Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı qalibləri ilə görüş keçirilib

Avqustun 4-də 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı təqaüdçüsü adını qazanan proqram iştirakçıları ilə görüş keçirilib.

 

ADA Universitetində baş tutan görüşün məqsədi Dövlət Proqramı qaliblərini qarşıdakı təhsil mərhələsinə hazırlamaq, proqram çərçivəsində yaradılan imkanlar və müəyyən edilmiş öhdəliklər barədə məlumatlandırmaq, həmçinin iştirakçıların suallarını cavablandırmaq olub.

 

Görüşdə iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli və Dövlət Neft Fondunun icraçı direktorunun müavini Rövşən Cavadov çıxışlarında Dövlət Proqramının ölkəmizin insan kapitalının inkişafındakı rolundan, gənclərə göstərilən etimaddan və proqram iştirakçılarından gözləntilərdən bəhs ediblər.

 

Daha sonra çıxış edən Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramına qəbulun statistik göstəricilərini təqdim edib. O bildirib ki, təqaüdçülərin seçimi namizədlərin bilik və bacarıqları, motivasiyası, məqsədyönlülüyü və ümumi hazırlıq səviyyəsinin kompleks qiymətləndirildiyi rəqabətli seçim prosesi əsasında aparılır.

 

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova çıxışında gəncləri xaricdə təhsil aldıqları müddətdə beynəlxalq platformalarda ölkəmiz haqqında həqiqətlərin təbliğində fəal olmağa çağırıb, ictimai müzakirələrdə məsuliyyətli mövqe nümayiş etdirmələrinin əhəmiyyətini vurğulayıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa ölkələri şöbəsinin müdir müavini Orxan Kərimov isə xaricdə yerli azərbaycanlı icmaları ilə əlaqələrin qurulmasının, ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafı haqqında düzgün məlumatların çatdırılmasının, eləcə də gənclərin ictimai təşəbbüslərdə fəal iştirakının önəmindən danışıb.

 

Görüşdə Dövlət Proqramı məzunlarının yeni qaliblərlə təcrübə paylaşımına da yer verilib. Böyük Britaniyanın “Imperial College London” Universitetində ictimai səhiyyə ixtisası üzrə təhsil almış Aydan Poladova və Amerika Birləşmiş Ştatlarının “University of Michigan–Ann Arbor” Universitetində dövlət idarəetməsi ixtisası üzrə təhsil almış Raul Məmmədov xaricdə təhsil müddətində qazandıqları akademik və şəxsi təcrübələrini, həmçinin peşəkar inkişaf imkanları ilə bağlı fikirlərini iştirakçılarla bölüşüblər.

 

Dövlət Proqramı İdarəetmə Qrupunun proqram iştirakçıları ilə iş üzrə mütəxəssisi Nərmin Bünyatova isə xaricdə təhsilə hazırlıq prosesi və növbəti mərhələlərə dair təqdimatla çıxış edib.

 

Görüş çərçivəsində iştirakçılara xaricdə təhsilə hazırlıq, qarşıdakı mərhələlər və öhdəliklər, ictimai təmsilçilik, eləcə də akademik və peşəkar inkişaf imkanları barədə ətraflı məlumat və tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.


04.08.2026 - 16:10