emalı və qida məhsullarının qurudulması üzrə müasir tədris-istehsalat emalatxanasının açılışı olub. Tədbirdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Peşə Təhsilinin İnkişafı Fondunun direktoru İdris Musayev, tərəfdaş təşkilatların təmsilçiləri, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və tələbələr iştirak ediblər. Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli peşə təhsilinin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. Aparat rəhbəri vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, qarşıdakı illərdə 21 yeni peşə təhsili müəssisəsi tikiləcək, 2 müəssisə isə əsaslı təmir olunacaq. Bununla yanaşı, peşə təhsilinin beynəlxalq əməkdaşlıq imkanları da genişləndirilir. Azərbaycan və Türkiyə arasında bu sahədə əməkdaşlıq çərçivəsində ölkəmizdə iki peşə təhsili müəssisəsi yaradılacaq. Mətin Kərimli bildirib ki, həyata keçirilən bu layihələr peşə təhsilinin əlçatanlığının və keyfiyyətinin artırılmasına, ölkədə məşğulluğun yüksəldilməsinə, əmək bazarının tələblərinə uyğun insan kapitalının formalaşdırılmasına və sosial-iqtisadi inkişafa mühüm töhfə verir. O əlavə edib ki, yeni istifadəyə verilən tədris-istehsalat emalatxanası da təhsillə istehsal arasında əlaqələrin gücləndirilməsi, regionlarda yerli istehsalın inkişafı və gənclərin məşğulluq imkanlarının genişlənməsi baxımından əhəmiyyətli rol oynayacaq. Belə bir emalatxananın açılması həm də o deməkdir ki, peşə təhsili ilə özəl sahə, işəgötürənlər arasında sıx əlaqələr mövcuddur. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı isə çıxışında peşə təhsilində sahibkarlıq düşüncə tərzinin formalaşdırılmasının və biznes ideyalarının dəstəklənməsinin prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. O, Qəbələ və Bərdə Dövlət Peşə Təhsil mərkəzlərində qida emalı və qida məhsullarının qurudulması üzrə müasir tədris-istehsalat emalatxanalarının Peşə Təhsilinin İnkişafı Fondunun dəstəyi ilə yaradıldığını vurğulayıb. Layihə tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsinə və əmək bazarının tələblərinə uyğun peşəkar kadr hazırlığına xidmət edir. Peşə Təhsilinin İnkişafı Fondunun direktoru İdris Musayev çıxışı zamanı qeyd edib ki, fond bundan sonra da peşə təhsilinin inkişafına, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə və əmək bazarının tələblərinə uyğun innovativ layihələrin həyata keçirilməsinə dəstəyini davam etdirəcək. “Veysəloğlu” şirkətlər qrupunda Korporativ kommunikasiyalar departamentinin rəhbəri Sənubər Nəzərova çıxışında bildirib ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılan 642 kvadratmetrlik müasir qida emalı texnologiyaları tədris-istehsalat sahəsi tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirməsinə imkan yaradacaq. O qeyd edib ki, sahə qida məhsullarının yuyulması, emalı, qurudulması və saxlanılması proseslərinin müasir avadanlıqlar vasitəsilə öyrədilməsi üçün qurulub və eyni vaxtda 20 tələbənin praktiki təlim keçməsi üçün nəzərdə tutulub. Sonda iştirakçılar emalatxana və laboratoriyalarla tanış olub, qida məhsullarının emalı və qurudulması prosesini izləyiblər. Tədbir çərçivəsində hazırlanmış məhsullar nümayiş etdirilib və iştirakçılara təqdim olunub, həmçinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ rayonu üzrə təhsil sektorunun fəaliyyəti ilə tanışlıq olub. Qeyd edək ki, 2025-2026-cı tədris ilində peşə təhsili müəssisələrinə 27 021 nəfər qəbul olunub. Artan tələbat nəzərə alınaraq, 2026-2027-ci tədris ili üzrə qəbul planı 33 120 yer müəyyən edilib.
Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olunub
24/07/2026 14:56
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026–2027-ci tədris ili üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrinə qəbulun nəticələri müəyyən olunub. Müsabiqənin nəticələrinə əsasən, namizədlər müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq, Dövlət Proqramına qəbul olunub və proqram iştirakçısı adını qazanıblar. Belə ki, 2026–2027-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 353 magistratura və 22 doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində proqram iştirakçısı seçilən 500 nəfərdən 155 nəfəri dünyanın ən nüfuzlu 10 universiteti sırasında yer alan ali təhsil müəssisələrində təhsil alacaqlar. Bu təhsil müəssisələri sırasına "Stanford University", "Massachusetts Institute of Technology", "National University of Singapore", "University of Oxford", "University of California, Berkeley", "ETH Zurich", "Harvard University", "Yale University" kimi dünyanın ən nüfuzlu universitetləri daxildir. Təqaüdçülərin tam siyahısı ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür.
Komandamız Avropa Universitet Oyunlarının final mərhələsinə yüksəlib
24/07/2026 11:08
15–25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində keçirilən və Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan universiadada ölkəmiz stolüstü tennis və futzal üzrə təmsil olunur. Futzal yarışlarında ölkəmizi Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünün qalibi Azərbaycan İdman Akademiyasının komandası təmsil edir. Komandamız turnirin yarımfinal mərhələsində İspaniya komandası ilə əsas vaxtı 3:3 hesabla başa çatan qarşılaşmada penaltilər seriyasında qalib gələrək yarışın finalına vəsiqə qazanıb. Qeyd edək ki, Azərbaycan İdman Akademiyasının komandasının Avropa Universitet Oyunlarında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə təmin olunub. Komandamıza finalda uğurlar arzulayırıq.
Elm və təhsil nazirinin müavini Pakistanın dövlət naziri ilə görüşüb
23/07/2026 19:19
İyulun 23-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Pakistan İslam Respublikasının federal təhsil və peşə hazırlığı dövlət naziri Vaciha Qəmər ilə görüş keçirib. Görüşdə Azərbaycan ilə Pakistan arasında elm və təhsil sahəsində mövcud əlaqələr, bu istiqamətdə həyata keçirilən birgə fəaliyyətlər və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Filter
Elanlar
-
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Süni intellekt və kibertəhlükəsizlik sahəsində inkişafın sürətləndirilməsi üzrə qrant müsabiqəsi elan edilir
20.10.2026 - 12:37 -
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40
Zəfərlə ucalan bayrağımız daim zirvələrdə dalğalansın! ?? #Azərbaycan #ElmVəTəhsilNazirliyi #8Noyabr #ZəfərGünü
Ətraflı8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə təhsil müəssisələrində keçirilən tədbirlərdən fotolent #Azərbaycan #ElmVəTəhsilNazirliyi #8Noyabr #ZəfərGünü #Fotolent
ƏtraflıPrezident İlham Əliyev noyabrın 7-də Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib. Ətraflı: https://president.az/az/articles/view/74584 #Azərbaycan #PrezidentAz #QarabağUniversiteti #BöyükQayıdış
Ətraflı