“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri ilə görüş
İyulun 12-də Qərbi Azərbaycan İcmasının inzibati binasında “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri ilə görüş keçirilib. Görüşdə giriş nitqi ilə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli gənclərin Qərbi Azərbaycan mövzusuna böyük maraq göstərməsini vətənə bağlılığın göstəricisi kimi qiymətləndirib. Sədr Qərbi Azərbaycanın tarix və mədəniyyətinin gənc nəslə ötürülməsində sözügedən olimpiadanın rolunu xüsusi qeyd edib. Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli çıxışında gənclərimizin tarixi yaddaşımız və mədəniyyətimizin daşıyıcıları olduğunu qürur hissi ilə qeyd edib. Elm və Təhsil Nazirliyi ilə Qərbi Azərbaycan İcması arasındakı əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirən Mətin Kərimli olimpiadanın təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxışında qaliblərə sonrakı fəaliyyətlərində uğurlar arzulayıb. Görüşdə çıxış edən Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov gənclərimizin tarixi keçmişə olan maraq və biliklərini yüksək qiymətləndiriblər. Qalib şagirdlər öz növbələrində olimpiadada iştirak etməkdən qürur duyduqlarını dilə gətiriblər. Sonda şagirdlərə Qərbi Azərbaycan İcması adından hədiyyə və mükafatlar təqdim olunub. Görüşdən sonra olimpiada qalibləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Təltif olunanlar
12/07/2024 17:22
Nazirlik özəl məktəbəqədər təhsil müəssisələri ilə əməkdaşlığa başlayır – qrant müsabiqəsi
Elm və Təhsil Nazirliyi tərəfindən özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan edilir. Qrant müsabiqəsinin məqsədi 2024–2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqları özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb etmək və təhsil haqqının bir hissəsini qrant vasitəsilə maliyyələşdirməkdir. Qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu preschool.grants@edu.gov.az elektron poçt ünvanı vasitəsilə aparılır. Sənəd qəbulu üçün son müraciət tarixi 29 iyul 2024-cü ildir. Müsabiqə ilə bağlı ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz. Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Strategiyanın hədəfinə nail olmaq üçün Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir. Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi - elan
11/07/2024 15:46
Məktəblilərdən ibarət xor qruplarının ifasında “Füzuli” kantatası
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi münasibətilə bir sıra məktəbdənkənar və ümumi təhsil müəssisələrinin şagirdləri tərəfindən “Füzuli” kantatası ifa olunub. “Keçmişdən gələcəyə, müəllimdən şagirdə ötürülən milli-mənəvi dəyərlər” ideyasını özündə birləşdirən layihədə 400-ə yaxın şagird iştirak edib. Təhsil TV-nin dəstəyi ilə hazırlanmış videonu təqdim edirik.
11/07/2024 14:00
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
İyulun 11-i saat 11:00-dan 2024–2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir. Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək. Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 16 iyul saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 18 iyul saat 11:00-da aktiv ediləcək. Məktəbəhazırlıq qruplarına qəbul zamanı da üstünlük hüququ tətbiq ediləcək. Belə ki, Azərbaycan bölməsi üzrə 16 – 30 iyul tarixlərində Bakı və Gəncə şəhərlərində yerləşən 45, rus bölməsi üzrə isə 18 iyul – 1 avqust tarixlərində Bakı və Gəncə şəhərlərində yerləşən 111 ümumi təhsil müəssisəsində prioritet tətbiq olunacaq. Həmin müəssisələrin siyahısı mektebeqebul.edu.az saytında yerləşdiriləcək. Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2019-cu il təvəllüdlü) qəbul edilirlər.
