Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyulun 16-dan məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatına başlanılır

İyulun 16-da məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatına başlanacaq.   Uşaqların təhsil müəssisəsinə növbəyə yazılma prosesi regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikası üzrə 19 iyul, Bakı şəhəri üzrə isə 26 iyul tarixindən baş tutacaq.   Təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra cari ilin sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər. Boş yerlərə qəbul il ərzində aparılır. Dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır.   Qeyd edək ki, 16 may 2024-cü il tarixindən etibarən elektron sistem üzrə növbələrin yaradılması müvəqqəti olaraq məhdudlaşdırılıb. Hər hansı səbəbdən elektron sistemdə qeydiyyatı şəxsən aparmaq imkanı olmayan valideynlər əvvəlcədən müəyyən edilmiş “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Azərbaycanı təmsil edən komanda 5-ci Avropa Universitet Oyunlarında iştirak edir

8 – 18 iyul tarixlərində Macarıstanın Debrecen şəhərində tələbələr arasında futzal üzrə 5-ci Avropa Universitet Oyunları keçirilir.    Sözügedən oyunlarda ölkəmizi ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən futzal üzrə Azərbaycan Tələbə Liqasının qalibi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası təmsil edir.    Qeyd edək ki, yarışa hazırlıq məqsədilə 3 iyun – 5 iyul tarixlərində təlim-məşq toplanışı keçirilib. Hazırlıq çərçivəsində həmçinin elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanovla görüş təşkil olunub.   Ölkəmizi təmsil edən komanda iyulun 7-də Macarıstana yola düşüb.

Elm və təhsil naziri Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

İyulun 8-də elm və təhsil naziri Emin Əmrullayev Ukrayna Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyev ilə görüşüb.   Görüş zamanı 2 ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib.

AzTU-ya qəbul olan şəxslər sənədlərini elektron formada təqdim edəcəklər

Cari ildən Azərbaycan Texniki Universitetinə (AzTU) qəbul olan şəxslərdən kağız daşıyıcıda sənəd tələb olunmayacaq.    Müvafiq qərar “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətinin portal.edu.az platforması üzərindən həyata keçirildiyi və lazımi məlumatların elektron qaydada təmin edildiyi əsas götürülərək qəbul olunub.   Atılan addım ölkədə rəqəmsal hökumət quruculuğu və rəqəmsal transformasiyanın inkişafı baxımından kağız israfının qarşısının alınması, həmçinin şəffaflığın təmin olunması üçün əhəmiyyətlidir.   Artıq 3 ildir, ali təhsil müəssisələrinə qəbul olan şəxslər sənədlərini elektron formada, www.portal.edu.az xidməti vasitəsilə təqdim edirlər. Müraciətlərin elektronlaşdırılması nəticəsində təhsil müəssisəsinə getmədən müvafiq qəbul xətti üzrə, həmçinin sosial güzəştlə bağlı məlumatların təqdim olunması və təhsil haqqının banka getmədən ödənilməsi mümkündür.

BMU–İNHA ikili diplom proqramının ilk “Məzun günü” tədbiri keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının ilk “Məzun günü” tədbiri keçirilib.   Tədbirdə Elm və Təhsil Nazirliyinin rəsmiləri, Koreyanın ölkəmizdəki səfirliyi, həmçinin KOICA-nın əməkdaşları, hər iki universitetin rektorları, professor-müəllim heyəti, eləcə də məzunlar iştirak ediblər.   Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini İdris İsayev ölkəmizdə təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Nazir müavini bildirib ki, dövlət proqramları təhsilini xaricdə davam etdirmək istəyən şəxslər üçün geniş imkanlar yaradır. İdris İsayev məzunların qazandıqları bilik və bacarıqların gələcək əmək fəaliyyətlərində onlara böyük fayda verəcəyini qeyd edib.     BMU-nun rektoru Yaqub Piriyev çıxışında ikili diplom proqramından məzun olan tələbələri təbrik edib və bildirib ki, müxtəlif proqramlar çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil alan gənclərin böyük əksəriyyəti geri qayıdaraq ölkəmizin inkişafına töhfə verir. Yaqub Piriyev hazırda proqram çərçivəsində 385 tələbənin təhsil aldığını və artıq 61 nəfərin məzun olduğunu söyləyib.    İNHA Universitetinin rektoru Cho Myeong Voo isə BMU–İNHA ikili diplom proqramı məzunlarının 10%-nə bu universitetin magistratura səviyyəsinə qəbul olunduqları təqdirdə tam təqaüd ayrılacağını və istedadlı tələbələrin inkişafı üçün dəstək göstəriləcəyini bildirib.     Tədbirin sonunda isə məzun olmuş ixtisas birincilərinə fəxri diplomlar təqdim edilib.

Ali təhsil müəssisələrinin rəhbər heyəti və məsul şəxsləri üçün təlim keçirilib

İyulun 5-də Bakı Dövlət Universitetində Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsi tərəfindən “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydaları” ilə bağlı təlim keçirilib.   Təlimin keçirilməsində məqsəd ali təhsil müəssisələrinin rəhbər heyəti və məsul şəxslərini yeni qəbul olunmuş qaydalarla tanış etməkdir.   Təlimdə Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman şöbənin fəaliyyət istiqamətləri, həmçinin Elm və Təhsil Nazirliyinin Kollegiyasının Qərarına dair ümumi müddəalar barədə məlumat verib.   Daha sonra Elm və ali təhsil siyasəti şöbəsinin müdir müavini Nərgiz Qaraxanova sözügedən qaydalarla bağlı təlimatları diqqətə çatdırıb.   Yekunda isə təlim iştirakçılarının sualları cavablandırılıb.    Qeyd edək ki, Elm və ali təhsil siyasəti şöbəsi tərəfindən sözügedən qaydalarla bağlı mütəmadi olaraq təlimlər keçiriləcək.

