• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH tələbə-məzun forumu və karyera sərgisi başlayıb

Dekabrın 3-də SABAH qruplarının 10 illik yubileyinə həsr olunan tələbə-məzun forumu və karyera sərgisinin açılış mərasimi keçirilib.

 

Tədbir SABAH qruplarına dair videoçarxın nümayişi ilə başlayıb. Daha sonra Bakı Musiqi Akademiyasının SABAH tələbələrindən ibarət “Detaşe-SABAH” simli alətlər ansamblının ifasında musiqi nömrəsi səsləndirilib.

 

Açılış nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev bildirib ki, qlobal meyllər təhsil sistemində yeni çağırışları formalaşdırdığından yeni məzmunlu, müəyyən ixtisaslar üzrə daha davamlı və əmək bazarının tələblərinə cavab verən təhsil proqramları ortaya qoyulmalıdır. Əmək bazarı ilə təhsil arasında daha interaktiv əlaqənin qurulmasının önəmini vurğulayan nazir müavini təhsil proqramlarının iş dünyasının tələblərinə uyğunlaşdırılmalı olduğunu qeyd edib.

 

Ardınca “SABAH-ın Məzunu” adlı video təqdim edilib.

 

Videotəqdimatdan sonra Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli SABAH məzunlarının məşğulluq göstəriciləri barədə tədbir iştirakçılarına məlumat verib. 

 

Çıxışlardan sonra SABAH İncəsənət Festivalında tələbə və məzunların nümayiş etdirdikləri müxtəlif layihələr, əl işlərindən formalaşdırılmış “Virtual muzey”in təqdimatı olub.

 

Tədbir çərçivəsində SABAH tələbələri arasında 23-24 noyabr tarixlərində ekoloji maarifləndirmə mövzusunda təşkil edilən "Secure Tomorrow” hakatonunun qalibləri də mükafatlandırılıb. 

 

Forumun ilk günündə "SABAH layihəsinin ali təhsil sisteminə töhfəsi" mövzusunda panel sessiyası təşkil edilib. Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədlinin moderatorluğu ilə aparılan panel sessiyasında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, millət vəkili Şahin Seyidzadə və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxış ediblər.

 

Rəsmi hissə SABAH xorunun ifası ilə yekunlaşıb.

 

Ardınca “Tədqiqat necə kommersiyalaşdırıla bilər? Universitet-Sənaye əməkdaşlığı” mövzusunda panel sessiyası da təşkil edilib. SABAH qrupları İcra Komitəsinin rəhbəri Elza Səmədovanın moderatorluğu ilə aparılan paneldə "CATALYSADE Technology Transfer and Innovation Inc" şirkətinin təsisçisi Sanem Yalçıntaş, Türkiyə-Azərbaycan Universitetinin rektor köməkçisi Mehmet Şimşer, Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov spiker qismində çıxış edərək mövzu ətrafında fikir mübadiləsi aparıblar.

 

İlk günün yekununda SABAH məzunlarının “Uzaqları yaxın edən SABAH!” mövzusunda panel sessiyası baş tutub.

 

Qeyd edək ki, forumun təşkilində məqsəd "SABAH qrupları" layihəsinin 10 illik fəaliyyəti üzrə uğurlarının nümayiş etdirilməsi, məzunların məşğulluq səviyyəsinin dəyərləndirilməsi, məzun assosiasiyasının təməlinin qoyulması, tələbə və məzunlar arasında şəbəkələşmənin qurulmasıdır.

 

İki gün davam edəcək forumda SABAH qrupları və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə 50-dən çox şirkətin iştirak etdiyi karyera sərgisi də təşkil olunub. 
 


03.12.2024 - 15:00