11/07/2024 10:15
Azərbaycanın 9 universiteti “Avropanın ən yaxşı universitetlərinin reytinq siyahısı”nda mövqeyini gücləndirib
Ali təhsil sahəsi üzrə dünyanın aparıcı tədqiqat və reytinq siyahılarını təqdim edən “QS Quacquarelli Symonds” təşkilatı Avropanın ən yaxşı universitetlərinin reytinqini açıqlayıb. Sözügedən siyahıda təmsil olunan 9 Azərbaycan universitetindən 7-nin mövqeyində ötən ilə nisbətən irəliləmə müşahidə edilib. Sumqayıt Dövlət Universiteti isə ilk dəfə “Avropanın ən yaxşı universitetlərinin reytinq siyahısı”na daxil olub. Reytinqdə təmsil olunan bütün Azərbaycan universitetlərinin “Akademik nüfuz” və “İşəgötürənlər arasında nüfuz” göstəriciləri yaxşılaşıb. Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti “Akademik nüfuz” indikatoru üzrə Avropanın 200 ən yaxşı universiteti siyahısına, “Müəllim-tələbə nisbəti” indikatoru üzrə Bakı Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti Avropanın 100 ən yaxşı universiteti siyahısına daxil olub. “Məşğulluq nəticələri” indikatoru da Azərbaycan universitetlərinin yüksək nəticələr əldə etdiyi istiqamətlərdən biridir. “Məzunların məşğulluğu” göstəricisi üzrə Bakı Dövlət Universiteti, “İşəgötürənlər arasında nüfuz” indikatoru üzrə isə Azərbaycan Dövlət İqtisad Universiteti ölkədə 1-ci yerdədir. Ali təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyətinin qiymətləndirilməsi zamanı istifadə olunan “Beynəlxalq elmi əməkdaşlıq” indeksi üzrə Bakı Dövlət Universiteti Azərbaycan universitetləri arasında ən yüksək göstəriciyə malikdir. Xəzər Universiteti isə “Məqalə üzrə istinad sayı” indikatoru üzrə Avropanın 20 ən yaxşı universiteti arasındadır. “Dayanıqlı inkişaf məqsədləri sahəsində nailiyyətlər” indikatoru üzrə Azərbaycan Dövlət İqtisad Universiteti ölkədə ən yüksək mövqeni tutur. Qeyd edək ki, “Avropanın ən yaxşı universitetlərinin reytinq siyahısı”nda Cənubi Qafqaz regionu üzrə Azərbaycan ən çox sayda universitetlə təmsil olunur.
10/07/2024 17:50
Elm və təhsil nazirinin müavini Özbəkistanda səfərdədir
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 13-cü iclası”nda iştirak məqsədilə Özbəkistanda səfərdədir. Səfər çərçivəsində Həsən Həsənli Özbəkistan Respublikasının məktəbəqədər və ümumi təhsil nazirinin müavini Racabov Sardor Baxtiyoroviç, eləcə də elm, ali təhsil və innovasiyalar nazirinin müavini Daliyev Şoxrux Xojakbaroviçlə görüşüb. Görüş zamanı iki ölkə arasında məktəbəqədər, ümumi təhsil, elm və ali təhsil sahələrində əməkdaşlığın cari vəziyyət və perspektivləri müzakirə olunub.
10/07/2024 17:04
ADNSU-da “Məzun günü” tədbiri keçirilib
İyulun 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Məzun günü” tədbiri keçirilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini İdris İsayev, Milli Məclisin Təbii ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov, SOCAR-ın vitse-prezidenti Arzu Cavadova, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, ADNSU-nun rektor əvəzi Vazeh Əskərov və digər qonaqlar iştirak ediblər. Tədbirdə ADNSU-nun rektor əvəzi Vazeh Əskərov əvvəlcə universiteti uğurla başa vuran məzunları təbrik edib. Vazeh Əskərov çıxışında yüksəkixtisaslı mühəndislər yetişdirən ADNSU-da təhsil və tədrisin müasir tələblərə uyğun təşkili, universitetin elmi nailiyyətləri, beynəlxalq elmmetrik bazalarda yüksək pillələrdə qərarlaşması haqqında danışıb və ölkədə ali təhsil sahəsində aparılan islahatların nəticə verdiyini bildirib. Qeyd olunub ki, bu gün ADNSU-nun 18 ixtisası beynəlxalq akkreditasiyadan keçib, eləcə də universitet QS reytinq siyahısı üzrə dünyanın 50 mindən artıq ali məktəbi arasında ilk 1 200-də yer alıb. Çıxış edən digər iştirakçılar öz növbələrində Azərbaycan gənclərinin sağlam və savadlı yetişməsinin hər zaman prioritet məsələ olduğunu bildiriblər. Tədbirin sonunda isə yüksək göstəriciləri olan məzunların mükafatlandırılması mərasimi keçirilib.