Məktəblilər arasında keçirilən beynəlxalq və respublika yarışlarına yekun vurulub

İyulun 6-da Qəbələ şəhərində “Gənc xilasedici” X beynəlxalq, eləcə də “Gənc xilasedici və yanğınsöndürən” XI respublika yarışları qaliblərinin mükafatlandırılması mərasimi olub. Yarışlar Elm və Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.   Mükafatlandırma mərasimində təşkilatçı qurumlar və Qəbələ Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Vətən müharibəsi şəhidlərinin övladları, həmçinin ailə üzvləri iştirak ediblər.   Respublika yarışının final mərhələsində 18 komanda, beynəlxalq yarışda isə Azərbaycanla yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Gürcüstan və Özbəkistan komandaları iştirak ediblər.   Beynəlxalq yarışda birinci yeri Rusiya, ikinci yeri Azərbaycan, üçüncü yeri Belarus komandaları tutublar. Respublika birinciliyində ilk yerə Bakı şəhəri 53 nömrəli tam orta məktəb, ikinci yerə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi, üçüncü yerə isə Gəncə şəhəri 14 nömrəli tam orta məktəbin komandası layiq görülüb.   Qalib komandalara təşkilatçılar tərəfindən kubok, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.   Qeyd edək ki, yarışların keçirilməsində məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsini yüksəltmək, məktəblilərə sağlam həyat tərzini, fərdi və ictimai təhlükəsizliyə məsuliyyətlə yanaşma hissini aşılamaq, həmçinin müxtəlif ölkələrin gənc xilasediciləri arasında dostluq, əməkdaşlıq əlaqələrini formalaşdırmaq olub.

Respublika Fənn Olimpiadalarının qaliblərinə mükafatlar təqdim olunub

İyulun 5-də Bakı Konqres Mərkəzində Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.    Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, millət vəkilləri, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, nazirlik yanında İctimai Şuranın üzvləri, təhsil ekspertləri, şagird və valideynlər, eləcə də digər qonaqlar iştirak ediblər.    Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.    Sonra Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev Respublika Fənn Olimpiadaları barədə təqdimatla çıxış edib. Olimpiadaların məqsədindən söz açan Fuad Qarayev bildirib ki, şagirdlər arasında iştiraka maraq bu il daha da artıb.    Məktəblilərimizin beynəlxalq olimpiadalardakı uğurlarına toxunan Fuad Qarayev qeyd edib ki, şagirdlərimiz 2014–2024-cü illər ərzində bu yarışlardan 470 medal qazanıblar.    Direktor müavini qeyd edib ki, bu il 8 fənn və 2 yaş qrupu üzrə keçirilən fənn olimpiadalarında  244 nəfər bürünc, 163 nəfər gümüş, 84 nəfər isə qızıl medal qazanıb.    Daha sonra elm və təhsil naziri Emin Əmrullayev olimpiada qaliblərini bu qürurverici uğur münasibətilə təbrik edib. Nazir bildirib ki, sözügedən olimpiadanın qalibi olmaq gələcəkdə həmin məktəblilərə düzgün qərar verməkdə köməklik edəcək. Nazirin sözlərinə görə, olimpiada qalibi olmaq çətin olsa da, şagirdlərimiz üçün gələcəyə açılan bir qapıdır.    Şagirdlərin uğurlarında əməyi keçən müəllimlərinə və münsiflər heyətinə xüsusi təşəkkürünü bildirən Emin Əmrullayev olimpiada qaliblərini bir daha təbrik edib və onlara uğurlar arzulayıb.    Ardınca Respublika Fənn Olimpiadalarında ən yüksək nəticə göstərmiş 8 qızılmedalçıya – “Birincilərin birincisi”nə və bütün qaliblərə diplom, həmçinin mükafatlar təqdim olunub.  Daha sonra Respublika Fənn Olimpiadaları barədə videoçarx nümayiş etdirilib.   Tədbir çərçivəsində musiqi nömrələri də səsləndirilib.   Qeyd edək ki, Respublika Fənn Olimpiadaları Kapital Bankın dəstəyi ilə həyata keçirilir. Təltif fotoları

2023–2024-cü tədris ili rəqəmlərdə

Məktəbəqədər və ümumi təhsil   137 862 uşaq birinci sinfə gedib Ölkə üzrə I siniflərdə 137 862 uşaq təhsil alıb.   87 569 uşaq məktəbəhazırlığa cəlb edilib 5 069 məktəbəhazırlıq qrupuna 87 569 uşaq cəlb olunub.   İcmaəsaslı məktəbəqədər təhsil qrupları Ölkə üzrə 55 rayon və şəhərdə təşkil edilən 939 icmaəsaslı məktəbəqədər təhsil qrupunda 16 350 nəfər 3-4 yaşlı uşaq təhsilə cəlb olunub.   Məktəbəqədər təhsil 65 185 uşaq elektron qaydada məktəbəqədər təhsil müəssisələrinə qəbul edilib.   Ümumi təhsil müəssisələrinin internetə çıxışı  Ölkə üzrə 4 305 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) və internetə çıxışla təmin edilib. Bunlardan 1 824-ü fiber-optik, 1 711-i simsiz və 780-i ADSL rabitə kanalı vasitəsilə çıxışla təmin olunub.    Elektron təhsil resurslarının sayı artırılıb 2023–2024-cü tədris ilində  www.video.edu.az portalında müxtəlif fənlər üzrə resursların sayı 19 531-ə çatıb.     "Rəqəmsal bacarıqlar" layihəsi 2023–2024-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 53 region üzrə 532 məktəbdə 410 000-dən çox şagirdi əhatə edib.   2023–2024-cü tədris ilindən 28 məktəbdə rəqəmsal bacarıqlar təmayüllü siniflər yaradılıb. Sözügedən siniflərdə 950-dən çox şagird təhsil alıb və onlara həftədə 5 saat informatika fənni tədris edilib. STEAM 2023–2024-cü tədris ilində STEAM layihəsi 400 ümumtəhsil məktəbini və 25 STEAM mərkəzini əhatə edib. Ümumilikdə 180 000 şagird STEAM təhsilinə cəlb olunub.  Layihə çərçivəsində ölkədaxili yarış və müsabiqələrlə yanaşı, “Heydər Əliyev İli”nə həsr olunmuş 10 ölkənin qatıldığı Beynəlxalq STEAM Azərbaycan Festivalı təşkil edilib.  “Yaşıl həyat” layihəsinin icrasına start verilib. Layihəyə 450 şagird və 33 mentor olmaqla 483 iştirakçı cəlb edilib. Bununla yanaşı, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkə üzrə 10-17 yaşlı məktəblilər üçün “ECOTHON” müsabiqəsi həyata keçirilib.   Peşə təmayüllü siniflər 2023–2024-cü tədris ilində peşə təmayüllü siniflər 116 yeni məktəbdə fəaliyyətə başlamaqla sayını ölkə üzrə 196 məktəbdə 232 sinfə çatdırıb. Peşə təmayüllü siniflər 12 peşə ixtisası üzrə 4 296 şagirdi əhatə edib.  2023–2024-cü tədris ilində 132 nəfər qrup rəhbəri, 13 nəfər qrup rəhbərinin köməkçisi, 281 nəfər peşə ixtisası müəllimi əməkdaşlığa cəlb edilib. Layihə çərçivəsində fəaliyyət göstərən əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədilə 10 mövzu üzrə 688 nəfəri əhatə edən təlimlər təşkil olunub. 2023–2024-cü tədris ilində peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin iştirakı ilə 684 təcrübə səfəri, 324 layihə, 268 sərgi-satış yarmarkası təşkil edilib.    Beynəlxalq fənn olimpiadalarında yüksək nəticə Azərbaycan məktəbliləri müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak edərək 1 qızıl, 7 gümüş, 15 bürünc və 7 həvəsləndirici mükafat olmaqla ümumilikdə 30 medal qazanıblar.   Uşaq və gənclərin inkişafı istiqamətində məktəbdənkənar və dərsdənkənar fəaliyyət  Şagird və tələbələrin iştirakı ilə 2023–2024-cü tədris ilində 2 beynəlxalq tədbir, 4 intellektual oyun və bilik yarışı, 4 respublika müsabiqəsi və sərgi festivalı, 4 bədii konsert proqramı, 2 ekskursiya layihəsi, 1 ağacəkmə aksiyası, həmçinin müxtəlif mövzulara həsr edilmiş aylıqlar, fləşmoblar, teatr tamaşaları, respublika yarışları, məktəblilər arasında respublika çempionatı və idman üzrə respublika turnirləri təşkil edilib. Sözügedən tədbirlərə 135 000-dən çox iştirakçı cəlb olunub. Bununla yanaşı, respublikanın ümumi təhsil müəssisələrində keçirilmiş idman həftəsində 1 000 000-a yaxın məktəblinin iştirakı təmin olunub.  2023–2024-cü tədris ilində uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri respublika yarışlarında 138 qızıl, 154 gümüş, 199 bürünc, beynəlxalq yarışlarda isə 111 qızıl, 87 gümüş, 94 bürünc olmaqla ümumilikdə 783 medal qazanıblar.    Müəllimlərin işə qəbulu üzrə müsabiqə Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə nəticələrinə əsasən, 4 368 nəfər müddətsiz müqavilə ilə işlə təmin olunub. Ümumilikdə 10 000-dən artıq vakant yer MİQ üzrə müsabiqəyə təqdim edilib. Təhsilverənlərin sertifikatlaşdırılması prosesi 2023-cü ildə təşkil olunan sertifikatlaşdırma prosesində 29 951 müəllim iştirak edib və prosesdə 97,7 faiz davamiyyət qeydə alınıb. Sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq olunub.   Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində 1 217 nəfər uğur qazanıb.   Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi nəticəsində 189 təhsilverən iş yerini elektron platforma üzərindən qarşılıqlı olaraq dəyişib   Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu 2023-cü ilin noyabr ayından məktəbəqədər təhsil müəssisələrinə ölkə üzrə 40 müdir və 296 tərbiyəçi-müəllim işə qəbul olunub.    Peşə təhsili   31 506 nəfər peşə təhsili alıb 2023–2024-cü tədris ilində ilk peşə təhsili üzrə 1 580, texniki peşə təhsili üzrə 27 511, yüksək texniki peşə təhsili üzrə isə 2 415 nəfər təhsil alıb.   13 634 kişi, 6 929 qadın peşə təhsilinə qəbul olunub 13 634-ü kişi, 6 929-u qadın olmaqla ümumilikdə 20 563 nəfər peşə təhsili müəssisələrinə qəbul edilib.    Qəbələ, Gəncə və Mingəçevirdə 114 keçmiş məcburi köçkün qısamüddətli təlimlərə cəlb olunub “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 114 nəfər keçmiş məcburi köçkün Qəbələdə qısamüddətli təlimlərə cəlb olunub. Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində dayə, bərbər, çilingər, turizm təşkilatçısı, arıçı, heyvandarlıq mütəxəssisi, əməliyyatçı mühasib, aşpaz-qənnadıçı ixtisasları üzrə 80, Mingəçevir Peşə liseyində əməliyyatçı mühasib və elektrik montyoru ixtisasları üzrə 6, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzində qənnadıçı-şirniyyatçı və bərbər-vizajist-manikürçü ixtisasları üzrə 26 nəfərə təlim keçilib.   TƏMƏL platforması yaradılıb Peşə təhsili müəssisələri (PTM) ilə işəgötürənlər arasında əməkdaşlıq münasibətlərinin qurulması və daha da genişləndirilməsinin təmin edilməsi, işəgötürənlər tərəfindən PTM məzunlarının işlə təmin olunmasına marağın artırılması məqsədilə TƏMƏL (Peşəkar kadrların təminatı üzrə TƏrəfdaşlıq və MƏLumatlandırma) platforması yaradılıb.    Peşə təhsili pilləsi üzrə diplomlar Elektron Hökumət Portalında Vətəndaşların ilk və texniki peşə təhsili səviyyələri üzrə təhsilini təsdiq edən diplom haqqında məlumatlar “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalına inteqrasiya olunub. Belə ki, portalda 2019-cu ildən bu günədək peşə təhsili müəssisələrindən məzun olan şəxslərin diplomları yer alır.   Füzuli Peşə liseyinin tikintisinə başlanılıb   İxtisas fənn müəllimi və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsində dəyişikliklər  Cari ildən ixtisas fənn müəllimi vakansiyası üzrə orta ixtisas və ya ali təhsilli, ixtisası üzrə istehsalat və xidmət sahələrində ən azı 1 il əmək stajı olan şəxslər, istehsalat təlimi ustası vakansiyası üzrə isə peşə, orta ixtisas və ya ali təhsilli, ixtisası üzrə istehsalat və xidmət sahələrində ən azı 5 il əmək stajı olan şəxslər müraciət edə biləcəklər.   Azərbaycan “WorldSkills Asia Abu Dhabi 2023” regional yarışında iştirak edib Bərbər ixtisası və veb-texnologiyalar üzrə “Skills Azərbaycan 2023” milli yarışının qalibləri Hafiz Hüseynov və Aytac Ağayeva sözügedən peşə istiqamətləri üzrə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “WorldSkills Asia Abu Dhabi 2023” yarışında ölkəmizi təmsil ediblər.  “Skills Azərbaycan 2023” gənclər arasında keçirilən milli yarışdır və müxtəlif bacarıqları əhatə edir. Sahələr arasında veb-texnologiyalar, 3D oyun sənəti, aşpazlıq, bərbərlik, zərgərlik, qaynaqçılıq və kibertəhlükəsizlik yer alır.   Bakıda “Silk Way – Flavour Fest: Baku Edition” adlı beynəlxalq aşpazlıq yarışması təşkil ediləcək 16–20 iyul 2024-cü il tarixlərində Bakıda “WorldSkills Azerbaijan” İctimai Birliyi tərəfindən “Silk Way – Flavour Fest: Baku Edition” adlı beynəlxalq aşpazlıq yarışı təşkil ediləcək. Yarış CÀSÀ-nın (Culinary Arts Center of Azerbaijan) ev sahibliyi ilə keçiriləcək. Tədbirdə Qazaxıstan, Qırğızıstan və Özbəkistandan nümayəndələr iştirak edəcəklər.     Qəbul planına 9 yeni ixtisas əlavə edilib 2024–2025-ci tədris ili üzrə dronların texniki xidməti və təmiri üzrə texnik (dual), kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis, qida və içki üzrə mütəxəssis, elektrik və hibrid avtomobillərinin təmiri (dual), nəqliyyat sistemlərinin texniki istismarı (hava nəqliyyatı üzrə), alternativ enerji qurğu və avadanlıqlarının istismarı, günəş panelləri quraşdırıcısı və təmirçisi (dual), tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki (dual), suvarma maşınları və nasos qurğuları maşinisti (dual) ixtisasları üzrə tələbə qəbulu aparılacaq.    “Müharibə veteranı” adı almış və ödənişli əsaslarla peşə təhsili alan şəxslərin təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək.   Ali təhsil və elm   67 842 tələbə 2023–2024-cü tədris ilində bakalavriat səviyyəsinə 54 275, magistratura səviyyəsinə 13 567 nəfər qəbul olunub. Bakalavrlardan 29 242 nəfəri ödənişli, 25 033 nəfəri dövlət sifarişi, magistrlardan isə 7 478 nəfəri ödənişli, 6 089 nəfəri dövlət sifarişi əsasında təhsil alıb.    SABAH qruplarının əhatə dairəsi genişləndirilib  2023–2024-cü tədris ilində 43 ixtisas üzrə 1 324 tələbə SABAH tələbəsi adını qazanıb. Ümumilikdə 3 038 tələbə bakalavriat, 874 tələbə isə magistratura üzrə təhsil alıb. Bu il 10 ali təhsil müəssisəsi və 31 ixtisas üzrə 727 bakalavr, 8 ixtisas üzrə 339 magistr SABAH qruplarından məzun olub. 2023–2024-cü tədris ilində Bakı Dövlət Universitetində biotexnologiya, Azərbaycan Dövlət İqtisad Universitetində biznesin idarə edilməsi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində cihaz mühəndisliyi, Azərbaycan Texniki Universitetində elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə SABAH qrupları açılıb.  2024–2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq.    HTP çərçivəsində 4 fərqli ölkədən 116 əcnəbi tələbə Hökumətlərarası Təqaüd Proqramları (HTP)  çərçivəsində Çin Xalq Respublikası, Qazaxıstan, Tacikistan və Macarıstan respublikalarından olan 116 əcnəbi tələbə ölkəmizin ali təhsil müəssisələrində hazırda təhsil alır.    HTP çərçivəsində xaricdə təhsil üçün 1 100-dən çox müraciət    2024–2025-ci tədris ilində HTP çərçivəsində (Macarıstan, Çin, Rumıniya, Türkiyə, Qazaxıstan, Slovakiya üzrə) müxtəlif səviyyələrdə təhsil üzrə ölkələrin ayırdığı kvotaya əsasən, 250 nəfərin əsas, 202 nəfərin isə ehtiyat olaraq namizədliyi sözügedən dövlətlərin müvafiq qurumlarına ötürülüb. Cari ilin iyul–avqust aylarında qeyd olunan ölkələr üzrə namizədliyi təsdiq edilmiş şəxslərin siyahısının açıqlanması gözlənilir.      