10/07/2024 16:20
Milli Aviasiya Akademiyasında “Məzun günü” tədbiri keçirilib
İyulun 9-da Milli Aviasiya Akademiyasında “Məzun günü” tədbiri keçirilib. Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, AMEA-nın müxbir üzvü Misir Mərdanov, “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov, akademik Nizami Cəfərov və digər qonaqlar iştirak ediblər. Milli Aviasiya Akademiyasının prorektoru Ədalət Səmədov tədbiri giriş nitqi ilə açıb və akademiyanın rektoru Arif Paşayevin adından məzunları təbrik edib. Təhsil aldıqları dövrdə fakültə üzrə ən yüksək ümumi orta müvəffəqiyyət göstəriciləri olan məzunlara təşəkkürnamə və sertifikat təqdim olunub. Qeyd edək ki, 2023–2024-cü tədris ilində Milli Aviasiya Akademiyasını 427 tələbə bitirib.
10/07/2024 12:51
MÜTDA media nümayəndələri üçün brifinq keçirib
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) media nümayəndələri üçün brifinq keçirib. Agentliyin direktor müavini Orxan Abbasov iyulun 16-dan məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatı prosesinə başlanılacağını bildirib. Qeyd edilib ki, uşaqların təhsil müəssisəsinə növbəyə yazılma prosesi regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikası üzrə 19 iyul, Bakı şəhəri üzrə isə 26 iyul tarixindən həyata keçiriləcək. Məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı çərçivə sənədinin hazırlandığını deyən Orxan Abbasov bildirib ki, qiymətləndirmə ilin sonunadək keçiriləcək. Direktor müavini ötən il 50 bağçada beynəlxalq standartlara əsasən hazırlanmış alətlərlə monitorinq aparıldığını, bu il isə daha 100 bağçada yoxlamalar keçiriləcəyini qeyd edib. Bildirilib ki, son iki ildə mərkəzləşdirilmiş imtahanla 600-ə yaxın tərbiyəçi-müəllim işə qəbul edilib. Onlardan 296 nəfəri məhz agentliyin fəaliyyəti dövründə işə başlayıb. Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsinin də əsas hədəf olduğunu deyən agentlik rəsmisi qeyd edib ki, bu il 20 min uşağın icmaəsaslı qruplara cəlbi gözlənilir. Müvafiq qrant proqramına əsasən, dövlət-özəl tərəfdaşlığının 1 500 uşağı əhatə etməsi nəzərdə tutulur. Ümumilikdə, bu il 16 alternativ layihəyə 500-dən çox uşaq cəlb olunub. Eyni zamanda bildirilib ki, 2024–2025-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün 112 minə yaxın yer ayrılıb və 88 min uşağın bu qruplara qəbulu proqnozlaşdırılır. Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 16 iyul saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 18 iyul saat 11:00-da aktiv ediləcək. Məktəbəhazırlıq qruplarına qəbul zamanı da üstünlük hüququ tətbiq ediləcək. Belə ki, Azərbaycan bölməsi üzrə 16–30 iyul tarixlərində Bakı və Gəncə şəhərində yerləşən 45, rus bölməsi üzrə isə 18 iyul–1 avqust tarixlərində Bakı və Gəncə şəhərində yerləşən 111 ümumi təhsil müəssisəsində prioritet tətbiq olunacaq. Həmin müəssisələrin siyahısı mektebeqebul.edu.az saytında yerləşdiriləcək. Orxan Abbasov onu da qeyd edib ki, bir sıra lisey və gimnaziyalara qəbul imtahanında 22 minə yaxın uşaq minimum keçid balını toplayıb. Lisey və gimnaziyaların seçimi prosesi də yekunlaşmaq üzrədir.
10/07/2024 11:22
Elm və təhsil naziri Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
İyulun 9-da elm və təhsil naziri Emin Əmrullayev Malayziyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Riza ilə görüşüb. Görüş zamanı 2 ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib.
09/07/2024 17:54
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov 25 may tarixində Tovuz şəhərində vətəndaşları qəbul edəcək. ✅ Qəbulda Tovuz rayon sakinləri iştirak edə bilərlər. Adı çəkilən rayonun sakinləri 22 may (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin ? 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının ? https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə ? “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. ? Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
ƏtraflıMayın 8-də Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib. Konsert proqramında tələbələrin ifasında ulu öndərə həsr olunmuş mahnılar səsləndirilib, şeirlər bədii qiraət olunub, həmçinin müxtəlif rəqs kompozisiyaları təqdim edilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23034-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıUlu öndərin məzarı ziyarət edilib Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.
Ətraflı