2022–2026-cı illər üçün Dövlət Proqramı  “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 21 ölkənin 140 universitetində 752 tələbə təqaüd almaq hüququ qazanıb.     Hazırda “2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 21 ölkənin 119 ali təhsil müəssisəsində 496 tələbə təhsil alır.  13 prioritet ixtisas istiqaməti üzrə 7 ölkənin 42 ali təhsil müəssisəsində təhsilini başa vuran 121 nəfər Dövlət Proqramı məzunu adını qazanıb, 44 nəfərin isə məzun olması gözlənilir. 2024–2025-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 28 ölkənin 179 nüfuzlu ali təhsil müəssisəsi üzrə 3 993 təhsil proqramını əhatə edən siyahı hazırlanıb. Siyahı xarici ali təhsil müəssisələrinin 15 prioritet ixtisas sahəsi üzrə 575 bakalavriat və 3 550 magistratura təhsil səviyyələrini əhatə edir.  Müvafiq siyahıda yer alan proqramlardan əlavə, namizədlərin universitetlər üzrə top-10-da yer alan ali təhsil müəssisələrinin istənilən ixtisası üzrə, eyni zamanda bu il ilk dəfə siyahıya əlavə olunan mədəniyyət və incəsənət sahəsi üzrə Dövlət Proqramına müraciət etməsi nəzərdə tutulub.   2019–2023-cü illər üçün Dövlət Proqramı “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 284 nəfər 7 prioritet ixtisas istiqaməti üzrə 23 ölkənin 106 universitetində doktorantura təhsili almaq hüququ qazanıb.    Hazırda proqram çərçivəsində təhsil alan doktorantların sayı 257 nəfərdir. Sözügedən doktorantlarla 3 tərəfli müqavilə tərəfdaşı olan yerli ali təhsil müəssisələrinin sayı 25-dir. 6 nəfər isə təhsilini uğurla başa vuraraq ölkəyə qayıdıb və Dövlət Proqramı məzunu statusunu qazanıb.   İkili diplom proqramları “2019–2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 6 beynəlxalq ikili diplom proqramı icra olunmaqdadır: Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ege Universitetinin ikili diplom proqramı çərçivəsində bakalavriat səviyyəsində aqronomluq, bitki mühafizəsi, aqromühəndislik, iqtisadiyyat ixtisasları üzrə hazırda 313 tələbə təhsil alır. Bakı Mühəndislik Universiteti ilə İNHA Universitetinin ikili diplom proqramı çərçivəsində bakalavriat səviyyəsində informasiya texnologiyaları, elektronika mühəndisliyi, elektrik mühəndisliyi və inşaat mühəndisliyi ixtisasları üzrə hazırda 386 tələbə təhsil alır. Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Corc Vaşinqton Universitetinin ikili diplom proqramı çərçivəsində magistratura səviyyəsində təhsil və insan kapitalının inkişafı ixtisası üzrə hazırda 81 tələbə oxuyur. 41 məzundan 40-nın məşğulluğu təmin olunub.  ADA Universiteti ilə Corc Vaşinqton Universitetinin ikili diplom proqramı çərçivəsində magistratura səviyyəsində kompüter elmləri və verilənlərin təhlili, elektrik mühəndisliyi ixtisasları üzrə hazırda 69 tələbə təhsil alır. 51 məzunun məşğulluğu təmin olunub. 2023-cü ildə icrasına başlanılan 2 yeni ikili diplom proqramı: Bakı Dövlət Universiteti ilə İsrailin Yerusəlim İbrani Universiteti arasında biotexnologiya ixtisası üzrə magistratura səviyyəsində həyata keçirilən beynəlxalq ikili diplom proqramında hazırda 10 tələbə təhsil alır. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə İngiltərənin Vorvik Universiteti arasında bərpaolunan enerji mənbələri ixtisası üzrə magistratura səviyyəsində həyata keçirilən beynəlxalq ikili diplom proqramında hazırda 40 tələbə təhsil alır.   Dünyanın 110 ölkəsindən 10 000-ə yaxın əcnəbi tələbə Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində 110 ölkədən 10 000-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır. Ötən tədris ilində bu rəqəm 8 800-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxsi əhatə edib. Tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Pakistan, Hindistan, Rusiya, Nigeriya, Şri-Lanka, İraq, Suriya və digər ölkələri təmsil edirlər.   Təhsil qrantı proqramları ilə əcnəbilərin təhsili 2018–2023-cü illər ərzində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayrılmış 200-ə yaxın təqaüd proqramı çərçivəsində əcnəbi tələbələr yerli təhsil müəssisələrində bakalavriat, baza ali tibb təhsili, magistratura, rezidentura, doktorantura səviyyələri üzrə təhsil almaq hüququ qazanıblar.   Sözügedən təhsil qrantı proqramları çərçivəsində 60-a yaxın ölkədən 100-ə yaxın tələbə təhsilini yerli universitetlərdə davam etdirib.   ATM-lərin beynəlxalq reytinq bazalarında təmsil olunma göstəricisində irəliləyiş QS 2025 Dünya Universitetlərinin Reytinqi (QS World Universities Rankings 2025): 2023–2024-cü tədris ilində 3 ali təhsil müəssisəsi – Bakı Dövlət Universiteti (951-1000); Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1001-1200) və Azərbaycan Dövlət İqtisad Universiteti (1001-1200) QS Qlobal 2025 Reytinqinə daxil olub. QS 2024 Fənn Sahələri üzrə Reytinq (QS by Subject Ranking 2024):  2 ali təhsil müəssisəsi – Azərbaycan Dillər Universiteti (301-340, müasir dillər) və Azərbaycan Dövlət İqtisad Universiteti (351-400, iqtisadiyyat və ekonometrika; 501-550, ictimai elmlər və menecment) QS Sahələr üzrə Reytinqə daxil olub. QS 2024 Davamlılıq Reytinqi (QS Sustainability Ranking 2024): 2 ali təhsil müəssisəsi – Azərbaycan Dövlət İqtisad Universiteti (1051-1100) və Bakı Dövlət Universiteti (1201+) isə ilk dəfə QS Davamlılıq 2024 Reytinqinə daxil olub.  THE 2024 Dünya Universitetlərinin Reytinqi (Times Higher Education World University Rankings 2024): 2023–2024-cü tədris ilində 1 ali təhsil müəssisəsi – Bakı Dövlət Universiteti (1501+) THE Qlobal 2024 Reytinqinə daxil olub. THE 2024 Fənn Sahələri üzrə Reytinq (THE Subject Ranking 2024):  1 ali təhsil müəssisəsi – Bakı  Dövlət Universiteti (1001+ Fizika, 1001+ Mühəndislik) THE Sahələr üzrə Reytinqdə təmsil olunub. THE İmpakt 2024 Reytinqi (THE Impact Rankings 2024)  THE İmpakt 2024 Reytinqində ilk dəfə olaraq 18 ali təhsil müəssisəsi təmsil olunub və Azərbaycan universitetlərinin sayı 2 dəfədən çox artaraq 18-ə çatıb.      Tədqiqatçılar üçün beynəlxalq elmmetrik bazalardan istifadə üzrə təlimlər Elm və ali təhsil müəssisələrində çalışan tədqiqatçılar üçün “Web of Science” (WoS), “Scopus" və "ScienceDirect" elmmetrik bazalarından istifadəyə dair 14 təlim (əyani və onlayn) keçirilib. Təlimlərdə 1 152 nəfər iştirak edib. 100-dən çox elm və ali təhsil müəssisəsinin “Web of Science” (WoS), “Scopus" bazalarına çıxışı təmin edilib.   17 170 tələbəyə təhsil krediti verilib Təhsilin əlçatanlığının artırılması və əhatə dairəsinin genişləndirilməsi, həmçinin təhsil almaqda bərabər imkanlar yaratmaq məqsədilə Təhsil Tələbə Krediti Fondu tərəfindən 2023–2024-cü tədris ilində 17 170 təhsil tələbə krediti verilib ki, onlardan 5 565-i sosial, 11 605-i standart kredit olub.    Ali təhsil pilləsi üzrə 16 070 kredit rəsmiləşdirilib. Belə ki, bakalavriat və magistratura səviyyələrində təhsil alan şəxslərlə müvafiq olaraq 11 064 və 5 006 təhsil tələbə krediti (TTK) müqaviləsi bağlanılıb.  Orta ixtisas təhsili və texniki peşə təhsili üzrə rəsmiləşdirilmiş TTK müqavilələrinin sayı müvafiq olaraq 975 və 125 olub.    Qeyd edək ki, fondun fəaliyyətə başladığı vaxtdan cari tarixədək müraciətlərin sayı 46 512, rəsmiləşdirilmiş müraciətlərin sayı isə 36 714 təşkil edib. Onlardan 12 695-i sosial TTK, 24 019-u isə standart TTK-dan yararlanıb. Ümumilikdə 32 900 000 manata yaxın təhsil haqqı məbləği təhsil müəssisələrinin hesablarına köçürülüb.    Təhsil tələbə kreditinin əhatə dairəsi genişləndirilib  Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda edilmiş dəyişikliklərə əsasən, təhsil tələbə kreditlərinin əhatə dairə genişləndirilib. Yeni qaydalara görə, aşağıdakı şəxslər də TTK almaq hüququ qazanıblar: hər iki valideyni ailə başçısını itirməyə görə əmək pensiyası alanlar; ailə başçısını itirməyə görə sosial müavinət alanlar; peşə təhsili pilləsinin texniki peşə təhsili səviyyəsində təhsil alanlar;   Təhsilin İnkişafı Forumu  Təhsilin İnkişafı Fondu Elm və Təhsil Nazirliyi ilə birgə Azərbaycanda ilk dəfə olaraq Təhsilin İnkişafı Forumunu təşkil edib. Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş forum “Təhsildən tərəqqiyə” devizi ilə keçirilib.    “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı Proqram Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə həyata keçirilir. Təqaüd proqramı çərçivəsində ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan, aztəminatlı ailə və həssas qruplardan olan tələbə qızlar təhsil müddəti ərzində aylıq 200 manat məbləğində təqaüdlə təmin olunurlar. 2022–2023-cü tədris ili ərzində təqaüd alan qızların sayı 25 nəfər idisə, 2023–2024-cü tədris ilində bu say 80-ə çatıb.     “Parla” təqaüd və inkişaf proqramı  Təhsilin İnkişafı Fondunun “NEQSOL Holding” ilə tələbə qızlar üçün elan etdiyi təqaüd proqramıdır. İki qurum arasında əməkdaşlığa əsasən, Azərbaycanda hər il 50 tələbə qız üçün “Parla” təqaüd və inkişaf proqramı həyata keçirilir.  Proqram üzrə 674 müraciət arasından ilk 50 nəfər qalib müəyyən edilib. Beləliklə, 2024-cü ilin yanvar ayından 50 nəfər qıza 200 manat məbləğində təqaüd verilir. 50 qalib arasında 5 nəfər şəhid yoldaşıdır.    “Məktəblərə kitab ianəsi” layihəsi “Məktəblərə kitab ianəsi” layihəsi Təhsilin İnkişafı Fondunun “İnci Group of Companies” şirkəti ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Region məktəblərinə dünya və Azərbaycan ədəbiyyatı ilə bağlı kitabların ianə edilməsi məqsədini daşıyan layihə çərçivəsində Abşeron–Xızı, Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə–Daşkəsən, Lənkəran–Astara və Quba–Xaçmaz regional təhsil idarələrinin məktəblərinə 4 800 kitab ianə olunub. 2024-cü ildə daha 5 000 kitabın digər region məktəblərinə ianə edilməsi nəzərdə tutulur.    “Zərif mühəndislər” təqaüd proqramı  “Zərif mühəndislər” təqaüd proqramı Təhsilin İnkişafı Fondu ilə STP Şirkətlər Qrupu tərəfindən həyata keçirilir. Layihənin məqsədi yüksək akademik göstəricilərə malik, texniki sahələr üzrə fərqli ixtisaslarda təhsil alan aztəminatlı ailələrdən olan tələbə qızların təhsilinə, mühəndislik sahəsində peşəkar mütəxəssis kimi yetişdirilməsinə dəstək göstərməkdir. Layihə çərçivəsində 50 nəfər qız tədris ilinin sonuna qədər təqaüd almaqla yanaşı, təcrübə və təlim proqramlarından yararlanmaq imkanı əldə edib.    “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və tələbələrin IELTS imtahanına təşviq edilməsi” layihəsi “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsi” layihəsi Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə birgə 2022-ci ildən icra olunur. 2022–2023-cü illərdə layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan 300 nəfər akademik heyət üzvü və tələbənin ödənişləri fond tərəfindən qarşılanıb. 2022–2023-cü illərdə layihənin tərəfdaşları Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Bakı Slavyan Universiteti olub.  2024-cü ildə Bakı Mühəndislik Universiteti və Sumqayıt Dövlət Universiteti ilə müqavilə imzalanıb və daha 200 nəfərin imtahan ödənişinin fond tərəfindən qarşılanması razılaşdırılıb.    “4Sİ Akademiyası” layihəsi  İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirdiyi “4Sİ Akademiyası” layihəsi çərçivəsində 10 minə yaxın şəxs “Coursera” tərəfindən təqdim olunan 700-dən çox kursa ödənişsiz qoşularaq beynəlxalq sertifikat əldə edir.     “Maarifçi” tələbə-məzun təcrübə proqramı Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilən “Maarifçi” tələbə-məzun təcrübə proqramına 1 958 nəfər müraciət edib, onlardan 27-si proqramda iştirak hüququ qazanıb.   Proqram ərzində 13 nəfər Elm və Təhsil Nazirliyi, 2 nəfər Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, 6 nəfər Peşə Təhsili üzrə Dövlət Agentliyi, 6 nəfər isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq struktur bölmələrində təcrübə keçib.      “Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramı Proqramın məqsədi qadınların informasiya və yüksək texnologiyalar üzrə bilik və bacarıqlarının artırılması üçün onlara təqaüd ayırmaqdır. Layihə Təhsilin İnkişafı Fondu və “Women In Tech” təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilir. Təqaüd fondun maliyyə dəstəyi ilə yanaşı, fiziki və hüquqi şəxslər tərəfindən sözügedən layihəyə köçürülmüş ianələr, qrantlar və ya digər daxilolmalar hesabına ayrılacaq. Proqrama 482 nəfər Azərbaycan vətəndaşı olan 15-40 yaş aralığında qadın müraciət edib, onlardan 30-u təqaüd qazanıb.   Dövlət–özəl tərəfdaşlığı çərçivəsində məktəblərin təmir və tikintisi  Təhsilin İnkişafı Fondunun (TİF) əsas fəaliyyət istiqamətlərindən biri olan təhsil müəssisələrinin fiziki infrastrukturu və maddi-texniki təminatının təkmilləşdirilməsi üzrə TİF ilə “Silk Vey Vest aviaşirkəti” MMC arasında ianə müqaviləsi imzalanıb. Əməkdaşlıq çərçivəsində ölkəmizin müxtəlif şəhər və rayonlarında ümumi təhsil müəssisələrinin tikintisinə dəstək həyata keçirilir. Hesabat dövründə 6 məktəbdə tikinti işlərinə başlanılıb. Bunlardan 5 məktəb Abşeron, 1 məktəb isə Kürdəmir rayonunda yerləşir.      Xarici diplomların tanınması 15 sentyabr 2023-cü il – 24 iyun 2024-cü il tarixləri ərzində 4 740 müraciət üzrə ekspertiza həyata keçirilib. Keçirilmiş ekspertiza nəticəsində 4 046 müraciət üzrə müsbət rəy verilib və müraciət sahiblərinə xarici ali təhsil ixtisasının tanınması haqqında şəhadətnamə təqdim olunub. Digər 694 müraciət üzrə isə mənfi rəy verilib və müraciət sahiblərinin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib.   Qeyri-formal və informal təhsilin tanınması 1 sentyabr 2023-cü il – 14 iyun 2024-cü il tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən 160 vətəndaşa peşə ixtisasını təsdiq edən sənəd (146 vətəndaşa sertifikat, 14 vətəndaşa diplom) təqdim olunub. “Peşəkar qadınlar” adlı sosial layihə çərçivəsində qiymətləndirmə və tanınma imtahanlarında uğurlu nəticə göstərmiş 101 qadına müvafiq peşə ixtisası üzrə diplom və ya sertifikat təqdim olunub.  Qeyd edilən dövr ərzində 7 yeni peşə təhsili ixtisası (zərgər, inşaat ustası, kargüzar, mühafizəçi, poliqrafiya üzrə dizayner, kompüter operatoru və avtomobil mühərriklərinin yığıcısı) üzrə qiymətləndirmə və tanınma prosesinin təşkili məqsədilə texniki baza hazırlanıb. Nəticədə, qeyri-formal və informal təhsilin tanınması istiqamətində agentlik tərəfindən qiymətləndirilməsi və tanınması həyata keçirilən peşə təhsili pilləsi üzrə ixtisasların sayı 26-ya çatdırılıb.   Akkreditasiya qiymətləndirməsi Ölkə üzrə 13 ali təhsil müəssisəsinin (Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Bakı Dövlət Universitetinin Qazax filialı, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti, Lənkəran Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Tibb Universiteti, ADA Universiteti) institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.  4 ali təhsil müəssisəsinin dövlət tərəfindən maliyyələşdirilən ikili diplom proqramlarının (ADP–CVU, ADAU–Ege, BMU–İNHA, ADA–CVU) 3 ixtisaslaşma və 8 ixtisas üzrə proqram akkreditasiya qiymətləndirilməsi prosesinə başlanılıb.  2 peşə təhsili müəssisəsinin (Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi) pilot akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.  Bakı Dövlət Universitetində magistratura səviyyəsi üzrə 6 ixtisaslaşmanın (yüksək molekullu birləşmələr kimyası, neft kimyası, üzvi kimya, qeyri-üzvi kimya, analitik kimya, fiziki kimya) beynəlxalq səviyyədə proqram akkreditasiya qiymətləndirilməsi nəticələri dövlət akkreditasiyası tərəfindən nəzərə alınıb.    Yeni çağrı mərkəzləri 2023-cü ildə Quba–Xaçmaz Regional Təhsil İdarəsinin 146–0–7, eləcə də vətəndaşların yeni yaranmış agentliklərə müraciətlərinin qəbulu işinin təşkili məqsədilə 146–2 və 146–6 xətləri müvafiq olaraq MÜTDA və EATDA-ya təyin edilərək istifadəyə verilib.  2024-cü ildə Qazax–Tovuz Regional Təhsil İdarəsinin 146–0–8, Şirvan–Salyan Regional Təhsil İdarəsinin 146–0–9, Dağlıq–Şirvan Regional Təhsil İdarəsinin 146–0–10 çağrı xətti istifadəyə verilib.   Bundan başqa, Qarabağ Universiteti ilə əlaqə yaratmaq üçün 146–6–1 çağrı xətti istifadəyə verilib.  Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə əlaqə yaratmaq üçün isə 146–10 çağrı xətti istifadəyə verilib.    Vətəndaş müraciətləri 2023–2024-cü tədris ilində ümumilikdə 638 119 vətəndaş müraciəti olub.    

Emin Əmrullayev 4-cü "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinin açılış mərasimində

İyulun 5-də 4-cü “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verilib.    Yarımfinal mərhələsinin açılış mərasimində "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev iştirak ediblər.   Qonaqlar yarımfinal mərhələsinə yüksələn namizədlərə uğurlar arzulayıb, müsabiqənin iştirakçılara dəyərli təcrübə qazandıracağını və bunun gələcək karyeralarında əhəmiyyətli rol oynayacağını vurğulayıblar.   4-cü "Yüksəliş" müsabiqəsinin yarımfinal və final mərhələləri "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunub.   Namizədlər açılış günü münasibətilə təşkil olunmuş "Yaşıl aksiya"da da iştirak ediblər.    Yarımfinal mərhələsinin ilk günündə iştirakçılar "Nə? Harada? Nə zaman?" intellektual oyununda bilik və bacarıqlarını nümayiş etdiriblər.    Yarımfinalın növbəti günlərində isə iştirakçıların səkkiz səriştəsi (strateji düşünmə, effektivliyin idarə edilməsi, nəticəyönümlülük, komanda işi, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, sosial məsuliyyət, liderlik) ekspertlər tərəfindən qiymətləndiriləcək.   328 namizədin iştirak etdiyi yarımfinal mərhələsi iyulun 7-də başa çatacaq. Final mərhələsi isə 19–21 iyul tarixlərində keçiriləcək.

12/05/2026

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov 25 may tarixində Tovuz şəhərində vətəndaşları qəbul edəcək. ✅ Qəbulda Tovuz rayon sakinləri iştirak edə bilərlər. Adı çəkilən rayonun sakinləri 22 may (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin ? 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının ? https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə ? “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. ? Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu

Ətraflı
12/05/2026

Mayın 8-də Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib. Konsert proqramında tələbələrin ifasında ulu öndərə həsr olunmuş mahnılar səsləndirilib, şeirlər bədii qiraət olunub, həmçinin müxtəlif rəqs kompozisiyaları təqdim edilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23034-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
10/05/2026

Ulu öndərin məzarı ziyarət edilib Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.

Ətraflı